Görüş və qonaqlıq

Mö'minlərin vaxtaşırı bir-birinin görüşünə gedib hal-əhval tutmaları islam dininin tövsiyə etdiyi digər ünsiyyət növlərindən biridir. Müsəlmanlar bir-birinə yaxın olduqları halda vaxtaşırı görüşüb hal-əhval tutmalı və gündəlik işlərində bir-biri ilə həmkarlıq etməyə çalışmalıdırlar. Çünki, fasilə düşdükdə dostluq əlaqələri getdikcə soyuyur, qəlblər bir-birindən uzaq düşür və nəhayət, ayrılıq onların arasında adi hala çevrilir. Dostlar bir-birindən uzaq məsafədə yaşadıqda isə məktub, telofon və sair vasitələrlə əlaqə saxlayaraq aralarındakı dostluq və səmimiyyətin daha da güclənməsinə çalışmalıdırlar. Müqəddəs islam dini dostluq və səmimiyyətə böyük əhəmiyyət verdiyi üçün bu məsələyə xüsusi diqqət yetirməyə tə'kid etmiş, hətta müsəlmanların bir-birinin görüşünə getmələrini Allahın görüşünə getmək kimi qiymətləndirmişdir.

Peyğəmbər (s) bu haqda buyurur: «Zəruri bir işi olmamasına baxmayaraq, mö'min qardaşının evinə gedərək onları ziyarət edən şəxs Allah zəvvarlarından (ziyarət edənlərdən) sayılar. Allah isə Öz zəvvarlarını daim əziz tutur».

Başqa bir hədisdə buyurur: «Mö'min qardaşlarının evinə onları görmək üçün gedən şəxslərə Allah-taala belə xitab edər: Sən Mənim qonağım və Mənim ziyarətçimsən. Bunun üçün də səni Mən qarşılamalıyam. Mö'min qardaşına sevgi və məhəbbət göstərdiyin üçün bil ki, cənnəti sənə vacib etdim».

İmam Sadiq (ə) buyurur: «Allaha xatir mö'min qardaşlarının görüşünə gedən şəxslərə Allah tərəfindən belə bir xitab olunar: Mənim görüşümə gəldiyin üçün mükafatını da Mən verəcəyəm və Mən cənnətdən başqa sənin üçün heç nəyə razı deyiləm».

İmam Baqir (ə)-ın Peyğəmbərdən (s) nəql etdiyi başqa bir hədisdə deyilir: «Allah-taala mələklərdən birini insan surətində yerə göndərir. O, qapının astanasında dayanmış bir şəxsdən soruşur: Bura gəlməkdən məqsədin nədir? Deyir: Məqsədim müsəlman qardaşımı görməkdir. Mələk dir daha soruşur: Yalnız onun görüşünə gəlmək? Şəxs deyir: Bəli, onu görməkdən savayı heç bir məqsədim yoxdur. Mələk deyir: Mən Allah tərəfindən göndərilmişəm. Allah-taala salam göndərir və cənnəti sənə vacib etdiyini bildirir. O deyir: Yalnız görüş məqsədilə müsəlman qardaşının evinə gedən şəxs təkcə onu deyil, Məni də ziyarət etmiş kimidir və onun mükafatı Mənim öhdəmədir».

Nəql olunmuş rəvayətlərdə mö'minlərin bir-biri ilə görüşü böyük əhəmiyyət kəsb etdiyi üçün «Liqaullah - yə'ni, Allahla görüş adlandırılmışdır. Bununla yanaşı diqqəti cəlb edən başqa bir məsələyə toxunulmuşdur. O da mö'minlərin yalnız Allaha xatir bir-birinin görüşünə gedib mə'nəvi dəyərləri qoruyub saxlamalarıdır. Belə ki, ehtiyac üzündən müsəlman qardaşının görüşünə gedən hər hansı bir şəxs bunu Allaha xatir etdiyi və Onun razılığını qazanmaq istədiyini iddia etməməlidir.

Ümumiyyətlə bu kimi görüşlərdə heç bir mə'nəvi və əxlaqi dəyər görmək olmaz.

Nəql olunmuş rəvayətlərdə mö'minlərin bir-biri ilə görüşlərinin bir çox müsbət tə'sir qoyduğu və mə'nəvi dəyərlərin güclənməsinə səbəb olduğu göstərilir.

İmam Sadiq (ə) bunu qəlbləri bir-birinə daha da yaxınlaşdıran vasitə hesab edərək buyurur:

«Qəlblərinizdə bir-birinizə sevgi və məhəbbət artsın deyə, vaxtaşırı bir-birinizin görüşünə gedin və məclislərinizdə bizim (Əhli-beytin) hədislərimizi nəql edin. Belə etsəniz, aranızdakı dostluq və səmimiyyət daha da artacaqdır. Hədislərimizi unutduqda isə haqdan uzaq düşüb fəlakətə sürüklənəcəksiniz. Mənəm sizin hidayətçiniz, hədislərimizi oxuyub onlara əməl edin».

İmam Baqir (ə) buyurur: «Bir-birinizin görüşünə getməyə tələsin. Çünki bu, biz Əhli-beytin adət-ən'ənəsinin davamına səbəb olur. Allah rəhmət etsin o kəslərə ki, daim bizim adət-ən'ənələrimizi yaşatmağa çalışırlar».

Nəql olunmuş rəvayətlərdə diqqəti cəlb edən məsələrdən biri də Əhli-beytin öz davamçılarına onların nəql etdikləri hədisləri bir-biri ilə görüşdükləri zaman xatırlamalarını tövsiyə etmələridir. Belə ki, bu hədisləri yaşatmaq onların arasındakı dostluq və səmimiyyəti daha da artırır, günahdan uzaqlaşıb hidayət olunmalarına böyük tə'sir göstərir.

Peyğəmbər (s) buyurur: «Mö'minlərin [vaxtaşırı] bir-biri ilə görüşmələri aralarındakı dostluq və səmimiyyətin daha da güclənməsinə səbəb olur».

Əli (ə) bu gözəl adət-ən'ənəni hər bir insan üçün böyük qənimət hesab edərək buyurur: «Dostlar az olsa belə, onlarla görüşmək böyük qənimətdir».

Z İ YAF Ə T (QONAQL I Q)

Yaxın dost və tanışlar görüşümüzə gəldikləri zaman imkan daxilində süfrə açıb onlara qonaqlıq vermək istəyirik. Vaxtaşırı bu kimi məclislərin təşkil olunması müsəlmanlar arasında dostluq və səmimiyyətin artmasına səbəb olur. Onlar hal-əhval tutub bir-birinin vəziyyətləri ilə maraqlanırlar. Bütün bunları nəzərə alaraq, Peyğəmbər (s) və mə'sum imamlar (ə) müsəlmanları bu xeyirxah işə də'vət edərək bu işlərin davam etdirilməsini tövsiyə etmişlər.

Peyğəmbər (s) bu haqda buyurur: «Qonaq gəlməyən evlərə mələklər də daxil olmaz».

«Qonaqlıq verməyən şəxslərin [malında, dövlətində] xeyir-bərəkət olmaz».

Peyğəmbər (s) qonaqdan (qonaq qəbul etməkdən) razı qalmayan və onları sevməyən şəxslərin Allahdan narazı qaldıqlarını hesab edir. Bu haqda buyurur: «Qonaq gəldikdə özünüzü çox zəhmətə salmayın ki, onlara qarşı qəlblərinizdə kin-küdurət yaratmış olarsınız. Qonaqdan narazı qalan şəxslər Allahdan narazı qalmış olarlar və kim Allahdan narazı qalsa, Allah da ondan narazı qalar».

Başqa bir hədisdə buyurur: «Qonaq öz ruzisini özü ilə gətirir və gedərkən ev sahibinin günahlarını özü ilə aparır».

Əli (ə) buyurur: «Allah-taala bir şəxsi var-dövlət sahibi edərsə, qohum-əqrəbaya əl tutub onlara ziyafət verməlidir».

QONAQL I QDA R İ AY Ə T OLUNMAS I LAZ I M OLAN ŞƏ RTL Ə R

İslam nöqteyi-nəzərindən qonaqlıqda riayət olunması lazım olan müəyyən şərtlər vardır. Onlardan daha çox əhəmiyyət kəsb edən şərtlərdən bir neçəsini qeyd edirik:

1. Hər bir müsəlman təqvanı ən başlıca me'yar götürərək ziyafət və qonaqlıq verdikdə də bu məsələyə xüsusi diqqət yetirməlidir. Belə ki, o, fasiq və günahkar şəxsləri öz məclisinə gətirməməli və eyni zamanda onların da də'vətini qəbul etməməlidir. Qonaqlığa çağırdığı şəxslər mö'min, pərhizkar və əməlisaleh şəxslər olmalıdır. Peyğəmbər (s) bu haqda buyurur: «Pərhizkarlardan başqa bir kimsənin yeməyini yeməməli və onlardan savayı bir kimsə də sənin yeməyini yeməməlidir. Fasiq insanların verdiyi yeməkləri yeməyin».

«Allaha xatir sevdiyiniz şəxslərə yeyib-içdiyiniz şeylərdən qonaqlıq verin».

Digər me'yarlardan biri də əvvəlki dərslərimizdə qeyd etdiyimiz kimi, varlıların yoxsullardan üstün tutulmamasıdır.

2. Qonaqlığa də'vət etdikdə də adi halda olduğu kimi məclisdə iştirak edənlərin yoxsul və ya varlı olmalarına diqqət yetirilməməlidir. Əgər ev sahibi mö'min və təqvalı olarsa, onun varlı və ya yoxsul olmasına baxmayaraq də'vətini qəbul edib, təşkil etdiyi ziyafət məclisində iştirak etmək lazımdır. Nəql olunmuş rəvayətlərin birində deyilir: «Bir gün imam Həsən Müctəba (ə) bir məhəllədən keçərkən bir neçə yoxsul dilənçinin yolun kənarında yemək yediyini görür. Onlar imam Həsən (ə)-ı öz kasıb süfrələrinə də'vət edirlər. İmam (ə) onların də'vətini qəbul edib buyurur: «Bəli, Allah-taala lovğaları, özünü başqalarından üstün tutanları sevmir». O həzrət (ə) atından enib onlarla birlikdə yemək yeyir, sonra atına minib yoluna davam edir.

Yolun uzaqlığı da də'vətin qəbul olunması üçün bəhanə olmamalıdır. Əvvəlki dərsimizdə qeyd etdik ki, Peyğəmbər (s) yolun və fasilənin uzaq olmasına baxmayaraq müsəlmanların də'vətinin qəbul olunmasına tə'kid etmişdir.

3. Qonaq məclisə daxil olarkən məclisin yuxarı başında və ən yaxşı yerdə oturmaq fikrində olmamalıdır. Təvazökarlıqla ev sahibinin göstərdiyi yerdə əyləşib başqalarını əziyyətə salmamalıdır.

4. Ev sahibi qonağa iş buyurmamalıdır. Qonaq hər hansı bir iş görmək istədikdə İmam Sadiq (ə) ona mane olar və həmin işi özü görüb buyurardı: «Peyğəmbər (s) qonağa iş buyurmağı qadağan etmişdir».

5. Ev sahibi özünü və ailə üzvlərini qonağa görə məşəqqətə salmamalıdır. Rəvayətlərdən birində deyilir: Bir şəxs Əli (ə)-ı evinə də'vət edir. O həzrət buyurur: «Də'vətini o zaman qəbul edərəm ki, bu üç şərtə riayət etmiş olasan». Onların nədən ibarət olduğunu soruşduqda Əli (ə) buyurur: «Mənə görə nə eşikdən bir şey alacaqsan, nə bir şey ehtiyatda saxlayacaqsan və nə də ailəni məşəqqətə salacaqsan». Həmin şəxs razılığını bildirdikdə Əli (ə) onun də'vətini qəbul edir.

Ümumiyyətlə böyük xərc tələb edən ziyafət və qonaqlıqlar həqiqi dostluq və qardaşlıq prinsipləri ilə ziddiyyət təşkil edir. Çünki bu kimi qonaqlıqları təşkil etmək hər zaman hamıya müyəssər olmur. Bu isə onların utanıb xəcalət çəkməsinə səbəb olur. Nəticədə dostlar arasında soyuqluq yaranır və gediş-gəliş azalır. Bu kimi qonaqlıqların qoyduğu mənfi tə'sirlərdən biri də varlı təbəqə arasında rəqabətin yaranmasıdır. Belə ki, onlardan hər biri təşkil etdikləri məclislərin mümkün qədər təmtəraqlı və başqalarından daha rəngarəng olmasına can atır. Beləliklə, səmimiyyət və mehribançılıq vasitəsi olan qonaqlıq rəqabət və qarşıdurma amilinə çevrilir.

6. Ev sahibi hamıdan tez yeməyə başlamalı və hamıdan gec süfrədən çəkilməlidir. İmam Sadiq (ə) bu haqda buyurur: «Peyğəmbər (s) süfrə başında məclis əhli özünü rahat hiss etsin deyə hamıdan tez yeməyə başlar və əlini hamıdan gec süfrədən çəkərdi ki, doymayanlar süfrədən uzaq düşməsinlər».

7. Ev sahibi qonağı qapıyacan ötürməli və ondan tez-tez gediş-gəliş etməsini xahiş etməlidir. Qonaq da öz növbəsində ev sahibindən icazə aldıqdan sonra getməli və oranı gülərüzlə tərk etməlidir.