1. Müəllimin üzərinə düşən ən başlıca vəzifə öz tələbələrini tədricən dini və əxlaqi tə’limlərlə tanış edib onların elmi səviyyələrini artırmaqdan ibarətdir. Hər bir maddə öz xüsusiyyətinə uyğun olan qabda yerləşdiyi kimi, ilahi elmlər də sağlam əql və qəlblərdə yerləşər. Bunun üçün də müəllimlər öz tələbələrinə tədris etməzdən əvvəl, onları həqiqəti qəbul etməyə hazır etməlidirlər ki, elmin həqiqəti qarşısında təslim və təvazökar olsunlar. Yalnız belə bir şəraitdə tələbələr insani yüksəlişə nail ola bilərlər.

Bunun isə ən başlıca şərti tələbələrin niyyətlərinin saflaşdırılmasına köməklik göstərmələri və bu yolda onlara lazımi məsləhətlər vermələridir. Onlar çalışmalıdırlar ki, tərbiyə etdikləri tələbələrin niyyətləri saf və xalis olsun, onlar ilahi elm və mə’rifət dəryasında qərq olsunlar. Bunun üçün də müəllimlər hər şeydən əvvəl tələbələrinin mə’nəviyyatına xüsusi diqqət yetirməli, fani dünyaya bel bağlamalarına yol verməməlidirlər. Hidayət yoluna qədəm qoymaları üçün onlarda elmə qarşı rəğbət hissi oyatmalı və elmin sirlərinə yol tapmaqda onlara kömək etməlidirlər.

2. Müəllimlər tələbələrdə rəğbət hissi oyatdıqdan sonra elmə yiyələnməyin fəzilətini və elmin həqiqi dəyərlərini onlara çatdırmalıdırlar. Onlara xatırlatmalıdırlar ki, yaradılış aləminin əzəmət və böyüklüyünü yalnız elm və təqvaya birlikdə nail olduqdan sonra dərk edə bilərlər. Böyük elmi nailiyyətlər əldə etmiş, təqva və pərhizkarlıqla mə’nəvi saflığa nail olmuş bir çox dahi alimlərin həyatı tələbələri maraqlandırmaqda ən başlıca amil hesab oluna bilər.

3. Müəllim-tələbə münasibətləri islam qardaşlıq tərzi-təfəkkürü əsasında formalaşmalıdır. Müəllim öz doğma övladına qarşı necə mehriban olursa, tələbələrinə qarşı da bir o qədər qayğıkeş olmalıdır. Özü üçün istədiklərini onlara da arzu etməli, özünə rəva bilmədiyi şeyləri onlara da rəva bilməməlidir.

Peyğəmbər (s) bu haqda buyurur: «Sevdiyiniz şeyləri müsəlman qardaşlarınıza arzu etməyincə, qəlblərinizə iman yol tapmayacaqdır».

Deməli, müəllim öz tələbələrini sevdiyi şeylərə sövq etməli və özünə rəva bilmədiyi şeylərdən çəkindirməyə çalışmalıdır.

4. Müəllim öz tələbələrini haram şeylərdən və xoşagəlməz xüsusiyyətlərdən çəkindirməyə çalışmalıdır. Onlara olunan tövsiyələr ilk mərhələdə olduqca mülayim və məntiqi olmalıdır. Çünki sərt davranış onları nəinki günahdan çəkindirməyəcək, əksinə, günah və harama meyl etmələrinə səbəb olacaqdır.

Allah-taala Musa (ə)-la Harun (ə)-ı Fir’onun yanına göndərərkən onunla mülayim danışmağı əmr edir:

«Onunla yum ş aq dan ışı n. B ə lk ə ö y ü d-n ə sih ə t q ə bul etsin, yaxud [R ə bbind ə n] qorxsun!»( Ta-ha-44)

Mülayim rəftarla tələbələrin günaha düçar olmalarının qarşısını almaq mümkün olmadıqda, şübhəsiz ki, ciddi tədbirlərə əl atmalı və lazım gəldikdə cəzalandırmaqdan belə çəkinməməlidir. Bu da bir nəticə vermədikdə, başqalarına mənfi tə’sir göstərməsinlər deyə, onları təhsil mühitindən uzaqlaşdırılmalıdırlar.

5. Müəllimlər şagirdlərin qarşısında qürur və təkəbbürlüyə yol vermədən son dərəcə təvazökar olmalıdırlar. Yalnız belə bir şəraitdə müəllimlə tələbələr arasında səmimi münasibətlər yaranar və tələbələr müəllimlərin onlara etdikləri tövsiyələrdən faydalana bilərlər. Eyni zamanda müəllimlər şagirdlərin zəif xüsusiyyətlərindən agah olub onların aradan qaldırılmasında müvafiq tədbirlərə əl ata bilərlər. Şüəra surəsinin 215-ci ayəsində Allah-taala Peyğəmbərə (s) əmr edərək buyurur:

«S ə n ə tabe olan m ö ’minl ə ri qanad ı n alt ı na al! [Onlarla yum ş aq davran, n ə zak ə tl ə r ə ftar et, k ö m ə kl ə rin ə ç at!]»

Deməli, müəllim öz tələbələri ilə səmimi münasibətdə olub onlarla gözəl davranmalıdır. Tələbələr müəllimlərin onlara qarşı səmimi münasibət bəslədiyini görüb onun məcburiyyət üzündən deyil, elmə olan meyl və maraq üzündən tədris etdiyinin şahidi olacaqlar.

Müəllim tələbələrinə qarşı son dərəcə qayğıkeş və mehriban olmalıdır. Onların hər birinin adını yadında saxlamalı, dərsdə iştirak etməyənlərdən hal-əhval tutub çətinliklərinin aradan qaldırılmasında kömək etməlidir. Beləliklə, müəllimlə tələbələr arasındakı münasibətlər daha da yaxşılaşır və nəticədə müəllim, üzərinə düşən vəzifələrin öhdəsindən gəlməkdə daha müvəffəq olur. Eyni zamanda elm və müəllimə olan hörmət daha da güclənir və tələbələr müəllimlərinin qədrini daha çox bilməyə başlayırlar.

6. Müəllim izah etdiyi mövzuları tələbələrin iste’dad və bacarıqlarına müvafiq olaraq anlatmağa çalışmalıdır. Müqəddimə və sadə mətləblər haqda ilkin mə’lumatlar vermədən, dərk olunması ağır olan mövzular haqda söhbət açmaq şagirdlərin biliklərinin artmasına deyil, əksinə, onların elm və təhsildən uzaq düşmələrinə səbəb olur. Müəllim tələbələrin suallarına cavab verdikdə də bu məsələyə diqqət yetirməlidir. Suallara verilən cavablarda da müqəddiməyə ehtiyac duyduqda belə, dərhal cavab verməməli, onlarda ibtidai mə’lumatların əsasını qoymağa çalışmalıdır. Çünki başa düşülməsi ağır olan mətləblər bir çox hallarda sual verən şagirdi daha da ağır şəraitə salır.

Müəllim tədris etdiyi mətləblərin tərtib və ardıcıllığına riayət etməlidir. Bu məsələni onlara etdiyi əxlaqi tövsiyələrində də nəzərə almalıdır. O, hər şeydən əvvəl tələbələri vacib və zəruri (istər şər’i olsun, istərsə də ictimai) məsələlərə sövq etməli, daha sonra bir o qədər də zəruri olmayan məsələlər haqda lazımi mə’lumatlar verməlidir.

7. Müəllim tələbələrin əhval-ruhiyyələrinin artmasına çalışmalı və onların həyatın bütün sahələrində, o cümlədən elm və təhsildə uğur qazancaqlarına ümidvar etməlidir. Eyni zamanda onların ruhdan düşmələrinə və mə’nəvi sarsıntı keçirmələrinə səbəb olacaq heç bir şey deməməlidir. Məsələn, tələbə dərs zamanı hər hansı bir mətləbi düzgün bəyan edə bilmədikdə müəllim səbr və təmkinlə onun səhvini düzəltməli, danlaq və yersiz xəbərdarlıqlarla tələbə yoldaşlarının qarşısında alçaltmamalıdır.

8. Müəllim tələbələri elmi mübahisələrə, sual-cavaba, sinifdə daha fəal olan qabaqcıl tələbələrə qarşı ehtiramla yanaşmağa sövq etməlidir. Həmçinin tələbələrin mübahisə zamanı yeni fikirlər irəli sürmələrini və məntiqi iradlarını nəzərə alıb onları bu işdə daha da fəal olmağa həvəsləndirməlidir. Tələbələrin mə’lumat dairələrini daha da genişləndirmək üçün onlara əlavə mə’lumatlar verməli və bu işdə onların özlərinin də fəaliyyət göstərmələrinə lazımi şərait yaratmalıdır.

9. Müəllim tələbələr arasında bərabərliyə xüsusi diqqət yetirməlidir. Dərs zamanı sorğu-sual etdikdə onların arasında fərq qoymamalıdır. Onlara iste’dad və bacarıqlarını büruzə verməyə və elmi səviyyələrini artırmağa köməklik göstərməlidir. Tələbə eyni səviyyədə davranmalı, lakin daha fəal və zirək tələbələrin zəhmətini isə lazımınca qiymətləndirməyi bacarmalıdır. Müəllim fəal tələbələrə xüsusi diqqət yetirməli və onları başqalarından daha çox sevməlidir və bunu nə üçün belə etdiyini şagirdlərə anlatmağı bacarmalıdır. Əks təqdirdə, fəal tələbələrin dərsə olan meyli zəifləyəcək, tənbəl tələbələrin isə ədəbsizliklərinin daha da artmasına səbəb olacaqdır.

10. Müəllim yalnız öz ixtisasına uyğun olan fənləri tədris etməlidir. Əks təqdirdə, həm müəllim öz mövqeyini itirər, həm də tələbələr yanlış mə’lumatlar əldə etmiş olarlar.

Eyni zamanda müəllim yalnız öz ixtisasının əhəmiyyət kəsb etdiyini söyləməklə, digər fənlərə təhqir gözü ilə baxmamalıdır. Əlbəttə, bu məsələ islamın yasaq etdiyi fənlərə şamil olunmur.

11. Müəllim tələbələrin iste’dad və bacarıqları ilə tanış olduqdan sonra onları daha çox uğur qazana bilcəkləri fənlərə istiqamətləndirməli və kimlərdən dərs almalı olduqlarını da tövsiyə etməlidir.

12. Tədris dövrü başa çatdıqdan sonra müəllim yeni tələbələrin tə’lim-tərbiyəsi ilə məşğul olmalı və öz təhsilini başa vurmuş tələbələrin tədris etmələrinə lazımi şərait yaratmalıdır. Öz fəal tələbələrini tanıtdırmalı, elm sahiblərində onlara qarşı xoş fikir yaratmalıdır.

DƏRSİN XÜLASƏSİ

Tələbələri islam tə’lim-tərbiyəsi ilə tanış etmək, təqva və pərhizkarlığa də’vət etmək, tələbələr arasında səmimi münasibətlər yaratmaq, təvazökar olmaq, onları daim ümid bəsləməyə kömək etmək, iste’dadlarını qiymətləndirməyi bacarmaq, tələbələr arasında insaf və ədalətə riayət etmək və onların elmi səviyyələrinin artırılmasına lazımi şərait yaratmaq müəllimin üzərinə düşən digər vəzifələrdən hesab olunur.

SUAL VƏ TAPŞIRIQLAR

1. Tədris etməzdən əvvəl müəllim tələbələrin mə’nəvi saflığına nə üçün diqqət yetirməlidir?

2. Müəllimlə tələbələr arasındakı münasibətlər necə olmalıdır?

3. Müəllim dərs zamanı hansı qaydalara riayət etməlidir?

4. Tələbələrin iste’dad və bacarıqlarını çiçəkləndirməkdə müəllimin üzərinə nə kimi vəzifələr düşür?

5. Tələbələrin təhsil dövrü başa çatdıqdan sonra müəllimlərin üzərinə hansı vəzifələr düşür?

M ÜƏLLİMİN SİNİFDƏ ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏLƏR

1. Müəllim dərsə gəldiyi zaman tam hazırlıqlı olmalıdır. Paltarlarının və bədəninin təmizliyinə xüsusi diqqət yetirməlidir. Geyindiyi paltarlar sadə və səliqəli olmalıdır. Lakin bu, heç də o demək deyil ki, olduqca bahalı paltarlar geyinib başqalarını özünə cəlb etmiş olsun. Müəllim hər şeydən əvvəl öz şəxsiyyətini qoruyub saxlamağı bacarmalı və tələbələrinə örnək və nümunə olmalıdır.

2. Yaxşı olar ki, mənzildən çıxan zaman Peyğəmbərin (s) tövsiyə etdiyi bu duanı oxusun: «İlahi, kimsəni [haqq] yoldan azdırmaqdan, yolumu azmaqdan, büdrəyib-büdrətməkdən, kimsənin haqqını tapdayıb və kimsənin mənim haqqımı taptamasından, kimsəni nadanlığa sövq etməkdən və özümün nadanlığa düçar olmağımdan Sənə pənah gətirirəm. İlahi! Sənə yaxın olan bəndələrin əziz olarlar. Sənə sitayiş etmək olduqca böyük və əzəmətlidir və Səndən başqa ibadət olunası varlıq yoxdur».

Sonra bunları demək daha yaxşı olar: «Allahın adı ilə! Allah mənə kifayət edər. Ona təvəkkül etdim. Ondan böyük və əzəmətli qüdrət sahibi yoxdur. O, böyük və uca olan Allahdır. İlahi! Qəlbimi imanla doldur və haqqı dilimə gətir».

3. Müəllim sinifə girdiyi zaman tələbələrə salam verib, gülər üzlə onlarla hal-əhval tutmalıdır. O, özünün müəllimlik əxlaq və davranışını dərsin əvvəlindən sonunadək qoruyub saxlamağa çalışmalıdır. Dərs boyu tələbələrin diqqətini özünə cəlb etməli, tələbələrin dərsdən yayınmalarına yol verməməlidir. Dərsin gedişatını tam ələ almalı, tələbələri diqqət mərkəzində saxlamaq üçün sinifdə özünə münasib bir yer seçməlidir.

4. Dərsi Allahın adı ilə başlayıb Ona həmd və səna etməklə başa vurmalıdır ki, bu xüsusiyyət tələbələrdə də adət halına çevrilsin. Əxlaq alimləri müəllimlərə tövsiyə etmişlər ki, dərsə başlamazdan əvvəl hətta iki rük’ət namaz qılıb Allah-taaladan bu işdə onlara kömək etməsini diləsinlər. Bütün bunlar tələbələrin dərsə olan əlaqələrini daha da artırır və təhsilə daha böyük əhəmiyyət verib, niyyət saflığı və Allah Rzasına nail olmağa böyük köməklik göstərir.

5. Müəllimin tədris üsulu elə olmalıdır ki, tələbəllər onun öz dediklərini qəbul etdiyinə yəqinlik hasil etsinlər. Əks təqdirdə, müəllimin dediklərinə nəinki əməl olunmayacaq, tələbələrə heç bir müsbət tə’sir də göstərməyəcəkdir. Bunun üçün də müəllim dərsin gedişatına ciddi yanaşmalı, yersiz zarafat və əyləncələrə yol verməməlidir. Lakin ciddilik dedikdə heç də müəllimin şagirdlərə soyuq münasibət bəsləyib onlara qarşı amansız olması nəzərdə tutulmur. Müəllim daim dərsin gedişatına nəzarət etməli və şagirdlərin dərsdən yayınmalarına yol verməməlidir. Onlarda yorğunluq hiss etdikdə əhval-ruhiyyələrinin yüksəldilməsi üçün qısa və mə’nalı zarafatla yorğunluqlarının aradan qaldırılmasına çalışmalıdır. Lakin zarafat etdikdə də ifrata varıb dərsin pozulmasına yol verməməlidir. Əks təqdirdə, müəllim sinfi idarə etməyə qadir olmayacaqdır.

6. Müəllimin özünəməxsus tədris üsulu olmalı, tələbələrə, tədris edəcəyi kitablar haqda əvvəlcədən mə’lumat verməlidir.

Nəzərdə tutduğu mövzunu izah etməzdən əvvəl tələbələrin iste’dad və bacarıqlarını, həmçinin onların elmi səviyyələrini nəzərə almalıdır. Birinci dərs günü ilk tanışlıqdan sonra öz tədris üsulu, həmçinin tədris etdiyi fənnin müsbət cəhətləri haqda tələbələrə ümumi mə’lumat verməlidir.

7. Müəllim, haqqında söhbət açdığı mövzunu çox uzatmamalı və dərsin gedişatını yorucu etməməlidir. Dərsi izah edərkən mətləbin təkrarına və uzadılmasına yol verməməli və tələbələr özlərini iclasda deyil, dərsdə hiss etməlidirlər. Eyni zamanda mətləbi o qədər də ixtisara salmamalıdır ki, tələbələr dərsi qavramaqda çətinlik çəkmiş olsunlar. Bir sözlə, mətləbi nə həddindən artıq uzatmalı, nə də ixtisara salmalıdır. Lakin bə’zən əxlaqi və tərbiyəvi məsələlərin ətraflı izah olunmasına ehtiyac duyulur. Şagirdlərin dərsi yaxşı qavraması üçün belə mövzular bir neçə dəfə təkrar olunmalı və ya əlavə olaraq xatırlanmalıdır.

8. Müəllim öz dərs üslubunda, dərsin vaxt və keçirilməsində tələbələrin istək və təkliflərini nəzərə almalıdır. Ən qısa müddət ərzində tələbələr dərsdən mümkün qədər çox bəhrələnməlidirlər. Müəllim dərs zamanı nə səsini həddindən artıq ucaltmalı, nə də tələbələrin eşidə bilməyəcəkləri qədər asta danışmalıdır.

9. Müəllim tələbələrin səs-küyünün qarşısını almalı və dərsin öz axarından çıxmasına, özünün və digər fəal tələbələrin narahatçılığına yol verməməlidir. Əks təqdirdə, sinfin nizam-intizamı pozulacaq və sinfə nəzarət etmək mümkün olmayacaqdır.

10. Sinfin nizam-intizamını qoruduğu zaman tələbələri inzibati qayda-qanunlara riayət etməyə, bir-birinə qarşı hörmətlə yanaşmağa sövq etməlidir. Həmçinin onlarda ictimai-əxlaqi məs’uliyyət hisslərini gücləndirməyə və ictimai həyata hazır olmağa kömək etməlidir.

11. Müəllim tələbələrin verdikləri suallara təmkinlə cavab verməli və onları qane etməyə çalışmalıdır. Çünki suallar bə’zən tələbələr tərəfindən şəxsiqərəzlik və ya müxtəlif səbəblər üzündən verilir. Bə’ziləri müəllimin elmi səviyyəsini yoxlamaq, bə’ziləri də dərsin gedişatına mane olmaq məqsədilə qeyri-məntiqi suallara əl atırlar. Lakin bir çox hallarda suallar maraq və ya şübhəni aradan qaldırmaq məqsədilə verilir. Bə’zi hallarda tələbələr öz fikirlərini çatdırmağa qadir olmadıqları üçün verdikləri sualları lazımı qaydada açıqlaya bilmirlər. Bunun üçün də şübhəli ifadələrdən istifadə edirlər. Bu kimi hallarda müəllim tam soyuqqanlılıqla tələbələrin verdikləri bütün suallara məntiqi cavab verib qərəzli sualların qarşısını almalı, eyni zamanda öz müəllimlik şəxsiyyətini qorumağa çalışmalıdır.

12. Müəllim verilən sualların cavabını bilmədikdə, müxtəlif fikirlər irəli sürmədən cəsarətlə - «bilmirəm» - deməlidir.

Əli (ə) bu haqda buyurur: «Sizdən bilmədiyiniz şeylər haqda soruşduqda qaçmağa çalışın». Səhabə - «Necə qaçaq?» - soruşduqda, buyurur: «Deyin ki, Allah hər şeydən agahdır».

İmam Məhəmməd Baqir (ə) buyurur: «Bildiyiniz şey haqda danışın, bilmədiyiniz şeylər haqda - «Allah hər şeydən agahdır!» - deyin. Həqiqətən bir şəxs Qur’an ayələrinin birinin anlamını yanlış bəyan edərsə, yerlə göy arası qədər süquta uğrayar».

Bə’ziləri belə güman edirlər ki, «bilmirəm» deməklə onların elmi məqamına xələl gələcəkdir. Lakin həqiqət bunun tam əksinədir. Tələbələr müəllimin bilmədiyini e’tiraf etdiyini gördükdə tədris etdiyi fənnə daha arxayınlıqla yanaşıb bunu müəllimin təqva və imanından irəli gəldiyini hesab edəcəklər. Bunu da nəzərdən qaçırmamalıyıq ki, bütün insanların elmi səviyyəsi məhdud və naqisdir. Belə ki, bütün elmlərə yiyələnən bir şəxs tapmaq sadəcə olaraq qeyri-mümkündür. Deməli, bizim bə’zi sualların cavabını bilmədiyimizi e’tiraf etməyimiz tamamilə təbii bir haldır. Verilən suallara heç bir məntiqə əsaslanmayan cavab verdikdə isə, tələbələrdə istər-istəməz müəllimə qarşı şübhə hissi yaranır. Alimlərdən biri bu haqda deyir: «Bilmirəm» deməyi öyrəndikdə başqalarının həmin mətləbdən agah etmələri sənə nəsib olacaqdır. Nəhayət elə bir həddə çatacaqsan ki, cəsarətlə «bilmirəm!» deyəcəksən.

13. Müəllim dərsi qurtarmazdan əvvəl keçdiyi dərsə bir daha qayıtmalı və onu xülasə və yığcam şəkildə yekunlaşdırmalıdır. Əgər hər hansı bir mətləbi unudub və ya ətraflı izah etməyibsə, yenidən həmin mətləbə qayıdıb təkmilləşdirməyə və tələbələri maraqlandıran suallara cavab verməlidir. İstər tələbələr, istərsə də müəllim özü səhvə yol verdikdə dərhal bunun aradan qaldırılmasına cəhd etməli və tələbələrdən təvazökarlıqla səhvə yol verdiyi üçün üzr istəməlidir. Bu, müəllimin nəinki tələbələrin gözündən düşməsinə, əksinə, onların nəzərində daha da ucalmasına səbəb olur.

14. İslam alimləri dərsin sonunda tələbələrə əxlaqi və tərbiyəvi tövsiyələr etməyə xüsusi diqqət yetirmişlər. Onların fikrincə, elm yalnız mə’nəvi saflıqla əldə oluna bilər.

15. Dərs başa çatdıqdan sonra müəllim tələbələrin fikirlərini irəli sürməyə və onları maraqlandıran bütün suallara cavab verməyə xüsusi vaxt ayırmalıdır. Bunun üçün də dərs otağını tərk etməyə tələsməməlidir. Eyni zamanda dərsdə iştirak etmək istəməyən tələbələrə də sinifdən xaric olmağa mane olmamalıdır.

16. Daha yaxşı olar ki, müəllim, dərsi Allaha şükr və səna etməklə başa vursun. Peyğəmbər (s) səhabələri maraqlandıran suallara cavab verib qurtardıqdan sonra belə dua edərdi: «İlahi! Səhv və ya bilərəkdən düçar olduğumuz günahlarımızı bizlərə bağışla. Gizlətdiyimiz və ya aşkara çıxardığımız səhvlərimizi bağışla! İlahi! Hər şeyi tezləşdirən və ya tə’xirə salan Sənsən. Səndən başqa ibadət olunası bir varlıq yoxdur».

DƏRSİN XÜLASƏSİ

Səliqə və təmizliyə riayət etmək, dərsə gedərkən bə’zi duaların oxunması, dərsdə iştirak edən tələbələrlə salamlaşmaq, dərsi Allahın adı ilə başlayıb, Allaha həmd və səna etməklə başa vurmaq tədris zamanı riayət olunması lazım olan məsələlərdəndir. Münasib və düzgün tədris üsulunun seçilməsi, mətləbin həddindən artıq uzadılmaması, tələbələrin fikir və mülahizələrinin nəzərə alınması, sinifdə nizam-intizamın qorunması, bilmədiyi şeylərə e’tiraf etmək, tələbələrin sorğu-suallarına təmkinlə məntiqi cavablar vermək və dərsin sonunda yetkin nəticəyə gəlmək tədris zamanı müəllimin üzərinə düşən vəzifələrdən hesab olunur.

SUAL VƏ TAPŞIRIQLAR

1. Müəllim dərsə başlamazdan əvvəl nə kimi qaydalara riayət etməlidir?

2. Müəllim nə üçün tələbələrin mübahisələrinin qarşısını almalıdır?

3. Bilmədiyi mətləblərlə qarşılaşdıqda müəllimin üzərinə nə kimi vəzifələr düşür?

4. Müəllimin dərsi necə başlamalı və necə başa vurmalı olduğunu izah edin.