TƏLƏBƏ LƏRİN DƏRS ZAMANI ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏLƏR

1. Müsəlman əxlaq alimləri Qur’anın iki böyük xüsusiyyətini nəzərə alaraq tələbələrə bu ilahi kəlamın oxunub hifz olunmasını tövsiyə etmişlər. Əvvəla ona görə ki, Qur’an bütün elmlərin mənbə və mənşəyidir. Bunun üçün də Qur’anla tanışlıq olmadan əldə olunan bütün elmlər naqisdir. Digər tərəfdən də Qur’an ömür və təhsilə bərəkət, qəlblərə saflıq, təravət bəxş edir və tələbələrdə elm və təhsilə rəğbət hissi yaradır.

2. Tələbələr öz iste’dad və bacarıqlarına uyğun elmlərə yiyələnməlidirlər. Əlbəttə, insan elm yolunda nə qədər fəal olarsa, elm dairəsi bir o qədər genişlənər və daha çox elmi mə’lumatlara nail olar.

3. Tələbələr düzgün təhsil üsulu seçdikdən sonra elmi məşğələlərə can atmalı və bütün bunlarla yanaşı yiyələndikləri elmin nə dərəcədə əsaslı və mö’təbər olduğuna diqqət yetirməlidirlər. Çünki yanlış üsuldan istifadə etdikdə öyrənilən əsassız mətləblərin islah olunması olduqca çətin və bir çox hallarda isə qeyri-mümkün olur.

4. Tələbələr vaxtlarından səmərəli istifadə etmək üçün özlərinə müəyyən proqram tərtib etməlidirlər. Əks təqdirdə, üzərinə düşən vəzifənin məs’uliyyətini unudacaq, həyatının nəzmi tamamilə pozulacaqdır. Bə’zən tələbələr özləri üçün müəyyən proqram tərtib etmədiklərinə görə gecə-gündüz işləyir, nəticədə işlərinin bir çoxunun yerinə yetirmədiklərindən agah olurlar.

5. Yaxşı olar ki, tələbələr öz mütaliələrini səhər vaxtına salsınlar. Çünki buna həm havanın saflığı, həm də cismi hazırlıq imkan verir.

6. Dərsə girməzdən əvvəl tələbələr dərs üçün tam hazır vəziyyətdə olmalıdırlar. Əhval-ruhiyyənin yüksək olması üçün bir qədər idman edilməli, bədən və paltarının təmizliyinə diqqət yetirməli, əl-üzünü yumalı və kitab-dəftər, qələm və sair dərs ləvazimatını özü ilə gətirməlidir. Həmçinin dərsə girməzdən əvvəl keçdiyi dərsləri bir qədər mütailə etməyə çalışmalıdırlar.

7. Tələbələr müəllimin söylədiklərinə diqqətlə qulaq asmalı və başa düşmədiyi mətləbin bir daha açıqlanmasını xahiş etməlidirlər. Belə güman etməməlidirlər ki, eşitdiklərini tamamilə yadda saxlayıb heç vaxt unutmayacaqlar. Bunun üçün də müəllimin mühazirələrini qeyd edib, dəfələrlə təkrar etmək və lazım gəldikdə onu əzbərləmək lazımdır.

8. Tələbələr üzürlü səbəb olmadan dərsləri buraxmamalı və bütün dərslərdə iştirak etməyə çalışmalıdırlar. Mövzuların bir-birinə olan bağlılığı tələbələri dərsləri ardıcıl olaraq izləməyə vadar edir. Çünki dərslər arasında yaranan fasilələr onlara yetkin nəticə əldə etməkdə böyük çətinliklər yaradır.

9. Tələbələr sinfə daxil olarkən sinifdə olanlara salam verməlidirlər. Sinfə daxil olarkən əgər müəllim sinifdə olarsa, salam verib gülər üzlə hal-əhval tutmalıdırlar. Müəllim sinfə tələbələrdən sonra daxil olduqda isə hörmət əlaməti olaraq ayağa qalxıb salam verməli və yalnız icazə verdikdən sonra oturmalıdırlar.

10. Tələbələr dərs zamanı tamamilə bir-birinin hüquqlarına riayət etməlidirlər. Bunun üçün də onların müəllimi dinləmələrinə və ya yazı lövhəsindən istifadə etməyə mane olan bütün işlərdən çəkinmək lazımdır. Məsələn, boyu uca olan tələbələr qısa boylu tələbələrin yazı lövhəsini yaxşı görmələri üçün onlardan arxada oturmalı və onlara maneçilik törətməməlidirlər. Səsi alçaq tonda olan tələbələrə də bu kimi hallarda müəyyən güzəştlər olunmalıdır. Həmçinin müəllimin verdiyi suallara cavab verdikdə də bir-birinin növbələrini gözləyib sinifdə qalmaqala yol verməməlidirlər.

11. Tələbələr qarşılıqlı olaraq bir-birinə hörmətlə yanaşmalı, biri digərinin hüququnun tapdalanmasına yol verməməlidir. Onlar bir-birini təhqir edib xoşagəlməz ləqəblərlə çağırmamalıdırlar. Biri digərinin yerini tutub və ya yerini dar etməməli, əksinə, çətinliklərinin aradan qaldırılmasında bir-birinə yaxından kömək etməlidirlər. Hafizəsi güclü olan tələbələr digər yoldaşlarına köməklik edib dərslərin başa salınmasında əllərindən gələni əsirgəməməlidirlər.

YATAQXANA ŞƏRAİTI VƏ ORANIN QAYDA-QANUNLARI

Dərsin əvvəlində qeyd etdik ki, başqalarından fərqli olaraq, yataqxana şəraitində müvəqqəti sakin olan tələbələrin öhdəsinə bir neçə vəzifə düşür. Onların ən başlıcası aşağıdakılardan ibarətdir:

1. Müxtəlif niyyət və məqsədlərlə tikilən məktəb və yataqxanalar tələbələrin ixtiyarına qoyulur. Onlardan bə’ziləri saf niyyətlə tələbələrin tə’lim-tərbiyəsi və dinə layiqincə xidmət göstərmək, bə’ziləri də dində bid’ətə yol vermək, ixtilaf və qarşıdurmaların yaranması üçün tikilir. Bunun üçün də tələbələr yataqxanalara ad yazdırmazdan əvvəl həmin yerlərin kimlər tərəfindən və hansı məqsədlər üçün tikildiyinə diqqət yetirməlidirlər.

Qeyd etmək lazımdır ki, yataqxana və məktəb təs’is edən bə’zi xeyirxah insanlar, çəkdikləri zəhmətlərin müqabilində tələbələrin yalnız onların və dünyasını dəyişmiş ata-analarının Allah-taaladan bağışlanmalarını diləmələrini istəyirlər. Bunun üçün də yaxşı olar ki, tələbələr savab naminə öz namazlarında onları yad edib Allah-taaladan bağışlanmalarını diləsinlər.

2. Yataqxana mühitində nizam-intizamın qorunması üçün tələbələr hamılıqla məs’ul rəhbərlər tərəfindən tə’yin olunmuş inzibati qayda-qanunlara riayət etməlidirlər. Əlbəttə, hər bir tələbənin inzibati qanunlardan fərqli olan öz zövqünə uyğun yaşayış, istirahət, təhsil üsulu ola bilər və onlar həmin inzibati qanunları ixtiyarlarının məhdudlaşdırılması kimi hesab edə bilərlər. Əgər onların hər biri öz istək və iradəsinə uyğun olaraq həyat tərzi keçirərsə, bu kimi yerlərdə qalmaq təbii ki, qeyri-mümkün olacaqdır.

3. Yataqxana mühitində tələbələrin üzərinə düşən ən başlıca vəzifələrdən biri də təmizliyə riayət və bunun tə’min olunmasına sə’y etmələridir. Cəmiyyətdəki qanun və qaydaların riayət olunmasında hamı bir nəfər kimi məs’uliyyət daşıyır. Bunun üçün də kimsə e’tinasızlıq və xudpəsəndlik üzündən üzərinə düşən məs’uliyyətlərdən boyun qaçırmamalı və ya onu başqalarının üzərinə atmamalıdır. Tələbələr yataqxanada sağlam mühitin qorunub saxlanılması üçün bir-biri ilə həmrə’y olub təmizliyə hamılıqla riayət etməlidirlər. Eyni zamanda tələbələr şəxsi əşyalarının, otaqlarının, bədən və paltarlarının təmizliyinə xüsusi diqqət yetirməli və başqalarının narahatçılığına səbəb olmamalıdırlar.

4. Tələbələr bir-birinin hüquqlarına riayət etməli və biri dəgərinin haqqının tapdalanmasına yol verməməlidir. Mütaliə, istirahət və yatmaq vaxtlarında tələbələr bir-birini narahat etməməli, yataqxanada sağlam mühitin bərqərar olunmasına xüsusi diqqət yetirməlidirlər. Tələbələrin bir-birinə olan münasibətləri elə səmimi olmalıdır ki, təhsil dövrü başa çatdıqdan sonra da onlar həmin illəri xoş xatirələrlə yad etsinlər.

5. Tələbələr başqalarına nümunə olmaq istərkən, o şəxslərlə ünsiyyətdə olmalıdırlar ki, onların təhsil və əxlaqına mənfi tə’sir göstərməsinlər. Təhsil və ünsiyyət qaydalarında edilən tövsiyələri burada da nəzərə almaq lazımdır.

6. Tələbələr vaxtaşırı bir-birinin otaqlarına baş vurub hal-əhval tutmalıdırlar, lakin bu gediş-gəlişlər onların istirahət və mütaliələrinə maneçilik törətməməlidir. Həmçinin qarşılaşdıqları çətinliklərdə bir-birinə köməklik göstərməli və bunu özlərinin yoldaşlıq borcu hesab etməlidirlər.

7. Bilmək lazımdır ki, tələbələr, xüsusilə ətraf şəhər və məntəqələrdən gəlmiş şəxslər müxtəlif əxlaq və xüsusiyyətlərə malik olurlar. Bunun üçün də onların bə’zilərinin rəftar və davranışları kiminsə ürəyincə olmaya bilər. Bu kimi hallarda tələbələr bir-birindən bundan artığını gözləməməlidirlər. Çatışmamazlıqlarını bir-birinin üzünə vurmayıb, güzəşt etməyi bacarmalıdırlar. Kiminsə rəftar və davranışı islam əxlaq və qanunları ilə müvafiq olmadıqda isə, düzgün üsullardan istifadə edərək həmin şəxsin islah olunmasına çalışmalıdırlar.

Tələbələr nəzərə almalıdırlar ki, hər bir insanın müəyyən nöqsan və çatışmazlığı olur. Bunun üçün də yoldaşlarının hər bir çatışmazlıqlarına görə onlardan üz çevirməməlidirlər. Onların səhvlərinə göz yumub mümkün qədər güzəşt etməyi bacarmalıdırlar.

8. Yataqxana sakinləri yataqxanaya giriş, çıxış, yatmaq, istirahət, mütaliə vaxtlarına və bütün inzibati qanunlara riayət edib hörmətlə yanaşmalıdırlar.

Eyni zamanda gediş-gəliş yolunun tutulması, başqalarının şəxsi əşyalarından istifadə etmək və bu kimi digər narahatçılıqlara səbəb olan şeylərə qətiyyən yol verilməməlidir.

DƏRSİN XÜLASƏSİ

Tələbələrin təhsil zamanı müəyyən proqramları olmalıdır. Mütaliə üçün günlərinin ən münasib vaxtlarını ayırmalı və dərslərdə hazırlıqlı vəziyyətdə iştirak etməlidirlər. Yataqxana mühitində təmizliyə riayət etməli, başqalarının hüquqlarını qorumalı, yataqxana sakinlərinin narahatçılığına səbəb olacaq bütün işlərdən çəkinməli və tələbə yoldaşlarının çətinliklərinin aradan qaldırılmasında onlara yaxından köməklik göstərməlidirlər.

SUAL VƏ TAPŞIRIQLAR

1. Qur’anın oxunub hifz olunması tələbələrə nə kimi müsbət tə’sir göstərir?

2. Tələbələr təhsil və mütaliə zamanı hansı göstərişlərə riayət etməlidirlər?

3. Mütaliə üçün ən münasib vaxt günün hansı hissəsi hesab olunur?

4. Tələbələr sinfə daxil olarkən hansı göstərişlərə riayət etməlirdilər?

5. Təhsil üçün hansı elm ocaqlarına üstünlük verilməlidir?