«Qurani–Kərim»in qəlbi hesab edilən «Yasin» surəsi müxtəlif dövrlərdə bir çox alimlər tərəfindən təfsir edilmiş və bu mübarək surəyə ayrıca tədqiqat əsərləri, məqalə və şərhlər həsr olunmuşdur.

83 ayədən ibarət olan bu surə özündə nübüvvətə və məada, Allahın tövhid dininə dəvətə dair ilahi kəlamları əhatə etməklə yanaşı, həm də bir sıra qiymətli elmi fikirlər ehtiva edir.

Bu mübarək surədə Günəşin, Ayın və başqa səma cisimlərinin hərəkətinə dair elə qiymətli fikirlər söylənilmişdir ki, onlar Avropa elminə yalnız əsrlər keçdikdən sonra mə’lum olmuşdur. Heliosentrik nəzəriyyənin geosentrik nəzəriyyə ilə müqayisədə elmdə inqilab olduğunu iddia edən alimlər «Qurani–Kərim»lə tanış olduqdan sonra həmin fikrin Allah kitabında olduğunu görüb bundan öz heyrətlərini gizlədə bilməmişlər.

«Yasin» «Qurani–Kərim»in başqa surələri kimi həmişə təfsirə, şərhə ehtiyac hiss edir. Çünki zaman keçdikcə, bəşəriyyətin əqli səviyyəsi yüksəldikcə, elmi kəşflər artdıqca «Quran»ın ilahi kəlamları, buradakı universal həqiqətlər hər dövrün elmi nailiyyətləri əsasında izah edilib insanlara çatdırıldıqda Allah kəlamının mütləq gerçəkliyi və cahanşümul əzəməti bir daha göz qarşısında canlanır.

Bu baxımdan ayətullahül–üzma Nasir Məkarim Şirazi cənablarının rəhbərliyi altında yerinə yetirilmiş «Yasin surəsinin tərcümə və təfsiri» əsəri müəyyən əhəmiyyət kəsb edir. Belə ki, əsərdə «Yasin» surəsi elmi–dini baxımdan qənaətbəxş şəkildə təfsir edilmiş, bir sıra ayələrin izahında müasir elmi nailiyyətlərdən geniş istifadə olunmuşdur.


«Yasin» surƏsi MƏkkƏ şƏhƏrindƏ nazil olmuş

vƏ 83 ayƏdƏn ibarƏtdir.

«Yasin» surəsinin əhatə etdiyi mövzular:

Bildiyimiz kimi bu surə Məkkə şəhərində nazil olmuşdur. Elə buna görə də bu surənin əhatə dairəsi ümumi nöqteyi-nəzərdən Məkkədə nazil olmuş digər surələrin əhatə dairəsi kimidir. Yəni tövhid, məad, vəhy, Quran, xəbərdarlıq (qorxutmaq) və müjdələrdən bəhs edir. «Yasin» surəsini dörd mühüm hissəyə bölmək olar.

1.İlk hissə İslam Peyğəmbərinin nübüvvətindən, «Qurani-Məcid»dən, bu kitabın nazil olmasının məqsədindən və ona iman gətirənlərdən bəhs edir. Bu hissə «Yasin» surəsinin əvvəlindən başlamış və 11-ci ayəyədək davam etmişdir.

2.İkinci hissə İlahi Peyğəmbər lərin üçünün nübüvvəti, onların camaatı tövhidə dəvət etməsi və müşriklərlə kəskin mübarizələrindən söhbət açır. Həqiqətdə isə bu İslam Peyğəmbərinə öz vəzifəsini yerinə yetirməkdə bir növ təsəllidir.

3.Ücüncü hissə isə 33-cü ayədən başlayıb 44-cü ayəyə qədər davam etmişdir. Bu hissə tövhidi məsələlər və Uca Tanrının bu dünyada olan gözəl və əzəmətli nişanələri ilə doludur. Surənin axırında da bunlara işarə olunur.

4.Nəhayət, sonuncu hissədə məada aid olan məsələlər məadı sübut edən müxtəlif dəlillər, öləndən sonra yenidən dirilmək, qiyamət gününün hesabı, dünyanın axırı və eləcə də Cənnət və Cəhənnəmdən söhbət gedir. Bu hissədə diqqəti cəlb edən çoxlu məsələlər var. Bu dörd hissədə qafil insanları ayıltmaq üçün və eləcə də onların diqqətli olması üçün tə’sirli ayələr vardır. Qısaca desək, bu surədə insan müxtəlif səhnələrlə, o cümlədən xilqət (yaranış), qiyamət, həyat, ölüm, qorxutmaq və müjdələrlə üzləşir. Bunların hamısı isə ümumilikdə insan ruhunu ayıldan və ona şəfa verən bir nüsxədir.

«Yasin» surəsinin fəziləti

«Yasin» surəsi «Quran»ın ən mühüm surələrindən biridir. Bunu bir çox hədislər də təsdiq edir. Bu surənin fəziləti o qədərdir ki, hədislərdə onu «Quranın qəlbi» adlandırmışlar. Peyğəmbər (s) buyuryr: «Hər şeyin qəlbi vardır, Quranın qəlbi də «Yasin» surəsidir.» Buna oxşar başqa bir hədisdə imam Sadiq(ə) buyurur: «Hər kəs «Yasin» surəsini gündüz gun batına qədər oxusa, gün ərzində amanda qalıb ruzili olar; hər kəs onu gecə yatmazdan qabaq oxusa, Allah-təala o şəxs üçün hər yerdə onu şeytanlar və bəlalardan qoruyan min mələk gözətçi qoyar» (Məcməul-Bəyan təfsiri). Peyğəmbərdən olan digər hədisdə oxuyuruq:

«Yasin surəsi Tövratda «müəmmə» (yə’ni ümumilik yaradan) adlandırılmışdır. Bir nəfər Peyğəmbərdən soruşdu: «Nə üçün bu surə belə adlandırmışdır? Peyğəmbər buyurdu ki, bu surəni oxuyan şəxs həm dünya, həm də axirət xeyrinə nail olur. Bu haqda istər şiə, istərsə də sünni mənbələrində çoxlu hədislər gəlmişdir. Biz isə yuxarıda qeyd olunan bir neçə hədislə kifayətlənirik. Qeyd etəməliyik ki, «Quran»da bu cür fəzilətə malik olan surə çox azdır.

Onu da xatırladaq ki, bu qədər fəzilət, «Yasin» surəsini üzündən oxuyub mə’nasına heç bir əhəmiyyət verməyən şəxslər üçün deyil. Əksinə, həmin fəzilətlərin hamısı məhz onun mə’nasına görədir. Elə bir mə’na ki, insanı vəcdə gətirib, onun ruhunu oyadır. İnsan həmin mə’na barədə fikirləşib öz əməllərini ona uyğun edərsə, onda dünya və axirət xeyrinə qovuşar. Məsələn, bu surənin 60-cı ayəsində Allah insanlarla əhd bağlayıb, onların şeytana ibadət etməməsini və şeytanın onlar üçün açıq-aşkar düşmən olmasını xatırlatmışdır.

«Ey Adəm övladı! Məgər Mən (dünyada) sizə: «Şeytana ibadət etməyin, o, sizin açıq-aşkar düşməninizdir!-deyə buyurmadımmı?»

Məlumdur ki, əgər insan bu əhdə vəfa edərsə, hədislərdə deyildiyi kimi, bütün şeytanlardan amanda olacaq. Yox, əgər bu ayəni üzündən oxuyub keçərsə, mə’nasına heç bir diqqət etməzsə və həqiqətdə şeytanın ən yaxın dostlarından biri olarsa, yəqin ki, «Yasin» surəsinin fəzilətlərindən məhrum olacaq. Bu söz, təkcə 60-cı ayəyə yox, bütün surəyə aiddir.