Tərcümə :

Ölü torpağı diriltməyimiz onlar üçün bir nişanədir . Sonra yedikləri toxumları ( torpaqdan ) çıxartdıq (33). Biz orada xurmalıq üzümlüklərdən bağlar düzəltdik onların içində bulaqlar axıtdıq (34) ki , onun məhsullarından öz əllərinin zəhmətindən yesinlər . Onlar şükür etmirlərmi ? (35) İstər yerdən göyərənləri , istər insanların nəfsindən , istərsə onların tanımadıqları şeyləri cüt yaradan Allah pakdır (36).

Təfsir :

Daha başqa nişanələr.

Ötən ayələrdə Peyğəmbər lərin müşrik və bütpərəstlərlə mübarizəsinə və axırıncı ayədə məad məsələsinə işarə olunmuşdur. Bu ayələr tövhid və məadı birlikdə bəyan etməklə müşrik və bütpərəstləri oyatmaq istəyir.

Bu ayələrdə isə əvvəl ölü torpaqların dirilməsini və ondan insanın əlinə gələn məhsullardan bəhs edərək buyurur:

«Ölü torpağı diriltməyimiz onlar üçün (məadın olmasına) bir ayətdir. Sonra yedikləri toxumları (torpaqdan) çıxartdıq».

Həyat və yaşayış tövhidin əsas dəlillərindən biridir. Həyat məsələsi çox qarışıq, heyrətli və həddən artıq fövqəladə bir məsələdir. Bu məsələ alimlərin əqlini öz dəqiqliyi ilə heyran qoymuşdur. Elm və texnikanın bu qədər inkişaf etməsinə baxmayaraq hələ heç kim bu məsələnin müəmmasını açıqlaya bilməmişdir. Heç kim bilmir ki, hansı səbəblər üzündən cansız məxluqat canlı bakteriyalara çevrilir? Hələ heç kim bitkilərin toxumlarının və onun müxtəlif təbəqələrinin necə cücərməsini dəqiq bilmir. Hansı qanun və qaydalar əsasında bu bitkilər lazımi şərait cəm olduqda cücərib böyüməyə başlayır və ölü torpağın zərrələrini özünə cəlb edir. Beləliklə də ölü məxluqatı canlı bakteriyalara çevirir və hər gün onlara təzə bir həyat bağışlayır.

Bitki və heyvanların həyat məsələsi və ölü torpaqların yenidən cana gəlməsindən məlum olur ki, bu dünyanın yaranmasında böyük rol oynamış, və bu məsələnin özü qiyamətin olmasına aydın bir sübutdur.

Məlumdur ki, «onlar üçün» ibarəsindəki «onlar» şəxs əvəzliyi ötən ayədə olan «bəndələr» sözünə aiddir. «Bəndələr»dən məqsəd isə məad haqqında səhv fikirlərə düşmüş bütün bəndələrdir. «Quran»da bu məsələ pislənmiş və onunla ciddi mübarizə aparmağın vacibliyi göstərilmişdir.

«Ayət» (nişanə) sözünün qeyri-müəyyən gətirilməsindən məqsəd də bu tövhidi nişanənin əzəmət və böyüklüyünü bildirməkdir.

«Yedikləri toxumları» ibarəsi bir tərəfdən bunu ifadə edir ki, insan bitkilərin bəzisini yeyir, bəzisini isə yeyə bilmir. Çünki onların insana zərəri var. Ancaq həmin zərərli bitkilərin çoxlu faydaları da var. O cümlədən bu bitkiləri heyvanlar yeyir, onlardan boyakarlıqda, dava-dərman istehsalında və bir çox başqa şeylərdə istifadə olunur. Digər tərəfdən isə bunu bəyan edir ki, insan qidasının çoxu (bəlkə də ən yaxşısı) bitkilərdən hazırlanır. Hətta demək olar ki, bütün qida və yeyinti məhsulları bitkilərdən hazırlanır.

Sonrakı ayə özündən əvvəlki ayəni izah edərək ölü torpağın necə dirilməsini açıqlayır. Ayədə deyilir :

«Biz orada xurmalıq və üzümlüklərdən bağlar saldıq və onların içində bulaqlar axıtdıq».

Əvvəlki ayədə insanın yediyi toxumlardan söz açılmışdır. Ancaq indiki ayədə qüvvə verən və əsas meyvələrdən danışılır. Xurma və üzüm hərəsi ayrı-ayrılıqda kamil bir qida məhsulu hesab olunur.

Alimlərin araşdırması nəticəsində məlum olmuşdur ki, bu iki meyvənin tərkibində insan həyatı üçün lazımlı vitamin və digər maddələr vardır. Bundan əlavə bu iki meyvəni bütün il boyu təzə və ya qurudulmuş şəkildə saxlamaq və istənilən zamanda istifadə etmək mümkündür.

«Ənab» (üzümlər) «inəb» (üzüm) sözünün və «nəxil» (xurmalar) «nəxl» (xurma) sözünün cəmidir. Ancaq bir fərqləri var ki, «inəb» üzümün özünə «nəxl» isə xurmanın özünə yox ağacına deyilir. Onun meyvəsinə «rübət» və «təmr» yəni təzə və quru xurmalar deyilir. Bəziləri demişlər ki, bir yerdə ağacın özünü başqa bir yerdə isə meyvəni deməkdə məqsəd budur ki, xurma ağacının meüvəsindən əlavə onun gövdə, budaq və yarpaqlarından da istifadə edilir. Bunların ən başlıcası isə onun meyvəsidir. Ancaq üzüm ağacın təkcə meyvəsindən (yarpaqlarından) istifadə olunur. Budaq və gövdəsi bir o qədər də istifadə olunmur.

Bu iki meyvənin cəm şəkildə onla ola bilsin ki, bunların müxtəlif növlərinə işarədir. Burada diqqəti özünə cəlb edən bir məsələ var. Bu məsələ ölü yerin necə dirilməsidir. «Quran»da bu məsələ dəfələrlə yağışın yağması ilə bəyan olunmuşdur. Ancaq ayədə axar bulaqlardanda söhbət açılmışdır. Səbəbi də budur ki, əkinlərin çoxuna təkcə yağış kifayət etmir. Xüsusi ilə meyvə ağaclarına yağışdan başqa axar su da lazımdır.

«Fəccərna» (bulaqlar axıtdıq) felinin məsdəri «təfcir» sözüdür. Təfcir sözünün mənası geniş «deşik əmələ gəlməsi» deməkdir. Bulaqların yeri aralayıb bayıra çıxmasına görə bu sözü bulaqlar barəsində işlənmişdir.

Sonrakı ayə bu səmərəli və barlı ağacların yaranmasının səbəbini bəyan edir:

Bu meyvələr kamil bir qida məhsulu kimi ağac budaqlarında zahir olur, onların əmələ gəlməsində insanın heç bir rolu olmadığı halda bu meyvələr ağacdan dərilən kimi istifadə olunur. Bu da Allahın insanlara göndərdiyi lütf və mərhəmətinin son həddidir.

Hətta bu hazır məhsullar elə hazırlanıb ki, xarab olmadan uzun müddət saxlanılır. Ancaq insanın Allah verdiyi nemətlərdən özü bir yemək hazırladıqda o tez bir müddətdə xarab olur.

Bu ayə üçün bir başqa təfsir də vermişlər. Yaxşı olar ki, o təfsiri də nəzərdən keçirək. O təfsirdə deyilir; «Quran» bu ayədə həm insanın rolu olmadan yetişən, sonra istifadə edilən, həm də insanın əli ilə müxtəlif şəkillərdə hazırlanan yeməklərə işarə edir. (Birinci təfsirə əsasən «və ma əmiləthu əydihim» cümləsində «ma» şəkilçisi mənfi şəkilçi, ikinci təfsirə əsasən «ma» mosulə olur (işarə əvəzliyi).

Hər iki təfsirdən məqsəd budur ki, insanda haqtanıma və şükür etmə hissi oyansın və bu yolla Allahın mərifət yolunda qədəm götürsün.

Nemət müqabilində şükür etmək isə Allahın mərifəti yolunda atılan ilk addımdır.

Bu hissənin sonuncu ayəsində Allahın paklığından söhbət açılmışdır. Bu ayə, müşriklərin seçdiyi yolun üstündən qırmızı xətt çəkərək bütün insanlara tövhidin yolunu göstərir. Ayədə deyilir:

«İstər yerdən göyərənləri, istər insanların nəfsindən, istərsə də onların tanımadıqları şeyləri cüt yaradan Allah pakdır».

Dünyada bu qədər cütləri yaradan Allahın elm və qüdrəti sonsuzdur. Onun vücüdunda heç bir eyb və nöqsan yoxdur. Məhz bu səbəbdən onun şərik və misli yoxdur. Müşriklərin Ona şərik göstərdiyi daş, taxta və ya başqa məxluqatlar Onun əzəmətindən heç bir şey əskik etmir.

Məlumdur ki, Allahın özünü pak hesab etməsinə heç bir ehtiyac yoxdur. Allah bu yolla insanlara Özünün pak olmasını və təkamülə yetişməyi öyrədir .

«Əzvac (cütlər) sözündə əsas nə olması barəsində təfsirçilər bir neçə ehtimal irəli sürmüşlər.

Ən dəqiqi budur ki, «əzvac» (cütlər) «zövc» (cüt) sözünün cəm şəklidir. «Zövc» (cüt) sözü həm insanlarda, həm də heyvanlarda kişi və qadın cinsini ifadə etmək üçün istifadə olunur. Sonra bu məna genişlənmiş və bir-birinə müvafiq hətta bir-birilə müxalif və zidd olan iki şey barəsində işlədilmişdir. Beləliklə də dünyada hər şeyin cütü var.

Ancaq sox güman ki, bu ayədə zövciyyətdən məqsəd öz xüsusi mənası, yəni kişi və qadın cinsindən olan iki şeydir və «Qurani-Məcid» bu ayədə insanlar, heyvanlar, bitkilər və insanların tanımadığı digər məxluqatın arasında zövciyyətin olmasını isbat edir.

Ola bilər insanın tanımadığı digər məxluqat elə bitkilərin özü olsun. Çünki, hələ o vaxtlar bitkilər arasında zövciyyətin olması kəşf olmamışdı. Ola da bilər ki, bu məxluqat dənizin dibində olan heyvanlar olsun. İndi dənizin dibindəki məxluqatın bir hissəsi bizim üçün kəşf olsa da, o vaxtlar bu məxluqat kəşf olunmamışdı. Bu barədə bir neçə ehtimallar da vardır. Bəziləri demişdir: Ola bilər bu məxluqatda məqsəd başqa planetlərdə yaşayan və insanlar üçün məlum olmayan cütlərdir. Bir başqa ehtimal budur ki, bu məxluqat mikroskopla gözə görünən şeylərdir. Düzdür, bu günkü alimlər mikroskopla gözə görünən şeylərin arasında kişi və qadın cinsinin olmasını müəyyənləşdirməyiblər. Bu məxluqat aləmi o qədər gizlindir ki, alimlər hələ bura qədəm basmamışlar. «Quran»ın nazil olduğu zaman bitkilərdə alimlər təkcə xurma və bir neçə başqa ağacların arasında zövciyyətin olmasını müəyyənləşdirmişlər. Ancaq «Quran» bu məsələnin üstündən pərdəni götürmüş və son zamanlar alimlərə məlum olub ki, zövciyyət məsələsi bitkilər aləmində ümumidir. Daha bir başqa ehtimal da budur ki, bu məxluqatda məqsəd atomların tərkibində olan müsbət və mənfi zərrəciklərdir. Bunu da bilirik ki, bu dünyanın bütün əşyaları atomlardan təşkil olunmuşdur. Atom da bu düyanın quruluşunda rol oynayan əsas şeydir.

Atom parçalanmamışdan qabaq onun tərkibində bu zövciyyətdən heç bir xəbər yox idi. Ancaq atom parçalandıqdan sonra onun içində dövr edən müsbət və mənfi olan cüt zərrəciklər kəşf olunmuşdur.

Bəzi təfsirçilər də demişdir ki, bu məxluqat «maddə» «surət» və ya «cövhər» bu, «ərəz» -dən təşkil olunmuş əşyalardır. Başqa bir nəzəriyyə də budur ki, məxluqat insan, heyvan, insan və sairənin müxtəlif sinif və növlərinə işarədir (bu məcazi mənada olur).

Ancaq yuxarıda qeyd olunan təfsirlərdə cüt məxluqatı həqiqi mənasında, yəni kişi və qadın cinsindən olan iki şey mənasında işlətdikdə daha bu cür məcazi mənalara ehtiyac olmur. Gördüyümüz kimi həqiqi mənalarda cüt sözü üçün gözəl təfsirlər vardır.

Bir sözlə desək bu ayə insan elminin məhdud olmasını bildirən ayələrdən biridir. Bu ayə göstərir ki, bu dünyada insan üçün üstü açılmamış bir çox həqiqətlər var.