Tərcümə :

Onlar : « Əgər doğru danışırsınızsa ( bir xəbər verin , görək ) bu vəd ( qiyamət günü ) vaxt olacaq ?»- deyərlər (48).

Onlar ( küçədə , bazarda ) bir - biri ilə çənə boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli , tükürpədici səsə ( İsafilin surunun birinci dəfə çalınmasına ) bənddirlər (49).

Artıq bir vəsiyyət etməyənə qüdrətləri çatar , ailələrinin yanına qayıda bilərlər ! (50). Sur ( ikinci dəfə ) çalınan kimi ( qiyamət günü ) qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar (51).

Onlar deyəcəklər : « Vay bizim halımıza ! Bizi yatdığımız yerdən ( qəbirdən kim qaldırdı ? Bu Rəhman Allahın məxluqata buyurduğu vəddir ( qiyamət günüdür ). Peyğəmbərlər doğru deyirlərmiş !» (52).

Yalnız bir dəhşətli səs qopan ( İsrafil axırıncı dəfə sururu çalan ) kimi onlar hamısı ( haqq - hesab üçün ) qarşımızda hazır duracaqlar (53).

Təfsir :

Qiyamətin dəhşətli bağırtısı və səsləri (İsrafilin surları).

Ötən ayələrdə müşriklərin infaq etməmək üçün gətirdikləri bəhanələrdən sonra indi bəhs edəcəyimiz ayələr onların qiyamətin olacağına istehza etmələrini və bu barədə gətirdikləri əsassız sübutları qəti və məntiqi cavablarla bəyan edir. Bundan əlavə ötən ayələr tövhid barədəki bəhsləri indi bəhs olunacaq məad məsələləri ilə təkmil edir.

Əvvəl belə deyilir:

«Onlar:- əgər doğru deyirsinizsə (bir xəbər verin görək) bu vəd (qiyamət günü) nə vaxt olacaq ?- deyərlər.

Onlar deyirlər sizin qiyamət üçün müəyyən bir vaxit deyə bilməməyiniz sizin yalan deməyinizə sübutdur.

Sonrakı ayədə bu suala qəti cavab verilərək deyilir:

Bu dünyanın axırı və qiyamət Allah üçün heç də çətin bir şey deyildir. «Onlar (küçədə, bazarda) bir-bir ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli, tükürpədici səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər».

Yalnız bir səs kifayət edir ki, bir anda hamını dayandıqları yerdə həlak etsin və onların səs-küylü və maddi dünyasını boş və səssiz dünyaya çevirsin.

İslami rəvayətlərdə Məhəmməd (ə) peyğəmbərdən söylənilmişdir: «Bu səs o qədər dəhşətli olacaq ki, bütün insanları qafil edəcək. Bazarda bir-biri ilə parça açıb satmaq üçün kəsməyə məşğul olan iki nəfər imkan tapıb parçanı bükə bilməyəcəklər. Dərhal dünya və yaşayış sona yetişəcək. Bəzi insanlar yemək tikəsini qabdan götürüb ağzına qoymamış bu səsi eşidəcək və yeməyi ağzına qoymağa macal tapmayacaq, dünya sona yetəcək. Bəziləri heyvanların su içməsi üçün hovuz düzəldəcək, heyvanlar hələ ondan su içməmiş bu səs eşidiləcək və dərhal qiyamət bərpa olunacaq».

«Ma yənzurunə» cümləsi nəyə isə bənd olmaq, yaxud gözlənilmədən olan mənasındadır. Bu sözün leksik mənası isə Rağibi İsfahaninin «Müfrədat» kitabında dediyinə görə fikirin işə salınması və hərəkəti və ya hissiyyatın bir şeyi müşahidə etməsidir.

«Səyhə» leksik mənada paltarın cırılması, ya da bir çubuğun sınması nəticəsində eşidilən səsə deyilir. Sonradan bütün uca dəhşətli səslərə və bəzi hallarda uca qamət «səyhə» sözü ilə ifadə olunmağa başlandı. Məsələn deyilir: «Biərzi fulanin şəcərun qəd sahə» «Filan yerdə səs salmış bir ağac var». Yəni, o ağacın qaməti o qədər ucadır ki, səs salıb camaata gəl-gəl deyir.

«Yəxissimun» sözünün kökü «xüsumət» sözüdür. Bu sözün mənası isə mübahisə və çənə-boğaz olmaq deməkdir.

Ayədə onların nə barədə mübahisə etməkləri göstərilməmişdir. Ancaq belə məlum olur ki, dünyəvi, maddi şeylər üstdə çənə-boğaz edirmişlər. Təfsirçilərdən bəziləri deyirlər ki, onlar məad haqqında bir-biri ilə söhbət və mübahisə edirmişlər.

Birinci təfsir daha münasibdir. Ola bilər ki, bunların hər ikisinə aid məsələlər haqqında mübahisə edirmişlər.

Ayədə cəm şəklində işlənmiş bütün şəxs əvəzlikləri qiyamətin olmasına istehza edən və «qiyamət nə olacaq?» deyən Məkkə müşriklərinə aiddir. Əlbəttə təkcə Məkkə müşriklərinə yox, ümumiyyətlə bütün müşriklərə aiddir. Peyğəmbər Məkkədə olduğuna görə onun ətrafındakı müşriklər nəzərdə tutulur. Yoxsa bu barədə Məkkə müşrikləri ilə qeyri Məkkə müşrikləri arasında heç bir fərq yoxdur. Yeri gəlmişkən peyğəmbərin dövründəki Məkkə müşrikləri bu hadisəni görməmiş olub gediblər. Deməli, məlum olur ki, cəm şəxs əvəzlikləri bütün müşriklərə aiddir (Diqqət olunsun).

«Quran» belə ibarət gətirməklə iki şeyi onlara xəbərdarlıq edir. Birinci budur ki, qiyamət qəflətən baş verəcək, ikincisi isə qiyamətin elə bir çətin iş olmamasıdır. Bu barədə onların bəhs etmələrinə dəyməz. Yalnız bir səslə hər şey sona yetəcək, dünyanın axırı olacaq.

Sonrakı ayədə bu məsələnin çox tez bir zamanda baş verəcəyi barədə deyilir:

«Artıq nə bir vəsiyyət etməyə qüdrətləri çatar, nə də ailələrinin yanına qayıda bilərlər».

İnsan başına bir hadisə gəldikdə və ömrünün sona yetdiyini hiss etdikdə tez evinə gedib əyal, övladlarının yanında olmaq istəyir. Öz iş və planlarını vəsiyyət edir, övladlarına öyüd-nəsihət verir.

Ancaq bu səs eşidilən zaman (İsrafil birinci suru çaldıqda )bunların heç biri mümkün olmayacaq. Ölən zaman heç kim insanın başı üstə olmayacaq.

«Vəsiyyət» sözünün qeyri-müəyyən şəkildə gətirilməsindən məqsəd budur ki, hətta kiçik bir vəsiyyət etmək də mümkün olmayacaq.

İndiki ayədə isə ölümdən sonrakı həyatdan söbət edilir. Ayədə deyilir:

«Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar».

Çürümüş sümüklər və torpaqlar Allahın əmri ilə həyat libası geyib qəbirlərdən baş qaldıraraq hesab-kitab vermək üçün məhkəməyə gələcəklər. Necə ki, bir dəfə suru çalmaqla bütün camaat ölür, ikinci dəfə suru çalmaqla təzədən diriləcəklər. Onları nə öldürmək, nə də diriltmək Allah üçün çətin deyil. Necə ki, hərbi hissədə əskərləri sıraya yığmaq üçün siqnal çalınır və dərhal əskərlər sıraya düzülürlər, ölüləri diriltmək də Allah üçün bu cür sadədir. Surun çalınması ilə bütün ölülər dərhal qəbirlərdən qalxacaqlar.

«Əcdas» kəlməsi «cədəs» sözünün cəmidir və «qəbir» mənasını verir. Buradan belə məlum olur ki, məad ruhdan əlavə insanın cisminə də aiddir. İnsanın çürümüş bədəni yenidən cana gələcək.

«Nufixə» (sur çalınan zaman) felinin keçmiş zamanda işlənməsinin səbəbi budur ki, ərəb dilinin qrammatikasında baş verəcəyinə şübhə doğurmayan şeyləri keçmiş zaman şəkili ilə ifadə olunur. Baxmayaraq ki, İsrafilin suru (şeypuru) hələ çalınmayıb, ancaq bu iş mütləq baş verəcəyinə görə keçmiş zaman feli ilə söylənmişdir.

«Yənsilun» sözünün kökü «nəsələ» və leksik mənası «tez-tez yol getmək»dir. Rağibi İsfahani «Müfrədat» kitabında yazır ki, bu sözün əsl mənası bir şeyin başqa bir şeydən ayrılmasıdır. İnsanın övladlarına «nəsil»deyilməsinin səbəbi də buna görədir. Çünki uşaq anadan olduqda sanki, ata-anasından «ayrılır».

«Rabbihim» (Rəbbləri) sözü də buna işarədir ki, Allahın insanlar üçün Rəbb, tərbiyəçi və Malik olması Ona məad, hesab-kitabın bərqərar etməsini lazım bilir.

«Quran» ayələrindən məlum olur ki, bu dünyanın axırı, eləcə də yeni bir həyatın başlanğıcı qəflətən və təkcə bir şeypurun (İsrafilin surunun) çalınması ilə olacaq. Bu barədə «Zümər» surəsinin 68-ci ayəsində deyilir.

«Sur (birinci dəfə) çalındıqda Allahın istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, ərşi daşıyan mələklərdən və müsəlman şəhidlərindən) başqa, dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar».

Daha sonra əlavə edilir:

Belə bir zamanda məadı inkar edənlər deycəklər: «Vay bizim halımıza! Bizi yatdığımız yerdən (qəbirdən) kim qaldırdı? Bu Rəhman Allahın məxluqata buyurduğu vəddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirmiş».

O səhnə elə dəhşətli səhnə olacaq ki, insan bütün batil məsələləri yaddan çıxarıb, həqiqi etiraf etməkdən başqa yol tapmayacaq.

Bu ayədə Allah qəbiri yatağa, qiyaməti isə yuxudan oyanmağa bənzətmişdir. Hədisi şərifdə də bu ifadəyə işarə olunmuşdur:

«Necə ki, yatırsınız, eləcə də öləcəksiniz və yuxudan oyandığınız kimi də diriləcəksiniz».

Onlar əvvəl bu səhnəni gördükdə dəhşətə gəlib deyəcəklər: «Vay olsun bizə! Bizi yatdığımız yerdən kim oyatdı?» Ancaq tez bir zamanda hər şeyi başa düşəcəklər və yadlarına salacaqlar ki, Peyğəmbər lər dünyada bu günün vədini onlara vermişdilər. Özləri özlərinə cavab verərək deyəcəklər: «Bu Rəhman Allahın bəndələrə verdiyi vəddir. Onunu rəhməti bütün insanlara aid idi və Onun tərəfindən gələn Peyğəmbər lərin hamısı düz deyirmişlər. Onlar bu günün sorağını bizə çatdırmışdılar. Əfsuslar olsun ki, biz bunların hamısına istehza edərək etinasızlıq etdik.» Bu təfsirə əsasən «haza ma vəədər – Rəhmanu və sədəqəl mürsəlun» cümləsi müşriklərin öz sözüdür. Bəziləri isə bu cümlənin möminlər və ya mələklər tərəfindən deyildiyini qeyd etmişlər. Bu isə ayənin zahiri ilə düz gəlmir. Çünki müşriklər özləri də qiyamət günü hər şeyi etiraf edəcəklər. Bu mətləb «Quran»ın bir çox ayələrində də göstərilmişdir. Məsələn: «Ənbiya» surəsinin 97-ci ayəsində deyilir:

«Doğru vəd (qiyamət günü )yaxınlaşdıqda kafirlərin gözləri (dəhşətdən) dərhal bərələr: «Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Bəli, biz qafil olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla özümüz-özümüzə zülm etmişik) deyərlər».

Yuxu və yataq mənasında olan «mərqəd» sözünü gətirməkdən məlum olur ki, onlar Bərzəx aləmində yuxuya bənzər bir hala qərq olacaqlar. Bəzi təfsirçilər də demişlər ki, qiyamətin vəhşəti o qədərdir ki, Bərzəx aləmindəki əzab onlara yuxu kimi gələcək.

Sonra bu surun keyfiyyəti barədə söhbət açılmışdır. Ayədə deyilir:

«Yalnız bir dəhşətli səs qopan (İsrafil axırıncı dəfə suru çalan) kimi onların hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar».

Deməli, ölüləri diriltmək, onların qəbirdən qalxması və Allahın məhkəməsində hazır olmaları üçün elə də çox bir zaman lazım deyil. Birinci sur ölüm suru (şeypuru), ikinci sur isə diriltmək və Allah məhkəməsində hazır olmaq surudur.

Ayənin tək-tək sözləri də bu işin mütləq baş tutacağını təkidləndirirlər.

Bu ayənin qəti və nüfuzlu bəyanı insanların qəlbinə elə təsir edir ki, elə bil bu səsi öz qulaqları ilə eşidirlər: - «Ey yuxuya qərq olmuş insanlar! Ey dağılmış torpaqlar! Ey çürümüş sümüklər! Ayağa qalxın. Ayağa qalxın və hesab-kitab vermək üçün hazır olun». Bu ayələr necə də gözəldirlər.