Həzrət Әli (ə) buyurmuşdur:

«Dinin əvvəli Onu (Allahı) tanımaq, Onu tanımağın kamil olması Onun təkliyinin qəbul etmək, tövid və Onun təkliyinin qəbul olunmasının kamilliyi isə tam xalisliklə Ona ibadət etməkdən ibarətdir». [«Nəhcül-bəlağə», (Həzrət Әli (ə)-ın xütbə, məktub və qısa sözləri.)]

Imam Cə᾽fər Sadiq (ə) buyurmuşdur:

«Allah-taala haqqı tanımaqla birlikdə olmayan əməli qəbul etməz və əməl üçün isə mə᾽rifətdən başqa heç bir şey deyildir. Hər kim haqqı tanısa onun o mə᾽rifəti onu əməl etməyə vadar edər. Bəs hər kim əməl etməzsə, onun mə᾽rifəti də (haqq tanımağı) yoxdur. Bilmək lazımdır ki, imanın bə᾽zi hissələri digər hissələrini tamamlayır»

Tövhid islam dininin təməli və müsəlmanların inam, düşüncə, elm və əməllərinin əsasıdır. O, şəriətdəki qanun və dəyərlərin, həmçinin təfəkkür və düşüncənin mehvəridir. Tövhid anlayışı islamın şirkdən uzaq və tövhidə əsaslanan mədəniyyətin meydana gəlməsində ən mühüm amildir. Islam mədəniyyətinin bəyəndiyi rəng və daşıdığı nişanə, ilahi rəng və tövhid nişanəsidir. Allah-taala Qur᾽anda «Bəqərə» surəsi, 138-ci ayədə buyurmuşdur:

«(Bu) Allahın verdiyi bir rəng və nişanədir və kimdir ki, rəng və nişanəsi Allahdan daha gözəl ola! Və biz Ona (o Allaha) ibadət edirik».

Islam mədəniyyətinin tövhid rəngi və nişanəsi onu xurafat, mövhumat və cahiliyyət dövrünə aid olan mədəniyyətlərdən ayırır. Və onun ilahi məs᾽uliyyət və hədəflərini tə᾽yin edir.

Həmçinin müsəlman şəxsin ictimaiyyətdəki nümunəvi davranış və fikirlərini istiqamətləndirir! Qur᾽ani-kərim və pak sünnə müsəlmanın əqidə və düşüncə qaynağıdır ki, aşkar şəkildə tövhid əqidəsini, əzəmət sahibi olan Allahın varlığını, Onun kamal sifətlərinin nədən ibarət oduğunu və Onun hər növ çirkinlik və naqislikdən uzaq olmağını bəyan etmişlər. Ilk müsəlmanlar da bunu Allahın Peyğəmbəri və Qur᾽ani-kərimin bəyan etdiyi kimi öyrənib iman gətirmişlər. Zaman keçdikcə islam dini yayılmış, ölkələr bir-birinin ardınca fəth olunmuş və cahil mədəniyyətlərin tə᾽siri altında olan millətlər də müsəlmanların sırasına daxil olmuşlar. Ayrı-ayrı dinlərə və millətlərə mənsub olmuş şəxslər islama daxil olduqca, Yunan və digər fəlsəfələrin müsəlmanlar arasında yayılması nəticəsində tövhid əqidəsinə xurafatlar daxil olmağa başladı. Tövhidi əqidə barəsində bə᾽zi yersiz mücadilə və şübhələr meydana gəlmişdir. Məsələn, insanın öz işlərində məcbur (iradəsiz) və ya ixtiyarlı (iradəli) olması, Allahın cism olub-olmaması və ya me᾽rac haqqında meydana gələn mübahisələri göstərmək olar. Bunun nəticəsində də fikir ayrılığı və müxtəlif məzhəb və firqələr yaranmışdır. Әhli-beyt (ə) bu dövrlərdə islamın həqiqətini qorumaq və onun yanlış, batil və xurafi inamlardan uzaq qalması, çox geniş bir elmi və fikri mübarizə aparmışlar. Bu mübarizələr nəticəsində o batil firqələrdən çoxu müsəlmanlar arasında yayılmış və tarixdə bilinməz olmuşdur. Әhli-beyt (ə) Allahın verdiyi elm və mə᾽rifət sayəsində Allahın kitabını və Peyğəmbərin (s) sünnəsini həqiqi mə᾽nada bildiklərindən, tövhid anlayışını müdafiə edərək, batil və zəlalətə düşmüş firqələrin fikri əsaslarını rədd etməkdə və şübhələrin təməlini qazmaqda ən mühüm məs᾽uliyyəti və rolu öz öhdələrinə almışlar. Bu barədə Әhli-beyt (ə)-ın mübahisələri, hədisləri, Qur᾽anın tövhid haqqındakı ayələrinə söylədikləri təfsirləri mö᾽təbər mənbələrdə mövcuddur. Onlar müasir dövrdə tövhid haqqındakı şübhələri yox etməkdə, islami fikirləri öz orjinallığına qaytarmaqda və yolunu azmış adamaların ayələri öz şəxsi fikirlərinə əsaslanaraq təfsir etmələrinin müqabilində dayanmaq üçün mühüm bir rola malikdirlər. Hər kim tövhid əqidəsinin nəzəriyyələrindən xəbərdar olsa və Әhli-beyt (ə) məktəbi nöqteyi-nəzərindən tövhid inamının fikir və ideoloji planındakı yerini tədqiq etsə, onda bu məktəbin özünə məxsus üstünlüyünü dərk edə bilər. O zaman anlamaq olar ki, tövhid əqidəsinin əsası kamalın bütövlüklə Allah-taalaya məxsus olmasına, onun hər bir çatışmamzlıqdan pak bilinməsinə və onun şəriki, misalı və ziddinin olmaması üstündə qurulmuşdur. Həzrət Әli (ə) bu tövhidi istiqamətin əsaslarını bu cümləsində bəyan etmişdir:

«Tövhid odur ki, Onu (Allahı) dərrakəndə sığışdırmayasan və ədalət odur ki, Ona töhmət vurmayasan». [«Nəhcül-bəlağə»].

Әhli-beyt (ə)-dan nəql olunan bir çox hədislərdə tövhid əqidəsinin möhkəm əsasları aydınlaşdırılmış və Deysani, ibni Әbil Әvca, ibni Müqffə kimi onu inkar edənlərin və ya «Ğülat», «Mufəvvəzə», və «Cəbriyyə» kimi Allaha inanan, lakin yolunu azmış firqələrin şübhələri batil edilmişdir. Aşağıda Әhli-beyt (ə) tərəfindən tövhid əsasları haqqında söylənən bir sıra hədisləri olduğu kimi təqdim edəcəyik. Elə bu qısa işarələrlə aydın olacaq ki, Әhli-beyt (ə)-ın bəyan etdiyi tövhid anlayışı, həmin Qur᾽anda olan tövhid əqidəsinin özüdür. Imam Sadiq (ə)-dan rəvayət olunubdur ki, həzrət Әmirəl-mö᾽minin Әli ibni Әbi Talib (ə) belə buyurubdur:

«Allahı Özü ilə, Peyğəmbəri (s) peyğəmbərliyi ilə və «ulul-əmri» (imamları) isə ədalət və yaxşı işlərə əmr etmələri ilə tanıyın...» [«Üsuli kafi» 1-ci cild. «Әt-tövhid» babı (Məhəmməd ibni Yə᾽qub Küleyni)].

Fəth ibni Yəzid imam Rza (ə)-dan belə rəvayət etmişdir:

«Mən imam Rza (ə)-dan mə᾽rifətin (Allahı tanımağın) ən aşağı mərtəbəsinin nədən ibarət olduğunu soruşdum. O həzrət belə cavab verdi:

«O (mə᾽rifət) Allahdan başqa bir tanrının olmaması, Onun oxşarı və bənzərinin olmaması, qədim (əzəldən) olması, sabit (dəyişməz və yox olmaz) olması və Onun misalının və bərabərinin olmamasını iqrar etməkdən ibarətdir». [Zikr edilən qaynaq].

Nafe ibni Әzrəq imam Məhəmməd Baqir (ə)-dan soruşdu:

«Allah-taala nə vaxtdan var?» Imam cavabında buyurdu:

«Allah nə zaman yox olub ki, mən sənə Onun nə vaxtdan var olduğunu xəbər verəm? Әzəldən var və əbədi olacaq, hər bəndənin möhtac olduğu və özünə bir yoldaş və övlad götürməyən Allah bütün çatışmamazlıqlardan pakdır».

Imam Cə᾽fər Sadiq (ə) rəvayət etmişdir ki, bir yəhudi alim imam Әli (ə)-ın yanına gəlib soruşdu:

«Ey Әmirəl-mö᾽minin! Sənin rəbbin nə zamandan var?» Imam (ə) buyurdu:

«Vay olsun sənə! Bir zaman yox olan bir şeyə nə vaxtdan var, deyə soruşarlar? Mənim Allahım ilkinlərin ilkini və ondan qabaq bir vücud olmayan bir varlıqdır. O, nəhayətsiz və sonların sonudur. [Zikr edilən qaynaq].

O, nəhayətsiz və həm də nəhayəti də nəhayətsizdir. Bütün nəhayətlər Onda qurtarır və O nəhayətlərin müntəhasıdır».

O yenə soruşdu:

«Ey Әmirəl-mö᾽minin! Sən də peyğəmbərsənmi?» Imam cavab verdi:

«Mən Məhəmməd peyğəmbərin xidmətçilərindən biriyəm». [Zikr edilən qaynaq].

Imam Baqir (ə)-dan belə nəql olunmuşdur:

«Allahın zatı haqqında fikirləşməyin. Lakin, Onun böyüklüyünə baxmaq istəsəniz, Onun yaratdıqlarının əzəmətinə baxın». [Zikr edilən qaynaq].

Imam Cə᾽fər Sadiq (ə) səhabəsi, Məhəmməd ibni Müslümə belə vəsiyyət edibdir:

«Ey Məhəmməd! Həqiqətən, insanlar o qədər danışarlar ki, nəhayət Allahın zatı haqqında da söhbət edərlər. Bu sözləri eşidən zaman deyin: Oxşarı və bənzəri olmayan Allahdan başqa bir Allah yoxdur». [Zikr edilən qaynaq].

Imam Məhəmməd Baqir (ə) buyurmuşdur:

«Hər bir şeyin haqqında danışın, ancaq Allahın zatı haqqında danışmayın». [Zikr edilən qaynaq]

Həzrət imam Әlidən (ə) Allahın, məxluqatın yaranışdan qabaq harada olduğunu soruşdular. O Həzrət (ə) cavabda buyurdu:

«Allah-taalanın zaman və məkana ehtiyacı yoxdur. Həqiqətən, O Allah bütün çatışmamazlıqdan pak-pakizədir». [Zikr edilən qaynaq].

Bir şəxs həzrət Әlidən (ə) soruşmuşdur:

«Rəbbimiz yeri və göyü yaratmazdan əvvəl harada idi?» Imam (ə) cavab vermişdir:

«Allah-taala «Məkan» yaranmazdan qabaq var olduğu halda, Onun məkanı haqqında necə sual edirsiniz?»

Yenə də bir nəfər Həzrət Әlidən (ə) soruşdu:

«Ey Әmirəl-mö᾽minin! Sən Allaha ibadət edən zaman Onu görürsənmi?» Imam (ə) cavab verdi:

«Vay olsun sənə! Mən görmədiyim Allaha ibadət etmərəm».

O yenə soruşdu:

«Sən Onu necə görürsən?» Imam (ə) cavab verdi:

«Onu (zahiri) gözlər vasitəsi ilə müşahidə etmək olmaz, lakin qəlblər öz həqiqi inamları ilə Onu görə bilərlər». [Zikr edilən qaynaq].

Məhəmməd ibni Həkim də rəvayət etmişdir:

«Imam Musa Kazim (ə) atama belə yazmışdı:

«Allah-taala, Onun haqqında söylənən sifətlərin hamısından daha uca, daha üstün və daha böyükdür. Demək, Onu özü vəsf etdiyi kimi vəsf edin və bununla da kifayətlənin.»

Müfəzəl nəql edibdir:

«Imam Musa Kazim (ə)-dan Allahın sifətlərindən bə᾽ziləri haqqında soruşdum. Imam (ə) buyurdu:

«Bu barədə Qur᾽anda olanlarla kifayətlənin». [Zikr edilən qaynaq].

Әbdürrəhman ibni Әtik deyir:

«Әbdül Məlik ibni Ә᾽yənin vasitəsi ilə imam Cə᾽fər Sadiq (ə)-a yazdım:

«Iraqda bir dəstə adamlar var ki, Allahı şəkil və cizgilərlə vəsf edirlər. Sizə qurban olum, əgər məsləhət bilsəniz tövhid haqqında olan doğru anlayışı mənə yazasınız». Imam (ə) cavabında mənə belə yazmışdı:

«Allah sənə mərhəmət eləsin ki, özündən qabaqkıların tövhid barəsində olan fikirlərini məndən soruşursan. (Bil ki,) Allah-taala hər bir şeydən ucadır və Onun misli və bənzəri yoxdur. O, eşidən və görəndir. Vəsf edənlərin vəsfindən uca və pakdır. Bil ki, o şəxslər ki, Allahı məxluqata bənzədirlər, Allaha iftira deyirlər. Allah sənə mərhəmət eyləsin, tövhid haqqında doğru anlayış Qur᾽anda zikr olduğu Allahın sifətləridir. Bəs Allah-taalanın fani olmağını, Onu bir şeyə bənzətməyi unut. Çünki, Onun haqqında bir şeyi inkar etmək və Onu bir şeyə bənzətmək düzgün deyildir

O Allah sabitdir və vəsf olunan sifətlərin hamısından yüksəkdir. Bu barədə Qur᾽anda olanlarla kifayətlənin ki, həqiqət aşkar olan bir halda yoldan azmayasınız».

Bu barədə Həmzə ibni Məhəmməd deyir:

«Mən imam Musa Kazim (ə)-a məktub yazaraq (Allahın) cism və surəti haqqında soruşdum. Imam (ə) cavabında belə yazdı:

«O (Allah), hər bir çatışmamazlıqdan uzaq, bənzəri və surəti olmayan bir varlıqdır». [Zikr edilən qaynaq].

Beləliklə Qur᾽anın ruhunu təfsir edən Әhli-beyt (ə) məktəbində tövhid əqidəsinin, Allahı mütləq şəkildə çatışmamazlıqlardan pak bilmək prinsipinə əsaslandığını görürük. Bu yolla Әhli-beyt (ə) batil əqidələri, islami anlayışlara qarşı yaranmış şübhələri və xurafatları aradan aparmışlar....

Bu dediklərimiz «Ğülat», «Müfəvvəzə», «Mücəssəmə», «Hülul» kimi xurafatların rədd olunmasında öz əksini tapmışdır.

Әhli-beyt (ə)-ın bu izahları sayəsində Әhli-beyt (ə) məktəbinin həqiqi ardıcılları ilə bu yoldan azmış və ya özlərini qeyri-rəsmi olaraq, bu yolun davamçıları hesab edənlər (Ğülat, Müfəvvəzə, Hülul, Ittihad kimi firqələr) fərqlənirlər.

Әlbəttə qeyd edək ki, tarix boyu iftira, yalan və hiyləgərliklə aldadıb, müsəlmanların birliyini pozmaq istəyənlər, əslində isə islam düşmənlərinə qulluq edənlər olduqca çox olmuşdur.