Namaz qılan şəxsə, təkbirətul-ehramı deyib namaza başladığı zamandan onun axırına qədər bəzi işlər haramdır ki, əgər namazda onların birini yerinə yetirsə, namazı batildir. Namazı batil edən şeylər aşağıdakılardır:

* Yemək və içmək;

* Danışmaq;

* Gülmək;

* Ağlamaq;

* Üzü qiblədən çevirmək;

* Namazın rüknunu azaldıb-artırmaq;

* Namazın surət və formasını pozmaq;

Namazı batil edƏn şeylƏrin hÖkmlƏri

· Danışmaq :

1-Əgər namaz qılan şəxs qəsdən bir söz deyərək onunla müəyyən bir mənanı çatdırmaq istəsə namazı batildir.

2-Əgər qəsdən iki, yaxud daha artıq hərfi olan bir kəlməni desə, hətta onunla bir mənanı çatdırmaq məqsədi olmasa belə, ehtiyat vacibə görə namazını yenidən qılmalıdır.

3-Namaz halında bir kəsə salam vermək olmaz, lakin əgər bir şəxs namaz qılana salam versə, onun cavabını vermək vacibdir və bu zaman “salam” kəlməsi qabaqda deyilməlidir. Məsələn “əssəlamu əleykə”, yaxud “əssəlamu əleykum” deməlidir, amma “əleykuməs-salam” deyə bilməz.

· Gülmək və ağlamaq:

1-Əgər namaz qılan şəxs qəsdən uca səslə gülsə namazı batildir.

2-Təbəssüm və gülümsəmək namazı batil etmir.

3-Əgər namaz qılan şəxs dünya işləri üçün səslə qəsdən ağlasa namazı batildir.

4-Səssiz ağlamaq, Allahın qorxusundan və yaxud axirət üçün ağlamaq, hətta səslə olsa belə namazı batil etmir.

· Üzü qiblədən çevirmək:

1-Əgər namaz halında qəsdən “üzü qibləyədir” deyilməyəcək şəkildə üzünü çevirsə, namazı batildir.

2-Əgər səhvən üzünün hər tərəfini sağa, yaxud sola çevirsə, ehtiyat vacib budur ki, namazı yenidən qılsın. Lakin əgər qiblənin sağ və sol tərəfinə çatmasa səhihdir.

· Namazın formasını pozmaq:

1-Əgər namaz əsnasında namazın formasını pozan bir iş görsə, məsələn əl çalsa, havaya tullansa və sair kimi işlər görsə, hətta unutmaq üzündən olsa belə namazı batildir.

2-Əgər namaz əsnasında “namaz qılmır” deyiləcək qədər sakit qalsa, namazı batildir.

3-Vacib namazı boşlamaq (pozmaq) haramdır. Amma aşağıdakı məcburiyyət və çarəsizlik halları istisna olunur:

* Canın hifz olunması üçün;

* Malın hifz olunması üçün;

* Maddi və fiziki zərərin qarşısını almaq;

4-Aşağıdakı şərtlərlə camaatın borcunu vermək üçün namazı pozmağın eybi yoxdur.

* Borclu öz borcunu istəyir;

* Namazın vaxtı çox az deyil, yəni borcunu qaytardıqdan sonra namazı vaxtında qıla bilər;

* Namaz əsnasında borcunu qaytara bilmirsə;

5-Çox əhəmiyyəti olmayan mal üçün namazı pozmaq məkruhdur.

Namazda məkruh olan şeylər

1-Gözləri yummaq;

2-Barmaqlar və əllərlə oynamaq;

3-Həmd, yaxud surə oxuyarkən, yaxud zikr deyərkən bir kəsin sözünü eşitmək üçün sükut etmək;

4-Xüzu və xüşunu aradan aparan hər bir iş görmək;

5-Başı azacıq miqdarda sağa və ya sola döndərmək (çox miqdarda döndərmək namazı batil edir);