Saleh peyğəmbər Səmud qövmündə yaşayırdı, amma onlardan deyildi. Səmud qövmü Səmud ibni Amir ibni İrəm ibni Sam ibni Nuhun övladlarındandır. Bə'ziləri isə nəslinin Səmud ibni Ad ibni Ovs ibni İrəm ibni Sam ibni Nuha kimi yazırlar. Salehin nəslini də bə'ziləri Saleh ibni Übeyd ibni Əsəf ibni Maşix (ya Məsih) ibni Übeyd ibni Hazir ibni Səmuda kimi yazırlar. Bə'zisi isə Saleh ibni Übeyd ibni Cabir ibni Səmud kimi yazırlar.

Səmud qövmü Hicazla Şam arasında yerləşən Həcər adlı bir dövlətdə yaşayırdılar. Hələ də o yerdə evlərdən qalan əsər-əlamətlər mövcuddur. Keçmişdə insanlar Şamla Məkkə arasına dəvə ilə gedəndə yolları o yerdən keçirdi və deyilən xarabalıqları görürdülər.

Səmud qövmünün orada qalıb məskunlaşması barədə fikir ayrılığı mövcuddur. Bə'ziləri yazırlar ki, onlar yəhudilərdən olan bir tayfa idilər və Fələstin deyilən yerə gedib orada məskunlaşmışdılar. Başqaları deyirlər ki, onlar Fərat çayının qərbindən köçüb gələn Əmaqilə adlı tayfadandırlar. Bə'zisi isə Misirin Əmaqilə tayfasından olduqlarını, Misir sultanı Əhməs tərəfindən qovulduqlarını yazırlar. Tarixçilərdən bə'zisi isə yazır ki, onlar Ad qövmünün qalıqları idi və dövlətləri də o qövmün istismar etdiyi dövlətlərdən idi. Bu axırıncı fikir Qur'an ayələrinə daha uyğundur. Çünki, Saleh peyğəmbərin dilindən hekayət edir ki, Allahın ne'mətlərini Səmud qövmünə sadalayaraq buyurur: -"(Allahın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz dağlarını ovub (yonub) evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın."

S Ə MUD Q Ö VM Ü N Ü N M Ə D Ə N İ YY Ə T İ

Allah taalanın "Ə'raf" və "Şüəra" surələrində buyurduğundan belə başa düşülür ki, Səmud qövmü çox mədəni bir xalq idi. Onlar yaşayış üçün qəsrlər tikir və çox böyük hünərlə dağları yararaq onlarda evlər ovurdular. Habelə "Ə'raf" surəsində gəlmişdir: -"(Allah) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzərində yerləşdiyi vaxtı xatırlayın. Allahın ne'mətlərini yada salın..." ( "Ə'raf" surəsi, ayə 74)

"Şüəra" surəsində isə belə buyurur: -"Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmliklə) ömür sürəcəksiniz. Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?" ("ŞЇəra" surəsi, ayə 146-149).

Ayələrdən mə'lum olduğu kimi onların əsas məşğuliyyəti əkinçilik, çeşmələr çəkmək, xurma ağacları yetişdirmək idi. Hər halda xoş və rahat həyat sürürdülər.

UZUN Ö M Ü R V Ə RAHATLIQ

Təbərsi "Şüəra" surəsinin bu ayəsinin təfsirində İbni Abbasdan nəql edir ki, Səmud qövmü yayda və hava mülayim olanda düzənliklərdə özlərinə evlər tikirdilər. Amma qış gəldikdə isə dağları yarıb evlər yonurdular ki, daha möhkəm və daha isti olsun.

Rəvayət edir ki, onlar uzun ömürlü bir xalq idilər. Buna görə də məcbur idilər daha möhkəm olmaq üçün dağların daşlarından evlər yonsunlar. Adətən öz evlərini dağlarda yaratdıqları dəlikdə düzəldirdilər. Çünki adi evlərin tavanı onların ömürləri qədər dözmürdü.

"Hud" surəsinin 61-ci ayəsinin təfsirində Zəhhakdan rəvayət olunur ki, Səmudluların ömrü 300-1000 arasında idi, yə'ni 300 ildən az yaşamırdılar.

SALEH İ N D Ə ' V Ə T İ N İ N BA Ş LANMASI

Səmud qövmü naz-ne'mət içində həyat sürürdülər. Yamyaşıl bağlardan, sərin bulaqlardan, münbit torpaqlardan və heyvanlardan bəhrələnirdilər. Elə ki, yavaş-yavaş fitnə-fəsad, bütpərəstlik artdı. Allah taala hidayət üçün onların ən ehtiramlı və ən əsil-nəcabətlisini - Salehi göndərdi. Onun nəsli elm və müdrikliklə şöhrət tapmışdır. O, qövmünə xitab edərək buyurdu:

-"Ey camaat! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən (torpaqdan) yaradıb, orada sakin etdi (və ya uzun ömür verdi). (Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!" ("Hud" surəsi, ayə 65)

"Sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi düzlərindən qəsrlər tikdiyiniz, dağları ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın. Allahın ne'mətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!" ("Ə'raf" surəsi, ayə 74)

"Şübhəsiz ki, mən sizin üçün e'tibar olunan (bel bağlanılan) bir peyğəmbərəm. (Və'dimi pozmaz, əmanətə xəyanət etmərəm!) Artıq Allahdan qorxun (təqvalı olun) və mənə itaət edin." ("ŞЇəra" surəsi, ayə 143 və 144)

Adətən böyük peyğəmbərlər öz xalqına bu məsələni xatırladırlar. Saleh də onlara buyurur: -"Mən bunun (Allahın hökmlərinin, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Məgər siz elə burada onların (ne'mətlərin) içində (gələcəkdə hesab-kitab olmadan) arxayınlıqla qalacaqsınız.)" ("ŞЇəra" surəsi, ayə 145 və 146)

Camaat onun cavabında dedilər:

-"Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin." ("Hud" surəsi, ayə 62)

Bu sözləri deməmişdən sənin haqqında ağıl, agahlıq cəhətdən çox yaxşı fikirdə idik və elə bilirdik ki, çətinliklər üz verəndə sənin müdrikliyindən istifadə edə bilərik. Amma indi gördük ki, səhv fikirdəyik və sənə qarşı olan bütün ümidlərimiz havaya sovruldu. Çünki, sən millətin qədim adət-ən'ənələrinə qarşı çıxdın və "bizi ata-babalarımızın ibadət etdiyi tanrılardan çəkindirirsən." ("Hud" surəsi, ayə 62) Bu milli, müqəddəs dini batilmi sanırsan? "Doğrusu, biz sənin bizləri də'vət etdiyin (tövhid) barədə şəkk-şübhə içindəyik." ("Hud" surəsi, ayə 62)

Saleh onlara buyurdu: -"Ey camaat! Bir deyin görək, əgər mənim Rəbbimdən aşkar bir mö'cüzəm olsa, O mənə Özündən bir mərhəmət (peyğəmbərlik) etsə, mən də Ona asi (günahkar) olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!" ( "Hud" surəsi, ayə 63)

Saleh yenə də onlara Allahın ne'mətlərini xatırlayaraq xeyirxahlıq və ürəyiyananlıq üzündən onlara buyurdu: -"Artıq Allahdan qorxun və mənə itaət edin. İsrafedənlərin (həddi aşanların) əmrinə boyun əyməyin. O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər." ("ŞЇəra" surəsi, ayə 150-152) Bu dəfə onu təkzib etməyə daha cəsur olaraq dedilər: -"Həqiqətən sən (əməlli başlı) ovsunlanmışlardansan. (Divanənin birisən, sən hardan peyğəmbər oldun?) Sən də bizim kimi adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə) bizə (Allahdan) bir mö'cüzə gətir!" ("ŞЇəra" surəsi, ayə 153 və 154) Axı sənin bizə nə kimi üstünlüyün var ki, özünü peyğəmbər sayırsan?

SALEH İ N D Ə V Ə S İ

Əyyaşi öz təfsir kitabında İmam Baqir (ə)-dan rəvayət edir ki, Cəbrail Salehin tayfasının əhvalatını Rəsuli Əkrəm (s)-ə belə danışmışdır: -"Saleh on altı yaşında ikən peyğəmbərliyə seçildi və 120 yaşına kimi o tayfaya təbliğlə məşğul oldu. Amma onun sözlərini qəbul etmədilər. Onların yetmiş ədəd bütləri var idi və yeganə Allah qarşısında onlara ibadət edirdilər. Saleh vəziyyəti belə gördükdə onlara buyurdu:

-"Ey camaat, mən on altı yaşında ikən sizin üçün peyğəmbər seçildim. İndi isə 120 il ömrümdən keçir (və siz bu uzun müddətdə mənim də'vətimi qəbul etmədiniz). Mən sizin üçün iki təklif irəli sürürəm. Hansını qəbul etsəniz ona əməl edərik. Birincisi budur ki, əgər istəsəniz məndən bir şey istəyin. Mən də onu sizin üçün öz Allahımdan tələb edim və O da versin. İkincisi isə icazə verin mən sizin tanrılarınızdan bir şey istəyim. Əgər versə mən bu tayfadan çıxıb gedirəm. Çünki həm mən sizin əlinizdən, həm də siz mənim əlimdən təngə gəlmisiniz." Camaat hamılıqla dedilər:

-"Ey Saleh, doğrudanda, çox insaflı söz dedin."

Bu iş üçün müəyyən bir gün tə'yin etdilər. Tə'yin olunmuş gün yetişdikdə bütləri çiyinlərinə alıb gətirdilər. Onlar özləri ilə yeyib-içmək gətirmişdilər, onu qurtardıqdan sonra Salehə dedilər:

-"Ey Saleh, istəyini dilə!"

Saleh onların ən böyük bütlərini çağırdı, amma o cavab vermədi. Saleh dedi:

-«Niyə cavab vermir?» Dedilər:

-"Başqasını çağır." Saleh bir-bir hamısını çağırdı. Heç biri ona cavab vermədi. Sonra üzünü camaata tutub dedi:

-"Gördünüz ki, mən sizin bütlərin hamısını çağırdım, lakin heç biri cavab vermədi. İndi isə siz istəyin və mən də öz Allahımdan istəyim. O da sizə cavab versin. Səmud qövmü yenə üzlərini bütlərinə tutaraq "Niyə Salehə cavab vermirsiniz?" -deyə söylədilər. Onlar yenə də cavab vermədilər. Salehə dedilər:

-«Kənara çəkil! Qoy biz öz bütlərimizlə təklikdə danışaq.»

Saleh kənara çəkildi. Onlar özləri ilə gətirdikləri xalça və yeyib-içməkləri yığışdırdılar və torpağa düşərək bütlərə belə dedilər:

-«Əgər siz bu gün Salehə cavab verməsəniz biz rüsvay olacağıq.» Sonra Salehə dedilər:

-«İndi isə gəl, bunlardan istə. Saleh irəli gələrək onları səslədi, amma yenə də cavab eşitmədi.» Bu haləti görən Saleh buyurdu:

-«Gün qurtardı, lakin sizin tanrılarınız cavab verə bilmədilər. İndi isə siz məndən istəyin, mən də öz böyük Allahımdan istəyim və həmən saat sizə cavab versin.»

Böyüklər və zadəganlardan yetmiş nəfəri irəli gələrək dedilər:

-«Ey Saleh, biz, səndən istəyirik.» Saleh buyurdu:

-«Hamı sizinlə razıdırmı?» Camaat fəryad edərək:

-"Bəli, əgər bu yetmiş nəfər sizin sözünüzü qəbul etsələr, biz də qəbul edərik" -deyə cavab verdilər. O yetmiş nəfər dedilər:

-«Ey Saleh, biz səndən bir şey istəyirik. Əgər Allahın cavab verdi, biz səndən itaət edirik və bütün dediklərinə hamı bir nəfər kimi əməl edərik.» Saleh buyurdu:

-«Hər nə istəyirsiniz istəyin.» Onlar dedilər:

-«Bizi bu dağın (yaxınlıqda olan dağa işarə etdilər) ətəyinə apar. Biz orada istəyimizi istəyək.» Dağın ətəyinə çatanda dedilər:

-«Ey Saleh, indicə Allahından istə ki, bizim üçün bu dağdan dişi, qırmızı rəngdə, çox tüklü və on aylıq bir dəvə göndərsin.» Saleh buyurdu:

-«Məndən istədiyiniz şey mənim üçün çox çətindir. Amma Rəbbim üçün çox asan bir işdir.»

Saleh Allahdan istədi. Elə həmin vaxt dağdan dəhşətli bir səs gəldi və dağ tərpənərək ondan deyilən sifətlərdə bir dəvə xaric oldu. Camaat bu haləti görərək dedilər:

-«Ey Saleh! Doğrudan da Rəbbin nə tez duanı qəbul etdi. İndi isə bu dəvənin balasının da çıxmasını istə. Saleh Rəbbindən istədi. Dəvənin balası da dağdan çıxıb öz anasının ətrafında fırlanmağa başladı.» Saleh buyurdu:

-«İstədiyiniz bir şey qalıbmı?» Dedilər:

-«Xeyr, biz indi camaatın yanına gedib gördüklərimizi onlara danışacağıq və sənə iman gətirəcəklər. Saleh onlarla birlikdə camaata tərəf hərəkət etdilər. Hələ camaatın yanına çatmamış yetmiş nəfərdən altımış dörd nəfəri mürtəd (kafirin iman gətirib yenidən küfrə qayıtması) olaraq "Biz gördüyümüz şeylər sehr və cadudan başqa bir şey deyildir" -deyə söylədilər. Amma qalan altı nəfər öz sözlərinin üstündə duraraq: "Xeyir, haqq idi və sehr-cadu deyildi" -dedilər. Onlar camaatın yanına gəldilər. Söz-söhbət artmağa başladı. Nəticədə yenə də iman gətirmədilər. Ancaq o altı nəfər qalmışdı. Bir müddətdən sonra onlardan biri də dönərək dəvəni kəsib doğrayanlardan oldu.

Bu idi şərif hədisdə gələn Salehin dəvəsinin əhvalatı. Gördüyünüz kimi, Saleh onlar üçün açıq-aşkar mö'cüzə gətirməklə bərabər yenə də çox az sayda bəndə ona iman gətirdi. Camaatın qalanı isə Allahın əzəmətli peyğəmbərinin mö'cüzəsini sehr sanaraq, nəinki ona iman gətirmədilər, bəlkə iman gətirənlərə də mane olurdular.

Mümkündür Allahın nazil etdiyi ayədə müstəz'əflərdən (aciz və zəif insanlar) məqsəd az miqdarda iman gətirən şəxslər olsun. Allah taala "Ə'raf" surəsində buyurur: -"Saleh tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan başqaları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: "Siz Salehin, doğrudan da Rəbbi tərəfindən göndərilmiş (bir peyğəmbər) olduğunu bilirsinizmi?" -deyə soruşdular. Onlar: "Bəli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökmlərə) inanırıq" -deyə cavab verdilər. (İman gətirməyi) özlərinə ar bilənlər: "Sizin inandığınıza biz inanmırıq" -dedilər." ("Ə'raf" surəsi, ayə 75 və 76).

Ola bilsin deyilən az miqdarda iman gətirənlər Salehin dəvəsinin hekayəsindən qabaq iman gətirmişdilər. Necə ki, İbni Əsir öz "Kamil" kitabında yazır.

Gələcək səhifələrdə Salehin hekayəsinin davamını oxuduqda mə'lum olur ki, yavaş-yavaş daha çox insanlar ona iman gətirirdilər və Səmud qövmü arasında böyük şan-şöhrətə, əzəmətə yetişdi.

SALEH İ N D Ə V Ə S İ N İ N HEKAY Ə S İ N İ N DAVAMI

Mərhum Kuleyni öz "Rövzətül-kafi" kitabında İmam Sadiq (ə)-dan rəvayət edir ki, Səmud qövmündə böyük bir daş var idi və o daşa böyük hörmət edərək ona ibadət edirdilər. İldə bir dəfə onun ətrafına yığışıb qurban kəsirdilər. Salehin onlara göndərildiyini bildikdə ona dedilər: -«Əgər doğrudanışanlardansansa, Allahdan istə bu bərk daşdan on aylıq bir dəvə bizim üçün çıxartsın». Saleh də Allahdan istədi və daşdan istənilən xüsusiyyətlərə malik olan on aylıq dişi dəvə çıxdı.

Bu zaman Allah taala Salehə vəhy buyurdu: -Onlara de: -"Bu dişi bir dəvədir. Su içmək növbəsi, bir gün onun, bir gün də sizindir!" ("ŞЇəra" surəsi, ayə 155). (Bir gün çeşmədən o su içsin, bir gündə siz su için. Bir-birinizə mane olmayın.) Hər gün ki, dəvənin növbəsi olurdu və su içirdi, onun əvəzinə camaata süd verirdi. Bütün camaat balacası-böyüyü, qocası-cavanı elə bir gün olmurdu ki, o süddən içməsinlər. Başqa gün isə camaat sudan istifadə edirdilər.

Əli ibni İbrahim nəql edir ki, başqa gün olduqda (yə'ni dəvənin növbəsində) dişi dəvə gəlib qəbilənin mərkəzində dayanırdı və camaat istədikləri miqdarda ondan süd sağırdılar.

Təbəri yazır: Dəvənin növbəsi olduqda su kənarına gəlirdi və başını sudan qaldırmadan bütün suyu içirdi. Sonra başını qaldırıb, ayaqları arasında onu oynadırdı. Camaat da gəlib hər nə qədər su istəsələr içirdilər. Özləri ilə qab gətirib onları doldurub aparırdılar və heç bir boş qab qalmırdı.

Həqiqətən, çox qəribə mö'cüzə və sirli heyvan idi. Saleh isə onlara ancaq xatırladırdı: -"Ey camaat, Allahın bu dişi dəvəsi sizin üçün bir mö'cüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin yoxsa şiddətli bir əzaba düçar olarsınız!" ("Hud" surəsi, ayə 64).

Saleh camaatı dəvəyə zərər yetirdirməkdən çəkindirmək, gələcək əzabı onlara xəbər vermək, o heyvanı böyük ne'mət və qəribə mö'cüzə olması ilə yanaşı, yenə də Salehin düşmənlərinin qabağını ala bilmədilər. Nəticədə dəvəni öldürməklə ilahi əzaba düçar oldular.

D Ə V Ə N İ N Ö LD Ü R Ü LM Ə S Ə B Ə B İ

Bu işin səbəbi nə olduğu haqda müxtəlif fikirlər irəli sürülmüşdür. Kuleyni "Rövzətül-kafi" kitabında bir hədis nəql edir və biz də onun bir hissəsini sizin üçün burada zikr edirik. O həzrət buyurdu: -"Bir müddət vəziyyət belə davam etdi. Allaha qarşı üsyan edənə qədər dəvə onlarla yaşayırdı. Beləliklə, bir-birlərinə: "Gəlin bu dəvəni öldürək və şərrindən qurtaraq. Suyun bir gün onun, başqa gün isə bizim olmasını özümüzə sığışdıra bilmirik" -dedilər. Buna görə qərara gəldilər ki, o heyvanı öldürsünlər.

Bir-birlərinə belə dedilər:

-"Hər kəs bu işi öhdəsinə götürsə, hər nə qədər zəhmət haqqı istəsə ona verərik. Belə olan halda, qırmızı sifətli, göygöz, zinadan törənən (atası mə'lum olmayan) Qəddar adlı bir kişi irəli gəlib bu iş üçün öz hazırlığını bildirdi. Onun üçün müəyyən muzd tə'yin edərək bu mühüm işi onun öhdəsinə qoydular."

İbni Əsir "Kamil"də yazır ki, Allah taala Salehə vəhy edib qövmünün dəvəni öldürmələrini ona xəbər verdi. Saleh bu məsələni soruşduqda onlar cavabında dedilər ki, biz heç vaxt belə bir işə əl bulaşdırmarıq.

Saleh buyurdu: -«Əgər siz də etməsəniz sizdən törənən övladlardan biri bu işi görəcək». Onlar onun nişanələri haqda soruşaraq: -"Sən bizə onun xüsusiyyətlərini de, biz onu tapıb qətlə yetirərik" -deyə söylədilər.

Saleh buyurdu: -«Qırmızı sifətli, göygözlü və qırmızı rəngdə saçı olan bir oğlandır». Təsadüfən tayfanın böyüklərindən birinin subay oğlu, başqasının isə subay qızı var idi. Onlar övladlarının evləndirməyi qərara aldılar. Həmən ildə onlardan Salehin xəbər verdiyi oğlan dünyaya gəldi.

Başqa bir tərəfdən camaat belə bir övladın olmasının qarşısını almaq üçün xüsusi qabilələr (mamalar) seçərək, onlara dövlət mə'murları qoşurdular. Belə bir övlad məhz bu ər-arvaddan dünyaya gəldi, qadınların səsi göyə qalxdı ki, bu uşaq Saleh peyğəmbərin xəbər verdiyi uşaqdır. Dövlət mə'murları uşağı öldürmək istəyirdilər, amma uşağın babaları bu işə maneçilik törətdilər və dedilər:

-«Hər zaman Saleh desə onu qətlə yetirərik».

Bu hadisədən əvvəl doqquz nəfər öz övladlarını öldürmüşdülər ki, məbada Salehin dəvəsini öldürən bu uşaqlardan olsun. Amma öldürdükdən sonra peşman oldular. Bu səbəbdən ürəklərində Salehə qarşı kin-küdurət yarandı və fitnə-fəsada, zinaya, hətta onu öldürməyə belə əl atdılar.

Mərhum Təbərsi "Məcməul-bəyan" adlı təfsirində Südeydən nəql edir ki, Qəddar boya-başa çatdıqda, günlərin bir günü öz yoldaşları ilə bir yerdə toplaşıb oturmuşdular. Şərab içmək fikrinə düşdülər. Şəraba qatmaq üçün bir az su lazım idi. Amma su yox idi, çünki su dəvənin növbəsi idi və o heyvan bütün suyu içmişdi. Bu vəziyyət onlara çox ağır tə'sir etdi. Qəddar "İstəyirsiniz mən bu dəvəni öldürüm" -dedi. "Bəli" -deyə cavab verdilər. Beləliklə qətlin müqəddiməsini hazırladılar.

Kə'b nəql edir ki, Salehin dəvəsinin ölmə səbəbi Səmud qövmündə Məlka adlı bir qadının olması idi. O, camaata başçılıq edirdi. Camaatın həzrət Salehə daha çox diqqət yetirmələri və ona həddən artıq ehtiram etmələri bu qadının ona qarşı nifrətini artırdı. O, peyğəmbəri və dəvəsini öldürməyi qərara aldı.

Başqa tərəfdən Səmud qövmündən Qutam adlı çox gözəl bir qız var idi. O, Qəddar ibni Salifin mə'şuqəsi idi. Qibal adlı başqa bir gözəl qız var idi ki, Məsdə' adlı bir şəxsin mə'şuqəsi idi. Qəddarla Məsdə' hər gecə onların yanına gedib, şərab içib əyyaşlıqla məşğul olurdular.

Məlka bir gün Qutam və Qibala dedi:

-«Əgər Qəddar və Məsdə' sizin yanınıza gəlsələr, onları yaxın qoymayın və onların dediyinə əməl etməyin. Onlara deyin ki, Məlka Saleh və onun dəvəsinin əlindən narahatdır. O iki dəvəni öldürməyincə sizinlə şadlıq edib, sizi qane edə bilməyəcəyik. Buna görə də bu iki nəfər dəvəni öldürdülər».

Alusi öz təfsirinə yazır ki, Səmud qövmünün heyvanları bu dəvəni gördükdə qorxudan qaçmağa üz tuturdular Yay olduqda dəvə dərədən çıxırdı və başqa heyvanlar hamı gedib dərədə gizlənirdilər. Qışda isə dəvə dərəyə qayıdırdı, başqa heyvanlar da qorxudan dərədən çıxırdılar. Heyvanları rahat otlayıb, gəzişmələrini istədikləri üçün dəvəni öldürməyi qərara aldılar.

Tayfada iki dövlətli qadın yaşayırdı. Onlar çoxlu mal-dövlət və dəvə sahibi idilər. Birinin adı Səduq idi. O özünü, dəvəni öldürmək şərti ilə Məsdə' adlı bir şəxsin ixtiyarında qoydu. O birisinin adı isə Ənizə idi. Onun çox gözəl qızları var idi. O, da dəvəni öldürmək şərti ilə eyş-işrət üçün qızlarının birini Qəddar ibni Salifə verməyə razılaşdı. Qəddar və Məsdə' qızlardan bəhrələnmək üçün dəvəni öldürməyi öz öhdələrinə götürdülər və yeddi nəfərlə əlbir olaraq dəvəni öldürdülər.

Bu yolla Allah taala onları imtahan etmək üçün bu hadisələri onların başına gətirdi və istədikləri xüsusiyyətdə dəvə göndərdi, amma bu imtahanın öhdəsindən gələ bilməyib onu öldürdülər. Allah taala "Qəmər" surəsində buyurur: -"Biz dəvəni onları imtahan etmək üçün göndərdik."

Şiə və sünnü təriqəti ilə rəvayət olunur ki, Rəsuli Əkrəm (s) buyurdu: -"Keçmişdə ən şəqi, ən bədbəxt şəxs Salehin dəvəsini öldürən və gələcəkdə isə Əli (ə)-ı qətlə yetirən şəxsdir!"

SALEH İ N D Ə V Ə S İ Ö LD Ü R Ü LD Ü KD Ə N SONRA

Salehin dəvəsinin ölümü müxtəlif tərzdə nəql olunmuşdur. Biz onların bə'zisini burada zikr edirik.

Beləliklə Qəddarla Məsdə' və onlarla əlbir olanlar dəvəni öldürdülər. Millətlərin bədbəxtçiliyinin mənbəyi sayılan həsəd, paxıllıq və bu kimi çirkin insana xas olmayan sifətlər öz işini gördü. Əlavə cinsi şəhvət, bir və bir neçə qadına yetişmək eşqi yenidən yer üzündə daha böyük bir cinayətin törənməsinə səbəb oldu, bir neçə kişini bu ilahi nişanəni aradan götürməyə vadar etdi. Nəticədə əllərində olan zəmanənin ox, kaman, qılınc və s. kimi silahları ilə dəvənin pusqusunda durub su içməyə gələndə ona hücum edib, hər biri bir zərbə vuraraq dəvəni taqətdən saldılar. Sonra da nizə ilə hulqumundan vurub nəhr etdilər. Camaat da yığışaraq ətini bölüşdürdülər. Mərhum Kuleyninin etdiyi rəvayətə görə bütün camaat bu işdə Qəddarla birlikdə iştirak etdilər və hər biri heyvana zərbə endirdi. Sonra da ətini bölüşdürdülər. O ətdən yeməmiş heç bir kəs qalmadı. Böyüklü-kiçikli ətdən yedilər.

Bə'zi rəvayətlərə görə balasını da öldürərək ətini bölüşdürüb yedilər. Başqa bir dəstə rəvayətə görə isə balası, ananı qana qəltan olduğunu görüb, dağa sarı qaçdı. Dağın zirvəsinə çatcaq ah-nalə edərək qəlbləri kövrəltdi.

Bu zaman Həzrət Saleh peyda oldu. Bütün camaat ona sarı qaçaraq günahı bir-birinin boynuna qoymağa çalışdılar və hər biri günahı başqasına nisbət verməklə öz günahsızlığını sübut etmək istəyirdi.

SALEH İ Ö LD Ü RM Ə PLANI

Salehlə öz tayfası arasında olan hadisələrdən biri də Allah taala onu qövmünün şərrindən qoruması idi. Şəhərin fitnə-fəsad törədənlərindən doqquz nəfəri (bəlkə həmən dəvənin qatilləri idi), ya da Salehin çağırışı ilə şəxsi mənfəətləri uyğunlaşmayan zadəganlardan doqquz nəfəri (adətən bütün tarix boyu bu növ insanlar ilahi peyğəmbərlərin hədəflərinin inkişafına maneçilik törədiblər) Salehin öldürmə planını çəkdilər və qərara gəldilər ki, hər nə olursa olsun biz gərək onu qətlə yetirək. Mümkündür bu yığıncaq dəvəni öldürdükdən sonra baş verib, amma bə'ziləri öncə olduğunu yazırlar.

Hər halda Qur'an qapalı şəkildə buyurur: -"(Səmud tayfasının yaşadığı Hicr adlı) şəhərdə yer üzündə fitnə-fəsad törədən əsla yaxşı iş görməyən doqquz kişi var idi. Onlar öz aralarında Allaha and içib belə dedilər: -"Biz gecə ona və ailəsinə (yaxud ona iman gətirənlərə) hücum edib (hamısını) öldürəcək, sonra da onun (qanını almaq istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kişilər tərəfindən) öldürüldüyünü görməmişik və biz həqiqətən doğru danışırıq. Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik. (Ya Mühəmməd!) bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların (doqquz kişinin) özlərini də, tayfalarını da büsbütün yox etdik!" ("Həml" surəsi, ayə 48-51).

Bu Qur'an ayələrində olan hadisənin icmalı idi. Amma İbni Əsir öz "Kamil" kitabında hadisəni geniş surətdə belə yazır: Tayfadan doqquz nəfəri qorxudan məbada Salehin dəvəsinin qatili olsun deyə öz övladlarını öldürdükdən (qabaqkı səhifədə keçdi) sonra öz əməllərindən bərk peşman oldular və qəlblərində Salehə qarşı kin yarandı. Birlikdə Salehi öldürmək üçün and içib dedilər:

-«Biz səfər adı ilə şəhərdən çıxıb, Salehin yolunun üstündə olan mağarada gizlənərik. Gecə olduqda Saleh məscidə gedəndə oradan keçəcək və biz oradaca onu öldürərik. Sonra şəhərə gəlib camaata onun ölümündən xəbərsiz olduğumuzu deyərik».

Saleh adəti üzrə gecələri şəhərdə qalmırdı və şəhərdən kənarda yerləşən məscidə gedib bütün gecəni orada keçirirdi.

O doqquz nəfər içdikləri anda uyğun olaraq şəhərdən çıxıb deyilən mağarada gizləndilər. Böyük bir daş başlarına düşüb hamılıqla öldülər. Şəhərdə bir neçə nəfər onların çirkin niyyətlərindən agah idilər və işlərinin nəticəsini görmək niyyəti ilə onların dalınca şəhərdən xaric oldular. Mağaraya daxil olduqda hamısını ölmüş gördülər. Şəhərə qayıdıb "Saleh birinci onların övladlarını öldürməyi əmr etdi, sonra da özlərini qətlə yetirdi" -deyə hay-küy saldılar. Bu nəql olunan fikir planın dəvəni öldürməmişdən qabaq olması ilə uyğun gəlir.

Başqa bir fikirdə deyilir ki, camaat dəvəni öldürdükdən sonra Saleh onları Allahın qəti olan əzabı ilə qorxudaraq buyurdu: -"İndi ki, belə etdiniz, Allahın əzabı sizi bürüyəcəkdir." Dəvəni öldürən doqquz nəfər Salehi öldürməyi də qərara aldılar və bir-birlərinə dedilər: -"Biz Salehi öldürək. Əgər düz desə və doğrudan da deyilən əzab gəlməli olsa biz əzab gəlməmiş onu öldürmüş oluruq və öz intiqamımızı ondan alırıq. Əgər yalan demiş olsa onu da öz dəvəsinin dalınca göndərmiş oluruq." Bu niyyətlə gecə yarısı Salehi öldürmək istədilər. Allah ilahi mələklərin vasitəsi ilə onların şərrini uzaq edib, daşlarla o xəbis insanları həlak etdi. Camaat vəziyyəti belə gördükdə Salehə dedilər: -"Sən onları öldürmüsən!" Onu öldürmək məqsədi ilə ona hücum etdilər. Başqa bir neçə nəfər onu müdafiə edərək dedilər:

-«O, sizə əgər doğrudanışanlardandırsa Allahın qəzəbini daha da artırmayın və əgər yalan deyirsə onda biz özümüz onu sizə təslim edəcəyik».

Bununla da camaat onun ətrafından dağlışdılar.

İbni Əsir dediyi kimi, bu ikinci fikir daha düz və həqiqətə uyğundur.

Bütövlükdə Qur'an ayələri və rəvayətlərdən belə mə'lum olur ki, dəvəni öldürdükdən sonra etdikləri əməldən bərk peşman oldular və təşvişə düşdülər. Hər bir yolla olursa olsun və'd olunan əzabı özlərindən uzaqlaşdırmaq istəyirdilər. Yaxud özləri demişkən, əzab yetişməmişdən əvvəl Salehdən intiqam almaq istəyirdilər. Əlbəttə, öncə Salehi öldürmək niyyətləri yox idi. Bəlkə də və'də verilən əzabı uzaqlaşdırmaq istəyirdilər.

Buna görə də bir yerdə nəql olunur ki, dəvəni öldürdükdən sonra Salehin yanına gəlib üzrxahlıq etdilər. Hər biri bu işi başqasına nisbət verib günahı onun boynuna qoymağa çalışırdı. Qısaca, Salehdən bu işə çarə qılmasını istədilər.

Saleh onlara dedi: -«İndicə gedin axtarın! Heç olmasa balasını tapıb gətirin, bəlkə Allah taala əzabı sizdən uzaqlaşdırdı». Camaat dağlara düşüb dəvənin balasını nə qədər axtardılarsa tapa bilmədilər.

Beləliklə bu yoldan mə'yus oldular və ikinci yola onu qətlə yetirmək fikrinə düşdülər.

Mərhum Kuleyninin "Rövzətül-kafi" kitabında bir hədisdə belə nəql olunur ki, dəvəni öldürdükdən sonra Saleh onların yanına gəlib buyurdu:

-Hansı amil sizi bu işə məcbur etdi və niyə Allaha qarşı itaətsizlik edirsiniz?

Allah taala Salehə vəhy etdi ki, sənin qövmün zülm etdilər. Mənim nişanə və höccət kimi göndərdiyim dəvəni öldürdülər. Bir halda ki, onların heç bir ziyanı dəyməmişdi, əksinə ondan faydalanıb böyük mənfəət tapırdılar. İndi isə onlara de: -"Mən onlara möhlət verərək, üç gün sonra öz əzabımı göndərəcəyəm. Əgər bu üç gündə tövbə edib mənə tərəf qayıtsalar, əzabı nazil etməyəcəyəm və əgər tövbə etməyib qayıtmasalar üçüncü gün əzab nazil olacaqdır."

Saleh camaatın qarşısında durub vəhy olunan sözləri onlara çatdırdı. Amma bu cəhətdən ki, bəşər heç vaxt ilahi peyğəmbərlərin məsləhətlərini və haqq sözü bu tezliklə qəbul etməyib, onlar tövbə etməyə razılaşmadılar, bəlkə üsyan edərək daha da şiddətlə dedilər:

-"Ey Saleh! Əgər düz deyirsənsə və'də verdiyin əzabı göndər!"

Bəli, bu üsyan, tüğyan, özbaşnalıq və təkəbbür nə qədər millətləri bədbəxt etmiş, nə qədər evləri yıxmış və nə qədər günahsız insanların həlakına səbəb olmuşdur.

Beləliklə belə üsyan və təkəbbürçülük onların tövbə edib qayıtmamasına və nəticədə ailələrinin, arvad-uşaqlarının, doğma şəhərlərinin əzaba düçar olmasına səbəb oldu. Bununla bəşəriyyət yeni bir günaha əl ataraq peyğəmbərin ölüm planını çəkdilər.

Beyzavi öz təfsirində belə yazır: Rəvayətlərdə belə gəlmişdir ki, Saleh bir dərədə məscid tikmişdi və orada namaz qılırdı. Camaat bu üç gün söhbətini eşidəndə özlərinə dedilər: -"Saleh elə bilir ki, bu üç gün ərzində bizim əlmizdən rahat qalacaq. Biz üç gün keçməmişdən əvvəl özümüzü onun və ailəsinin əlindən rahat edəcəyik (ki, bu günə sağ qalmasın)". Bu niyyətlə dərəyə tərəf yola düşdülər. Orada böyük bir daş onların yolunu tutdu və həlak olana qədər orada qaldılar. Camaatın qalanı isə asimanın nəriltisinə düçar olub hamılıqla nabud oldular.

Doğrudanda bu tərs və kobud bəşər nə qədər günah, nəfsin tüğyanı və özbaşnalıqdan zərər çəkmiş, nə qədər çirkin sifət olan təkəbbür və zülmdən xəsarətə uğramışdır. İnsanlar cəhl, nadanlıq və şeytani vəsvəsələr üzündən həqiqi mə'bud əvəzinə daşdan, taxtadan, ağacdan, nəhayət dəmir və qeyri dəmirdən öz əlləri ilə düzəltmiş cansız bütlərə, yaxud özlərindən zəif olan insanlara pərəstiş edirlər. Allah taala onları tənəzzül və bədbəxtlikdən xilas etmək üçün özlərindən yaxın qohumlarından və əsil, ehtiramlı nəsillərindən olan böyük bir şəxsiyyəti, ilahi peyğəmbəri onlara göndərdi ki, onları bu zillətdən nicat verib aləmlərin böyük Allahına tərəf hidayət etsin.

Ondan möcüzə istədilər. Onlar üçün Allah möcüzə gətirdi və həmən vaxt o ilahi nişanəni nabud etmək niyyətinə düşdülər. Yenə də Allah taala öz rəhmətini onlardan əsirgəmədi və öz peyğəmbərinin vasitəsi ilə onlara xəbərdarlıq etdi. Üç gün müddətində onlara fürsət verilir. Tövbə edib Allaha tərəf qayıtsınlar. Əgər onlar qayıtsalar əzaba giriftar olmayacaqlar...

Amma bu üsyankar, çaşqın (ya biçarə və bədbəxt) camaat yenə özlərinə gəlmədilər və tövbə, Allahın ethiyacsız dərgahına qayıdış, dünyanın yaranışına diqqət yetirmək əvəzinə, ondan öz həlakətlərini istədilər. Həyasızcasına (ya bədbəxtlik üzündən) ilahi əzabı seçdilər.

Bu əhvalatdan sonra Saleh onlara buyurdu: -"Daha üç gün yurdunuzda yaşayıb keyf çəkin. Bu elə bir və'dədir ki, yalan çıxmaz!" ( "Hud" surəsi, ayə 65)

Bir hədisdə deyilir ki, Saleh onlara əzabın əlamətini belə dedi: -"Birinci gün üzləri saralacaq, ikinci gün qızaracaq və üçüncü gün isə qaralacaqdır".

Birinci gün olduqda üzlərinin saraldığını gördükdə bir-birlərinə dedilər ki, Saleh deyən kimi oldu. Tayfanın mütəkəbbir insanları dedilər ki, biz onun sözlərinə inanmır və qəbul da edə bilmərik. İkinci gün yetişdikdə rəngləri qızardı. Bir yerə toplaşıb bir-birlərinə dedilər ki, Saleh necə demişdi, elə də oldu. Yenə də qəlblərində təkəbbür və qəsavət olanlar dedilər ki, əgər biz ölümlə üzləşsək belə Salehin sözlərini qəbul etməyəcəyik. Ata-babalarımızın pərəstiş etdiyi bütlərdən əl çəkməyəcəyik. Üçüncü gün yuxudan durcaq gördülər ki, üzləri qaralıb və bir yerə toplaşıb dedilər. Ey camaat, Salehin dediyi kimi oldu, nə edək? Yenə də mütəkkəbbir insanlar dedilər: -"Bəli, Saleh deyən kimi oldu".

Gecə yarı olduqda isə Cəbrail gəlib onların üstünə elə qışqırdı ki, qulaqları yırtıldı, ürəkləri dərildi, cigərləri paralandı və bir göz qırpımında hamı nabud oldu. Heç bir canlı, varlıq qalmadı. Ancaq cansız bədənlər yurdlarında və evlərində qalmışdı ki, göydən alovla yanıb hamılıqla oradan getdilər.

Bu, Kuleyninin "Rövzətül-kafi" kitabında gətirdiyi hədisin bir hissəsi idi. Diqqət yetirməli məsələlərdən biri də budur ki, (ola bilsin sual qarşıya çıxsın) dəfələrlə Səmud qövmünün həlak olması Qur'anda Saiqə (ildırım), ya Rəcfə (zəlzələ) ilə olması gəlmişdir. Bunun hədisdə qeyd olunan Cəbraili seyhəsi (qışqırıq və fəryadı) ilə heç bir ziddiyyəti yoxdur. Çünki, Cəbrail və sair mələklər hadisənin törənməsində vasitə və ilahi fərmanları yerinə yetirməyə əmr olunmuşlardırlar. Mə'lum olduğu kimi, Allah taala öldürür, dirildir və ruzi verir. Bunun Əzrail, Mikail, İsrafil və s. mələklərin öldürməsi, diriltməsi və ruzi verməsi ilə heç bir ziddiyyəti yoxdur.

Nəhayət Qur'an Səmud qövmünün aqibətini belə buyurmuşdur: -"O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar. (Bir göz qırpımında həlak oldular). Sanki onlar heç yaşamamışdılar." ("Hud" surəsi, ayə 67 və 68)

Başqa bir surədə buyurur: -"Bu zülmləri üzündən onların bomboş (viran) qalmış evləridir. Həqiqətən, bunda anlayıb bilən bir qövm üçün bir ibrət vardır." ("Nəml" surəsi, ayə 52)

"Fussilət" surəsində isə buyurur: -"Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı. İman gətirib (Allahdan) qorxanları isə xilas etdik."