Qur'anın surələrinin dördündə həzrət Əyyubun(ə) adı zikr olmuşdur. O pərvərdigarın səbr və dözümlülükdə nümunəvi olan böyük peyğəmbərlərindəndir. Onun adı vəhy olmuş peyğəmbər sırasında qeyd olmuşdur. Allah taala buyrur: -"İbrahim, İsmail, Yəqub, Əsbat, İsa, Əyyub, Yunus, Harun və Suleymana vəhy etdik." ("Nisa" surəsi, 163-№Ї ayə).

Allah taala Qur'ani Kərimdə dünyadakılara üstünlük verdiyi adamların arasında Həzrət Əyyubun adını çəkərək belə buyurur: -"Onun (İbrahimin) nəslindəndir. Davud, Süleyman, Əyyub, Yusif, Musa və Harun. Və biz yaxşı əməl sahiblərinə belə mükafatlandırıq. Zəkəriyya, Yəhya, İlyas və hamısı layiqlilərdəndir. İsmail, Yəsə, Yunus və Lut hamısını dünyadakılardan üstün etdik. ("Ən'am" surəsi, 85-№i ayə).

Eləcədə Qur'ani Kərim bir neçə peyğəmbərin qısa olsa da dastanına işarə etmiş, o cümlədən Musa, Harun, İbrahim, İshaq, Yəqub, Davud və Süleyman peyğəmbərin adını çəkmək olar. Əyyubun haqqında isə buyurur: -"Əyyub bir vaxt Rəbbinə yalvarıb dua edərək belə demişdi: -"Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin ən rəhmlisisən! Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik".

"Sad" surəsində 42-ci ayədən sonra o həzrətin dastanını daha artıq şərh edib buyurur: Bizim bəndəmiz Əyyubu xatırla o zaman pərvərdigarını səsləyib Şeytan məni çətinlik və əzaba salmışdır (dedi). Bu ayənin ardınca pərvərdigar onun duasının qəbul olması, salamatlığını qaytarması, xəstəliyinin yox olmasını belə nəql edib buyurur ki, biz ona dedik: Ayağını yerə vur ki, bu (bulaq) sərin yuyunma və içməlidir. Daha sonra "Ənbiya" surəsində o həzrətin ailəsini ona qaytarmasını olduğu kimi bəyan edir. Bu zaman həyat yoldaşı haqqında içdiyi andını xatırlayıb (inşallah sonradan şərh olunacaq) qısa şəkildə nəql etmişdir. 45-ci ayənin sonunda buyurulur: -"Biz onu səbir edən tapdıq; nə gözəl bəndə idi! O, tövbə edən (bizim tərəfimizə qayıdan) idi."

R ə vay ə t v ə tarix n ə z ə rind ə n

Rəvayət və tarixə gəldikdə isə bir qədər ixtilaf gözə çarpır. O cümlədən:

1) Onun nəsəbi haqqındadır. O, ya İbrahimin nəslindən olub, Eysin övladlarındandır, ya da İbrahim və Yəqubla müasir olmuşdur. Bu iki fikir barəsində ixtilaf vardır. Bəziləri də onu İbrahimin zəmanəsindən qabaq olmasını, hətta yüz il ondan qabaq yaşamasını demişlər. Əbdül Vəhhab Nəccar "Qisəsul-Ənbiya"da bu fikrə üstünlük vermişdir. Amma tarixçilərin bir çoxu o cümlədən Məsudi və başqaları onu İbrahimin nəslindən, Eysin övladlarından olmasını demiş, o həzrətin nəsəbini belə qeyd etmişlər: Əyyub ibn Movs ibn Rəzzah ibn Rəvail ibn İshaq ibn İbrahim(ə)-dır.

2) İkinci ixtilaf o həzrətin vətəni barəsindədir. Bəziləri onun vətəninin Yəməndəki "Ovs"da olduğunu qeyd etmişlər. Yaqut Həməvi "bəsnə" kəlməsinin açıqlanmasında deyir: -"Bəsnə -Dəməşqə aid olan ərazilərdəndir". Bəzisinin dediyinə görə isə Dəməşq və Əzrüat arasında yerləşən bir kəndin adıdır. Həzrət Əyyub da həmin kənddəndir. Təbəri yazır: Bəsnə və Şam ərazisinin hamısı Əyyubun olmuş, bu barədə heç kəs onunla şərik olmamışdır.

3) O həzrətin həyat yoldaşı (Qur'anda onun haqqında qısa şəkildə danışılmış, rəvayətlərdə isə geniş bəhs etmişlər) bəzilərinin nəzərinə görə Yəqubun qızı -Liya, yaxud İlya olmuşdur. Başqaları onu Mişa ibn Yusifin qızı Maxir, bəziləri isə Əfraim ibn Yusifin qızı Rəhimə olmasını qeyd etmişlər. Əbdül Vəhhab Nəccar birinci nəzəri rədd edərək deyir: -"Yəqubun Liya adında qızı olmamışdır".

həzrətin cürbəcür bəlalara düçar olması

Qur'an və rəvayətlərdən qəti şəkildə söyləyə biləcəyimiz odur ki, həzrət Əyyub böyük ilahi peyğəmbərlərdən biri olmuşdur. Allah taala ona çoxlu mal və qüdrətli övladlar vermiş, daha sonra onu sınaqdan çıxarmaq, dözümünü yoxlamaq üçün onların hamısını onun əlindən almış, özünü isə ağır xəstəliyə düçar etmişdi. İmtahan və bəla dövrü bitdikdən sonra Əyyubun göstərdiyi heyrətamiz səbrə görə Allah taala bütün mal-dövlət və övladlarını, hətta ondan da artığını ona qaytardı. Bundan əlavə onun dözüm və səbrini başqalarına nümunə olaraq nəql etdi.

Şeyx Koleyninin İmam Sadiqdən(ə) nəql etdiyi rəvayətdə həzrət buyurur: -"Qiyamət günündə günaha aludə olmuş gözəl bir qadını hesab üçün gətirərlər. O qadın Allahın dərgahına belə ərz edər: -"Pərvərdigara, Sən məni gözəl yaratdın mən də günaha düşdüm!"

Bu vaxt Məryəmi(ə.s) gətirib deyərlər: -"Sən gözəl idin, yoxsa o? Biz onu gözəl yaratdıq (amma o, qeyri-adi gözəlliklə) günaha düşmədi. Həmçinin gözəlliyinə görə günaha düşmüş bir kişini gətirərlər, (o da günaha düşməsinə səbəb olaraq gözəlliyini bəhanə gətirib) deyir: -"Pərvərdigara, məni gözəl yaratdığın üçün qadınlarla günaha düşdüm (onun bəhanəsini kəsmək üçün) Yusifi gətirib ona deyərlər: -"Sən gözəl idin, yoxsa o? Biz onu (bu qədər) gözəl yaratdıq, (bununla belə) günaha aludə olmadı." Daha sonra cürbəcür bəlalara düçar olub günaha düşmüş bir nəfəri gətirərlər. O da (günahına belə bəhanə gətirərək) deyər: -"Pərvərdigara, mənim bəla və giriftarçılığımı çətin etdiyin üçün (günaha) mübtəla oldum." Bu vaxt həzrət Əyyubu gətirib deyərlər: -"Sənin bəla və giriftarçılığın çətin idi, ya onun? O da (ağır) bəlalara düçar oldu, amma sapmadı (bəndəlik yolundan çıxmadı)."

Əyyubun bəlalara düçar olması barəsində rəvayətlərdə qeyd olunan bəzi məqamlar şəriət, əql və məzhəb əsilləri ilə də əsla uyğun gəlmir. Ehtimal üzrə onların əsası ya bu günü Tövratdan götürülmüş, ya da təqiyyə üzündən sünnülərin nəzəri ilə müvafiq deyilmişdir. Elə buna görə də şiənin əziz imamları(ə) bəzi başqa rəvayətlərdə onları rədd etmişlər. Biz o həzrətin həyatını qeyd edərkən əvvəlcə sünnülərdən olan bəzi təfsirçilərin, o cümələdən, Vəhb ibn Münəbbin, Tövratın Əyyuba aid olan hissəsində olan söhbətləri açıqlayacaq, onların sözünə müvafiq olan bəzi rəvayətləri xülasə şəkildə nəql edəcək və daha sonra haqq məzhəbinin təhqiq olunmuş nəzəriyyəsini sizə çatdıracağıq. Onlar deyirlər: -"Əyyub rumlu bir kişi idi. Onun nəsəbi: Əyyub ibn Əmvəs ibn Razix ibn Rum ibn Eys ibn İshaq ibn İbrahim. Anası isə Lutun qızı idi. Mütəal Allah ona cürbəcür nemətlər vermişdi. Heç kəsin onun qədər dəvəsi, inəyi, atı, qoyunu, ulağı və başqa mal-dövləti yox idi. Təkcə əkin sahələrini şumlamaq üçün beş yüz cüt öküzü vardı. Hər cütün də ayrıca baxanı vardı. Bu baxanların hamısı da nökər idi ki, hər biri külfət sahibi idi. Bəziləri onun yük daşıyan dəvələrinin sayını üç min, qoyun sürülərinin isə yeddi min olduğunu qeyd etmişdir.

Nəql olunduğuna görə, Əyyubun bəlalara mütbəla olmasının səbəbini əmr be mərum və nəhy əz münkəri tərk etməsi olmuşdur.

İbn Əsir "Kamilut-təvarix"də hadisəni belə nəql edir: O həzrətin bəlaya düşməsinin səbəbi, belə olmuşdur: Şamda quraqlıq baş verdiyi vaxt dövrün Fir`onu (Misirin hakimi) Əyyubu çağırtdırıb dedi: -"Bizim yanımıza gəl, burada hər şey yaxşıdır." Bu dəvətdən sonra Əyyub ailəsini və bütün var-dövlətini götürərək Fir`onun yanına getdi. Fir`on da öz növbəsində ona çoxlu torpaqlar verdi. Bir gün Şə`ya peyğəmbər Fir`onun yanına gəldi. Bu zaman Əyyub da orada idi. Şə`ya peyğəmbər üzünü Fir`ona tutub dedi: -"Ey Fir`on! Qorxmursan ki, Allah qəzəb edə və onun qəzəbindən asiman, yer, dəniz və dağlar və s. qəzəblənələr!?". Şə`yanın danışdığı müddətdə Əyyub susur, heç nə demirdi. Sonra hər ikisi Fir`onun yanından çıxdılar. Allah taala Əyyuba vəhy edib buyurdu: -"Ey Əyyub, Fir`onun yanına gedib susduğun (ona xəbərdarlıq etmədiyin) üçün bəla ilə qarşılaşmağa hazır ol!".

Başqaları isə belə yazmışlar: Allah taala Əyyuba çoxlu nemətlər əta etdi. Həzrət daima Allaha şükür edirdi. Buna görə də göydə olan mələklər həmişə Əyyubun adını çəkir həmişə onu xatırlayırdılar.

O zaman asimanlara getməsi qadağan olan şeytan mələklərin danışığını və onların Əyyuba barəsində salam vermələrini eşitdi. Onun nemətlər qarşısındakı etdiyi şükürlərini eşidib ona paxıllıq etdiyindən Allaha dedi: -"Pərvərdigara! Əyyubun bu qədər təşəkkür və şükürləri ona çoxlu nemət verdiyinə görədir. Əgər nemətləri ondan alsan, Sənə şükür etməyəcəkdir. İndi məni onun var-dövlətinə hakim et, onda görərsən ki, neməti olmasa sənə şükür etməyəcəkdir.

Allah taala onu Əyyubun malına hakim etdi. Şeytan yerə gələrək Əyyubun bütün mal-dövlət və övladlarını məhv etdi. Amma Əyyubun şükrü daha da artdı. Şeytan yenidən Allaha dedi: -"Məni onun əkin sahələrinə hakim et." Allah taala da Əyyubun əkin sahələrinin ixtiyarını ona verdi. Şeytan ixtiyarında olan köməkçiləri ilə gəlib onun əkin sahələrini yandırdılar. Amma yenə də Əyyubun şükrü artdı. Şeytan dedi: -"Pərvərdigara, məni Əyyubun qoyunlarına hakim et." Allah şeytannın bu istəyini də qəbul etdi. Şeytan onun bütün qoyunlarını həlak etdi. Amma yenə də Əyyubun şükr etməsi azalmadı. Şeytan bu dəfə ərz edib dedi: -"Məni onun bədəninə hakim et." Allah taala buyurdu: -"Dil, ağıl və gözlərindən savayı səni onun bütün bədəninə hakim etdim".

Şeytan zəhərli nəfəsini onun bədəninə üfürdü, bədəni başdan ayağa yara oldu. Uzun müddət belə vəziyyətdə Allaha dua və şükür etdi. Elə ki, bədənində qurdlar əmələ gəlib üfunətə çevrildi, camaat onu kənddən çıxarıb kənarda olan bir xarabalıqda yerləşdirdilər. Həyat yoldaşından savayı heç kəs onun yanına gedib-gəlmirdi.

O qadın da Əyyuba yemək hazırlamaq üçün camaatın arasına gedir çətinliklə ona yemək tapıb gətirirdi. Şeytan onun səbir və dözümünə mat-məətəl qalmışdı. Şeytan Əyyubun ardıcıllarından olub dağlara çəkilən və rahibliklə məşğul olan bir neçə nəfərin yanına gəlib dedi: -"Gəlin bu giriftar olmuş bəndənin yanına gedib bəlalarından soruşaq?" Rahiblər dəvələrinə minib yola düşdülər. Onlar çox zəhmətlə Əyyubun yanına gələrək əyləşib dedilər: -"Ey Əyyub, yaxşı olardı ki, bu bəlalara düşməyinə səbəb olan günahını bizə açıb deyəydin. Biz özümüz Allahdan soruşmağa qorxuruq ki, bizi həlak edər".

Əyyub onların cavabında buyurdu: -"And olsun Allahın izzətinə! Mən yetim və zəif adamla birlikdə olmadan çörək yeməmişəm. Hər zaman Allaha itaət sayılan iki iş qarşıma çıxıbsa, onların ən çətinini seçmişəm". Bu zaman onlarla olan cavan dedi: -"Siz necə də pis iş gördünüz?! Allah peyğəmbərlərindən olan bir peyğəmbərin yanına gəlib onu danladınız! O da məcbur olub Allaha etdiyi gizlin ibadətləri aşkar etdi.

Nəql edirlər ki, bunun ardınca Əyyub Allaha şikayət etdi. Allah taala onun cavabında buyurdu: -"Mənə ibadət etmək qüdrətini kim sənə vermişdir ki, təsbih və həmd edəsən? Boynunda minnəti olan bir şeyə görə Mənim boynumamı minnət qoyursan?!" Həmçinin, bundan əlavə ona verdiyi nemətləri bir daha xatırlatdı.

Bu zaman Əyyub bir ovuc torpaq götürüb ağzına doldurub, sonra dedi: -"Pərvərdigara, haqq səninlədir bu neməti sən mənə vermisən. Beləliklə etdiyi şikayətə görə Allah dərgahından üzr istədi. Bundan sonra Allah taala bir mələk göndərib ona əmr etdi ki, ayağını yerə vur. Bu zaman yerdən bulaq qaynamağa başladı. Əyyub o suda yuyundu. Beləliklə bütün yaraları və xəstəlikləri sağaldı. İtirdiyi başqa nemətləri də Allah taala bir-bir ona qaytardı.

Amma Əyyubun and içib yüz şallaq vuracağını əhd etdiyi həyat yoldaşının əməlinə gəldikdə isə, bu barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Bəzi rəvayətlərə görə Əyyubun həyat yoldaşı ona yemək almaq üçün camaatın yanına gedib onlardan bir şey istədi. Bu zaman onun gözəl saçlarını görüb dedilər: -"Əgər saçlarından bir az kəsib bizə versən, sənə yemək verərik." Qadın Əyyuba olan məhəbbətinə görə bu işə razı oldu. Əyyub onu saçları kəsilmiş gördükdə belə and içdi.

Digər bir rəvayətdə deyilir ki, görə Şeytan Əyyubun bu qədər bəlalar qarşısında səbrini, Allah qarşısında təzim və şükrünü, gecə-gündüz həmd etməsini gördükdə çox narahat oldu, qışqıraraq bütün köməkçilərini bir yerdə yığdı. Köməkçiləri onun qışqırmasının səbəbini soruşdular. O, cavablarında dedi: -"Bu kişi məni təngə gətirib! Allahdan onun malına, övladına hakim olmağı istədim, Allah da mənə izn verdi. Onun üçün nə mal, nə də övlad qoymadım. Amma bununla belə, onun Allaha etdiyi dua və şükür daha da artdı. Yenidən Allahdan onun bədəninə hakim etməsini istədim və bunu da aldım. Onu elə bir günə saldım ki, bütün bədəni yara saldı. İş o yerə çatdı ki, onu gətirib xarabalığa atdılar. Əyalından savayı heç kəs ona yaxın gəlmədi. Bununla yanaşı, yenə də dua və şükürdən əl çəkmədi, bu bəlalara səbir etdi. Beləliklə mən Allahın qarşısında rüsvay oldum. İndi sizi çağırıb sizdən yardım istəyirəm". Şeytanın köməkçiləri dedi: -"Bəs sənin məkr və hiylən necə oldu?! Keçmişdəkiləri aldatdığın elm və tədbirin hara getdi?!" Şeytan dedi:

-"Onların hamısı bu kişi haqqında təsirsizdir. Artıq mənim əlimdən heç nə gəlmir. İndi deyin görüm mən nə edim?!" Dostları dedi:

-"Adəmi behiştdən necə çaxardın?!" Şeytan dedi:

-" Əyalının yolu ilə". Onlar dedilər:

-"Əyyubu da həmin yolla yoldan çıxart". Ondan savayı heç kəs Əyyubun yanına gedib-gəlmir, o da təkcə arvadının sözünü qəbul edir.

Şeytan bu fikri bəyəndi. Kişi cildində Əyyubun əyalının yanına gədib və ona dedi: -"Ey qadın, ərin hardadır?" Cavab verdi: -"Onun bədəni hal-hazırda cürbəcür yaralarla doludur, bədənində qurdlar gəzir".

Şeytan bu sözü eşitdikdə sanki narahat olmuş kimi onu vəsvəsə etməyə başladı, qabaqlar malik olduqları nemətləri, xoşbəxtlikləri bir-bir sadalayıb Əyyubun cavanlıq və gözəlliyindən söz açdı. Daha sonra düçar olduğu əzabları xatırlayıb dedi: -"Bu əzab və xəstəliyin sonu yoxdur, həmişəlikdir!".

Bu zaman Əyyubun yoldaşı fəryad edib haldan getdi. Şeytan tədbiri baş tutmasını görüb bir keçi gətirərək dedi: -"Əgər Əyyub bu keçini Allahın adını çəkmədən öz əli ilə kəsərsə, bütün xəstəliklərdən nicat tapacaqdır. Bu sözü eşidən arvad keçini Əyyubun yanına gətirib əhvalatı ona danışdı. Əyyub bu sözü deyənin şeytan olduğunu bilib xanımına dedi: -"Allahın düşməni (şeytan) sənin yanına gələrək bu sözlərlə vəsvəsə etmiş, sən də ona qulaq asmısan. İndi de görüm, əlimizdə olan malı, övladı, sağlamlığı, firavanlığı kim bizə vermişdi? Qadın dedi:

-"Allah!" Əyyub dedi:

-" Biz onlardan neçə il bəhrələndik?" Qadın dedi:

-"Səksən il". Əyyub dedi:

-"İndi neçə ildir ki, Allah bizi bu bəla və imtahana çəkmişdir?" Qadın dedi:

-"Yeddi il neçə ya". Əyyub buyurdu:

-"Ey qadın! Allahla barəsində insaf və ədalətlə rəftar etməmisən. Gərək nemət və firavanlıqda olduğun qədər də bəlaya dözəsən. (Yəni səksən il rahat və firavan yaşadığın kimi, səksən ildə çətinliyə dözməlisən). Beləliklə ədalət və insafa riayət etmiş olarsan.

Həzrət Əyyub bu sözün ardınca and içib dedi: -"Mənim Allahdan başqasının adına heyvan kəsməyimi istədiyin üçün, şəfa taparamsa, sənə yüz şallaq vuracağam. Bundan sonra sənin gətirdiyin yemək və içmək mənə haramdır. İndisə buradan get, səni görmək istəmirəm!"

Əyalı gedəndən sonra Əyyub özünü tək və kimsəsiz gördü. Bu zaman üzünü torpağa qoyub səcdə halında Allaha ərz etdi: "Zdm qUqdm ZbÜS" bu dua da bəlaların çəkilməsinə səbəb oldu. Ona belə vəhy gəldi: -"Başını qaldır. Duan müstəcab oldu. İndi ayağını yerə vur" Beləliklə əhvalatı sonuna qədər deyildiyi kimi hər şey yenidən ona qayıtdı, viranə yaşıllığa çevrildi.

Digər bir tərəfdən, Əyyubun əyalı özü özünə fikirləşib dedi: İndi ki, o məni öz yanından qovmuşdur, tək qalmışdır və daha ona baxanı yoxdur. Əgər mən də onun yanına getməsəm acından öləcək və vəhşi heyvanlar onu parçalayacaqdır. Bu fikrin ardınca geri qayıtdı. Amma oradakı olan xarabalıqdan heç bir əsər-əlamət yox idi. Həmin yerdə yam-yaşıl bir bağ var idi və gözəl bir cavan əyləşmişdi.

Qadın ağlamağa başladı. Qorxudan o kişinin yanına gedib bir söz soruşmadı. Cavan irəli gəlib onun ağlamasının səbəbini soruşdu. Qadın dedi: -"Burada bir xarabalıq vardı və xəstə bir kişi də orada yaşayırdı. İndi onun başına nə gəldiyini bilmirəm". Cavan dedi:

-"O kişinin səninlə nə qohumluğu vardı?" Qadın dedi:

-"O mənim ərim idi, sən onu görməmisən?" Cavan dedi:

-"Onu görsən tanıyarsan?" Qadın dedi:

-"Bəli". Cavanın üzünə diqqətlə baxdıqda dedi: -"Cavanlıqda hamıdan çox sənə bənzəyirdi". Əyyub buyurdu:

-"Mən həmin Əyyubam ki, keçini şeytanın adına kəsməyimi mənə təklif etdim. Amma mən Allahıma itaət edib şeytana qulaq asmadım. Allahın dərgahına dua etdim və o da bizim ne'mətlərimizi gördüyün kimi,qaytardı.2

Başqa bir rəvayətə görə şeytan Əyyubun əyalının yanına gəlib dedi:

-"Məni tanıyırsan?" O dedi:

-"Yox". Şeytan dedi:

-"Mən yerin Allahıyam. Ərinin düçar olduğu bəlaları mən ona vermişəm. Asimanın Allahına ibadət etdiyinə görə onu bu günə salmışam. Əgər mənə səcdə etsə, bütün bəlaları ondan dəf edib əlindən çıxan nemətləri yenidən ona qaytararam".

Bəzilərinin dediyinə görə şeytan ona dedi: -"Əgər sən mənə səcdə etsən, nemətlərinizi sizə qaytarar, ərinə də şəfa verərəm." İbn Abbasdan nəql olmuşdur ki, şeytan həkim cildinə girib Əyyubun əyalının yanına gəldi. Qadın ondan Əyyubu sağaltmasını istədi. Şeytan dedi: -"Mən onu bu şərtlə sağaldaram ki, sağaldıqda belə desin: -"Sən mənə şəfa verdin!" Bundan başqa heç bir diləyim yoxdur." Qadın bu sözdən sonra Əyyubun yanına gəldi. Ondan həkimin şərtiylə razılaşmasını istədi. Əyyub qadının bu sözünü eşitdikdə ona yüz çubuq vuracağına dair and içdi.

Mərhum Təbərsinin "Məcməul-bəyan"da nəql etdiyi sonuncu nəzəriyyəyə görə Əyyubun and içməsinə səbəb bunların heç biri olmamışdır. Əsas səbəb bu idi ki, Əyyubun əyalı bir iş dalınca gedib gec qayıtdı və bu da xəstə olan Əyyubun hövsələsini qaçırtdı və and içdi ki, ona yüz şallaq vuracaq.

Əyyub şəfa tapdıqdan, Allah taala səhhətini və keçmiş nemətləri ona qaytardıqdan sonra andına əməl etmək istədi. Bu imanlı və vəfalı qadına necə yüz şallaq vuracağı haqda fikirləşirdi, Allah taala (Sad surəsində bəyan edildiyi kimi) ona əmr etdi ki, nazik çubuqlar götürərək (rəvayət və təfsirlərə görə yüz ədəd idi) yavaşcadan bir dəfə onu vursun. Beləliklə andına əməl etdi.

Bütün qeyd olunan bu rəvayətlər sünni alimlərinin, o cümlədən Vəhb ibn Münəbbih və sairlərinin Əyyubun bəlaları və başqa mövzular haqqında dedikləri idi. Bugünkü Tövratda da Əyyuba aid olan bəhsdə bu məzmuna yaxın sözlər qeyd olmuşdur. Həmçinin bəzi şiə rəvayətlərində də buna oxşar mətləblər zikr olunmuşdur.

Amma böyük təhqiqatçı alimlər qeyd olunan əhvalatın bəzi hissələrini saxta və qondarma hesab etmiş, təfsirçilərin özlərindən çıxardığını qeyd etmiş, onun İlahi peyğəmbərə nisbət verilməsini düzgün saymamışlar. Biz daha artıq şərhdən ötrü Şiənin böyük alimi mərhum Seyyid Mürtəzanın sözlərini və həmçinin müasir Misir alimlərindən birinin dediklərini nəzərinizə çatdırıb bu hadisənin ardınca lazım olan başqa mövzuları da açıqlayacağıq.

Seyyid Mürtəza "Tənzihul-ənbiya" kitabında ilahi peyğəmbərlərin və din rəhbərlərinin günah və nifrət yaradan xəstəliklərdən (bərəs, cüzam kimi) uzaq olmasını isbat etdikdən sonra Əyyubun əhvalatı haqqında deyir: -"Bu barədə bəzi təfsirçilərin nəql etdikləri sözlər qəbul olunası deyildir. Çünki onlar daima mütəal Allaha və onun rəsullarına pis işləri nisbət verir, onlara ağır töhmətlər vururlar. Bu barədə nəql olunan rəvayətlərdə bir az düşünülsə, hər kəs onların saxta olmasını başa düşər. Çünki bunlar deyirlər: -"Allah taala şeytanı Əyyubun malına və qoyunlarına sahib etdi." Şeytan onları məhv etdikdə Əyyubun səbrini müşahidə edib Allahdan istədi ki, onu Əyyubun bədəninə də malik etsin. Allah taala buyurdu: -"Mən səni onun qəlbindən başqa bütün bədəninə müsəllət etdim." Şeytan gəlib onun bədəninə üfürdü. Nəticədə Əyyubun bütün bədəni yara içində oldu. Bəni-İsrail onu yeddi ildən çox zibilliyə atdılar. Bu müddət ərzində onun bədənində qurdlar gəzirdi. Başqa sözlər də deyilmişdir ki, biz onların hamısını açıqlamırıq.

Sonra əlavə edir: "Ağlı belə cəhalət və küfrü qəbul edən bir kəsin etdiyi rəvayəti qəbul etmək olarmı?! Bir kəs Allahın şeytanı öz bəndələrinə hakim etmədiyini və onda bədənləri yaralayıb xəstəlik salmaq qüdrətinin olmamasını bilmirsə, onun hədisinə arxalanmaq olarmı?!" "Əyyubun bəlaları onun cəzası idi ki, bu dünyada çəkirdi" -deyənlərin cavabında buyurur: -"Amma Əyyuba gələn o çətin və böyük bəlalara gəldikdə isə bunlar imtahandan savayı bir şey deyildi. Allah taala Əyyubun səbri qarşısında ona çoxlu xeyirlər vermək istəyirdi. Bu, Allahın öz dərgahında seçilmişləri və böyükləri üçün müqəddər olunmuş ilahi bir qanundur. Peyğəmbər əkrəmdən rəvayət olunmuşdur ki, o həzrətdən sual olub insanlar içərisində kimlər daha çox bəlaya giriftar olur?" -deyə soruşulduqda Həzrət buyurmuşdu: -"Peyğəmbərlər, onlardan sonra saleh insanlar, həmçinin peyğəmbərlərə daha oxşayan çətinliklərə yaxın olan insanlardır."

Əyyub da o bəlaların qarşısında elə səbr edib dözdü ki, bu gündə dillər əzbəri olmuşdur. O bütün bəlalarda şükür edir, səbir və şükür etməli əksinə heç bir söz demirdi. Ağzından şikayət, və giley-güzarlı bir söz çıxmırdı. Allah taala da bu bəlaların əvəzində (Qur'anda buyurulduğu kimi) axirətdə ona əta ediləcək böyük və əbədi nemətlərdən əlavə, dünyada da bütün mal-dövlət və ailəsini artıqlaması ilə ona qaytardı, xəstəliklərinə şəfa verib bəlalardan nicat verdi.

Müasir sünnü alimlərindən və "Qisəsül-ənbiya" kitabının müəllifi Əbül-vəhhab Nəccar həmin mətləbləri öz kitabında qeyd edib deyir: -"Əyyubun bəlaları haqqında deyilən bəzi sözlərdən belə çıxır ki, o həzrətin düçar olduğu xəstəliklər camaatın nifrətinə səbəb olmuşdu, camaat ona yaxın düşməkdən çəkinirdilər. Bu rəvayət peyğəmbərlik vəzifəsi ilə zidiyyətlidir. Çünki kəlam alimləri isbat etmişlər ki, peyğəmbərlər camaatın onlardan uzaqlaşmasının və iyrənib nifrət etməsinə səbəb ola biləcək xəstəliklərdən uzaq olmalıdır. Beləliklə bu kimi rəvayətlə nübüvvət vəzifəsi ilə necə uyğunlaşdırmaq olar?.

Əbdül-vəhhab Nəccar bu sözləri qeyd etdikdən sonra onlara iki cavab vermişdir:

1) Qeyd olunan bəlalar (deyilən bütün xüsusiyyətləri ilə) peyğəmbərlik vəzifəsinə yetişməmişdən qabaq olmuşdur. O da bütün bəlaların qarşısında səbir edib Allah dərgahına əsla şikayət etməmiş və Allah taala da ona peyğəmbərlik əta etmişdir.

2) Əyyubun bəlalarını nəql etdikdə ifrata yol verənlər "əhli kitab"ın sözlərinə etimad etmiş və belə güman etmişlər ki, "Əyyub kitabları"nda yazılanların hamısı həqiqətə uyğundur. Amma əgər yaxşı düşünsəydilər görərdilər ki, onların etibar etdikləri "Əyyub kitabları" daha çox şairlərin şerlərində yazdıqları fikirlərə bənzəyir. İnkar olunası deyildir ki, şer hansı dildə olmasına baxmayaraq, ifrat və boş sözlər meydanıdır (və çoxlarının həqiqəti yoxdur). Daha sonra öz sözlərini doğrultmaq üçün Əmr ibn Fariz və Mütənəbbinin şerlərini nümunə götürmüşdür.

Beləliklə, təfsirçilərin sözlərinin hamısının düz olmaması məlum olur. Əgər bu barədə müəyyən rəvayətlər varsa da, ya təqiyyə üzündən olmuşdur, ya da ümumiyyətlə etimad olunası deyildir.

İ mam Baqird ə n ( ə ) maraql ı bir h ə dis

Mərhum Səduqun "Xisal" kitabında İmam Baqir(ə)-dan bir nəql etdiyi hədisə əsasən həqiqət aşkar olur, qeyd olunan iradlardan isə heç bir xəbər yoxdur. Bundan əlavə, başqa hədis və rəvayətləri də açıqlayır. Hədisin tərcüməsi belədir: Əyyub, heç bir günahı olmadan yeddi il bəlaya düçar oldu. Çünki Allah peyğəmbərləri hər bir günah qarşısında məsumdur, kəbirə və səğirə günahlara düşmürlər. Əyyub bütün bəlalara düşməsinə baxmayaraq, heç vaxt bədəni iylənməmiş, siması iyrənc olmamış, bədənindən qan və çirk axmamış, camaat ondan iyrənməmiş və bədəninə də qurd düşməmişdir. Allah taala bütün peyğəmbər və övliyalarını bəla və giriftarlığa edərkən belə rəftar etmişdir. Camaatın ondan uzaqlaşmasının səbəbi isə onun zahirdə fəqir və zəifliyi görə olmuşdur. Çünki camaat onun Allah yanında olan məqamından və bunların ardınca ona yetişəcək rahatlıqdan xəbərsiz idi.

Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: -"Peyğəmbərlər insanlar içində hamıdan çox bəla çəkənlərdir. Onlardan sonra, insanların içində onlara daha çox oxşayanlar (yəni Allah dərgahına daha yaxın olanlar) hamıdan çox bəlaya düçar olanlardır."

Allah taalanın Əyyubu böyük bəlalara düçar etməsi -o bəlalar ki, onların səbəbinə camaat arasında xar oldu- ona veriləcək nemətlərə görə idi ki, onu ilahiləşdirməsinlər. Bu yolla bilməliydilər ki, Allahın yaxşı savab və hədiyyəsi iki növdür. Biri haqq və muzd, digəri isə xüsusi lütf və mərhəmət olaraq verilir. Həm də biri ibrət dərsi idi ki, heç kəsi kasıb və zəif olduğuna görə xar etməsinlər, hər xəstəyə xəstəliyinə görə həqarətlə baxmasınlar.

Habelə, bilməlidirlər ki, Allah hər kəsi istəsə, xəstələndirər və hər kəsə istəsə, şəfa verər. Hər yerdə, hər cür, hər səbəbi hər kəs üçün nəsihət və ibrət dərsi etmək istəsə, Allah taalanın etdiyi hər bir şeydə adil, işlərində də həkimdir. Bəndələrinin məsləhəti olmayan işi görmür. Bəndələrin bütün qüdrət və bacarığı Ondandır.

Dig ə r bir suala cavab

İzah edilməsi lazım olan daha bir məsələ şərif ayə barəsindədir. Allah taala Əyyubun dilindən buyurur: -"Pərvərdigara! Şeytan məni əzaba düçar etmişdir." ("Sad", surəsi, 41-№i ayə).

Bəziləri bu ayəni şeytanın Əyyubun mal-dövlət, can və övladına hakim olmasını deyənlərin sözünə şahid gətirmişlər. Digər tərəfdən, "əzab cəzaya laiq olduğuna görə verilir" sözünə əsasən bu ayəni başqalarının sözünə dəlil gətirib deyirlər: -"Əyyubun düçar olduğu bəla risalətini təbliğ işində xətaya yol verdiyinə görədir.

Birinci iradın cavabında demək olar ki, bəla və giriftarlığın şeytana nisbət verilməsi, təbii səbəblərə nisbət verilməsiylə əsla zidd deyildir. Çünki bu vasitələr bir-birindən ayrıca deyil, bir-birinin tamamlayıcısı kimidir. Yəni insana yetişən yaxşılıq və pislik bir neçə -bir, beş, on və ya daha çox vasitəylə ola bilər və bu vasitələrin hər biri yaxşılıq və pisliyi insana çadırmaqda rol oynaya bilər. Əlbəttə, bunların hamısından üstün olanı Allah taalanın iradə və istəyidir. Bir vasitəni (hər hansı bir işdə) qeyd etmək, heç də digər vasitələri inkar etmək mə'nasına deyildir.

Bundan əlavə, Əyyubun sözünün heç bir yerindən "Şeytan mənim mal, can və övladıma hakim olmaqla məni bu günə salmışdır" -mə`nası düşünülür. O həzrət mal və övladlarının məhv olmasını və öz xəstəliyini heç də şeytana nisbət vermir. Onun sözündə: -"Pərvərdigara, şeytan məni xəstələndirmiş…,malımı dağıtmış" kimi cümlələrə rast gəlmirik. Əksinə, o belə deyir: -"Şeytan məni əzab-əziyyətə düçar etmişdir". Bunu deməyinin də səbəbi şeytanın camaata vəsvəsə edərək onun yanına getməkdən saxlaması ola bilər. Sanki şeytan onlara deyirdi: -"Əgər o, peyğəmbər olsaydı, Allah onu bu qədər bəlaya düçar etməzdi...." Yaxud da irəlidə şərh etdiyimiz kimi, Əyyubun həyat yoldaşının ona olan əlaqə, vəfa və sədaqətindən istifadə edərək ona vəsvəsə edir və o qadın Əyyubun yanına gedərək şikayətlənirdi. Ya da "Əyyub yolxucu xəstəliyə düçar olub, heç vaxt sağalmayacaq" kimi şayiə yayır, xalqı onu şəhər və evindən qovmağa təhrik edərək ondan uzaqlaşdırırdı. Bunlar şeytan tərəfindən Əyyuba yetişən həmin zərər və əziyyətlərdir. Onun Allah dərgahına dediyi sözün mə`nası da elə bu ola bilərdi: -"Pərvərdigara, şeytan (etdiyi vəsvəsələrlə) məni əzaba düçar etmişdir."

İkinci irada gəldikdə isə cavabı tamamilə aydındır. Belə ki, "əzab" kəlməsi ərəb lüğətində "əziyyət və narahatlıq" mə`nasındadır. İstər günah üzündən əmələ gəlsin, istərsə də qabaqca heç bir günah baş vermədən olsun, hər iki mə`nada işlənir. Amma "cəza" mə`nasına gəldikdə isə o "iqab" sözündən alınan mə`nadır. Beləliklə irad edən şəxs bu iki mə`nanı bir-birilə qarışdırmışdır. Əyyubun heç bir günahı olmadan bəlaya düçar olmasına gəldikdə isə şərhi aşağıda qeyd olunur.

Bir ne çə m ə tl ə b ə i ş ar ə

Həzrət Əyyub barədə olan bəhsin sonunda qeyd olunan rəvayətlər və tarixlər haqqında bir neçə mətləbə işarə etmək yerinə düşərdi.

1) Diqqət olunması zəruri olan ilk nöqtə budur ki, bəzi sünnü alimlərinin sözünün əksinə olaraq, Əyyubun düçar olduğu bəlalar heç də vəzifəsini yerinə yetirərkən səhlənkarlıq və ya -Allaha pənah- günah etməsi üzündən olmamışdır. Əksinə, bu bəlalar Əyyubun məqamının ucalması və imtahan üçün olmuşdur. Allah taala bu çətin imtahanlarla onu dünya və axirətdə ona nəsib olacaq nemətlərə layiq etmək istəmişdir. Onun əhvalatını sair insanlara ibrət qərar vermiş, digərlərinə hüccət etmişdir. İmam Məhəmməd Baqir(ə)-dan nəql olunan hədisdən bu mətləb çox yaxşı aydın olur. İmam(ə) buyurur: -"Əyyub heç bir günah etmədiyi halda yeddi il bəlaya düçar oldu..." Başqa yerdə buyurur: -"İnsanların içində hamıdan artıq bəlaya düşənlər peyğəmbərlər, daha sonra onlara oxşayanlar (yaxınlar)dır." Başqa bir rəvayətdə də buna işarə olunmuşdur. Mərhum Şeyx Səduq "İləluş-şəraye" kitabında İmam Sadiq(ə)-dan bir-birinə oxşayan iki hədis nəql etmişdir. Hədislərin hər ikisində İmam (ə) Əyyubun heç bir günah etmədən bəlaya düşməsini bildirir. O iki hədisin birinin ravisinin adı Dürüst ibn Əbi Mənsurdur. Onun rəvayət etdiyi hədisin mətni belədir: Həzrət(ə) buyurdu: -"İnnə Əyyubə min ğəyri zənb." Yəni, Əyyub heç bir günahı olmadan bəlaya düçar oldu.

Əbi Bəsirin o həzrətdən rəvayət etdiyi ikinci hədisdə buyurur: -"Zİbtəla Əyyubə səb'ə sininə bila zənbin." Yəni, Əyyub yeddi il heç bir günahı olmadan bəlaya düçar oldu.

Bu rəvayətdə qeyd olunan aydınlıqlar bəzi sünnü alimlərinin "Əyyubun əmr be mə`rufu tərk etdiyinə görə bəlaya düçar olmuşdur" deməsinə, həmçinin insana yetişən hər bəlanın onun törətdiyi əmələ görə cəzalandırılmasını bilən bəzi dar düşüncəli insanlara cavabdır. Belə yanlış düşüncələr sair sadəlövh insanların da səhvə düşməsinə səbəb olur.

Mümkündür, şiənin böyük imamları bu həqiqəti açıqlamaq istəmişlər ki, baş verən heç bir günah cəzasız qalmır, insan nə əkirsə, onu da biçir. Bu mətləbə başqa bir nəzərlə baxdıqda "İnsana yetişən hər bir bəla, hər hansı bir günaha görədir" sözü düz deyildir.

Əgər bu mətləbi əlavə olaraq açıqlayıb "ilahi insanlar, heç bir günah və təqsiri olmadan bəlaya düşür, imanı çox olduqca Allah dərgahına daha yaxın olduqda onlara daha artıq çətinlik üz gətirir, bəla və çətinliklərin onların mənəvi kamalında təsir qoyur və s. Bu mövzuya aid olan başqa mətləblərə diqqət yetirsək bu kitabın möhtəvasından uzaqlaşmış olarıq. Bu barədə artıq məlumat almaq istəyənlər həmin mövzularda yazılmış başqa kitablara müraciət edə bilərlər. Xüsusilə, "İləluş-şəraye" kitabının üçüncü fəsli daha məqsədə uyğundur.

2) İkinci məsələ Əyyubun əzaba nəqədər mütbəla olması ilə əlaqədardır. Bəziləri bu müddəti on səkkiz, bəzisi on üç, bəzisi isə yeddi il yeddi ay yeddi saat qeyd etmişdir. Vəhb ibn Münəbbihdən nəql olmuşdur ki, Əyyubun mübtəla olması nə az nə çox -düz üç il olmuşdur. Amma şiə rəvayətlərində o müddət yeddi il qeyd olunur. O cümlədən qeyd etdiyimiz "Xisal" və "İləluş-şəraye" kitablarında olan hədislər.

3) Üçüncü məsələ Əyyubun ömrü və harada dəfn olması barədədir. Bəziləri o həzrətin 93, bəziləri isə 200 il ömür sürdüyünü demişlər. İmadzadənin tarixində o həzrətin ömrü 226 il qeyd olunmuşdur. Bu müddətin 73 ili mübtəla olmamışdan qabağa, yeddi il yeddi ay yeddi günü mübtəla olduğu vaxt, 146 ili isə mübtəla olub qutardıqdan sonraya düşür. Mən bu nəzərlər haqqında mötəbər sənəd tapa bilməmişəm. Ravəndi "Qisəsul-ənbiya"da sənədi Vəhb ibn Münəbbihə çatan hədisdə deyir: -"Əyyub Yəqubun zamanəsində yaşamış, onun İlya adlı qızı ilə evlənmişdir. O həzrətin atası İbrahimə iman gətirənlərdən, anası isə Lutun qızı olmuşdur. Lut Əyyubun ana babasıdır... Əyyub bəlaya düçar olmazdan qabaq 73 yaşında olarkən Allah taala onun ömrünə daha 73 il artırdı.

Onun dəfn olduğu yer haqqında da ixtilaf vardır. Bəlağinin "Qisəse-Qur`an" lüğətinə görə o həzrət Ovs məntəqəsində yaşamış və Yəməndəki Cəhaf dağının qülləsində dəfn olunmuşdur. Xəzailinin "Əlamul-Qur`an"ında qeyd olunmuşdur ki, avamlar onun Beyzai-Farsdakı Xürrəmabad adlanan kiçik bir kənddə dəfn olunduğunu deyir və bayram günlərində oraya ziyarətə gedirlər. Bu yerdə tikanlı otlar vardır ki, qoyunlar orada otlayırlar. Yerli əhalinin inamına görə, o otlar qoyunların piy xəstəliyini sağaldır. Bu kəndin bəzi bulaqlarını da "Əyyub bulağı" adlandırırlar.

İndi də Məsudinin "Murucuz-zəhəb"dəki sözlərinin xülasəsini nəql edərək bu fəsli tamamlayırıq.

O deyir: -"Əyyub peyğəmbər həzrət Yusiflə eyni zamanda yaşamışdır. O Əyyub ibn Movs ibn Rəzzah ibn Rəvail ibn Eys ibn İshaq ibn İbrahimdir ki, Dəməşqin ətrafında yaşamış, çoxlu mal-dövlət və övlad sahibi olmuşdur. Allah taala onu özü, malı və övladıyla imtahan etmiş, o, bu imtahandan səbir və dözümlə çıxdığı zaman Allah da onları yenidən ona qaytarmışdır." Daha sonra deyir: -"O həzrətin məscidi və qüsul etdiyi bulaq indi (332-ci ildə) Nəva və Covlanda qalmaqdadır. Bu yer Dəməşqlə İordaniyanın Təbəriyyə şəhərinin arasında yerləşir. Giriftarlıq və çətinlik zamanı ona arxa olan əyalı Rəhimənin kənarında əyləşdiyi daş da hal-hazırda həmin məsciddədir.

Nəva və Covlan iki dağ kəndidir. Bu yer Dəməşqin Hövran məntəqəsində yerləşir. Hal-hazırda Covlan dağlarında ən müasir silahlardan istifadə etməklə Suriya müsəlmanları və qəsbkar yəhudilər arasında qanlı müharibələr gedir. Allah taaladan istəyirik ki, bütün müsəlmanları dünyanın hansı yerində olmalarına baxmayaraq düşəmənlərinə qalib etsin. Amin!