Hər kim əziz peyğəmbərimiz həzrət Məhəmmədin (s) sünnəsində və keçdiyi həyat yolunda tədqiqat aparıb mütaliə etsə və o Həzrətin (s) Әhli-beytə (ə) qarşı olan məhəbbət və əhəmiyyətini görsə başa düşər ki, bu müqəddəs ailənin islam ümmətinin tarixi məziyyətlərində nə qədər böyük, əsaslı rolu və tə᾽siri vardır. Peyğəmbər (s) müxtəlif tarixi şəraitlərdə bu məsələni xalqa bəyan edərək, Allahın əmri ilə ümmətdə belə bir məsələni qəbul etməyə zəmin yaradırdı. Peyğəmbər (s) bu işi mərhələ-mərhələ həyata keçirirdi. Ilkin mərhələdə Allahın əmri ilə qızı Fatiməni (ə) həzrət Әliyə (ə) ərə verdi və bununla da mübarək Әhli-beyt (ə) ağacının gövdəsini əkdi ki, tarix boyu bu ağacın budaqları islam ümmətinin bütün üfüqlərinə ucalsın. Peyğəmbər (s) bu mübarək vücudların nikah mərasimində həzrət Әliyə (ə) müraciət edərək belə buyurdu:

(Ey Әli!) əgər razı olarsansa, Allah-taala dörd yüz misqal gümüş müqabilində Fatimənin sənə nikah olunmasını mənə əmr etmişdir.»

Әli (ə) dedi:

«Ey Allahın Peyğəmbəri! Mən də buna razıyam.»

Әnəs ibni Malik deyir: Peyğəmbər (s) bu sözdən sonra buyurdu:

«Allah sizi bir-birinizə mehriban və bağlı etsin. Sizə böyük və pak bir nəsil verməklə xoşbəxt və səadətli etsin.»

Әnəs deyir: «Allaha and olsun ki, Allah onların vücudundan pak və böyük bir nəsil yaratdı». [«Zəxairül-üqba fi mənaqibi zəvil-qurba», muhibbəd-dini təbəri, (səh.30)]

Həmçinin rəvayətə görə Peyğəmbər (s) onların kəbinini kəsdikdən sonra Fatimənin (ə) yanına gedib onu çağırdı. Ümmi Eymən bir qabda su gətirdi. Peyğəmbər (s) o sudan bir qədər ağzına alıb yenidən qaba tökdü. Sonra onu həzrət Fatimənin (ə) üstünə səpib belə dua etdi:

«Ey Allah! Mən onu və nəslini Şeytanın şərindən sənə sığındırıram.(Onları şeytanın şərindən qoru.)»

Sonra həzrət Әlidən (ə) su gətirməyi xahiş etdi. Su gətirildikdən sonra onu alıb həzrət Әlinin (ə) başına və çiyinlərinin arasına səpdi və belə dua etdi:

«Ey Allah! Mən onu və nəslini şeytanın şərindən sənə sığındırıram.»

Bir ayrı rəvayətdə belə nəql edilmişdir: «Peyğəmbər (s) bir qədər su istəyib onunla dəstəmaz aldı və qalan suyu Әli və Fatimənin üstünə səpib belə dua etdi:

«Ey Allah, Sən onların nəslinə bərəkət ver.» [«Әl᾽ithafu bihubbil-işraf. «Şəbravi Şafei». (səh.21) Misir, «Әdəbiyyat» mətbəəsinin çapı.]

Әvvəllər hər kim xanım Fatimənin elçiliyinə gəlirdisə, həzrət Peyğəmbər (s) üzr istəyib buyurardı:

«Hələlik (Allah tərəfindən) bu məsələ barəsində mənə bir əmr gəlməmişdir.» [«Zəxairül-üqba», Təbəri (səh.30) Әlyazma nüsxəsi.]

Bəli, bu Әli və Fatimənin (ə) ailə qurmasına Allahın və Peyğəmbərin (s) mərhəmət və diqqəti idi. Bu ailə qurma yalnız Allahın əmri ilə icra olundu. Ona görə ki, gərək aşkara Әhli-beytin (ə) məqamı və Peyğəmbərin (s) özündən sonrakı zamanlar üçün nəzərdə tutduğu məqsəd və hədəflər bəyan olsun. Elə məqam ki, Qur᾽ani-kərim onu müxtəlif ayələrdə izah etmiş və həmçinin Peyğəmbər (s) onu öz hədislərində bəyan etmişdir. Bu rəvayət və hədislər həddindən artıq çoxdur. Biz bunların yalnız, bir neçəsini zikr edəcəyik. Әgər oxucular onları diqqətlə mütaliə etsə, Allahın və Peyğəmbərin (s) Әhli-beytə (ə) olan dərin məhəbbət və ehtiramını, bu münasibətlərin əsil hədəfini başa düşər. Bu hədəfin əsas prinsipləri, milləti heyrət və təəccübdə qaldıqları zaman hidayət etmələri, problem və çətinliklərdən xilas etmələri, parçalanıb dağıldıqları zaman xalqın birləşməsində mərkəzə çevrilmələridir. Bu dediklərimizin hamısı hədislərdə aydın şəkildə öz əksini tapmışdır. Bə᾽zi hədislərdə Peyğəmbər (s) Әli (ə) və Fatimənin (ə) övladlarını, nəslini öz övladları və öz nəsli kimi təqdim etmişdir. Həmçinin, Peyğəmbərdən (s) əvvəl Qur᾽an da bu həqiqətə işarə edərək buyurmuşdur:

«...Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı...» (Ali-Imran surəsi, ayə 61.)

Bu «Mübahilə» ayəsindəki «əbnaəna və əbnaəkum» yə᾽ni, «övladlarımızı və övladlarınızı çağıraq» cümləsində Peyğəmbərin (s) övladları deyəndə, Həsən və Hüseyn (ə) nəzərdə tutulurdu. Bu barədə artıq, təfsirçilərin izahlarını nəzərinizə çatdırmışıq. Әziz Peyğəmbərimiz (s) bu mə᾽nanı ümmət üçün dəfələrlə zikr etmişdi. Məsələn, buyurmuşdur:

«Həqiqətən Allah hər bir peyğəmbərin nəslini onun öz sülbündən qərar vermişdir və mənim də nəslimi bu Әlinin sülbündən qərar vermişdir» [Zəxairul-üqba», Təbəri, səh.67].

Yenə o Həzrət, imam Həsən və Hüseyni (ə) qucağına alıb buyurdu:

«Çünki, onların babası mənəm, deməli onlar mənim sülaləmdir.» [«Mənaqib», Әhməd ibni Hənbəl. Bu hədisi cüz᾽i fərqlə Təbərani «Məcməul-kəbir» kitabında (1-ci cild, səh.24 əlyazma). Müttəqi «Kənzül-ümmal» (6-cı cild, səh.22) və Təbəri, «Zəxairul-üqba» kitabında nəql etmişdir. Süyuti də öz «Ehyaül-məyyit» kitabında belə nəql edir: “ Təbərani Ömərdən nəql edir ki, Peyğəmbər (s) buyurdu: «Hər qadın uşaqlarının əsli-kökü babalarıdır. (Yə᾽ni, babalarının sülaləsi sayılır.) Fatimənin uşaqlarından başqa. Çünki, onların əsli-kökü və babaları mənəm» ].

Peyğəmbər (s) bütün münasib şəraitlərdə Әhli-beytin (ə) məqam və rütbələrini bəyan edirdi ki, ümmət onlara diqqət yetirərək məhəbbətlərini ürəklərində bəsləsinlər və onların yolunda hərəkət etsinlər.

Hədis və tarix kitablarında Peyğəmbərin (s) söylədiyi və bu mə᾽naları özündə əks etdirən «Səqəleyn» hədisi geniş yayılmışdır. Bu şərəfli hədisi müxtəlif fiqhi və siyasi məzhəblərə bağlı olan müsəlmanların hamısı öz kitablarında müxtəlif sözlərlə nəql etmişlər. Biz burada o müqəddəs hədisi həmin kitablarda yazılan şəkildə, yə᾽ni müxtəlif ifadələrlə sizə təqdim edirik.

SӘQӘLEYN HӘDİSİ

Həzrət Peyğəmbər (s) buyurmuşdur:

«Həqiqətən mən (Allah tərəfindən) də᾽vət olunmuşam və yaxın vaxtlarda (o də᾽vəti) icabət edəcəyəm, (Yə᾽ni, dünyadan köçəcəyəm) bir halda ki, sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram. Onlardan biri Allah-taalanın kitabı (Qur᾽an), digəri isə mənim itrətimdir. Allahın kitabı göydən yerə endirilən ipi xatırladır və itrətim isə mənim Әhli-beytimdir (ə). Mehriban olan Allah mənə xəbər vermişdir ki, bu iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmayacaqlar. Diqqətli olun və görün məndən sonra bu iki şeylə necə rəftar edəcəksiniz.» [Bu hədisi Tərmezi öz «Səhihində» (2-ci cild səh.380, «Әhli-beytin mənaqibində» fəsli) öz sənədi ilə Zeyd ibni Әrqəmdən nəql etmişdir və axırda artırmışdır: «Bu hədis gözəl və qəribə bir hədisdir». Bu hədisi Hakim öz «Müstədrək»ində (3-cü cild, səh.109) Zeyd ibni Әrqəmdən nəql etmişdir. Әhməd ibni Hənbəl də öz «Müsnəd»ində (3-ci cild, səh.17) Әbi Səid Xidridən nəql etmişdir. Həmin rəvayəti Təbərani «Mö᾽cəmül-kəbir» (1-ci cild, səh.129. Әlyazma) və Təbəri «Zəxairul-üqba»da (səh.16) Әhməddən rəvayət etmişdir.]

Şəbravi Şafeyi «Әl-ithafu bihubbil-əşrəf» kitabında yazır: «Müslim, Termezi və Hakim öz kitablarında Zeyd ibni Әrqəmdən rəvayət ediblər ki, (bir gün) Peyğəmbər (s) bizim aramızdan qalxıb xütbə oxudu və Allaha həmd-səna etdikdən sonra belə buyurdu:

«Ey insanlar! Mən də bir bəşərəm və yaxın vaxtlarda Rəbbimin elçisi (ölüm mələyi) mənim yanıma (canımı almağa) gələr və mən də ona cavab verərəm (dünyadan köçərəm.) Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyuram. Onlardan birincisi içərisində nur və hidayət olan Allahın kitabı (Qur᾽an)dır. Bəs Allahın kitabını tutun və ona sarılın.» Sonra buyurdu: «Digəri isə mənim Әhli-beytimdir (ə). Sizdən istəyirəm ki, onlar barəsində düşünərkən və rəftar edərkən Allahı yaddan çıxarmayasanız». [«Әlithafu bihubbil-əşraf», Şəbravi Şafeyi (səh.22)].

Şəbravi yenə yazır: Ayrı bir rəvayətdə belə deyilmişdir:

«Mən sizin aranızda iki şey qoyub gedirəm. Әgər onlara tabe olsanız, heç bir zaman yoldan çıxıb azmazsınız. O iki şey Allahın kitabı və mənim Әhli-beytimdir.»

Ayrı bir yerdə bu hədisin axırı bu şəkildə nəql edilmişdir :

«O iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmazlar. Baxın görün məndən sonra onlarla necə rəftar edəcəksiniz.»

Yenə də Şəbravi ibni Həcərin «Səvaiq» kitabından belə nəql edir: «Peyğəmbər (s) Qur᾽an və Әhli-beytə «Səqələyn» adını verdi. Çünki, «Səql» minnət ilə verilən dəyərli və ağır şeyə deyilir.

Qur᾽an və Әhli-beyt də bu xüsusiyyətə malikdirlər. Məhz buna görə də Peyğəmbər (s) öz ümmətini onlara tabe olaraq yolları ilə getməyə təşviq edir. Bə᾽ziləri isə deyirlər: «Onların hüqularının qorunması və riayət edilməsi vacib olduğu üçün onlara «Səqələyn» adı verilib. Onlar Allahın kitabını hamıdan artıq bildikləri üçün və Cənnət hovuzunda Peyğəmbərə (s) qovuşana qədər Qur᾽andan ayrılmayacaqlarına görə əziz tutulmalı və onların hüquqlarına riayət olunmalıdır. [«Әlithafu bihubbil-əşraf», Şəbravi Şafeyi (səh.22)].

Mərhum əllamə şeyx Məhəmməd-Cavad Bəlaği «Alaur-rəhman fi təfsiril-Qur᾽an» kitabında belə yazır: «Səqələyn hədisi hamı tərəfindən qəbul edilən hədisdir. Onu sünni qardaşlarımız da öz kitablarında yazmış və bu hədisi Peyğəmbərin (s) özündən eşidən səhabələrdən belə rəvayət etmişlər:

Səqələyn hədisini həzrət Peyğəmbərdən (s) eşidib nəql edənlər:

1. Әmirəl-mö᾽minin Әli ibni Әbi-Talib (ə).

2. Abbdullah ibni Abbas.

3. Әbuzər Ğəffari.

4. Cabir Әnsari.

5. Abdullah ibni Ömər.

6. Hüzəyfə ibni Әsad.

7. Zeyd ibni Әrqəm.

8. Әbdürrəhman ibni Of.

9. Zəmirə Әsləmi.

10. Amir ibni Leyla.

11. Әbu Rafe.

12. Әbu Hüreyrə.

13. Abdullah ibni Həntəb.

14. Zeyd ibni Sabit.

15. Ümmü Sələmə.

16. Ümmü Hani (Әlinin (ə) bacısı).

17. Xəzimə ibni Sabit.

18. Səhl ibni S᾽əd.

19. Әdi ibni Hatəm.

20. Әqəbə ibni Amir.

21. Әbu Әyyub Әnsari.

22. Әbu Səid Xidri.

23. Әbu Şureyh Xəzai.

24. Әbu Qədamə Әnsari.

25. Әbu Leyla.

26. Әbu Heysəm ibni Әttihan.

Ümmü Hanidən sonra adları çəkilən səhabələrin hər biri bu hədisi həm ayrılıqda zikr etmişlər və həm də bir gün Qureyşdən yeddi nəfər ilə birlikdə Kufə meydanında yığışaraq bu hədisi həzrət Peyğəmbərdən (s) eşitdiklərini e᾽lan etmişlər.

Deməli, bu yeddi nəfər hesaba alınmaqla səhabədən otuz üç nəfəri bu hədisi Peyğəmbərdən (s) nəql etmiş olurlar.

Bu hədisi Әbu Nəim Isfahani «Mənqəbətul mütəhhərin» kitabında müxtəlif sənədlərlə Cübeyr ibni Müt᾽əm, Әnəs ibni Malik və Bərra ibni Azibdən, Müvəffəq ibni Әhməd də Ömər ibni Asdan nəql etmişlər. Sünni qardaşlarımızın tək-tək hədis kitabları olar ki, bu hədis orada nəql edilməmiş olsun. Hədis kitabları yazılmağa başlayan vaxtdan bu günə qədər bu hədis neçə-neçə səhabələr tərəfindən rəvayət olunmuşdur. Hətta, bə᾽zi kitablarda iyirmiyə yaxın səhabənin adı çəkilərək bu hədis nəql olunmuşdur. Və yaxud, bə᾽zi kitablarda sənədsiz və qısa şəkildə nəql edilmişdir (məsələn, «Әssəvaiqul-məhrəqə» kitabı). Həmçinin, sənədli və geniş şəkildə də nəql olunmuşdur (məsələn, Səxavi, Süyuti, Səmhudi və sairələrin kitablarında).

Sonra mərhum Bəlaği öz sözlərinə əlavə edərək belə yazır: «Şiə alimləri də bu hədisi müxtəlif sənədlərlə imam Baqir (ə), imam Sadiq (ə), imam Kazim (ə) və imam Riza (ə) və onlar da öz babalarından və nəhayət həzrət Peyğəmbərdən (s) rəvayət etmişlər. Digər sənədlərlə də Әmirəlmö᾽minin (ə), Ömər, Übəyy, Cabir, Әbu Səid, Zeyd ibni Әrqəm, Zeyd ibni Sabit, Hüzəyfə ibni Әsid, Әbu Hureyrə və sairələri Peyğəmbərdən (s) rəvayət etmişlər. [«Alaurrəhman», mərhum Bəlaği, (səh.43. Ikinci çap)].

Әllamə Firuzabadi nəql etmişdir ki, «Səqələyn» hədisini Müslim öz «Səhih»ində, Әhməd ibni Hənbəl «Müsnəd»ində (4-cü cild, səh. 366), Beyhəqi «Sünən»ində (2-ci cild, səh. 431), Müttəqi «Kənzul-ümmal»da (1-ci cild, səh. 45 və 7-ci cild, səh. 102), Təhavi «Muşkilul-asar» da (4-cü cild, səh. 308), ibni Әsir «Üsdül-ğabə»də (2-ci cild, səh. 12), Süyuti «Dürrül-mənsur» da «Şura» surəsində «Məvəddət» ayəsinin təfsirində və «Müstədrəküs-səhihəyn»də (3-cü cild, səh. 109), Nisai «Xəsais» də (səh. 21) və «Müstədrəküs-səhihəyn»də (3-cü cild, səh. 148), Hənbəl «müsnəd»də Әbu-Səid Xidridən və o da Peyğəmbərdən (s) rəvayət etmişlər:

Bu hədis zahiri cəhətdən Qur᾽an və Әhli-beyti (ə) bir-birində birləşdirdiyi kimi, mə᾽nəvi cəhətdən də bunların arasında vəhdət oluğunu izah edir. Çünki, Qur᾽andan sonra, müsəlmanların müraciət edəcəkləri mənbə Әhli-beytdir (ə). Eyni zamanda Qur᾽anı onlardan artıq başa düşən bir kimsə yoxdur.

SӘFİNӘ HӘDİSİ

«Səqələyn» hədisi bizə Әhli-beyti (ə), Qur᾽anın mə᾽na və həqiqətlərini, hikmət və sirlərini bəyan edən şəxslər kimi tanıtdırdı. «Səfinə» hədisi isə onların müsəlmanlar üçün nicat gəmisi və qurtuluş yolu olduqlarını müəyyən edir. Bu hədisdə izah olunur ki, hər kim bu gəmidən istifadə etməzsə və onunla birgə hərəkət etməzsə, şübhə yoxdur ki, günah dənizində bataraq məhv olacaqdır. Eyni zamanda Әhli-beytin (ə) nicat gəmisinə minməyən şəxs insanları hidayət və mənəviyyat sahilləinə aparan ilahi rəhbərləri rədd edir və bununla da özünün əbədi bədbəxtçilik dənizində boğulmasına razı olur.

Şəbravi Şafeyi, Әbuzər Ğəffarinin xidmətçisindən belə rəvayət edir: «Bir gün Әbuzər Kə᾽bənin astanasına çıxdı və qapının halqasını tutub özünə tərəf çəkdi və belə dedi: Ay camaat! Hər kim məni tanıyırsa tanıyıb, tanımayanlar bilsinlər ki, mən Әbuzərəm! Mən Peyğəmbərdən (s) eşitdim ki, O, buyurudu:

«Mənim əhli-beytim Nuhun gəmisi kimidir. Hər kim ondan uzaq düşsə cəhənnəm oduna düşər.»

Yenə də Peyğəmbərdən eşitdim:

«Mənim əhli-beytimi bir bədəndə baş və yaxud bir başda gözün yerində fərz edin. Şübhəsiz bədən başsız və baş da gözsüz heç bir zaman bir iş görməyə qadir deyildir.» [«Әl-ithafu bihubbil əşraf (Şərbavi Şafeyi) Müəllifin öz sözü, səh.26.]

Әbu Nəsim öz sənədi ilə Səid ibni Cübeyr və ibni Abbasdan belə rəvayət edir: Peyğəmbər (s) buyurdu:

«Mənim əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Hər kim ona minsə nicat tapar və hər kim ondan üz döndərsə məhv olar.» [Bu hədisin nəql olunduğu kitabların bə᾽ziləri aşağıdakılardan ibarətdir: «Hilyətul-övliya» (4-cü cild, səh.306), «Zəvaidu müsnədil-Bəzar» (Әhli-beyt vəl-ərvah) fəsli, (səh.277), «Məcməüz-zəvaid» (9-cu cild, səh.163), «Möcəmül-kəbir» Təbərani (1-ci cild səh.125) «Müsnədi əlimam Әlhəsən (ə)», «Zəxairul-uqba (səh.20), «Müstədrək», Hakim (2-ci cild, səh.343) «Kənzul-ümmal» (6-cı cild, səh.216)]

Bu hədisi Hakim öz «Müstədrək»ində (2-ci cild, səh. 343) nəql etdikdən sonra demişdir: «Bu hədis «Səhihi Müslim» nöqteyi nəzərindən də düzgün bir hədisdir.» Bu hədis Әnəs ibni Malikdən də bu şəkildə rəvayət edilmişdi: Həzrət Peyğəmbər (s) buyurmuşdur:

«Mən və mənim Әhli-beytim Nuhun gəmisi kimiyik, hər kim ona minsə nicat tapar və hər kim ondan üz döndərsə həlak olar.»

Süyuti də bu hədisi «Dürrül-mənsur» kitabında aşağıdakı ayənin təfsirində nəql etmişdir:

«Biz (Bəni Israilə) bu qəsəbəyə girin dediyimiz zaman, onlara söylədik ki, oradan arzuladığınız şeyləri yeyin. Qəsəbənin qapısından girən zaman səcdə edin və «Ilahi, bizi bağışla» söyləyin və biz də sizi bağışlayaq.» (Bəqərə surəsi, 58-ci ayə)

Süyuti bu ayənin izahında ibni Әbi-Şeybədən, o da həzrət Әlidən (ə) belə izah edir:

«Həqiqətən biz (Әhli-beyt) bu ümmətin içərisində Nuhun nicat gəmisi və Bəni Israilin «məğfirət qapısı» (bağışlanma qapısı) misalındayıq.» [«Fəzailul xəmsəti fissihahi-ssittə» (2-ci cild səh.64)]

Bu hədisi Müttəqi də «Kənzul-ümmal» kitabında (6-cı cild, səh. 216) bu şəkildə nəql etmişdir:

«Mənim əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Kim ona minsə xilas olar və hər kim ondan üz döndərsə həlak olar. Həmçinin, ((Әhli-beytim) Bəni-Israilin «məğfirət» qapısına bənzəyər.»

Bu hədisi Təbərani də Әbuzər Ğəffaridən nəql etmişdir.

AMAN HӘDİSİ

Bu şərəfli hədis də öz növbəsində həzrət Peyğəmbərin (s) əhli-beytinin müsəlmanlar arasında siyasi-e᾽tiqadi mahiyyətini izah edir. Hər hansı bir millətin ən təhlükəli və xətərli məsələsi, onun siyasi-e᾽tiqadi məsələlərdə ixtilaf və təfriqələrlə üzləşməsidir. Həzrət Peyğəmbər (s) də öz ümmətinin gələcəkdə belə vəziyyətlərə düçar olmaması üçün və yaxud bu kimi şəraitlərdən çıxış yolu tapmaları üçün xüsusi bir layihə hazırlamışdır. O layihə Allahın əmri ilə ümməti Әhli-beytə (ə) tərəf sövq etdirmək və onların ətrafında birləşdirməkdən ibarət idi. Әvvəldə söylədiyimiz hədislərdə Әhli-beyt (ə) «nicat gəmisi» və «bağışlanma qapısı» kimi təqdim edildi. Indi söyləyəcəyimiz hədis isə Әhli-beyti (ə) ümmətin vəhdət mərkəzi və onları ixtilaf və azğınlıqdan qoruma vasitəsi kimi müəyyən edir. Әgər ümmət onların yolu ilə getsələr daimi olaraq ixtilaf və təfriqələrdən amanda qalarlar. Məhz, buna görə də bu hədisin adına «Aman hədisi» deyilmişdir.

Təbərani ibni Abbasdan rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur:

«Ulduzlar yer sakinlərini (gecələr dənizlərə gedərkən yolu tapmaqda) qərq və həlak olmaqdan amanda saxlayarlar, mənim isə əhli-beytim yer üzünün sakinlərini ixtilafdan amanda saxlayır.» [Bu hədisi Şəbravi Şafeyi «Әlithafu bihubbil-əşraf» kitabında (səh.20) nəql edərək səhih olduğunu qeyd etmişdir. Həmçinin, Hakim «Müstədrəküs-səhihəyn» kitabında, Müttəqi «Kənzul-ümmal» kitabınd (6-cı cild, səh.217) və ibni Həcər «Səvaiqul-məhrəqə»də (səh.140) rəvayət etmişdir.]

Təbəri də Әlidən (ə) rəvayət etmişdir ki, Peyğəmbər (s) belə buyurdu:

«Ulduzlar asimanın sakinlərinin əmin-amanlıq vasitələridir, onlar yox olub getsələr, sakinləri də aradan gedər. Mənim Әhli-beytim (ə) də yer əhlinin əmniyyət vasitəsidir, onlar aradan getsə, yer üzünün sakinləri də aradan gedər.»

Sonra artırır ki, Hənbəl də öz «Müsnəd»ində (mənaqib fəslində) bu hədisi nəql etmişdir. [«Fəzailul xəmsə fi sihahis-sittə» (2-ci cild, səh.68)].

KӘSA HӘDISI

«Kəsa» sözü əba mə᾽nasındadır. Bu hədisin «Kəsa» adlandırılmasının səbəbi budur ki, Peyğəmbər (s) öz Әhli-beytini toplayıb əbasını onların üzərinə çəkdi və bu hədisi buyurdu.

Həzrət Peyğəmbər (s) bu hədisi «Təthir» ayəsi nazil olan zaman Әhli-beyt (ə) (Әli, Fatimə, Həsən və Hüseyn) haqqında buyurmuşdur. Biz əvvəldə «Qur᾽anda Әhli-beyt» fəslini yazarkən, Təthir ayəsinin izahında bə᾽zi təfsirçilərin sözlərini və bu barədə olan hədisləri söyləyərək bu mövzunu bəyan etdik. Burada isə bu mətləbi daha aydın işıqlandırmaq və Peyğəmbərin (s) bu mövzuya föqəl᾽adə əhəmiyyət verdiyi üçün bu hədisi izah edən digər rəvayətləri də siz əziz oxuculara təqdim edirik.

Bu hədis, təfsir və hədis kitablarında müxtəlif şəkildə nəql edilmişdir. Biz onlardan yalnız bir neçəsinə işarə edəcəyik:

Әhməd ibni Hənbəl öz «Müsnəd» ində Ümmü-Sələmədən belə rəvayət etmişdir: «Bir gün Peyğəmbər (s) mənim evimdə olarkən, xidmətçi gəlib ona dedi ki, Әli və Fatimə (ə) qapıda gözləyirlər. O həzrət mənə buyurdu: «Qalx ayağa və mənim Әhli-beytimdən (ə) kənarda dur. Mən də qalxdım və evin yaxın bir guşəsinə çəkildim. Sonra Әli və Fatimə və hələ də xırda uşaqlar olan Həsən və Hüseyn (ə) otağa daxil oldular. Peyğəmbər (s) Həsən və Hüseyni (ə) qucağında oturdub öpdü, sonra bir qolunu Әlinin, digər qolunu isə Fatimənin boynuna saldı və üstlərini qara bir əba ilə örtüb belə dua etdi:

«Ilahi, mən və Әhli-beytim sənə sarı üz tutmuşuq, cəhənnəmə sarı yox!

Ümmü Sələmə dedi: «Mən də, ey Allahın Peyğəmbəri!» Peyğəmbər (s) buyurdu:

«Sən də.»

Vahid də «Әsbabün-nüzul» kitabında Ümmü Sələmədən bu şəkildə rəvayət etmişdir:

Bir gün Peyğəmbər (s) mənim evimdə idi. Bu zaman Fatimə (ə) bir qab dolusu yeməklə Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər (s) buyurdu:

«Get ərini və övladlarını da çağır.»

O da Әli (ə) və övladları Həsən və Hüseyni çağırdı. Onlar birlikdə əyləşib yeməyə başladılar. Peyğəmbər (s) yerdə əyləşmişdi və altında bir xeybər əbası var idi. Ümmü Sələmə deyir ki, mən də otaqda idim. Gördüm ki, o həzrət əbanı götürüb onların üstünə örtdü və belə dua etdi:

«Ey Allah! Bunlar mənim Әhli-beytim və seçilmişlərimdir. Onları bütün pislik və çirkinliklərdən uzaqlaşdır və pak-pakizə et.»

Ümmü Sələmə deyir: «Mən də başımı örtüyün altına daxil etdim və dedim: Ey Allahın Peyğəmbəri! Mən də sizinlə birlikdəyəm?» Peyğəmbər (s) buyurdu:

«Sən də xoşbəxt və səadətlisən (Amma Әhli-beytdən deyilsən.)»

Bu vaxt Allah-taala tərəfindən «Təthir» ayəsi nazil oldu.

[«Әlfüsulul-muhimmə». Ibni-Səbbağ Maliki (səh. 25-27]

MӘVӘDDӘT HӘDİSİ

Biz əvvəlki söhbətlərimizdə Qur᾽anın Məvəddət ayəsi barəsində danışarkən Məvəddət hədisi barəsində olan rəvayət və sənədləri təqdim etdik. Burada isə yenidən o hədisi və Peyğəmbərdən (s) Әhli-beyt (ə) barəsində nəql olunan digər hədisləri də gətirməyi lazım bilirik:

Әhməd, Təbərani və Hakim ibni Abbasdan rəvayət etmişlər ki, Məvəddət ayəsi Peyğəmbərə (s) nazil olan zaman müsəlmanlar dedilər: «Ey Allahın Peyğəmbəri! Әqrəbalarından bizlər üçün dostluq və məhəbbətləri vacib olanlar kimlərdir? O həzrət cavab verdi:

«Onlar Әli, Fatimə və oğlanlarından ibarətdir»

Bəzzaz və Təbərani nəql edirlər: «Imam Həsən ibni Әli (ə) bir gün xütbə oxuyaraq belə buyurdu:

«Məni tanıyanlar tanıyır, tanımayanlar da bilsinlər ki, mən Məhəmməd (Peyğəmbər (s)) oğlu Həsənəm. Bilin ki, mən sizləri (Cənnətlə) mükafatlandıran və (Cəhənnəmlə) qorxudan şəxsin balasıyam. Mən o Әhli-beytin övladıyam ki, Allah onları sevməyi bütün müsəlmanlara vacib etmişdir. (Ey Peyğəmbər müsəlmanlara) söylə ki, mən sizlərdən (çəkdiyim zəhmətlərin müqabilində) əqrabalarımı sevməkdən başqa bir şey istəmirəm. Hər kim yaxşı əməl etsə, biz də o əməlin yaxşılığını artırarıq. Ayədə işarə olunan yaxşı əməldən məqsəd biz Әhli-beytin məhəbbət və dostluğudur.» [«Әl-ithafu bihubbil-əşraf» (Şəbravi Şafeyi, səh.17-18)].

Әbulhəsən Bəğəvi öz təfsirində ibni Abbasdan belə rəvayət edir: Allah-taala Məvəddət ayəsini nazil etdiyi zaman (müsəlmanlar) dedilər: «Ey Allahın Peyğəmbəri! Bu ayədə Allah tərəfindən bizlər üçün dostluq və məhəbbətləri vacib olan şəxslər kimlərdir?! Buyurdu:

«Onlar Әli, Fatimə və iki oğlanlarıdır.»

Sədi, ibni Malikdən o da ibni Abbasdan nəql edərək deyir:

«Hər kim bir yaxşı əməl edərsə, biz də onun o əməlinin yaxşılığını artırarıq» ayəsindəki «yaxşı əməl»dən məqsəd Məhəmmədin (s) övladlarını, Әhli-beyti (ə) sevməkdir. [«Әlfüsulul-muhimmə fi əhvalil əimmə» (Ibni Səbbağ Maliki, səh.29.]

Әhli-beyti (ə) sevmək, onlara itaət etmək və yollarından çıxmamaq haqqında nəql olunan hədislərin hamısını bu kitabda yazmaq mümkün deyildir. Biz onların bə᾽zilərini seçib siz əziz oxuculara təqdim etdik. Әlbəttə, onu da qeyd edək ki, yazdığımız hədislərin tarix və hədis kitablarında özünəməxsus yeri vardır.

Oxucuların bu barədə mə᾽lumatlarının artırılması və Әhli-beytə (ə) qarşı olan məhəbbətlərinin dərinləşməsi, həmçinin onların yolunda hərəkət etməyə təşviq olunmaları və şəfaətlərinə ümüdlərinin artırılaması üçün o müqəddəslərin haqqında söylənən hədis və rəvayətlərdən bir neçəsini nəql etmək istəyirik.

Təbərani «Mö᾽cəmul-ovsət» kitabında ibni Həcərdən nəql etmişdir: «Peyğəmbər (s) ömrünün axır anlarında söylədiyi sözlər bunlar idi:

«Məndən sonra Әhli-beytimi (hüquqlarını) riayət edin.» [ Bu hədisi Süyuti «Ehyaul-məyyit» (səh.20), Təbərani «Әlovsət», Heysəmi «Məcməüz-zəvaid» (9-cu cild, səh.163), ibni Hacər «Səvaiqul-məhrəqə»də (səh.90) nəql etmişlər.]

Təbərani «Mö᾽cəmul-ovsət» kitabında Cabir ibni Abdullah Әnsaridən, o da Peyğəmbərdən (s) belə nəql edir:

«Ey insanlar! Hər kim biz Әhli-beytlə düşmən ola, Allah-taala qiyamət günü onu yəhudi şəklində məhşur edər.» [Bu hədisi Süyuti «Ehyaül-məyyit» (səh.22), Heysəmi «Məcməüz-zəvaid»də (9-cu cild, səh.173) Təbəranidən nəql etmişlər.]

Müslim, Termezi və Nisai, Zeyd ibni Әrqəmdən Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişlər:

«(Ey müsəlmanlar!) Әhli-beytimin haqqında (düşünərkən) Allahı yaddan çıxarmayın.» [«Səhihi-Müslüm (4-cü cild, səh. 1873), «Fəzailüs-səhabə», (Әli (ə) fəzilətləri fəsli), Müsnədi Әhməd» (4-cü cild səh. 366), Ehyaul məyyit (səh. 11)]

Xətib Bəğdadi öz tarixində həzrət Әli (ə) vastəsilə Peyğəmbərdən (s) belə rəvayət etmişdir:

«Mənim şəfaətim ümmətimdən o şəxslərə yetişəcək ki, Әhli-beytimi seviblər.» [Bu hədis Xətib Bəğdadinin tarixində (2-ci cild, səh. 146) bir qədər geniş şəkildə nəql edilmişdir. Eləcə də Kənzül-ümmal (6-cı cild, səh. 217, 3800-cü hədis) və «Ehyaül-məyyit» kitabında (səh. 37) rəvayət etmişlər.]

Qeyd etdiyimiz hədislər Әhli-beytin (ə) dostluğu və onları sevərək yollarında hərəkət etməyin vacib olmasını izah edən bə᾽zi nümunələr idi.

DİGӘR HӘDİSLӘR

Әhli-beytin (ə) barəsində daha bir neçə hədisi də nəzərinizə çatdıraraq bu hissəni tamamlayırıq. Peyğəmbər (s) belə buyurmuşdur:

«Biz Әhli-beytlə heç kəs müqayisə oluna bilməz.»

Göründüyü kimi bu şərəfli hədisdə Peyğəmbər (s) Әhli-beytinin (ə) ülvü məqamını və nəhayətsiz dərəcələrini göstərərək, ümməti onlara tərəf istiqamətləndirir. Həmçinin, ümmətlə onların arasında olan müqayisəolunmaz fərqləri açıqlayaraq, onları insaniyyət, şərafət, ülviyyət və mədəniyyət xəzinələrinə doğru hərəkət etməyə təşviq edir.

Peyğəmbər (s) başqa bir hədisdə Әhli-beytin (ə) barəsində bu şəkildə söhbət açır:

«Biz elə bir ailəyik ki, Allah bizim üçün axirəti dünyadan (dünyada yaşamaqdan) yüksək bilmişdir. Mənim Әhli-beytim (ə) məndən sonra müxtəlif ədalətsizlik və çətinliklərlə rastlaşacaq. Bu vəziyyət bu tərəfdən (şərq tərəfinə işarə edərək) qara bayraqlı insanlar gələnə qədər davam edəcək. Onlar həqiqəttələb olduqları halda, haqqı onlara verməzlər. Onlar həqiqət yolunda müharibə edib zəfər qazanarlar. Sonra onlara istədiklərini verərlər, lakin onlar o (zəfər) bayrağı mənim Әhli-beytimin (ə) bir nümayəndəsinə və yer üzünü bürüyən zülmü ədalətlə əvəz edən şəxsə çatdırmayanadək qəbul etməzlər. Hər kim o zaman həyatda olsa və (ayaq üstə durmağa imkanı olmasa) üzü üstündə yol getməyə məcbur olsa da, çalışsın özünü o insanlara yetirsin.»

Deyləmi Әbu Səiddən belə nəql edir:

Peyğəmbər (s) buyurdu:

«Hər kim mənim Әhli-beytimlə (pis) rəftar etməklə məni narahat etsə, Allahın qəzəbi o adam üçün şiddətli olar.»

Həzrət Әli (ə) Peyğəmbərdən (s) belə rəvayət etmişdir:

«(Ey müsəlmanlar!) üç keyfiyyəti övladlarınıza öyrədib tərbiyələndirin; Peyğəmbərimizi sevmək, Әhli-beytini sevmək və Qur᾽an oxumaq. Şübhəsiz, Qur᾽an daşıyanlar (onu öyrənib əməl edənlər) qiyamət günündə heç bir gölgə olmayan zaman, Allahın sayəsində gölgələnərlər. (Onlar) Allahın Peyğəmbərləri və digər seçilmiş bəndələri ilə birlikdə məhşur olar.»

Təbərani ibni Abbasdan, o da Peyğəmbərdən (s) belə rəvayət edir:

«(Qiyamət günü) bütün bəndələrə bu dörd sualları verməmiş qoymazlar bir addım irəliləsin; ömrünü hansı şeylərə fənaya verdiyindən, bədənini nələrdə qocaltdığından, mal-dövləti hardan qazanıb, harada məsrəf etdiyindən və biz Әhli-beytin (ə) məhəbbət və dostluğundan.»

Başqa bir hədisdə Peyğəmbər (s) ümmətini Әhli-beytə (ə) tərəf sövq etdirərək, onların elmi və bilik dərəcələrini müsəlmanlara göstərir və yollarını itirdikləri, fitnələrə qapıldıqları zaman onlara müraciət etməyə rəğbətləndirir. Bəli, Qur᾽anın kamil alimləri və onun dərin mə᾽nalarına mükəmməl bələdçilər onlardır.

Təbərani «Mütəllib ibni Abdullah Həntəbədən» o da babasından belə nəql edir: «Bir gün Peyğəmbər (s) «Cöhfə» məntəqəsində xütbə oxuyaraq buyurdu:

(Ey müsəlmanlar!) Mən sizə özünüzdən yaxın deyiləmmi? (Sizin ixtiyar sahibiniz deyiləm?).»

Dedilər: «Bəli, ey Allahın Peyğəmbəri! Sən bizə özümüzdən yaxınsan.» O həzrət (s) buyurdu:

«Bilməlisiniz ki, (qiyamət günü) mən iki şeyin haqqında sizdən mütləq soruşacağam. O iki şeyin biri Qur᾽an, digəri isə Әhli-beytimdir.»