«Şübhəsiz, biz zikri (Qur ᾽anı) nazil etdik və həqiqətən onu qoruyacağıq.»

Qur᾽an, Allahın kitabı və eyni zamanda öz Peyğəmbəri həzrət Məhəmməd ibni Әbdüllaha (s) nazil etdiyi vəhydir. Allah-taala bu müqəddəs Qur᾽anı hər cür nöqsan və təhriflərdən qorumuşdur. Bu ilahi vəhyə heç bir tərəfdən batil olan şeylər yol tapa bilməz. Məhz buna görədir ki, Qur᾽ani-kərim bu gün bizim əlimizə Peyğəmbərə (s) nazil olduğu şəkildə gəlib çatmışdır. Bu ilahi kəlamdan nə bir şey azaldılmış və nə də ona bir şey artırılmışdır.

Bu əzəmətli və ilahi kitab şəriətin qaynağı, hədislərin mizanı, düşüncə və anlayışların dəqiq me᾽yarıdır. Həmçinin bu kitab islam mədəniyyətinin düşüncə tərzinin mənşəyi və insanların xoşbəxtlik vasitəsi və səadət qaynağıdır.

Bu ilahi vəhy tarixlər boyu müsəlmanlar tərəfindən nəsildən-nəslə təhvil verilmiş, eyni zamanda fövqəladə diqqət və sədaqətlə onu Cəbrailin Peyğəmbərə (s) nazil etdiyi şəkildə saxlamış və zəbt edərək bir-birlərinə nəql etmişlər. Bütün müsəlmanlar bu sözlərin düz olmasında və bunun ziddinə nəql edilən bütün uydurma hədisləri rədd etməkdə həmrəydirlər.

Məşhur Qur᾽an təfsirçisi Әllamə şeyx Həsən Təbərsi (Allah ruhunu şad etsin) hansı ki, onun təfsiri alim və təfsirçilər üçün mö᾽təbər mənbə hesab olunur. O, öz «Məcməul-bəyan» təfsirində belə yazır:

«Qur᾽andan bir şeyin ixtisar edilməsi və ya ona bir şeyin əlavə edilməsi haqqında danışmağa dəyməz. Çünki, Qur᾽ana bir şeyin artırılmasını müsəlmanlardan heç bir kim qəbul etməmişdir. Amma, Qur᾽andan bir şeyin çıxarılmasına gəldikdə isə, onu «Həşəviyyə» təriqətli sünnilər və şiələrdən bir neçə nəfər söyləmişdir. Amma, şiələrin doğru və qəti nəzərləri bu sözün əksinədir.»

Mərhum Seyyid Mürtəza şiələrin bu nəzərini «Tarablos sualları» haqqında yazdığı cavabında kamil bir şəkildə açıqlamış və sübut etmişdir. O, sözlərinin müxtəlif yerlərində tə᾽kid etmişdir ki:

«Qur᾽anın əhatə etdiyi mövzunun sağlamlığı, hamısının ilahi vəhy olduğunun məşhur və qəti olması, tarixdə baş verən böyük hadisələrin, böyük şəhərlərin, kitabların, ədəbi əsərlərin və ərəb şe᾽rlərinin məşhurluğu kimidir. Hətta Qur᾽an, düzlükdə məşhur olmaqda adı çəkilən şeylərdən irəlidədir. Çünki, Qur᾽an nübüvvətin mö᾽cüzəsi, şəriət elmlərinin və din hökmlərinin qaynağı olduğu üçün müsəlmanlar və islam alimləri onu hifz etməkdə bütün bacarıq və sə᾿ylərini sərf etmişlər. Qur᾽ana qarşı olan bu maraq, diqqət və məhəbbət elə bir yerə çatmışdır ki, onlar hətta onun e᾽rab və qiraətində olan incəlikləri və hərflərinin, ayələrinin dəqiq sayında belə tədqiq etmiş, kitablarda və təfsirlərdə qeyd etmişlər. Bütün bunlarla yanaşı müsəlmanlar müxtəlif dövrlərdə Qur᾽anın qorunması və saxlanılması yolunda əllərindən gələn hər bir fədakarlığı göstərmişlər. Bəs görəsən bu qədər böyük diqqət və maraq olduğu halda Qur᾽anın dəyişdirilməsi və nöqsanlaşdırılması necə mümkün ola bilər?! Qur᾽anın təfsir və hissələrinin doğruluğuna olan qəti biliyimiz, eyni ilə Qur᾽anın özünün qəti və şübhəsizliyinə olan biliyimiz kimidir. Bunu da yenə bir misal ilə izah etmək istəyirik. Məsələn, tarixdə bir çox yazıçı və elm xadimləri tərəfindən müxtəlif kitablar yazılmış və bu kitablar müxtəlif dövri şəraitlərdə məşhurlaşmışlar. Bu kitablardan bə᾽ziləri elə yüksək dərəcədə şöhrət tapıblar ki, bir kimsə onlara bir şey artırmaq və ya ixtisar etməyə cür᾽ət edə bilməz. Çünki, o kitablara diqqət və maraq göstərən oxucular, onun bütün hissə və fəsilləri, həmçinin əhatə etdiyi mövzuları ilə tanışdırlar. Məsələn, əgər bir şəxs Sibəveyhin «Әl-kitab» adı ilə məşhur olan ərəb qarammatikasının sintaktikasına aid yazılmış kitaba bir şey əlavə etmək istərsə, əlbəttə buna cür᾽ət edə bilməz. Çünki, bu kitab o qədər məşhurdur ki, bu elm sahəsində mütəxəssis olan şəxslər onun bütün hissələri ilə tanışdırlar. Hətta ən kiçik bir dəyişiklik belə nəzərə çarparaq mə᾽lum olar. Məzni və sair müəlliflərin də əsərlərini beləcə misal çəkmək olar. Lakin, insafı olan bir kimsə bunu çox yaxşı bilir ki, Qur᾽ana olan diqqət və maraq adını çəkdiyimiz kitablaradan daha çoxdur. Bu müqddəs kitaba tarixlər boyu minlərcə təfsirlər yazılmış və minlərlə insan onu oxuyaraq əzbərləmişlər. Hələ çap maşınları mövcud olmayan zamanlarda Qur᾽an, əlyazma şəklində minlərcə nüsxələr dünyanın müxtəlif nöqtələrində yayılmışdır...»

Yenə Seyyid Mürtəza yazır:

«Qur᾽an Peyğəmbərin (s) zamanında indi mövcud olduğu şəkildə yazılmış və toplanıb tərtib edilmişdir. Sübutu da budur ki, Qur᾽an o vaxt dərs verilib əzbərlətdirilirdi. Hətta səhabələrdən bə᾽ziləri Qur᾽anı yaxşı əzbərləmək üçün tə᾽yin olmuşdular. Müsəlmanlar müntəzəm olaraq həzrət Peyğəmbərin (s) yanına gəlib Qur᾽an tilavət edər və öz qiraət səhvlərini düzəldərdilər. Hətta Әbdüllah ibni Məs᾽ud, Übeyy ibni Kə᾽b kimi səhabələrdən bə᾽ziləri neçə dəfə Qur᾽anı Peyğəmbərin (s) yanında əvvəldən axıra qədər oxumuşdular. Bir az diqqət etdikdə mə᾽lum olur ki, bunların hamısı Qur᾽anın münəzzəm və kamil olduğuna aşkar sübutdur. Әgər «Həşəviyyə» sünniləri və şiələrin bə᾽ziləri bu sözün əksini söyləyirlərsə də, onların sözləri e᾽tina ediləcək bir şəkildə deyildir. Çünki, o sözü deyənlər bir dəstə hədis əhlidirlər ki, bə᾽zi hədisləri nəql edib onların doğruluğuna inanırlar. Xülasə, şiələr və onların tədqiqatçı alimlərinin qəti nəzəri budur ki, Qur᾽an təhrif edilməmişdir».

Məşhur şiə alimlərindən biri (hicri-qəməri tarixi ilə 381-ci ildə vəfat etmiş) mərhum Şeyx Səduq hansı ki, şiələrin dörd mö᾽təbər kitablarından biri «Mən la yəhzurul-fəqih» və onlarca digər dəyərli kitabların müəllifidir. O, özünün «E᾽tiqadati Səduq» adlı məşhur kitabında belə yazır:

«Bizim e᾽tiqad və inamımız budur ki, Allahın Peyğəmbərə (s) nazil etdiyi Qur᾽an bu gün müsəlmanların əlində mövcud olan Qur᾽anın özüdür; ondan bir kəlmə əskilməmiş və ya artırılmamışdır. Hər kim biz şiələrin adından Qur᾽anın bundan qeyri cür olduğunu demiş olsa, yalandan söz düzəltmişdir.»

Şeyx Səduq sözlərinin davamında öz sözlərinə dəlil və sübut gətirməyə başlamışdır. [«Məəl-Xətib fi xututihil ərizə, Şeyx Lutufullah Safi (səh. 42)].

Şeyx Tusi adı ilə məşhur olan (hicri-qəməri tarixi ilə 460-cı ildə vəfat etmiş) mərhum Şeyxut-taifə Әbu Cə᾽fər Məhəmməd ibni Həsən Tusi (şiənin dörd mö᾽təbər kitabından ikisinin müəllifidir) «Təfsirut-tibyan» kitabında öz nəzərini belə bəyan edir:

«Qur᾽andan bir şeyin ixtisar edilməsi və ya ona bir şeyin əlavə edilməsi barəsində danışmağa dəyməz, çünki bu sözləri heç bir müsəlman qəbul etmir. Qur᾽andan bir şeyin azaldılmasını bir dəstə istisna olmaqla, bütün müsəlmanlar rədd edirlər. Bu məzhəbin də rə᾽yi bundan ibarətdir. Seyyid Mürtəzanın da sözlərindən və həmçinin doğru-düzgün hədislərimizdən də bu məsələ aydınlaşır.

Hədislərdə də müxtəlif şəkillərdə, əlimizdəki Qur᾽anı oxumaq və ona əməl etmək tövsiyə edilmişdir. Həmçinin imamlar, hədislərin doğru olub-olmamasını bilmək üçün onları Qur᾽anla üzləşdirib müvafiq olaraq yoxlamağa əmr etmişdir. Bu məşhur hədisin həzrət Peyğəmbərdən (s) nəql edilməsini bütün müsəlmanlar qəbul edirlər. O həzrət buyurdu:

«(Ey müsəlmanlar!) mən sizin aranızda iki ağır (dəyərli) əmanət qoyub gedirəm. O iki şeydən möhkəm yapışıb ayrılmasanız, heç bir vaxt azmazsınız və doğru yoldan çıxmazsınız: (onların biri) Allahın kitabı (Qur᾽an) digəri isə Әhli-beytimdir. Bu iki şey bir-birlərindən ayrılmazlar.»

Bu hədis aydın şəkildə dəlalət edir ki, Qur᾽ani-kərim bütün əsrlərdə mövcud olacaq. Әgər belə olmasaydı, Peyğəmbər (s) hədisdə qeyd olunan məsələyə necə əmr edərdi?! Görürük ki, Әhli-beyt (ə) da Qur᾽an kimi bütün dövrlərdə mövcuddurlar və müsəlmanların vəzifəsi budur ki, heç vaxt Qur᾽an və Әhli-beytdən (ə) ayrılmasınlar. Beləliklə, aramızda olan bu Qur᾽anı hər bir müsəlman qəbul edir. Belə olan halda bizim vəzifəmiz onu oxuyub əməl etmək və onun təfsir və mə᾽nalarını bəyan etməklə məşğul olmaqdır». [«Təfsirut-tibyan» (1-ci cild, səh. 3, Nəcəf çapı)].

Böyük şiə alimi Şeyx Məhəmməd Cavad Bəlaği «Alaur-rəhman fi təfsiril Qur᾽an» kitabında Qur᾽anın əbədi kitab olmasına və onun hər cür təhriflərdən uzaq qalmasını gözəl dəlillərlə bəyan etmişdir. O, öz sözlərinin bir hissəsində belə yazır:

«Qur᾽ani-kərim tarixlər boyu nəsildən-nəslə keçmiş və bütün müsəlmanlar ona ilahi bir kitab kimi inanmışlar. O, minlərcə nüsxələrə köçürülərək müxtəlif yerlərdə yayılmış və bu iş bu günə qədər davam etməkdədir. Müsəlmanlar gecə-gündüz bu Qur᾽anı üzündən oxumuş və qarilərin qiraətinə qulaq asmışlar. Minlərlə Qur᾽an hafizi bu müqəddəs kitabı əzbərləmiş və sonradan yazılan və yaxud yüz minlərcə Qur᾽anın doğru və nöqsansız olmasına nəzarət etmişlər. Buna görə də, tarixdə ardıcılları tərəfindən eyni səviyyədə qəbul edilməsi, şöhrəti, tanınması və öz orjinallığını əsrlər keçdikdən sonra qoruyub saxlamaq cəhətindən Qur᾽anla müqayisə oluna biləcək bir kitab yoxdur. Allah-taala özü də Qur᾽anın «Hicr» surəsinin 9-cu ayəsində buna aşkar və᾽d verərək buyurmuşdur:

«Həqiqətən biz zikri (Qur᾽anı) nazil etdik və şübhəsiz biz onu qoruyub saxlayacağıq.»

Yenə də «Qiyamət» surəsinin 18-ci ayəsində buyurur:

«Həqiqətən o (Qur ᾽anı) toplamaq və (sənə) oxumaq bizim vəzifəmizdir.»

Beləliklə də, əgər oxucular bə᾽zi nadir və zəif hədislərdə Qur᾽anın təhrifi haqqında bir şey görsələr onlara əhəmiyyət verməməli və bilməlidirlər ki, onların məzmunu bir-biri ilə müxalif və rəvayət edənləri isə zəif, həmçinin müsəlmanların ümumi fikirlərinin ziddinə danışan adamlardır».

Mərhum Bəlaği yenə öz təfsirində «Imamiyyə şiəsinin nəzərinə görə Qur᾽anda nöqsan yoxdur» başlıqlı yazısında belə demişdir:

Rəvayətləri mö᾽təbər sayılan məşhur şiə hədisçisi Şeyx Səduq E᾽tiqadat» kitabında belə demişdir: ...Biz şiələrin e᾽tiqad və inamı budur ki, Allahın Peyğəmbərə (s) nazil etdiyi Qur᾽an bu gün müsəlmanların əlində olan Qur᾽anın özüdür və bundan başqa bir şey deyildir. Hər kim bizim adımızdan Qur᾽anın bundan başqa olmasını desə, bizim dilimizdən yalan danışmışdır.»

Məşhur şiə alimi mərhum Şeyx Mufid «Әlməqalat» kitabının bir fəslində demişdir:

«Imamiyyə şiələrinin çoxu Qur᾽andan nə bir kəlmə nə də ki, bir surənin ixtisar edilməsinə qail deyildirlər. Amma, Әmirəlmö᾽minin Әli ibni Әbi Talibin (ə) müshəfində ayələrin yanında yazılmış olan təfsir və izahlar bu gün əlimizdə olan Qur᾽anda yazılmışdır». (Lakin, Qur᾽anın əsli əvvəlki kimi mövcuddur.)

«Kaşiful-ğita» kitabında Qur᾽an fəslinin 8-ci bəhsində belə yazılmışdır:

«Şübhə yoxdur ki, Qur᾽an Allah-taalanın nəzarəti ilə bütün çatışmamazlıqdan qorunmuşdur. Bu fikri Qur᾽anın özü açıqca bəyan etmişdir. Bir sözlə alimlərin hamısı bu mətləbdə həmrəydir».

Mərhum Şeyx Bəhaəddin də belə nəql etmişdir:

Qur᾽ana bir şeyin artırılıb və ya ondan bə᾽zi şeylərin azaldılması haqqında bə᾽zi adamlar ixtilaf etmişlər. Amma, həqiqi nəzər budur ki, Qur᾽an bu kimi şeylərdən məhfuzdur və Qur᾽andakı «Biz onu qoruyacağıq» ayəsi buna sübutdur.»

Müqəddəs Bağdadinin «Şərhi-vafiyə» kitabında belə nəql edilmişdir:

«Şiə alimləri arasında ümumi fikir budur ki, Qur᾽andan bir şey azalmamışdır. Hətta, şiə alimlərinin bu fikirdə həmrəy olmaları da nəql edilmişdir».

Müqəddəs Bağdadi sözünün davamında yazır:

«Şeyx Әli ibni Әbdülali Qur᾽anın kamil olduğu və ondan heç bir şeyin ixtisar edilməməsi barəsində müstəqil bir kitab yazmışdır. O, kitabda bu sözləri qeyd etdikdən sonra mərhum Şeyx Səduqdan əvvəldə nəql etdiyimiz sözləri və Qur᾽anın naqis olmasına dəlalət edən bə᾽zi rəvayətləri nəql edib belə cavab verir: «Әgər bir hədis, Qur᾽an və ya mütəvatir (düzlüyündə şübhə olmayan) hədislər və ya alimlərin ümumi şəkildə qəbul etdikləri fikirlə uyğun olmazsa və heç bir şəkildə onları doğru-düzgün təfsir etmək mümkün olmazsa, gərək o hədislər rədd oluna.» [«Alaur-rəhman» (təfsiri, mərhum Bəlaği, təfsirin müqəddiməsindən)].

Müasir alim, böyük mücahid Şeyx Məhəmməd Hüseyn Ali Kaşiful-ğita «Şiəliyin kökü və əsasları» adlı kitabında öz nəzərlərini bu şəkildə izah edir:

«Bu gün müsəlmanların əlində mövcud olan bu Qur᾽an Allah-taalanın Peyğəmbərə (s) bir mö᾽cüzə və kafirlərə qarşı mübarizə vasitəsi olaraq göndərdiyi kitabın özüdür. Onda nə bir çatışmamazlıq meydana gəlmiş, nə təhrif, nə də əlavələr olmamışdır. Bu məsələdə müsəlmanlar ümumi şəkildə həmrəydirlər...»

Böyük islahçı və şiə alimi mərhum Әllamə Seyyid Әbdul-Hüseyn Şərəfüddin «Әlfüsulul-muhimmə fi tə᾽lifil-ümmə» kitabında bu məsələ haqqında öz nəzərlərini belə yazır:

«Qur᾽an Müqəddəs kitabdır ki, heç bir tərəfdən ona batil fikirlər yol tapa bilməz və həqiqi Qur᾽an bu gün müsəlmanların əlində olan bu Qur᾽anın özüdür. Ona bir şey artırılmamış və heç bir şey də əskildilməmişdir. Həmçinin, bir kəlmə digər bir kəlmə ilə və ya bir hərf başqa hərflə dəyişdirilməmişdir. Hətta, Qur᾽anın bütün hərfləri də belə, Peyğəmbərin (s) zamanından bu günə qədər bütün nəsillərə mütəvatir, qəti və dəyişməyən bir şəkildə nəql edilmiş və əldən-ələ, dildən-dilə dolaşmışdır. Qur᾽an Peyğəmbərin (s) zamanından bu günə olduğu kimi bir yerə topladılmışdır. Cəbrail (ə)-da onu dəfələrlə həzrət Peyğəmbərə (s) təqdim edib göstərirdi. Buna görə də «Həşəviyyə» kimi bə᾽zi cərəyanların bu mövzudakı düzgün olmayan nəzərlərinin heç bir e᾽tibarı yoxdur. Çünki, onlar doğru bir anlayışa malik deyillər».

Yenə, şiələrin böyük şəxsiyyəti, din alimi mərhum Seyyid Möhsün Hüseyni Amili «Ә᾽yanuş-şiə» kitabında bu məsələ haqqında bu şəkildə fikir söyləmişdir:

«Şiələrin, istər klassik, istərsə də müasir alimlərindən heç birisi Qur᾽ana bir şeyin artırıldığını söyləməmişlər. Və onların hamısı bu fikirdədirlər. Eyni zamanda Qur᾽andan bir şeyin azaldılmaması məsələsində də tədqiqatçı şiə alimlərinin hamısının fikri birdir».

Bəli, Qur᾽an budur və Әhli-beytin (ə) məktəbi də bu (əlimizdəki) Qur᾽ana Peyğəmbərə (s) nazil olan Qur᾽an kimi baxır. Dünyada bəşəriyyət olduğu qədər Qur᾽an da olacaq, onların həyatlarında daimi olaraq nur saçıb parlayacaq və insanları hidayət və təkamülə doğru sövq etdirəcəkdir.

Göründüyü kimi alimlər və tədqiqatçılar Qur᾽anın təhrifi haqqında söylənən hədisləri, müsəlmanların arasında düşmənlər tərəfindən çirkin niyyətlərlə uydurulmuş yalanlar hesab edirlər. Elm və bilik anlayışlarına malik olan şəxslər onları şiddətlə rədd edirlər. Bir də bə᾽zi hədislər vardır ki, onların üzərində diqqətlə düşünməyən adam belə fikirləşir ki, o hədislər Qur᾽anın naqis olduğuna və ya ayrı bir Qur᾽anın mövcud olduğuna dəlalət edir. Necə ki, bə᾽ziləri belə xəyal etmiş və islam düşmənləri də bundan əks istifadə edib müsəlmanları bir-birinə qarşı qoymuşlar. O da budur ki, imamların bə᾽zilərindən, məsələn imam Sadiq (ə)-dan nəql edilmişdir ki, Imam (ə) öz sinəsinə işarə edərək buyurdu:

«And olsun Allaha, Peyğəmbərin silahı, qılıncı və zirehi biz (imamların) yanındadır. And olsun Allaha Fatimənin «müshəfi» bizim yanımızdadır. O müshəfdə Qur᾽andan heç bir ayə də yoxdur. Onu Peyğəmbər (s) imla etmiş və Әli (ə) da öz əli ilə yazmış... [«Biharul-ənvar» Әllamə Məclisi (4-cü cild, səh. 270)].

Bə᾽ziləri xəyal ediblər ki, imam Sadiq (ə) bu sözü deməklə bildirmək istəyib ki, bu Qur᾽andan başqa müshəf (Qur᾽an) da vardır və o da imamların yanındadır. Bə᾽zi qərəzli adamlar da bunu bəhanə edib, şiələrin adını ləkələmək istəyirlər. Halbuki, ərəb dilindən bir az xəbəri olan sadə bir adam da bunu anlayır ki, imam Sadiq (ə)-ın «Müshəf» kəlməsini deməkdən məqsədi nə olmuşdur. Bu kəlmənin mə᾽nasını başa düşmək üçün lüğət kitablarına müraciət etmək kifayətdir.

Rağib Isfəhani «Müfrədat» kitabında «Səhifə»kəlməsini belə izah edir: «Hər bir açıq və geniş şeyə səhifə deyərlər, çöhrə səhifəsi kimi və həmçinin üzərində bir şey yazılana da səhifə deyilir ki, bunun cəm forması «Səhaif» və «Suhuf» kəlmələridir. Qur᾽anda da buyurur:

«Elə pak səhifələr oxuyur ki, onda dəyərli və sağlam kitablar vardır.»

Bə᾽zi şəxslər bu «suhuf» (səhifələr) kəlməsinin «Qur᾽an» mə᾽nasında işlənməsini başa düşürlər. Çünki, Qur᾽anda yazılmış səhifələr vardır.

Deməli «Müshəf», daxilində yazılı səhifələr olan şeyə (kitaba) deyilir ki, onun cəm forması «Məsahif» kəlməsidir. [«Mö᾽cəmu mufrədati əlfazil-Qur᾽an», Rağib Isfəhani, («Müshəf maddəsi).]

Beləliklə, «Müshəf» kəlməsi müasir dildə «kitab» deməkdir və Qur᾽ana məxsus bir ad deyildir. Yə᾽ni, bir cild içərisində bir miqdar yazılı səhifə olarsa, ona «Müshəf» deyilir. Qur᾽an da bir miqdar səhifələrdən toplandığı üçün ona da «Müshəf» deyilmişdir. Allah-taala bu müqəddəs kitaba «Qur᾽an», «Zikr», «Fürqan», «Kitab» və sairə adlar vermişdir. Amma Qur᾽ana «Müshəf» adını qoymamışdır. Bəlkə, müsəlmanlar Qur᾽an toplandıqdan sonra ona «Müshəf» adını vermişlər.

Xülasə, bu yanlış fikrin yaranmasına səbəb budur ki, onlar Müshəfin ədəbi mə᾽nası ilə lüğətdəki mə᾽nasını qarışdıraraq Imamın (ə) «Müshəf» kələməsindən Qur᾽anı nəzərdə tutduğunu zənn etmişlər. Halbuki, Imam (ə) özü anlaşılmamazlıq yaranmasın deyə, o hədisdə «Onda Qur᾽andan bir ayə də belə yoxdur», deyərək bu fikri izah etmişdir. Yə᾽ni, Fatimənin (ə) Müshəfi Qur᾽an deyildir və onda Qur᾽andan bir şey yoxdur. Ümumiyyətlə o vəhy deyil, Peyğəmbərin (s) imla etdiyi (dediyi) və Әlinin (ə) yazdığı bir kitabdır.

Bə᾽zi alimlər deyiblər ki, «Müshəfe Fatimə» Peyğəmbərin (s) həzrət Zəhraya tə᾽lim və tərbiyə məqsədi ilə öyrətdiyi dua və nəsihətlərdir.

Görürük ki, bə᾽zi müsəlmanlar bu sadə şeyi səhvən və yaxud da qəsdən düzgün olmayan bir şəkildə düşünərək bəyan etmişlər.

Allah hamımızı xəta və günahlardan hifz etsin!