1- Vacib : Yerinə yetirilməsi vacib, tərk olunması isə ilahi əzaba səbəb olan əməllərə deyilir, məsələn namaz.
2- Haram : Tərk edilməsi vacib, yerinə yetirilməsi isə ilahi əzaba səbəb olan əməllərə deyilir, məsələn yalan danışmaq.
3- Müstəhəbb : Yerinə yetirilməsi bəyənilən və savabı olan, amma tərk edilməsində əzabı olmayan işlərə deyilir, məsələn gecə namazı.
4- Məkruh : Tərk edilməsi bəyənilən və savabı olan, lakin yerinə yetirilməsi ilahi əzaba səbəb olmayan əməllər, məsələn xörəyi yandıra-yandıra yemək.
5- Mübah : Yerinə yetirilməsi və tərk edilməsi eyni səviyyədə olan iş, onun nə əzabı vardır, nə də savabı. Bizim gündəlik əməllərimizdən çoxu kimi.
Təqlid
Təqlid – şəriət məsələlərində müctəhidin göstərişlərinə əməl etmək deməkdir. Yəni təqlid edən şəxsin öz işlərini müctəhidin fətvasına uyğun yerinə yetirməsidir.
1. Təqlid edən şəxsə müqəllid deyilir.
2. Beləliklə, məlum olur ki, şəriət məsələlərində müsəlmanların əksəriyyətinin vəzifəsi təqlid etməkdir.
3. Başqalarının təqlid etdiyi müctəhidin özünə isə "mərcəye –təqlid" deyilir.
4. Təqlid olunan müctəhid gərək aşağıdakı sifətlərə malik olsun:
- Adil olsun ;
- Diri olsun ;
- Kişi olsun ;
- Baliğ ( yəni həddi - büluğa çatmış ) olsun ;
- 12 imam şiəsi olsun ;
- Vacib ehtiyata əsasən « Ələm » ( digərlərindən daha bilikli ) olub , dünyaya həris olmasınlar .
Mərcəyi təqlidin haqqında izahat
1-Adil o şəxsə deyilir ki, ədalət qüvvəsinə (səciyyəsinə) malik olsun. Ədalət də nəfsani bir halət və səciyyədir ki, insanı təqvaya vadar edir, onu kəbirə günahlara mürtəkib olmaqdan və kiçik günahlara israr etməkdən çəkindirir.
2. Təzə mükəlləf olan, yaxud indiyə qədər təqlid etməyən şəxs dünyadan getmiş müctehidə təqlid edə bilməz. O diri bir müctehidə təqlid etməlidir.
3. Əgər bir kəs müctehiddən təqlid etsə və həmin müctehid vəfat etsə bu zaman ölü müctehidə təqlid etməkdə qalmaq, diri müctehidin icazəsi ilə olmalıdır.
4-Ölü müctehidə təqlid etməkdə qalan şəxs ölü müctehidin fətva vermədiyi yeni məsələlərdə diri müctehidə təqlid etməlidir.
5. Mükəlləfin təqlid etdiyi müctehid Cəfəri məzhəbinin davamçısı olmalıdır. Yəni 12 imamı qəbul edən şiə olmalıdır. Cəfəri məzhəbinə mənsub olanlar qeyri imamçı alimlərin fətvasına əsasən əməl etməməlidirlər.
6. İslam dini qadın və kişinin vəzifələrini onların təbiyətinə və yaradılışına münasib təyin etmişdir. Elə buna görə də «Mərcəiyyət» kimi çox ağır bir məsuliyyəti xanımların öhdəsindən götürmüşdür. Bu onların azadlıqlarının əldən alınmaları mənasında deyildir. Xanımlar da islamın elmlərində inkişaf edib ictihad dərəcəsinə yetişib, əhkamı Quran və Sünnə mənbələrindən ələ gətirmək qabiliyyətinə çata bilərlər. Bu zaman onlar heç kəsdən təqlid etməyə bilərlər.
7-Ələm o şəxsə deyilir ki, o hökmlərin (Quran və Sünnətdən) istinbat olunmasında daha ustaddır.
8-Mükəlləfin ələm müctehidi tanımaq üçün axtarış aparması vacibdir.
9-Mükəlləf şəxs təqlid etməkdə müstəqildir və başqalarına tabe olmur. Məsələn, qadın bu məsələdə ərinə tabe deyildir və onun əri başqa müctehidə təqlid edirsə belə onun özü hər kəsi ələm hesab etsə ona təqlid etməlidir.