Namaz qılan şəxs, namaz qılmazdan öncə dəstəmaz alaraq özünü bu böyük ibadət üçün hazırlamalıdır.
Bəzi hallarda da qüsl etməlidir, yəni bədəninin hər bir yerini yumalıdır. Əgər dəstəmaz ala, yaxud qüsl edə bilməsə, onun yerinə təyəmmüm adlı başqa bir əməli görməlidir ki, bu dərs və gələn dərsdə onların hər birinin hökmü ilə tanış olacaqsınız.
Dəstəmaz necə alınır?
Dəstəmazda əvvəlcə üz yuyulur, sonra sağ, ondan sonra isə sol qol yuyulur. Bu üzvlər yuyulduqdan sonra əlin içində qalan rütubətlə başa məsh edilir, yəni əl onun üzərinə çəkilir. Sonra əvvəlcə sağ ayaq, sonra isə sol ayağın üstünə məsh çəkilir. İndi dəstəmazın əməlləri ilə daha artıq tanış olmaq üçün aşağıdakı cədvələ baxın.
Dəstəmazın əməllərinin izahı
Yumaq :
1-Üzün və əllərin yuyulmasında vacib miqdar qeyd olunanlardır. Lakin həmin vacib miqdarın yuyulduğuna yəqin etmək üçün onun ətrafı da bir qədər yuyulmalıdır.
2-Ehtiyat vacibə görə üzü və əlləri yuxarıdan aşağı istiqamətdə yumaq lazımdır. Əgər aşağıdan yuxarı yuyulsa dəstəmaz batil olur.
MƏSH
Başa məshin çəkilməsi
1-Məshin yeri: Başın, alının yuxarı hissəsində olan dörddə bir (qabaq) hissəsi məsh yeridir.
2-Məshin vacib miqdarı: Nə qədər olsa kifayətdir (o qədər olmalıdır ki, “məsh çəkib” deyilə bilsin).
3-Onun müstəhəbb miqdarı: Eni üç bağlı barmaq, uzunluğu isə bir barmaq miqdarındadır.
4-Sol əllə məsh etmək: caizdir.
5-Məshin başın dərisinə çəkilməsi vacib deyil, hətta başın qabağında olan tüklərə də çəkilməsi səhihdir. Amma əgər başın tükləri çox uzundursa və daranan zaman üzə düşürsə, o halda gərək başın dərisinə, yaxud tüklərin dibinə məsh edilsin.
6-Başın başqa yerlərinin tüklərinə məsh çəkmək səhih deyildir, hətta onlar məsh yerində bir yerə yığılmış olsa da.
Ayağa məsh çəkilməsi
1-Məshin yeri: ayağın üstüdür;
2-Məshin vacib miqdarı: uzunluğu barmağın başından ayağın üstündəki çıxıntıya qədər. Eni isə hər nə qədər olsa kifayətdir, hətta bir barmaq enində də ola bilər.
3-Məshin müstəhəbb miqdarı: ayağın üstünün hər yeri.
4-Sağ ayağa sol ayaqdan qabaq məsh çəkilməlidir. Lakin sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh çəkilməsi vacib deyil.
Başa və ayağa məsh çəkilməsində müştərək məsələlər
1-Məshdə əli başa və ayaqlara çəkmək lazımdır. Əgər əli saxlayıb başı və ya ayaqları hərəkət etdirsələr dəstəmaz batildir. Amma əgər əli çəkəndə baş, yaxud ayaq azacıq hərəkət etsə eybi yoxdur.
2-Əgər məsh çəkmək üçün əlin içində rütubət qalmamışsa əli başqa su ilə islatmaq olmaz, gərək başqa dəstəmaz üzvlərindən rütubət götürülüb məsh çəkilsin.
3-Əlin rütubəti o miqdarda olmalıdır ki, başa və ayaqda iz qoya bilsin.
4-Məsh çəkilən yer (baş və ayaqların üstü) quru olmalıdır. Deməli əgər məsh çəkilən yer yaş olsa onu qurutmaq lazımdır. Amma əgər onun rütubəti əlin rütubətinin təsir qoyacağına mane olmayacaq qədər az olsa, eybi yoxdur.
5-Əl ilə başın, yaxud əl ilə ayağın arasında, çadra, papaq, corab, ayaqqabı kimi şeylər fasilə salmamalıdır hətta çox nazik və zərif olsalar və rütubət dəriyə çatsa da belə (amma zərurət və çıxılmaz hallarda istisna olunur).
6-Məsh çəkilən yer pak olmalıdır. Deməli əgər nəcisdirsə və onu suya çəkmək mümkün deyildirsə, təyəmmüm edilməlidir.