Dəstəmaz aşağıda deyiləcək şərtlərlə səhihdir. Onlardan hər birinin aradan getməsi ilə dəstəmaz batil olur.

Dəstəmaz suyu və onun qabının şərtləri

1-Nəcis və muzaf su ilə dəstəmaz almaq batildir, istər şəxs onun nəcis, yaxud muzaf olmağını bilsin, istərsə də bilməsin və ya unutmuş olsun.

2-Dəstəmaz suyu mübah olmalıdır. Buna əsasən aşağıdakı hallarda dəstəmaz batildir:

* Sahibinin razı olmadığı su ilə dəstəmaz almaq. (Onun razı olmadığı məlumdur.)

* Sahibinin razı olub-olmadığı məlum olmayan su.

* Xüsusi şəxslərə vəqf olunan su, məsələn bəzi mədrəsələrin hovuzları, bəzi hotellərin və müsafirxanaların dəstəmazxanaları kimi.

3-Böyük arxlardan dəstəmaz almağın eybi yoxdur, istər insan sahibinin bu işə razı olmasını bilsin, istərsə də bilməsin. Amma əgər onların sahibləri dəstəmaz almağının qarşısını alsalar vacib ehtiyat dəstəmaz almamaqdır.

4-Əgər dəstəmazın suyu qəsbi qabda olsa və onunla dəstəmaz alınsa batildir.

Dəstəmaz üzvlərinin şərtləri

1-Dəstəmaz üzvlərini yuyarkən və məsh edərkən pak olmalıdır.

2-Əgər dəstəmaz üzvlərində bir şey olsa və suyun ona yetişməsinin qarşısını alsa, yaxud məsh üzvlərinin üstündə olsa, hətta suyun ona çatmasının qarşısını almasa belə dəstəmaz üçün aradan qaldırılmalıdır.

3-Avtoqələmlərin saldığı xətlər, rəng ləkələri, yağlılıq və krem əgər qatlığı olmayan rəng olsa dəstəmaza mane deyil. Əgər qatlığı olsa (dərinin üstünü tutmuşsa) aradan qaldırılmalıdır.

Dəstəmazın keyfiyyətinin şərtləri

Tərtib

Dəstəmazın işləri aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

* Üzün yuyulması;

* Sağ əlin yuyulması;

* Sol əlin yuyulması;

* Başa məsh çəkilməsi;

* Sağ ayağa məsh çəkilməsi;

* Sol ayağa məsh çəkilməsi.

Əgər dəstəmazın əməllərinin ardıcıllığı pozulsa dəstəmaz batil olur

Muvalat

1-Muvalat – yəni dəstəmazın əməllərini ardıcıl, fasiləsiz yerinə yetirmək, onların arasında fasilə salmamaq

2-Əgər dəstəmazın əməllərinin arasında çox fasilə salsa, belə ki, bir yeri yumaq, yaxud məsh etmək istədikdə ondan əvvəl yuyulan, yaxud məsh edilən yerlərin rütubəti qurumuş olsa dəstəmaz batildir.

  • Başqalarından kömək almamalıdır .

1) Dəstəmaz işlərini şəxsən yerinə yetirə bilən bir şəxs başqalarından kömək almamalıdır. Deməli əgər başqa bir şəxs onun üzünü, yaxud əllərini yusa və yaxud onun məshini yerinə yetirsə dəstəmazı batildir.

2) Dəstəmaz ala bilməyən bir şəxs naib tutmalıdır ki, ona dəstəmaz aldırsın. Əgər əmək haqqı da istəsə imkanı olan təqdirdə verməlidir. Amma dəstəmaz niyyətini özü etməlidir.

Dəstəmaz alanın şərtləri

1-Dəstəmaz alacağı təqdirdə xəstələnəcəyini bilən, yaxud xəstələnəcəyindən qorxan bir şəxs təyəmmüm etməlidir, əgər dəstəmaz alarsa batildir. Amma əgər suyun ona zərərli olmasını bilmədən dəstəmaz alsa, sonra zərərli olduğunu bilsə, dəstəmazı səhihdir.

2-Dəstəmaz qürbət qəsdi ilə, yəni Allah taalanın əmrini yerinə yetirmək üçün alınmalıdır.

3-Niyyəti dildə demək, yaxud qəlbdən keçirmək vacib deyil. Sadəcə olaraq dəstəmaz aldığını bilirsə kifayətdir. Belə ki, əgər ondan “nə edirsən?” - deyə soruşsalar, “dəstəmaz alıram” - deyə bilsin.