Cəbirənin tərifi : Yaranın üzərinə qoyulan dərman, yaxud yaranın bağlandığı şey cəbirə adlanır.

1-Dəstəmaz üzvlərində yara, yaxud sınıqlığı olan şəxs adi qaydada dəstəmaz ala bilərsə, elə o cür də dəstəmaz almalıdır.

Məsələn:

a) Yaranın üstü açıqdır, suyun da ona heç bir zərəri yoxdur.

b) Yaranın üstü bağlıdır, lakin onun açılması mümkündür, suyun da zərəri yoxdur.

2-Əgər yara üzdə və əllərdə olsa, üstü də açıq olsa, suyun tökülməsinin də zərəri olarsa, onun ətrafı yuyulsa kifayətdir.

3-Əgər yara, yaxud sınıqlıq başın qabaq tərəfində, yaxud ayaqların üstündədirsə (məsh yerlərindədirsə), onun üstü açıqdırsa və ona məsh edə bilməzsə, gərək onun üzərinə pak bir parça qoysun, əldə qalan dəstəmaz suyunun yaşlığı ilə parçanın üstündən məsh etsin.

cəbirƏ dƏstƏmazının yerinƏ yetirilmƏsi qaydası

Cəbirə dəstəmazında yuyulması və yaxud məsh edilməsi mümkün olan yerlər adi qaydada yuyulmalı və məsh edilməlidir, mümkün olmayan hallarda isə yaş əllə cəbirənin üstünə çəkmək lazımdır.

Bir neçƏ mƏsƏlƏ:

1-Əgər cəbirə yaranın ətrafını adi qaydadan artıq örtmüş olsa və onun götürülməsi mümkün olmasa, cəbirə dəstəmazı almaq vacibdir və ehtiyat vacibə görə təyəmmüm də etmək lazımdır.

2-Vəzifəsinin cəbirə dəstəmazı, yoxsa təyəmmüm olduğunu bilməyən bir şəxs vacib ehtiyata görə hər ikisini etməlidir.

3-Əgər cəbirə üzün hər yerini, yaxud əllərdən birinin hər yerini örtmüş olsa, cəbirə dəstəmazı kifayətdir.

4-Əlinin içində və barmaqlarında cəbirəsi olan, dəstəmaz vaxtı onun üstünə yaş əllə çəkən bir şəxs başına və ayaqlarına da həmin rütubətlə məsh edə bilər, həmçinin dəstəmazın başqa üzvlərindən də rütubət götürə bilər.

5-Əgər üzdə və əllərdə bir neçə cəbirə olsa, onların arası yuyulmalıdır. Əgər cəbirələr başda, yaxud ayaqların üstündə olsa onların arasına məsh edilməlidir. Cəbirə olan yerlərdə isə cəbirə göstərişlərinə əməl edilməlidir.

Hansı işlər üçün dəstəmaz alınmalıdır

1-Namaz qılmaq üçün (meyyit namazından başqa);

2-Kəbənin vacib təvafını yerinə yetirmək üçün;

3-Bədənin hər hansı bir yerini Qurana, yaxud Allahın adına toxundurmaq üçün;

Bir neçə məsələ

1-Əgər namaz, yaxud vacib təvaf dəstəmaz olmadan yerinə yetirilsə batildir;

2-Dəstəmazı olmayan bir şəxs bədəninin hər hansı bir yerini aşağıdakı şeylərə vura bilməz:

* Quranın yazısı; lakin onun tərcüməsinin eybi yoxdur;

* Hansı dildə yazılmasından asılı olmayaraq Allahın adı: Allah; Xuda,

* Peyğəmbər (s.)-in adı (vacib ehtiyata görə);

* İmamların (ə) adları (ehtiyat vacibə görə);

* Həzrət Zəhra (ə.s)-ın adı (ehtiyat vacibə görə).

3-Aşağıdakı işlər üçün dəstəmaz almaq müstəhəbdir:

* Məscidə və imamların hərəminə getmək üçün;

* Quran oxumaq üçün;

* Quranı yanında (üstündə) gəzdirmək üçün;

* Bədənin hər hansı bir yerini Quranın cildinə, yaxud haşiyəsinə toxundurmaq üçün;

* Qəbiristan əhlinin ziyarəti üçün.

Dəstəmaz necə batil olur?

1-İnsandan bövl, ğait, yaxud mədə yelinin xaric olması;

2-Qulağın eşitmədiyi və gözün görmədiyi dərəcədə olan yuxu;

3-Əqli aradan aparan şeylər, məsələn dəlilik, məstlik, bihuşluq;

4-Qadınların istihazəsi;

5-Qüslə səbəb olan şeylər, o cümlədən cənabət və məssi-meyyit kimi.