( dƏstƏmaz vƏ qüsl ƏvƏzinƏ olan tƏyƏmmüm)

Aşağıdakı hallarda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək lazımdır:

1-Su tapılmazsa, yaxud onu əldə etmək mümkün olmazsa;

2-Suyun insana zərəri olsa (məsələn sudan istifadə etdikdə onda müəyyən xəstəlik yaranacaqsa);

3-Əgər suyu dəstəmaz və ya qüsl üçün işlədəcəyi təqdirdə özü, həyat yoldaşı, yaxud övladları, yaxud dostu-tanışı, yaxud onunla əlaqədar başqa şəxslər susuzluqdan öləcəklərsə, yaxud xəstələnəcəklərsə; həmçinin canının qorunması vacib olan bir şəxs su verilməyəcəyi təqdirdə tələf olması gözlənilən qədər susuz olsa, hətta ixtiyarında olan heyvan olsa belə (suyu ona verməlidir və təyəmmüm etməlidir);

4-İnsanın bədəni, yaxud paltarı nəcis olsa, su da onu paklamaqdan artıq olmasa, başqa paltarı da olmasa;

5-Qüsl etmək, yaxud dəstəmaz almaq üçün vaxtı olmasa;

Necə təyəmmüm edək?

Təyəmmümün əməlləri

1-İki əlin içini birlikdə təyəmmümün səhih olduğu şeylərə vurmaq;

2-Hər iki əli birlikdə alının bütövünə və onun iki tərəfinə – tük bitən yerdən qaşların üstünə və burunun yuxarısına qədər çəkmək;

3-Sol əlin içini bütünlüklə sağ əlin üstünə çəkmək;

4-Sağ əlin içini bütünlüklə sol əlin üstünə çəkmək;

Təyəmmümün bütün işləri təyəmmüm qəsdi ilə və Allahın göstərişinə itaət etmək məqsədi ilə olmalı, eləcə də qüsl, yoxsa dəstəmaz əvəzində edilməsi məlum edilməlidir.

Təyəmmüm etməyin səhih olduğu şeylər

* Torpaq;

* Qum;

* Müxtəlif daşlar, o cümlədən qara daş, mərmər daş, gəc daşı (bişməmişdən qabaq), əhəng daşı (bişirilməmişdən qabaq).

* Bişmiş palçıq: kərpic və kuzə kimi.

Bir neçə məsələ

1-Dəstəmaz əvəzinə alınan təyəmmümün, qüsl əvəzinə alınan təyəmmümlə heç bir fərqi yoxdur, yalnız niyyətdə fərqlənir.

2-Dəstəmaz əvəzinə təyəmmüm edən bir şəxs üçün dəstəmazı batil edən işlərdən qarşıya çıxsa təyəmmümü batil olur.

3-Qüsl əvəzinə təyəmmüm edən bir şəxs üçün qüsl yaradan səbəblərdən biri, o cümlədən cənabət, yaxud məssi-meyyit kimi işlər qarşıya çıxsa, təyəmmümü batil olur.

4-Təyəmmüm o halda səhih ola bilər ki, dəstəmaz ala bilməsin, yaxud qüsl edə bilməsin. Buna əsasən əgər heç bir üzrü olmadan təyəmmüm etsə, səhih deyildir. Əgər üzrü olsa və aradan qalxsa, məsələn su tapmadığına görə təyəmmüm etmişsə, sonradan su tapılsa, təyəmmümü batil olur.

5-Əgər cənabət qüslu əvəzinə təyəmmüm edərsə, namaz üçün dəstəmaz alması lazım deyil. Lakin əgər başqa qüsullar əvəzinə təyəmmüm etmişsə, təyəmmümlə namaz qıla bilməz, namaz üçün dəstəmaz almalıdır. Əgər dəstəmaz ala bilməsə, dəstəmaz əvəzinə daha başqa bir təyəmmüm etməlidir.

Təyəmmümün səhih olması şərtləri:

* Təyəmmüm üzvləri, yəni alın və əllər pak olmalıdır.

* Alın və əllərin üstü yuxarıdan aşağıya doğru məsh edilməlidir.

* Üzərinə təyəmmüm edilən şeylər pak və mübah olmalıdır.

* Tərtibə riayət edilməlidir.

* Muvalata riayət edilməlidir.

* Əl ilə alın arasında, həmçinin əlin içi ilə arxası arasında məsh edərkən bir şey fasilə salmamalıdır.