Müsəlmanların iqtisadi vəzifələrindən biri də xums verməkdir; yəni bəzi hallarda öz malının beşdə birini xüsusi yerlərdə xərclənmək üçün islam hakiminə verməlidir.
Yeddi şeyə xums vacibdir
* İllik xərclərdən artıq qalanlar (kəsb mənfəəti);
* Mədən;
* Xəzinə;
* Müharibə qənimətləri;
* Dənizin dibinə girməklə əldə edilən cəvahirlər;
* Haram mala qarışan halal mal;
* Zimmi kafirin müsəlmandan aldığı torpaq sahəsi;
Xumsun verilməsi də namaz-oruc kimi vacibdir və qeyd olunan yeddi şeyə malik olan ağıllı və həddi-büluğa çatmış bütün şəxslər ona əməl etməlidir.
Hər kəs təklif həddinə çatmaqla eyni zamanda özünün oruc-namazını yerinə yetirmək fikrində olduğu kimi xums və zəkat verməyi və sair vacibləri də əməl etməyin fikrində olmalıdır. Buna görə də şəri məsələləri ehtiyac duyulan qədər öyrənmək və onların nə vaxt vacib olduğunu bilmək lazımdır. Biz bu kitabda xumsun vacib olduğu və cəmiyyət üzvlərinin əksəriyyətinin qarşılaşdığı hallardan birini araşdıracağıq, bu da insanın özünün və ailəsinin illik xərclərindən artıq qalan hissəsinin xumsudur.
Bu məsələnin aydın olması üçün iki sual və onun cavabını qeyd edirik:
1-İllik xərclik dedikdə məqsəd nədir?
2-Bir il qəməri aylarla hesablanmalıdır, yoxsa günəş ili ilə və onun əvvəli hansı vaxtdır?
İllik xərclər
İslam dini insanların kəsb-ticarət və işinə ehtiram qoyur, onların öz ehtiyaclarının təmin olunmasını xums verməkdən irəli salır. Buna əsasən hər kəs il boyunda öz ehtiyaclarını öz qazancından təmin etsə və ilin axırında bir şey artıq qalmasa onun xumsu vacib deyildir. Lakin adi qaydada və ehtiyacları həddində yaşasa, xərclərdə ifrata varmasa və özünü də çətinliyə salmasa, ilin axırında da bir şey artıq qalsa, artıq qalanın beşdə birini müəyyən olunmuş yerlərdə xərclənmək üçün verməli, beşdə dörd hissəsini özü üçün saxlamalıdır.
Deməli, xərclər dedikdə insanın özünün və ailəsinin ona ehtiyac duyduğu şeylərdir. O cümlədən:
* Yemək və geyim;
* Qab-qacaq, xalça, palaz və sair kimi mənzil vəsaitləri;
* Təkcə ticarət və iş üçün olmayan nəqliyyat vasitəsi;
* Qonaqlıq xərcləri;
* İzdivac xərcləri;
* Ehtiyac duyulan kitablar;
* Ziyarət yoluna xərclədikləri;
* Bir kəsə verdiyi hədiyyə və mükafatlar;
* İnsanın verdiyi sədəqələr, nəzirlər və kəffarələr;
Xums ili
İnsan həddi-büluğa çatdığı ilk gündən namaz qılmalı, Ramazan ayının orucunu tutmalıdır. Onun əldə etdiyi ilk qazancdan bir il keçdikdən sonra, keçən ilin xərclərinin artıq qalanının xumsunu verməlidir. Buna əsasən xumsu hesablayarkən ilin əvvəli olaraq qazanc əldə etdiyi gün, onun axırı isə şəmsi ili ilə o tarixdən bir il keçənə qədərdir.
Deməli aşağıdakı şəxslər üçün ilin əvvəli belədir:
* Əkinçi üçün: İlk məhsul tədarükü;
* Qulluqçular üçün: Əldə etdikləri ilk maaş;
* Fəhlələr üçün: Aldıqları ilk əmək haqqı;
* Dükan sahibi üçün: Yerinə yetirdiyi ilk müamilə;
Aşağıdakı yollarla əldə edilən malın xumsu yoxdur
1-İrs yolu ilə əldə olunan mal;
2-İnsana hədiyyə olunan mal;
3-İnsanın aldığı mükafatlar;
4-İnsana bayramlıq kimi verilən şeylər;
5-Bir şəxsə xums, zəkat və ya sədəqə kimi verilən mallar.
Xumsu verməməyin təsirləri
1-Malın xumsunu verməyincə ondan istifadə etmək olmaz. Yəni xumsu verilməmiş yeməyi yeyə bilməz, xumsu verilməmiş pul ilə bir şey ala bilməz.
2-Əgər xumsu verilməmiş pul ilə (şəriət hakiminin icazəsi olmadan) alver edərsə, bu müamilənin beşdə bir hissəsi batildir.
3-Əgər xumsu verilməmiş pulu hamamçıya verib orada qüsl etmək istəsə, qüslu batildir.
4-Əgər xumsu verilməmiş pul ilə ev alsa, o evdə qılınan namaz batildir.
Xumsun hökmləri
1-Əgər qənaət etməklə illik xərclərdən bir şey artıq qalsa, onun xumsu verilməlidir.
2-Əgər ev üçün aldığı avadanlıqlar və vəsaitlərdən ehtiyacsız olsa, vacib ehtiyata görə onun xumsunu verməlidir. Məsələn daha böyük bir soyuducu alsa və əvvəlki soyuducuya ehtiyacı olmasa.
3-İllik qazanclarından həmin ildə sərf etmək üçün aldığı yeyinti maddələri və azuqə. Məsələn düyü, yağ, çay və sair. Əgər bu kimi şeylər ilin axırında artıq gəlsə xumsu verilməlidir.
4-Əgər həddi-buluğa çatmamış uşağın sərmayəsi olsa və ondan qazanc əldə edilsə, vacib ehtiyata görə həddi-büluğa çatdıqdan sonra xumsunu verməlidir.
Xumsun sərf olunma yerləri
Malın xumsunu iki yerə bölmək lazımdır, onun bir hissəsi imam Zaman (ə)-ın hissəsidir və cameuş-şərait (insanın təqlid etdiyi) müctehidə, yaxud onun nümayəndəsinə verilməlidir. Digər yarısını isə cameuş-şərait müctehidə verməli, yaxud onun icazəsi ilə müəyyən şərtlərə malik olan seyyidlərə verilməlidir.
Xums verməyin mümkün olduğu seyyidlərin şərtləri :
* Fəqir, yaxud səfərdə qalmış olsun, hətta öz şəhərində fəqir olmasa belə;
* On iki imamçı şiə olsun;
* Açıq-aşkarda günah etməsin (ehtiyat vacibə görə) və xums vermək onun günah işlərinə kömək olmasın;
* İllik xərcləri onun öhdəsinə olan həyat yoldaşı və övlad kimi şəxslərdən olmasın (ehtiyat vacibə görə).