Hər bir insan cəmiyyətdə baş verən xoşagəlməz işlər, tərk olunan və unudulan yaxşı işlər qarşısında məsuliyyət daşıyır. Buna əsasən əgər vacib bir iş tərk edilsə, yaxud haram işə baş qoşulsa onların qarşısında sükut edib laqeyd yanaşmaq caiz deyildir və vaciblərin bərqərar edilməsi və haramların qarşısını almaq üçün tədbir görmək bütün cəmiyyət fərdlərinə lazımdır və bu iş əmr be məruf və nəhy əz münkər adlanır.

Əmr be məruf və nəhy əz münkərin əhəmiyyəti

İmamların (ə) bəzi kəlamlarında belə qeyd olunur:

* Əmr be məruf və nəhy əz münkər ən mühüm və şərafətli vacibatdandır.

* Dini vacibatlar əmr be məruf və nəhy əz münkər səbəbi ilə bərqərardır.

* Əmr be məruf və nəhy əz münkər dinin zəruri əməllərindəndir. Hər kəs onu inkar etsə kafirdir.

* Əgər insanlar əmr be məruf və nəhy əz münkəri tərk edərsə, xeyir-bərəkət aradan qalxar və duaları qəbul olunmaz.

Məruf və münkərin tərifi

Din hökmlərində bütün vacib və müstəhəbb əməllərə məruf, haram və məkruh olan bütün işlərə münkər deyilir. Buna əsasən cəmiyyət üzvlərinin vacib və müstəhəbb əməllərə vadar edilməsi əmr be məruf, onların haram və məkruh işlərdən çəkindirilməsi isə münkər sayılır.

Əmr be məruf və nəhy əz münkər vacibi-kifayidir, belə ki, əgər müəyyən şəxslər onu kifayət miqdarda yerinə yetirsələr başqalarından götürülür. Əgər şərait mövcud ola-ola hamı onu tərk edərsə, onların hamısı vacib bir əməli tərk etmiş olur.

Əmr be məruf və nəhy əz münkərin şərtləri

Bəzi şərtlərin varlığı ilə əmr be məruf və nəhy əz münkər vacib olur. Onlar mövcud olmadıqda isə insandan vəzifə götrülür. O şərtlər aşağıdakılardır:

1-Əmr, yaxud nəhy edən şəxs başqalarının gördüyü işin haram, tərk etdiklərinin isə vacib olduğunu bilsin. Deməli bir şəxsin gördüyü işin haram olub-olmadığını bilmədiyi zaman onun qarşısını almaq vacib deyildir.

2-Əmr və nəhyin təsirli olduğuna ehtimal versin. Buna əsasən əgər təsirli olmadığını bilsə, əmr və nəhy etmək vacib deyil.

3-Günahkar şəxs öz işini davam etdirməyə israr etsin. Deməli əgər günahkar şəxsin bu işi tərk etməyi və yenidən təkrar etməməyi qərara aldığını bilsə və yaxud təkrar edə bilməyəcəyini bilsə, əmr və nəhy vacib deyil.

4-Əmr və nəhy onu edən şəxsin özünə, yaxınlarına, dostlarına, həmkarlarına və sairə möminlərə nəzərə çarpacaq dərəcədə fiziki, yaxud maddi zərər dəyməsinə, abır-heysiyyətinin getməsinə səbəb olmasın.

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏRİN MƏRTƏBƏLƏRİ

Əmr be məruf və nəhy əz münkərin müxtəlif mərtəbələri vardır ki, əgər aşağı mərtəbəyə əməl etməklə məqsəd həyata keçərsə, sonrakı mərhələyə əməl etmək caiz deyildir. O mərtəbələr aşağıdakı kimidir:

Birinci -Günah əhli ilə elə davranmalıdırlar ki, onunla məhz həmin günaha görə belə rəftar edildiyini başa düşsün. Məsələn, ondan üz çevirsinlər, onunla üz-gözünü turşudaraq, qaşqabaqlı rəftar olunsun, yaxud onunla gediş-gəliş edilməsin.

İkinci -Dillə əmr və nəhy edilməsi. Yəni vacibi tərk edən şəxsə göstəriş versin ki, vacibi yerinə yetirsin, günah işi görən bir şəxsə göstəriş versin ki, günahı tərk etsin.

Üçüncü -Münkərin qarşısını almaq və vacibi bərqərar etmək üçün gücdən istifadə etmək, yəni günahkarı döymək.

Əmr be məruf və nəhy əz münkərin hökmləri

1-Əmr be məruf və nəhy əz münkər işində qanunsuzluğa yol verilməsin deyə, onun şərtlərini və yerlərini öyrənmək vacibdir.

2-Əgər əmr və nəhy xahiş, nəsihət və moizə ilə yanaşı olmadan təsir qoymayacağını bilsə, əmr və nəhyi moizə, nəsihət və xahişlə yanaşı etməlidir. Əgər xahiş və moizənin təklikdə (əmr və nəhy olmadan) təsirli olacağını bilsə, həmin cür əməl etməsi vacibdir.

3-Əgər əmr və nəhyi təkrar etməklə təsirli olduğunu bilsə və ya ehtimal versə, təkrarlaması vacibdir.

4-Günaha israr etmək dedikdə məqsəd bir işin görülməsinə müdavimət etmək deyil, əksinə o əmələ mürtəkib olmaqdır, hərçənd digər bir dəfə də olsa belə. Deməli əgər bir dəfə namazı tərk etsə və yenidən tərk etmək niyyətində olsa, əmr be məruf vacibdir.

5-Əmr be məruf və nəhy əz münkərdə şəriət hakiminin icazəsi olmadan günahkarı yaralamaq, yaxud öldürmək caiz deyil, yalnız o zaman caiz olar ki, münkər islamda çox əhəmiyyətli olan işlərdən olsun, bu hal istisna olunur. Məsələn, bir şəxs günahsız bir insanı öldürmək istəyərsə və onun qətl işinin qarşısını almaq da onu yaralamadan mümkün olmazsa.

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏRİN ADABI (QAYDALARI)

Yaxşı olar ki, əmr be məruf və nəhy əz münkər edən şəxs:

* Ürəyiyanan bir həkim, nəvazişli və mehriban bir ata kimi olsun.

* Öz niyyətini xalis etsin, bu işi yalnız Allahın razılığı üçün görsün, öz işini hər növ təkəbbürçülükdən uzaq eləsin.

* Özünü pak-pakizə hesab etməsin; çox hallarda ola bilər ki, hazırda xətaya mürtəkib olan kimsənin bu əməli xoşagəlməz və Allahın qəzəbləndiyi bir iş olmasına baxmayaraq, Allahın sevdiyi xislətlərə də malik olsun.