Allah-Təala buyurur:

"(Onlara üz tutaraq soruşarlar:) "Sizi Cəhənnəmə daxil edən nədir?" Deyərlər: "Biz namaz qılanlardan deyildik..." (Muddəssir surəsi, ayə 42,43 )

Peyğəmbər (s) buyurmuşdur:

"Namaz dinin sütunudur. Əgər Allah dərgahında qəbul olsa, digər ibadətlər də qəbul olar. Əgər qəbul olmasa, başqa ibadətlər də qəbul olmaz." (Kafi, c.2, səh.19, hədis 5,3)

Gün ərzində beş dəfə yuyunmaq insanı paklandırdığı kimi, gündəlik beş vaxt namaz da insanı günahdan paklandırır. Bunu da bilmək lazımdaır ki, namaz qılıb amma ona əhəmiyyət verməmək namaz qılmamaq kimidir. Allah-Təala Qurani-Kərimdə buyurur:

"Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar." (Maun surəsi, ayə 4,5)

Bir gün peyğəmbər (s) məscidə daxil olarkən gördü ki, bir nəfər namaz qılır, amma rüku və səcdələri kamil surətdə yerinə yetirmir. O həzrət buyurdu: "Əgər bu şəxs belə namaz qıldığı halda ölsə, dünyadan müsəlman getməmişdir." (Səvabül-əmal, səh 229)

Buna görə də namazı xüzu və xüşu ilə qılmaq lazımdır. İnsan namaz qılarkən bilməlidir ki, kiminlə danışır. Namazdan yaxşı faydalanmaqdan ötrü rüku, səcdə və s. əməlləri düzgün yerinə yetirmək lazımdır.