Qüsulu iki cür almaq olar: tərtibi və irtimasi. Baş-boyun, sağ və sol tərəflərin ardıcıllıqla yuyulma formasına tərtibi qüsul deyilir. Bütöv bədənlə suya baş vurmağa isə irtiması qüsul deyilir.
İki növ qüsul vardır: vacib və müstəhəb. Müstəhəb qüsullar çoxdur. Vacib qüsullar isə yeddi cürdür:
1) Cənabət qüsulu
2) Meyyit qüsulu
3) Məssi-meyyit qüsulu. Meyyit qüsulu verilməmiş ölünün bədəninə əl vurularsa (əgər ölünün bədəni soyuqdursa), bu zaman həmin şəxsin boynuna məssi-meyyit qüsulu gəlir.
4) Nəzr, əhd və ya and içilmiş qüsul
5) Heyz qüsulu
6) Nifas qüsulu
7) İstihazə qüsulu
İlk dörd qüsul həm qadınlara və həm də kişilərə, sonuncu üç qüsul isə yalniz qadınlara məxsusdur.
CÜNUBA HARAM OLAN ŞEYLƏR
1) Bədənin hər hansı bir yerini Quran xəttinə, Allahın, peyğəmbərin (s) və məsum imamların (ə) adına sürtmək.
2) Məscidül-hərama və Məscidün-nəbiyə daxil olmaq.
3) Məsciddə dayanmaq və ya oraya bir şey qoymaq.
4) Vacib səcdəsi olan dörd surədən birini oxumaq. (Nəcm, Ələq, Səcdə, Fussilət)
Cənabət, heyz, nifas və istihazənin digər məsələlərini risalə kitablarından əldə edə bilərsiniz.
Qeyd: Dəstəmaz kimi qüsulda da niyyət etmək vacibdir. Qüsulda da bədən pak olmalı, su ilə dəri arsında heç bir şey fasilə salmamalıdır.