Mə'lum olduğu kimi İdrisin əsl-nəsəbi dörd vasitə ilə Şeysə yetişir. İbni İshaqın dediyinə görə 308 il də Adəmin ömründən dərk etmişdir. Amma İbni Əsir yazır ki, Adəm dünyadan gedəndə 368 il İdrisin ömründən keçmişdi.

Onun ibri dilində adı Xunux, ərəbcədə isə Uxnux kimi tələffüz olunur. Bə'zi nəql olunanlara görə Yunan hikmət alimləri onun adını Hirmisül-haramisə, ya həkim Hirmis qoymuşlar. Hirmis ərəbcə olub yunanca isə İrmis Merkuri ulduzu mə'nasınadır. Bə'ziləri isə yunancasının Tirmis olmasını yazırlar.

Onun anadan olduğu şəhəri bə'ziləri Babul, bə'ziləri isə qədim Misirin paytaxtı Mənəf şəhərinin olduğunu qeyd edirlər.

Nübüvvət mənsəbi Əbul-bəşər Adəm və onun övladı Şeysdən sonra bütün xüsusiyyətlər, İsmi-ə'zəm və vəsiyyətnamə ilə ona yetişdi.

O həzrətin rəvayətlərdə İdris adlandırılması onun həddən artıq dərs və kitabla məşğul olmasıdır. Tarix və rəvayətlərə görə ilk yazı yazan, paltar tikən və dərzilik öyrədən şəxs İdris idi. Ondan qabaq insanlar özlərini heyvan dəriləri ilə örtürdülər. O, bir çox elmlərin- nücüm, (münəccimlik), hesab (cəbr), həndəsə, hey'ət (astronomiya) və s. elmlərin mənşəyi və ilk müəllimi kimi hesab olunur. Əbdül Vəhhab Nəccarın "Qisəsül-ənbiya" kitabında onun Misirə gəlməsi, orada məskunlaşması və camaatı haqqa, əmr be mə'rufa, nəhy əz münkərə də'vət etməsi yazılır. Əlavə edir ki, o dövrün camaatı yetmiş iki dildə danışırdılar və Allah taala bütün bunları ona öyrətdi. İdris də siyasət, şəhər idarəetmə və ölkə qayda-qanunlarını camaata öyrətdi. Həmçinin şəhərsalma yollarını da onlara öyrətdi. Bunun nəticəsində yer kürrəsində 188 şəhər salındı və onların ən kiçiyi Rəha (Urfa) şəhəri idi.

İ DR İ S İ N ŞƏ R İƏ T V Ə D İ N İ

İdris camaatı Allahın dininə, yeganəliyinə və ona ibadət etməyə də'vət edərək deyirdi: -"Bu dünyada yaxşı, saleh əməl axirətdə onun əzabından qurtuluşa səbəbdir." O, camaatı dünyada zöhdlə yaşamağa və ədaləti bərqərar etməyə çağırırdı. Həmçinin onları müəyyən vaxtlarda namaz qılmağa, müəyyən günlərdə oruc tutmağa, din düşmənləri ilə cihad etməyə, zəkat verməyə, zəiflərə kömək etməyə, cənabətdən paklığa, it və donuz kimi heyvanlardan çəkinməyə, məst edici içkilərdən uzaq olmağa və s. kimi haram şeylərdən çəkinməyə əmr edirdi. Onlar üçün bə'zi bayramlar da tə'yin etmişdi ki, onlarda qurban kəssinlər. O, özündən sonra gələn peyğəmbəri müjdə verib onun nişanələrini camaata çatdırdı və camaatı üç təbəqəyə: -kahinlər, əmirlər və rəiyyətə bölmüşdü.

BA Ş QA Ə HVALATLAR

Tarixdə İdris peyğəmbərin ən böyük peyğəmbərlərdən olması və Allah taalanın bütün mə'nəvi, zahiri və batini ne'mətləri onda toplaması qeyd olunur. Nübüvvət mənsəbindən əlavə zahirdə də qüdrət və əzəmətə çatması, camaatın ona hökmran kimi itaət etməsi və böyük hörmətlə yanaşması yazılır.

Şiə rəvayətlərində gəlmişdir ki, İdrisin dövründə zalım bir padşah yaşayırdı. O zorla camaatın əkin sahələrini və mal-dövlətlərini almışdı. Onun gözəl bir qadını var idi və işlərini onunla məsləhət edir, onun dediyi ilə rəftar edirdi. Bir gün zülmləri xatirinə İdrisin nifrətinə giriftar oldular. Özü, o gözəl qadını və bütün tabeçiləri nabud oldular. İllər boyu camaata qıtlıq üz verdi. Geniş mə'lumat üçün Şeyx Səduqun "Kəmalud-din" kitabına müraciət edə bilərsiz.

Ravəndidən Vəhb ibni Münəbbihə yetişən sənədlə nəql etdiyi rəvayətdə deyilir ki, İdrisin boyu hündür, sinəsi geniş, səsi alçaq, danışığı sakit və yeriyəndə addımlarını qısa atırdı... O yerə kimi ki, deyir: -"O, paltar tikən ilk şəxs idi və hər vaxt iynə vuranda Allaha təsbih edir, onun böyüklüyünü və birliyini xatırladırdı. Hər gün camaatın yaxşı əməl etməklərinə baxmayaraq onun əməlləri asimana qalxırdı."

O dövrdə mələklər yerə enib camaatla əl verib salamlaşır və söhbət edirdilər. Bu onların saleh, pak və layiqli bəndə olmalarından irəli gəlirdi. Bu vəziyyət həzrət Nuha qədər davam etdi. Ondan sonra artıq camaat mələkləri görmədilər.

İmam Sadiq (ə) Səhlə məscidinin fəziləti barəsində buyurur: -"Hər vaxt Kufəyə getdin hökmən Səhlə məscidinə gedib namaz qıl və Allahdan öz istəklərini dilə, çünki Səhlə məscidi İdris peyğəmbərin evi idi və orada dərzilik edib namaz qılardı."

İ DR İ S İ N QUR ' ANDA ADI V Ə ONUN AS İ MANA ÇƏ K İ LM Ə S İ

Qur'ani-Kərimdə iki yerdə İdrisin adı gəlmişdir. Biri "Məryəm" surəsində, o biri isə "Ənbiya" surəsindədir. "Ənbiya" surəsində onun ancaq adı çəkilmişdir. Amma "Məryəm" surəsi isə onun sifətlərini belə buyurmuşdur:

-"(Ya Mühəmməd) kitabda İdrisi yad et! O, həqiqətən büsbütün doğrudanışan (siddiq) bir peyğəmbər idi. Biz onu böyük məqama qaldırdıq." ("Məryəm" surəsi, ayə 56-57).

Bu cümlənin: -"Biz onu böyük məqama qaldırdıq" mə`nasında müfəssirlər arasında ixtilaf var. Bir dəstəsi deyirlər ki, yə'ni biz onun məqamını qaldırdıq və ona ən yüksək dərəcəni verdik. Başqaları isə deyirlər ki, yə'ni biz onu asimana apardıq və yuxarıdakı aləmdə yerləşdirdik. Onun asimana qaldırılmasının keyfiyyətində də müxtəlif nəzəriyyələr verilmişdir. Bir sıra rəvayətlərdə deyilir ki, Allah mələklərin birinə qəzəblənərək qanadlarını sındırıb bir adaya atdı. O, illərlə, İdris peyğəmbərliyə seçilənə qədər orada qaldı. O, İdris peyğəmbərin yanına gəlib onun haqqında, qanadlarının yenidən qaytarılması üçün dua etməsini istədi. İdris dua etdi və Allah taala onun günahlarından keçib qanadlarını qaytardı. Mələyin İdrisdən minnətli olduğuna görə ona ərz etdi:

-«Sənin nə hacətin var?»

İdris dedi:

-«Mən istəyirəm Mələkul-məvt (Əzrail) ilə görüşmək üçün məni asimana aparasan. Çünki tənha onu xatırlamaqla həyat mənim üçün şirin deyil».

Mələk onu dördüncü asimana apardı və orada Əzraili oturmuş halda gördü. O, təəccüb üzündən başını tərpədirdi. İdris irəli gələrək salam verib soruşdu:

-«Niyə başını tərpədirsən?»

Əzrail cavabında dedi ki, Allah taala sənin canını dördüncü asimanla beşinci asimanın arasında alınmasını mənə fərman vermişdir. Səninlə görüşməmişdən əvvəl bu fikirdə idim ki, sənin canını almaq üçün dördüncü asimanla üçüncünün, üçüncü il ikincinin, ikinci ilə birincinin və birinci ilə yerin arasında olan məsafəni necə gedəcəyəm. Sonra elə oradaca onun canını aldı.

Təbəri, Fərid, Cədiy və başqalarının nəql etdiyi rəvayətdə Allahın hirslənmə məsələsi qeyd olunmamışdır. Rəvayətin qalan hissəsi bir balaca ixtilafla Kə'bül-Əhbardan da nəql olunmuşdur.

Amma Ravəndinin "Qisəsül-ənbiya" kitabında İbni Abbasdan etdiyi rəvayətdə deyilir ki, Əzrail İdrisi ziyarət etmək üçün Allahdan yerə enməyə icazə istədi. Alllah ona icazə verdi. O, İdrisin yanına gəlib bir müddət onunla ünsüyyətdə oldu. Bir az sonra İdris onu tanıdı və ondan onu asimana aparmasını istədi. Əzrail də Allahdan icazə alıb onu asimana apardı. Sonra cəhənnəmlə behişti ona göstərdi. İdris behiştə daxil oldu. Hələ də oradadır və oradan çıxmamışdır.

İ DR İ S İ N ( Ə ) Ö MR Ü

Onun ömr müddəti dəqiq deyil. Yə'qubi kimi bə'ziləri onun ömrünün 300 il olmasını yazırlar. İbni Əsir "Kamil" kitabında yazır ki, Allah taala İdrisi 365 il ömr etdikdən sonra asimana apardı. Məs'udi isə "İsbatul-vəsiyyə" kitabında Allah taalanın onu asimana aparan günü ömründən 360, ya 350 il keçdiyini yazır.

İ DR İ S Ə NAZ İ L OLAN S Ə H İ F Ə L Ə R

Məs'udi və başqaları İdrisə nazil olan səhifələrin sayının otuz olduğunu yazırlar. Başqa bir xəbərdə Əbuzər Rəsuli Əkrəm (s)-dən nəql edir ki, o həzrət İdrisə nazil olan səhifənin sayını otuz olduğunu buyurmuşdur.

Məclisi "Biharul-ənvar"ın dua hissəsində İbni Mətviyədən iyirmi doqquz səhifə nəql edir. İbni Mətvəyə müqəddimədə buyurur ki, mən onları böyük zəhmətlərə qatlaşaraq ərəbcəyə tərcümə etdim və onların hər biri xüsusi ada malikdir. (Məsələn: Həmd səhifəsi, Xəlq səhifəsi, Rizqu-ruzi səhifəsi, Mə'rifət səhifəsi və s.) Qalanlarının öyüd-nəsihətlərlə dolu olmasına baxmayaraq çox uzun və geniş olduğundan onları bəyan etmirik. Amma elm və mə'rifət əhlinə yuxarıda qeyd olunan kitaba müraciət etmək məsləhət görülür.

Seyyid ibni Tavus və başqaları bir neçə hissəsini pərakəndə şəkildə nəql etmişlər. Artıq mə'lumat üçün "Biharul-ənvar"ın 11-ci cildinin yeni nəşrinə müraciət edə bilərsiniz.

Əbdül Vəhhab Nəccar "Qisəsül-ənbiya" kitabında o həzrətdən hikmətamiz və mövizəvi xarakter daşıyan cümlələr nəql etmişdir. Onlardan bə'zilərini burada zikr edirik:

1. Heç kəs Allahın ne'mətlərinin şükürünü onun xalqına hörmət etmək və ya onlara bir şey bağışlamaq kimi əməllərlə yerinə yetirə bilməz.

2. Dünyanın yaxşılığı həsrətə, pisliyi isə peşmançılığa səbəbdir.

3. Onda alçaqlıq olan ticarətlərdən çəkinin.

4. Yaşayış və canın yaşaması hikmət və müdrikliyə bağlıdır.

5. Hər kəs qənaətcil olmayıb həddini aşsa heç vaxt ehtiyacsız və tox olmayacaq.