Allahpərəstlik və Tövhid məramının yayımı yolunda çoxlu əzab-əziyyətə qatlaşan peyğəmbərlərdən biri də Nuh idi. Uzun ömr etməsinə, kafir və müşrik camaat arasında hamıdan çox qalmasına və dinin təbliği yolunda etdiyi ağır mübarizələrə dözməsinə baxmayaraq ona çox az, barmaq sayına gələn kəslər iman gətirdilər.
Ola bilsin bunun səbəbi bütpərəstliyin camaat arasında yeni ayaq açması və şeytanın bəndələr üçün qurduğu yeni tələnin güclü olması idi. Çünki əvvəldə batil əqidələrin və səhv fərziyyələrin alıcısı çox olur. Öz sözlərində həddindən artıq israr edirlər. Bütpərəstlər də bu batil əqidələrin yayılmasında israr edirdilər və Qur’anda adları gələn Vudd, Suva, Yəğus, Yə’uq və Nəsr kimi bütlərdən böyük rəğbətlə müdafiə edirdilər. Xususi ilə dövlətli təbəqələr bu işə can yandırmaqla şəxsi mənfəət güdürdülər.
Təbiidir ki, Nuh belə vəziyyətdə özünə dost tapa bilməyəcək və bu batil məzhəbi aradan qaldırmaq üçün nə kimi çətinliklərlə üzləşib onlara səbr etməli olacaq.
Qur‘ani-Kərimdə də Nuhun əhvalatı gələn yerlərin çoxlarında onun zəmanəsinin insanlarından çəkdiyi əzab-əziyyətlər və dinin yayımı yolunda dözdüyü ağrılar xüsusi ilə işarə olunmuşdur. Camaatın həddən artıq bütlərə rəğbəti, bə’zi yazılı tarixlərə görə Nuhun illərlə nadan camaatdan kənarda, dağlarda, mağaralarda təklikdə yaşayıb vahid Allaha ibadət etməsinə səbəb oldu.
Seyyid ibni Tavus, Məhəmməd ibni Cürey Təbəridən “Qisəs” kitabından nəql edir ki, Nuh peyğəmbərin ömründən 460 il keçmişdi. O hələ də dağlarda yaşayır və Allaha ibadət edirdi. Arvad-uşaq sahibi də deyildi, yundan paltar geyinir və öz yeməyini bitkilərdən hazırlayırdı.
Nəhayət 460 il onun ömründən keçəndən sonra Cəbrail onun yanına gəlib dedi:
-“Niyə camaatdan kənarda yaşayırsan?”
Dedi:
-“Mənim millətim Allahı tanımırlar. Buna görə də mən onlardan uzaqda yaşayıram”.
Cəbrail dedi:
-«Onlarla mübarizə apar».
Nuh dedi: -
-Bu işə qüdrətim çatmaz. Əgər əqidəmi bilsələr məni öldürərlər. Cəbrail dedi:
-«Əgər sənə bu işdə qüdrət versək onlarla mübarizə apararsan?»
Nuh dedi:
-«Bundan yaxşı şey ola bilməz. Bu mənim ən yüksək arzumdur!»
Bu an Nuh soruşdu:
-«Sən kimsən? Cəbrail mələkləri səslədi. Bütün mələklərin toplaşdığını görən Nuh qorxuya düşdü. Cəbaril özünü təqdim etdi və Rəhman Allahın salamını ona çatdırıb nübüvvət məqamını müjdə verdi. Onu Əmurə, Zəşran ibni Uxnunun qızı ilə evlənməyi əmr etdi. O, ilk şəxs idi ki, ona iman gətirmişdi».
Nuh ilahi mə’muriyyətə əməl etmək üçün camaatın içərisinə daxil oldu. Onun əlində insanların batinindən xəbər verən əsası var idi. Nuhun gəlişi camaatın bayram gününə təsadüf edirdi.
Nuh qövmünün sərkərdələri yetmiş nəfər idi. O gündə onlar öz bütlərinin ətrafına yığışmışdılar. Nuh onların arasına varid olaraq “La ilahə illəllah” səsini ucaltdı. Özünün, ondan qabaq və sonra gələn peyğəmbərlərin nübüvvətini onlara çatdırdı. Bu anda idi ki, bütlər titrəməyə başladılar, yanan alovlar söndülər və camaat dəhşətli qorxuya düşdülər. Başçılar və sərkərdələr “Bu kişi kimdir?” -deyə soruşdurlar. Nuh dedi: -«Mən Allahın bəndəsiyəm. Allah taala məni sizləri onun əzabından qorxutmaq üçün göndəri».
Əmurə Nuhun sözlərini eşitcək ona iman gətirdi. Atası bu mövzudan xəbərdar oldu və onu məlamət edərək dedi: -“Nuhun sözləri bu tezlikdə səndə tə’sir qoydu. Qorxuram padşah xəbərdar olsun və səni öldürsün.” Amma Əmurə atasının sözlərinə məhəl qoymadı və öz imanından əl çəkmədi. Ondan sonra da onu nə qədər qorxutdular, həbsdə saxladılar yenə də Nuhun Allahına olan imandan əl çəkmədi. Nəticədə Nuhla evləndi və Sam ibni Nuh ondan dünyaya gəldi.
Bu, İbni Tavusun yuxarıdakı kitabdan nəql etdiyi əhvalatın xülasəsi idi. Amma Nuhun evlənməsində və onun həyat yoldaşının adında müxtəlif fikirlər vardır. Yə’qubi yazır ki, Allah taala o həzrətə Hamus ibni Uxnuxun qızı ilə evlənməyi vəhy etdi. İbni Tavus Heykəl həmən Əmurə adlı qızın ləqəbi oluğunu ehtimal vermişdir. Əlbəttə bu qadın Qur’anın kafir və xain kimi tanıtdırdığı qadından başqadır.
NUHUN ADI , Ə XLAQI V Ə ONUN XAS İ YY Ə TL Ə R İ
Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bə’zilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bə’zilərində isə Əbdül-Ə’la olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar.
Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündür boylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəgli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Allahın vəhyi də onun natiqliyinə kömək edirdi.
İlk Ulul-əzm peyğəmbər idi ki, Allah taala ona məxsus kitab və ayrıca şəriət əta edib, onu zəmanənin camaatı üçün göndərdi. Onun kitabı Allahın şəriətlərinə şamil olan ilk kitab, şəriəti isə ilk şəriət idi.
Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Necə ki, Allah taala “Saffat” surəsində buyurur:
-”Ancaq onun nəslini (yer üzündə) qalanlardan etdik.” (“Saffat” surəsi, ayə 77).
Adəm və İdris peyğəmbərdən başqa bütün peyğəmbərlərin nəsli ona yetişir.
Allah taala Qur’anda onun xasiyyətlərində daima şükür edən olduğunu xatırlamışdır. “Əsra” surəsində buyurur:
-”O, həqiqətən daima şükür edən bəndə idi.” (“Əsra” surəsi, ayə 3).
Bu ayənin təfsirində gəlmişdir ki, o hər vaxt paltar geyinsəydi, ya yemək yesəydi, ya da su içsəydi Allaha şükür edərdi və “Əlhəmdu lillah” deyərdi. Başqa bir təfsirdə gəlmişdir ki, əvvəldə “Bismillah” axırda “Əlhəmdu lillah” deyərdi.
İmam Baqir və İmam Sadiqdən (ə) rəvayətdə deyilir ki, o, hər gecə-gündüz bu cümləni oxuyardı:
-”Pərvərdigara, mən şəhadət verirəm ki, mənə yetişən bütün dini və dünyəvi ne’mətlərin hamısı Səndəndir. Sən təksən, Sənin şərikin yoxdur. Həmd və sitayiş Sənə məxsus, şükür Sənə məxsusdur. O vaxta qədər ki, razılıqdan sonra bir daha, dəfələrlə razı olasan.”
NUHUN Ö MR Ü
Nuhun ömrünün çoxluğu ərəb-fars ədəbiyyatında atalar sözünə çevrilmişdir. Tarix və rəvayətlərə görə onun ömrü 1000-2800 il arasında təxmin edilir. Amma Yə’qubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Qur’anın “Ənkəbut” surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi “Biharul-ənvar” kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər. Bir qrupu 1000 il, biri 1450, üçüncüsü 1470 il, dördüncüsü 2300 il, amma mö’təbər rəvayətlərdə 2500 il gəlmişdir.
Məs’udi “İsbatul-vəsiyyə” kitabında yazır ki, Nuhun yaşı bir rəvayətə görə 1450 il, başqa bir rəvayətdə 2300 il olduğu, Allah tərəfindən seçiləndə 850 yaşı var idi. 950 ildə öz milləti ilə birlikdə keçirib (və onları tövhidə və tək olan Allaha ibadətə çağırıb). Tufandan sonra isə 500 il yaşayıb, birlikdə 2300 il olur. Başqa bir hədisdə isə 2800 il dünyada ömr sürməsi rəvayət olunur.
Məclisi də bu haqda buyurur: -“Səduq, Əli ibni İbrahim və Ravəndi Əhli-beyt (ə)-dan nəql edirlər ki, o, həzrətin ömrü 2500 ildir. Belə ki, 850 il peyğəmbərliyə yetişməzdən əvvəl, 950 il camaat arasında təbliğdə, 200 il gəmi düzəltməkdə və 500 il isə gəmidən düşəndən sonra şəhərləri abad etmək, öz övladlarını o şəhərlərdə yerləşdirməkdə sərf etmişdir.”
Hər halda Qur’anda gələn peyğəmbərlərin arasında hamıdan çox ömr sürən Nuh peyğəmbər olubdur. Bə’ziləri (məsələn: Sə’ləbi) bu uzun ömrü Allahın mö’cüzəsi bilib yazırlar ki, Nuhun mö’cüzəsi onun özündə idi. Çünki 1000 il ömr etdi, amma bu müddət ərzində onun qüvvəsi azalmadı və heç bir dişi tökülmədi.
Bə’zilərinin isə əllərinə çox uzaq gəldiyindən onu başqa mə’naya yozmağa çalışmışlar. Yaxşısı budur onların sözlərindən və cavablarından sərfi-nəzər olunsun. Çünki əvvəla Nuh kimi böyük şəxsiyyətlərin ömrünün uzunluğu ilahi qüdrətə aiddir və bunun kimi minlərlə xariqul-adə (adi olmayan) işlər belə mö’cüzə, ya kəramət şəklində, peyğəmbər və övliyalardan baş vermişdir. Bunlar hamısı Allahın fərmanı və nufuzlu qüdrəti ilə olan işlərdir.
Başqa bir tərəfdən isə qədim insanların sadə yaşayışı, fikir rahatlığı, təbii yeməkləri, bizə irs yetişən cürbəcür xəstəliklərin olmaması, bəşəriyyətin artması nəticəsində yaranan çətinliklərin olmaması, ağır, gec həzm olan yeməklərin tə’sirindən tez ölmə hallarının olmaması və həddindən artıq cinsi ləzzətlərin ardınca olmamalarında, sadəliklə onların ömrlərinin uzun olmasının sirrini dərk etmək olar. Həkimlərin dediyi kimi, hər nə qədər bəşəriyyətin fikri rahat, yaşayışı sadə, yeməyi təmiz, gigiyena qaydalarına və sağlamlığa riayət etsələr bir o qədər uzunömürlü olarlar.
İnsanın təbii ömrünün kəmiyyətində həkimlər hələ də dəqiq nəzəriyyə irəli sürə bilməyiblər. Müxtəlif təcrübələr və təhqiqatdan sonra bu nəticəyə gəliblər ki, insanın ölmə səbəbi onun 80 ya 90 il yaşaması deyil, bəlkə kənardan müxtəlif maneələrin olması onun davamına mane olur. Buna görə də bə’zi alimlər məxsus yemək pəhrizləri, vitaminlər və müxtəlif elmi yollarla bə’zi heyvanların ömrlərini 900 il təbii ömrə çatdıra biliblər. Bu cümləni məşhur həkimlərdən biri demişdir: -“Ölümün səbəbi qocalıq yox, bəlkə xəstəlikdir.”
Məşhur cərrah professor Aleksis Karel bir heyvanın bədənindən ayrılmış bir hissəni o heyvanın təbii ömründən çox qıraqda diri saxlaya bilmişdir. Bu barədə artıq izah bizi öz bəhsimizdən kənara çıxardır. Əziz oxucular, bu barədə həzrət Sahibəz-Zaman (ə)-ın ömrü haqqında yazılan kitablara müraciət edə bilərlər.
NUHUN D Ə ’ V Ə T İ V Ə CAMAATLA H Ö C Ə TL ƏŞ M Ə S İ
Deyildiyi kimi Nuhun tayfası bərk bütpərəstliklə məşğul idilər. Bütlər özlərinə çox güclü və sarsılmaz tərəfdarlar tapmışdılar. Bəlkə də (necə ki, yuxarıda bu mövzu haqqında bəhs etdik) onun yeni camaatı özünə tərəf çəkməsi və şeytanın səadət yoluna atdığı yeni bir tələ idi. Başqa bir tərəfdən də camaatın fikri o qədər də inkişaf etməmişdi ki, xeyrlə ziyanı ayırd edib, öz əməllərinin pisliyinə agah olsunlar. Hər halda Nuhu böyük çətinliklərlə üzbəüz edib öz müqəddəs məqsədi, tövhid, allahpərəstlik uğrunda zəhmətlərə qatlaşmağa məcbur etmişdir. Onun ruhani sözləri camaatda çətinliklə tə’sir qoyurdu.
Dinlərin bu ilahi insanlara verdikləri cavablardan ağıllarının zəifliyi və onunla bərk düşmənçikləri açıq-aşkar görünüdü. Hətta bir həddə çatdı ki, o həzrəti istehza edib ələ salmağa başladılar. Onlardan bir neçəsini Qur’andan seçib sizin üçün tərcümə edirik:
-“Həqiqətən biz Nuhu öz tayfasına peyğəmbər göndərdik.” Nuh dedi: -“Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən (cəza) şiddətli günü (Qiyamət günü) sizə üz verəcək əzabından qorxuduram!” (“Hud” surəsi, ayə 25 və 26).
Burada tayfa başçıları pul, sərvət və qüdrət əllərində olduğundan özlərini hamıdan üstün sayırdılar. Nuha dedilər: -“Biz səni ancaq özümüz kimi (adi) bir insan sayırıq.” (“Hud” surəsi, ayə 27). Başqa bir ayədə var ki, bir-birlərinə dedilər: -“Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi (bizə peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi.” (“Mu’minun” surəsi, ayə 24). Bəlkə hədlərindən keçib Nuha və onun tabeçilərinə dəlilik, azğınlıq və yalan nisbəti verərək dedilər: -“Bu adamda sadəcə olaraq bir dəlilik var.” (“Mu’minun” surəsi, ayə 25). ya dedilər: -“Biz səni (haqq yolundan) açıq-aydın azmış görürük!” (“Ə’raf” surəsi, ayə 60). ya da başqa bir ayədə deyirlər: -“Biz sizi yalançı sanırıq.” (“Hud” surəsi, ayə 27)
Yüngül fikirli tayfa başçıları öz vəzifələrini və maddi mənfəətlərinin Nuhun təbliğatı ilə əziləcəyini başa düşürdülər. Nuhun məntiqli, dəlilli sözlərinə cavab tapmayıb məğlətə etməyə başlayırdılar. Əgər məsələyə bir az insafla yanaşsaq görərik ki, elə Allahın peyğəmbərlərin be’sətində sünnəsi bu idi. Yə’ni hər bir tayfaya öz içərisindən peyğəmbər yollayır. Çünki öz tayfası onun əslini, nəslini və bütün xüsusiyyətlərini hamıdan yaxşı tanıyır. Bununla ondan yaxşı söz eşidər və də’vətini heç bir şübhə olmadan qəbul edərlər.
Çox təəssüflər olsun ki, Nuhun tayfası bu yersiz sözləri gələcək peyğəmbərlərin düşmənləri üçün yadigar qoydular.
Nuha tutulan iradlardan biri də bu idi ki, ona deyirdilər: -“Elə ilk baxımda yalnız içimizdəki səfillər (cütcü, pinəçi, dəmirçi, dərdi və s.) sənə uyduğunu görürük.” Fəziləti pulda, sərvətdə bildikləri üçün dedilər: -“Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük, əksinə biz sizi yalançı hesab edirik.” (“Hud” surəsi, ayə 27). Başqa bir ayədə Nuha təəccüb edərək, ya ələ salmaq üçün deyirdilər: -“Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” (“ŞЇəra” surəsi, ayə 111) Bu eynilə Rəsuli-Əkrəmə (s) Məkkə müşriklərinin tutduqları irada bənzəyir.
Nuh onların cavabını bir neçə cümlə ilə belə buyurdu: -“Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!” (“Ə’raf” surəsi, ayə 61).
“Ey cammat, bir deyin görək əgər mən Rəbbimdən açıq-aşkar bir dəlilə (mö’cüzə) istinad etsəm Rəbbim mənə Özündən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və o sizə gizli qalsa, istəmədiyiniz halda biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?” “Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?” (“Ə’raf” surəsi, ayə 62 və 63).
Bə’zən də böyük sübutlara, özündə ya başqa məxluqatda olan Allahın nişanələrinə işarə edib deyirdi: -“(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır. O, sizə göydən bol yağış göndərər, O, sizə mal-dövlət oğul-uşaq əta edər. O, sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar. Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz (sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca saymırsınız? Yaxud iman gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?) Halbuki, O sizi cürbəcür xəlq etdi. Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı. Orada ayı bir nur, günəşi də bir çıraq etdi və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (Qiyamət günü dirildib oradan da) çıxardacaqdır. Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki, onun geniş yollarında gəzəsiniz.” (“Nuh” surəsi, ayə 10-20).
Çox vaxt başqa peyğəmbərlər kimi bu cümləni də öz sözlərinə artırıb deyirdi: -“Ey camaat! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatımı vermək ancaq Allaha aiddir. (Bu ki, deyirsiniz mənə iman gətirənlər bir neçə səfil və yoxsul insanlardır. İstəyirsiniz mən onları qovum, bəlkə siz iman gətirəsiniz.) Mən iman gətirənləri qovan deyiləm.” (“Hud” surəsi, ayə 29).
“Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın əzabından kim qurtara bilər? Məgər (səhv etdiyinizi) düşünmürsünüzmü?” (“Hud” surəsi, ayə 30).
Bundan əlavə mən onların batinlərindən agah deyiləm və bilmirəm hansı əməlin sahibidirlər. Mən onları özümdən qova bilmərəm.
Hər halda həzrətin o yüngül fikirli tayfa ilə bir çox mübahisələri oldu. Nuhun gözəl, məntiqli dəlilləri müqabilində sözləri olmadığından düşmənçiliyə və onu təhdid etməyə başladılar. Günlərin bir günü dedilər: -“Ey Nuh, bizimlə çənə-boğaz olub çox mübahisə etmə. Əgər doğrudanışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək.” (“Hud” surəsi, ayə 32).Yenə də dedilər: -“Ey Nuh, əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən.” (“ŞЇəra” surəsi, ayə 116).
Onlar Nuhla mübahisədən ayrılıb, daha çox inad və düşmənçiliklə camaata dedilər: -“(Nuhun sözlərinə görə) Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Vəddi, Suvanı, Həğusu, Yəuqu və Nəsri atmayın.” (“Nuh” surəsi, ayə 23).
NUHUN Ö Z TAYFASINDAN ÇƏ KD İ Y İ M Ü S İ B Ə TL Ə R
Nuhun uzun ömürlüyündən, hamıdan çox camaatın arasında qalmasından, çox az miqdarda bəndənin ona iman gətirməsindən və tayfasının bütpərəstliyə olan bərk əlaqəsindən onun nə qədər müsibətlər çəkməsini dərk etmək olar. Bundan əlavə ona çoxlu söyüş söyür, dəli, azmış və cinvurmuş deyə çağırır və müxtəlif növdə cismi şikəncələr verirdilər.
Səduqun İmam Sadiq (ə)-dan rəvayət etdiyi hədisdə deyilir: -“Camaat həzrəti o qədər döyürdülər ki, üç gün huşu gedirdi, huşsuz halda qalır və qulağından qan açılırdı.”
Mərhum Təbəri demişdir ki, Həzrət Nuh 950 il gecə-gündüz dayanmadan camaatı Allaha tərəf də’vət etdi. Amma onun sözləri onlarda heç bir tə’sir qoymadı. Hərdən də camaat onu o qədər döyürdülər ki, huşu başından çıxırdı. Huşu başına gələn kimi deyirdi:
-“İlahi, mənim bu tayfamı hidayət elə ki, onlar (haqqı) bilmirlər.”
Vəhbdən nəql olunmuşdur: Nuh üç əsr təmamilə camaatı Allaha tərəf də’vət etdi. Hər əsr 300 il idi. Bu da 900 il olurdu. Aşkar və gizli öz təbliği ilə məşğul idi. Amma camaat ona qarşı çıxmaqdan başqa bir iş bacarmırdılar. Hər əsr keçəndə camaatın düşmənçiliyi daha da artırdı. Hətta camaat öz uşaqlarının əlindən tutub Nuhu göstərərək onlara tapşırırdılar:
-“Əgər məndən sonra yaşamalı olsan, heç vaxt bu dəli insandan tabeçilik etmə!”
Sonra davam edərək deyir: -«Camaat ona hücum edib onu döyürdülər. O qədər döyürdülər ki, qulaqlarından qan açılırdı və huşunu itirirdi. Onu götürüb evinə atırdılar, ya da huşsuz halda qapının ağzında qoyub gedirdilər».
Qur’anın ayələrindən də bəllidir ki, ona verilən əzab-əziyyətlər çox şiddətli idi. Çünki, “Ənbiya” və “Saffat” surələrində buyurur: -“Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq.” (“Ənbiya” surəsi, ayə 76). Müfəssirlər deyirlər ki, fəlakətdən məqsəd camaatın ona verdiyi çoxlu əzab-əziyyətlərdir.
“Qəmər” surəsində gəlmişdir ki, Nuh dua edərək dedi: -“Mən (öz qövmümün içində) məğlub oldum, mənə kömək et.” (“Qəmər” surəsi, ayə 10).
“Şüəra” surəsində də Allahın rəhman olan dərgahından kömək istəyərək dedi: -“Ey Rəbbim! Həqiqətən qövmüm məni təkzib etdi. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan mö’minləri (bu əzabdan) qurtar! Allah taala da öz peyğəmbərinin duasını qəbul etdi. Nuhu və ona iman gətirənləri zalım camaatın əzabından qurtardı.” (“ŞЇəra” surəsi, ayə 117 və 118).
NUHUN Ö Z Q Ö VM Ü N Ə N İ FR İ N İ
Qur‘ani-Kərimdə dəqiqliyi ilə gəldiyi kimi, Nuh düz 950 il öz qövmünü dinə təbliğ və Allaha ibadət etməyə də’vət etdi. Bu müqəddəs dinin inkişafı üçün aşkarda və gizlində gecə-gündüz rahatlıq üzü görmürdü. Qısa desək, hər bir kiçik fürsətdə həqiqəti, Allaha imanı, cəza gününü, fəziləti, təqvanı camaata çatdırırdı. Amma uzun bir müddətin keçməsini və camaatın düşmənçiliyinin günbəgün artmasını nəzərə alaraq yavaş-yavaş ümüdini itirirdi. O, bir neçə iman gətirən şəxslərdən başqa hamıdan gözünü çəkmişdi. Xüsusilə, Allahın vəhyi də onun daha da ümidsiz olmasına kömək edirdi. Çünki Allah ona xəbər vermişdi: -“Əvvəlcə iman gətirənlərdən başqa tayfadan daha heç kəs iman gətirməyəck. Onların etdikləri əməllərə görə kədərlənmə! (Biz tezliklə onları məhv edər, səni kafirlərin zülmündən qurtararıq).”
Bir hədisdə deyilir ki, Nuhun də’vətindən 300 il keçmişdi. Nuh öz qövmünə nifrin etmək istəyirdi. Elə bu fikirlə sübh ibadətini edib oturmuşdu və nifrin etmək istəyirdi ki, yeddinci göydən bir neçə mələk gəlib ona dedilər:
-”Səndən bir xahişimiz var.” Nuh soruşdu:
-”Xahişiniz nədir?” Dedilər:
-”Öz nifrinini tə’xirə sal, çünki Allahın yer üzündə ilk əzabı olacaq. Nuh cavabda dedi ki, 300 il də onu tə’xirə saldım, (yə’ni əgər 300 il bundan sonra diri qalsam nifrin etməyəcəyəm). 300 il də keçdi və Nuh yenə də nifrin etmək istədi. Altıncı göydən bir dəstə mələk onun yanına gəlib yenə də nifrini tə’xirə salmağını istədilər. Beləliklə 300 il də tə’xirə düşdü. Amma 900 il keçdikdən sonra Nuh və tabeçiləri düşmənlərin əzab-əziyyətindən təngə gəlmişdilər və ondan istədilər ki, Allahdan bir qurtuluş yolu tələb etsin. Nuh onların xahişini qəbul etdi. Namaz qıldıqdan sonra əllərini Allah dərgahına qaldırıb dua etdi. Cəbrail nazil olub Nuha dedi: -“Allah taala sənin duanı qəbul etdi. Get öz tərəfdarlarına de ki, xurma yeyib tumunu basdırsınlar. Hər vaxt xurma ağacı olub bəhər versə istəklərinə çatacaqlar.
Nuh Cəbrailin sözlərini mö’minlərə çatdırdı. Onlar hamısı sevincək Allahın fərmanına əməl etməyə başladılar. Ağaclar böyüyüb bəhər verdikdə Nuhun yanına gəlib dedilər: -“Xəbər verdiyin zaman gəlib yetişmişdir.” Nuh Allahdan istədi ki, öz və’dəsinə əməl edib əzabı nazil etsin. Vəhy gəldi ki, onlara de: -“Xurmalarını yeyib tumunu basdırsınlar. Ağaclar bəhər verəndə xilas olacaqlar.” Bu sözdən sonra Nuha iman gətirənlərin üçdən bir hissəsi dindən əl çəkib mürtəd oldular. Amma qalan üçdən iki hissəsi isə xurma yeyib, tumunu əkdilər. Ağac böyüyüyənə qədər ona qulluq etdilər. Bəhər verdikdə Nuhun yanına gəlib Allahın və’dəsinə vəfa etməsini istədilər. Yenə də vəhy oldu ki, onlara de: -Xurmasını yeyib tumunu əksinlər. Bu zaman digər üçdən bir hissə də dindən üz döndərdilər. Ancaq üçdən bir hissəsi qaldı. Allah tərəfindən yenə də əmr yetişdi. Tumu əkdilər, böyüdü və bəhər verdi. Nuhun yanına gəlib dedilər: -“Bu bir neçə nəfərdən başqa heç kəs qalmayıb. Əgər bu dəfə də tə’xirə düşsə biz də qorxuruq ki, dində həlak olanlardan və azmışlardan olaq.” Nuh namaz qıldı, dua etdi və duasında belə dedi: -“Pərvərdigara, bu bir neçə nəfərdən başqa heç kəs qalmayıb, qorxuram əgər bu dəfə də tə’xirə salsan onlar da getsinlər. Bu anda Allahdan vəhy gəldi. “Duanı qəbul etdik, indi isə gəmi düzəltməyə başla.”
Başqa bir hədisdə deyilir ki, imtahanlardan sonra 72 nəfərdən çox dindar qalmadı. Allah taala Nuha belə vəhy etdi: -“Bu ona görə idi ki, xalis, pak, əsl mö’min bəndələr qalsınlar və napak insanlar sənin ətrafından təmizlənsinlər. İndi mən onlara dinlərində qüvvət verəcəyəm və qorxularını əmin-amanlıqla dəyişdirəcəyəm ki, mənə ixlasla ibadət etsinlər.
Beləliklə Nuh öz qövmündən tamamilə ümüdini üzdü. Onların düşmənçiliyini, əzab-əziyyətlərini görüb onlara şiddətlə nifrin edərək dedi: -“Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma. Çünki Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub törədəcəkdir!” (“Nuh” surəsi, ayə 26 və 27).
Allah taala Nuhun duasını qəbul etdi və əzabı o zalım camaata qəti etdi. Hətta Nuha belə onlar üçün kömək istəməməsini əmr edərək buyurdu:
-“Zülm edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar!” (“Hud” surəsi, ayə 37).
Bəli, nadan camaat onların hidayəti yolunda gecəsini gündüzünə qatan, heç bir təmənnası olmadan onları bədbəxtçilik, iki tirəlik yaradan, heç bir faydası olmayan cansız mücəssəmələrin ibadətindən xilas edən böyük şəxsiyyətə, Allahın peyğəmbərinə təşəkkür əvəzinə ona əzab-əziyyət verir və onun hikmətli, ürəyəyatan sözlərinə qulaq asmaq əvəzinə isə, necə ki, Nuh özü deyir, barmaqlarını qulaqlarına qoyur, paltarlarını başlarına çəkirlər. Bu cür camaat fəlakətdən başqa heç nəyə layiq deyildir. Gərək bu qövm kökündən aradan qaldırılsın və yerinə yeni bir nəsl gəlsin ki, peyğəmbərlərin sözlərini, Allahın həqiqətlərini dərk etməyə qabiliyyətləri olsun.
NUHUN G Ə M İ S İ
Allah taala Nuha xəbər verdi ki, bu bir neçə nəfərdən başqa daha heç kəs sənə iman gətirməyəcək. Onun ardınca gəmi düzəltməyi ona əmr etdi. Elə ki, Qur’an ayələrindən başa düşülür o zaman gəmi düzəltməyin misli olmamışdı. Buna görə də Nuha belə vəhy olundu: -“Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar.” (“Hud” surəsi, ayə 37).
Nuh Allahın əmri ilə gəmini düzətməyə başladı. Mələklərin nəzarəti altında hər tərəfdən taxta və mismar yığaraq onları bir-birinə birləşdirdi. Sür’ətlə taxtalar gəmi şəklinə düşürdü.
Zəif düşüncəli insanların Nuhun qarşısında düzgün məntiqləri olmadıqlarına görə hər bir şeylə ona əziyyət vermək istəyirdilər. Ona əzab vermək üçün yeni-yeni üsluba əl atırdılar və Şeyxul-ənbiyanı (peyğəmbərlərin ən yaşlısı) məsxərəyə qoymağa başladılar. Biri deyirdi ki, ey Nuh, peyğəmbərlikdən əl çəkib xərratlığa keçmisən? Başqası “Bu quru susuz yerdə bu uzunluqda gəmini niyə düzəldirsən? Quru səhrada gəmi sürmək istəyirsən?” -deyə söyləyirdi. Başqa birisi isə deyirdi: -“Bu gəmini quru yerdə düzəldirsən, bəs harda suya atacaqsan?”
Nuh onların cavabında ancaq bir cümləni təkrar edirdi: -«Əgər (indi) siz bizi məsxərəyə qoyursunuz, (vaxt gələcək) biz də sizi bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz». (“Hud” surəsi, 38 və 39).
Bir hədisdə gəlmişdir ki, o, ağac əkməyə başladı. Bə’zi onun yanından keçərək ona gülüb, məsxərəyə qoyaraq deyirdilər: -“Ağac əkməklə məşğul olursan?” Ağaclar böyüdü. Onları doğrayaraq yonmağa başladı. Yenə gəlib deyirdilər: -“İndi də xərratlığa keçmisən?”
Nuh böyük iradə ilə gəmi düzəltməyə başladı. Camaat ona gülür və bir-birlərinə deyirdilər: -İndi də deyəsən bu quraqlıq yerdə gəmi sürmək istəyirsən? Gəmiçi olmusan? Nuh bu dövranı da arxada qoydu. Nəhayət gəmi düzəlib qurtardı.
Onun uzunluğu, eni və formasında müxtəlif fərziyyələr verilmişdir. Bə’ziləri demişlər ki, uzunluğu 1200 (1 dirsək təxminən 50 sm-ə bərabərdir) dirsək, eni 800 dirsək, hündürlüyü isə 80 dirsək olmuşdur. Bu fərziyyə İmam Sadiq (ə)-dan rəvayət olunan bir hədislə uyğundur.
Bə’ziləri isə uzunlunu 700 dirsək, eni 500 dirsək, hündürlüyünü isə 80 dirsək yazmışlar. Üçüncü fərziyyədə isə uzunluğu 300 dirsək, eni 800 dirsək, hündürlüyü isə 30 dirsək deyilir. Həqiqəti Allah yaxşı bilir.
İbni Abbasdan nəql olunur ki, gəminin üç mərtəbəsi var idi. Birinci mərtəbədə böyük və vəhşi heyvanları, ikincisində dördayaqlıları (dəvə, inək, qoyun və s.), üçüncü mərtəbədə isə insanların özü və bütün lazım olan yeməli, içməli şeyləri yerləşdirmişdi.
Beləliklə gəmi tamamilə hazır oldu və Nuh Allahın əmrinin intizarında durdu. Nəhayət əmr gəldi: -“Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı zaman dedi: -“Hər heyvandan biri erkək, o biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümün) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir.” (“Hud” surəsi, ayə 40). “Zülm edənlər barədə mənə müraciət etmə (onların bağışlanmalarını məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar.” (“Hud” surəsi, ayə 37).
T Ə ND İ R HARDA V Ə ONDAN M Ə QS Ə D N Ə İ D İ ?
Necə ki, ayədə gəlmişdir. Tufanın nişanəsi təndirdə suyun qaynaması idi. Təndir çörək bişirilən yerə deyilir. Bir neçə hədisə, İbni Abbas və başqalarından nəql olunan sözlərə istinadla belə ələ gəlir ki, qeyd olunan təndir, ya Nuhun evində, ya da indiki Kufə məscidi olan bir mö’minə qadının evində idi və ondan çörək bişirmək üçün istifadə olunurdu. Nuhun arvadı ya mö’minə qadın çörək bişirməklə məşğul idi. Birdən təndirdə su qaynamağa başladı. Dərhal hadisəni Nuha xəbər verdilər. Nuh gəlib bir az torpaq götürüb onun üstünü qapadı. Sonra gəmiyə qayıdıb lazım olan adamları və heyvanları gəmiyə yığdı. Yenə də qayıdıb torpağı təndirin üstündən götürdü. Bu an su qaynadı. Göy, su tuluğunun ağzı açılantək yağmağa, Fərat çayları və başqa bulaqlar daşmağa başladı. Yer üzü su ilə doldu.
Təndirin mə‘nası haqqında başqa fərziyyələr də verilmişdir. Məsələn: Bə’ziləri ondan məqsəd yer üzünü və suyun ondan qaynamasını, bə’ziləri isə günəşin çıxmasını və onun saçmasını biliblər. Amma Təbəri, Məclisi və başqa alimlərə uyğun olaraq birinci fərziyyə daha düzgün nəzərə çarpır.
Hər halda bulaqlar şiddətlə qaynadı, çaylar daşdı və göy guruldayıb dəhşətli yağış yağdı. Bir azdan bütün yer üzü, çöllər, səhralar, meşələr su ilə doldu. Ancaq gəmidə olan Nuh, onun ailəsi və iman gətirənlər nicat tapdılar.
“Nuh (yoldaşlarına) dedi: -“Gedəndə, dayananda gəmiyə Allahın adını çəkərək minin. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” (“Hud” surəsi, ayə 41).
“Gəmi onları dağ kimi (yüksək) dalğaların içi ilə aparırdı.” (“Hud” surəsi, ayə 42). Zalım, qudurmuş camaatın necə qaynayan dalğaların arasında ölümlə üzbəüz olduqlarını, Allahın əzəmətli tufanı içərisində necə çabaladıqlarını və Allah tərəfindən öz itaətsilikləri üçün qəti cavab aldıqlarını müşahidə edirdilər.
Bəli, böyük Allah onların haqqında buyurur: -“Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik. Sonra yerdə qalanları suda boğduq! Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.” (“ŞЇəra” surəsi, ayə 119-121). Başqa bir surədə buyurur: -“Biz Nuha və onunla birlikdə olanlara nicat verdik, onları (yer üzünə) varislər (xəlifələr) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör qorxudulanların axırı necə oldu...” (“Yunis” surəsi, ayə 73). Necə günahkarlar öz günahlarına görə boğulub Duzəxə daxil oldular.”
X İ LAS OLANLARIN SAYI
İndi görək Nuhun bu uzun müddət təbliğində neçə nəfər ona iman gətirmişdi və gəmi ilə əzəmətli tufandan xilas olmuşdu. Bu barədə dəqiq mə’lumat yoxdur. Yuxarıda qeyd etdiyimiz hədisdə iman gətirənlərin sayını 72 nəfər olduğu qeyd olunurdu. Qur‘ani-Kərimdə qapalı şəkildə gəlmişdir: -“Çox az adam ona iman gətirdi.” ( “Hud” surəsi, ayə 40). Müfəssirlərin bə’ziləri 80 nəfərin olduğunu yazırlar. Başqa bir hissəsi isə 78 nəfərin, 72 nəfəri öz qövmünün kişi və qadınları, 6 nəfər isə öz ailəsi, oğulları və qadınları olduğunu qeyd edirlər. İmam Sadiq (ə)-dan nəql olunan bir hədisdə onların cəmi 10 nəfər olduqları qeyd olunur. Başqa bir fərziyyədə isə 7 nəfər deyilir.
Hər halda çox az adam nicat tapdı. Onlardan Nuhun üç oğlu, Sam, Ham, Yafes və arvadları ki, indiki yer üzündə olan irqlər onlardandırlar.
NUHUN O Ğ LUNUN HEKAY Ə S İ
Nuhun başqa oğlunun adı Kən’an idi və düşmənlərin zümrəsilə yaşayır, atasından uzaq gəzirdi. O, hələ də atasının dininə iman gətirməmişdi. Su bütün yer üzünü basanda Nuh və onunla birlikdə gəmidə olanlar o dəhşətli mənzərəyə tamaşa edirdilər. Birdən Nuhun gözü, başqa zalımlar kimi özünü boğulmaqdan xilas etməyə cəhd edən oğluna sataşdı. Nuhda atalıq məhəbbəti coşaraq onu çağırıb dedi: -“Oğlum, bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (“Hud” surəsi, ayə 42). O bədbəxt o qədər təkəbbürün əsiri idi ki, bu iztirablı halda atasının sözlərinə qulaq asmadan ona belə cavab verdi: -“Mən bir dağa sığınaram, o da məni sudan qoruyar.” Amma bundan qafil idi ki, bu sel kiçik, adi sellər kimi deyil, bəlkə Allahın tufan və sel şəklində düşən qəzəbidir və bu tufan qudurmuş, zalım insanları udur. Ondan qurtarmaq üçün heç bir çıxış yolu yoxdur. Nuh da bu məsələni ona başa saldı və ürəyi yanaraq dedi: -“Allahın iradə etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz. Nəhayət, (onun sözləri qurtarıb-qurtarmamış) dalğa ata ilə oğlunun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu.” (“Hud” surəsi, ayə 43).
Nuh qabaqcadan Allahdan və’də almışdı ki, öz ailəsini bu əzabdan xilas edəcək. Bu haləti görüb əllərini Onun dərgahına qaldırıb dedi: -“Ey Rəbbim! Oğlum (Kən’an) mənim ailə üzvlərimdəndir. Sənin və’din sözsüz ki, haqdır.” (“Hud” surəsi, ayə 45). Sən özün bu və’di vermişdin ki, mənim ailə üzvlərimi xilas edəcəksən. Allah Nuha belə cavab buyurdu: -“Ey Nuh, o sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. Elə isə bilmədiyin şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürüm).” (“Hud” surəsi, ayə 46).
Bir hədisdə İmam Rza (ə) bu ayənin təfsirində buyurur: -“O, Nuhun ögəy oğlu idi. Allaha itaətsizlik üzündən (atasına tabeçilik etmədi) onu atasından ayırıb Nuhun ailə üzvlərindən saymadı.” Yə’ni Allah dərgahında bəndələrin əməl və rəftarları tərəziyə qoyulur və Ona uzaq-yaxınlıq miqyası sayılır, nəinki onların əsl-nəcabətləri. Çünki əzab nazil olanda heç bir ailəvi əlaqələrin tə’siri olmayacaqdır.
Bu arada Salman Farsi kimilər də tapılır ki, öz itaətçiliyi nəticəsində Rəsuli Əkrəm (s) onu öz kəramətli ailə üzvlərindən sayıb “Əs-Səlmanu minna Əhləl-beyt” (Salman biz Əhli-beytdəndir) sözü ilə fəxri mənsəbi (Əhli-beytdən olmağı) ona nəsib etdi. Amma əksinə, Nuhun oğlu öz itaətsizliyinə görə Şeyxul-ənbiya olan Nuh kimi əzəmətli peyğəmbərin ailəsindən qovur və onun barəsində belə xitab olunur: -“İnnəhu leysə min əhlik” (O, sənin ailəndən deyil.)
Sə’di demişkən:
-”Pesəre Nuh ba bədan beneşəst,
Xandan nübüvvətəş qom şod.
Səge Əshabe-Kəhf ruzi çənd,
Peye mərdom gereft və adəm şod.
(Nuhun oğlu pis insanlarla oturub-durdu. Nübüvvət olan ailəni itirdi.
Amma Əshabi-Kəhfin iti bir neçə gün insanlarla dolandı, adam oldu.)
Deməli, Nuhla Allah arasında gedən sual-cavabdan belə mə’lum olur ki, Nuh öz oğlunun batini küfründən xəbərdar deyildi. Əks halda yalvararaq onun xilas olmasını Allahdan istəməzdi. Çünki özü Allahdan istəmişdi: -“Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma.” (“Nuh” surəsi, ayə 26). Bir tərəfdən bu cümlə ilə bütün yer üzündə olanların aradan getməsini istəmişdi. Başqa tərəfdən isə Allah taala kafirlər üçün vasitəçilik etməyi qadağan etmiş və açıq-aşkar demişdir: -“Zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar.” (“Hud” surəsi, ayə 37). Oğlunun kafirliyinə agah olan kimi bildi ki, atalıq məhəbbəti onu həyəcana gətirmiş və həqiqətindən xəbərdar olmadığı şeyi Allahdan istəməsinə peşman oldu. Bunu özü üçün böyük günah hesab edərək Allahdan üzr istədi və öz günahının bağışlanmasını xahiş edərək dedi: -“Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cür’ət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan rəhm etməsən ziyana uğrayanlardan olaram.” (“Hud” surəsi, ayə 47). Təbərsinin bu ayənin təfsirində dediyi sözlərə görə bu cümlələr Nuhun nəhayət təvazökarlığına açıq sübutdur. Çünki, heç bir günahın baş vermədiyi halda Allah dərgahına sığınaraq Ondan günahının bağışlanmasını istədi.
TUFAN B Ü T Ü N YER Ü Z Ü N Ü TUTDU
Bə’ziləri Nuhun tufanının müəyyən bir ərazidə, ya onun qövmü yerləşən yer kürəsinin bir hissəsində baş verdiyi və o müəyyən yerin İraqda Kufənin ətrafında olması üçün bir sıra sübutlar da gətirmişlər.
Amma, Qur’an ayələrində bu barədə olan rəvayətlərdən və sair göstəricilərdən belə başa düşülür ki, tufan ümümi olub və bütün yer üzünü tutmuşdur. Necə ki, onun çağırışı ümumi olub və yer kürəsinə göndərilən ən böyük peyğəmbərlərdən biridir. İslam terminologiyasında onlara “Ulul-əzm” peyğəmbərlər deyilir. Böyük təfsir alimlərindən biri deyir: -“Qur’an ayələrinin və rəvayətlərin bu barədə gəlməsinə baxmayaraq Nuhun (dinə) də’vətinin ümumiliyi tufanın (əzabın) ümumi olmasına aydın bir sübutdur.” Qur’an ayələrindən məs: Nuh bütün camaatı qarğış edərkən deyirdi: -“Yer üzündə bir nəfər belə kafir qoyma”(“Nuh” surəsi, ayə 26), ya başqa bir ayədə öz oğlunu nəsihət edərək onun da gəmiyə minməsini istəyir və deyir: -“Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz.” (“Hud” surəsi, ayə 43)., ya Allah əzab nazil edəndə Nuha əmr edir: -“Hər heyvandan biri erkək biri dişi olmaqla bir cüt gəmiyə mindir.” (“Hud” surəsi, ayə 40). (Bu ayədən mə’lum olur ki, məqsəd bütün heyvanların gələcək nəslinin saxlamasından yer üzünün suda qərq olmasıdır), ya da nəhayət Allah Nuh haqqında aydın buyurur: -“Məhz onun nəslini (Qiyamətə qədər yer üzündə) baqi etdik.” qeyd etmək olar. Necə ki, bir az öncə də işarə olundu, yer üzündə ancaq Nuhun nəsli qalır və indiki bəşəriyyətin ikinci atası sayılır. İndiki cəmiyyətdə irqlərin müxtəlifliyi bütünlüklə Nuhun övladları ilə əlaqədardır. Yə’ni hər bir irq onun övladlarından birinə yetişməlidir. Məsələn, Orta Asiya camaatının nəsli Sama yetişir. ( TЇrk milləti isə Yafisə yetişir).
“E’lami-Qur’an” kitabında deyilir: -“Amur dövründə yetişən lövhlərdə tarixin iki dövrə bölünməsi, tufandan qabaqkı dövrü, ondan sonrakı dövr yazılır.” Qədim Yunan, İran və Hindistan dini-tarixi kitablarında tufanın bütün yer üzünü tutması haqqında dastanlar yazılmışdır. Əllamə Təbatəbai “Hud” surəsinin təfsirində bu kitablarda olan ifadələri eynilə gətirmişdir və bə’zi biologiya alimlərinin də fikirlərini qeyd edir ki, deyirlər: -Biz dağların zirvələrində araşdırmalar aparanda bə’zi heyvanların fosilləri ilə üzləşirik ki, adətən bu növ heyvanlar sudan kənarda yaşaya bilməzlər. Bunu da tufanın ümumiliyinin başqa bir göstəricisi kimi hesab etmək olar.
Həmçinin İbni Əsir və başqalrı da tarixi nəzərdən tufanın ümumi olduğunu bilib və məcusilərin bunun əleyhinə olan sözlərini tarixlə inkar edir, yuxarıdakı ayədəki sözlərinə sübut gətirirlər. Məs’udi də öz tarix kitabı “Murucuz-zəhəb”də qeyd edir ki, tufan bütün yer üzünü basmışdır.
Ancaq bir ehtimala yer qalır ki, bə’ziləri ayələrin də bu mə’naya olmasını yazırlar. O ehtimal budur ki, mümkündür o zaman yer üzündə təkcə Nuhun qövmü olmuşdur və tənha Nuhun tayfası yaşayan yerləri su basmışdır. Yə’ni yer üzündə onlardan başqa insanlar, başqa canlı məxluq olmamışdır. Buna görə də tufan o zaman yaşayan bütün insanları və heyvanları məhv etmişdi. Nicat tapanlar ancaq gəmidə olanlar idi. İnsan nəsli Nuhun övladlarından və heyvanların nəsli isə gəmidə olan heyvanlardandırlar. Bu sözün sübutunu onu deyənin öhdəsində qoyuruq. Biz isə öz sözümüzü burada başa çatdırırıq. Ən yaxşısını Allah bilir.
B İ R SUALA CAVAB
Bu hadisədə bir sual irəli gəlir. O, da budur ki, niyə görə günahsız körpələr Nuhun qövmündə olan ata-anaları ilə birlikdə batmalıdırlar?
Amma bir məsələyə diqqət yetirmək lazımdır ki, Allahın əzabı ilə bütün insanların, həmçinin heyvanların həlak olması arasında heç bir tənasüblük yoxdur. Elə deyil ki, dünyada baş verən bütün fəlakətlər Allahın o millətə, o yerə qarşı olan intiqamı, ya əzabı üzündəndir. Bəlkə, bütün bu hadisələr, fəlakətlər, zəlzələ, vəba, taun kimi ümumi bəlalar ki, yaxşı, pis, kiçik və böyüyü özü ilə bir yerdə aparır, təbiətin qanunudur. Çünki sel gələndə çör-çöpü də özü ilə aparır. Amma bu hadəsələrin baş verməsinin əsas səbəbi nizamlı aləmin intizamının aradan getməsi ilə əlaqədardır. Yenə də bu nizamın aradan getməsi insanın özünə və onun pis əməllərinə qayıdır. Allah özü bir millətə verdiyi ne’mətləri geri alır. Bu insanların özüdür ki, öz əməlləri ilə onları əldən verirlər. Bu vaxtdır ki, aləmi nizam-intizamı qarışdıqda böyük-kiçik tanımır və hamını birlikdə özü ilə aparır.
Bə’ziləri isə, bu məsələnin zalımların uşaqlarının, heyvanlarının həlak olmasından agahlıqlarının onlara daha çox əzab verdiyini söyləyirlər. Buna görə də zalım qövmün daha artıq işkəncə görmələri üçün onların övladlarını da tufan özü ilə aparır.
Bu barədə səkkizinci imamımız, İmam Rza (ə)-dan rəvayət edilmişdir. Əgər sənədi mö’təbər olsa, Nuhun qövmü haqqında yaranan şübhələri asanlıqla aradan qaldırılar. Səduq bu rəvayəti “İləl və Üyun” kitablarından Əbüs-Səlman Hərəvidən nəql edərək deyir: -“İmam Rza (ə)-a ərz etdim ki, niyə Allah taala Nuhun zamanında bütün dünyanı suda qərq etdi, halbuki onların arasında körpələr və günahsız insanlar da var idi. İmam Rza (ə) buyurdu: -“Onların arasında körpələr yox idi. Çünki, Allah taala qırx il əzab gəlməmişdən öncə qadın və kişiləri sonsuz etmişdi. Onlar övlad sahibi ola bilmirdilər, buna görə də nəsilləri kəsilmişdi. Nəticədə suda boğulanlar arasında uşaqlar yox idi. O ki, qaldı günahsızlara Allah heç bir zaman günahsızları əzaba düçar etməz. Amma insanlar Allahın peyğəmbəri Nuhu təkzib etdiklərinə və başqaları isə onlarla razılaşdıqlarına görə birlikdə suda boğularaq aradan getdilər.”
TUFANDAN SONRA
Nuhun və onun qövmünün salehlərinin nə qədər gəmidə həyat sürmələri barəsində müxtəlif nəzəriyyələr mövcuddur. Bə’ziləri deyirlər ki, yeddi gün keçdikdən sonra su çəkildi və gəmi Cudi dağında (İraqda Musil şəhərində) yerə oturdu. Bə’ziləri bu müddəti bir ay qeyd edirlər. Bir hədisdə altı ay gəlmişdir. Yə’qubi öz tarixində Nuhun gəmiyə minməsindən düşənə qədər bir il on gün keçməsini yazmışdır. Qur’anda bu müddətin gəlməməsinə baxmayaraq suyun çəkilməsi və gəminin Cudi dağında oturması kiçik bir ayədə bəyan olunmuşdur. Bu kiçik ayə o qədər fəsahət-bəlağəti baxımından yüksəkdir ki, o zamanın ərəb ədəbiyyatçıları və İslam düşmənlərini heyrətə gətirmişdi. Onlar bu ayə kimisini gətirməkdə öz acizliklərini e’tiraf etdilər. Bu ayə “Hud” surəsində yerləşir.
“(Allahdan bir əmr olaraq) Ey yer, suyunu ud! Ey göy, (yağışını) saxla! deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və “zalımlar məhv olsun!”- deyildi.” ( “Hud” surəsi, ayə 44).
Mərhum Təbərsi “Məcməul-bəyan” kitabında yazır ki, Qureyş tayfasının kafirləri Qur’anın ayələri kimi ayələr gətirmək üçün qırx gecə-gündüz yeməklərini ağ un çörək və quzu ətindən, içkilərini isə təmiz şərabdan etdilər. Çünki, istəyirdilər zehinləri sakit və təmiz olsun. Elə ki, istədilər işə başlasınlar bu ayəni eşitdilər və bir-birlərinə dedilər: -“Bu söz insan sözünə oxşamır. Heç kəs bunun kimisini yarada bilməz!” Tutduqları işdən peşman olaraq ümidsizcəsinə bir-birlərindən ayrıldılar.
Nəhayət Nuh və onun qövmü gəmidən yerə endilər və Yer kürəsində yeni həyat üçün fəaliyyətə başladılar. Yavaş-yavaş əkin sahələri yaratdılar və evlər tikdilər.
Əzəmətli tufandan sonra Nuhun ömrü haqqında fikir ayrılığı vardır. Bə’zisi 60 il, Yə’qubi öz tarixində 360 il, Təbəri isə 348 il yazır. İmamlardan gələn bir neçə hədisdə isə 500 il qeyd olunur. Bir az öncə də deyildi ki, rəvayətlərdə Nuhun bütövlükdə ömrü 2500 il olmuşdur. Səduq “Əmali” kitabında bu barədə çox maraqlı bir hədis gətirmişdir. Biz əziz oxuculara onun tərcüməsini nəql edirik.
MARAQLI B İ R HAD İ S Ə
Şeyx Səduq sənədi İmam Sadiq (ə)-a çatan bir hədisdə buyurur: -“Nuh peyğəmbər ümumilikdə 2500 il ömr sürdü. Onun 850 ilinin peyğəmbərlik məqamına çatmazdan əvvəl, 950 ilinin peyğəmbərlik dövründə, 200 ilini gəmi düzəltməkdə və 500 il isə gəmidən yerə enəndən sonra yaşayaraq şəhərlər abad etdi. Öz övladlarını isə bu şəhərlərdə məskunlaşdırdı.
Nuh bir gün günəşin altında oturmuşdu. Əzrail onun yanına gəlib salam verdi. Nuh onun cavabında dedi:
-«Nə istəyirsən? (Yə’ni niyə görə gəlmisən?)» Əzrail dedi:
-«Gəlmişəm sənin canını alım.» Nuh soruşdu:
-«Mənə fürsət verərsənmi günün altından kölgə bir yerə keçim?» Dedi:
-«Bəli.» Nuh qalxıb kölgə bir yerə keçdi və onunla üzbəüz durub dedi:
-«Ey Əzrail, mənim dünyada başıma gələnlər (və bu uzun ömr) günün altından kölgəyə keçməyim kimi idi. İndi isə öz mə’muriyyətinə əməl et.»
Əzrail o həzrətin canını aldı.”
Məs’udi bir hədisdə nəql edir ki, Nuh həzrətləri 2800 il dünyada ömr sürdü. Əzrail onun canını almağa gələn zaman günün altında oturmuşdu. Əzrail salam verərək dedi:
-«Allah taala məni sənin ruhunu aparmaq üçün göndərib.» Nuh buyurdu:
-«Mənə möhlət ver ora qədər gedim. (Bir ağacın kölgəsinə işarə etdi.) Həzrət ora getdi və orada yatdı.» Əzrailə də belə dedi:
-«Öz mə’muriyyətinə əməl et.» Əzrail irəli gələrək dedi:
-«Ey o şəxs ki, Adəmin övladlarının içində hamıdan çox ömr sürən, dünyanı necə gördün?» Nuh dedi:
-«İndicə günün altından kölgəyə keçdiyimdən savayı heç bir şey yadıma gəlmir.»
İbni Əsir “Kamil” kitabında yazır ki, Nuhun ömrü sona çatdıqda ona dedilər:
-«Dünyanı necə gördün?» Dedi:
-«İki qapılı bir ev kimi. Birindən daxil, o birindən isə xaric oldum.»
NUHUN Ş EYTANLA S Ö HB Ə T İ
Səduq İmam Baqir (ə)-dan rəvayət edir ki, buyurdu: -Nuh elə ki, öz qövmünə qarğış etdi və onlar suda boğuldular.
Şeytan onun yanına gəlib dedi:
-«Sənin mənim boynumda haqqın var, istəyirəm xəcalətindən çıxım.» Nuh buyurdu:
-«Çox təəssüfedici bir haldır ki, mənim sənin boynunda haqqım var. İndi de görüm o haqq nədir?» Şeytan dedi:
-«Bəli, sən qarğış etdin. Allah taala da bu camaatı suda batırdı. Artıq mənim vəsvəsə edəcəyim bir kəs qalmamışdır və bir əsr gələcək nəslə qədər işim rahatdır.» Nuh dedi:
-«İndi bu haqqı necə ödəmək istəyirsən?»
Şeytan Nuhun boynunda olan haqqı ödəmək üçün ona bir neçə cümlə deyərək öz istəyini açıqladı:
-Üç yerdə məni xatırla (məni yaddan çıxartma). Bu üç yerdə mən insana hər şeydən yaxınam. Birinci hirslənən zaman, ikincisi iki nəfərin arasında qəzavət edən zaman, üçüncüsü isə naməhrəm bir qadınla xəlvət bir yerdə olduqda və sizinlə heç bir kəs olmadıqda.
Başqa bir hədisdə deyilir ki, şeytan Nuhun yanına gəlib dedi:
-«Sənin mənim boynumda böyük haqqın var. Mən o haqqı ödəmək üçün sənə xeyirxahlıq etmək istəyirəm. Əmin ol ki, sənə (yalan danışmaz və) xəyanət etmərəm.»
Nuh onun sözündən çox narahat olub, onunla artıq danışmaq istəmirdi. Allah taala bu zaman Nuha belə vəhy etdi:
-«Onunla danış! Mən onun dilindən doğru və haqq sözlər çıxardacağam.» Nuh üzünü şeytana tutub dedi:
-«Danış!» Şeytan dedi:
-«Mən Adəm övladlarını paxıl, dünyapərəst, həsəd aparan və işlərində tələsən görsəm, tezliklə bizim caynaqlarımıza düşəcəklərini bilirəm. Biz onu top kimi əlimizdə oynadacayıq. Əgər bütün bu sifətlər onda toplansa onun adını Mərid Şeytan qoyarıq.» Nuh soruşdu:
-«İndi de görək mənim sənin boynunda olan haqqım nədir?» Dedi:
-«Sən qarğış etdin və bir saata hər yeri Duzəxə döndərdin. Mən də rahat oldum. Əgər sənin qarğışın olmasaydı gərək günlərlə mən onlarla məşğul olaydım.»
İbni Abbasdan nəql olunan rəvayətdə deyilir ki, Şeytan Nuha nəsihət edərək belə dedi:
-«Məbada təkəbbürlük edəsən. Bu mənim Adəmə səcdə etməməyimə səbəb oldu və Allah dərgahından qovuldum. Məbada dünyapərəst olasan. Bir halda ki, bütün behişt Adəmə halal idi, təkcə bir ağacdan başqa, amma hərislik onu ondan yeməyə məcbur etdi. Məbada həsəd aparasan ki, çünki belə hal Adəmin övladının öz qardaşını öldürməsinə səbəb oldu.» Nuh ona dedi:
-«İndi de görüm sənin gücün Adəm övladına qarşı nə vaxt daha qüvvətlidir?» Dedi:
-«Hirslənən zaman.»
NUHUN Q Ə BR İ V Ə ONDAN SONRAKI PEY ĞƏ MB Ə RL Ə R
Qeyd olunduğu kimi tarix və rəvayətlərə əsasən Nuhun qəbri Nəcəfdə Əmirul-mö’minin Əli (ə)-ın məzarının yanında yerləşir. Bu cümlə o həzrətin (Əli (ə)-ın) ziyarətnaməsindən gəlmişdir ki, ziyarət edən şəxs deyir: -”Əssəlamu ələykə və əla zəciəykə Adəmə və Nuh”. (Salam olsun sənə və sənin yanında yatan Adəmə və Nuha!)
Nuhdan sonra Allahın fərmanı ilə övladı Sam canişin oldu. Peyğəmbərlərin mirasını qorudu və atasının vəsiyyətinə (peyğəmbərlik məqamına) nail oldu. Bə’ziləri onu “mürsəl” (risalət gətirən) peyğəmbərlərdən hesab edirlər. O, öz zamanında qardaşları Ham və Yafes, Qabilin övladları, Ovc ibni İnaq və başqalarının müxalifətçiliyi ilə üzbəüz oldu. Nəhayət 600 il ömründən keçdikdən sonra fəna aləmi ilə vidalaşdı və bəqa aləminə qovuşdu. Öz oğlu Ərəfxəşidi özünə canişin seçdi və peyğəmbərlərin mirasını ona tapşırdı.