Cəmiyyət arasında düzgün əlaqə və ünsiyyət qurmaq üçün bir sıra me'yarlara riayət etməliyik ki, ilk növbədə özümüzü gözəl şəxsiyyət və bir ideal insan kimi tanıtdıra bilək. Çünki bir tərəfdən gözəl əxlaq və davranış tərzi görməklə camaatda bizə qarşı rəğbət hissi yaranacaq, digər tərəfdən də özümüz insani [mə'nəvi] dəyərlərə nail olacağıq. Və eyni zamanda başqalarının üzərimizdə nə kimi hüquqlara malik olduqlarını bilməli və onların hüquqlarının tapdalanmasına yol verməməliyik.
Bu me'yarlar ümumiyyətlə iki hissəyə bölünür. Onlardan biri başqalarının qarşısında həyata keçirməli olduğumuz xüsusiyyət və rəftar normaları, digəri isə tərk etməyimiz zəruri olan bə'zi xoşagəlməz xislət və xüsusiyyətlərdir. Başqa sözlə desək, birinci dəstəyə aid olan me'yarlar islam dininin bizlərə tövsiyə etdiyi gözəl əxlaqi xüsusiyyətlər, ikinci hissəyə aid olanlar isə ictimai həyatımızda tərk etməyimiz zəruri olan bir sıra mənfi xüsusiyyətlərdir. Deməli, ictimai həyatın normal hal tapması üçün biz ilk növbədə mənfi xüsusiyyətlərdən çəkinməli və gözəl əxlaqa malik olmalıyıq. Gözəl əxlaqa malik olmaq və xoşagəlməz xüsusiyyətlərdən çəkinməyə də «əxlaqi davranış» deyilir. Bu dərsimizdə onların hər biri haqda ayrı-ayrılıqda söhbət açacağıq.
G Ö Z Ə L X Ü SUS İ YY Ə T
İctimai həyat və əlaqələrin bərqərar olunmasında hamı başqalarının hörmət və ehtiramını qazanmaq istəyir. İnsanlarda cəmiyyət arasında hörmət və nüfuz sahibi olmaq marağı, onlarda qürbət və təklikdən qorxu hissindən yaranmışdır. Çünki bir qədər əvvəl qeyd etdik ki, insanın bir çox maddi-mə'nəvi və ruhi ehtiyacları ictimai əlaqələri bərqərar etməklə tə'min olunur. Bu kimi ehtiyacların təkbaşına tə'min olunması sadəcə olaraq qeyri-mümkündür. Bu səbəbdən də insan, ehtiyaclarının aradan qaldırılmasında başqalarından asılı olduğunu hiss edir. Təklik və qürbət hissi onu kədərləndirir və çıxış yolu axtarmağa vadar edir. Beləliklə də maddi-mə'nəvi ehtiyaclarının aradan qaldırılamasını yaşadığı cəmiyyətdə ictimai əlaqələrin bərqərar olunmasında görür. Normal əlaqələrin bərqərar olunması üçün də ondan cəmiyyətin fəal bir üzvünə çevrilməsi, ictimaiyyətdə müəyyən [müsbət] mövqeyə malik olması tələb olunur. Bununla da insan başqalarından bir çox müsbət xüsusiyyətlər öyrənərək özünün insani xüsusiyyətlərini büruzə verir, müəyyən üstünlüklər əldə edir və eyni zamanda maddi ehtiyaclarının tə'min olunmasına nail olur. İnsanların qəlblərinə yol tapmağın və onların razılığının qazanılmasının ən başlıca amili «gözəl əxlaq və xüsusiyyətə» malik olmaqdır. «Gözəl əxlaq» təkcə insanların razılığını əldə etməyin başlıca amili deyil, bir çox digər insani dəyərlərin də əsasını təşkil edir. Yə'ni, insan «gözəl əxlaqa» malik olmayınca, onda digər insani dəyərlər özünü büruzə vermir. Məsələn, «gözəl əxlaqa» malik olmayan bir şəxsdə şücaət, səxavət və bu kimi digər xüsusiyyətlər müşahidə olunsa da onlar öz həqiqi dəyərlərini tapmır. Gülərüz və mehribançılıqla verilməyən hədiyyəni kimsə qəbul etmir. Deməli, bütün müsbət keyfiyyətlər yalnız o zaman özünün həqiqi dəyərini tapa bilər ki, bu xüsusiyyətlərə malik olan hər bir şəxs «gözəl əxlaqa» yiyələnmiş olsun.
Əxlaqın tə'rifində deyilir:
«Əxlaq - elə bir daxili hissiyyata deyilir ki, digər müsbət xüsusiyyətlərlə yanaşı, insanı başqaları ilə gözəl ünsiyyətdə olmağa da sövq etmiş olsun».
İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətlə bu tə'rif arasında sıx bağlılıq vardır. Belə ki, imam Sadiq (ə)-dan «gözəl əxlaq nədir?» - deyə soruşduqda buyurur: «Gözəl əxlaq odur ki, başqaları ilə şirin dillə danışıb mehribanlıqla rəftar etmiş olasan və müsəlman qardaşınla görüşdükdə onu gülər üzlə qarşılayasan».
Gözəl əxlaqa yiyələnməyin və başqaları ilə gözəl ünsiyyətdə olmağın fəziləti haqda həzrət Peyğəmbər (s) və mə'sum imamlardan kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Misal olaraq burada onlardan bir neçəsini gətiririk:
«Sizin ən yaxşınız, ən gözəl əxlaqa yiyələnənlərinizdir. Gözəl əxlaq sahibləri o kəslərdir ki, bir-biri ilə qarşılaşarkən təvazökarlıq edər və başqaları ilə daim gözəl ünsiyyətdə olaraq evinin qapısını onların üzünə açıq qoyarlar».
«Gözəl əxlaqa yiyələnənlərin savabı gecələri ibadətlə keçirən və gündüzləri oruc tutan şəxsin savabı qədər olar».
«Qiyamət günü insanların əməl tərəzilərinə qoyulacaq ilk şey onların gözəl əxlaqı olacaqdır».
«Qiyamət günü əməl tərəzisində gözəl əxlaqdan ağır şey olmayacaqdır».
«Qiyamət günü mənə ən yaxın olanınız və ən sevimliniz gözəl əxlaqa yiyələniniz olacaqdır».
Həzrət imam Əli (ə) buyurur: «Sizin üçün gözəl əxlaqdan yaxşı heç bir şey yoxdur».
İmam Həsən (ə) buyurur: «Ən gözəl yaxşılıq, gözəl əxlaqdır».
İmam Baqir (ə) buyurur: «Sizin ən yaxşılarınız ən xoş rəftar olanlarınızdır. Belə şəxslər mülayimliklə bir-birinə xidmət edər, digərləri ilə ünsiyyət yaradar və digərləri də onlarla ülfət taparlar; bu insanların qapısı hamının üzünə açıq olar.»
Bütün bunlar mə'sum imamlardan (ə) əxlaq barəsində nəql olunmuş rəvayətlərin yalnız bir neçəsidir. Qələm surəsinin 4-cü ayəsində Allah-taala Öz Peyğəmbərini (s) belə bir gözəl ifadələrlə vəsf edir:
«Doğrudan da sən böyük bir əxlaq sahibisən!»
Başqa bir ayədə Allahın mərhəməti sayəsində Peyğəmbərin (s) gözəl əxlaqa yiyələnməsi, insanların ona iman gətirməsinin əsas səbəbi kimi göstərilir:
«Ya Məhəmməd! Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə onlar sənin ətrafından dağılıb gedərdilər...»
Həzrət Peyğəmbərə (s) hamıdan yaxın olan və onu hamıdan daha yaxşı tanıyan Əmirəl-mö'minin Əli (ə) o həzrətin şəxsiyyəti haqda buyurur:
«O, hamıdan mehriban, bağışlayan, hövsələli, düzdanışan və əhdə vəfa edən idi. Hamı ilə gözəl rəftar edər və xoş ünsiyyətdə olardı. Onu ilk dəfə görənlər vəcdə gələr, əxlaq və rəftarına heyran olardılar. Ünsiyyətdə olan şəxslər dərhal onu tanıyır və onu sevməyə başlayardılar. Ondan əvvəl və sonra onun kimi ikinci bir şəxs görmədim».
Əli (ə) Peyğəmbərin (s) digər xüsusiyyətləri haqda deyərdi: «Həzrət Peyğəmbər (s) bir yəhudiyə pul borclu idi. Günlərin bir günündə həmin şəxs həzrət Peyğəmbərin (s) yanına gəlib borcunun qaytarılmasını istədi. Həzrət Peyğəmbər (s) buyurdu: «Hələlik sənin pulunu qaytara bilməyəcəyəm, bir qədər səbr et!»
Yəhudi dedi: Pulumu qaytarmayınca buradan heç yerə gedən deyiləm. Peyğəmbər (s) buyurdu: «Elə isə mən də sənin yanında oturacağam».
Onlar səhərdən axşamadək bir yerdə oturdular və həzrət Peyğəmbər (s) namazlarını da elə oradaca qıldı. Səhabələr bu əhvalatdan narahat olub həmin şəxsə hədə-qorxu gələrək xəbərdarlıq etməyə başladılar. Peyğəmbər (s) üzünü onlara tutub buyurdu: «Bu necə rəftardır onunla edirsiniz?»
Dedilər: Ya Rəsuləllah! (Bu nə işdir,) elə bil burada sizi həbs etmişdir. Buyurdu: «Allah-taala məni başqalarına zülm etmək üçün peyğəmbərliyə göndərməmişdir».
Həmin günün səhəri zöhr namazı vaxtı həmin yəhudi məscidə gəldi və islamı qəbul edib müsəlman oldu. Sonra üzünü Peyğəmbərə (s) tərəf tutub dedi: And olsun Allaha! Əgər Tövratda sənin barəndə deyilənləri oxumasaydım, belə etməzdim. Orada sənin barəndə deyilir:
«Allahın peyğəmbəri Məhəmməd ibn Abdullahın doğulduğu yer Məkkə, hicrət edəcəyi yer isə Mədinədir. O, nə tünd xasiyyətli, nə də əsəbidir. Başqaları ilə səmimiyyət və mehribanlıqla rəftar edər. Kimsəni nə söyər, nə də təhqir edər». Mən də Allahın birliyinə və sənin peyğəmbərliyinə iman gətirib öz var-dövlətimi Allah yolunda sədəqə verirəm. Bunlar mənim var-dövlətimdir. Istədiyin kimi hökm verə bilərsən.
Rəvayəti nəql etməkdə əsas məqsəd, həm həzrət Peyğəmbərin (s) xüsusiyyətlərindən biri, həm də Əhzab surəsinin 21-ci ayəsi ilə tanışlıqdır. Orada deyilir:
«Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər [Allahdan, qiyamət günündən qorxanlar] və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!»
Bilməliyik ki, islam zühur etdikdən sonra həzrət Peyğəmbərin (s) vasitəsilə islamı qəbul edən şəxslərin əksəriyyəti məhz onunla ünsiyyətdə olduqdan və onun gözəl insani xüsusiyyətlərinin şahidi olduqdan sonra bu ilahi dini qəbul etmişlər.
Ə XLAQ V Ə G Ö Z Ə L DAVRAN IŞI N N Ə T İ C Ə L ƏRİ
Cəmiyyətdə gözəl əxlaq nümayiş etdirmək və insanlarla gözəl davranmaq bir çox müsbət nəticələr verir. Onlardan bə'ziləri o qədər aşkardır ki, izaha belə ehtiyacı yoxdur. Buna baxmayaraq həzrət Peyğəmbər (s) və mə'sum imamlardan (ə) nəql olunmuş rəvayətlərdən istifadə edərək onlardan bir neçəsi haqda söhbət açacağıq.
Peyğəmbər (s) buyurur: «Gözəl əxlaq ruzinin artmasına səbəb olur».
İmam Əli (ə) buyurur: «Gözəl əxlaq ruzini artırır və dostları bir-biri ilə daha yaxın edir». Yə'ni, daim bir-biri ilə səmimi ünsiyyətdə olmalarına səbəb olur.
«Xoşxasiyyət şəxslərlə ünsiyyətdə olmaq istəyənlər və onları sevənlərin sayı çox olar».
«Həqiqətən gözəl əxlaq və davranış ömrü uzun, şəhərləri isə abad edir».
«Günəş dərini qurutduğu kimi, gözəl rəftar da səhv və günahları qurudub aradan aparır. Sirkə balı xarab etdiyi kimi, kobud rəftar da əməlləri məhv edir».
Göründüyü kimi imamlar (ə) bir tərəfdən bizləri gözəl davranışa sövq edir, digər tərəfdən isə xoşagəlməz rəftar və davranışlardan çəkindirərək bunun nə ilə nəticələnəcəyini çatdırırlar.
Peyğəmbər (s) buyurur: «Xoşa gəlməz davranış, bağışlanmaz bir günahdır».
İmam Əli (ə) buyurur: «Kobud rəftar ən pis xüsusiyyətdir».
«Pis davranış həyatın acısı və sağlamlıq üçün bir təhlükədir».
«Kobud rəftar səmimiyyət və mehribançılığı aradan aparır, insanı daim qorxu içində saxlayır».
«Kobud rəftar yaxınları qorxudur, özgələrin nifrətinə səbəb olur».
Peyğəmbər (s) buyurur: «Bu iki xisləti mö'minlərdə görmək olmaz: Paxıllıq və kobud rəftar».
(VII) DƏRS
T Ə VAZ Ö KARL I Q
Gözəl əxlaqa malik olduqdan sonra yaşadığı cəmiyyətdə hər bir şəxsə zəruri olan xüsusiyyətlərdən biri də təvazökarlıqdır. Allah-taala əməlisaleh insanların məziyyətlərini sadalayarkən təvazökarlığı ən mühüm xüsusiyyətlərdən biri kimi göstərir.
Furqan surəsinin 63-cü ayəsində buyurulur:
«Rəhmanın [əsil] bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları [xoşlarına gəlməyən bir söz dedikləri] zaman onlarla gözəl, yumşaq danışarlar».
Göründüyü kimi, ayədə göstərilən təvazökarlıq hər bir əməlisaleh insanın yol getdiyi zaman özündən büruzə verdiyi ən başlıca xüsusiyyətdir. Çünki insan yol gedərkən özündən asılı olmayaraq batini xüsusiyyətlərini nümayiş etdirir. Belə ki, hər bir təvazökar və ya təkəbbürlü insanı onun rəftarından, yol getməyindən və ya oturub-durmasından tanımaq olar.Bu səbəbdən də Əli (ə) təvazökarlığı pərhizkar və əməlisaleh insanların səciyyəvi xüsusiyyəti kimi qiymətləndirib buyurur:
«Pərhizkarlar təvazökarlıqla yol gedərlər».
Başqa bir ayədə Allah-taala mö'minlərə dindən çıxdıqları və ya uzaq düşdükləri təqdirdə onları başqa bir qövm ilə əvəz edəcəyi haqda xəbərdarlıq edib buyurur:
«Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, [bil ki] Allah [onun yerinə] elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar mö'minlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar...». (Maidə surəsi 54)
Peyğəmbər (s) təvazökarlığı insanın vüqar və baş ucalığı hesab etmişdir: «Həqiqətən təvazökarlıq insana baş ucalığı və yüksək məqam nəsib edir. Elə isə təvazökar olun ki, Allah-taala sizləri başı uca və vüqarlı etsin».
Başqa bir yerdə buyurulur: «Hər kəs Allaha xatir təvazökarlıq etsə, Allah-taala onu vüqarlı edər, həmən şəxs özünü nə qədər zəif hesab edərsə, camaatın nəzərində bir o qədər ucalar və hamının rəğbətini qazanmış olar».
İmam Sadiq (ə) buyurur: «Loğman oğluna tövsiyə edərək buyurdu: Təvazökarlıqdan böyük insana vüqar və başı ucalıq gətriən bir şey yoxdur. Təvazökar insan Allah qarşısında ən yüksək məqama nail olar».
«Allahın mələklərindən ikisi daim insanlara nəzarət edərlər. Allaha görə təvazökarlıq edənlərin məqamını yüksəldər, təkəbbür və lovğalıq edənləri isə xar və rüsvay edərlər».
Peyğəmbər (s) və mə'sum imamlardan (ə) təvazökarlığa dair bir çox hədis və rəvayətlər nəql olunmuşdur və biz burada onlardan bir neçəsini gətirməklə kifayətlənirik.
İmam Əli (ə) buyurur: «Şərəfli insanın zinəti təvazökarlıqdır».
«Təvazökarlıq şərəf və ucalığın zəkatıdır».
İmam Əli (ə) övladı imam Həsən Müctəbaya(ə) etdiyi tövsiyələrin birində buyurur: «Sənə təvazökar olmağı tövsiyə edirəm. Çünki təvazökarlıq ibadətlərin ən böyüyüdür».
İmam Həsən Əsgəri (ə) buyurur: «Təvazökarlıq elə bir ne'mətdir ki, kimsə ona həsəd aparmır».
Diqqət yetirmək lazımdır ki, təvazökarlıq dedikdə hər bir şəxsə layiqincə ehtiram etmək və özümüzü onlardan üstün tutmamaq nəzərdə tutulur. Bunu da nəzərdən qaçırmamalıyıq ki, təvazökarlıq yalnız Allaha xatir edilməli və bu işdə də ən başlıca məqsəd Allahın razılığını qazanmaq olmalıdır. Zalım, lovğa, kafir və müşrik şəxslərə gəldikdə isə, onların qarşısında əsla təvazökarlıq edilməməlidir.
Təvazökarlıq ayrı-ayrı şəxslərin daşıdığı ictimai mövqe, vəzifə və məqamına görə deyil, onların iman və təqvasına görə olmalıdır. Peyğəmbər (s) və imam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Varlıların var-dövlətinə xatir onların qarşısında təvazökarlıq edən şəxs dininin üçdə ikisini itirmiş olur».
Əli (ə) buyurur: «Dövlətlilərin Allaha xatir [Onun razlığını əldə etmək üçün] yoxsulların qarşısında təvazökarlıq etmələri necə də gözəl xüsusiyyətdir. Ondan da yaxşı rəftar, yoxsulların Allaha arxalandıqları üçün varlıların var-dövlətinə e'tinasız yanaşmalarıdır».
İslam dini iman və təqvadan savayı başqa bir yüksək me'yar tə'yin etmədiyi üçün insanların var-dövlətlərinin və cəmiyyətdə tutduqları yüksək mövqelərinin qarşısında deyil, onların ali-mə'nəvi şəxsiyyətlərinin və təqvalarının qarşısında təvazökarlıq etmələrini tövsiyə edir. Bunu da nəzərə almalıyıq ki, hər şeydə olduğu kimi, təvazökarlıq etməkdə də həddi aşıb ifrata varmamalıyıq. Çünki təvazökarlıq həddindən artıq edildikdə insanın şəxsiyyətinə xələl gətirir və lazım olduğundan az edildikdə isə insanda lovğalıq və təkəbbür hisslərinin yaranmasına səbəb olur. Bu səbəbdən də təkəbbürdən qurtarmaqla yanaşı, həddindən artıq təvazökarlıq etməkdən də çəkinmək lazımdır. Qeyd etdiyimiz kimi, təkəbbürlü şəxslərin qarşısında təvazökarlıq etmək olmaz. Çünki bu iş həmin şəxsin onların qarşısında kiçilməsinə, həm də onların daha da lovğa və təkəbbürlü olmalarına səbəb olur.
T Ə VAZ Ö KARL IĞI N Ə LAM Ə T V Ə LAZ I M İ H Ə DD İ
Təvazökarlığın əlamətlərini və hansı həddə olmasını bilmək üçün hər şeydən əvvəl mə'sum imamlardan (ə) bu barədə nəql olunmuş rəvayətlərə diqqət yetirməliyik. İmam Rza (ə)-dan təvazökarlığın hansı həddə olmasını soruşduqda buyurur: «İnsanları sevdiyin qədər onlara qarşı təvazökar ol ki, onlar da sənə qarşı bir o qədər hörmət etsinlər».
İmam Sadiq (ə) buyurur: «Təvazökarlıq ona deyilir ki, iştirak etdiyin məclis sənin səviyyəndən aşağı olsa belə, orada olmağına razı olasan, qarşılaşdığın hər bir şəxslə görüşüb hal-əhval tutasan, haqlı olsan belə, mübahisə etməkdən çəkinəsən, unutma ki, bütün xeyir və yaxşılıqlar təvazökarlıqdan irəli gəlir».
Başqa bir rəvayətdə buyurur: «İnsan pərhizkar olduğuna görə başqalarının onu sevmələrinə can atmamalıdır».
T Ə VAZ Ö KARL IĞI N N Ə T İ C Ə L Ə R İ
Təvazökarlığın müsbət nəticələrindən biri imam Musa Kazım (ə)-dan nəql olunmuş rəvayətdə belə izah olunur: «Belə bir ilahi hikmət təvazökar insanın qəlbində özünə yer tapır, amma təkəbbürlü insanlar belə gözəl insani xüsusiyyətdən məhrumdurlar. Çünki Allah-taala təvazökarlığı əql, təkəbbürü isə cəhl və nadanlıq üçün vasitə qərar vermişdir».
Buna oxşar başqa bir rəvayətdə deyilir: «Günlərin bir günü Isa (ə) üzünü həvarilərinə tutub buyurdu: Bir istəyim var, əgər onu yerinə yetirəcəyinizə söz verirsinizsə, deyim. Hamı bir nəfər kimi dedi: Hər nəyi əmr etsən, tabe olacağıq. Isa (ə) ayağa qalxıb bir-bir onların ayaqlarını yudu. Həvarilər utandıqlarından xəcalət hissi keçirdilər. Lakin tabe olacaqlarına söz verdikləri üçün İsa (ə)-a bir söz demədilər. O da bir-bir onların ayaqlarını yuyub ayağa qalxdı. Həvarilər dedilər: Sən bizim müəllimimiz və tərbiyəçimizsən, yaxşı olardı ki, biz sənin ayaqlarını yuyaq.
İsa (ə) buyurdu: Bu işi görməklə insanlara xidmət etməyin ən xeyirxah iş olduğunu demək istəyirdim. Bu işlə həm özüm təvazökarlıq etmiş oldum, həm də sizlərə təvazökarlıq dərsini öyrətdim. Məndən sonra insanların hidayət olunmalarını öz öhdənizə götürdükdə təvazökarlığı hər şeydən üstün tutun və bilin ki, toxum qayalıqlarda yox, yumşaq torpaqda bitdiyi kimi, təvazökarlıq da [sağlam qəlblərdə] özünə yer tapır.»
Həzrət Əli (ə)-dan nəql olunmuş rəvayətlərdə təvazökarlığın verdiyi müsbət nəticələr belə bəyan olunur:
«Təvazökarlığın səmərəsi dostluq və məhəbbət, təkəbbürün səmərəsi isə kin-küdurət və düşmənçilikdir.»
«Təvazökarlıq, salamatçılığı sənin üçün ərməğan gətirər».
«Təvazökarlıq sizlərə vüqar və ucalıq libasını geyindirər».
Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir:
«Allah-taala təvazökar olmağı əmr etmişdir ki, biriniz digərinizin haqqını tapdayıb öyünməyəsiniz».
Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, sülh və səmimiyyət, dostluq və qardaşlıq, sağlam həyat və gözəl əxlaqla başa vurulan həyat təvazökarlığın verdiyi müsbət nəticələrdəndir.
Dərsimizi Peyğəmbər (s) və mə'sum imamların təvazökar həyat tərzlərinə dəlalət edən iki rəvayətlə başa vururuq:
1. Bir gün Peyğəmbər (s) öz səhabələri ilə səfər zamanı bir yerdə düşərgə qurmalı olurlar. Belə qərara gəlirlər ki, bir qoyun kəsib ətini kabab etsinlər. Səhabələrdən biri qoyunun kəsilməsini, başqa birisi soyulmasını, digəri isə bişirilməsini öz öhdəsinə götürür. Beləliklə, yemək hazırlamaq üçün hərə öz üzərinə bir məs'uliyyət götürdü. Peyğəmbər (s) hər kəsin bir işi üzərinə götürdüyünü görüb buyurur: Elə isə odun yığmaq da mənim boynuma. Səhabələrdən biri dedi: Ya Rəsuləllah! Sizin zəhmət çəkməyiniz lazım deyil. Biz özümüz nə lazımsa edəcəyik. Peyğəmbər (s) buyurdu: Bilirəm ki, siz bu işləri görəcəksiniz. Lakin Allah-taala özünü başqalarından fərqləndirən şəxsləri sevmir. Bunu deyib səhraya tərəf getdi və kifayət qədər quru odun yığdı.
İmam Həsən Əsgəri (ə)-dan nəql olunan digər rəvayətdə deyilir:
Bir gün Əli (ə)-ın evinə iki nəfər qonaq gəlir. Onlardan biri ata, digəri isə onun övladı idi. O həzrət onları gülər üzlə qarşılayıb evə də'vət etdi və özü də onların qarşısında oturdu. Sonra buyurdu ki, yemək gətirsinlər. Yemək yeyib qurtardıqdan sonra həzrətin xidmətçisi Qənbər əl yumaq üçün ləyən və su gətirdi. Əli (ə) dolçanı Qənbərin əlindən alıb özü qonaqların əlinə su tökməyə başladı. Yaşca böyük olan şəxs xəcalət çəkdiyindən nə edəcəyini bilməyib yerindən qalxaraq dedi: Ya Əmirəl-mö'minin! Allah sənin mənim əlimə su tökdüyünü görürmü? Əli (ə) buyurdu: Otur əllərini yu. Allah həm səni, həm də özünü səndən üstün tutmayan və axirətdə dünya əhlinin ona on dəfə çox xidmət etmək məqsədilə sənə xidmət edən bəndəsini də görür. Sonra qonağı yerində oturdub buyurdu: Səni and verirəm Allaha! Qənbər əlinə su tökərkən özünü nə qədər rahat hiss edirsənsə, indi də özünü bir o qədər rahat hiss et və əllərini yu.
O həzrət sözlərini bitirib suyu qonağın əllərinə tökdü. Yaşca böyük olan qonaq əllərini yuyub qurtardıqdan sonra həzrət Əli (ə) dolçanı oğlu Məhəmməd Hənəfiyyəyə verib buyurdu: Əgər bu oğlan tək mənə qonaq gəlsəydi, mən özüm onun əllərinə su tökərdim. Amma Allah-taala ata ilə oğul arasında eyni səviyyədə ehtiram qoyulmasını istəmir. Ata, atanın əlinə su tökdüyü kimi, oğul da oğulun əlinə su tökməlidir. Məhəmməd Hənəfiyyə dolçanı alıb qonağın əlinə su tökdü.
İmam Həsən Əsgəri rəvayəti nəql etdikdən sonra buyurur:
Hər kim Əlidən (ə)belə örnək götürərsə, onun həqiqi tərəfdarlarından olar.