Xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etmək islam dininin müsəlmanlara tövsiyə etdiyi digər əxlaqi xüsusiyyətlərdən biri hesab olunur.
Bu dərsimizdə xəstələrin görüşünə getməyin zəruriliyi və onların qəlblərinə sevinc bəxş etmək haqda söhbət açacağıq.
Haqqında söhbət açacağımız şey ilk növbədə islam dininin bu məsələyə olan baxışı, müsəlmanların bu xeyirxah işə necə sövq olunmaları və bütün bunlarla yanaşı görüşə gedərkən hansı şərtlərə riayət olunmasıdır.
İslam nöqteyi-nəzərindən xəstələrlə görüşə getmək hər bir müsəlmanın üzərinə düşən və olduqca əhəmiyyət kəsb edən məsələlərdən biridir.
Əvvəlki dərsimizdə qeyd etdik ki, başqalarının haqqı hesab etdiyimiz hər hansı bir məslədə onun [yə'ni haqqın] öz sahibinə çatdırılması hər bir müsəlmanın bir növ üzərinə düşən vəzifəsidir. Başqa sözlə desək, hər bir şəxs üzərinə düşən vəzifənin öhdəsindən gəlməklə əmanəti öz sahibinə çatdırmış və əhdə vəfa etmiş olur. Bunu da qeyd etdik ki, bu kimi məsələlərdə yardım etmiş şəxs, kimsənin boynuna minnət qoymamalı və onlardan təşəkkür etmələrini gözləməməlidir. Bu məzmunda nəql olunmuş bir neçə rəvayətə diqqət yetirin. Peyğəmbər (s) buyurur: Hər bir müsəlmanın digər müsəlman üzərində olan haqqı bundan ibarətdir ki, görüşdüyü zaman onlarla salamlaşsın, xəstə olduğu zaman görüşünə getsin və dünyasını dəyişdikdə dəfn mərasimində iştirak etsin.
Əli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: Hər bir müsəlmanın müsəlman qardaşının üzərində otuz haqqı vardır. O, üzərinə düşən vəzifəni yerinə yetirməyincə və ya müsəlman qardaşı onu bağışlamayınca (haqqını halal etməyincə) böyük məs'uliyyət daşıyır. (Müsəlmanın üzərinə düşən otuz vəzifədən biri də) müsəlman qardaşı xəstələndiyi zaman onun görüşünə getməsidir.
İmam Sadiq (ə)-ın səhabələrindən olan Məəlla ibn Xənisə deyir: İmam Baqir (ə)-dan müsəlmanın öz müsəlman qardaşının üzərində nə kimi haqqı olduğu haqda soruşdum. Buyurdu: Hər bir müsəlmanın öz müsəlman qardaşının üzərində yeddi haqqı vardır. Onların hər birini yerinə yetirmək onun üçün vacib və zəruridir. O, öz müsəlman qardaşının hər hansı bir haqqını tapdaladıqda (yə'ni, üzərinə düşən vəzifənin öhdəsindən gəlmədikdə) Allahın bəndəliyindən xaric olur və Allah-taala onun bəndəliyindən heç bir bəhrə əldə etmir (yə'ni, sanki o, Allaha bəndəlik etməmişdir). Sonra mən imam Sadiq (ə)-dan o yeddi haqqın nədən ibarət olduğunu soruşdum. Buyurdu: Ey Məəlla! Mən sənin üçün çox narahatam. Qorxuram onları sənə deyim və sən də onları bilə-bilə əməl etməyib başqalarının haqqını tapdalamış olasan. Məəlla deyir: Heyrətə gəldiyimdən nə edəcəyimi bilməyib dedim: (La hövlə vəla quvvətə illa billah) - Allahdan böyük qüdrət sahibi yoxdur. Sonra imam Sadiq (ə) üzünü mənə tutub buyurdu: Onlardan ən sadəsi bundan ibarətdir ki, özün üçün istədiyin hər bir şeyi öz müsəlman qardaşın üçün də istəyəsən və özünə rəva bilmədiyin şeyləri onlara da rəva bilməysən... Sonuncu, yeddinci haqqı isə odur ki, and içdiyi zaman [inanıb] andını, evinə çağırdığın zaman isə də'vətini qəbul edəsən. Xəstə olduğu zaman görüşünə, vəfat etdiyi zaman isə dəfn mərasiminə gedəsən. Həmçinin bir şeyə ehtiyacı olduğunu bildikdə onun üçün əlindən gələni edəsən və öz ehtiyacını sənə deməsinə vadar etməyəsən...
İmam Sadiq (ə)-ın səhabələrindən olan Muaviyə ibn Vəhəb deyir: İmam Sadiq (ə)-dan bizimlə dostlar, qohum-əqrəba və gediş-gəliş etdiyimiz qonşular arasında mövcud olan əlaqələrin necə olmasını soruşdum. Buyurdu: Əmanətlərini onların özlərinə qaytarın və onların yolunda şəhid olmağa hazır olun. Istər onların xeyirinə olsun, istərsə də zərərlərinə, xəstələrinin görüşünə gedin və vəfat etdikləri zaman dəfn mərasimlərində iştirak edin.
Yuxarıda qeyd olunan rəvayətlərdən belə mə'lum olur ki, mö'minlər öz xəstə müsəlman qardaşının görüşünə getməklə sözün əsl mə'nasında üzərlərinə düşən ilahi vəzifənin öhdəsindən layiqincə gəlmiş olurlar. Onlar belə bir xeyirxah işləri ilə həm müsəlman qardaşlarının qəlbinə sevinc bəxş etmiş olur, həm də özlərində rahatlıq hiss edirlər. Çünki onlar üzərlərinə düşən vəzifəni yerinə yetirməklə Allahın razılığını qazanmış olurlar. Allahın razılığını qazanan şəxslər isə böyük savab və mükafata [əbədi cənnətə] nail olarlar. Bu haqda isə bir qədər sonra söhbət açacağıq.
M Ü S Ə LMANLAR I N X Ə ST Ə L Ə R İ N G Ö R ÜŞÜ N Ə
GETM Ə L Ə R İ N Ə S Ö VQ OLUNMALAR I
Bunun hər bir müsəlmanın üzərinə düşən ilahi və dini vəzifə olduğunu bəyan etdikdən sonra, nəql olunmuş hədis və rəvayətlərdə müxtəlif üsullarla bu xeyirxah işə sövq olunduqlarına toxunulur. Peyğəmbər (s) bu haqda buyurur: Müsəlman bir şəxs öz xəstə müsəlman qardaşının görüşünə getdiyi zaman Allah-taala tərəfindən ona belə bir xitab olunar: Cənnətin uca məqamlarından birinə nail oldun. [Bu xeyirxah işinlə] həm özünü, həm də müsəlman qardaşını pak və rahat etdin (yə'ni, günahlarını yudun].
Başqa bir rəvayətdə deyilir: Səhər çağı xəstə müsəlman qardaşının görüşünə gedən mö'minləri yetmiş min mələk müşayiət edər. O, xəstənin yanında bir qədər oturarsa, Allahın rəhməti onun üçün nazil olar və mələklər axşamadək Allahdan onun bağışlanmasını diləyərlər. Əgər axşam çağı xəstənin görüşünə gedərsə, mələklər səhərədək Allahdan onun bağışlanmasını diləyərlər.
Qiyamət günü Allah-taala Öz bəndələrindən birini danlayıb deyər: Ey bəndəm! Nə üçün xəstələndiyim zaman məni yoluxmağa gəlmədin? O deyər: İlahi! Sən aləmlərin Rəbbi, pak və münəzzəhsən. Eyb və nöqsandan uzaq olduğun bir halda ağrı və xəstəliyə tutularsanmı? Allah-taala buyurar: Filan mö'min qardaşın xəstələndiyi zaman onun görüşünə getmədin. And olsun izzəticəlalıma, əgər onun görüşünə getsəydin, Məni orada görərdin. Bəndəmin xatiri əziz olduğu üçün Mən sənin istək və hacətini yerinə yetirərdim. Mən bağışlayan və rəhm edən Allaham.
İmam Məhəmməd Baqir (ə) buyurur: Həzrət Musa (ə) öz münacatlarının birində Allah-taaladan soruşdu: İlahi! Xəstə bir şəxsin görüşünə gedən bəndələrini necə mükafatlandırırsan? Allah-taala belə buyurdu: Bir mələk ayıraram ki, qəbirdən məhşərə qədər ona baş çəkib halını soruşar.
İmam Sadiq (ə) buyurur: Hər kəs Allaha xatir (Onun razılığını əldə etmək üçün) xəstələrin görüşünə gedərsə, Allah-taala xəstənin onun üçün etdiyi bütün duaları qəbul edər.
Nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olar ki, vaxtaşırı xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etmək Allahın razılığına, mələklərin Allahdan həmin şəxsin bağışlanmasını diləmələrinə, bu xeyirxah insanların əbədi cənnətə daxil olmalarına və nəhayət xəstələrin mə'nəvi rahatlıqlarına səbəb olur.
G Ö R ÜŞ ZAMAN I R İ AY Ə T OLUNMAS I LAZ I M OLAN ŞƏ RTL Ə R
Bütün ictimai münasibətlərdə olduğu kimi xəstələrin görüşünə getdikdə müəyyən şərtlərə riayət etmək lazımdır:
1. Hədiyyə;
Xəstələrin görüşünə gedilən zaman tövsiyə olunan şərtlərdən biri də hədiyyələrin aparılmasıdır.
Peyğəmbər (s) bu haqda buyurur: Hər bir şəxs özünün sevdiyi yeməklərdən xəstələrə də verərsə, Allah-taala cənnətin [tükənməz] meyvələrini onun ixtiyarına qoyar.
İmam Sadiq (ə)-ın səhabələrindən biri deyir: Dostlarımızdan biri xəstələnmişdi. Ona baş çəkməyə gedərkən yolda imam Sadiq (ə) ilə qarşılaşdıq. Bizi gördükdə hara getdiyimizi soruşdu. Dedik: Xəstə dostumuzu görməyə gedirik. Buyurdu: Onun üçün alma, heyva, üzüm və ya ətir almısınızmı? Dedik: Xeyr. Buyurdu: Məgər bilmirsinizmi ki, xəstənin qəlbi onun yanına gətirilən hədiyyələrlə təskinlik tapır?
2. Xəstənin yanında mümkün qədər az oturulmalı və onun rahatlığı pozulmamalıdır;
Xəstələr ağrı və narahatçılıq keçirdikləri üçün istirahət və təkliyə çox ehtiyac duyurlar. Yanlarında çox oturub vaxtlarını almaq isə təbii ki, onların narahatçılıqlarına səbəb olur. Bu səbəbdən də Peyğəmbər (s) bu məsələyə tövsiyə edərək buyurur: Ən gözəl görüş, qısa və az müddətli olan görüşlərdir.
Başqa bir yerdə buyurur: Xəstənin yanında dəvə yerə çökən qədər (yə'ni çox az müddətdə) oturun.
Əli (ə) buyurur: Xəstə yanına gedən şəxslərin ən çox savaba nail olanı o kəslərdir ki, onun yanında çox az oturmuş olsunlar. Xəstə özü çox oturmağını istədikdə xahişini qəbul edib bir qədər də onunla həmsöhbət və həmdərd olmaq lazımdır.
3. Xəstələrin halını soruşub onlar üçün dua etmək;
Peyğəmbər (s) bu haqda buyurur: Xəstlərin görüşünə getdiyiniz zaman əlinizi onların üzərinə qoyub səhhətini və gecəni sübhədək necə yatdıqlarını xəbər alın. Istər gəldikdə, istərsə də ayrılıb getdikdə əl-ələ verib onlarla salamlaşın.
Xəstələrinizi vaxtaşırı yoxlayıb onlar üçün dua edərək, deyin: İlahi! Onu dərd və bəladan uzaq et və Özün ona şəfa, sağlamlıq bəxş et.
4. Xəstələrə ürək-dirək verib onların ruhiyyələrinin qaldırılması;
Peyğəmbər (s) bu haqda buyurur: Xəstələrin görüşünə getdiyiniz zaman onlara ürək-dirək verib sağalmağına ümidvar edin. Bu heç nəyi dəyişməsə də onlarda ruhi arxayınçılığa səbəb olur.
5. Ev sahibindən təm-təraqlı süfrə açmasını gözləməməli, əksinə, onları imkan daxilində bu işdən çəkindirməyə çalışmaq lazımıdır.
Nəql olunmuş rəvayətlərdən birində deyilir: Peyğəmbər (s) mö'minlərə xəstələrin yanında yeyib-içməyi qadağan edər və bunun onları savabdan məhrum etdiyini bildirərdi.