Mö'minlər öz sevinclərini bir-biri ilə bölüşdürdükləri kimi, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında, dərd-qəmlərində də bir-biri ilə həmrə'y və şərik olmalıdırlar.
Ümumiyyətlə həqiqi dostluq və qardaşlıq yalnız o zaman özünü büruzə verir ki, müsəlman bir şəxs öz müsəlman qardaşının sevincində sevinc və fərəh, dərd-qəmində isə kədər hissi keçirmiş olsun. Əvvəlki dərsimizdə işarə etdiyimiz kimi belə bir gözəl xüsusiyyət mö'minlərin qəlblərinə sevinc və şadlıq gətirir.
Həyatımızda sevinc və kədərə səbəb olan bir çox hadisələr baş verir. Bu kimi hallarda adətən başqalarının bizimlə həmrə'y və şərik olmasını istəyirik. Çünki onların sevinc və kədərimizdə şərik olmaları bizə mə'nəvi rahatlıq verir. Bu səbəbdən də başqalarının bizim sevinc və kədərimizdə şərik olmalarını istədiyimiz kimi, biz də onlara qarşı həmin münasibətdə olmalıyıq. Yə'ni, sevinclərində şad, qəm-qüssələrində isə kədərli olmalıyıq. Ümumiyyətlə birtərəfli münasibətin müsbət nəticə verməsi qeyri-mümkündür. Çünki biz başqalarından bu kimi münasibət gözlədiyimiz kimi, onlar da bizdən qayğı və mərhəmət umur, qarşılıqlı münasibətlər onlara da belə tə'sir bağışlayır.
Nəql olunmuş rəvayətlərdə müsəlmanların qarşılıqlı münasibətləri, onların bir-birinin qayğılarına qalmaları «uxuvvət»-yə'ni, qardaşlıq adlandırılır. Həyatın bütün sahələrində ədalət və bərabərlik əsas me'yar götürüldüyü kimi, müsəlmanlar bir-birinin sevinc və kədərlərində də bu me'yarı əsas tutmalı və aralarındakı qardaşlıq əlaqələrini daha da gücləndirməlidirlər.
Burada iki mühüm mətləbə işarə etmək yerinə düşərdi:
1. Də'vəti qəbul etmək;
Hər bir müsəlmanın üzərinə düşən vəzifələrdən biri də müsəlman qardaşının də'vətini qəbul etməsidir. Nəql olunmuş rəvayətlərdə müsəlmanların bir-birinin də'vətini qəbul etmələri «haqq» adlandırılır. İmam Cə'fər Sadiq (ə) bu haqda buyurur: «Müsəlman bir şəxsin üzərinə düşən vəzifələrdən biri də müsəlman qardaşı də'vət etdiyi zaman onun də'vətini qəbul etməsidir».
Başqa bir rəvayətdə isə də'vətin qəbul olunmaması müsəlman qardaşına qarşı cəfa və hörmətsizlik kimi göstərilir. İmam Cə'fər Sadiq (ə) atasından Peyğəmbərin (s) buyuruqlarından birini nəql edərək deyir: «Bu üç şey [müsəlmana qarşı] cəfa və hörmətsizlik hesab olunur: Də'vəti qəbul etməmək və ya qəbul edib süfrədən bir şey yeməmək.....»
Başqa bir rəvayətdə buyurur: «Hər bir mö'min şəxsin üzərinə düşən vacib vəzifələrdən biri də müsəlman qardaşının də'vətini qəbul etməsidir».
Göründüyü kimi, nəql olunmuş rəvayətlərdə də'vətin qəbul olunmasının zəruriliyindən söhbət açılır. Çünki olunan də'vətlər müxtəlif məqsədlər daşıya bilər. O cümlədən borc istəmək, əmanət vermək və ya hər hansı bir əşyanı müvəqqəti istifadə üçün təhvil alınmasını buna misal göstərmək olar. Lakin bir çox hallarda təşkil olunan ziyafətlər və bu ziyafətlərdə iştirak etmək nəzərdə tutulur. Təbii ki, bir şəxs qonaqlıq təşkil etdiyi zaman özünü zəhmətə salır və nəzərdə tutduğu şəxslərin sayına müvafiq olaraq müəyyən qədər xərc çəkməli olur. Bir sözlə o, də'vət etdiyi şəxslərin məclisdə iştirak edəcəyini nəzərə alıb lazımi tədarük görür. Də'vət olunan şəxslərin məclisdə iştirak etmələri bir tərəfdən ev sahibinin sevincinə, digər tərəfdən isə ona göstərilən hörmət və qayğıya dəlalət edir. Bunun üçün də həm mö'min bir şəxsin sevinci, həm də qarşılıqlı hörmət və ehtiramın artması üçün üzürlü səbəblər istisna olmaqla ev sahibinin də'vəti qəbul olunmalıdır. Də'vətin qəbul olunmasının böyük əhəmiyyət kəsb etdiyi Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə özünü bir daha büruzə verir:
«Ümmətimin burada olan və olmayanlarına tövsiyə edirəm ki, müsəlman qardaşlarının də'vətini qəbul etsinlər. Aranızdakı məsafə beş mil olsa belə (bir mil=900 metr), də'vəti qəbul edib məclisdə iştirak edin. Çünki bu, dinin yarısıdır».
Başqa bir rəvayətdə buyurur: «Də'vəti qəbul etməyən şəxs sanki Allahın və Peyğəmbərin (s) itaətindən çıxmışdır. Yalnız dövlətlilər iştirak etdikləri məclislərə edilən də'vətlərin qəbul olunması məkruh və bəyənilməzdir».
Hədisdə mö'minlərin də'vətinin qəbul olunmaması Allaha və Peyğəmbərə (s) itaətsizlik kimi qələmə verilir. Bunun isə mə'na və məfhumu bundan ibarətdir ki, mö'minlərin də'vətlərinin qəbul olunması eyni zamanda Allahın əmrinə itaət etmək deməkdir.
Peyğəmbərin (s) müsəlmanlara tövsiyə etdiyi şeylərdən biri də yalnız varlıların iştirak etdiyi məclislərdə iştirak etməməkdir. Belə ki, bəşəriyyətin son ilahi mənbəyi olan islam dini, maddi dəyərlər və insanların tutduqları dünyəvi mövqe baxımından bir-birinə fəxr etmələrini qətiyyətlə rədd və batil hesab edir. Üstünlük me'yarı varsa, o da insanların təqva və mə'nəviyyatıdır. Nə var-dövlət, nə də ad-san islam dinində insanlar üçün üstünlük me'yarı hesab olunmur.
Bütün bunları nəzərə alaraq, Peyğəmbər (s) məclislərə yoxsul təbəqənin də də'vət olunmasını tə'kid edir və səhabələrə var-dövlət, ad-san xatirinə təşkil olunan məclislərdə iştirak etməmələrini tapşırır.
Bir anlıq tarixə nəzər saldıqda, Peyğəmbərin (s) sadiq davamçıları olan Əhli-beytin (ə) bu məsələyə xüsusi diqqət yetirdiklərinin şahidi oluruq. Belə ki, Əli (ə) Bəsrə valisinin (Osman ibn Huneyf) belə bir qonaqlığa də'vət olunduğunu və onun bu də'vəti qəbul etdiyini eşitdikdə bərk narahat olur və göndərdiyi məktubda ona ciddi xəbərdarlıq edərək buyurur: «Ey Huneyfin oğlu! Eşitdim Bəsrə gəncləri səni ziyafətə də'vət etmiş və orada müxtəlif çeşidli yeməklər tədarük görmüşlər. Güman etməzdim ki, fəqirləri qapısından qovan və yalnız oraya dövlətlilər üçün ziyafət təşkil edən şəxslərin də'vətini qəbul edəsən».
Bu haqda növbəti dərsimizdə söhbət açacağıq. Haqqında danışdığımız məsələ də'vətin qəbul olunmasıdır. Peyğəmbərdən (s) nəql olunmuş hədisə və Əli (ə)-ın məktubuna işarə etməkdən məqsəd də'vətin qəbul olunmasının zəruriliyini göstərmək idi.
2. Başsağlığı vermək və dəfn mərasimində iştirak etmək:
Mö'minlərin üzərinə düşən vəzifələrdən biri də [müsəlman qardaşlarının] dəfn mərasimində iştirak etməkdən ibarətdir. Mə'sum imamlardan (ə) nəql olunmuş rəvayətlərdə dəfn mərasimlərində iştirak etmək və dünyadan köçmüş şəxsin qohum-əqrəbasına başsağlığı vermək haqda dəyərli tövsiyə və məsləhətlər verilmişdir. Bu rəvayətlərin böyük bir hissəsi müsəlmanları dünyasını dəyişmiş şəxsin qüsl və kəfən edilib dəfn olunmasında yaxından iştirak etməyə sövq edir və onlara bu işin müqabilində böyük axirət mükafatına nail olacaqları müjdəsi verir. Belə ki, islam fiqhində bu kimi məsələlər «vacibi-kifayi» adlanır. Burada Əhli-beyt (ə) tərəfindən nəql olunmuş bir neçə rəvayəti gətirir və xahiş edirik ki, onların məzmununa bir qədər dərindən diqqət yetirəsiniz.
İmam Baqir (ə) buyurur: «Müsəlman bir şəxsin dəfn mərasimində iştirak edən şəxslər qiyamət günü dörd şəfaətə nail olarlar. O, dünyadan köçmüş şəxs üçün hər nə dua edərsə, mələk [ona] belə cavab verər: Dediklərin sənə də aid olsun».
İmam Cə'fər Sadiq (ə) buyurur: «Kim müsəlman bir şəxsi qəbr evinə qədər müşayiət edərsə, Allah-taala yetmiş min mələyi onun ardınca göndərər və [qiyamət günü] qəbrdən çıxdıqda Allah-taaladan onun bağışlanmasını diləyərlər».
«Mö'min bir şəxsin dəfn mərasimində iştirak edən şəxsin iyirmi beş böyük günahı bağışlanar».
İmam Sadiq (ə) özünün sadiq səhabələrindən olan Xeysəməyə tövsiyə edərək buyurur: «Ey Xeysəmə! Dostlarımıza salam çatdır və onları O böyük Allahın haram etdiyi şeylərdən çəkinmələrini və dünyasını dəyişən müsəlman qardaşlarının dəfn mərasimlərində iştirak etmələrini tövsiyə et».
İmam Baqir (ə) buyurur: «Mö'min bir şəxs öz mö'min qardaşına qüsl verib çevirdiyi zaman bu duanı edərsə, «İlahi! Bu mö'min bəndənin ruhunu bədənindən çıxarıb ruhu ilə bədəni arasında fasilə qərar verdin. Elə isə ona rəhm et və bağışla!» Allah-taala da onun bir illik böyük günahlarını bağışlayar».
İmam Sadiq (ə) buyurur: «Allah-taala bir mö'minə qüsl verib əmanətini qoruyan şəxsin günahlarını bağışlayar. İmam Sadiq (ə)-dan əmanət deyərkən nəyi nəzərdə tutduğunu soruşduqda, buyurdu: «Onda gördüklərini başqalarına söyləməmək».
İmam Həsən Müctəba (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: «Münafiq və ata-ananın üzünə ağ olan şəxslər istisna olmaqla, Allah-taala mö'min bir şəxsə meyit namazı qılan şəxslərə cənnəti vacib edər».
İmam Sadiq (ə) atasından və o da Peyğəmbərdən (s) nəql edərək buyurur: «[Müsəlmana] meyit namazı qılan şəxslərə yetmiş min mələk namaz qılar və Allah-taala onun günahlarını bağışlayıb əfv edər. Əgər dəfn olunmasını gözlərsə, atdığı hər atdıma görə Ühüd dağı boyda savaba nail olar».
Müsəlmanların dəfn mərasimində iştirak etmək və bunun savab və fəzilətləri haqda nəql olunmuş rəvayətlərin bir qismi ilə tanış oldunuz. Bunu da bilməliyik ki, savab, görülən işin əhəmiyyəti müqabilində verilir. Bunun üçün də hər bir müsəlman gördüyü hər bir xeyirxah işin əhəmiyyətini dərk edib, onu Allaha xatir və məhz Onun razılığını əldə etmək üçün həyata keçirməlidir.
Müsəlmanların üzərinə düşən digər ilahi vəzifələrdən biri də dünyasını dəyişmiş mö'min qardaşlarını xoş xatirələrlə yad etmək, Allah-taaladan onun bağışlanmasını diləmək, vaxtaşırı qəbrini ziyarət etmək və yaxın qohum-əqrəbasına başsağlığı verməkdən ibarətdir.
Mə'sum imamlardan (ə) və Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş bir neçə rəvayətə diqqət yetirin. Peyğəmbər (s) buyurur: «Matəm sahiblərinə toxtaqlıq verən şəxslər onun özü qədər savab qazanar».
«Yaxınlarını itirmiş mö'min qardaşına toxtaqlıq verən şəxslərə Allah-taala qiyamət günü böyük mükafat verər».
Əli (ə) buyurur: «Allah-taala övladını itirmiş anaya toxtaqlıq verən şəxslərə pənah veriləcək yer olmayan zaman [qiyamət günü] Öz ərşinin kölgəsində sığınacaq verər».
Başqa bir rəvayətdə buyurur: «Dünyadan köçmüş [müsəlman bacı və qardaşlarınızın] qəbrlərini ziyarət edin. Çünki onlar sizin gəlişinizdən sevinəcəklər. Hər kimin hacət və diləyi olsa, ata-anasının qəbirlərini ziyarət etdikdən sonra Allah-taaladan dualarının qəbul olunmasını istəsin».
Rəvayətlərdən birində deyilir: «İmam Sadiq (ə)-ın səhabələrindən biri o həzrətdən soruşur: Valideyinlərimizin və qohum-əqrəbalarımızın qəbirlərini ziyarət etməyimizin onlara bir xeyiri varmı? İmam Sadiq (ə) həmin şəxsin cavabında buyurdu: «Bəli! Verilən hədiyyələr sizi sevindirdiyi kimi, sizin də onların qəbirlərini ziyarət etməyiniz onlara sevinc bəxş edir».