Allah-taala yaradılış aləmində insan və digər məxluqlar üçün müəyyən qanun və hüquqlar tə’yin etmişdir ki, onlara riayət etmək vacib və zəruridir. Qayda-qanunlara riayət etmək hər şeydən əvvəl ictimai həyatda başqalarının əmin-amanlıqlarının tə’min olunmasına səbəb olur. Asayiş və sabitlik baxımından insanların canı, malı, tutduqları mövqe və digər məsələlər yalnız o zaman tə’min oluna bilər ki, hər bir şəxs yaşadığı cəmiyyətdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin və başqalarının hüququna riayət etmiş olsun. Yalnız belə olduqda ictimai asayiş və əmin-amanlığa nail olmaq olar. Sabitlik hökm sürən cəmiyyətdə insanlar ictimai münasibətləri daha asanlıqla tənzim edir və qarşılarına qoyduqları məqsədlərə daha tez nail olurlar. Yox əgər cəmiyyətdə hərc-mərclik hökm sürərsə, insanlar bir-birinə qarşı e’tinasız olarlarsa və bir-birinin hüququnu tapdalayıb qanunsuz şəkildə digərlərinin var-dövlətlərini mənimsəyərlərsə, gələcəyə olan ümid çırağı zəifləyər və cəmiyyət fəlakətə doğru sürüklənər. Belə bir acınacaqlı şəraitdə nəinki ideal və mədəni cəmiyyət qurmaq olmaz, hətta insanların ibtidai hüquqlarının tə’minatı üçün heç bir şərait yaranmaz. Bu səbəbdən də Allah-taala bəşəriyyət üçün müəyyən hüquq və qanunlar tə’yin etmiş və bu qanunlara hörmətlə yanaşıb bir-birinin hüquqlarına təcavüz etməmələrini əmr etmişdir. Əlbəttə, Allah-taala Özü ümumbəşəri hüququn qorunması və qanun pozuntuluğuna yol verilməməsi üçün müxtəlif yollar müəyyənləşdirmişdir. Hər şeydən əvvəl Allah-taala tə’lim yolu ilə insanları digərlərinin hüququna riayət etməyə də’vət edir. Sonrakı mərhələdə isə onları qanun pozuntuluqlarına yol verdikləri təqdirdə müvafiq cəza tədbirləri ilə qorxudur.
Söbətimizin mövzusu əxlaq və ədəb qaydaları haqda olduğundan üçün bu barədə geniş şəkildə söhbət etməyəcək və nəzərdə tutulan hüquq və qanunlar haqda ümumi məlumat verəcəyik. Çünki qanun pozuntuluğuna yol verən şəxslərin cəzalandırılması olduqca geniş bir məsələdir və bu haqda ayrı-ayrılıqda söhbət açmaq lazımdır.
1. Şəxsi toxunulmazlıq:
Şəxsi toxunulmazlıq deyildikdə hər bir şəxsin gündəlik həyatı üçün nəzərdə tutduğu və onun ixtiyarında olan şəxsi mülkiyyət nəzərdə tutulur. Hər bir şəxsin evini, həyət-bacasını və ev əşyalarını buna misal çəkmək olar. Belə ki, onların sahibi kənar şəxslərin istədikləri vaxt onun evinə, həyətinə daxil olmalarına və oradan istədikləri kimi istifadə etmələrinə icazə vermir.
Nur surəsinin 27 və 28-ci ayələrində bu haqda deyilir:
«Ey iman gətirənlər! Başqalarının evlərinə [sizin olmayan evlərə] sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, [ədəb-ərkan baxımından] sizin üçün daha yaxşıdır. Bəlkə, [Allahın bu əmrinin hikmətini] düşünüb anlayasınız [və həmişə yadda saxlayıb ona əməl edəsiniz].
Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə: Geri dönün! — deyilsə, geri dönün. Bu, Allah yanında sizin üçün daha yaxşıdır. Allah nə etdiklərinizi bilir!»
İmam Sadiq (ə) başqalarının evinə girərkən üç dəfə icazə almağı tövsiyə edir: [Ev sahiblərindən] üç dəfə icazə alın. Birinci dəfə icazə [ev sahibi gəlişinzi bilməkdən] ötürü, ikinci dəfə hazırlıq [ev sakinləri özlərini və evi sahmana salmaqdan] ötrü, üçüncü dəfə isə ev sahibinin icazəsini almaq üçün. Ev sahibi icazə vermədiyi təqdirdə isə bir söz deməyib geri qayıdın.
Evlərə qapılarından deyil, divar, pəncərə və bacadan daxil olmaq şəxsi toxunulmazlığın pozulmasının digər bir növüdür. Belə ki, islamın meydana gəldiyi ilk illərdə cahil ərəblər ev sahiblərinə öz səmimiyyətlərini bildirmək üçün onların xəbəri olmadan pəncərə və ya bacadan daxil olardılar. Bəqərə surəsinin 189-cu ayəsi nazil olmaqla Allah-taala mö’minlərə bu işi yasaq etdi. Orada buyurulur:
«...Evlərinizə [Cahiliyyət dövründə olduğu kimi] arxa tərəfdən girməniz yaxşı iş deyil. Yaxşı iş insanın pis əməllərdən çəkinməsidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!»
2. Məhdudiyyətin başqa bir növü ev sahiblərinə, hətta ata-ana kimi məhrəm şəxslərə şamil olunur:
Nur surəsinin 58-59-cu ayələrində bu haqda deyilir:
«Ey iman gətirənlər! Sahib olduğunuz kölə və kənizlər, həddi-buluğa çatmayanlar [yanınıza daxil olmaq istədikdə] bu üç vaxtda sizdən icazə alsınlar: Sübh namazından əvvəl, günorta [yatıb, istirahət etmək üçün] paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. [Bu vaxtlar insan paltarını çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilat edə bilər və s.] Bu üç vaxt sizin üçün xəlvət vaxtdır [paltarsız ola bilərsiniz]. Qalan vaxtlarda bir-birinizin yanına [icazəsiz] girib çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah Öz ayələrini sizə belə izah edir. Allah [hər şeyi biləndir və hikmət sahibidir!
Sizdən olan uşaqlar da həddi-büluğa çatanda [yanınza daxil olmaq istədikləri zaman] özlərindən əvvəlkilər kimi izn istəsinlər. Allah [hər şeyi] biləndir və hikmət sahibidir».
EYB V Ə N Ö QSANLAR
Həzrət Peyğəmbər (s), qızı həzrət Fatimə (s.ə) və on iki mə’sum imam istisna olmaqla, hər bir insan bə’zi eyb və nöqsanlara malikdir. Heç bir şəxs başqalarının onların eyb və nöqsanlarını aşkar etmələrini istəməz. Allah-taala da öz eyblərini başqalarından gizli saxlayan şəxslərin eyb və nöqsanlarını daim gizli saxlayır. Allahın müqəddəs adlarından biri də «Səttarul-uyub»—yə’ni, «eybləri örtən»dir. Allah-taala insanlara başqalarının eyb və nöqsanları ilə maraqlanıb onları aşkara çıxarmağı qətiyyətlə qadağan edir. Nəzərə çarpan nöqsanlar istər cismi, istər əxlaqi, istər şəxsi xüsusiyyət və ya var-dövlətdə olsun, insanların şəxsiyyət və mə’nəviyyatına xələl gəlməsin deyə, aşkar olunmamalıdır. Bu məsələ şər’i nöqteyi-nəzərdən də təbii ki, qətiyyətlə yasaq olunmalıdır. Peyğəmbər (s) bu haqda buyurur: Müsəlman qardaşının günahlarından xəbərdar olub onu aşkara çıxarmayan şəxslərin [günahlarını] Allah-taala [qiyamət günü] aşkara çıxarmayacaqdır.
Başqa bir rəvayətdə deyilir: Peyğəmbərin (s) səhabələrindən biri o həzrətə deyir: İstəyirəm ki, Allah-taala mənim eyblərimi daim gizli saxlasın. Peyğəmbər (s) ona tövsiyə edərək buyurur: Müsəlmanların eyb və nöqsanlarını ifşa etmə ki, Allah-taala da sənin eyblərini aşkara çıxarmasın.
Mö’minlərin şəxsiyyətinə xələl gətirəcək və onun başqalarının gözündən düşməsinə səbəb olacaq sözlər danışan şəxsləri Allah-taala Öz bəndəliyindən xaric edib, Şeytanın bəndəliyinə daxil edər. Şeytan da onları qovaraq özündən uzaqlaşdırmaq istəyər.
İmam Baqir (ə) buyurur: İnsan küfr və imansızlığa o zaman daha çox yaxın olur ki, bir gün kimisə bədnam və rüsvay etmək üçün din adı ilə onunla dostluq etsin, onun eyb və çatışmazlıqlarını öyrənsin.
Əli (ə) Malik Əştəri Misirə vali göndərdiyi zaman verdiyi göstərişlərdən biri də məhz bu idi: «Başqalarının eyb və nöqsanlarını axtaran şəxsləri özündən uzaq saxlamalı və onlar sənin nifrət etdiyin kəslər olmalıdırlar. Çünki camaatın elə çatışmazlıqları vardır ki, vali hamıdan daha çox onları gizli saxlamalıdır. Elə isə səndən gizli saxlanan eyb və nöqsanları aşkara çıxarmağa cəhd etmə. Çünki sənin vəzifən sənə aşkar olan çatışmazlıqları aradan qaldırmaqdır. Allah-taala səndən gizli qalan eyb və nöqsanlar barədə Özü hökm verəcəkdir. Elə isə bacardığın qədər camaatın sirr və eyblərini gizli saxla ki, Allah-taala da sənin camaatdan gizli saxlamaq istədiyin şeyləri ifşa etməsin».
Ə MAN Ə T
Hüquq məsələlərindən biri də əmanətdir. Əmanət müxtəlif şəkillərdə ola bilər: Hər hansı bir əşya və ya pul, gizli saxlanılmalı sirr və mə’lumat və ya qorunub saxlanılmasında məs’uliyyət tələb olunan hər hansı bir şey. Əmanət tapşırılan adam da e’tibarlı, e’timadlı və düz danışan olmalıdır. Əmanət qəbul olunduqdan sonra tam məs’uliyyətlə qorunmalı və sahibi istədikdə olduğu kimi geri qaytarılmalıdır. Əmanətə xəyanət böyük günah və başqalarının hüququna təcavüz hesab olunur.
Qur’ani-Kərimdə mö’minlərin ən başlıca xüsusiyyətlərindən biri də onların «əmanətdar» olması göstərilir.
Mu’minun surəsinin 8-ci ayəsində deyilir:
«O mö’minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar [onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər]».
Başqa bir ayədə Allah-taala əmanətin öz sahibinə qaytarılmasını əmr edir:
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir...». (Nisa-58)
Peyğəmbər (s) buyurur: Əmanətə xəyanət edən şəxslərin dini yoxdur.
Əmanətə xəyanət edən kəslər bizdən deyil.
Münafiqlik və ikiüzlülüyün üç əlaməti vardır: Bir şey deyərkən yalan söyləmək, və’də verdikdə və’dəyə əməl etməmək və əmanətə xəyanət etmək.
İmam Sadiq (ə) buyurur: İnsanları tanımaq üçün [namaz qılarkən] rüku və səcdələrinin uzun olmasına baxmayın. Çünki bə’zən bu, onlar üçün adət halına çevrilir və adətlərini pozduqda özlərində narahatçılıq hiss edirlər. Onları tanımaq istəyirsinizsə, düz danışmalarına və əmanətə vəfadar olmalarına diqqət yetirin.
Əmanət islam dinində o qədər böyük əhəmiyyət kəsb edir ki, mə’sum imamlardan (ə) nəql olunmuş rəvayətlərdə əmanətin qorunub saxlanılmasında əməlisaleh və fasiq şəxslər arasında heç bir fərq qoyulmamışdır. Hansı şəraitdə olursa olsun, əmanət lazımınca qorunmalı və vaxtı çatdıqda öz sahibinə qaytarılmalıdır.
İmam Sadiq (ə) bu haqda buyurur: Əmanəti öz sahibinə qaytarın, istər onlar əməlisaleh olsunlar, istərsə də fasiq. Əgər Əli (ə)-ın qatili mənə bir şey əmanət versəydi, [istədikdə] onun özünə qaytarardım.
Əmanəti öz sahibinə qaytarın, hətta əgər o, Hüseyn ibn Əli (ə)-ın qatili olmuş olsa belə.
Əli (ə) buyurur: Bir şəxs sənə xəyanət etsə, onun sənə verdiyi əmanətə xəyanət etmə və əgər o sənin sirrini açsa belə, sən onun sirrini açıb ifşa etmə».
Əmanətə sadiq və vəfalı olmaq barədə də kifayət qədər hədis və rəvayət nəql olunmuşdur.
Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: Əmanətə sadiq və vəfalı olmaq ehtiyacsızlığa, xəyanət isə fəqir və yoxsulluğa səbəb olur.
Buna oxşar başqa bir rəvayət Əli (ə)-dan nəql olunmuşdur. Orada deyilir: Əmanətə sadiq və vəfalı olmaq ruzinin artmasına, [əmanətə] xəyanət etmək isə fəqir və yoxsulluğa səbəb olur.
Başqa bir hədisdə deyilir: Əmanətə sadiq və vəfalı olmaq gücləndikdə sədaqət və düzgünlük də artır».
Söhbətimizin əvvəlində qeyd etdik ki, əmanət baha və ucuzluğundan asılı olmayaraq, hər hansı bir şey və ya gizli saxlanılması zəruri olan sirr, əhd-peyman və s. ola bilər. Bu kimi əmanətlərin lazımınca qorunub saxlanılması xəyanət hesab olunur və xəyanətkarlar Allahın qəzəb və narazlığına düçar olarlar.