İctimai münasibətlərə xələl gətirən mənfi və olduqca xoşagəlməz xüsusiyyətlərdən biri də xəbərçilikdir. Bu ruhi xəstəliyin qoyduğu mənfi tə’sirlərdən biri də insanların bir-birinə qarşı e’timadsızlığı, kin-küdurət, ədavət və s. xoşagəlməz hallardır. Xəbərçilik ixtilafların yaranmasına səbəb olan ən başlıca amillərdən biri olduğu üçün Qur’anda və nəql olunmuş rəvayətlərdə bu mətləbə dəfələrlə işarə olunmuş və o, böyük günahlardan biri kimi göstərilmişdir.
Xəbərçiliyin tə’rifində deyilir: Hər hansı bir şəxs barədə danışılan zaman dinləyicinin deyilənləri olduğu kimi həmin şəxsin özünə çatdırmasına xəbərçilik deyilir. Məsələn, «filan şəxs sənin barəndə belə fikirdədir» — demiş olsun. Bunu da qeyd edək ki, həmin şəxs barədə yalnız mənfi təəssürat yarada bilən sözlər xəbərçiliyə çevrilə bilər. Mə’lumdur ki, hər hansı bir şəxsi tə’riflədikdə kin-küdurətə səbəb olacaq heç bir şey yaranmır. Görkəmli islam alimlərindən olan Şəhid Sani xəbərçilik haqda deyir: Xəbərçilik o sirlərin açılmasına deyilir ki, deyən və ya nəzərdə tutulan şəxsi sarsıtmış olsun. Bu tə’rifə əsasən sirrin açılması istər ifadə, istər yazı, istərsə də işarələrlə olsun, xəbərçilik xüsusiyyəti daşıyır. Mö’minlər, qohum-əqrəba və dostlar arasında ixtilaf və ədavətin salınması qətiyyətlə pislənir və bu iş böyük günahlardan sayılır:
«...Fitnə, qətldən daha şiddətlidir...» (Bəqərə-191)
«...Fitnə salmaq vuruşmaqdan daha betərdir...» (Bəqərə-217)
Fitnə-fəsada və düşmənçiliyə səbəb olan xəbərçilik haqda deyilir:
«[Dalda] qeybət edib [üzdə] tə’nə vuran hər kəsin vay halına!» (Huməzə-1)
«Və həm də itaət etmə [yalan yerə] hər and içənə, alçağa.
Yalandan çox-çox and içənlərə, eyb axtaran və sözgəzdirənlərə itaət etmə.» (Qələm 10-11)
Peyğəmbər (s) səhabələrə xitab edərək buyurur: Sizin içərinizdə olan ən pis şəxsləri özünüzə tanıtdırımmı? Dedilər: Bəli, ya Rəsuləllah! Buyurdu: O kəsdir ki, daim əməlisaleh insanların eyb və çatışmazlıqlarını axtarar və dostlar arasında təfriqə yaratmaq istər.
Başqa bir hədisdə deyilir: Allahın daha çox nifrət etdiyi şəxs o kəsdir ki, əməlisaleh insanların eyb və çatışmazlıqlarını axtarar və xəbərçilik etməklə dostlar arasında təfriqə yaratmaq istər.
Əli (ə) buyurur: Xəbərçilikdən uzaq olun. Çünki xəbərçilik düşmənçiliyə, insanın Allahdan və camaatdan uzaq düşməsinə səbəb olur.
Peyğəmbər (s) xəbərçiliyin müsəlmana yaraşmayan bir xüsusiyyət olması haqda buyurur: Xəbərçilik və düşmənçilik [Cəhənnəm] odundadır. Bu iki şey müsəlmanın qəlbində özünə yer tapmaz.
Xəbərçilik və düşmənçilik Cəhənnəm odundadır - dedikdə, Peyğəmbər (s) Cəhənnəm əhlini nəzərdə tutur və belə bir xüsusiyyətə malik olan şəxsləri müsəlmançılıqdan xaric edir.
Başqa bir hədisdə buyurur: Xəbərçilər Cənnətə daxil olmazlar.
X Ə B Ə R Çİ L Ə RL Ə R Ə FTAR V Ə DAVRAN IŞ
Xəbərçilər müsəlmanlar arasında təfriqə salıb öz çirkin niyyətlərinə nail olmasınlar deyə, Şəhid Sani Qur’an və nəql olunmuş rəvayətlərə istinad edərək, onların dediklərini dinləyən şəxslərin üzərinə altı vəzifənin düşdüyünü qeyd edir:
1. Hər şeydən əvvəl sözlərinə e’tina etməyib onları qəbul etməməli. Hucurat surəsinin 6-cı ayəsində onlar haqda deyilir:
«...Əgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın...»
2. Xəbərçilik etməkdən çəkindirib onlara nəsihət etməli. Loğman surəsinin 17-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur:
«...Yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə...»
3. Onlarla, dedikləri sözlərə görə şəxsi qərəzlə deyil, Allaha xatir düşmənçilik etməli. Çünki, Allahın dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik etmək lazımdır.
4. Dediklərini eşidərkən dərhal müsəlman qardaşına qarşı pis fikrə düşməməli. Hucurat surəsinin 12-ci ayəsində bu haqda deyilir:
«...Çox zənn və gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə’zisi [heç bir əsası olmayan zənn] günahdır...»
5. Xəbərçinin söylədiklərindən maraqlanıb başqalarının şəxsi həyatına dəxalət etməməli. Həmin ayədə deyilir:
«...[Bir-birinizin eyb və sirrini] arayıb axtarmayın...»
6. Həmin şəxs özü də xəbərçilik etməsin deyə, eşitdiklərinə razı olub başqalarına danışmamalı.
Bu barədə nəql olunmuş rəvayətlərdən birində deyilir: Uzun illər ayrılıqdan sonra böyük alimlərdən birinin dostu onun görüşünə gəlir. Dostu söhbət əsnasında başqa birisinin alim barədə dediklərini ona nəql edir. Alim eşitdiklərindən çox narahat olub deyir: Neçə ildən sonra mənim görüşümə üç böyük günahlamı gəldin?! Əvvəla ona görə ki, məni o şəxsə qarşı bədbin edib aramızda düşmənçilik yaratdın. Ikincisi ona görə ki, bir qədər əvvəl çox rahat idim, indi isə eşitdiklərimdən kədərlənib nigarançılıq çəkməyə başladım və nəhayət üçüncü ona görə ki, başqasının haqqını tapdaladığın üçün mənim nəzərimdə öz e’timadını itirmiş oldun.
Bu səbəbdən də xəbərçilərlə qarşı-qarşıya gəldikdə hər şeydən əvvəl onların dedikləri təkzib olunmalı və onlara qarşı olduqca e’tinasız yanaşmaq lazımdır.
Unutmamalıyıq ki, əgər xəbərçi başqalarının dediklərini bizə çatdırırsa, sözsüz ki, bizim də dediklərimizi başqalarına çatdırmaqda heç nədən çəkinməyəcəkdir. Bunun üçün də onlara e’timad etməməli və dedikləri təkzib olunmalıdır ki, əvvəla onlar gördükləri işdən peşman olub bir daha onu təkrar etməsinlər. Digər tərəfdən də xəbərçilərin çirkin niyyətləri müsəlmanlar arasında dostluq və qardaşlığın aradan getməsinə səbəb olmasın.
İmam Musa Kazim (ə)-ın səhabələrindən olan Məhəmməd ibn Fəzl deyir: İmam Musa Kazim (ə)-dan soruşdum: E’timad etdiyim şəxslərdən yaxın dostlarım barədə xoşagəlməz şeylər eşidirəm. Lakin o, deyilənləri təkzib edir. İmam (ə) cavabında buyurdu: Ey Məhəmməd! Özü inkar etdiyi zaman əlli nəfər şəhadət versə belə, müsəlman qardaşın [mənfi xüsusiyyətləri] barədə deyilənlərə göz yum. Əlli nəfərin dediklərini təkzib, müsəlman qardaşının dediklərini isə təsdiq et. Şəxsiyyətinə xələl gəlməsin deyə, eşitdiklərini kimsəyə söyləmə. Yoxsa bu ayənin aşkar nümunəsnə çevrilərsən:
«Mö’minlər arasında [onları nüfuzdan, hörmətdən salmaq məqsədilə] pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir...» (Nur-19).
Tarixə nəzər saldıqda mə’sum imamların xəbərçilərlə kəskin şəkildə davrandıqlarının şahidi oluruq. Bir şəxs Əli (ə)-ın hüzurunda başqa birisi barədə xoşagəlməz sözlər dedikdə, o həzrət dərhal onun sözünü kəsərək buyurdu: Bil ki, sənin dediklərini yaxşıca araşdıracağıq. Düz demiş olsan, (xəbərçilik etdiyin üçün) səninlə düşmən olacaq, yalan olduqda isə (başqaları barədə xoşagəlməz sözlər dediyin üçün) cəzalandıracağıq. Əgər bağışlanmağını istəsən, səni bağışlayarıq. Həmin şəxs gördüyü işdən peşman olub üzr istəyir.
M Ə SX Ə R Ə
Məsxərə və ya istehza — kimlərinsə əxlaqi və cismi xüsusiyyətlərinə gülmək və ya güldürmək məqsədilə qeyri-adi tərzdə bəyan və ya təqlid olunmasına deyilir.
Mö’minlərin şəxsiyyət və mə’nəviyyatına xələl gəlməsinə və onların təhqir olunmasına səbəb olduğu üçün islam dinində kiminsə məsxərə və ya istehza olunması qətiyyətlə pislənilir. Qur’ani-Kərimdə mö’minlərə e’tinasız yanaşanlar və onları xar, rüsvay etmək istəyən şəxslər haqda deyilir:
«...Şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə və mö’minlərə məxsusdur...» (Munafiqun-8)
Başqa bir ayədə deyilir:
«İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır».(Bəyyinə-7).
Peyğəmbər (s) buyurur: Allah-taala buyurur: And olsun Öz izzəti-cəlalıma! Elə bir məxluq yaratmadım ki, onu mö’min bəndələrimdən çox sevmiş olum.
Cabir ibn Abdullah deyir: Bir gün Peyğəmbər (s) Kə’bəyə nəzər salıb buyurdu: Mərhaba sənə ey Kə’bə! Allah yanında nə qədər hörmətin var! And içirəm ki, Allah yanında mö’minlərin hörməti səndən çoxdur. Çünki Allah-taala səni bir, mö’minləri isə üç şeyə görə hörmət sahibi etmişdir. Onların malı, canı və haqlarında kimsəyə bədbin olmaq halal edilməmişdir.
İmam Baqir (ə) buyurur: Mö’minlərin hörməti Kə’bədən daha çoxdur.
Allah-taala mö’minlər üçün olduqca böyük hörmət və ehtiram müəyyən etmişdir. İmam Sadiq (ə) bu haqda buyurur: Allah-taala buyurur: Mö’min bəndəmi xar və rüsvay edən kəslər Mənimlə müharibəyə hazır olsunlar. Mö’min bəndələrimi əziz tutan kəslər isə qəzəbimdən amanda qalacaqlarına əmin olsunlar.
Məsxərə və istehza mö’minlərin mə’nəviyyatına böyük zərbə vurduğu üçün Qur’an və nəql olunmuş hədis və rəvayətlərdə bu xoşagəlməz xüsusiyyətin tərk olunmasına qətiyyətlə tə’kid olunur.
Hucurat surəsinin 11-ci ayəsində deyilir:
«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan [Allah yanında] daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd etməsinlər. Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar...»
Başqa bir ayədə mö’minlərin məsxərə olunması münafiqlərə xas olan xüsusiyyətlərdən biri kimi göstərilir:
«Onlar mö’minlərlə qarşılaşdıqları zaman: Biz də [sizin kimi] iman gətirdik, — deyirlər. Halbuki öz şeytanları ilə [onları aldadan dostları ilə] təkbətək qalanda: Biz də sizinləyik, biz ancaq [mö’minlərə] istehza edirik, — deyirlər».
Tövbə surəsinin 79-cu ayəsində isə mö’minləri istehza edən kəslərə kəskin cavab verilərək axirət günü böyük əzaba düçar olacaqlarına xəbərdarlıq edilir:
«Könüllü surətdə [bollu] sədəqə verən mö’minlərə tə’nə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!»