Qur᾽anın təfsiri, onun kəlmə və cümlələrinin mə᾽nalarını bəyan və həqiqətləri aşkar etməkdən ibarət olduğunu və həmçinin Qur᾽an ayələrindən neçə-neçə mə᾽naların ehtimal verildiyini nəzərə almaq, «tə᾽vil» isə bu ehtimalların hansının məqsədə uyğun olduğunu bəyan etməkdir. Yə᾽ni «tə᾽vil» bir ayənin batini mə᾽nasını (bir neçə mə᾽na ehtimalı olarsa) ayənin zahirinə münasib olan bir mə᾽na ilə əlaqələndirməkdir. Buradan belə aydın olur ki, ayə elə izah olunmalıdır ki, tə᾽vili ayənin zahiri təfsiri ilə zidd olmasın. Yə᾽ni, tə᾽vil ilə təfsir nəticə e᾽tibarı ilə eyni olsun. O da Qur᾽anın batini, gizli mə᾽nasını aşkar etmək və Allahın öz bəndələrinə yetirmək istədiyi məqsədi bəyan etməkdir. Təfsir kitabalarını və təfsirçilərin nəzərlərini tədqiq edərkən görürük ki, bə᾽zi təfsirçilər özlərini necə də dərin quyuya salmış və təfsirdə tutduqları xüsusi metodun nəticəsindən əsil məqsəddən və ayələrlə münasib və layiqli rəftarlardan uzaq düşmüşlər. Bə᾽zisi də şəxsi fikirlərindən istifadə edərək, Qur᾽anı öz fikir və əqidələrinə müvafiq təfsir etmiş və ayələri nəzərdə tutulmayan hadisələrə və şəxslərə aid etmişlər. Üstəlik bunun adını tə᾽vil də qoymuşlar.

Məsələn, «Fəlsəfə» və «Kəlam» alimlərindən bə᾽ziləri Qur᾽an ayələrini yeri gəldi-gəlmədi öz fəlsəfi və kəlami nəzərlərinə uyğun bir şəkildə tə᾽vil etmişlər.

Yenə görürük ki, bə᾽zi yazıçılar və təfsirçilər Qur᾽anın ayələrini həqiqi və münasib olmadığı halda zorla olsa da, o əsrin məşhur elmi, iqtisadi, ictimai və siyasi hadisələri ilə əlaqələndirmək istəmişlər. Habelə, Qur᾽anı öz ürəkləri istəyən kimi təfsir etmişlər. Bu xətalara bir çox təfsirçilər (istər şiə olsun, istərsə də sünni) düçar olmuşlar. Sonra da öz səhv nəzərlərini müdafiə etmək üçün bir sıra dəlil və qondarma vasitələrdən istifadə etmişlər.

Amma, biz təfsirdəki əsas və ali metoda nəzər saldıqda görürük ki, bu metod o təfsir üsullarını necə rədd edir və Qur᾽an təfsiri üçün doğru və sağlam bir əsas hazırlayır.

Peyğəmbərin (s) və Әhli-beytin (ə) hədislərindən və onların yolunu səmimiyyətlə gedən təfsirçilərin üslubundan başa düşüldüyü kimi, Qur᾽an təfsirinin bir sıra özünəməxsus qayda və rəsmiyyətləri vardır ki, məhz onlara riayət etməklə müfəssirlər Qur᾽anı doğru-düzgün təfsir edər və nəzərdə tutulan nəticəyə yetişə bilərlər. Bununla da təfsir elmi öz mühüm rolunu insanlıq dünyasında ən yaxşı şəkildə ifa edər və müfəssirlər xəta və əyintilərdən, şəxsi fikirlərlə təfsir etmək və daxili ehtiraslara tabe olmaqdan xilas olarlar.

Biz burada hədislərdən və bu yolu doğru bir şəkildə gedən alimlərin sözlərindən istifadə edərək, bu qayda və düzgün təfsir üslubunu qısa şəkildə bəyan etməyə çalışacağıq...

Mərhum Təbərsi «Məcməül-bəyan» təfsirində yazır: «Səhih sənədlə Әhli-beyt (ə) Peyğəmbərdən (s) belə rəvayət etmişlər:

«Qur᾽anı ancaq doğru əsər (hədis) və aşkar nəss (ayələr) ilə təfsir etmək cayizdir.» [«Məcməül-bəyan» (1-ci cild, səh.13)].

Әhli-beyt (ə) həmin üslub üzrə hərəkət etmiş və bu iki əsasdan uzaq olan Qur᾽an təfsirlərini qəbul etməmişlər:

1. Qur᾽anı Qur᾽an ilə təfsir etmək (yə᾽ni, Qur᾽anın bir ayəsini digər ayəsi ilə təfsir etmək.)

2. Qur᾽anı doğru-düzgün hədislərlə təfsir etmək.

Bəli, həqiqi Qur᾽an təfsirçisi bu iki əsasa kamil şəkildə bağlı olmalıdır. Әlbəttə buna da diqqət yetirmək lazımdır ki, ağılın da Qur᾽anın məqsədlərini dərk etməkdə və mə᾽nalarını aşkar etməkdə böyük əhəmiyyəti vardır. Amma bu şərtlə ki, Qur᾽an və sünnənin hüdudlarından və onların ümumi qaydalarından kənara çıxmasın. [Peyğəmbər və imamların hədisərinə, davranışına sünnə deyilir.]

Həzrət Peyğəmbər (s) özü də Qur᾽anı təfsir etməkdə ağıldan istifadə etməyə əhəmiyyət vermiş və bu işə təşviq etmişdir. Məsələn, bir hədisdə buyurur:

«Qur᾽an aramdır və onda müxtəlif ehtimallar vardır. (Ağlınızı işə salıb), onu ən yaxşı ehtimallara aid edin.» [«Məcməül-bəyan» (1-ci cild, səh.13)].

Yenə o Həzrətdən (s) nəql edilmişdir:

«Qur᾽anı bəyan edin və əsrarəngiz mətləblərinə yiyələnməyə çalışın.» [«Məcməül-bəyan» (1-ci cild, səh.13)].

Qur᾽ani-kərim də ağlın təfsirdəki rolunu aydınlaşdırmış və Qur᾽anı analiz edərək, ondan istifadə edən ağıl sahiblərini tə᾽rifləmişdir:

«O Qur᾽anı (yalnız) o şəxslər tanıyırlar ki, onda istinbat (tədqiqat və araşdırma) etmiş olsunlar.»

Digər yerdə də Qur᾽anın ayələri haqqında düşünməyən və ağıllarını kütləşdirib, təfəkkür etməyən adamları məzəmmət etmişdir:

«Qur᾽anda fikirləşməzlərmi? Yoxsa, qəlblərə qıfıl vurulmuşdurmu?» [«Məhəmməd» surəsi, 24-cü ayə.]

Bəs mə᾽lum oldu ki, Әhli-beyt (ə) məktəbində təfsir üç şeyə əsaslanır.

1. Qur᾽anı Qur᾽anla təfsir etmək;

2. Qur᾽anı sünnə mə᾽sumların davranışı və doğru hədisləri ilə təfsir etmək;

3. Qur᾽anı Qur᾽an və sünnəyə bağlı olan ağıl ilə təfsir etmək.

Həmçinin mə᾽lum oldu ki, təfsirin özünəməxsus qayda-qanunları vardır. Ona görə də Әhli-beyt (ə) məktəbində müfəssirin öz şəxsi fikirlərinə əsaslanan və ya dövrün bə᾽zi elmi nəzəriyyələrini, fəlsəfi və kəlami əqidələrini Qur᾽anla uzlaşdıran və yaxud zəif, uydurma, sənədsiz, Qur᾽anın mətni ilə müxalif olan və qəti, doğru hədislərlə zidd olan təfsirlər və onlara tabe olan alim və müfəssirlər qəbul edilməmişdir. Tədqiqat aparanlar, bu düzgün təfsir üslubuna əsaslanmayıb, Qur᾽anın ruhundan uzaq olan, şəxsi düşüncə və nəzəriyyələrdən qidalanan təfsirləri (həm şiə həm də sünnilər arasında) görə bilərlər. Bu cəhətdən də bu kimi təfsirlərə heç bir əhəmiyyət verməmək və şəxsi fikirlərə əsaslanan təfsirlərdən başqa təfsirləri qəbul etmək lazımdır. Çünki, kimliyindən aslı olmayaraq təfsirçi Qur᾽ana yox, əksinə Qur᾽an müfəssirə əsasdır. Öz növbəsində, əgər müfəssirin sözü e᾽tibarlı mənbələrə əsaslanmasa, onun sözü müsəlmanlar üçün heç bir zaman əsas ola bilməz. Mə᾽sum və pak Imamlar da (ə) qəti mə᾽lumat və dəlil olmadığı halda nəzər verməyi qadağan etmişlər:

Bildiyiniz şeyi deyin, amma bilmədiyiniz şeyin haqqında «Allah daha yaxşı bilir» söyləyin. Ola bilər ki, insan Qur᾽andan bir ayəni götürüb (təfsir etmək istəyə), lakin, (onun təfsirində) elə bir xəta uçrumuna yuvarlana ki, onun həqiqi mə᾽nası ilə təfsir ediliyi mə᾽nası arasında yerlə göy arası qədər fasilə ola! [«Üsuli-kafi», Kuleyni (1-ci cild, səh.42)].

Imam Sadiqdən (ə) rəvayət edilmişdir:

«Hər bir şeyi Qur᾽an və sünnə ilə ölçmək lazımdır.» [«Üsuli-kafi», Kuleyni (1-ci cild, səh.69)].

ӘHLİ-BEYT (Ә) MӘKTӘBİ NÖQTEYİ-NӘZӘRİNDӘN PEYĞӘMBӘRİN (S) SÜNNӘSİ

«Allah o bəndəni xoşhal edib nurlandırsın ki, mənim sözümü eşidib yadda saxlayır və onu başa düşərək eşitdiyi kimi başqalarına çatdırır. Çünki, çox fiqh (şəriət elmi daşıyan və başqalarına çatdıran olar ki, özü fəqih (müctehid) olmaz və çox fiqh elmi daşıyan olar ki, tərəf-müqabili onun özündən daha yüksək fəqih və bilikli olar.» [«Әd-dirayə», Şəhid Sani (səh.113)].

Müsəlmanların islam hökmlərini və qanunlarını tədqiq edərək (Qur᾽andan sonra), istifadə etdikləri ikinci mənbə Peyğəmbərin (s) sünnəsidir. Sünnə Qur᾽anı təfsir edib aydınlaşdırır və onun fikri, tərbiyəvi və hüquqi məzmununu əsas qayda-qanunlar şəklində bəyan edir. Qur᾽an çox böyük, dərin və əbədi bir fikrə, hüquqi zənginlik və sərvətə malikdir, bu zənginlikləri kəşf edərək bəyan edən sünnədir. Sünnənin Qur᾽andan kəşf etdiyi mə᾽naları heç bir adi ağıl dərk edə bilməz. Çünki, ilahi vəhyin bilavasitə tərəf-müqabili Peyğəmbərin (s) özüdür. Buna görə də Qur᾽anın məzmunu, hökmləri, mə᾽naları, hədəf və məqsədlərinin tam mə᾽nasını kamil və doğru-düzgün şəkildə Peyğəmbərin (s) özü dərk edə bilər. Bu cəhətdən də sünnə Qur᾽anın bəyanı üçün ən münasib bir vasitədir. Bu mənbə Qur᾽andan ilham aldığı üçün Qur᾽an kimi dərin və tükənməz, eyni zamanda əbədi bir çeşmə qaynağıdır. Sünnə Qur᾽andan sonra insanın fərdi və ictimai həyatında yaşayış qanunlarını, onun xoşbəxtlik və səadətini aydınlaşdıran ən mö᾽təbər me᾽yardır. Allah-taala Qur᾽anda buyurur:

«...Peyğəmbərin sizə verdiyi, (bəyan etdiyi) şeyləri alın (əməl edin) və onun qadağan etdiyi şeylərdən çəkinin...» (Həşər surəsi, 7-ci ayə.)

Yenə buyurur:

«Artıq siz (müsəlmanlar) üçün, axirət gününə ümidləri olanlar üçün Allah Peyğəmbərinin (həyat və davranışında) yaxşı bir örnək və me ᾽yar vardır...» (Әhzab surəsi, 21-ayə.)

Başqa bir ayədə buyurur:

«...Әgər bir şeydə ixtilafa düşsəniz, onun həllində Allah və onun Peyğəmbərinə müraciət edin.» (Nisa surəsi, 59-cu ayə.)

Әhli-beyt (ə) və onlara tabe olanlar daima bu yolda və bu ilahi əmrlərdə, təfsirdə, hədislərdə, hüquqi məsələlərdə, əqidəvi mövzularda və ümumiyyətlə hər bir şeydə Peyğəmbərin (s) sünnəsinə əsaslanıb, onu qoruyub, Qur᾽anla birlikdə onun da icra edilməsi yolunda çoxlu mübarizələr etmiş və müxtəlif əziyyətlər, zindanlar, sürgünlər və hətta şəhid olmağa belə razı olmuşlar.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, Peyğəmbərin (s) pak sünnəsi də yalançı, hiyləgər, dünyapərəst və müsəlman geyimində peyda olan din düşmənləri tərəfindən müxtəlif təhrif, yalan və əyintilərə mə᾽ruz qalmışdır. Bunun vasitəsi ilə də fırıldaqçı adamlar bu ilahi risalətin parlaq simasını ləkələndirib, ümməti ictimai həyatından və gedəcəyi doğru yoldan azdırmaq istəmişlər.

Peyğəmbərin (s) pak sünnəsini müdafiə cəbhəsinin önündə dayanan və onun həqiqi məzmununu aydınlaşdıran Әhli-beyt (ə), həmişə əyinti və azğınlıqlarla mübarizə aparmış və ümməti Qur᾽an və sünnəyə inanmağa və ondan ayrılmamağa də᾽vət etmiş, sünnənin doğru və ya səhv olmasını yoxlamaq üçün Qur᾽ana müraciət etmələrini tövsiyə etmişlər. Çünki, Qur᾽an bütün təhrif və hiylələrdən məhfuz qalmışdır. Şükürlər olsun Allaha ki, bu gün əlimizdə olan Qur᾽an, həmən Cəbrailin (ə) Peyğəmbərə (s) nazil etdiyi Qur᾽anın özüdür:

«Həqiqətən Biz o zikri (Qur ᾽anı) nazil etdik və şübhəsiz, Biz onu qoruyacağıq.» (Hicr surəsi, 9-cu ayə.)

Onun üçün də görürük ki, Әmirəl-mö᾽minin (ə) buyurur:

«Ey insanlar! Fitnələrin başlanğıcı, daxili ehtiraslara tabe olmaq və Allahın kitabı ilə müxalif olan bid᾽ət (yalan yerə çıxarılan) hökmlərdən ibarətdir ki, bununla da bə᾽zi insanlar bə᾽ziləri ilə dost olarlar. Әgər batil müəyyən olsaydı və özünün həqiqi simasında görünsəydi, heç bir şey ağıl sahiblərinə gizli qalmazdı və əgər həqiqət müəyyən olub həqiqi simasında görünsəydi, daha heç bir ixtilaf çıxmazdı. Amma, (təəssüflər olsun ki) bir qədər batildən götürülür, bir qədər də həqiqətdən və bu iki şey bir-birinə qarışdırılıb birlikdə verilir. Elə o zaman Şeytan öz dostlarına hakim olar. (Yalnız) o şəxslər xilas olarlar ki, Allah tərəfindən onlar üçün elədikləri əməllərin müqabilində yaxşı bir aqibət təqdir edilmiş olsun.» [«Üsuli-kafi», Kuleyni (1-ci cild, səh.54)].

Imam Sadiqin (ə) səhabələrindən olan Әbu-Bəsir deyir ki, mən o həzrətə dedim:

«Bizim qarşımıza bə᾽zi məsələ və mövzu çıxır ki biz onun hökmünü və cavabını Qur᾽anda tapa bilmirik, həmçinin onun izahında və o mövzuda sünnə əlimizdə yoxdur. Belə bir şəraitdə öz nəzəriyyəmizə görə əməl edə bilərikmi? Imam Sadiq (ə) cavabında buyurdu:

«Xeyr, əməl edə bilməzsiniz. Çünki, bu şəraitdə əgər (sənin nəzəriyyən) həqiqətlə müvafiq olsa, heç bir savabın olmaz və əgər səhv olsa, onda böyük və əzəmətli Allahın adından yalan danışmış olarsan.»

Imam bu sözünün davamında Peyğəmbərdən (s) bu hədisi nəql etdi:

«Hər bir bid᾽ət azğınlıq və zəlalətdir, hər azğınlıq (əhli) cəhənnəmə daxil olacaq.» [«Üsuli-kafi», Kuleyni (1-ci cild, səh.56)].

Imam Sadiqin (ə) Әbdüllah ibni Yə᾽fur adlı səhabəsi deyir:

«Mən imam Sadiqdən (ə) soruşdum ki, bə᾽zən e᾽timad etdiyimiz, bə᾽zən də mö᾽təbər bildiyimiz ravilər bizə hədis rəvayət edirlər. Bu vəziyyətdə bizim vəzifəmiz nədir? O həzrət buyurdu:

«Әgər sizin əlinizə bir hədis gəlib çatsa və (onun təsdiq barəsində) Qur᾽andan və Peyğəmbərin kəlamlarından bir şahid tapsanız, (onu qəbul edin və ona əməl edin), əks təqdirdə (onu rədd edin və qəbul etməyin ki, bu surətdə) o, nəql edənin özünə layiqdir.» [«Üsuli-kafi», Kuleyni (1-ci cild, səh.69)].

Әbu-Әyyub Hurr adlı bir ravi də imam Sadiqdən (ə) belə eşitdiyini rəvayət edir:

«Hər bir şey Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə üzləşdirilib yoxlanılmalıdır. Bəs Allahın kitabı ilə müvafiq olmayan hər bir hədis yalan və uydurmadır.» [«Üsuli-kafi», Kuleyni (2-ci cild, səh 69)].

Әyyub ibni Raşid imam Sadiqdən (ə) rəvayət etmişdir:

«Qur᾽anla uyğun olmayan hədis yalandır.»

Imam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) belə rəvayət etmişdir:

«Hər kim ümmətin ixtilafında mənim sünnəmə əsaslanıb ona tabe olsa, (qiyamət günü) yüz şəhidin savabını alar.» [«Müşkatul-ənvar», Təbərsi («Әl᾽xəzu bissünnə» fəsli)].

Bir nəfər Әmirəl-mö᾽minin Әlinin (ə) yanına gəlib dedi:

«Sünnəni, bid᾽əti, camaatı və ixtilafı mənə aydınlaşdır.» Həzrət o şəxsin cavabında buyurdu:

«Peyğəmbərin etdikləri «sünnə», ondan sonra meydana gələn şeylər «bid᾽ət»dir. «Camaat» (ittifaq) haqq əhlinin (nəzər) birliyidir, hətta onların sayı az olsa da, «ixtilaf»da batil əhlinin nəzəridir, hətta onların sayı çox olsa da.» [«Müşkatul-ənvar», Təbərsi («Әl᾽xəzu bissünnə» fəsli)].

Yenə də Әlidən (ə) belə nəql edilmişdir:

«Sünnə iki hissədir, birisi vacibdir və ona əməl etmək hidayət, tərk etmək isə zəlalət və azğınlıqdır. Ikincisi isə vacib olmayan sünnədir ki, ona əməl etmək fəzilət və üstünlük, onu tərk etmək, xəta və günah deyildir.» [«Müşkatul-ənvar», Təbərsi («Әl᾽xəzu bissünnə» fəsli)]

Imam Baqirin (ə) bu şəkildə buyurduğu rəvayət edilmişdir:

«Hər kim (Peyğəmbərin) sünnəsindən irəli keçərsə, geri qaytarılmalıdır.» [«Müşkatul-ənvar», Təbərsi («Әl᾽xəzu bissünnə» fəsli)].

Yenə imam Baqirdən (ə) rəvayət edilir:

«Sünnədə qiyas qaydası doğru deyildir. Necə doğru ola bilər, halbuki, heyz halında olan qadın yediyi orucun qəzasını tutmalıdır, amma (qılmadığı) namazın qəzasını qılmaq lazım deyildir. (Bir halda ki, qiyas qaydasına əsasən namaz orucdan üstündür və orucun qəzası vacib olan yerdə namazın da qəzası mütləq vacib olmalı idi.» [«Müşkatul-ənvar», Təbərsi («Әl᾽xəzu bissünnə» fəsli)].

Imam Sadiq (ə) həzrət Әlidən (ə) belə rəvayət etmişdir:

«Hər haqqın bir həqiqəti və hər doğrunun bir nuru vardır. Bəs Allahın kitabı ilə uyğun olan şeyi götürün (əməl edin) və Peyğəmbərin (s) sünnəsi ilə zidd olan şeyi tərk edin...»

Yenə imam Sadiq (ə) buyurmuşdur:

«Allah, Peyğəmbərdən hədis nəql edib yalan deməyən və ya hansı bir vasitə ilə xalqı yalandan qoruyan adamlara rəhmət eyləsin. [«Müşkatul-ənvar», Təbərsi («Әl᾽xəzu bissünnə» fəsli)].

Həzrət Әmirəl-mö᾽minin (ə) Peyğəmbərdən (s) belə rəvayət edir:

«Әgər sizin əlinizə mə᾽naları bir-birinə əks olan hədislər çatarsa və o hədislərin bə᾽ziləri bə᾽zilərini inkar edərsə, onda onlar mənim sözüm deyildir, hətta «Peyğəmbər söyləyib» desələr də. Әgər sizə bə᾽zi hədislər nəql edilərsə və onlar bir-birlərini təsdiq edərsə, onda onlar mənim sözlərimdir. Hər kim məni vəfatımdan sonra görsə, elə bil ki, məni diri olarkən görmüşdür və hər kim məni ziyarət etsə, qiyamət günü onun şahidi olaram və onun xeyir işlərinə şəhadət verərəm.» [«Müşkatul-ənvar», Təbərsi («Әl᾽xəzu bissünnə» fəsli)].

Imam Məhəmməd Baqir (ə) səhabəsi Məhəmməd ibni Müslimə belə buyurdu:

«Ey Məhəmməd! Әgər sənə istər yaxşı, istərsə də pis ravi tərəfindən bir rəvayət gəlib çatsa və Qur᾽anla uyğun olsa, onu qəbul et və o ravilər tərəfindən sənə bir rəvayət gəlib çatsa və Qur᾽anla uyğun olmasa, onu qəbul etmə.» [«Müşkatul-ənvar», Təbərsi («Әl᾽xəzu bissünnə» fəsli)].

Biz bütün bunlardan bu qənaətə gəlirik ki, siz əziz oxucular üçün Әhli-beyt (ə) nöqteyi-nəzərindən Peyğəmbər (s) sünnəsinin reallığı, bu sünnə ilə münasibət tərzi, eyni zamanda bu sünnənin Qur᾽anla bağlılığı, həmçinin onun islam qanunlarını hazırlamaqda və islam xalqları üçün ictimai quruluşun yaranmasındakı rolu müəyyənləşmişdir.

Bu qayda-qanunlardan aşağıdakı nəticələr hasil olur:

1. Peyğəmbərin (s) adından danışılan bütün söz və əməllər Qur᾽anla yoxlanılmalı və bunun vasitəsi ilə onun düzgünlüyü müəyyənləşməlidir. Beləliklə, Qur᾽anla uyğun olanlar Peyğəmbərin (s) sünnəsi, zidd olanlar isə o Həzrətin (s) adından söylənmiş yalan və iftiralardır;

2. Islamda qanun və şəriət mənbəyi Qur᾽an və sünnədir. Onlar hökmlərin və ictimai quruluşun me᾽yarıdır. Buna görə də fiqhi hökmlər (hüquqi və əxlaq normaları), eyni zamanda bütün ideologiyalar Qur᾽an və sünnə ilə uyğun olarsa həqiqət, əks təqdirdə bid᾽ət və batil hesab olunmalıdır;

3. Sünnənin bir hissəsinin qəti şəkildə Peyğəmbər (s) tərəfindən olması, o cümlədən onların Qur᾽anla uyğun olması dəqiqləşdirilmişdir. Ona görə də digər hədis və rəvayətlərin düzgünlüyünü müəyyənləşdirmək üçün o hədislərdən və qəti sünnələrdən istifadə etmək olar.

PEYĞӘMBӘRİN (S) SÜNNӘSİNİN NÖVLӘRİ

Islam alimləri Peyğəmbərin (s) sünnəsini üç yerə bölmüşlər:

1. Peyğəmbərin (s) sözləri: Bu hissə Peyğəmbərin (s) bütün hədisləri, xütbələri, vəsiyyət və namələrinə aiddir;

2. Peyğəmbərin (s) əməlləri: Bu hissə Peyğəmbərin (s) xalqa münasibət tərzi, ibadətləri, baş verən hadisələr və davranışlarından ibarətdir. Bu hissədə me᾽yar Peyğəmbərin (s) iş üslubu və əməl keyfiyyətləridir. Yə᾽ni, Peyğəmbərin (s) gördüyü hər bir iş dəlalət edir ki, işin icrasına icazə verilir. Çünki aydın məsələdir ki, Peyğəmbər (s) heç bir zaman nalayiq və haram iş görməzdi. Peyğəmbərin (s) hərəkət və əməllərini iki hissəyə bölmək olar:

a) Vacib əməllər: Peyğəmbər (s) icra etdiyi bə᾽zi əməllərin (namaz, oruc, həcc, xalq arasında ədalətli olmaq və s.) vacib olduğunu göstərir və müsəlmanların onların hamısını icra etməyin vacibliyini bildirir;

b) Cayiz və mubah əməllər: Peyğəmbərin (s) bə᾽zi işləri vardır ki, onlar o işlərin vacib olmasına yox, sadəcə olaraq o işlərin icrasına icazə verdiyinə dəlalət edir.

Vacibi müstəhəbbdən, cayizdən, məkruhdan ayıra bilmək üçün Peyğəmbərin (s) sünnəsini də izah etməyə ehtiyac vardır. Bu cəhətdən də mütəxəssis alimlər müxtəlif sübutlar, əlamətlər, üsul və fiqh elmində olan qaydalar üzrə bunları müəyyən edib aydınlaşdırırlar.

3. Peyğəmbərin (s) tə᾽yid və təsdiqləri: Bu hissədə nəzərdə tutulan məqsəd budur ki, Peyğəmbərin (s) vaxtında bə᾽zi müsəlmanlar bir sıra əməllər edirdilər ki, o Həzrət (s) bu işlərdən xəbər tutan zaman susar, heç bir söz deməz və o işləri qadağan etməzdi. Bu sükutun özü o əməlin caiz olduğunu göstərirdi. Çünki, əgər o işlər haram olsaydı, Həzrət (s) o işləri qadağan edərdi. Buna misal olaraq o dövrdə baş verən bə᾽zi ictimai məsələlər və şəxsi münasibətləri göstərmək olar.

SÜNNӘ HAQQINDA TӘHQİQAT, TӘDQİQAT VӘ İSBAT QAYDASI

Әhli-beyt (ə) məktəbinin alimləri bir sıra qaydalara əsaslanaraq Peyğəmbərin (s) sünnəsi üzərində tədqiqat işləri aparıb, həqiqi sünnəni müəyyən edərək dəqiqləşdiriblər. Qeyd edək ki, bu qaydaların tə᾽məl və əsaslarını qabaqca hədislərdə bu mövzuya işarə etdiyimiz kimi Imamlar (ə) da aydınlaşdırmışlar. Şiə alimləri o qaydaya əsaslanaraq həmişə Peyğəmbərin (s) sünnəsi haqqında tədqiq metodundan istifadə etmiş və heç bir sünnəni tədqiq etmədən, doğruluğuna tə᾽minat verməmişlər. Həmçinin, onların hər biri haqqında tədqiqat işləri aparıldıqdan və doğruluğu isbat edildikdən sonra, onlardan istifadə edilərək ümumi qanunlar, hökmlər və əqidələrin kəşf və müəyyən olunması imzalanmışdır. Eyni zamanda doğruluğu isbat olunmayanlar isə qəbul olunmayıb rədd edilmişlər. Ona görə də Әhli-beyt (ə) məktəbinin alimləri heç bir hədis kitabını bütövlüklə düzgün hesab etmirlər. Lakin, onlar bu əqidədədirlər ki, o kitabların hamısının üzərində tədqiq və təhqiq işləri aparılsın.

Məsələn, Әhli-beyt (ə) yolu ilə nəql edilən hədisləri bir yerə toplayan kitabların içərisində aşağıdakıların adlarını qeyd edə bilərik:

1. «Әl-kafi», Məhəmməd ibni Yə᾽qub Kuleyni (Rəhmətullah əleyh)

2. «Әl-istibsar», Şeyx Tusi (r.ə.)

3. «Әt-təhzib», Şeyx Tusi (r.ə.)

4. «Mən la yəhzuruhul-fəqih», Şeyx Səduq (r.ə.)

5. «Vəsailuş-şiə», Şeyx Hurr Amili (r.ə.)

6. «Biharul-ənvar», Әllamə Məclisi (r.ə.)

Әhli-beyt (ə) məktəbinin alimləri, fiqhi, əqidəvi məsələlər və digər ümumi maarifdə onların ardıcılları və bu yola əsaslanan digər şəxslər bu kitablarda nəql edilən hədislər üzərində müəyyən qaydalara əsaslanaraq olduğu kimi təhqiq və tədqiq etmiş və onların bir çoxunu e᾽tibar dərəcəsinə gətirmişlər. Әməl etməyə gəldikdə isə, onlarda yalnız doğruluğu isbat olunan hədislərə əməl edirik.

Bu məktəbin alimləri qeyd etdiyimiz kitablara müraciət edib baxdıqları kimi, «Səhihi-Buxari», «Səhihi-Müslim», «Sunəni Әbi-Davud», «Kənzul-ümmal» və bir çox bu kimi hədis kitablarına da müraciət edib onlardakı hədislərin düzgünlüyünü də həmən me᾽yarlara əsasən müəyyənləşdirirlər.

Alimlər bir hədis haqqında neçə cəhətdən tədqiqat və araşdırma işləri aparırlar:

1. Sənəd cəhətindən; Sənəddən məqsəd bir hədisi rəvayət edən ravilərin silsiləsidir. Alimlər böyük bir elmi axtarış və çox zəhmət ilə «Rical» elmində mövcud olan qaydalar üzrə və ravilər haqqında əldə olunan mə᾽lumatlara əsaslanaraq, sənəddəki ravilərin doğru və ya yalançı adam olmağını isbat edirlər. Әlbəttə onlar üçün mühüm sayılan məsələ ravinin hansı məzhəbdən olması deyil, onun doğruçu və ya yalançı olmasıdır. Әgər ravi mö᾽təbər və e᾽timad olunacaq bir adamdırsa, onda onun nəql etdiyi rəvayət qəbul edilir. Yaxud əksinə, ravi iftiraçı və yalançı adamdırsa, onun rəvayəti qəbul olunmur. Әlbəttə, bunun müəyyən qayda-qanunları vardır ki, o barədə yazılmış kitablarda bəyan edilmişdir;

2. Mətn və məzmun cəhətindən; Bundan məqsəd budur ki, alimlər nəql edilən hədisi və sünnəni məzmun və mə᾽na cəhətindən tədqiq edirlər. Әgər onda bəyan edilən mətləblər Qur᾽an və şəriətdə təsdiq və isbat olunan əqli həqiqət və əsaslarla uyğun olsa qəbul edilir, əks təqdirdə rədd olunur.

Qeyd etmək lazımdır ki, belə bir hədisin hansı kitabda nəql edildiyi mühüm deyildir.

Xülasə, şiə fəqihlərinin və Әhli-beyt (ə) məktəbi nöqteyi-nəzərindən əvvəla, hədis kitabları nə mütləq şəkildə qəbul edilir və nə də mütləq şəkildə inkar olunur.

Ikincisi, o hədislər yalnız o vaxt qəbul edilir ki, ravi hansı tayfa və ya məzhəbdən olduğundan aslı olmayaraq, doğru danışan və mö᾽təbər adam olsun. Bu metodu aşkar şəkildə görmək istəyənlər «Üsul», «Fiqh» və «Rical» elmləri haqqında yazılan kitablara müraciət edə bilərlər.

Bu elmi və tənqidi metod, şəriətin əsaslarının orjinallığını qorumaqda və müsəlmanlar arasında vəhdət yaranmasında, həmçinin kor-koranə təəssübkeşlikdən, cahillikdən, mövhumat və xurafatdan uzaqlaşmaqda böyük rol oynaya bilər. Çünki, tənqidə əsaslanan elmi metod real, sədaqətlik yoludur. Bu yolun cahillik, kor-koranə təəssübkeşlik, xurafat və zorla bir şeyin qəbul etdirilməsi ilə uyğunluğu yoxdur.