Ön söz

Din bəşəriyyəti hidayət etməkdən ötrü peyğəmbərlərin Allah tərəfindən gətirdikləri əqidə və elmi-əxlaqi qayda-qanunlardır. Bu əqidəni bilib onun qayda-qanunlarına riayət etmək insanın hər iki dünyada xoşbəxt olmasına səbəb olur. Əgər biz dindar olub Allah və Rəsulunun əmrlərinə itaət etsək, təkcə bu müvəqqəti dünyada deyil , sonsuz və əbədi olan axirət dünyasında da xoşbəxt olarıq.

İzah: Biz bilirik ki, xoşbəxt insan öz həyatını səhv və azğınlıqla başa vurmayan, gözəl əxlaqa malik olub xeyir əməllər görən kəsdir. Allahın dini bizi məhz həmin bu xoşbəxtliyə hidayət edir. Əvvəla bizə göstəriş verir ki, öz ağıl və vicdanımızla qəbul etdiyimiz əqidəyə ehtiramla yanaşıb müqəddəs sayaq. Sonra da gözəl əxlaqa malik olub bacardıqca xeyir əməllər görək. Beləliklə, din üç qismə bölünür:

1. Əqidə əsasları.

2. Əxlaq.

3. Əməl.

Din bizə öyrədir ki, həyatda özümüzə və cəmiyyətimizə xeyirli olan işlər görək. Pis və qəbahətli əməllərdən uzaqlaşaq. Həmçinin, Allaha ibadət və pərəstiş etməkdən ötrü bəndəlik və itaətkarlıq nişanəsi olan namaz və onun kimi bir sıra əməlləri yerinə yetirək. Budur dinin gətirdiyi və bizi ona dəvət etdiyi qayda-qanunlar! Belə ki, onlardan bəzisi əqidəvi, bəzisi əxlaqi və bəzisi də əməlidir.

Qeyd olunduğu kimi, məhz bu qayda-qanunları qəbul edib yerinə yetirmək insanın səadətə çatması üçün yeganə vasitədir. Çünki, hamımız bilirik ki, insanın haqqpərəst, gözəl əxlaqlı və xeyir əməlli həyatı olmadan heç bir səadəti yoxdur.

Əvvəldə qeyd etdiyimiz kimi Allahı tanıyandan sonra namaz və oruc kimi bəndəlik nişanəsi olan bir sıra əməlləri yerinə yetirməliyik. Burada biz öncə namazın hökmlərini, ondan sonra isə oruc tutmağın qaydalarını şərh edəcəyik.