Namaz qılmaqdan ötrü vaxtın azlığı, xəstəlik və suyun olmaması üzündən dəstəmaz və ya qüsul almaq mümkün deyilsə, bu surətdə təyəmmüm edilməlidir.

T ə y ə mm ü m ü n qaydas ı

Təyəmmümdə dörd şey vacibdir:

1)Niyyət

2)Torpağa və ya təyəmmüm edilməsi mümkün olan hər hansı bir şeyə iki əli qoşalaşdırıb ovucunu vurmaq.

3)Hər iki əlin ovucunu alnın tük bitən yerindən qaşlar və burnun yuxarı hissəsinə kimi alnın bütün yerlərinə çəkmək. Daha yaxşı olar ki, qaşların da üzərinə əl çəkilsin.

4)Əvvəl sağ əlin üzərinə əl çəkilməli, sonra isə sol əlin üzərinə əl çəkilməlidir. Dəstəmaz əvəzi təyəmmüm almaq üçün torpağa bir dəfə vurub həm alına və həm də əllərin üzərinə çəkmək kifayət edər.

Təyəmmümün hökmləri

1) Əgər torpaq tapılmazsa quma, qum olmazsa kəsəyə, kəsək də olmazsa daşa təyəmmüm etmək olar. Bunlardan heç biri tapılmadıqda isə yerdə yığılmış toza təyəmmüm etmək olar.

2) Təbaşir və mədəndən çıxarılmış bu kimi digər suxurlara təyəmmüm etmək düz deyildir.

3) Bir şəxs satılan suyun baha olmasına baxmayaraq almaq imkanına malikdirsə, təyəmmüm edə bilməz. Suyu alıb dəstəmaz və qüsul etməlidir.

2) VAXT

Zöhr və əsr namazlarının hər birinin məxsus və müştərək vaxtları vardır. Zöhr namazının məxsus vaxtı zöhrün əvvəlindən namaza başlayaraq zöhr namazını qılıb qurtaranadəkdir. Əsr namazı bu vaxtda bilməyərəkdən qılınsa da batildir. Zöhrün əvvəli dedikdə bu nəzərdə tutulur: dan yerindən doğan günəşin şüaları hamar yerə bastırılmış çubuğun günbatan tərəfinə kölgə salır. Günəş qalxdıqca çubuğun kölgəsi azalır. Zöhrün əvvəlində ən az dərəcəyə gəlib çatır. Zöhr keçdikdən sonra isə kölgə günçıxan tərəfə düşür. Günəş qüruba tərəf getdikdə kölgə uzanır. Beləliklə, kölgə ən az həddə çatıb ikinci dəfə uzanmağa başladıqda məlum olur ki, artıq zöhr olub. Qeyd etmək lazımdır ki, Məkkə kimi bəzi şəhərlərdə zöhr vaxtı kölgə tamamilə yox olur. Bu şəhərlərdə kölgə dübarə yarandıqda məlum olur ki, artıq zöhr olmuşdur.

Əsrin məxsus vaxtı isə budur ki, şam azanına dörd rükət namazın qılınma vaxtı qalmış olsun. Zöhr namazı bu vaxtadək qılınmamışdırsa, artıq qəzaya getmişdir. Ona görə də birinci əsri qılıb sonra zöhr namazını qəza niyyətilə qılmaq lazımdır. Zöhr namazının məxsus vaxtı ilə əsr namazının məxsus vaxtı arasındakı zaman hər iki namazın müştərək vaxtıdır.

Şam və işa namazlarının da məxsus və müştərək vaxtları vardır. Şam namazının məxsus vaxtı şam azanından başlayaraq üç rükət namazın qılınıb qurtarmasına qədərdir. Şam azanı təqribən günəşin batmasından 15 dəqiqə sonradır. Əlaməti isə budur ki, günəş qürub edəndən sonra səmada şərq tərəfdə yaranan qırmızılıq aradan getsin.

İşa namazının məxsus vaxtı isə gecə yarısına dörd rükət namazın qılınma vaxtının qalması qədərdir (Yəni, gecə yarısına 5-10 dəqiqə qalmış). Şəri gecə yarısı 11 saat 15 dəqiqə zöhrdən sonradır . Əgər bu vaxta qədər şam namazı qılınmamışdırsa, əvvəl işa namazı, sonra isə sam namazı qılınmalıdır. Şam namazının məxsus vaxtı ilə işa namazının məxsus vaxtı arasındakı zaman hər iki namazın müştərək vaxtıdır.

Sübh namazının vaxtı fəcri-sadiqin əvvəlindən günəşin çıxmasına qədərdir.

3) LİBAS

Namaz qılan şəxsin geyiminin neçə şərti vardır:

1) Mübah olmalıdır. Yəni, geyim öz malı olmalı və ya özününkü olmasa, namaz qılarkən sahibinin razılığı olmalıdır.

2) Pak olmalıdır. Nəcisli olmamalıdır.

3) Ölmüş heyvanın (murdar) dərisi olmamalıdır. İstər əti halal olsun, istərsə də əti haram.

4) Əti haram heyvanın yunundan, tükündən və kürkündən olmasın. Amma xəz libasla namaz qılmaq olar.

5) Namaz qılan kişidirsə, ipək və qızıltoxumalı paltarla və qızıl əşyalar taxaraq namaz qıla bilməz. Ümumiyyətlə, namazdan başqa vaxtlarda da ipək geyimlər və qızıl zinət əşyalarından istifadə etmək kişilərə haramdır.

4) MƏKAN

Namaz qılınan yerin neçə şərti vardır:

1) Mübah olmalıdır.

2) Hərəkətsiz olmalıdır. Çarəsizlik üzündən avtomobil və gəmi kimi yerlərdə namaz qılmağın heç bir eybi yoxdr. Belə ki, hərəkət zamanı həmin bu vasitələrdən hər hansı biri qiblədən döndükcə namaz qılan şəxs də eyni zamanda qibləyə tərəf çevrilməlidir.

3) Nəcasətli yer paltarı və ya bədəni nəmləndirən dərəcədə rütubətli olmamalıdır. Səcdə olunan yer quru olmasına baxma­yaraq nəcasətli olarsa, namaz batildlr.

4) Səcdə olunan yer dizlərin və ayaq barmaqlarının yerindən bitişik dörd barmaq ölçüsündə hündür və ya alçaq olmamalıdır.

5) QİBLƏ

Kəbə evi qiblədir. Namaz ona tərəf qılınmalıdır. Heyvanların kəsilməsi kimi sair işlər də üzü qibləyə olmalıdır. Oturaq halda belə namaz qıla bilməyən şəxs namaz qılarkən sağ tərəfi üstə uzanaraq üzü qibləyə dayanaraq namazını qılmalıdır. Əgər mümkün deyilsə, sol tərəfi üstə uzanıb üzü qibləyə namazını qılsın. Bu da mümkün olmazsa, arxası üstə uzanıb ayaqlarının altı üzü qibləyə çevrilmiş halda namazını qılsın.

Araşdırdıqdan sonra qibləni təyin edə bilməyən şəxs müsəlman qəbirləri və bu kimi vasitələrdən əldə olunan ehtimala əsasən həmin tərəfə dayanıb namazını qılmalıdır.

NAMAZIN VACİBATI

Namazda 11 şey vacibdir:

1) Niyyət

2) Təkbirətül-ehram

3) Qiyam

4) Qiraət

5) Rüku

6) Səcdə

7) Təşəhhüd

8) Salam

9) Tərtib. Yəni, namazın hissələri ardıcıl olaraq yerinə yetirilməlidir. Bu hissələrin yerini dəyişmək olmaz.

10) Namaz aramla, vüqarla qılınmalıdır.

11) Müvalat. Yəni, namazın hissələri arasında fasilə salmadan bir-birinin ardınca qılmalıdır.

Yuxarıda qeyd olunan bu 11 vacib əməldən beşi rükndür. Bu beş əməl bilərəkdən və ya səhv üzündən artırılıb azaldılarsa, namaz batil olur.

NAMAZIN RÜKNLƏRI

Namazın rüknlərı aşağıdakılardır:

1) Niyyət

2) Təkbirətül-ehram

3) Təkbirətül-ehram deyən vaxtı qıyam və rükuya birləşən qiyam.

4) Rüku

5) Iki səcdə

Niyyət dedikdə bu nəzərdə tutulur ki, insan namazı Allaha yaxınlıq üçün, Allah əmrini yerinə yetirməkdən ötrü qılsın. Niyyəti qəlbdən keçirmək və ya sözlə söyləmək lazım deyildir.

Namazda bir neçə şeyə

diqqət yetirmək lazımdır.

* Namaz halında danışmamaq;

* Namaz halında qəh-qəhə ilə gülməmək;

* Namaz halında yemək və içməkdən çəkinmək;

* Namaz halında qiblədən üz döndərməmək;

* Həmd və surədən sonra amin deməmək;

* Namaz qılarkən əlləri bir-birinin üstünə qoymamaq və s. (Qeyd olunanların hamısı namazı batil edir (pozur).

* Namazı pak yerdə qılmaq. Qəsbi yerdə (icazəsiz başqasının məkanında) qılmamaq.

* Namazı pak paltarda (9 nəcasətə toxunulmamış) paltarda qılmaq.

* Qızlar və qadınlar həm namaz qılarkən, həm də başqa vaxtlarda dini örtüyə riayət etməlidirlər.