Yunis peyğəmbərin həyatı Qur'anda qısa surətdə zikr olunubdur. O Həzrətin adına da surə vardır. Lakin "Yunis" surəsində yalnız bir ayədə onun qövmünün tövbə etməsi və iman gətirilməsi qeyd olunubdur. Hər halda cəmi altı ayədə Yunisin (ə) adı gəlibdir. İki surədə yəni "Nisa" və "Ənam" surəsində o Həzrətin adı başqa peyğəmbərlərin sırasında zikr olunub. Lakin qalan dörd surədə onun bəzi əhvalatı və qövmü haqqında əvvəlki iki surədən geniş izahat verilibdir. Dörd surədən biri da həmin "Yunus" surəsidir. Bu surədə onun qövmü haqda belə deyilir:

-"Əzab gəl­mək­də ikən Yu­ni­sin üm­mə­tin­dən baş­qa iman gə­ti­rib ima­nı öz­lə­ri­nə fay­da ve­rə bi­lən bir məm­lə­kət əh­li var­dır­mı?! (Yu­ni­sin üm­mə­ti) iman gəti­rən za­man on­la­rı dün­ya­da­kı rüs­vay­çı­lıq əza­bın­dan qur­tar­dıq və bir müd­dət (ömür­lə­ri­nin axı­rı­na­dək) gün-gü­zə­ran ver­dik." ("Yunis" surəsi, 98-№i ayə).

"Ənbiya" surəsində də buyurur:

-"Zunnunu (Yunisi) camaatın yanından qəzəbli halda getdiyini xatırla. O, elə fikirləşirdi ki, onun üçün çətin olmayacaq. Beləliklə, zillətdə (və qaranlıqda) səslədi ki, "Səndən başqa məbud yoxdur və mən zülmkarlar dəstəsində olmuşam". Biz qəbul etdik və qəm-qüssədən onu xilas etdik. Biz möminləri belə xilas edirik." ("Ənbiya" surəsi, 88-№i ayə).

Həmçinin, "Saffat" surəsində buyurur:

"Yunis peyğəmbərlərdən biri idi. (Adamla dolu) gəmiyə sarı qaçdığı zaman püşk atdılar və o püşkdə məğlub oldu. (Püşk onun adına çıxdı). Balıq onu uddu. Bir halda ki, o özünü danlayırdı (ya peşman idi). O, Qiyamət gününə qədər təsbih deyənlərdən idi. Adamların çağırıldığı gün balığın qarnında qalır. Beləliklə, onu səhraya atdıq və orada o xəstə idi. Balqabaq bitkisini onun üçün cücərtdik və onu yüz min (əslində daha çox) adama tərəf göndərdik. Bununla da iman gətirdilər. (Müqəddər olunan vaxta qədər) və həyatdan bəhrələndirdik." ("Saffat" surəsi, 139-№Ї ayə).

"Nuh" surəsində Allah taala Məhəmməd peyğəmbərə (s) xitab edəndən sonra buyurur:

-"Pərvərdigarının hökmü qarşısında səbirli ol!" Bunun ardınca buyurdu: "Qəmli halda fəryad edən balıq sahibi kimi olma. Əgər pərvərdigarının rəhməti ona şamil olmasaydı, səhrada peşmançılıqla düşüb qalmışdı. Beləliklə, pərvərdigar onu seçib layiqlilər cərgəsinə saldı." ("Nuh" surəsi, 48-51-№i ayələr).

Rəvayətlərdə və təfsirlərdə də Yunisin peyğəmbərlik məqamına çatması, o həzrətin qövmünün iman gətirməsi, tövbə etməsi, gəmi ilə gəlməsi və başqa hadisələri, həm qısa, həm də geniş surətdə izah edilibdir. Biz isə burada xülasə, eyni zamanda bütün hadisələrə toxunucağıq.

Yunis peyğəmbər Allahın hökmü ilə camaatı hidayət etmək üçün getdiyi yer Musil torpağındakı Neynəva şəhəri idi. Bir rəvayətdə yazılır ki, o həzrət peyğəmbərlik məqamına çatanda 30 yaşı var idi. Başqa bir hədisdə isə ona 28 yaş verilib. Əyyaşinin nəql etdiyi hədisə görə, Yunis (ə) 33 il camaata təbliğ edibdir. Lakin bu müddət ərzində yalnız iki nəfər, Rubil və Tənuxdan başqa heç kəs ona iman gətirməmişdir. Rubil elm və nübuvvət ailəsindən idi. O, Yunis (ə) peyğəmbərliyə çatmamışdan qabaq o həzrətlə tanış olmuşdur. Lakin Tənuxa abid və zahid kişi olsaydı da o, elm və hikmətdən bəhrələnməmişdi.

Yunis uzun müddət camaatı hidayət etməklə məşğul oldu. Amma gördü ki, o iki nəfərdən başqa heç kəs ona iman gətirmir və həmişə onu danırlar. Hətta Yunisi öldürmək istədilər. O, da Allah dərgahına şikayət edərək camaat üçün ilahi əzabın gördərilməsini istədi. Rubilin camaata ürəyi yandı. Yunisdən xahiş etdi ki, nifrin etməsin. Amma Tənuxa Yunislə eyni fikirdə idilər. Onlar əzabın tez göndərilməsini və camaata nifrin etmək istəyirdilər. Nəhayət, Yunis ciddi surətdə Allahdan istədi ki, o qövmə əzab nazil etsin. Allah taala da Yunisa xəbər verdi ki, filan gün bəla göndərəcəyəm və sən camaata bunu xəbər ver. Qoy özləri də bilsinlər.

Yunis Rubilə əzabın gəlməsini xəbər verdi. Rubil nə qədər çalışdı ki, Yunisi öz fikrindən döndərsin, lakin bacarmadı. Yunis camaatı bir yerə toplayıb bu xəbəri onların nəzərinə çatdırdı. Neynəva xalqı isə həmişəki kimi onu yalançı qələmə verdilər. Onlar kobudcasına Yunisi oradan qovdular.

Yunis Tənuxa ilə birlikdə şəhərdən çıxdılar. Şəhərin yaxınlığında özlərinə yer düzəltdilər. Elə bir yerdə qaldılar ki, oradan şəhəri bütövlükdə görürdülər. Onlar ilahi əzabın gəlməsini gözləyirdilər. Başqa bir tərəfdən isə Rubil hündür bir yerdə dayanıb Neynəvalıları uca səslə çağıraraq dedi:

-"Ey camaat! Mən Rubiləm və sizə ürəyim yanır. Sizi mən çox istəyirəm. Bilməlisiniz ki, Yunis sizin peyğəmbərinizdir. Sizə xəbər verdi ki, Allah taala ona vəhy edərək filan gündə əzabın nazil olacağını elan edilibdir. Allah taala öz peyğəmbərlərinə verdiyi vədəni həyata keçirdir. İndi isə siz baxın görün nə etmək istəyirsiniz?"

Rubilin sözləri xalqın ürəklərində müsbət təsir qoydu. Onlar peşman olub Rubilə dedilər:

-"Ey Rubil, sən de biz nə edək? Rubil onlara dedi:

-"Əzab gələn günü günəş çıxmamışdan qabaq arvad-uşaqlarınızı görürüb səhraya gedin. Uşaqları analardan ayırın. Elə ki, gördünüz məşriqdən sarı külək sizə tərəf əsir, ağlamağa başlayıb Allahın dərgahına dua edin. Allahdan bağışlanmaq istəyin! Tövbə edin! Üzünüzü göyə tutub məyus və ağlar gözlərlə Allaha yalvarın, öz təqsirinizə etiraf edərək deyin: -"Ey mehriban Allah! Biz özümüz-özümüzə zülm etdik və sənin peyğəmbərini yalançı bildik. İndi öz günahlarımızı boynumuza alıb tövbə edirik. Əgər sən bizi bağışlamasan, bədbəxt olacağıq. Ey ən mehriban! Bizim tövbəmizi qəbul et."

Yorulmadan ağlayın və dua etməyə davam edin. Allah əzabı sizin üstünüzdən götürənə qədər bu işdən əl çəkməyin.

Camaat Rubilin sözlərinə əməl etməyi qərara aldılar. Əzab günü çatanda arvad-uşaqları özləriylə götürüb səhraya getdilər. Onları bir-birindən ayırdılar. Elə ki, ilahi əzabın əlamətlərini müşahidə etdilər, şivən səsləri hər yerdən ucaldı. Əzab onların üstündən görürülənə qədər tövbə etdilər.

Təbərsi Səid ibni Cübeyr və başqalarından nəql edir ki, Yunis onlara xəbər verdi: -"Əgər tövbə etməsəniz üç gündən sonra Allahın əzabına düçar olacaqsınız." Camaat bir-birinə dedilər:

-"İndiyə qədər Yunisdən yalan söz eşitməmişik. Əgər Yunis bu gecə sizin aranızda olsa bilin ki, bir şey olmaycaq. Amma əgər şəhərdən çıxsa sabah tezdən əzab sizə nazil olacaq.

Elə ki, Yunis gecə yarısı şəhərdən çıxdı səhər açılan kimi əzab onların sorağına gəldi. Bəzi alimlər yazırlar ki, qara buludlar səmanı bürüdü. Qəliz tüstü buludların arasından çıxıb şəhəri başdan-başa qaranlıq etdi. Yavaş-yavaş aşağı enib evlərin üstünü də qaranlıqlaşdırıb qaraya bürüdü.

İbni Abbas deyir: -"Əzab onların başlarının üstünü bürüdü. Camaat əzabı görən kimi fəlakətlərinə yəqin etdilər və Yunisin yanına getdilər. Yunisi tapa bilmədilər. Tez səhraya tərəf üz tutub arvad-uşaqları və heyvanları da özləriylə apardılar. Kobud və qalın paltarlar geyindilər. Pak qəlblə və xalis niyyətlə iman gətirdilər. Uşaqlarını və kiçik heyvanları analarından ayırıb onları bir-birindən uzaqlaşdırdılar. Bu vaxt uşaqlar və anaların şivən səsi fəzanı bürüdü. Özləri də ağlaya-ağlaya dedilər: -"Ey mehriban Allah! Biz Yunis peyğəmbərin iman gətirdiyinə iman gətirdik."

Bu vaxt Allah taala onların dualarını qəbul edib başları üstündə gölgə salan əzabı onlardan uzaqlaşdırdı."

İbni Məsud deyir: -"Neynəva camaatı elə tövbə etdilər ki, hər kəsin boynunda digərinin haqqı var idisə, hamısını geri qaytardı. Əgər şəxs bir daş parçası belə evinin divarı altında olsaydı belə onu çıxarıb sahibinə qaytardı."

Nə isə Allah taala onlara rəhm etdi. Əzabı onlardan uzaqlaşdırdı. Camaat Yunisi təkzib edib kobudcasına şəhərdən qovandan sona, o da narahat olduğu üçün şəhərə qayıtmadı. Qəzəbli halda dəryaya tərəf hərəkət etdi. Dəryaya çatanda gördü ki, bir gəmi hərəkət etmək istəyir. Bir dəstə insan gəmidə oturmuşdu. Yunis onlardan istədi ki, onu da gəmiyə minməyə icazə versinlər. Onlar Yunisi gəmiyə mindirdilər. Gəmi yola düşdü. Gəmi dəryanın ortasına çatanda tufan qalxdı. Dənizin dalğaları gəmini sarsıtdı. Gəmidə olanlar dedilər: -"Gəmi yüngülləşmək üçün püşk atıb bir nəfəri dəryaya ataq."

Başqa tarixçilər yazırlar:

Gəmi hərəkət edə bilmədi. Gəmi sahibi dedi ki, sizin aranızda qaçaq adam vardır. Çünki mənim gəmimin adəti budur ki, qaçaq adam ona minəndə yerindən tərpənmir.

Püşk atdılar. Püşk Yunisin adına çıxdı. Bəzi rəvayətlərdə gəlib ki, böyük bir balıq gəminin yolu üstündə dayandı və onu hərəkət etməyə qoymadı. Gəmi sahibi dedi:

-"Burada qaçaq adam var." Yunis dedi:

-"Bəli, həmin qaçaq adam mənəm." Sonra özünü dəryaya atdı. Balıq onu uddu.

Bəzi alimlər ehtimal verirlər ki, gəmidə olanlar dəryanın ayrıca bir Allahı olduğuna etiqadları olubmuş. Dəryadakı tufanı da onun qəzəbi bilirdilər. Buna görə də dərya Allahın qəzəbini sakitləşdirmək üçün məcbur oldular dəryaya qurban versinlər. Püşk atdılar və Yunisin adına çıxdı. Üç, ya yeddi dəfə püşk atıldı. Hər dəfə də Yunisin adına çıxdı. Başa düşdülər ki, burada bir sirr və hikmət vardır. Yunisi dəryaya atdılar. Yunisi udmağı əmr olunmuş böyük bir balıq irəli gəlib onu uddu. Əlbəttə, balığa əmr olunmuşdu ki, yalnız Yunisi udub qarnında saxlasın. Buna görə də o, Yunisin ətini yeyə bilməzdi və ya sümüyünü sındırmağa icazəsi yox idi.

Bir hədisdə deyilir: "Allah balığa vəhy göndərdi: "Mən Yunisi sənin ruzin olaraq göndərmişəm. Məbada sümüyünü sındırıb əlindən yeyəsən!"

Müxtəlif fərziyyələrə görə, Yunis yeddi saat, ya üç gün və ya bundan çox balığın qarnında qaldı. Balıq onu dəryanın ən zülmət qaranlıqlarında gəzdirdi. Allah özü bilir ki, bu müddətdə Yunis nələr çəkdi. O, balığın zülmət qarnında, dəryanın dərinliklərində və qaranlıq gecələrdəki zülmət zülmətin üstündə, qəm-qüssə içində qərq olmuşdu. Həyat onun üçün çox çətin oldu. Belə bir vəziyyətdə aləmlərin Yaradanı və Mehriban Allahdan başqa kimə üz gətirib təsəlli tapmaq olar? Pənahsızların pənahı olan Allahdan başqa kim Yunisə pənah verə bilərdi? Biçarələrin dadına çatan Allahdan başqa, kim onun dadına çata bilərdi?

Tohid məktəbinin müəllimi və bir olan Allahın dərgahına insanları hidayət edən Yunis heç kəsə ehtiyacı olmayan Xaliqin dərgahına ehtiyac əllərini uzatdı. Raz-niyaz edərək ərz etdi: -"Ey Sübhan Allah! Səndən başqa məbud yoxdur. Sən paksan və mən özümə zülm edənlərdənəm."

Allah taala onun duasını qəbul edib qəm-qüssədən nicat verdi. Balığa əmr etdi ki, xəstə halına düşmüş Yunisi dəryanın sahilinə atsın.

Bu ayənin təfsirində buyurulur ki, balıq Yunis peyğəmbəri dəryanın sahilinə atanda, qolsuz-qanadsız cücə kimi onun heç bir qüdrəti və qüvvəsi qalmamışdı. Allah taala onun üçün ağac bitirdi, təki meyvə və kölgəsindən istifadə etsin. Həmçinin bir dağ keçisi onun yanına göndərdi ki, südünü sağıb içsin. Bir müddət keçəndən sonra həmin ağac qurudu. Yunis ağacın qurumasına ağladı. Allah taala ona vəhy etdi: -"Sən bir ağacın quruduğu üçün ağlayırsan, lakin yüz min nəfərin həlak olmasını məndən istədiyin üçün ağlamırsan?"

Yunis oradan durub Allahın əmri ilə ikinci dəfə öz qövmünün yanına qayıtdı. Şəhərin yaxınlığında bir oğlan uşağına rast gəldi. O, qoyun otarırdı. Yunis ona buyurdu:

-"Şəhərə get və mənim qayıtmağımı camaata xəbər ver."

Oğlan şəhərə gedib camaata xəbər verdi. Camaat Yunisi qarşılayıb onu şəhərə apardılar. Onlar ilahi peyğəmbərə itaət etməyə başladılar.

Bəzi alimlər isə bu əqidədədirlər ki, Yunis ikinci dəfə başqa bir qövmə təbliğ etməyə getdi. Fərat çayının kənarında günbəzli bir qəbir vardır. Camaat arasında Yunis peyğəmbərin qəbri kimi şöhrət tapmışdır.