Bundan əvvəlki bəhsdə müəllimlə tələbə arasındakı qarşılıqlı vəzifə və münasibətlərlərdən biri ilə, yə’ni niyyət saflığı ilə tanış olduq. Bu dərsimizdə isə bununla əlaqəli olan digər məsələlər haqda söhbət açacağıq. ELMƏ ƏMƏL ETMƏK Müəllim və tələbənin üzərinə düşən ən ümdə vəzifələrdən biri də tədris etdikləri və ya təhsil aldıqları elmə gündəlik həyatda əməl etməkdir. Bilməliyik ki, təhsil və elm öyrənməkdə ən başlıca məqsəd, rəftar və davranışların islah olunması və gözəl əxlaqi xüsusiyyətlərə yiyələnməkdir. Şübhəsiz hər bir insan özünün gündəlik ictimai həyatında bir sıra rəftar və davranış tərzi nümayiş etdirməli olur. Onlar elm və agahlıq üzündən olmadıqda isə insanların haqq yoldan uzaq düşüb tənəzzülə uğramasına səbəb olur. Əli (ə) bu haqda buyurur: «Elminə əməl etməyənlər düz yolda hərəkət etməyən müsafirlərə bənzər. Onlar nə qədər çox yol qət etsələr, çatmaq istədikləri son mənzildən bir o qədər uzaq düşərlər. Elmə əməl edənlər isə doğru yolda hərəkət edən müsafirlərə bənzər. Elə isə hər bir şüurlu insan getdiyi yolun onu hədəfə yaxınlaşdırıb və ya uzaqlaşdırmasına diqqət yetirsin». (Nяhcцl-bяlaья, 154-cц xцtbя.) Əli (ə) buyurur: «Hər bir insan özünün və başqalarının həyatına nəzər salmaqla tutduğu yolun düz olub olmadığını dərk etmiş olur». Peyğəmbər (s) buyurur: «Dini məsələlərdə anlayışı olmadan ibadət edən şəxslər, gecələr ev tikib səhər açıldıqda onu xarab edən şəxslərə bənzər». Mə’lum məsələdir ki, gecələri ibadətlə keçirən şəxs gündəlik həyatda haramla halalın fərqinə varmadıqda şər’i hökmləri tapdalayıb əldə etdiyi savabdan məhrum olur. Əli (ə) buyurur: «Dini məsələlərdə anlayışı olmayan şəxs gözü bağlı dəyirman atına bənzər. O, yerində dövr etsə də, irəli getdiyini güman edir». Belə şəxslər nə qədər zəhmətə qatlaşsalar da, heç bir mə’nəvi irəliləyişə nail olmurlar və nəticədə gördükləri işlər heç bir müsbət nəticə vermir. Çünki onlar öz səhv hərəkətləri ilə gördükləri bütün xeyirxah işlərin dəyərini aradan aparmış olurlar. Məsələn, aclıq və susuzluğa tab gətirib Ramazan ayını oruc tutan şəxslər şər’i məsələlərdən kifayət qədər anlayışlı olmadıqları üçün orucu batil edən şeylərdən birinə düçar olmaqla bir aylıq ibadətlərini puça çıxarmış olurlar. Belə olduqda onlara qalan yalnız savab deyil, əzab-əziyyət olur. Bunun üçün də Əli (ə) bu kimi şəxsləri səhərdən axşamadək yerində fırlanan və heç bir irəliləyişə nail olmayan dəyirman atına bənzədir. Demək, əməl yalnız o zaman öz həqiqi dəyərini tapır ki, onu görən şəxs həmin işdən agah olsun. Əgər elm və agahlıq görülən işlərin mənşəyi olmazsa, onun əldə olunması üçün böyük zəhmət tələb olunacaqdır. Aşağıdakı mətləblərə diqqət yetirin: 1. Həyatda maddi-mə’nəvi olmasından asılı olmayaraq fayda və tə’siri olmayan elmlərə yiyələnməməli; Peyğəmbər (s) və Mə’sum imamların (ə) dualarından biri də bu olmuşdur: «İlahi! Heç bir xeyiri olmayan elmdən, təvazökarlığın nə olduğunu bilməyən qəlblərdən, qəbul olunmayan dualardan və azğın nəfsdən Sənə sığınıram». Əli (ə) buyurur: «Allah eşqindən kövrəlməyən qəlblərdə, ağlamayan gözlərdə və heç bir mənfəəti olmayan elmlərdə xeyir olmaz». «Xeyiri olmayan elmlər, şəfa verməyən dərmanlar kimidir». Demək, heç bir xeyiri olmayan elmlərə yiyələnmək üçün sərf olunan vaxt və iste’dad olduqca əbəs və əhəmiyyətsizdir. 2. Əldə olunan elm əməli olaraq həyata keçirilməlidir. Allah-taala Qur’ani-kərimdə deyilən sözlərə əməl etməməyi məzəmmət edərək buyurur: «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar».( Sяff 2-3.) Başqa bir yerdə yəhudi alimlərini onlara nazil olmuş səmavi kitaba (Tövrata) əməl etmədikləri üçün uzunqulağa oxşadaraq buyurur: «Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər [Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər] belində çoxlu kitab daşıyan [lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan] ulağa bənzərlər...» (Cцmя-5.) Peyğəmbər (s) və Mə’sum imamlardan (ə) nəql olunmuş hədislərdə dəfələrlə bu mətləbə toxunulmuş və elminə əməl etməyənləri nadan adlandırmaqla bərabər, onların cəhənnəm əzabı ilə də cəzalanacaqları buyurulmuşdur. Əli (s) Peyğəmbərdən (s) nəql edərək buyurur: «Alimlər iki dəstədən ibarətdir: Onlardan bir qismi bildiklərinə əməl edib uğur qazanar, digər qismi isə əməl etmədikləri üçün özlərini həlak edərlər. Cəhənnəm əhli elminə əməl etməyən alimlərin dözülməz üfunətli iyindən zara gələrlər. Cəhənnəm əhli arasında hamıdan daha çox o kəslər həsrət çəkər ki, başqalarını haqq yola hidayət edib özü isə nəfsinə uyaraq bildiklərinə əməl etməmişdir. Çünki insan öz nəfsani istəklərinə uyduqda həqiqətdən uzaq düşdüyü üçün arzuları çoxalır və axirəti unutmuş olur». Peyğəmbərdən (s) nəql olunmuş başqa bir hədisdə elminə əməl edən şəxslərin yalnız alimlər olduğu göstərilir: «Alim o kəsdir ki, bildiyi az olsa belə, ona əməl etmiş olsun». Əli (ə) buyurur: «Elm əməldən asılıdır». Başqa bir hədisdə buyurur: «Elminə əməl etməyən kəs həqiqi alim deyildir». Həzrət Isa Məsihdən (ə) nəql olunmuş rəvayətdə deyilir: «Əməl etmədiyiniz elmlərin sizlərə heç bir xeyri olmayacaq. Bildiklərinizdən bir çoxuna əməl etmədikdə artıracağınız şey yalnız cəhalət və nadanlığınız olacaqdır». İmam Sadiq (ə) buyurur: «Alimlər üçün ən böyük əzab onların öz elmlərindən bəhrələnməməsidir». Başqa bir hədisdə buyurur: «Yağış suyu qayalardan axıb töküldüyü kimi, elminə əməl etməyən alimlərin də verdikləri nəsihətlər qəlblərdə özünə yer tapmır». Əli (ə) xütbələrinin birində buyurur: «Ey camaat! Hidayət ümidi ilə bildiklərinizə əməl edin. Əməlsiz alimlər cəhalətdən yaxa qurtarmağa ümidi olmayan nadan kəslərdir. Cahil insanların və əməlsiz alimlərin ömrü hədərə getsə də, alimlərin daha çox peşmançılıq çəkəcəklərini görürəm. Özünüzdə şəkk-şübhəyə yol verməyin, belə etsəniz küfr etmiş olarsınız. Süstləşməyəsiniz deyə, nəfsinizə qarşı səhlənkar olmayın. Həqiqəti asan hesab etməyin. Belə etsəniz nəticədə özünüz zərər çəkənlərdən olacaqsınız. Həqiqət dedikdə alim olmağınız, elm və agahlıq dedikdə isə məğrur olmamağınız nəzərdə tutulur. Sizin aranızda özünə qarşı xeyirxahınız Allaha hamıdan daha çox itaət edənləriniz, özünə qarşı ən xain olanınız isə Allaha hamıdan daha çox itaətsizlik göstərənlərinizdir. Allaha itaət edən şəxslər səadət və xoşbəxtliyə nail olar. Ona qarşı itaətsizlik göstərənlər isə ümidsiz olub peşmançılıq çəkər». Müfəzzəl ibn Əmrdən nəql olunmuş başqa bir rəvayətdə deyilir: İmam Sadiqdən (ə) soruşdum: Cəhənnəm əzabından nicat tapanları hansı əlamət və nişanlərlə tanımaq olar? Buyurdu: «Dedikləri ilə əməlləri müvafiq olarsa, cəhənnəm odundan nicat tapacağına şəhadət ver, müvafiq olmazsa artıq onun haqda bir söz demək çətindir (Onlar əməllərinin islah olunmasına cəhd edərlər)». Peyğəmbər (s) və Mə’sum imamlardan (ə) nəql olunmuş bir çox hədis və rəvayətlərdə elmlə əməlin birgə olmasına xüsusi diqqət yetirilir. Belə ki, elm yalnız əməli olaraq həyata keçirildikdə öz səmərəsini verə bilər, əks təqdirdə onun heç bir dəyəri olmayacaqdır. Peyğəmbər (s) buyurur: «Əməli ucaldıb dəyərləndirən şey varsa, o da elmdir. Yerinə yetirildikdə qalır, yetirilmədikdə isə öz dəyərini itirir». Bir sözlə, elm ilə əməl bir-birini tamamlamalıdır. Əgər gördüyü işlər onun elmi ilə müvafiq olarsa, elm uzun müddət öz tə’sirini göstərər, müvafiq olmazsa tez bir zamanda öz əhəmiyyətini itirər. DƏRSİN XÜLASƏSİ İslam nöqteyi-nəzərindən əməlsiz elm heç bir əhəmiyyət kəsb etmir. Belə ki, həyatın bütün sahələrində əməl bütün elmlərin əsas və mənşəyini təşkil edir. Bunun üçün də müsəlmanlara xeyri olmayan elmlərə yiyələnməmək tövsiyə olunur. Bütün bunlarla yanaşı nəql olunmuş rəvayətlərdə elmsiz əməlin heç bir nəticə verməyəcəyi haqda da danışılmışdır. SUAL VƏ TAPŞIRIQLAR 1. Əli (ə) bir şeyə elmsiz əməl edən şəxsləri kimlərə bənzədir? 2. Peyğəmbər (s) elmsiz abidləri kimlərə bənzədir? 3. Elmsiz abidlər haqqında Əlinin (ə) fikri nədir? 4. Qur’ani-Kərim əməlsiz alimləri nəyə bənzədir? 5. Əməlsiz alimlərin cəhənnəm əzabına düçar olacaqlarına dəlalət edən hədislərdən birini əzbər söyləyin. 6. İmam Sadiq (ə) kimlərin cəhənnəm odundan nicat tapacağını hesab edir?

ELM Ə YİYƏLƏNDİKDƏ TƏKƏBBÜRLÜ OLMAMAQ

Müəllim və tələbə saf niyyətlə, Allah Rzası üçün elmin sirlərinə yiyələndikdə, onu əməli olaraq həyata keçirməklə yanaşı təkəbbür hissinin onlara nüfuz etməsinə yol verməməlidir. İnsan daim kamala çatmaq arzusunda olan bir varlıq olduğu üçün əldə etdiyi hər bir şeydən, o cümlədən elm və təhsildən xüsusi zövq alır və əldə etdiyindən mümkün qədər daha artığına nail olmaq istəyir. Lakin diqqət yetirmək lazımdır ki, bütün bunlar həqiqi kamala çatmaq üçün sözün əsl mə’nasında bir vasitədir. Həqiqi kamala çatmaq isə Allaha yaxınlaşmaq deməkdir. Bunun üçün də elm və təhsil, əxlaqi və mə’nəvi dəyərlərə yiyələnmək və Allah Rzası üçün olmalıdır. Lakin bu hiss bə’zən bizi böyük təhlükə ilə üzləşdirir. Yə’ni, kamala çatmaq hissi bizi o qədər özünə cəlb edir ki, üzərimizə düşən vəzifəni kənara qoyub tədriclə qarşımıza qoyduğumuz məqsəddən uzaqlaşırıq. İslam əxlaq elmində insanı Allahdan uzaqlaşdıran və Onun razılığını qazanmaq əvəzinə özünə cəlb edən şeylərə «hicab» (maneə) deyilir. Elm və bir çox elmi məşğuliyyətlər insanı özünə cəlb edərək bu müqəddəs hədəfə çatmağa daha çox maneçilik törədir. Bunun isə ən başlıca səbəbləri aşağıdakılardır:

1. Elm insanın qüdrət və bacarığını artırır və ona varlıq aləminə hakim olan həqiqətdən agah olmağa köməklik edərək onu öz ixtiyarına keçirməyə imkan verir;

2. Elm mə’nəvi təkamüldə hər bir şeydən tə’sirlidir. Bu səbəbdən də elmə yiyələnən şəxslər hətta ilk addımlarda elmin dərinliklərinə yol tapdıqlarını güman edərək özlərində qürur hissi keçirirlər. Bunun üçün də Peyğəmbər (s) elmi böyük hicab adlandırır:

«Elm böyük bir hicabdır».

Diqqət yetirilməsi zəruri olan digər məsələlərdən biri də bundan ibarətdir ki, bütün elmlərə yiyələnməkdə ən başlıca məqsəd insanın özünü, yaradılış aləmini, bir sözlə Allahı tanımaq olmalıdır. Yalnız bundan sonra insan öz nəfsini paklaşdırıb ilahi hədəfə nail ola bilər. Belə ki, elm və təhsildən məqsədimiz qürur və təkəbbür olarsa və yiyələndiyimiz elmlə Allahın qarşısında təvazökarlıq etməriksə, bu nəinki bizi kamal və səadətə çatdırmayacaq, əksinə, bütün insani dəyərlərdən məhrum edəcəkdir. Bunun üçün də elm sahəsində fəaliyyət göstərən şəxslər yiyələndikləri elmdən kamal və səadətə çatmaq üçün bir vasitə kimi istifadə etməlidirlər. Lakin bununla yanaşı mə’nəvi saflığa da diqqət yetirməli, elmlə mə’nəviyyat arasında sıx əlaqə yaratmalıdırlar.

T ƏVƏKKÜL

Elmin istər tə’lim və tədris, istər tədqiqat və araşdırma, istərsə də digər sahələrində fəaliyyət göstərən şəxslər özlərinə e’timad etməklə yanaşı, Allaha təvəkkül edib bunu özləri üçün şüar etməlidirlər. Çünki elmə yiyələnmək olduqca ağır və zəhmət tələb edən işlərdəndir və bu iş heç də asanlıqla əldə olunmur. Bunun üçün yüksək cəhd göstərməli və qarşıya çıxan maneələrə əzmlə sinə gərməlidir.

Demək, bütün işlərdə olduğu kimi, elmə yiyələnməkdə də Allaha təvəkkül etməli və yalnız Ondan kömək dilənməlidir. Çünki Allahdan böyük qüdrət sahibi yoxdur.

Digər tərəfdən də elm sahəsində fəaliyyət göstərən şəxslər əksər hallarda öz xərclərini kifayət qədər ödəyə bilmirlər. Odur ki, bə’zən ehtiyac hissi onlarda ümidsizliyə, bə’zən də başqalarına ehtiyac içində olduqlarını bildirmələrinə səbəb olur. Halbuki Peyğəmbərin (s) buyurduğu hədisə əsasən, Allah-taala elm aşiqlərinin ruzisini Özü tə’min etmişdir:

«Allah-taala elmi təhsil alan şəxslərin ruzisini başqalarından fərqli olaraq Öz öhdəsinə götürmüşdür».

Bunun üçün də təhsil alan şəxslər başqalarından daha çox Allaha təvəkkül etməli və Ondan ruzilərinin artırılmasını diləməlidirlər. Lakin bunu da bilmək lazımdır ki, elmi nailiyyətlər əldə etmək heç də asan deyildir və bu sönməz nuru Allah-taala yalnız Öz sevimli bəndələrinə bəxş edir. O, yalnız istədiyi şəxsi hidayət və elmin sirlərinə yiyələnməyə sövq edir. İmam Sadiq (ə) bu haqda buyurur:

«Elm öyrənməklə əldə olunmur. O, Allahın hidayət etdiyi şəxslərin qəlbində saçan bir nurdur».

Odur ki, elmin sirlərinə yiyələnmək üçün Allah-taaladan bizi hidayət etməsini diləməli və yalnız Ona təvəkkül etməliyik. Çünki O, verdiyi və’dəyə daim sadiq qalır.

T ƏQVA VƏ MƏ’NƏVİ SAFLIQ

Bir qədər əvvəl qeyd etdik ki, müəllim və tələbənin üzərinə düşən üçüncü müştərək vəzifələrdən biri də qürur hissinin onların qəlbinə yol tapmaması və Şeytani vəsvəsələrə uymamasıdır. Bunun üçün də təhsil alan şəxslər hamıdan daha çox mə’nəvi saflığa diqqət yetirməli və bu yolda qarşılarına çıxan maneələri dəf etməyi bacarmalıdırlar. Yalnız bu yolla elmin sirlərinə yiyələnib Allaha yaxınlaşmaq olar. Elm və təhsilin digər şərtlərindən biri də təqvadır. Bəqərə surəsinin 2-ci ayəsində Allah-taala bəşəriyyətin hidayət olunmasında təqvanın əsas şərt olduğunu bildirir:

«Bu, [Allah t ə r ə find ə n nazil edilm ə sin ə , haqdan g ə lm ə sin ə ] he ç bir şə kk- şü bh ə olmayan v ə m ü tt ə qil ə r ə [Allahdan qorxanlara, pis ə m ə ll ə rd ə n çə kin ə nl ə r ə ] do ğ ru yol g ö st ə r ə n Kitabd ı r».

Odur ki, Qur’anın səadətə qovuşduran hidayət nurundan yalnız təqva sahibləri bəhrələnə bilər.

Həmin surənin 282-ci ayəsində insanlara təqvanı hər şeydən üstün tutmaqla agahlığa nail olacaqlarını və’də verir:

«Təqvalı və pərhizkar olun ki, Allah-taala da sizə bilmədiklərinizi öyrətsin...»

Ənfal surəsinin 29-cu ayəsində isə buyurur:

«Ey iman gətirən şəxslər, əgər təqvalı olsanız, Allah-taala sizlərə «fürqan» [haqla batili ayırd etmək iste’dadı] verər.»

Fürqan bəsirətin elə bir agahlıq həddidir ki, insan bu iste’dada yiyələndikdə haqla batili ayırmaqda heç bir çətinliklərlə qarşılaşmır. İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə deyildiyi kimi elm, Allahın hidayət etdiyi şəxslərin qəlblərində saçdığı bir nurdur. Həqiqi elm Allahdan istənilməli və buna nail olmaq üçün təqvanı hər şeydən üstün tutmaq lazımdır. İnsan öz qəlb və ruhunu o qədər saflaşdırmalıdır ki, bu ilahi nur onun qəlbində saçmağa başlasın.

Bütün bunlarla yanaşı alimlərin rəftar və davranışları da daim diqqət mərkəzində olur. Çünki hamı onlara nümunə gözü ilə baxır və özlərinə bir növ örnək hesab edir. Dahilərdən biri demişdir: «Camaat mə’nəvi dəyərlər baxımından alimlərdən bir dərəcə aşağıda yerləşir. Əgər alimlər təqvalı və pərhizkar olarlarsa, camaat öyünməyi özünə rəva bilməz. Əgər alimlər halala üz tutarlarsa, camaat səhvə yol verməz, alimlər səhvə yol verdikdə isə camaat harama üz tutar və nəhayət camaat alimlərin harama yol verdiklərini gördükdə küfr edər».

G ÖZƏL ƏXLAQ

Alimlər insanların hidayət olunmasını öz üzərlərinə götürdükləri üçün öz rəftar və davranışları ilə onlara örnək və nümunə olmalıdırlar ki, rəhbərlik etdikləri kütləni özlərinə cəlb edə bilsinlər. Bunun üçün isə ən başlıca şərt təvazökarlıq, səmimiyyət kimi gözəl xüsusiyyətlərə yiyələnmələridir. İmam Sadiq (ə) bu haqda buyurur:

«Elm öyrənin və onu daha da zinətləndirməyə çalışın. Elm öyrəndiyiniz və ya tədris etdiyiniz şəxslərə qarşı təvazökar olun. Məğrur və təkəbbürlü alimlər kimi olmayın, əks təqdirdə batil əməlləriniz haqq kəlmənizi məhv etmiş olar».

Ali-Imran surəsinin 159-cu ayəsində buyurulur:

«[Ya M ə h ə mm ə d!] Allah ı n m ə rh ə m ə ti s ə b ə bin ə s ə n onlarla yum ş aq r ə ftar etdin. Ə g ə r qaba, s ə rt ü r ə kli olsayd ı n, ə lb ə tt ə onlar s ə nin ə traf ı ndan da ğı l ı b ged ə rdil ə r...»

İ FFƏT VƏ MƏTİNLİK

Rəhbərliyi öz üzərinə götürmüş alimlər tə’minatlarının ödənilməsində özlərini başqalarından ehtiyacsız hiss etməlidirlər. Onlar ünsiyyətdə olduğu şəxslərlə elə rəftar etməlidirlər ki, maddi rifahlarının aşağı səviyyədə olduğunu hiss etməsinlər. Əks təqdirdə camaat onlara həqarət və ürək yanğısı hissi ilə nəzər salacaq və onları özündən asılı hesab edəcəkdir. Eyni zamanda alimlər də özlərini borclu hesab edərək camaatın istək və iradəsinə doğru meyl edəcəklər. Allah-taala onların ruzilərinin tə’min olunmasını Öz üzərinə götürdüyü bir halda asılılıq hissi onları camaatın istək və iradəsinə müvafiq olaraq hər hansı bir fikir irəli sürüb ona əməl etməyə vadar edəcəkdir. Maddi rifahın tə’min olunması üçün alimlərin camaatın yardımına göz dikməsi olduqca mənfi xüsusiyyətdir. Bundan da acınacaqlısı var-dövlət əldə etmək məqsədilə onların hakim təbəqəyə üz tutmalarıdır. Onlar öz məqsədlərinə çatıb-çatmamalarından asılı olmayaraq dünya və axirətdə ziyana uğramış olurlar. Nəticədə həm camaat onlardan üz çevirmiş olur, həm də bir alim kimi üzərlərinə düşən ilahi vəzifənin öhdəsindən gələ bilməyib axirət dünyasının əzabına düçar olurlar.

Qeyd etmək lazımdır ki, alimlərin var-dövlət məqsədilə hakim təbəqəyə meyl etməsi onların şəxsiyyətinə xələl gətirsə də müsəlmanların hüquqlarının qorunması üçün onların belə bir işi qəbul etməsi nəinki haram deyil, əksinə, zəruri məsələlərdən biridir.

Tarixə nəzər saldıqda bu həqiqətin şahidi oluruq ki, Əli ibn Yəqtin, Məhəmməd ibn Ismayıl ibn Bəzi və Nuh ibn Dərrac və başqaları zalım xilafətdə mühüm vəzifə sahibi olmuş və bu yolla bir çox zülm və haqsızlıqların qarşısını ala bilmişlər. Hərçənd, belə olduqda da məqam və var-dövlət istəyi insanı zalım hakimlərə meyl etməyə sövq edə bilər.

ŞƏ R’İ MƏSƏLƏLƏRƏ RİAYƏT ETMƏK

Müəllim və tələbələr şər’i hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Vaxtlı-vaxtında camaat namazında iştirak etməli, gündəlik vacib namazları tə’xirə salmadan qılmalı, müsəlman bacı və qardaşlarla səmimi münasibətdə olmalı, başqalarının hüququna riayət etməli, yoxsul və imkansızlara maddi yardım göstərməli, xəstələrin görüşünə getməli, öz din qardaşlarına qarşı təvazökar olmalı və s.

Bütün bunlarla yanaşı təmizliyə xüsusi diqqət yetirməli və mö’minlərə xas olan xüsusiyyəti daim yaşatmağa çalışmalıdırlar. Təhsil alan şəxslər geyimlərinin təmizliyinə, cəmiyyət arasında rəğbətlə qarşılanan geyim tərzinə də xüsusi diqqət yetirməli və onlara xas olmayan geyimlərdən imkan daxilində çəkinməyə çalışmalıdırlar.

Bir sözlə, elm sahiblərinin geyim və davranışları elə bir tərzdə olmalıdır ki, hamı tərəfindən rəğbətlə qarşılanıb islam adət-ən’ənələrini özündə təcəlli etdirmiş olsun. Yalnız belə bir şəraitdə onlar özlərinə sadiq davamçı qazana bilərlər.

DƏRSİN XÜLASƏSİ

İnsana ləzzət bəxş edən elm kimi bütün xeyirli və kamala çatdıran işlər bə’zən hədəfə çatmağa, yə’ni Allaha yaxınlaşmağa mane olur. Bunun üçün də təhsil alan şəxslər bu məsələyə xüsusi diqqət yetirməlidirlər.

Elm və təhsil olduqca çətin və məşəqqətli bir iş olduğu üçün elm aşiqləri bu yolda yalnız Allaha təvəkkül etməlidirlər. Elm ilahi nur olduğu üçün buna təqva ilə nail olmaq lazımdır.

Alimlər cəmiyyətin islah və hidayət olunmasıını öz öhdələrinə götürdükləri üçün onlarla ən gözəl tərzdə davranmaq lazımdır.

Allaha təvəkkül və niyyət saflığı elm sahiblərindən mətanətli olmağı və camaatdan asılı olmamağı tələb edir.

Alimlər dediklərini əməli olaraq həyata keçirərək şər’i hökmlərə lazımınca riayət etməlidirlər.

SUAL VƏ TAPŞIRIQLAR

1. Peyğəmbər (s) elmi nə üçün «böyük hicab» adlandırır?

2. Təhsil alan şəxslər nə üçün başqalarından daha çox Allaha təvəkkül etməlidirlər?

3. Təqva nə üçün elmə yiyələnməyin əsas şərtlərindən biri hesab olunur?

4. Qur’an insanların Peyğəmbərə (s) tərəf meyl etməsində hansı amili səbəb kimi göstərir?

5. Müəllimlə tələbələr arasındakı müştərək vəzifələri ixtisarla izah edin.

Müəllimlə (tələbənin) müştərək vəzifələri ilə tanış olduqdan sonra bu və növbəti dərslərimizdə onların üzərinə düşən vəzifələr haqda da ayrı-ayrılıqda söhbət açacağıq.

İslam dünyasının tanınmış müəllim və alimlərindən biri olan Şəhid Sani müəllimlə şagirdin üzərinə düşən vəzifələri üç hissəyə bölmüşdür:

1. Müəllimin özünə aid olan vəzifələr;

2. Müəllimin şagirdlərə qarşı olan vəzifəsi;

3. Müəllimin sinifdə üzərinə düşən vəzifələr.

M ÜƏLLİMİN ÖZÜNƏ AİD OLAN VƏZİFƏLƏR

1. Elm sahəsində addımlayan hər bir şəxs tədris etməzdən əvvəl özünün belə bir məs’uliyyətli işə hazır olub-olmadığına xüsusi diqqət yetirməli, təhsilini başa vurduqdan sonra müəllimlərinin qarşısında sınaq imtahanı verməli və yalnız onların icazəsini aldıqdan sonra tədris etməyə başlamalıdır. Əks təqdirdə üzərinə düşən məs’uliyyətin öhdəsindən gələ bilməyərək özünü gülünc vəziyyətə salmış olar. Peyğəmbər (s) onları əyinlərinə böyük paltar geymiş şəxslərə bənzədir:

«Qisməti olmaya-olmaya, zorla özünü doymağa və ya ehtiyacını ödəməyə çalışan şəxslər, əyinlərinə böyük paltar geymiş şəxslərə bənzəyər».

2. Müəllim yiyələndiyi elmi ona qiymət verməyi bacaran və eyni zamanda elmə yiyələnməyə iste’dad və marağı olan şəxslərə öyrətməlidir. Əks təqdirdə elm öz e’tibarını itirib dəyərsizləşəcəkdir.

Keçmiş dövrün alimləri tədris üçün tələbələrin evinə getməyi elmə qarşı hörmətsizlik sayardılar. Buradə diqqəti cəlb edən məsələlərdən biri də elm aşiqlərinin elm və təhsil yolunda öz doğma yurd-yuvalarını tərk edib uzaq ölkələrə mühacirət etməsidir. Bir çox çətinliklərə sinə gərən elm aşiqləri illər boyu qürbət ellərdə yaşayıb elmin açılmayan sirlərinə yol tapmağa cəhd etmişlər. Bu da bir daha elm və alimlərin tutduğu yüksək mövqeyə dəlalət edir.

3. Müəllimlə tələbənin müştərək vəzifələri haqda söhbət açdıqda qeyd etdik ki, istər müəllim, istərsə də tələbə elmə Allaha xatir və saf niyyətlə yiyələnməli və ya tədris etməlidir. Lakin bunu da bilməliyik ki, müəllim öz elminə əməl etməkdə tələbədən daha diqqətli olmalıdır. Bu işdə səhlənkarlığa yol verdikdə o, öz müəllimlik vəzifəsini layiqincə yerinə yetirməmiş olur. Belə bir şəraitdə tələbələrdə müəllimə qarşı e’tinasızlıq yaranacaq və onun tədris etdiyi elm heç bir nəticə verməyəcəkdir. Tələbələrdə belə bir fikir yaranır ki, əgər onun dedikləri haqdırsa, nə üçün özü bu məsələyə diqqət yetirmir. Bəqərə surəsinin 44-cü ayəsində bu haqda deyilir:

«Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüz unudursunuz?....»

İmam Cə’fər Sadiq (ə) - «Allahdan Öz bəndələri içərisində ancaq aliml ər qorxar» - ayəsinin izahında buyurur: «Alim o kəsdir ki, öz əməli ilə dediklərini təsdiq etmiş olsun. Allahdan qorxan da məhz o kəslərdir».

Başqa bir yerdə buyurur: «Əməlsiz alimləri və cahil insanları görməyə taqətim yoxdur. Əməlsiz alimləri öz elmlərinə e’tinasız olub insanları elmdən uzaqlaşdırdıqları, cahil və nadanları isə nadanlıqları üzündən insanları din və ibadətdən ayrı saldıqları üçün».

Müəllimlər öz tələbələrinə bə’zi göstərişlər verdikləri zaman ilk növbədə özləri buna əməl etməlidirlər. Məsələn, müəllim öz tələbələrinə camaat namazlarında, müsəlmanların dəfn mərasimlərində və təşkil etdikləri məclislərdə iştirak etmək və ya xəstələrə baş çəkməyi tövsiyə edirsə, özü də bütün bunları tə’xirə salmadan həyata keçirməlidir. Həmçinin onlara bə’zi qadağalar qoyduqları zaman özləri də həmin qadağalara tabe olaraq, ömürlərini eyş-işrət içində keçirməməlidirlər. Lakin bir çox hallarda müəllim üzürlü səbəblərə görə üzərinə düşən [şər’i] vəzifəni lazımınca yerinə yetirə bilmir. Belə olduqda o, bunu başqalarına, xüsusilə tədris etdiyi şəxslərin qarşısında büruzə verməməlidir. Çünki bu kimi hallarda şeytani vəsvəsələr müsəlmanların bir-birinə qarşı şəkk-şübhə ilə yanaşmalarına səbəb olur. Məsələn, Ramazan ayında orucluğun müqəddəsliyinin qorunub saxlanılması üçün bir şəxsin ümumi kütlə qarşısında yeyib-içməsi və bu müqəddəs ayda yasaq olan hər hansı bir işi görməsi haram hesab olunur. Bunun üçün də üzürlü hesab olunsa da, bu kimi hallarda bəhanə gətirərək ümumi kütlə qarşısında özünün oruc tutmadığını büruzə verməməlidir. Çünki belə olduqda zəif və iradəsiz şəxslər şeytani vəsvəsəyə uyaraq bu ayın müqəddəsliyinə e’tinasızlıqla yanaşar və çox asanlıqla öz oruclarını poza bilərlər. Müəllim, tərbiyəçi və başqalarına nümunə olan bu kimi şəxslər bu məsələyə başqalarından daha çox diqqət yetirməli və daha ciddi yanaşmalıdırlar. Bunun üçün də müəllimlər üzürlü olsalar belə, öz tələbələrinin qarşısında mövqe və şəxsiyyətlərinə xələl gətirən şeylərdən uzaq olmağa çalışmalıdırlar.

Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) zövcələrinin biri ilə evə qayıdarkən yolda səhabələrdən biri ilə qarşılaşır. Səhabənin yanlış fikrə düşməsinin qarşısını almaq məqsədilə buyurur: «Bu mənim [adını çəkərək] zövcəmdir».

4. Müəllim nümunə olaraq öz tələbələrindən və başqalarından daha gözəl əxlaqi xüsusiyyətlərə yiyələnməlidir. Sözsüz ki, müəllimin rəftar və davranışı dediklərindən daha çox tə’sir göstərir. Bunun üçün də səmimiyyət, təvazökarlıq, əxlaq və bu kimi müsbət xüsusiyyətlər müəllimlərdə elə bir həddə olmalıdır ki, başqaları onların bu gözəl xüsusiyyətlərinə qibtə edərək özlərinə örnək və nümunə hesab etmiş olsunlar. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün İsa (ə) öz həvarilərinə deyir: «Sizlərdən bir xahişim var və çox istərdim ki, onu yerinə yetirəsiniz». Həvarilər dedilər: Hər nə istəsəniz, yerinə yetirməyə hazırıq. Isa (ə) ayağa qalxıb bir-bir onların ayaqlarını yumağa başlayır. Həvarilər xəcalətli halda İsa (ə)-ı bu işdən çəkindirmək istəyirlər. Lakin söz verdikləri üçün xəcalət çəksələr də buna dözməli olurlar. İsa (ə) onların ayaqlarını yuyub qurtardıqdan sonra deyirlər: Bu işi biz görsəydik, daha yaxşı olardı. Isa (ə) üzünü onlara tutub buyurur: «Xidmət etmək üçün alimlər insanların ən yaxşsıdır. Sizin qarşınızda təvazökarlıq etdim ki, siz də məndən sonra camaatla təvazökarlıqla davranasınız. Toxum qayalıqda yox, torpaqda bitdiyi kimi, evlər də təkəbbürlüklə deyil, təvazökarlıqla abad olur».

5. Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər. Çünki bə’zi mənfi ünsürlər yiyələndikləri elmdən sui-istifadə edərək öz mövqelərini daha da gücləndirməyə çalışarlar.

Bə’zən də elmə yiyələnmək istəyən şəxslərin məqsədi heç də cəmiyyətdə fitnə-fəsad törətmək, pozğunluğa yol vermək deyil, sadəcə olaraq mümkün qədər çox var-dövlət əldə etmək olur. Bir çox tanınmış islam alimləri bu fikirdə olmuşlar ki, müəllimlər gərək bu kimi şəxsləri öz elm və təcrübələrindən məhrum etməsinlər. Belə ki, bir çox hallarda qeyri-ilahi niyyətlə elm və təhsil alan şəxslər təhsil zamanı öz səhvlərini başa düşmüş və düzgün nəticə çıxararaq islah olunmuşlar. Qeyd etmək lazımdır ki, alimlərin bir çoxu tələbələrinin elmə qədəm qoyduqları ilk gündən mə’nəvi saflığa xususi diqqət yetirmiş və onlara bu işdə dəyərli məsləhətlər vermişlər. Mə’nəvi cəhətdən saflaşıb əxlaqi dəyərlərə yiyələndikdən sonra elmin qapılarını onların üzünə açardılar. Bütün bunlar tələbələrin əvvəldən düz yola qədəm qoymalarına, təhsillərini saf ilahi niyyətlə davam etdirmələrinə və nəhayət, elmə böyük əhəmiyyət vermələrinə səbəb olur. Bunun üçün də müəllimlər tədris etdikləri şəxslərin kimliyinə diqqət yetirməli və bə’zilərinin elmdən sui-istifadə edərək cəmiyyətdə fitnə-fəsad törətmələrinə yol verməməlidirlər.

6. Alimlər öz elm və bacarıqlarını elmi qiymətləndirməyi bacaran şəxslərin ixtiyarına qoymalı və bu işdə heç nəyi onlardan əsirgəməməlidirlər. Allah-taala, Qur’ani-kərimdə bir neçə yerdə alimlərdən bildiklərini başqalarından gizlətməyəcəklərinə dair əhd-peyman alır.

Ali-Imran surəsinin 187-ci ayəsində buyurulur:

«Allah kitab əhlindən: Siz onu [kitabda olanları] gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!-deyə əhd aldığınız zaman......».)

Başqa bir ayədə buyurulur:

«Kitabda [T ö vratda] insanlara a ş kar etdiyimiz d ə lill ə rd ə n sonra g ö nd ə rdiyimiz ni ş an ə l ə ri v ə do ğ ru yol g ö st ə r ə n ay ə l ə rimizi gizl ə d ə n şə xsl ə r Allah ı n l ə ’n ə tin ə d üç ar olar v ə b ü t ü n l ə ’n ə t ed ə bil ə nl ə r d ə onlara l ə ’n ə t oxuyar!»( Bяqяrя-159.)

İmam Məhəmməd Baqir (ə) bu haqda buyurur: «Elmin zəkatı onun Allah bəndələrinə öyrədilməsidir».

İmam Sadiq (ə) buyurur:

«Əli (ə)-ın kitabında deyilirdi: Allah-taala alimlərin nadanları öz elmlərilə bəhrələndirmədən, onlardan [nadanlardan] elmə yiyələnmələri üçün əhd-peyman almır. Çünki elm cəhalət və nadanlıqdan əvvəl yaranmışdır».

7. Alimlərin üzərinə düşən digər vəzifələrdən biri də həqiqəti gizlətməmələridir. Camaat - «biz bu həqiqəti bilmədik və bizi bundan agah edən şəxs də olmadı» - deməsin deyə, müəllim və alimlər həqiqəti olduğu kimi onlara çatdırmalı və üzərlərinə düşən vəzifəsini layiqincə yerinə yetirməlidirlər.

İslam dininin vacib etdiyi «Xeyirli işlərə də’vət, pisliklərdən çəkindirmək» (əmr be mə’ruf və nəhy əz-munkər) kimi mühüm vəzifələrdən biri də məhz alimlərin üzərinə düşür. Hər bir mö’min şəxs ixtiyarında olan elmi mə’lumatlarla bu məsələyə xüsusi diqqət yetirməli və bununla bid’ətçilərin nüfuzunun qarşısını almalıdır.

Peyğəmbər (s) buyurur: «Ümmətimin arasında bid’ət baş alıb getdikdə alimlər öz elmlərini aşkara çıxarıb həqiqəti kimsədən gizlətməməlidirlər. Belə etməyənlər Allahın lə’nətinə gələrlər».

Elm və tədris alimlərin işi olduğu üçün yaranmış bid’ətlərin qarşısını almaq da məhz onların üzərinə düşür.

Onlar haqq-ədalətin qorunub saxlanılmasında kimsəyə güzəştə getməməli, həqiqətin aşkara çıxarılmasında heç nədən çəkinməməlidirlər.

DƏRSİN XÜLASƏSİ

Tədris üçün səlahiyyətə malik olmaq, sözlə əməlin müvafiq olması, gözəl əxlaq, həqiqi elm adamalarını tanımaq, elmin yayılmasında və həqiqətin aşkara çıxarılmasında səxavət və şücaətli olmaq alimlərin digər xüsusiyyətlərindən hesab olunur.

SUAL VƏ TAPŞIRIQLAR

1. Müəllim tədrisdən əvvəl nə kimi hazırlıqlar görməlidir?

2. Müəllim bütün elmi məsələləri hər bir tələbəyə açıqlamalıdırmı?

3. İmam Sadiq (ə) alimin hansı xüsusiyyətlərə malik olmasını vacib bilir?

4. Keçmiş alimlər tədris etməyə başlamazdan əvvəl əxlaqi məsələlərə [mə’nəvi saflığa] diqqət yetirmişlər?