Müqəddəs islam dininin diqqət yetirdiyi məsələlərdən biri də təmizliyə riayət etməkdir. Paltarın, bədənin təmizliyi, artıq tüklərin bədəndən təmizlənməsi, vaxtı-vaxtında dişlərin yuyulması, ətraf mühitin təmizliyi, baş və üz tüklərinin qısaldılması və s... islamın diqqət mərkəzində olan məsələlərdəndir. Hər bir müsəlman bə’zi dini vəzifələrini təmizliyə riayət etməklə, həm də başqalarının onun natəmizliyindən narahat olmalarına yol verməməlidir. İslam dinində təmizliyə verilən diqqət Peyğəmbərdən (s) nəql olunmuş hədisdə də öz əksini tapmışdır: «Həqiqətən, Allah-taala pakdır və pakları sevir.»
«Təmizlik imanın bir hissəsidir».
«Qiyamət günü insandan soruşulacaq ilk şey onun təmizliyidir [təmizliyə riayət etməsidir]».
«Bacardığınız qədər təmiz və səliqəli olun. Çünki Allah-taala islam dinini paklıq və təmizlik üzərində qurmuşdur və pak insanlardan savayı Cənnətə kimsə daxil olmayacaqdır».
«İslam pakdır. Elə isə siz də təmiz və səliqəli olun. Çünki pak insanlardan başqa Cənnətə kimsə daxil olmayacaqdır».
«Həqiqətən Allah pak ibadət edənləri sevəndir».
«Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri də onların pak və səliqəli olmalarıdır».
Hər bir müsəlmanın üzərinə düşən bə’zi vəzifələr [fiqh kitablarında ətraflı izah olunmuşdur] onun dəstəmaz, qüsl, təyəmmüm kimi paklığından asılıdır. İbadətlərinin doğru və düzgün olması üçün hər bir müsəlmanın bunlara riayət etməsi lazım və zəruridir. Lakin üzərinə düşən vəzifələrin başqa bir qismi sünnə halını daşıyır və biz bu və növbəti dərslərimizdə bu haqda ətraflı söhbət açacağıq.
Hər bir məsələyə aid Peyğəmbər (s) və mə’sum imamlardan (ə) hədis və rəvayətlər nəql olunmuş və bu ilahi hökmün həqiqi fəlsəfi mahiyyəti açıqlanmışdır.
1. B ə d ə nin t ə mizliyi:
Peyğəmbər (s) buyurur: «Allahın sizləri pak etməsi üçün bədənlərinizi təmiz saxlayın! Səhəri paklıqla açan elə bir kəs yoxdur ki, mələklərdən biri onu müşayiət etməsin. Hər an mələk ona dua edərək deyər: İlahi! Bu bəndənin günahlarını əfv et, çünki o, səhəri paklıqla açmışdır».
Əli (ə) buyurur: «Başqalarının narahatçılığına səbəb olan xoşagəlməz iyləri yuyunaraq özünüzdən dəf edin. Çünki Allah-taala, təmizliyə riayət etmədiyi üçün başqalarının narahatçılığına səbəb olan şəxslərə nifrət edər».
Peyğəmbər (s) buyurur: «İnsanların ən pisi natəmiz olanıdır».
«Çirkin və natəmiz şəxslər həlak olarlar.»
2. Hamam ı n g ö st ə ri ş l ə ri:
Əli (ə) buyurur: «Cəhənnəm odunu insana xatırlatdığı və çirki bədəndən apardığı üçün hamam ən yaxşı məkandır».
Bu haqda nəql olunmuş rəvayətlərin məzmunu ilə tanış olduqdan sonra belə bir qənaətə gəlmək olur ki, cismi sağlamlığın qeydinə qalan hər bir şəxs iki gündən bir və ya heç olmasa həftənin son günlərində bir dəfə də olsun hamama getməlidir.
İmam Sadiq (ə) buyurur: «İlahi! Aludəçilik və natəmizliyi məndən uzaq, bədən və qəlbimi pak et».
Isti suyu bədəninizə tökdüyünüz zaman deyin: «Cəhənnəm odundan Allaha pənah aparır və Ondan əbədi Cənnət diləyirəm».
Qüsl alıb qurtardıqdan sonra paltarınızı geyindiyiniz zaman deyin: «İlahi! Təqva libasını mənə nəsib et və haqq yolundan uzaq düşüb həlak olmaqdan Özün qoru!».
Hamama tamamilə lüt daxil olmamalı, övrəti örtərək fitə və ya paltardan istifadə olunmalıdır.
Peyğəmbər (s) bu haqda buyurur:
«Fitə bağlamadan hamama daxil olmayın».
İmam Sadiq (ə) buyurur:
«Kişilər öz uşaqlarını hamama aparmamalıdırlar. Məbada onlar öz valideynlərinin övrətinə nəzər salsınlar».
«Hamama fitə ilə daxil olan şəxsləri Allah-taala öz örtüyü ilə tutar».
Fitədən istifadə etmək təkcə hamama xas deyil. Belə ki, hər bir şəxs başqalarının onu görə biləcəyini ehtimal verdikdə çay, göl, dəniz və s. yerlərdə çimdiyi zaman hökmən övrətini başqalarından qorumağa çalışmalıdır».
Peyğəmbər (s) buyurur: «Allah-taala mənim ümmətimin çaylarda fitəsiz qüsl almasını sevmir».
Hamam, çimərlik kimi yerlərdə kimsə başqasının övrətinə nəzər salmamalıdır.
İmam Sadiq (ə) bu haqda buyurur: «Hamamda qüsl alan müsəlman qardaşının övrətinə baxmayan şəsxləri qiyamət günü Cəhənnəm odunun şiddətli əzabından hifz edər».
İnsan tamamilə lüt olduqda, hamamda Qur’an oxumamalıdır. Məhəmməd ibn Müslim bu haqda - imam Məhəmməd Baqir (ə)-dan həqiqətən Əli (ə) hamamda Qur’an oxumağı yasaq etməsi haqda soruşduqda buyurur: «Xeyr! İnsan yalnız tamamilə lüt olduqda Qur’an oxumamalıdır. Geyinmiş olduğu halda isə bunun heç bir nöqsanı yoxdur».
Həmçinin bədəndə olan artıq tüklərin təmizlənməsi və ya azaldılması, bədən təmizliyinin ən ümdə hissəsini təşkil edir.
Bu isə hər on beş gündən bir və ya heç olmasa üç həftədən bir yerinə yetirilməlidir.
3. Paltar ı n s ə liq ə v ə t ə mizliyi:
İslam dini paltarın rəng və malına diqqət yetirməzdən əvvəl onun təmiz və səliqə-səhmanına əhəmiyyət verir. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Peyğəmbər (s) natəmiz paltar geymiş şəxslə qarşılaşıb təəccüblə buyurur: «Məgər o, paltarını yumağa su tapmırmı?».
«Geyinməyə paltar seçdiyiniz zaman onu təmiz saxlamağa çalışın».
Başqa bir rəvayətdə Aişəyə xitab edərək buyurur: «Ey Aişə! Qalx və bu iki paltarı yu! Məgər bilmirsənmi ki, paltarlar da Allaha təsbih edir?! Çirkli olduqda isə onların təsbih etmələri kəsilir».
Əli (ə) buyurur: «Təmiz paltar qəm-qüssəni insandan uzaqlaşdırır».
İmam Sadiq (ə) buyurur: «Təmiz paltar düşməni xar və rüsvay edər».
Əli (ə) Muzzəmmil surəsinin 4-cü ayəsinin izahında buyurur:«Yə’ni, paltarlarınızı yerlə sürünməsin deyə, bir qədər q ısaldı n».
İmam Cə’fər Sadiq (ə) ayənin izahında buyurur: «Yə’ni, paltarınızı bir qədər yuxarı tutun ki, yerlə sürünməsin». Bir sözlə, paltar yerlə sürünüb tez bir zamanda bulaşmasın deyə, bir qədər qısa olması gərəkdir.
Peyğəmbər (s) və mə’sum imamlar (ə) daha çox ağ rəngli paltarlara üstünlük verərdilər. Onlar əksər hallarda ağ rəngli paltar geyinər və öz tərəfdarlarına da bunu tövsiyə edərdilər. Çünki paltarın natəmizliyi tünd rəngli paltarlarda özünü gec büruzə verir və belə bir halda paltarları vaxtaşırı yumaq lazım gəlir. Ağ rəngli paltarlarda isə natəmizlik özünü dərhal büruzə verir və nəticədə paltarın bulaşıq qalmasına yol verilmir. Peyğəmbər (s) bu haqda buyurur: «Ağ paltar geyinin, çünki o daha gözəl və daha pakdır. Öz ölülərinizi də ağ rəngli parçalarla kəfənləyin.»
«Ən gözəl və səliqəli olan ağ paltarlarınızı geyinin, ölülərinizi də ağ parçalarla kəfənləyin.»
«Məscid və qəbirlərinizdə Allahla görüşdüyünüz ən gözəl hallar, ağ paltar geyindiyiniz anlardır».
«Allahın sevdiyi ən gözəl paltarlarınız ağ rəngli paltarlarınızdır. Elə isə ağ rəngli paltarlarla namaz qılıb, ölülərinizi də onunla dəfn edin».
Bu məzmunda nəql olunmuş rəvayətlərdə kətan və panbıq parçalardan hazırlanmış paltarlar geyinmək tövsiyə olunmuşdur. Kişilərin ipək parçadan hazırlanmış paltarlar geyinməsinin isə haram olduğu göstərilir. Əli (ə) bu haqda buyurur: «Panbıq paltarlar geyinin, çünki bu, Peyğəmbər (s) və biz Əhli-beytin geyimidir».
İmam Sadiq (ə) buyurur:
«Peyğəmbərlər kətan paltarlar geyinmişlər, bu, insanın daha sağlam olub yaxşılaşmasına səbəb olur».
Peyğəmbər (s) buyurur: «Ümmətimin kişilərinə ipək paltarlar geyinib qızıl, zinət əşyalarından istifadə etmək haram, qadınlara isə halal olundu».
Həmçinin nəql olunmuş rəvayətlərdə fəxr və təkəbbürlük məqsədilə bahalı və diqqəti cəlb edən paltarlar geyinmək qətiyyətlə yasaq olunur.
Peyğəmbər (s) buyurur: «Allah, yaraşıqlı paltarlar geyinib camaatın diqqətini özünə cəlb edən şəxslərə, onu əynindən çıxardanadək nəzər salmaz».
«Allah şan-şöhrət məqsədilə paltar geyinən şəxslərdən qiyamət günü üz çevirər».
DƏRSİN XÜLASƏSİ
İslam nöqteyi-nəzərindən pak və səliqəli olmaq dinin yarısını təşkil edir. Bu müqəddəs ilahi din öz davamçılarına paklıq və təmizliyə riayət etmələrini tövsiyə edir. Vaxtı-vaxtında yuyunmaq və bədənin təmizliyinə diqqət yetirmək hər bir müsəlmanın üzərinə düşən ən ümdə vəzifələrdəndir.
SUAL VƏ TAPŞIRIQLAR
1. Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən istifadə edərək islam dininin paklıq və təmizliyə olan baxışını izah edin.
2. Əli (ə)-dan nəql olunmuş rəvayətə əsasən Allah-taala kimlərə nifrət edir?
3. Hamama aid olan qayda-qanunları ixtisarla izah edin.
4. Peyğəmbər (s) nə üçün ağ paltar geyinməyi tövsiyə edir?
5. İslam hansı paltarların geyinməsini yasaq edir?
D İŞLƏRİN YUYULMASI
Peyğəmbər (s) buyurur:
«Cəbrail (ə) dişlərin yuyulmasını mənə o qədər tə’kidlə tövsiyə edərdi ki, güman edərdim bu, dinin vacib olan hökmlərindəndir».
İmam Sadiq (ə) buyurur: «Dişləri yumaq peyğəmbərlərin gözəl adət-ən’ənələrindəndir».
Peyğəmbər (s) buyurur: «Əgər mənim ümmətimə çətin olmasaydı, namaz üçün dəstəmaz aldıqları zaman dişlərini yumağı onlara vacib edərdim».
Başqa bir hədisdə buyurur: «Diş yuyulduqdan sonra qılınan namaz, dişlər yuyulmadıqdan sonra qılınan yetmiş beş namazdan daha fəzilətlidir».
Peyğəmbər (s) Əli (ə)-a etdiyi tövsiylərinin birində buyurur: «Namazdan əvvəl hər dəfə dəstəmaz aldığın zaman dişlərini yu».
Başqa bir yerdə buyurur:
«Dişləri yumaq dəstəmazın bir hissəsi, dəstəmaz isə imanın bir hissəsi deməkdir».
«Ağızlarınızla Qur’an qiraət etdiyiniz üçün vaxtaşırı dişlərinizi yuyun».
«Ağızlarınızı təmiz saxlayın, çünki onunla Qur’an qiraət edirsiniz».
Səhabələrə xitab edərək buyurur: «Qur’anın yolunu təmiz saxlayın». Səhabələrdən biri Qur’anın yolu hansıdır?-soruşduqda buyurur: «Ağızlarınız». Daha sonra nə ilə təmizlənməsini soruşduqda buyurur: «Diş fırçaları ilə».
Başqa bir hədisdə buyurur: «Ağızlarınız Allah yollarından biridir. Allahın ən sevdiyi, gözəl olan yollardır (ağızlardır). Elə isə bacardığınız qədər ağız və dişlərinizi təmiz saxlayın».
Peyğəmbər (s) səhabələrdən birinə müraciət edərək buyurur: «Nə üçün mənim yanıma gəldiyiniz zaman dişlərinizi qara görürəm?! Onları yumaqla təmizliyinizə diqqət yetirin».
D İŞ FIRÇASININ MÜSBƏT XÜSUSİYYƏTLƏRİ
Peyğəmbər (s) Əli (ə)-a xitab edərək buyurur: «Ey Əli! Dişləri yumağın insana on iki xeyri var: Həm sünnəmə riayət olunur, həm də ağız təmiz saxlanmaqla gözün görmə qabiliyyəti güclənir. Həmçinin Allahı razı salır, dişləri ağardır, ağzın natəmizliyini aradan aparır, damağı bərkidir, iştahanı artırır, xeyirxahlığı çoxaldır və nəhayət, mələklərin sevincinə səbəb olur».
Əli (ə) buyurur: «Dişləri yumaq Peyğəmbərin (s) sünnələrindən biridir. Bu gözəl sünnəyə əməl etməklə həm Allahın razılığına nail olmaq olur, həm də ağzın təmizliyinə».
Başqa bir yerdə buyurur: «Dişləri yumaq gözün görmə qabiliyyətini artırır».
İmam Sadiq (ə) buyurur: «Dişlərinizi yuyun, çünki bu sinədəki vəsvəsənin aradan getməsinə səbəb olur».
İmam Rza (ə) buyurur: «Dişləri yumaq görmə qabiliyyətinin güclənməsinə, saç və tüklərin çıxmasına və gözün sulanmasının qarşısını almağa səbəb olur».
Diş yumağın başqa bir müsbət xüsusiyyəti haqda Peyğəmbər (s) buyurur: «Dişləri yumaq fəsahətliyi daha da artırır».
D İŞLƏR NECƏ YUYULMALIDIR?
Peyğəmbər (s) bu haqda buyurur: «Dişlərinizi uzununa deyil, eninə fırçalayın».
Rəvayətlərdən birində deyilir: «Peyğəmbər (s) dişlərini hər gecə-gündüz üç dəfə uzununa deyil, eninə fırçalayardı. O, dişlərini adətən yatmazdan əvvəl, sonra və namaz qılmazdan əvvəl təmizləyərdi».
Peyğəmbər (s) buyurur: «Oruc tutan zaman dodaqları quruyan şəxslər səhər (azandan əvvəl) və axşam çağı dişlərini yusun.»
«Səhər çağı və dəstəmaz almazdan əvvəl dişləri yumaq ən gözəl adət-ən’ənələrdəndir».
Başqa bir hədisdə buyurur: «Fürsət olmadıqda belə, heç olmasa üç gündən bir dişlərinizi yumağa çalışın».
T ÜKLƏRİN QISALDILIB SƏLİQƏYƏ SALINMASI
Saç və bığın qısaldılması, saqqalın dibindən qırxılmaması və başın daranması islamın tövsiyə etdiyi ədəb-ərkan qaydalarındandır.
Peyğəmbər (s) buyurur: «Bığ və burun tüklərini qısaldıb vaxtaşırı saçlarınızı darayın. Belə etməklə öz gözəlliyinizi qoruyub saxlamış olarsınız».
İmam Sadiq (ə) buyurur: «Burun tüklərini qısaltmaq üzün görünüşünə xüsusi gözəllik və yaraşıq verir».
«Bığ tüklərinizi uzatmayın, çünki Şeytan oranı özünə sığınacaq edir».
İmam Sadiq (ə) buyurur: «Bığlarını qısaltmayan kəs bizdən deyil».
Peyğəmbər (s) buyurur: «Bığlarınızı qısaldın, saqqalınızı uzadın və özünüzü yəhudilərə oxşatmayın».
Əli ibn Cə’fər deyir: Qardaşımdan (həzrət imam Musa Kazim (ə)) saqqalın qısaldılması haqda soruşduqda buyurdu: «Yanaqlardan saqqalın qısaldılmasının heç bir nöqsanı yoxdur. Lakin qarşıdan qısaldılmamalıdır».
Qeyd etmək lazımdır ki, saqqalın qısaldılıb və ya uzadılmasının da müəyyən həddi vardır. İmam Sadiq (ə) bu haqda buyurur: «Saqqalınızı əlinizə alın, ovucunuzdan çıxanını qısaldın».
Başqa bir hədisdə buyurur: «Saqqalın əlin içindən çıxanı cəhənnəm odunda olar». (Yə’ni, saqqal əlin içindən çıxacaq qədər böyük olmamalıdır».
Peyğəmbər (s) buyurur: «Gözəl tük Allahın insanlara bəxş etdiyi gözəl örtükdür, elə isə onun qədrini bilin».
İmam Cə’fər Sadiq (ə) buyurur: «Baş və üzün tükünü daramaq yoxsulluğu aradan aparır və bir çox xəstəliklərin qarşısını alır».
Peyğəmbərdən (s) nəql edərək buyurur: «Baş və üzün tükünü daramaq vəba xəstəliyinin qarşısını alır».
İmam Rza (ə) Ə’raf surəsinin 31-ci ayəsi (məscidlərə getdiyiniz zaman zinət əşyalarınızı da özünüzlə götürün) haqda buyurur: «Zinət hesab olunan şeylərdən biri də namaz qılmazdan əvvəl daranmaqdır».
İmam Sadiq (ə) buyurur: «Peyğəmbərin (s) saçı qulaqlarının ucundan çox uzanmazdı».
D IRNAQLARIN TUTULMASI
Peyğəmbər (s) buyurur: «Hər kim cümə günləri dırnaqlarını tutarsa, Allah-taala bütün ağrı və xəstəlikləri onun barmaqlarından uzaq və onları daim sağlam edər».
Səhabələrdən biri deyir: İmam Cə’fər Sadiq (ə)-dan ruzinin artması üçün mənə dua öyrətməsini xahiş etdim. İmam (ə) cümə günlərində bığ tüklərimi azaldıb, dırnaqlarımı tutmağı mənə tövsiyə etdi.
İmam Cə’fər Sadiq (ə) buyurur: «Cümə günü dırnaqları tutmaq cüzam və qoturluq kimi qorxulu xəstəliklərin qarşısını alır».
Başqa bir hədisdə buyurur: «Cümə günü bığ tüklərini qısaldıb dırnaqlarını tutan hər bir şəxs «Bismillah və əla sunnəti Muhəmməd və ali Muhəmməd» deyərsə, tutduğu hər bir dırnağın və kəsdiyi hər bir tükün müqabilində həzrət Ismayıl (ə) övladlarından bir qul azad etmiş şəxsin savabını qazanmış olar».
Əlbəttə, nəzərdən qaçırmamalıyıq ki, nəql olunmuş rəvayətlərdə cümə gününə tə’kid olunması həmin günün əhəmiyyətindən və təmizliyə verilən diqqətdən irəli gəlir. Yə’ni, tük və dırnaqlar uzandıqda onların qısaldılmasının cümə gününə tə’xirə salınması heç də zəruri deyil. Bu mətləbə dəlalət edəcək rəvayətlərdən birində deyilir: İmam Musa Kazim (ə)-ın səhabələrindən biri ona müraciət edərək deyir: Bə’ziləri bığ tüklərinin və dırnaqların cümə günlərində qısaldılmasına tə’kid edirlər. İmam Kazim (ə) təəccüblənərək buyurur: «Allah pak və münəzzəhdir! Onları istər cümə, istərsə də qeyri günlərdə qısaldıb təmizliyinizə diqqət yetirin.» Lakin cümə günləri bığın və dırnaqların qısaldılması, ümumiyyətlə həmin gün təmizliyə riayət etməyin daha çox savabı vardır.
İmam Cə’fər Sadiq (ə)-ın səhabələrindən biri cümə günü bığ tüklərinin və dırnaqların qısaldılması haqda ondan soruşduqda buyurur: «Belə bir gözəl adətə vərdiş edən şəxslər gələn cüməyədək daim təmizlikdə olarlar».
Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə də deyilir: «Cümə və cümə axşamı günlərində bığ tüklərini və dırnaqlarını qısaldan şəxslər diş və göz ağrılarından amanda qalarlar».
İmam Sadiq (ə) dırnaqların necə tutulması haqda buyurur: «Cümə günü dırnaqlarınızı tutduqda sol əlinizin kiçik barmağından başlayıb sağ əlinizin kiçik barmağında qurtarın».
DƏRSİN XÜLASƏSİ
İslam dini mö’minlərə vaxtı-vaxtında dişlərini yuyub, bığ tüklərini və dırnaqlarını qısaldaraq təmizlik və bədən sağlamlıqlarına diqqət yetirmələrini tövsiyə edir.
SUAL VƏ TAPŞIRIQLAR
1. Peyğəmbər (s) diş yuyulduqdan sonra qılınan namazın dəyər və əhəmiyyəti haqda nə buyurur?
2. Peyğəmbərin (s) diş yumaq haqda sadaladığı müsbət xüsusiyyətlərdən bir neçəsini əzbər deyin.
3. Dişlər nə zaman və necə yuyulmalıdır?
4. Mə’sum imamlar (ə) baş və üz tükləri haqda nə buyurmuşlar?
5. Mə’sum imamlar (ə) baş və üzün daranması haqda nə kimi tövsiyələr etmişlər?
6. İslam nöqteyi-nəzərindən dırnaqlar nə zaman və necə qısaldılmalıdır?
Ə TİRLƏRDƏN İSTİFADƏ
Nəql olunmuş rəvayətlərdə mö’minlərə paltar və bədənlərinin səliqə və təmizliyinə diqqət yetirmələri ilə yanaşı, gözəl ətirlərdən istifadə etmələrinə də tə’kid olunmuşdur. Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdə mö’minlərin, ətirlərdən istifadə etməsi məsləhət görülməklə yanaşı, böyük savaba nail olacaqları haqda da danışılmışdır. Peyğəmbər (s) buyurur: «Gözəllik qəlbə güc verir».
«Ətir vurmaq peyğəmbərlərin gözəl adət-ən’ənələrindən olmuşdur».
İmam Rza (ə) buyurur: «Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri də gözəl ətirlərdən istifadə etmək olmuşdur».
İmam Sadiq (ə) buyurur: «Həqiqətən Allah gözəllik və zinətləndirməyi sevər, qəmginlik və qaraqabaqlığı xoşlamaz. Allah-taala Öz bəndəsinə ne’mət bəxş etdiyi zaman onun əlamətlərini Öz bəndəsində görmək istər. Onun qəmgin və qaraqabaq görməsini isə əsla istəməz. İmam Sadiq (ə)-dan bunun necə olduğunu soruşduqda buyurur: «Paltarını təmizləyib, gözəl ətirlər vurmuş olsun və evinin divarlarını ağardıb tozunu alaraq səliqə-səhmana diqqət yetirsin. Həqiqətən gün batmazdan əvvəl həyəti işıqlandırmaq həm yoxsulluğa son qoyur, həm də ruzinin artmasına səbəb olur».
Peyğəmbər (s) buyurur: «Dünyanızda məni sevindirən iki şey var: Ailə qurub gözəl ətirlərdən istifadə etməniz, gözlərimə nur verən isə namazdır».
Peyğəmbər (s) buyurur: «Dörd şey peyğəmbərlərin gözəl adət-ən’ənələrindən olmuşdur: Gözəl ətirlərdən istifadə etmək, ailə qurmaq, dişləri yumaq və vaxtaşırı hənadan istifadə etmək».
Başqa bir hədisdə buyurur: «Mələklər gözəl ətirləri iylədikləri üçün mö’minlər bu gözəl sünnəni tərk etməməlidirlər. Elə isə cümə günlərində ətir vurmağı unutmayın».
İmam Cə’fər Sadiq (ə) buyurur:
«Gözəl ətirlərə nə qədər pul xərcələsəniz, israfa yol vermiş olmazsınız».
İmam Musa Kazim (ə) buyurur: «İnsan ətir vurmağı tərk etməməlidir. Əgər gündəlik ətirdən istifadə etməyə imkanı olmazsa, iki gündən bir, buna da qadir olmadıqda, heç olmasa həftədə bir dəfə ətirdən istifadə etməlidir».
İmam Cə’fər Sadiq (ə) başqa bir hədisdə buyurur: «Peyğəmbər (s) ətirə çörəkdən daha çox pul xərclərdi».
Əli (ə) buyurur: «Bu bir həqiqətdir ki, Peyğəmbərə (s) ətir və ya şirniyyat şeyləri gətirdikdə heç vaxt onu geri qaytarmazdı».
Ənəs ibn Malik deyir: «Peyğəmbər (s) sovqat olaraq gətirilən ətirləri geri qaytarmazdı.»
Səhabələrdən biri deyir: «İmam Sadiq (ə)-dan sovqat olaraq verilən ətrin geri qaytarılmaması haqda soruşduqda buyurur: «Belə bir böyük hədiyyəni geri qaytarmaq yaxşı iş deyil».
EV V Ə ƏTRAF MÜHİTİN TƏMİZLİYİ
İslam dini paltar və bədənin təmizliyinə diqqət yetirdiyi kimi, ev, ətraf mühit və məişət əşyalarının da təmizliyinə böyük əhəmiyyət verir. İstər Peyğəmbər (s), istərsə də onun sadiq davamçıları olan mə’sum imamlar (ə) bədən və məişət təmizliyinə xüsusi diqqət yetirmiş və müsəlmanlara bu məsələyə ciddi yanaşmalarına tə’kid etmişlər. Belə ki, istər əxlaq və davranış, istərsə də ictimai və məişət nöqteyi-nəzərindən hər bir müsəlmanın həyat tərzi başqalarına örnək və nümunə olmalıdır. Bütün bunlarla yanaşı, təmizliyə riayət olunması haqda nəql olunmuş hədis və rəvayətlərdə natəmizliyə yol verilməməsinə və bunun nəticəsində bir çox xəstəliklərin qarşısının alınmasına xüsusi diqqət yetirilmişdir. Bunun üçün də nəql olunmuş bir çox rəvayətlərdə hər hansı bir əməlin bir çox qorxulu xəstəliklərin qarşısının alınmasına işarə olunmuşdur. Bəlkə də rəvayətlərin bir çoxunda Şeytan deyildikdə, müxtəlif virus və mikroblar nəzərdə tutulur. Peyğəmbərin (s) buyurduğu «bığlarınızı çox uzatmayın ki, Şeytan orada özünə yer etməsin» - hədisini buna misal göstərmək olar.
Bunun üçün də əgər hər bir müsəlman öz məişət və ictimai həyatında Peyğəmbərin (s) və mə’sum imamların (ə) tövsiyələrinə əməl etsə, ətraf mühitin və özlərinin sağlamlıqlarını tə’min edəcək və çox nadir hallarda xoşagəlməz hadisə və xəstəliklərlə qarşılaşmış olacaqlar.
Bu dərsimizdə ilk növbədə mə’sum imamların (ə) ev və şəxsi əşyaların təmizliyinə riayət olunması haqda etdikləri tövsiyələrdən söhbət açacaq, daha sonra ətraf mühitin və ümumi yerlərin təmizliyinə riayət olunması barədə nəql olunmuş hədis və rəvayətlərin bir neçəsini gətirəcəyik. Lakin hər şeydən öncə nəzərdən qaçırmamalıyıq ki, hər bir müsəlman fərdi təmizliyə riayət etməklə yanaşı, ətraf mühitin və başqalarının narahatçılığına səbəb olacaq natəmizliyə və hüquqlarının tapdalanmasına da yol verməməlidir. İmam Məhəmməd Baqir (ə) buyurur: «Evi vaxtaşırı təmizləyib süpürmək yoxsulluğu aradan aparır».
İmam Cə’fər Sadiq (ə) buyurur: «Qabların və evin təmizlənməsi ruzinin çoxalmasına səbəb olur».
Peyğəmbər (s) buyurur: «Şeytan özünə sığınacaq tapmasın deyə, yeməkdən əvvəl əllərinizi sildiyiniz bulaşıq dəsmalları və evi süpürdükdən sonra toz və zibili qapının arxasında saxlamayın».
Başqa bir hədisdə buyurur: «Şeytan özünə yer etdiyi üçün, istər axşam, istərsə də gündüz atılası zibili evlərinizdə saxlamayın».
Əli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: «Yağlı əl dəstmallarınızı evlərinizdə saxlamayın, çünki Şeytan orada özünə sığınacaq tapır».
Həmçinin Peyğəmbər (s) buyurur: «Şeytanlar evlərinizdə hörümçək torlarında sakin olarlar».
Əli (ə) buyurur: «Evlərinizi hörümçək torlarından təmizləyin, onların qalması fəqr və yoxsulluğa səbəb olur».
İmam Cə’fər Sadiq (ə) buyurur: «Peyğəmbər (s) çıraq olmadan qaranlıq evlərə girməyi qadağan edərdi».
Başqa bir rəvayətdə deyilir: «Gün batmazdan əvvəl ev və həyəti işıqlandırmaq ruzini artırır və yoxsulluğa son qoyur».
Ə TRAF MÜHİTİN TƏMİZLİYİ
Nəql olunmuş rəvayətlərdə yol (küçə, dalan), su kanallarına, meyvəli və kölgəsindən istifadə olunan ağacların dibinə, mənzil, məscid kənarına, ümumiyyətlə camaatın istifadə etdiyi və narahatçılıqlarına səbəb olacaq ümumi yerlərə sidik və nəcasət ifraz olunması qətiyyətlə yasaq olunmuşdur. Deməli, mö’minlər ətraf mühitin və yaşayışlarının dözülməz hala düşməsinə səbəb olacaq bu kimi xoşagəlməz işlərə yol verməməlidirlər.
İmam Cə’fər Sadiq (ə) atasından nəql edərək deyir: «Peyğəmbər (s) camaata içmək üçün istifadə etdikləri quyu və çaylara, həmçinin meyvə ağaclarının dibinə nəcasət ifraz etməyi yasaq edərdi».
Başqa bir hədisdə buyurur: «Peyğəmbər (s) buyurardı: Kölgəliklərə nəcasət ifraz edənlər, ümumi su quyularından istifadə etməyi qadağan edənlər, ümumi yolları bağlayanlar Allahın lə’nətinə gələrlər».
İmam Sadiq (ə) atasından nəql edərək buyurur: «Peyğəmbər (s) səhabələrə müraciət edərək buyurdu: Ey müsəlman ümməti! Allah-taala iyirmi dörd şeyi sizlərə yasaq edir. Onlardan biri də çaylara sidik və meyvə ağaclarının dibinə nəcasət ifraz etməkdir.»
Bir şəxs imam Zeynəlabidin (ə)-dan soruşur: «Qərib bir insan harada dəsətəmaz alıb nəcasətini ifraz etməlidir?» İmam Zeynəlabidin (ə) sualın cavabında buyurur: Çaya, axar sulara və meyvəli ağacların dibinə və ümumiyyətlə camaatın narazılığına səbəb olacaq yerlərə sidik və nəcasət ifraz etməməlidir».
DƏRSİN XÜLASƏSİ
İslam dininin müsəlmanlara tövsiyə etdiyi məsələlərdən biri də gözəl ətirlərdən istifadə edib mənzil və ətraf mühitin təmizliyinə riayət etməkdir.
SUAL VƏ TAPŞIRIQLAR
1. Peyğəmbər (s) gözəl ətirlər haqda nə buyurur?
2. Ətir almaq üçün nə qədər pul xərclənməlidir?
3. Peyğəmbər (s) və mə’sum imamlar (ə) yaşayış yerlərinin təmizliyi haqda nə fikirdə olmuşlar?
4. Nəcasətin ifraz olunması haralarda yasaq olunur?