Yemək və içmək insan həyatının ən başlıca hissəsini təşkil edir. Həyatın bütün sahələrində olduğu kimi, islam fiqh və əxlaqı bu məsələyə xüsusi diqqət yetirmiş və öz davamçılarına dəyərli tövsiyə və göstərişlər vermişdir. Bir qədər əvvəl qeyd etdik ki, bu göstərişlərə əməl və riayət etmək həm insanın öz cismi sağlamlığına, həm də yaşadığı cəmiyyətdə başqalarının hüququna hörmət sayıldığı üçün, onun mövqe və şəxsiyyətinin daha da yüksək qiymətləndirilməsinə səbəb olur. Bu və növbəti dərsimizdə islamın yemək və içməyə dair tövsiyə və göstərişləri haqda söhbət açacaq və bə’zi məsələlərin izahını verməyə çalışacağıq.
YEM ƏYİN PAK VƏ HALALLIĞI
Hər bir müsəlman istifadə etdiyi qida məhsullarında hər şeydən əvvəl onun pak olmasına diqqət yetirməlidir. Belə ki, şəriət nöqteyi-nəzərindən nəcasətdən qida kimi istifadə etmək qətiyyətlə haram hesab olunur. Bunun üçün də hər bir müsəlman istifadə etdiyi qida məhsullarının halal və ya haram şeylərdən hazırlanmasına xüsusi diqqət yetirməlidir. Məsələn, yediyi ət, əti halal olan heyvanların ətindən olmalı və şər’i qanunlara uyğun kəsilməlidir.
Yeməyin və ya qida məhsullarının hazırlanmasında da təmizlik ən başlıca şərtlərdən biri hesab olunur.
Mə’sum imamlar (ə) və islam alimləri bu fikirdə olmuşlar ki, yeməyin hazırlanmasında təmizliyə riayət etməmək və onun haram şeylərdən hazırlanması insanın mə’nəviyyatına, ruh və qəlbinin saflığına mənfi tə’sir göstərərək, onun ibadətdən uzaq düşməsinə səbəb olur. Bunu üçün də müxtəlif şəxslərdən və həmçinin təmizliyə riayət etməyən naşı şəxslərdən yemək məhsullarının alınmaması tövsiyə olunur. Lakin bunu yalnız əxlaqi bir tövsiyə hesab etmək olar və aldığımız yemək məhsullarının natəmizliyinə yəqinlik hasil etməyənədək onu haram və natəmizlikdə ittiham edə bilmərik.
Bütün bunlarla yanaşı, yemək məhsullarının halal yolla əldə olunmasına xüsusi diqqət yetirmək lazımdır. Hər bir müsəlman özünün və ailəsinin yemək məhsullarını halal yolla tə’min etməklə yanaşı, illik gəlirinin xüms və zəkatını ödəməli və həmçinin başqalarının hazırladıqları yemək şeylərinin halal olub-olmamasına da diqqət yetirməlidir. Fiqh kitablarında bu məsələyə dair «Məkasibul-muhərrimə-haram qazanclar» adlı xüsusi fəsl ayrılmışdır. Bu haqda ətraflı mə’lumat əldə etmək istəyənlər bu kitablara müraciət edə bilərlər.
Ə LLƏRİN YUYULMASI
Gün ərzində müxtəlif əşyalarla təmasda olduğumuz üçün əllər istər-istəməz çirklənməli olur. Bunun üçün də bir çox xəstəliklərin qarşısını almaq məqsədilə yemək yeməzdən əvvəl əllərin təmizliyinə xüsusi diqqət yetirilməlidir. Peyğəmbər (s) buyurur: «Yemək yeməzdən əvvəl dəstəmaz almaq yoxsulluğu, yedikdən sonra dəstəmaz almaq isə dəlilik xəstəliyini aradan aparır. Həmçinin gözün görmə qabiliyyətini də gücləndirir».
Başqa bir hədisdə buyurur: «Xeyirxah işlərinizin artmasını istəyirsinizsə, yemək yeməzdən əvvəl dəstəmaz alın».
İmam Sadiq (ə) buyurur: «Yemək yeməzdən əvvəl və sonra əllərini yuyan şəxslər üçün yedikləri yemək daha bərəkətli olar və ömürlərinin sonunadək bol ruzi və əmin-amanlıq içində yaşayarlar».
Səfvan Cəmmal imam Sadiq (ə)-ın səhabələrindən nəql edərək deyir: Bir gün imam Sadiq (ə)-ın evində olduğum zaman yemək gətirdilər. Xidmətçi su və ləyən gətirdi və İmam (ə) yeməzdən əvvəl dəstəmaz aldı. Əllərini qurulamağa dəsmal verdikdə onu geri qaytarıb buyurdu: «Əlimi elə həmin şeylərdən yudum.». Yə’ni, əllərimi təmasda olduğum şeylərin çirk və natəmizliyindən yuyub təmizlədim. Onlarla yenidən təmasda olacaqdımsa, yumaq nəyə lazım idi?
Səhabələrdən biri deyir: İmam Musa Kazim (ə) yemək yeməzdən əvvəl əllərini yudu, lakin qurulamadı. Yeməkdən sonra yuduqda isə əllərini qurulamaq üçün dəsmal istədi.
S ÜFRƏ ARXASINDA NECƏ OTURULMALIDIR?
İnsan süfrə arxasında oturarkən, özünü Allah qarşısında son dərəcə təvazökar və ona bəxş etdiyi ne’mətlərin müqabilində qədirbilən olduğunu göstərməlidir. Bunun üçün də yaxşı olar ki, yemək süfrəsi yerdə açılsın.
Peyğəmbər (s) buyurur: «Söykənərək yemək yemirəm. Allah bəndəsi olduğum üçün adi bəndə kimi oturur, adi bəndə kimi də yemək yeyirəm».
Əli (ə) buyurur: «Yemək süfrəsinin arxasına oturduğunuz zaman Allah bəndələri kimi yerdə oturun, ayaqlarınızı bir-birinin üstünə qoymayın və ya (heyvan kimi) iki əl və ayaqlarınız üstə oturmayın, bilin ki, Allah belə oturanlara nifrət edər».
İmam Sadiq (ə) buyurur: «Həzrət Məhəmməd (s) peyğəmbərliyə tə’yin olunduğu ilk gündən ömrünün sonunadək yemək yediyi zaman heç bir yerə söykənməzdi. O, adi bəndələr kimi oturar, onlar kimi də yemək yeyərdi. Səbəbini soruşduqda buyurardı: Allah qarşısında təvazökar olduğum üçün belə edirəm».
YEMƏYƏ ALLAHIN ADI İLƏ BAŞLANILMALIDIR
Peyğəmbər (s) Əli (ə)-a etdiyi tövsiyələrin birində buyurur: «Yemək yeməyə başlarkən «Bismillah», qurtardıqda isə Ona şükr edərək «Əlhəmdulillah» deyin. Belə etdikdə xeyirli işlərinizi yazan iki mələk istirahətin nə olduğunu bilməyəcəklər».
Əli (ə) buyurur: «O kəslərin sağlamlığına zəmanət verirəm ki, yemək yeməyə başlarkən Allahın adını çəkmiş olsunlar».
İmam Cə’fər Sadiq (ə) buyurur: «Süfrədə olan bütün yeməkləri yeməzdən əvvəl «Bismillah» deməyi unudan şəxslərin, yeməyə başlamazdan əvvəl «Bismillah min əvvəlihi ila axirihi» deməsi məsləhətdir.»
Əxlaq alimlərinin bir çoxu tövsiyə etmişlər ki, yemək yeməyə başlamazdan əvvəl «Bismillah» deməklə yanaşı, ağıza hər bir tikə qoyulduqda belə, Allahın adı çəkilsin. Belə etdikdə, yeməyin ləzzəti Allahı yad etməyə mane olmur.
N İYYƏT
İnsan yemək yedikdə ən başlıca məqsədi yeməklərin dadından ləzzət aparmaq deyil, Allah qarşısında ibadətlərini layiqincə yerinə yetirmək və əməlisaleh işlərə daha çox can atması olmalıdır. Belə olduqda insanla heyvan arasındakı fərq özünü bir daha büruzə verir. İnsanın yemək yeməsi mə’nəvi dəyər taparaq müstəhəb bir əməl kimi Allahın razılığına səbəb olur.
Əli (ə) öz oğlu imam Həsən (ə)-a tövsiyə edərək buyurur: «Oğlum! Hər hansı bir isti və ya soyuq tikə və ya bir qurtum su içməzdən qabaq de: - İlahi! Yemək və içməklə Səndən xəstəliklərdən şəfa və sağlamlıq, Sənə layiqincə itaət etmək və şükrünü yerinə yetirməyə qüdrət istəyirəm. Yemək və içməkdən aldığım qüdrətdən Sənə ibadət etməyimə qadir et. Və mənə günahdan uzaq olmaq üçün ilham bəxş et! -demədən nə bir tikə çörək ye, nə də bir qurtum su iç».
YEM ƏK YEMƏYƏ NECƏ BAŞLANILMALIDIR?
Süfrə arxasına oturduqdan sonra Allahın adını çəkib yeməyi sağ əllə yeməyə başlamaq lazımdır.
Səhabələrdən biri deyir: İmam Sadiq (ə)-dan sol əli ilə yeyən şəxslər barədə soruşduqda buyurdu: «Sol əllə bir şey yeməməli, içməməli və hər hansı bir iş görülməməlidir.»
Başqa bir rəvayətdə deyilir: «Sağ əlinizlə yeyə bildiyiniz halda, sol əlinizlə yeməyin».
Əli (ə) buyurur: «Yeməyə başlamazdan əvvəl bir qədər duz yeyin. Əgər camaat duzun nə qədər xeyirli olduğunu bilsəydi, ona zəhər dərmanından daha üstünlük verərdilər».
İmam Sadiq (ə) buyurur: «Biz yemək yeməzdən əvvəl bir qədər duz yeyər və yeməkdən sonra bir qədər sirkə içərik».DƏRSİN XÜLASƏSİ
İslam nöqteyi-nəzərindən həyatın bütün sahələrində olduğu kimi, insanın yeyib-içməyi də müəyyən qanunlar çərçivəsində olmalıdır. Onlardan bə’zilərinə əməl etmək vacib və zəruri, bə’ziləri isə insanın əxlaqi və mə’nəvi dəyərlərinin təkmilləşməsi üçün müəyyən olunmuşdur.
Yeməyin təmizliyinə riayət etmək yeməyə başlamazdan əvvəl əlləri yuyub Allahın adı ilə başlamaq, süfrə arxasında təvazökar olmaq islam dinində yemək yeməyin digər qaydalarından hesab olunur.
SUAL VƏ TAPŞIRIQLAR
1. Yemək yeyərkən hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifə nədən ibarətdir?
2. İslam nöqteyi-nəzərindən süfrə arxasında necə oturulmalıdır?
3. Yemək yeməyə necə başlamaq lazımdır?
4. Hansı niyyətlə yeyilib içilməlidir?
YEM ƏK YEMƏYİN QAYDALARI
Süfrə arxasında oturduqda başqalarının qarşısından deyil, əl çatan ən yaxın yerlərə qoyulan yeməklərdən istifadə etmək lazımdır. Həzm və çeynəməyin asan olması, həmçinin üzün xoşagəlməz hala düşməməsi üçün ağıza qoyulan tikələr balaca olmalıdır. Tikələr yalnız yaxşıca çeynəndikdən sonra udulmalıdır. Yeməyə qabın ortasından deyil, qırağından başlamaq lazımdır və ağızdakı tikəni udmayınca, ağıza növbəti tikə qoyulmamalıdır. Yemək zamanı imkan daxilində başqalarının üzünə nəzər salınmamalı və yemək yedikdə tələsməmək lazımdır. Süfrə arxasında bir qədər çox oturmalı və süfrəyə qoyulan yeməklər dadlı olmadıqda onlara məzəmmətlə yanaşılmamalıdır. İmam Həsən Müctəba (ə) buyurur: «Hər bir müsəlman yemək yeməzdən əvvəl bu on iki şeyi bilməlidir. Onlardan dördü vacib, dördü sünnə, dördü isə əxlaq və ədəb-ərkan qaydalarından ibarətdir. Vacib olan dörd şey bunlardır: 1. Tanışlıq. 2. Razılıq (yə’ni, ruziyə qane olmaq). 3. [Yeməyə başlamazdan əvvəl] Allahın adını çəkmək. 4. [Yeyib qurtardıqdan sonra] Allahın şükrünü yerinə yetirmək.
Sünnəyə aid olan bunlardır: 1. Yeməyə başlamazdan əvvəl dəstəmaz almaq. 2. Sol tərəfi üstə oturmaq. 3. Üç barmaqla yemək. 4. Yedikdən sonra barmaqları yalamaq.
Əxlaq və ədəb-ərkan qaydalarına aid olanlar isə bunlardır: 1. Qarşıda olanlardan yemək. 2. Tikələri kiçik götürmək. 3. Həzmi asanlaşdırmaq üçün çoxlu çeynəmək. 4. Süfrə arxasında oturanlara nəzər salmamaq».
İmam Cə’fər Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: «Yemək yediyiniz zaman qarşınızda olanlardan yeyin».
Başqa bir hədisdə buyurur: «Hər bir şeyin müəyyən həddi-hüdudu vardır». Bu zaman ortaya süfrə salındı. Səhabələrdən biri süfrənin həddi-hüdudunun nədən ibarət olduğunu soruşduqda buyurdu: «Süfrənin həddi-hüdudu bundan ibarətdir ki, oraya əl uzatdıqda «bismillah», qurtardıqda isə «əlhəmdulillah» deyilsin və süfrə arxasında oturan hər bir şəxs başqalarının qarşısından deyil, yalnız öz qarşısındakı yeməklərdən istifadə etmiş olsun».
«Süfrə arxasında oturmaq insanın ömründən hesab olunmadığı üçün orada bacardığınız qədər çox oturun».
«Qarşınıza isti yemək qoyulduqda soyumasını gözləyin. Peyğəmbər (s) üçün isti yemək gətirdikdə buyurardı: «Gözləyin bir qədər soyusun. Allah-taala yeməklərimizin oddan olmasını sevməz. Bərəkət varsa, o da soyuq yeməklərdədir».
Başqa bir hədisdə atasından nəql edərək buyurur: «Peyğəmbər (s) dadsız yeməkləri yeməyi yasaq edərdi».
Ç OX YEYİLMƏMƏLİDİR
Yemək və içməkdə riayət olunması zəruri olan məsələlərdən biri də ifrata yol verilməməsidir. Çox yemək bədən sağlamlığına ziyan vurmaqla yanaşı, ibadət və mə’nəvi saflığa lazımi diqqətin yetirilməsinə mənfi tə’sir göstərir.
Nəql olunmuş rəvayətlərdə mö’minlərə çox yeməyin zərərli olduğu haqda xəbərdarlıq etməklə yanaşı, yemək vaxtlarının zamanı və lazımi miqdarı barədə dəyərli tövsiyələr edilmişdir. Peyğəmbər (s) buyurur: «Əkin sahələrinə çox su verməklə məhv olduğu kimi, çox yeyib-içməklə qəlblərinizi məhv etməyin».
Başqa bir hədisdə buyurur: «Qarnı dolu olanlar yerin və göyün hikmət və sirlərindən agah olmazlar».
«Allah-taala yanında bəyənilməyən şeylərdən biri də dolu qarındır».
«Çox yeyib-içməkdən çəkinin, belə etməklə qəlbləriniz süstləşəcək, bədən üzvləriniz Allaha itaət etməkdə süstlük edəcək və nəsihətamiz tövsiyələri eşitməkdən nakam qalacaqsınız».
Əli (ə) buyurur: «Çox yemək və çox yatmaq insanı süstləşdirir, zərəri zərər ardınca gətirir».
Başqa bir hədisdə buyurur:
«Çox yeyənlərin səhhəti pozular və gündəlik xərcləri də çox olar».
«Çox yeməməyi sizlərə tövsiyə edirəm. Bu, sizləri namaz qılmaqdan soyudacaq, qəlblərinizi süstləşdirəcək və səhhətinizin pozulmasına səbəb olacaqdır».
«Zirəklik və cəldliyə çox yeməklə nail olmaq olmur».
«Toxluq təqvanı məhv edir».
«Toxluq günahlar üçün necə də gözəl sirdaşdır».
Peyğəmbər (s) buyurur: «Yeməyi az olanların qəlbi saf, bədəni sağlam, yeməyi çox olanların bədənləri xəstə, qəlbləri isə daşdan daha möhkəm olar».
«Yeməyi az olanların [qiyamət günü] sorğu-sualı da az olar».
Əli (ə) buyurur: «Yeməyin azlığı nəfsin kəraməti və səhhətin sağlamlığı deməkdir».
«Allah Öz bəndəsinin islah olunmasını istədikdə ona az yeməyi, az danışmağı və az yatmağı ilham edər».
Başqa bir hədisdə buyurur: «Yeməyin azlığı iffət, çoxluğu isə israf deməkdir».
Peyğəmbər (s) buyurur: «Yeməyə meyliniz olduğu zaman süfrə arxasına oturun və yeməyə meyliniz olduğu halda yeməkdən əl çəkin».
Əli (ə) buyurur: «Yeməyə meyliniz ola-ola yeməkdən əl çəkin. Belə etsəniz, yediyiniz yemək sizlər üçün daha ləzzətli olar».
YEMƏK CƏM HALDA YEYİLMƏLİDİR
Yaxşı olar ki, yemək cəm halda yeyilsin. Lakin ailə birlikdə olduqda başqalarını yemək süfrəsinə də’vət etməyin heç bir lüzumu yoxdur.
Peyğəmbər (s) buyurur: «Allah-taalanın, yediklərinizi daha da bərəkətli etməsi üçün süfrə arxasına cəm halda əyləşin».
İmam Cə’fər Sadiq (ə) buyurur: «Yeyilən şeylər bu dörd xüsusiyyətə malik olarsa, onu tamam-kamal hesab etmək olar:
1. Halal şeylərdən hazırlanmış olsun;
2. Cəm halda yeyilmiş olsun;
3. Yeməyə başladıqda Allahın adı çəkilmiş olsun;
4. Yedikdən sonra Allaha şükr edilmiş olsun».
C ƏM HALDA YEMƏK YEMƏYİN QAYDALARI
Yaş və şəxsiyyət baxımından kiçik olanlar böyüklərdən əvvəl yeməyə başlamamalı, yaşca böyük olanlar da eyni zamanda onları gözləməyə vadar etməməlidirlər. Xüsusilə ağızda yemək olarkən yaxşı olar ki, az danışılsın. Süfrə arxasında oturanlar başqalarını da nəzərə almalı, ortalığa qoyulan yeməklərdən istədikləri kimi istifadə etməyə mane olmamalıdırlar.
Süfrəyə yemək qoyulduqdan sonra kiminsə təklif etməsini gözləməməli, ev sahibi də eyni zamanda öz təklifləri ilə qonaqları utandırmamalıdır. Yemək yeyərkən başqalarının üzünə baxmamalı və onları utandıraraq doymazdan əvvəl süfrədən əl çəkmələrinə vadar etməməlidir.
Yaşca böyük olanlar, xüsusilə ev sahibi yemək yeyərkən tələsməməlidir. Çünki belə olduqda bə’ziləri doymadan yeməkdən əl çəkməli olarlar.
Süfrə arxasında oturarkən xoşagəlməz səslər çıxarmaqla başqalarının narahatçılığına səbəb olunmamalıdır. Məsələn, tikəni çeynəyərkən ağızı marçıldatmamalı, dişləri bir-birinə toxundurmamalı, süfrə arxasında gəyirməməli və s. bu kimi xoşagəlməz hərəkətlərə yol verilməməlidir.
Qonaqları yeməyə daha da sövq etmək üçün ev sahibi hamıdan tez başlamalı və hamıdan gec qurtarmalıdır. Qonaqlar ev sahibi ilə yaxın dost və tanış olsalar belə, onu yemək tədarükü görməyə vadar etməməlidirlər. Belə ki, ev sahibinin buna imkanı çatmadıqda çıxılmaz vəziyyətə düşərək onların qarşısında xəcalət çəkməsinə səbəb olur.
Yemək süfrəyə qoyulduqdan sonra başqa heç bir şey gözləməməli və süfrəyə qoyulanlarla kifayətlənmək lazımdır.
Peyğəmbər (s) bu haqda buyurur: «Çörəyi əziz tutun. Səhabələrdən biri-çörəyi necə əziz tutmalı?-deyə soruşduqda buyurur: «Çörək süfrəyə qoyulduqda artıq başqa şey gözləməyin».
DƏRSİN XÜLASƏSİ
Süfrə arxasına oturan hər bir şəxs qarşısına qoyulan yeməklərdən istifadə etməlidir. Tikələr ağıza kiçik qoyulmalı və yaxşıca çeynənilməlidir. Yedikdən sonra Allaha həmd edərək bəxş etdiyi ne’mətlərin şükrünü yerinə yetirməlidir.
Cəm halda süfrə arxasında oturduqda çox yeməkdən çəkinmək lazımdır.
Süfrə arxasında oturduqda yaşca böyük olanlara son dərəcə ədəb-ərkanla yanaşılmalıdır. Süfrə arxasında başqaları ilə gülərüz və səmimiyyətlə davranmaq digər əxlaqi xüsusiyyətlərdən hesab olunur.
SUAL VƏ TAPŞIRIQLAR
1. İslamın yemək yeyərkən riayət olunması lazım olan tövsiyələrini izah edin.
2. İmam Həsən Müctəba (ə)-ın nöqteyi-nəzərindən süfrəyə xas olan on iki xüsusiyyəti izah edin.
3. Peyğəmbər (s) çox yemək haqda nə buyurur?
4. Süfrədən nə zaman qalxmaq lazımdır?
5. Süfrə arxasında cəm halda yemək yeməyin qaydalarını ixtisarla izah edin.