GİRİŞ

Dinimizin əsasları bir sıra etiqadlardan (tövhid, ədl (ədalət), nübuvvət (peyğəmbərlik), imamət və məad) ibarətdir ki, onlar dinin əsasını və dayaqlarını təşkil edirlər. Həmişə insanlar arasında cürbəcür əqidələr mövcud olmuşdur və indi də vardır. Başqa sözlə desək, hərəsi bir əqidənin sahibidir. Ona görə də hamıya zəruridir ki, öz əqidəsinin əsaslarını dəlil və sübutla tanısın. Bununla da qərəzli və zəhərli təbliğatın müqabilində öz əqidəsini müdafiə edə bilsin, səbr və dözüm nümayiş etdirsin, nəticə etibarilə hər gün bir tərəfə çəkilməsin.

Söylədik ki, hər bir şəxs gərək öz əqidəsinin əsaslarını dəlil və sübutlar üzərində qurmalıdır, ancaq bu o demək deyildir ki, o, illər uzunu dini elmlərin təhsili ilə məşğul olmalı, fəlsəfi kitablar oxumalıdır. O, sadəcə olaraq öz əqidəsinin əsas prinsiplərini sadə, aydın və möhkəm dəlillərlə əsaslandıra bilərsə, bu qədər kifayət edər. Belə bir məşhur misal vardır:

İp əyirməklə məşğul olan qoca bir qarıdan soruşurlar:

- Tanrının varlığını sübut etmək üçün hansı dəlilin var?

Həmin qadın dərhal toxucu dəzgahından əlini çəkir və dəzgahın çarxı dayanır. O belə deyir:

- Bu kiçiklikdə bir çarx onu fırladan olmasa dayanır. Necə ola bilər ki, bu böyüklükdə dünya, onun bütün ulduzlu göyləri, günəşi və yer kürəsi ilə birlikdə heç bir fırladanı olmadan, heç bir hərəkət verəni olmadan fırlanmaqdadır və öz hərəkət və seyrini davam edir!?

İnsan öz dini əqidəsinin əsaslarını tutarlı dəlil və sübutlarla öyrəndikdən sonra, dinin şaxələri sahəsində - məsələn, namaz, oruc, həcc və başqa əməllərdə ilahi hökmlər sahəsində mütəxəssis olan müctehidlərə müraciət edib onlara təqlid edə bilər. Necə ki, bir şəxs xəstə olduqda həkimə, ev tikmək istədikdə mühəndisə və ya memara müraciət edir. Əgər şəxs özü dini ehkamlar sahəsində mütəxəssis - yəni, müctehid deyilsə, gərək səlahiyyətli müctehidə müraciət etsin, onun fikrini və təyin etdiyi yolu öz əməli fəaliyyətində örnək tutsun.