Dinin əsas etiqadlarının beşincisi məad məsələsinə etiqad bəsləməkdir.

(Tövhid - Ədl - Nübuvvət - İmamət - Məad)

Məad - yəni öz əməllərinə görə cəza və mükafata yetişmək üçün həyatın təzələnməsi.

Bu prinsip - yəni sonrakı həyat bəşər cəmiyyətinin ən qədim əqidələrindən biridir. Bu düşüncənin izləri neçə minillik tarixi olan bir sıra qədim xalqların tarixində müşahidə edilir.

Dünyanın məşhur dini təlimləri arasında əbədi həyata qayıdış məsələsi onların ümumi prinsipləri sırasında gedir. Maraqlıdır ki, sərlövhəsində yenidən dirçəliş ideyası olmayan heç bir məslək ilahi din və məzhəb səviyyəsində qəbul edilmir.

Bütün dünya xalqlarının keçmiş tarixində bu əqidənin olması onu göstərir ki, bu düşüncə bəşərin ümumi fitri məsələsidir. Çünki mümkün deyil ki, bu qədər qədim və uzun tarixə malik olan, ayrı-ayrı xalqlar arasında bu qədər geniş yayılan bir əqidə insanların ürəklərində olan fitri istəklərdən və çağırışlardan ilham almamış olsun. Bəlkə də hər bir fərd xüsusi hallarda hiss edir ki, onun həyat ipi ölümlə tam qırılmır, ölüm heç də onun həyat zəncirindəki son həlqəsi deyil. O, təkcə bu dünyəvi həyatda bir neçə müddət üçün müxtəlif bədbəxtliklər və problemlər burulğanında gün keçirmək üçün yaradılmayıb. Bəlkə də qaranlıq gecənin ardınca bir səhər gözlənilir, ölüm isə onun əbədi həyatı üçün bir nəfəscikdir.

Ona görə də demək lazımdır ki, məada etiqad bəsləmək fitri bir duyumdur, əslən dəlilə ehtiyacı yoxdur. Ancaq eyni zamanda daha çox izah vermək üçün məadın əsası və dirçəlişin (oyanışın) zəruri olması haqqında iki dəlil söylənilir.

TANRI ƏDALƏTİ VƏ HİKMƏTİNİN MƏAD İLƏ ƏLAQƏSİ

Bəşərin yaşadığı dünya elə bir dünyadır ki, onun əsaslarını ədalət və hüquq təşkil edir. Dünyanın xaliqi və yaradanı da ədalətli və insaflıdır. O, öz bəndələrinə göstəriş vermişdir ki, bu dünyada öz həyatlarını ədalət üzərində möhkəmlətsinlər, zülm və sitəmdən uzaq olsunlar. İnsanları düz yola yönəltmək üçün peyğəmbərlər göndərmişdir ki, bu məsum adamlar xalqa xeyir və şər yolunu göstərsinlər.

Ancaq ilahi fərmanların və peyğəmbərlərin düz yola dəvətinin qarşısında camaat iki dəstəyə bölünür.

Birinci dəstə başdan ayağa müti və Allah fərmanına qulaq asandır, din, əxlaq və məzhəbin düz yolundan sapınmamışlar, bütöv mənada özlərini napak işlərdən, aludəlikdən, günah və pis əxlaqdan kənar saxlamışlar və yaxud onlar heç olmazsa, bu fikirdədirlər ki, pak olsunlar.

İkinci dəstə, yəni başqa bir dəstə şəhvətpərəstlik, aludəlik, Allah bəndələrinə zülm və sitəm etmək kimi pis işlərə əl atmışlar. Onların rəftarı elədir ki, guya heç Allah tərəfindən onlar üçün peyğəmbər və fərman gəlməmişdir, onlara düzgün yol göstərilməyib. Onların həyatda özlərini təmin etmək, şəhvətpərəstlik, hiylə və fırıldaq, zülm və insafsızlıqdan başqa məqsədləri yoxdur. Öz hədəflərinə yetmək üçün heç bir cinayətdən çəkinməzlər.

Məsələn, tarixdən oxuyuruq ki, filan hakim (adı tarixdə qorxu və dəhşət doğurur) belə deyir:

«Mən Allah bəndələrinin bir qismini oda tökürəm, onlar alov içində yanaraq nalə və fəryad etdikcə ləzzət alıram. Mənim nəzərimcə pənahı və arxası olmayan adamların od içində naləsi və işgəncə altında fəryadı ən yaxşı musiqidir». Bu, bir insanın xislətidir.

Başqa bir insanın isə belə söyləyir:

«And olsun Allaha, əgər yer üzünün səltənətini mənə versələr ki, bir zəif qarışqaya zülm edim, heç vaxt bu işə əl atmaram».

Biz özümüz də dünyada elə adamlar tanıyırıq ki, rəzalət və çirkinlikdən başqa bir əməlləri olmayıb. Eyni zamanda elə adamları da tanıyırıq ki, öz həyat və asayişini müsəlmanların asayişinə sərf edib.

Allahın insaf və ədaləti icazə verərmi ki, bu iki dəstə adamın aqibəti eyni olsunlar?

O böyük və adil Tanrının qarşısında bütün bəndələrin hesabı aydın olarkən, hər şeyin zahiri və batinindən xəbərdar olarkən, bu iki dəstəyə eyni gözlə baxa bilərmi?

Sağlam insan ağlı hökm edir ki, bu iki dəstə bir-birindən fərqlənirlər, onlardan hər birisi öz rəftar və əməllərinin cəzasına çatmalıdır.

Allaha iman bəsləyən və yaxşılıq edən kəs özü də yaxşılıq görsün, Allaha iman bəsləməyən, zülm və haqsızlıq edən və çirkin əməllərə qatlaşan adamlar isə öz pis işlərinə layiqdir və buna uyğun cəza görməlidirlər. Beləliklə, Allah-təalanın ədalət və hikməti tələb edir ki, imanlı və yaxşı əməl sahibi olan adamlar ilə müşrik və bəd əməl sahibiləri arasında fərq olsun. Deməli, birincilərə imtiyaz və üstünlük verilməlidir. Şübhəsiz ki, bu üstünlük və imtiyaz dünyada tam şəkildə əldə edilmir. Biz öz gözlərimizlə görürük ki, bir çox imansız və bəd işlər görən şəxslər bu dünyada tam rifah, asayiş, naz-nemət içərisində ömür sürürlər, camaatın qanını sormaqla öz üzlərini qızardırlar.

Bunun müqabilində isə imanlı və yaxşı əməl sahiblərini görürük. Onlar öz ömrünü xalqa xidmət yolunda, cəmiyyəti islah etmək, fərdi və ictimai vəzifələrini yerinə yetirmək yolunda sərf edirlər.

Lakin bununla belə onlar tam narahatlıq, təzyiq, yoxsulluq, zindan və işkəncə içində həyat sürürlər. Nəhayət, bu vəziyyətdə də can verirlər.

Ona görə də, Allahın ədalət və hikmətinin tələbi ilə başqa bir dünya da olmalıdır ki, hər şey orada tarazlaşsın - yəni yaxşı əməl sahibləri öz yaxşılığının əvəzini, pis əməl sahibləri də öz pisliyinin cəzasını görsün.

Həmin başqa dünya məad və oyanış, dirçəliş dünyasıdır.

Bu anlam bütün dünya dinlərində və xüsusilə də islamda əsas sütun kimi, dinin əsas etiqadlarından biri kimi tanınmışdır.

MƏADIN İSBATI ÜÇÜN İKİNCİ DƏLİL

Bizim etiqad bəslədiyimiz Allah-təala hikmətli və bilən Tanrıdır, onun işləri hikmət üzərində qurulub. Bu dünyanı və insanı yaratmaqda, eyni zamanda insana ağıl verməkdə, böyük peyğəmbərləri xalqı hidayət etməyə göndərməkdə məqsəd və hədəfi olmuşdur.

Məgər insanı yaratmaqda hədəf təkcə bundan ibarətdir ki, o, bir neçə gün dünyada öz nəfsani təmayüllərinə uyğun yaşasın, neçə min kiloqram yemək yesin, neçə yüz min litr su içsin, bir qədər ömür sürəndən və ya məhrumiyyətdən sonra yenə də başını torpağın altına qoysun?!

Doğrudan da, əgər yaranışın hədəfi budursa, deməli, insan boş və mənasız yerə yaradılmışdır. Halbuki yaradan və pərvərdigar hikmətlidir, ondan puç və mənasız iş baş verməz.

Əgər bir qədər fikirləşib düşüncələrə dalsaq, bu nəticəyə yetişərik ki, insanın yaradılmasından hədəf həmin məhdud dünya həyatı deyil. O, qeyri-məhdud və əbədi bir həyat üçün yaranmışdır. Bu isə ölümdən sonrakı bir həyat deməkdir.

Qurani-məcid bir dəlilə işarə edərək ayələrin birində belə buyurmuşdur:

"Siz güman edirsiniz ki, sizləri əbəs və bihudə yerə yaratmışıq və siz bizim tərəfə qayıtmayacaqsınız?!"

Quranda bu məzmunda ayələr çoxdur.

MƏAD CİSMANİ ANLAMDIR

Quran ayələrindən istifadə etməklə bəlli olur ki, məad və ölümdən sonrakı diriliş cismani bir anlamdır. Yəni insanın ruhu bir daha bədənə qayıdır, ruh və bədən hər ikisi öz əməllərinin cəzasına çatırlar.

Günlərin birində islama müxalif olanlardan biri, Ubbi ibn Xələf adlı bir nəfər çürümüş bir sümüyü peyğəmbərin (s) yanına gətirdi, onu əlində un kimi yumşaltdı, toz halına salıb havaya səpələdi. Məadı inkar etmək məqsədilə bu dağılmış hissəciklərin bir daha pərakəndə haldan toplanaraq əvvəlki vəziyyətə qayıtmağının mümkün olmadığını sübut etmək üçün söylədi:

- O hansı qüdrətdir ki, bu çürük və torpağa çevrilmiş sümükləri ikinci dəfə diriltməyə qadirdir?

Allah-təala Rəsuli-əkrəmə fərman göndərdi ki, belə desin və onun cavabını versin:

- Həmin Allahdır ki, başlanğıcda bu sümükləri torpaqdan yaratdı, ona həyat və ömür verdi. Yenə də həmin Allah bir daha bu dağınıq və çürük sümükləri cəmləyib diriltməyə qadirdir.

MƏADA İNAMIN TƏSİR VƏ NƏTİCƏSİ

Məada inamın böyük əqli, mənəvi və əxlaqi təsiri vardır.

Bu inam insanı öz vəzifəsini yerinə yetirməkdə çalışqan edir, o öz işindən möhkəm yapışır. Çünki o belə öyrənib ki, heç bir əməl əvəzsiz qalmaz. Tanrı hər şeyin haqq-hesabını dəqiq biləndir, hər şeyin gizlin və aşkar cəhətlərini bilən ədalətli hakimdir. Bu inamla insan tam ümidvarlıq hissi ilə, arxayın halda öz xidmətlərini davam etdirir, özünü islah etməklə məşğul olur.

Yenidən dirçəliş inamı insana həyat müjdəsi verir, insan bilir ki, təkcə bu məhdud həyat üçün yaradılmayıb, ölümlə həyatın yeni bir mərhəlsinə qədəm qoyur. Bu yeni həyat dünyadan daha genişdir. İnsan bilir ki, dünya axirət həyatının müqəddiməsidir, geniş axirət həyatı isə insanın dünya həyatında əldə etdiyi əməllər, rəftar, əxlaq və ruhiyyəsinin nəticəsidir. Axirət dünya həyatından ayrılmaz deyil, bağlıdır. Necə deyərlər, axirətdə həmin dünya həyatında əkdiyi toxumun məhsulunu əldə edir.

Bu baxımdan, Qurani-məcidin bu hikmətli kəlamına diqqət yetirək. O, bu barədə belə buyurur:

"Hər kim bir zərrə ağırlığında və ölçüsündə xeyir iş görmüşsə, onun əvəzini görəcək. Eyni zamanda, hər kim bir zərrə ölçüsündə pis iş görmüşsə, onun əvəzini görəcək".

Hikmətli bir kəlamda belə deyilir: «Qoca kəndli öz oğluna nə gözəl demişdir: Ey gözümün işığı, əkdiyindən başqa bir şey biçməzsən!"

AXİRƏT ALƏMİNİN MƏRHƏLƏLƏRİ

Axirət aləminə aid olan bir sıra mövzulardan sonra onun mərhələləri haqda danışmaq münasib olardı:

1- Ölüm ;

Ölüm ruhun təmamilə bədəndən ayrılmasına deyilir ki, hər bir insan müxtəlif xəstəliklər, hadisələr və s. səbəblərdən bu dünyadan köçəcək və dünyada etdiyi əməllərə görə Allah qarşısında hazır olacaqdır.

Bir sıra hədislərə əsasən ölüm, mömin və yaxşı əməl sahibləri üçün asan, kafirlər və günahkarlar üçün isə çətin və ağır olacaqdır.

Kafirlər və qeyb aləmini inkar edənlər ölümü aradan gedib məhv olmaq kimi qələmə verir, möminlər və saleh bəndələr isə onu məhv olmaq deyil, əksinə, əbədi yaşayışa qovuşmaq bilirlər.

2- Qəbir ;

Ruhu bədənindən çıxmış insan qüsl, kəfən və s. işlərdən sonra qəbirdə dəfn olunur.

Kafir, müşrik və günahkarlar üçün qəbir sıxıntısı ən qorxulu və dözülməz hadisələrdən biri sayılır.

İstər müsəlman, istərsə də qeyri-müsəlman üçün qəbir məsələlərindən biri də münkir və nəkirin ölüdən bir sıra suallar soruşmasıdır. Onlar qəbirdə olan insandan Allah, peyğəmbər, müqəddəs kitab, imam və s. məsələlər haqda sual edəcəkdir.

3- Bərzəx ;

Bərzəx aləmi Qiyamət gününədək möminlər və kafirlərin qalacağı müvəqqəti bir yerdir ki, möminlər Qiyamət gününədək orada cənnətə oxşar müvəqqəti yerdə, kafirlər isə cəhənnəmə oxşar bir yerdə qalacaqlar.

Bu aləm dünya həyatı ilə Axirət arasında olan ayrılıq və boşluğu doldurduğu üçün «Bərzəx» adlanmışdır. (Qurani-kərimin Möminun surəsinin 100-cü ayəsi, həmçinin bir sıra hədislərdə Bərzəx aləmi haqda danışılmışdır).

4- Qiyamət ;

«Qiyamət» sözü ayağa qalxmaq və dirçəliş mənasını daşıyır. Qurani-kərimdə bu gün «Yəvmud-din» (cəza və mükafat), «Yəvmul-axir» (son gün), «Yəvmul-həsrət» (həsrət günü), «Yəvmul-üsr» (çətin gün) və «Yəvmə tubləs-sərair» (pərdələrin kənara gedib, sirlərin aşkar olduğu gün) kimi adlarla yad edilmişdir.

Qurani-kərimin buyurduğuna görə, iki dəfə İsrafilin vasitəsi ilə şeypur çalınacaq.

Birinci dəfə çalınanda yerdə və göylərdə olan canlı varlıqlar öləcək və bununla da Qiyamət günü başlanacaqdır.

Şeypur ikinci dəfə çalındıqda isə, ölmüş canlılar bir daha diriləcək və Allah hüzurunda dayanacaqlar. Qurani-kərimdə oxuyuruq:

« İsrafil şeypuru çalacaq Allah istədiyi kəslərdən başqa göylərdə yerdə olan bütün canlılar öləcəkdir sonra bir daha şeypur çalındıqda , insanlar ölümdən ayılaraq ( məhşərə ) baxacaqlar ».

Qiyamət gününün necə ağır və dəhşətli olduğunu diqqətinizə çatdırmaq üçün bir neçə ayəni qeyd edirik:

« Bağışlayan va mehriban Allahın adı ilə . Ey insanlar ! Rəbbinizdən ( qorxub ) pərhizkar olun ki , şübhəsiz Qiyamət gününün zəlzələsi çox böyuk bir hadisədir . O gün bütün südverən analar qorxudan öz körpələrini unudacaq bütün hamilə qadınlar uşaqlarını salacaqlar .

O gün xalqı məst halda görəcəksən , halbuki onlar məst deyil lakin Allahın əzabı şiddətlidir ».

Nəql olunmuş rəvayətə əsasən, bu ayələr «Bəni-müstələq» döyüşündə Həzrət Peyğəmbərə (s) nazil oldu. Peyğəmbər onu müsəlmanlar üçün oxudu və onlar qorxudan ağlayaraq pərişan oldular.

Hamılıqla o günün şərrindən Allaha pənah aparırıq.

5- Qəbrdən qalxmaq ;

Həzrət İsrafilin çaldığı ikinci şeypurdan sonra əvvəldən dəfn olunmuş insanlar öz qəbirlərindən qalxacaq və etdiyi əməllərin hesabını görəcəklər.

Qurani-kərim bu haqda buyurur:

«( Onlar ) qəbrlərdən çıxaraq həşəratlar kimi məhşərə səpələnəcəklər ».

6- Əməllərin hesablanması ;

Qurani-kərimin buyurduğuna əsasən, Qiyamət günündə zərrə qədər də olsa yaxşı və pis əməllər ölçüləcək və onların hər biri üçün savab və cəza veriləcəkdir.

Hədislərdən belə başa düşülür ki, yaxşı əməlləri artırıb daha çox savab almaq üçün Həzrət Peyğəmbər (s) və onun pak ailəsinə salavat göndərmək, (Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd) sözünü demək, həmçinin xoş əxlaqlı olmaq çox faydalıdır.

Bu mərhələdə əməllərin ölçülüb hesablanması üçün bir sıra şahidlər şəhadət verəcəkdir. Qurani-kərimin ayələrindən istifadə olunduğu kimi, Qiyamət günündə şəhadət verənlər aşağıdakılardan ibarətdir:

Birinci : Allah-təala;

İkinci : İslam ümmətinin peyğəmbəri;

Üçüncü : İnsanın bədən üzvləri;

Dördüncü : Mələklər;

Beşinci : Yer; (Bu barədə Həcc surəsi, ayə 17, Nisa surəsi, ayə 41, Nəhl surəsi, ayə 89, Nur surəsi, ayə 24, Qaf surəsi, ayə 21 və Zəlzələ surəsi 4-5-ci ayələrə baxa bilərsiz).

Həmçinin Qurani-kərimdə Qiyamət günündə İslam ümməti, əməllər kitabı və əməllərin şəhadət verməsi barədə də söz açılmışdır. (Bu barədə Bəqərə surəsi ayə 143, Kəhf surəsi ayə 49, Ali İmran surəsi ayə 30 baxa bilərsiz).

7- Əməllər kitabının verilməsi ;

Axirət aləminin həyəcanlı mərhələlərindən biri də insanlara əməllər kitabının verilməsidir.

Bu kitab insana sağ tərəfdən verilərsə, onun cənnətə, sol tərəfdən verilərsə, cəhənnəmə gedəcəyi məlum olacaqdır.

İnsanların bütün yaxşı və pis işləri bu kitabda yazılı halda təhvil veriləcəkdir ki, Qurani-kərimdə bu haqda belə buyurulur:

« Onlar deyərlər : Vay olsun bizə ! Bu cür kitabdır ki , bizim bütün kiçik böyük əməllərimizi ( unutmamış ) saxlamışdır !».

8- Sirat körpüsü ;

Axirət aləminin ən qorxulu mərhələlərindən biri də bütün insanların siratdan keçməsidir. Sirat yeddi dayanacaqdan ibarət bir körpüdür. Bu dayanacaqlar aşağıdakılardan ibarətdir:

Birinci : Rəhim (qohum-əqrəba ilə yaxşı rabitə), əmanət və məsumların vilayət və imaməti;

İkinci : Namaz;

Üçüncü : Xüms və zəkat;

Dördüncü : Oruc;

Beşinci : Həcc;

Altıncı : Təharət və təmizlik;

Yeddinci : Məzalim (xalqın hüquqları).

Məryəm surəsinin 70-ci ayəsinə əsasən, bütün insanlar bu sirat körpüsündən keçməli, amma günahkarlar sirat üzərində büdrəyib Cəhənnəmə düşəcəklər.

Sadaladığımız yeddi dayanacağın hər birində insandan bu əməllərin yerinə yetirib-yetirməməsi soruşulacaq, onları yerinə yetirmişsə, tez keçəcək, əks təqdirdə isə ayağı büdrəyəcəkdir. Amma mömin şəxslər bu körpünü bir gözqırpımında keçəcəklər.

9- Behişt ya Cəhənnəm :

Axirət aləminin sonuncu və əbədi mərhələsi Cənnət və ya Cəhənnəmdən ibarətdir ki, Cənnət yaxşı əməl sahibləri olan möminlər, Cəhənnəm isə müşrik və kafirlər üçün əbədi bir yerdir.

Məşhur alim Şeyx Səduq (r.ə.) bu barədə deyir:

«Cənnət haqda əqidəmiz belədir: Həqiqətən Cənnət əbədilik və sağlamlıq evidir. Orada ölüm, qocalıq, xəstəlik, ziyan və fanilik yoxdur. Həmçinin Cənnətdə heç bir qəm-qüssə, hacət və yoxsulluq olmayacaq. Cənnət ehtiyacsızlıq və səadət evidir.

Cəhənnəm haqda olan əqidəmiz isə belədir: Həqiqətən Cəhənnəm zillət evi olub, küfr və günah əhlindən intiqam alınmaq yeridir ki, yalnız küfr və şirk əhli orada əbədi olaraq qalacaqdır».

AXİRƏT ALƏMİ BARƏDƏ BİR NEÇƏ SÖZ

1 -Məlum olduğu kimi, dünyada yaxşı əməl sahibi olan möminlər əbədi olaraq Cənnətdə, kafirlər və müşriklər isə əbədi olaraq Cəhənnəmdə qalacaqdır. Amma günahkar müsəlmanlar müvəqqəti cəhənnəm əzabından sonra Cənnətə aparılacaq və əbədi olaraq orada qalacaqlar.

2 -Şəfaət bir şeyin digər bir şeyin kənarında durmasına deyilir. İmtahandan iki almış şagirdə bir qiymət əlavə edərək üç qiymətlə müəllim tərəfindən edilən bu hörmət, şəfaət üçün ən yaxşı bir misaldır.

Bizim əqidəmizə əsasən Qiyamət günü peyğəmbərlər, imamlar, alimlər, şəhidlər və salehlər bəzi günahkar bəndələrə şəfaət edəcək və beləliklə Allah-təala onların təqsirindən keçəcəkdir. Qurani-kərimdə oxuyuruq:

« Qiyamət günü Allahın izn verdiyi sözlərini bəyəndiyi şəxslərdən başqa heç bir kəsin şəfaəti fayda verməz ».

Qeyd etmək lazımdır ki, şəfaət heç də səhlənkar, müqəssir və bu kimi digər şəxslərə aid olmayıb, yalnız məxsus insanlar üçün Allah izni ilə həyata keçəcəkdir.

3 -Müsəlman məzhəbləri arasında olan ixtilaflardan biri də «vəd» və «vəid» məsələsidir. «Vəd» savab və xeyir, «vəid» isə əzab və cəza üçün işlədilir. Bizim əqidəmizə əsasən Aliah-təala heç vaxt öz vədinə yalançı çıxmaz. Necə ki, Qurani-kərimdə buyurur:

« Bu , Allahın vədidir Allah heç vaxt öz vədinə yalançı çıxmaz , lakin xalqın çoxu bundan agah deyildir ».

Lakin vəid (cəza və əzab vədəsini) yerinə yetirib-yetirməməkdə ixtiyar sahibidir. Yəni Allah-təala bir şəxs və ya bir millət üçün vəid (cəza və əzab vədi) verərsə, bu vədinə əməl edib-etməməsi öz ixtiyarındadır. Necə ki, Qurani-kərimdə buyurur:

« Göylərdə yerdə olan hər bir şey Allaha məxsusdur . O , istədiyini bağışlayar istədiyinə əzab verər Allah bağışlayan mehribandır ».