ÜMUMİ PEYĞƏMBƏRLİK

Dini etiqad əsaslarının üçüncüsü peyğəmbərlik və peyğəmbərlərə olan etiqaddır. Birinci əsas - tövhid, ikincisi isə ədalət məsələsidir ki, keçən dərslərdə onlardan bəhs etdik.

Peyğəmbərlik və ya nübuvvət nə deməkdir?

Peyğəmbərlər Tanrı tərəfindən bəşərin hidayəti, onlara yol göstərmək üçün göndərilir. Bəzi rəvayətlərə görə peyğəmbərlərin sayı 124 mindir.

Sonuncu peyğəmbər İslamın əziz peyğəmbəri Muhəmməd ibn Əbdullahdır(s) ki, ondan sonra peyğəmbər gəlməyib və gəlməyəcəkdir.

Peyğəmbərlərin göndərilməsinin zəruriliyi aydındır. Hikmətli yaradan bu geniş dünyanı hədəfsiz və məqsədsiz yaratmamışdır.

Aydındır ki, xilqətin hədəfi elə bir şey deyil ki, onun faydası Allahın özünə çatsın. Əvvəlki dərslərdə oxuduğumuz kimi böyük Tanrının nöqsanı və ehtiyacı yoxdur. Deməli o, dünyanı yaradarkən onu öz xeyrinə və ehtiyacına görə yaratmayıb, bundan məqsəd özünü kamilləşdirmək və ehtiyacını ödəmək olmayıb.

Buna görə xilqətin hədəfi gərək yaranan şeylərə qayıtsın. Bu dünya üçün təsəvvür və dərk edə biləcəyimiz yeganə hədəf bütün mövcudatın təkamülüdür. Burada insanın təkamülü xüsusi yer tutur, insanın hərtərəfli təkamülü xilqətin hədəfi sayılır.

Aydındır ki, insanların inkişaf və təkamülü ilahi bir tərbiyəçinin rəhbərliyi olmadan, ayrıca proqram qurulmadan mümkün deyil. Qeyri ilahi rəhbərlər öz bilgi və gerçəkliyi dərketmə baxımından olan məhdudiyyətlərinə görə bəşərə düzgün rəhbərlik edə bilmirlər. Onlar xəta və səhvdən uzaq deyil, bəlkə səhv və xətaya qərq olmuşlar, adi rəhbərliyə ləyaqətləri yoxdur. Adi rəhbərlər ilahi rəhbərlərin göstərişlərini əsas tutmaqla insanları düzgün yola yönəldə bilərlər.

İlahi rəhbərlər qeyb aləmi ilə əlaqə və ünsiyyətdə olurlar və hər sayaq xəta və səhvdən uzaqdırlar. Ona görə onlar insanları həqiqi səadətə yetirə bilirlər. Onlar rəhbərlik işində səhvə yol verməzlər. Deyilənlərdən nəticə çıxarırıq ki, insanın tərbiyə proqramı bəşərin bütün tələblərini bilən, nəyin insan üçün zərər və nəyin isə xeyir olduğunu düzgün təyin edən Allah tərəfindən tənzim edilməlidir. Bu proqramlar peyğəmbərlik və rəhbərlik məqamına layiq olan və qeyb aləmi ilə ünsiyyət saxlaya bilən şəxsiyyətlər vasitəsilə insanlara çatdırılmalıdır.

İNSAN İCTİMAİ VARLIQDIR

Hamının ümumi bir əqidəsi vardır ki, insan ictimai bir varlıqdır. Yəni tək-tənha bir küncdə başqaları ilə təmas və ünsiyyət saxlamadan yaşaya bilməz, əksinə başqaları ilə yanaşı yaşamağa məcburdur. İnsanların yanaşı və birgə həyat tərzi cəmiyyəti təşkil edir. Şübhəsiz ki, insanların birgə yaşayışı zamanı onlar arasında ixtilaflar və mübarizələr yaranır. Əgər bəşər cəmiyyətini idarə edən düzgün və ədalətli qanunlar olmasa, insan birliyi xoşbəxtlik və təkamülə doğru addımlıya bilməz. Ona görə də hər bir fərdin və ümumi ictimai birliyin hüquqlarını tənzim edən və qoruya bilən düzgün, möhkəm və ədalətli qanunların lazım olması aydın və aşkar bir məsələdir. İndi baxaq görək ki, bu qanunu kim tərtib etməlidir? Ən yaxşı qanunverici kimdir? Onun şərtləri nədir?

Qanunvericinin ilkin şərti budur ki, camaatın və ictimaiyyətin ruhi və cismani xüsusiyyətlərini, daxili hisslərini, istək və tələblərini və başqa cəhətlərini bilsin, dərindən xəbərdar olsun. Hərtərəfli və əhatəli bilgi isə Tanrıdan başqa kimsəyə məxsus deyildir. Çünki odur yaradan və yalnız yaradan insanın daxili və xarici aləmini, onun fiziki və ruhi səciyyələrini tam bilir və Allahdır ki, insan həyatı boyu baş verən hadisələri, müxtəlif cərəyanları, ictimaiyyəti haldan-hala salan amilləri bilir. Buna görə bəşər üçün ən düzgün qanun təyin edən, onun həyatının bütün mərhələləri üçün faydalı olan və onu məhv olmaqdan xilas edən bir qayda-qanunu yazan bir olan Allahdır. Allah-təala öz qanunlarını günah və xətadan uzaq olan, üstün, görkəmli və ləyaqətli insanlar içərisində xüsusi mövqe tutanlara öyrədir, onlar vasitəsilə camaata çatdırır. O istəyir ki, bəşər bu ilahi qanunların işığında çalışsın və rəftar etsin. Çünki bu qanunlar insanı hər tərəfli təkamülə yetirir.

Peyğəmbərlər insanlara rəhbərlik işindən başqa bir məqama da malikdirlər. Belə ki, onlar özləri Tanrı qanununu icra edən ilk insanlardır. Qanunu gətirməklə yanaşı müəllim və tərbiyəçi kimi qanuna necə əməl etməyi adamlara öyrədirlər, özləri həmin qanunların icrasının nümunə və meyarı olurlar. Bundan məqsəd başqalarının da onların ardınca ilahi qanunları öz həyat proqramı kimi rəhbər tutmasını tənzim və təmin etməkdir.

Bu baxımdan Tanrını tanıyan və ona pərəstiş edən cəmiyyətdə belə bir əqidə hökm sürür ki, Tanrı hər bir zaman ictimaiyyəti idarə etmək üçün peyğəmbər və ya peyğəmbərlər göndərmişdir ki, öz ilahi təlimləri ilə insanlara səadət və təkamül yoluna düşməyi öyrətsinlər.

Bir şəxs İmam Sadiqdən (ə) soruşdu:

- Peyğəmbərlər nə üçündür?

O Həzrət cavabında buyurdu:

- Bizə dəlillər və əsaslı sübutlarla məlum oldu ki, bizim hikmətli yaradanımız vardır, bu yaradan bizi yoxdan vücuda gətirmişdir. Eyni zamanda sübut olundu ki, Tanrı cism və maddə aləmindən deyil, fiziki varlıq deyil, bütün öz məxluqatından yüksək və üstündür. Heç bir məxluq onu görə bilməz, müşahidə edə bilməz. Onunla öz işlərinin islahı barəsində və fəsadı haqqında söhbət edə bilməz. Tanrı ilə ünsiyyətə girib ondan sual edən tapılmaz. Belə olduğu təqdirdə peyğəmbərlər və Tanrı elçilərinə ehtiyac duyulur. Onların varlığı ona görə lazımdır ki, camaatı xeyir və səadət yoluna yönəltsinlər. Peyğəmbərlər xalqın zərər və ziyanına olan şeyləri də bəyan edirlər. Bütün dövrlərdə gərək insanlar arasında yol göstərənlər olsun ki, yer üzü Tanrı hüccətindən boş qalmasın.

PEYĞƏMBƏRLƏR GƏRƏK MƏSUM OLSUNLAR

Öyrəndik ki, peyğəmbərlərin gəlməsindən məqsəd xalqa başçılıq və rəhbərlik etməkdir. Şübhəsiz ki, əgər rəhbər özü günah və xoşagəlməz işlərə əl atmış olarsa, camaatı paklığa və təmizliyə yönəldə bilməz. Bu cəhətdən ilahi peyğəmbərlər gərək hər sayaq günah və xilaf işlərdən qorunsun və uzaq olsun. Belə olduqda camaat onların yolu ilə gedər və səadət tapar.

Başqa sözlə ifadə etsək, əgər hər bir şəxs camaatı doğru danışmağa və əmanəti saxlamağa dəvət edərsə, lakin özü yalan danışarsa, işində yalan və xəyanət müşahidə edilərsə, heç vaxt onun dedikləri camaata təsir göstərməyəcəkdir. Onun kimi də əgər ilahi peyğəmbərlər xəta və səhvdən qorunmasalar və camaat onların danışığında (və ya ilahi hökmlərin bəyanında) səhv ehtimal etsələr, heç vaxt onların dediklərini tam xatircəmliklə qəbul etməzlər. Belə olduğu tərzdə onların yolu ilə getmək düzgün olmayacaq və gəlməklərinin hədəfi əməli baxımdan yerinə yetirilməyəcəkdir.

Bəli, Allah-təala şirk və günahdan qorunmayan adamları risalət və peyğəmbərlik üçün seçmir. Bu böyük məqam üçün elə şəxsiyyətləri seçir ki, hər sayaq günah və aludəlikdən pak olsun və gələcəkdə də günah və səhvlərdən qoruna bilsin.

PEYĞƏMBƏRLƏR GƏRƏK MÖCÜZƏYƏ MALİK OLSUNLAR

Hər kimin sağlam düşüncəsi varsa, dəlilsiz heç bir iddianı qəbul etmir. Hər kim dəlilsiz iddianı qəbul edərsə, bu, onun ağlının nöqsanına dəlalət edir. Ona görə də lazımdır ki, bütün peyğəmbərlər iddialarını sübut etmək üçün dəlil və sübut gətirsinlər - yəni onların peyğəmbər olması, özlərinin Allah tərəfindən peyğəmbərliyə seçilməsi camaat üçün sübut edilsin.

Peyğəmbərlərin qeyb aləmi ilə əlaqəsini təsdiq edən dəlillərdən biri möcüzə məsələsidir. Möcüzə elə bir işdir ki, peyğəmbərin yerinə yetirdiyi iş elə bir şəraitdə baş verir ki, başqalarından asılı olmur. Məsələn, ölünü diriltmək, müalicəsi mümkün olmayan xəstəlikləri vasitə olmadan sağaltmaq.

İmam Sadiq (ə) bu barədə belə söyləyir: «Hər bir peyğəmbərin özü ilə şahidi olmalıdır ki, onun düzgün danışmağına zamin olsun».

Aydın şahidlərdən biri möcüzədir ki, camaat onun vasitəsilə peyğəmbərlik iddiasında olanların sözünün düzgünlüyünü təyin edir.

Peyğəmbərliyin lüzumu haqda bir çox ayə və hədislər mövcuddur ki, onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

« Şübhəsiz hər bir ümmət üçün Allaha sitayiş tağutdan çəkinsinlər deyə peyğəmbər göndərdik ».

« ( ilahi əzabdan ) qorxutmaq üçün , peyğəmbər göndərmədiyimiz bir ümmət yoxdur ».

Nəql olunmuş hədisdə bir nəfər imam Sadiqdən (ə) soruşdu:

- Zərdüştlər üçün peyğəmbər gəlmişdirmi?.... Çünki mən onların bir növ şəriətə əməl etdiklərini görmüşəm.

İmam Sadiq (ə) cavabında buyurdu:

- İlahi əzabdan qorxutmaq üçün peyğəmbər göndərilməmiş bir ümmət yoxdur. Şübhəsiz, zərdüştlər üçün Allah tərəfindən peyğəmbər və (asimani) kitab göndərilmiş, lakin onlar onu inkar etmişlər.

PEYĞƏMBƏRLİYİN FƏLSƏFƏSİ

Yəqin ki, «peyğəmbərlər nə üçün gəlmişdir?» sualı sizi də maraqlandırır.

Qurani-kərimin müxtəlif ayələrini gözdən keçirtdikdən sonra belə bir nəticəyə gəlmək olar ki, peyğəmbərlərin gəlişi aşağıdakı işlər və məqsədlər üçündür.

1 -Xalqı tövhidə tərəf dəvət və zülmkarlardan çəkindirmək;

Qurani-kərimdə buyurulur:

« Şübhəsiz , hər bir ümmət üçün Allaha sitayiş tağutdan çəkinsinlər deyə peyğəmbər göndərdik ».

2 -Xalqa hakimiyyət;

Qurani-kərimdə oxuyuruq:

« Allah xalq arasında öz peyğəmbərlərini ( saleh insanlara ) müjdə vermək ( günahkarları ) qorxutmaq üçün göndərdi xalq arasında olan bir sıra ixtilafları həll etsinlər deyə onlarla birlikdə həqiqət olan ( asimani ) kitab göndərdi ».

3 -Xalq arasında ədaləti bərpa etmək;

Qurani-kərimdə buyurulur:

« Şübhəsiz , xalq arasında ədalət bərpa olsun deyə öz peyğəmbərlərimizi aşkar dəlillərlə göndərib , onlarla birlikdə ( asimani ) kitab ədalət ( haqq ) ölçüsü göndərdik ».

4 -Xalqın təlim-tərbiyəsi;

Qurani-kərimdə oxuyuruq:

« O Allahdır ki , xalq üçün ilahi ayələri oxumaq , onların ( əxlaqlarının ) saflaşdırılması , həmçinin onlara elm hikmət öyrətmək üçün özlərindən peyğəmbər göndərdi ».

5 -Xalqa höccətin tamamlanması.

Qurani-kərimdə oxuyuruq:

« Allah ( saleh bəndələrinə ) müjdə verib , ( günahkarları cəhənnəmdən ) qorxutmaq üçün peyğəmbərlər göndərdi ki , onlardan sonra xalqın Allaha heç bir höccəti olmasın ( Axirət aləmində bəhanə gətirməsinlər ), Allah həmişə qüdrətli hikmətlidir ».

Beləliklə, ilahi peyğəmbərlərin göndərilməsindən məqsəd, insanları tövhidə dəvət etmək, zülmkarlardan çəkindirmək, xalq arasında dini hakimiyyət yaratmaq, ədaləti bərpa etmək, həmçinin xalqın təlim-tərbiyəsi və onlara ilahi höccətin tamamlanması olmuşdur.

İLAHİ PEYĞƏMBƏRLƏRİ TANIMAQ YOLLARI

Tarix boyu bir sıra insanlar özlərinin ilahi peyğəmbər olmasını iddia etmiş və xalqı özlərinə itaət etməyə çağırmışlar. Onların doğruçu və ya yalançı olmasını ayırd etmək həmişə çətin bir iş olmuşdur. Elə bu səbəbdən də, çoxlu insanlar yalançı peyğəmbərlərə aldanmış və özlərini azğınlıqlara düçar etmişlər. Amma ilahi peyğəmbərləri yalançı peyğəmbərlərdən ayırd etmək üçün aşağıdakı yollar qeyd olunmuşdur:

1 - Peyğəmbərin özünəməxsus rəftarı, həyat boyu azğın yollara düşməməsi və xalq arasında pis adam kimi tanınmaması;

2 - Özündən qabaqkı və sonrakı peyğəmbərlərdən xəbər verməsi;

3 - Xalqı bir olan Allaha itaət edib, günahlardan çəkindirməsi;

4 - Sözlərinin sağlam ağıl və düşüncə ilə uyğun gəlməsi;

5 - Öz ilahi dəvətini isbat etmək üçün möcüzə gətirməyə qadir olması;

Möcüzə bir çox qeyri-adi işlərə deyilir ki, ilahi peyğəmbərlər özlərinin haqq olduğunu isbat etmək üçün Allahın izni ilə onları göstərir və bu da onların iddia etdiyi peyğəmbərliyin doğru olduğunu çatdırır.

Bəzi şəxslər möcüzəni düzgün başa düşməyib, onun sehr olduğunu güman edirlər. Əsasən möcüzə ilə sehrin (cadunun) bir-biri ilə aşağıdakı fərqləri vardır:

1 - Sehr və cadu təlim-tərbiyə ilə əldə olunan bir şeydir. Möcüzə isə bunun əksinə olaraq yalnız Allahın izni ilə zahir olur.

2 - Sehr və cadunu təsirdən salmaq mümkündür, möcüzəni isə yox.

Yəni hər hansı bir sehrbaz və ya cadugər başqasının sehr və cadusunu aradan aparıb, öz sehri ilə ona qələbə çala bilər, möcüzə qarşısında isə heç bir iş görmək mümkün deyildir. Elə buna görə də, möcüzə sehr və cadunun əksinə olaraq mübarizəyə çağırmaq kimi xüsusiyyətə malikdir.

3 - Sehr və cadu əksərən maddi məqsədlər və dünyəvi maraqlar üçün həyata keçirilir, amma möcüzə belə deyildir.

Bütün bu dəlillərə əsasən Həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) Allahın peyğəmbəri olub, xalqın hidayəti üçün göndərilmiş ilahi elçidir.

İndi isə ümmətlərin ilahi peyğəmbərlərə münasibəti və onlara qarşı etdikləri rəftarları diqqətinizə çatdırırıq.

Qurani-kərimin bu mövzuya aid olan ayələrinə nəzər saldıqda ilahi peyğəmbərlərə qarşı olan belə bir rəftarları görmək olar:

1 -Məsxərə və istehza;

Tarix boyu caamatın bir dəstəsi Allah tərəfindən göndərilmiş peyğəmbərlərə istehza ilə yanaşır və haqq sözü qəbul etmək əvəzinə onları məsxərə edirdilər.

2 -Təhqir;

Xalqın bir dəstəsi ilahi peyğəmərlərin nüfuzunu aradan aparmaq üçün həmişə onları təhqir edirdilər.

3 -İftira;

Onlar ilahi peyğəmbərlərdən möcüzə gördükdə onları sehrbaz, ilahi ayələri isə əfsanə adlandırırdılar.

4 -Mücadilə;

Fitrəti yatmış kafirlər ilahi peyğəmbərləri dinləyib məntiqə uyğun sözü qəbul etmək əvəzinə, onlarla sözləşir və çaşdırmaq üçün araya söz atırdılar.

5 -Təhdid;

Kafirlər günü-gündən ilahi peyğəmbərlərin tərəfdarlarının artmasını görüb onları ilahi təbliğdən ayırmaq üçün öldürmək, daşqalaq, sürgün, və s. işlərlə hədələyir və onlar öz vəzifəsindən əl çəksin deyə bir çox rüşvət vədləri verirdilər.

6 -Kobudluq və qətl.

Kafirlər ilahi peyğəmbərləri özlərinin bütün planları qarşısında səbrli və təmkinli gördükdə isə kobudluğa əl atıb onları qətlə yetirirdilər.

Amma Allah-təala da azğın millətlərin bu kobud və yaramaz hərəkətləri qarşısında sükut etməmiş və onları müxtəlif bəlalara düçar etmişdir.

Buna misal olaraq, Həzrət Nuh peyğəmbərin millətinin tufanda qərq olması və Lut peyğəmbərin qövmünün başına daş yağdırılmasını qeyd etmək olar. Bu yaramaz rəftarların səbəbi onların təkəbbürlük, inadkarlıq, öz ata-babalarına kor-koranə təqlid etmələri və s. ağılsızlıqlardan ibarət idi.

Biz də bu keçmiş millətlərin insanlıqdan uzaq olan rəftarlarına nəzər salıb ibrət dərsi almalı və nəmrudlar, fironlar, əbucəhllər, əbusüfyanlar və başqalarının tutduqları pis yolları bir daha təkrar etməkdən ciddi şəkildə çəkinməliyik.

PEYĞƏMBƏRLİYƏ AİD BİR NEÇƏ SÖZ

Nübuvvət fəslinin sonunda peyğəmbərliyə aid bir neçə mühüm mövzunu diqqətinizə çatdırırıq:

Birinci :

Əhli-beyt məktəbinin əqidəsinə əsasən hər bir peyğəmbər aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

1 - Kişi olması;

Bütün ilahi peyğəmbərlərin kişi olması zəruridir və Qurani-kərim bu sözü təsdiq edir:

«( Ey peyğəmbər ) səndən qabaq vəhy etdiyimiz kişilərdən başqa , ( ayrı ) bir peyğəmbər göndərmədik ».

2 -Peyğəmbərlərin öz xalqlarının dilində danışması;

Qurani-kərimdə buyurulur:

«( Ey peyğəmbər !) Allah hökmlərini bəyan etmək üçün öz qövmünün dilində danışan peyğəmbərdən başqa bir peyğə m bər göndərmədik ».

3 -Peyğəmbərlərin xalqdan mükafat (pul və s.) almaması;

İlahi peyğəmbərlər bütün çətinliklər, əzab-əziyyətlər və dini yaymağın əvəzində xalqdan heç bir şey almamalıdır.

Qurani-kərimdə oxuyuruq:

«( Ey Peyğəmbər ! İslam ümmətinə ) de ki , mən sizdən yaxınlarıma ( Əhli - beytimə ) məhəbbətdən başqa bir əcr istəmirəm ».

4 -Peyğəmbərlərin məsum olması;

İlahi peyğəmbərlər dünyaya gələndən vəfat edənədək heç bir günah iş görməmiş, ilahi vəhyi (hökmləri) xalqa çatdırmaqda səhv etməmiş və bu işdə heç bir şeyi yaddan çıxarmamışlar. Bu isə təkcə iddia olmayıb, istər ağıl, istərsə də ayə və hədislər vasitəsi ilə təsdiq olunur. Çünki günahkar, unudan və səhv edən şəxsin peyğəmbər olması heç də qəbul olunası bir şey deyildir.

Əks təqdirdə, xalq günahkar peyğəmbərin (özü günahkar olduğuna görə) sözlərinə baxıb günaha batar, həmçinin səhv edib unudan (yaddaşsız) peyğəmbər isə Allah hökmünün əvəzinə xalqa yanlış hökmləri çatdırar. Bu isə ilahi peyğəmbərlərin göndərilməsi tərzi-təfəkküründən çox-çox uzaqdır.

Qeyd etdiyimiz kimi, peyğəmbərlər insanları Allah ibadətinə dəvət etməyə və günahdan çəkindirmək üçün göndərilmişdir.

Bu haqda olan bir neçə ayə və hədisləri də diqqətinizə çatdırırıq. Qurani-kərimdə oxuyuruq:

« Mənim əhdi - peymanıma ( peyğəmbərlik rəhbərliyə ) zalım şəxslər nail ola bilməz ».

Ayrı bir ayədə isə belə buyurur:

« Şübhəsiz Allah hüdudlarını ( qayda - qanunlarını ) ayaq altında qoyan şəxslər özlərinə zülm etmiş ( zalımlardır )».

Beləliklə günah edən şəxs zalım, zülmkar şəxs isə heç vaxt peyğəmbərliyə (rəhbərliyə) çata bilməz.

İkinci :

Bizim əqidəmizə görə qədim zamanlardan indiyədək insanların doğru yola hidayət olunması üçün 124000 peyğəmbər gəlmişdir ki, onların birincisi Həzrət Adəm (ə), sonuncusu isə Həzrət Muhəmməddir (s).

Bu peyğəmbərlərdən 26-nın adı Qurani-kərimdə zikr olunmuşdur ki, bu haqda Nisa surəsinin 163 və 134-cü, Ənam surəsinin 84-86-cı, Ənbiya surəsinin 85-ci, Hud surəsinin 50, 61, 84-cü, həmçinin Fəth surəsinin 29-cu ayələrinə baxa bilərsiniz.

Əbuzər (r.ə.) nəql edir ki, Həzrət Muhəmməddən (s) peyğəmbərlərin sayını soruşduqda buyurdu: «İlahi peyğəmbərlər yüz iyirmi dörd min nəfərdir».

Üçüncü :

Allah tərəfindən göndərilmiş 124000 peyğəmbər heç də bir-biri ilə bərabər olmamış, məqam və mənzilətdə bir-birləri ilə fərqlənmişlər.

Qurani-kərimdə buyurur:

« Bu ilahi elçilərin bəzisini bəzisindən üstün etdik ».

Həmçinin buyurur:

« Şübhəsiz bəzi peyğəmbərləri ( nəbiləri ) bir - birindən üstün etdik ».

Dördüncü :

İlahi peyğəmbərlərdən yalnız 5 nəfəri «Ulul -əzm» peyğəmbərlər kimi tanınmış və bunun səbəbi onların şəriət və dinlərinin bütün dünya üçün gəldiyi və asimani kitaba malik olmalarından ibarətdir.

Ulul-əzm peyğəmbərlər - Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmməddir (s) ki, onlara nazil olan kitablar aşağıdakılardan ibarətdir:

1 - Suhuf - Nuh (ə);

2 - Suhuf - İbrahim (ə);

3 - Tövrat - Musa (ə);

4 - İncil - İsa (ə);

5 - Quran- Həzrət Muhəmməd (s).

Ulul-əzm peyğəmbərlərin daha üstünü isə islam peyğəmbəri Həzrət Muhəmməddir (səlləllahu ələyhi və alihi və səlləm). O Həzrət (s) buyurur:

«Mən Cəbrail, Mikail, İsrafil və Allahın bütün yaxın mələklərinin üstünü, xalqın daha yaxşısı və Adəm övladlarının seyyidi və ağasıyam».

Beşinci :

Qurani-kərim Həzrət Muhəmmədə (s) iki dəfə nazil olmuşdur ki, birinci dəfə o Həzrətin mübarək qəlbini nurlandırıb vəhyə hazırlamaq üçün icmali şəkildə, ikinci dəfə isə tədriclə olaraq 40 yaşından başlayıb 63 yaşında sona çatmışdır.

Altıncı :

Qurani-kərim Həzrət Muhəmmədə (s) nazil olduğu kimi qalmış və heç bir təhrifə məruz qalmadan bizim əlimizə çatmışdır.

Bunun əksinə etiqad bəsləyənlər isə bəsirətsiz olub, yersiz danışan və kor-koranə yol gedənlərdir.

Əlbəttə bu, heç də sırf iddia deyil, əksinə, Quranın möhkəm ayələri və mötəbər hədislər əsasındadır.

Qurani-kərim bir sıra möhkəm dəlillərə əsasən Tövrat və İncilin əksinə olaraq, heç vaxt təhrif olunmamışdır. Yəni ona artırılmamış və ya ondan heç bir şey azaldılmamışdır. Bu sözə aid bir neçə dəlilləri qeyd edirik.

Allah-təala Quranın hər növ təhrifdən qorunub saxlanılması haqda belə vəd edir:

« Şübhəsiz Quranı biz nazil etmiş həqiqətən biz onu qoruyacağıq ».

Digər bir ayədə belə buyurur:

« Şübhəsiz Allah öz vədəsinə yalançı çıxmaz ».

Qurani-kərimdə onun batildən (təhrif və yalandan) uzaq olması haqda buyurulur:

« həqiqətən bu kitab izzətlidir , heç vaxt batil onun önü arxasındandan onunla birgə olmaz , çünki o ( Quran ) hikmətli ( sifətləri ) bəyənilmiş Rəbbin tərəfindən nazil olmuşdur ».

Yeddinci :

Həzrət Muhəmməd (s) peyğəmbərlərin sonuncusu və üstünü olduğu kimi, İslam dini də dinlərin sonu, üstünü və əbədisidir. Həqiqətdə İslam dininin zühur etməsi ilə sair dinlər öz etibarlarını itirmişlər.

Həzrət Muhəmməddən (s) sonra isə heç bir peyğəmbər gəlməyəcəkdir. Qurani-kərimdə oxuyuruq:

« Muhəmməd ( s ) ( Allah elçisi olub ), sizlərdən heç birinizin atası deyildir . Lakin o , Allahın elçisi peyğəmbərliyi xətm edəndir ( sona çatdırandır ) Allah hər bir şeydən agahdır ».

Səkkizinci :

Qurani-kərimdə buyurulduğu kimi, bəzi vaxtlar eyni zamanda iki şəxs peyğəmbərlik etmiş, amma onlardan biri digərinə tabe olmuşdur ki, Həzrət İbrahim (ə) və Həzrət Lutu (ə) buna misal vurmaq olar.

Doqquzuncu :

Biz müsəlmanlar İslam dini və Həzrət Muhəmmədin (s) sair dinlər və peyğəmbərlərdən üstün olmasına inanmaqdan əlavə, bütün ilahi dinlər, peyğəmbərlər və onlara gələn ilahi kitablara dərin hörmət bəsləyirik.

Qurani-kərimdə oxuyuruq:

« Allah elçisi ona nazil olanlara iman gətirmişdir möminlər hamılıqla Allaha , onun mələklərinə , göndərdiyi ( asimani ) kitablara peyğəmbərlərə iman gətirərək deyərlər : « Allahın göndərdiyi peyğəmbərlərin heç birinin arasında fərq qoymarıq ». ( möminlər ) hamılıqla deyərlər : « Biz Allahın fərmanını eşidib ( ona ) iman gətirdik . İlahi , biz Sənin bağışlamağını istəyir Sənə tərəf qayıdacağımızı bilirik ».

SONUNCU PEYĞƏMBƏR

Öyrəndik ki, sonuncu peyğəmbər Həzrət Muhəmməd ibn Əbdullahdır (s). O, qırx yaşında peyğəmbərliyə yüksəlmişdir. Tarixin şahidliyinə görə o, bütün ömrü boyu bir an da bütə pərəstiş etməmiş və Allaha şərik qoşmamışdır.

O, həmişə, xüsusilə peyğəmbərlik məqamına yetməzdən qabaqkı illərdə Həra dağının (Həra mağarasının) ayrıca bir yerində Tanrıya dua və pərəstiş edərdi.

O, Tanrı tərəfindən elə tarixi dövrdə hökm və göstəriş aldı, elə bir zamanda adamları Tanrı qanunları ilə idarə etmək tapşırığı ilə çıxış etdi ki, bəşər cəmiyyəti hərc-mərclik, müharibə və qanlı səhnələrin şahidi idi. Beyinlərdə xurafat və puç əfsanələr hökm edirdi.

O, öz peyğəmbərlik məqamını elan etdi, bunun sübutu üçün çoxlu möcüzələr və şahidlər gətirdi.

Onun möcüzələri içərisində birisi olduqca canlı, gözəçarpan və möhkəm idi. Bu məsələ indi də Muhəmmədin peyğəmbərliyinə şahid olacaq dərəcədə öz gücünü və təsirini saxlayır.

Bu canlı sənəd və əbədi möcüzə Qurani-məciddir ki, indi də parlaq bir günəş kimi cəmiyyətdə nur saçır, onun davamçılarının qəlbini işıqlandırır.

Quran indi də uca səslə belə söyləyir:

«Məni gətirən adi insan deyil, mən sadə insan fikrinin qurub yaratdığı söz toplusu da deyiləm. Məni gətirən üstün və fəzilət sahibi bir insandır ki, qeyb aləmi ilə və bu dünyanın yaradanı ilə əlaqəsi vardır. Allah onu bəşəri düz yola hidayət etmək üçün göndərmişdir".

İslam peyğəmbəri belə deyirdi :

"Ey camaat! Mən Allah tərəfindən peyğəmbərliyə seçilmişəm, bu Quran mənim peyğəmbərliyim üçün canlı sənəd və şahiddir. Əgər mənim dediklərimə şəkk edirsinizsə, hamınız bir yerə toplaşın, bir - birinizə kömək və yardım edin, bu Quranın surələrinə bənzər bir surə gətirin. Əgər bu işdə uğur qazansanız və mənimlə bərabər olsanız, o zaman mənim peyğəmbərliyimi qəbul etməyə bilərsiniz. Ancaq əgər müvəffəq olmasanız, (və yəqin ki, heç vaxt olmayacaqsınız) onda bilin ki, mən Tanrı ilə Tanrının xalqı arasında vasitəyəm. Onun peyğəmbəri və elçisiyəm ki, sizi xoşbəxtlik və kamal yoluna hidayət edəm".

O zaman bütün söz ustaları, yazıçı və şairlər, xüsusilə fəsahət və bəlağət sahəsində mahir olanlar nəinki Quranda olduğu kimi bir ayə yarada bilmədilər, əksinə hamısı öz acizliyini etiraf etdi. O zamandan bu günə kimi islamın düşmənləri islama qarşı zidd olan bütün vasitələrdən istifadə etdilər, lakin müsəlmanların müqəddəs kitabı olan Quranla mübarizə apara bilmədilər, Qurana bənzər bir ayə də yarada bilmədilər.

QURAN ƏBƏDİ MÖCÜZƏDİR!

Quran təkcə fəsahət və bəlağət, ifadə gözəlliyi, ibarə və tərkiblərin şirinliyi, cümlələrin yığcam və mənalı olması, cazibədarlıq, ruhi cəzbetmə qüvvəsi baxımından möcüzəli sayılmır, bu müqəddəs kitab bir çox cəhətdən də möcüzəli hesab edilir. Onlardan bəzilərini xülasə şəklində qeyd edək.

Bütün tarix yazarlar belə bir məsələdə eyni fikirdədirlər ki, islamın hörmətli peyğəmbəri (s) "ümmi"- yəni dərs oxumamış və təhsil almamış bir şəxs idi. Qırx yaşında peyğəmbərliyə yetişmişdi. Bu vaxta qədər heç kəsin yanında dərs oxumayıb. Bununla belə islam peyğəmbəri Quranda keçmiş peyğəmbərlərdən böyük bir qisminin həyatını nəql etmişdir. Əlbəttə başqalarının sərgüzəştini bəyan etmək təklikdə möcüzə deyil. Bu əhvalatlar yəhudilərin və xaçpərəstlərin kitablarında (əhdi-qədim və əhdi-cədid) da verilmişdir. Biz Quranın bu hissəsini (yəni peyğəmbərlərin əhvalatını) əhdi-qədim və əhdi-cədid (Tövrat və Zəbur) ilə müqayisə edə bilərik. Bu yol ilə də Quranın səmavi kitab olduğunu başa düşərik. Çünki biz yəhudi və xaçpərəstlərin əhdi-qədim və əhdi-cədid kitablarının indiki variantına müraciət etsək, görərik ki, bunları yazanlar o qədər nadan olublar ki, tarixin ən görkəmli insanları və pak müəllimləri olan peyğəmbərlərin tarixini ibrətamiz bir tərzdə bəyan etməmişlər, b