TANRININ VARLIĞINA İNAM FİTRƏTİMİZDƏDİR

İnsanın uşaqlıq dövrü başa çatdıqda, yaxşılıqları və pislikləri ayırd etmək həddinə yetişdikdə öz vicdanına üz tutur və bununla da aşağıdakı cəhətləri özü üçün müəyyənləşdirir: o, doğru danışmağı, ədalət və insaflı olmağı, insanpərvərliyi, insanlara xidmət göstərməyi və başqa bu kimi bəyənilmiş sifətləri xoşlayır, yəni bu sifətlərin yaxşı simasını dərk edir.

Belə şeyləri ilkin mərhələdə dərk etmək üçün dərs və kitab oxumağa və öyrənməyə heç bir ehtiyac yoxdur. Bir nəfər ondan soruşsa ki: "Hansı dəlilə görə düzgün danışmağın yaxşı iş olduğunu başa düşdün?", - cavabında belə deyər:

"Bunu dəlil və sübutla öyrənməmişəm. Bunun yaxşı bir iş olması duyğusu mənim vicdan və fitrətimə nüfuz etmişdir".

Tanrı varlığına inam və etiqad (dünyanı və bütün mövcudatı yaradanın varlığına inam) da bəşərin bu sayaq fitrətindən doğan bir haldır. İnsanda belə bir əqidənin yaranması üçün müəllim, məktəb və kitaba ehtiyac yoxdur. O, yalnız öz vicdan və fitrətinə müraciət etməklə belə bir məsələni dərk edir və anlayır ki, varlıq dünyasının qüdrətli və bilən yaradıcısı vardır.

Bu baxımdan, bəşərin keçmiş tarixinə müraciət etsək, görərik ki, bütün keçmiş dövrlərdə, hətta bəşər yarımvəhşi halda yaşadığı zamanlarda, mədəniyyət və təlimlə məşğul olmadığı dövrdə belə Allaha etiqad və inam duyğusu olmuşdur. Əlbəttə, bəzən Tanrını tanımaqda və müəyyənləşdirməkdə səhvlərə yol vermişlər. Məsələn, günəş və bəzi ulduzları, yer cisimlərini dünyanın və özlərinin tanrısı güman etmişlər, lakin Tanrı və yaradana olan etiqadın əsasını duymuşlar.

Tanrıya etiqad və inamın fitri olması bəlli olduqdan sonra aşağıdakı cəhəti qeyd etmək lazım gəlir.

Fitri şeylər bəzən xüsusi səbəblər və amillərin təsiri ilə unudulur. Qalın parça işıqlı lampanın üzərini örtüb onun işığının yayılmasına mane olduğu kimi, Allahı tanımaq fitrəti də bəzən elmi, bəzən də həvəslərin və şəhvani amillərin təsiri ilə qalın qəflət pərdəsi altında gizlənir. Bu isə insanı Allahdan elə şəkildə xəbərsiz edir ki, sanki onun fitrətində və canında Allahı tanımaq əqidəsi yoxdur. Ancaq bu pərdələr götürüldükdən sonra adam öz-özünə diqqət yetirir və onun varlığını duyur.

Günah və şəhvətpərəstlik üzündən Allahı tanımağın əsl fitrətindən qafil olan insanlar təyyarədə, avtomobildə və ya hər hansı bir şəraitdə müəyyən həyat təhlükəsi ilə qarşılaşarkən nicat yolu olmadığını hiss edən kimi və əlləri bir yana yetişməyincə, hamı birlikdə və həmrəyliklə Allaha üz tuturlar, ondan yardım istəyirlər. Yəni belə bir məqamda onların fitrətində olan Allah axtarışı, Allahı tanımaq istəyi və Tanrıya pərəstiş duyumu açıq-aydın təzahür edir.

Altıncı mə'sum imam Həzrət Sadiq (ə) bu incə məsələyə işarə etmişdir:

Bir nəfər o Həzrətdən xahiş etdi ki, ona Tanrı və yaradanı tanımaq üçün yol göstərsin, Tanrının varlığını sübut etmək üçün dəlil göstərsin. Həzrət onun cavabında buyurdu:

- Heç gəmiyə minmisənmi?

O şəxs cavab verdi:

- Bəli.

- Olubmu ki, sizin gəmi sınıb, sizi nicat etmək üçün başqa bir gəmi də olmayıb, özün də nicat üçün üzə bilməyibsən (yəni sənin əlin bir zahiri vasitəyə yetişməyib)?

- Bəli, olub.

- Sənin ümidin hər yerdən və hər şeydən kəsilən məqamda qəlbinin dərinliklərində elə bir ümid qaynağı olubmu ki, sənə nicat verə bilsin və təhlükəni sovuşdursun?

- Bəli, olub. Özlüyümdə belə bir hiss olub və belə bir qüdrətin varlığına ümid etmişəm ki, o, məni ölüm təhlükəsindən qurtara bilər.

İmam Sadiq (ə) buyurdu:

- Sənin qəlbində müraciət etdiyin həmin qüdrət Tanrıdır.

İnsanın aciz və həssas məqamlarda istər-istəməz üz tutub müraciət etdiyi kəs Tanrıdır.

Təkəbbür, özünübəyənmə, adamlara və başqa zahiri vasitələrə etimad pərdələri aradan qalxdıqdan sonra insanın yardım və nicat üçün üz tutduğu böyük qüdrət Tanrıdır.

Tanrı - dünyanı yaradan, ehtiyacları ödəyən və yolda qalanlara nicat verən qüdrətdir. Bəşərin əzəli və əbədi pənahı, ümid və təsəlli qaynağı, haqq və həqiqət yoluna yönəldən böyük və ulu Tanrıdır.

MÜŞAHİDƏ ETDİKLƏRİMİZ TANRININ VARLIĞINA DƏLİLDİR

Əgər saat, tikiş maşını, soyuducu, motor, avtomobil, təyyarə və bu kimi qurğuları nəzərdən keçirsək, onların hər birində özünəməxsus bir nizam və qaydanın olduğunu müşahidə edərik. Ehtimal edə bilərsinizmi ki, bu dəqiq və nizamlı qurğular alim və mütəxəssislər dəxalət etmədən öz-özünə meydana gəlmiş olsunlar?

Təyyarə motorunun heyrətləndirici qüdrət və nizama malik olması əqli baxımdan öz-özünə mümkün deyildir və bu həqiqəti siz qəbul edirsiniz. Bəs bütün dünya varlığını əhatə edən bu heyrətləndirici nizam və onun hər bir guşəsində avtomobil və təyyarə motorunun nizamından min dəfələrlə daha artıq nizam və ardıcıllıq olan gerçəkliklər haradan əmələ gəlmişdir?

Dünyanın varlıq aləmində müşahidə edilən əsrarəngiz nizam və qanun-qayda mütəfəkkirləri də öz sirli təbiəti ilə heyrətə salmışdır. Bu nizam haradan yaranmışdır?

Bir qədər ağıl, düşüncə və fikir işlətməklə insan dərrakəsi belə hökm verir ki, bilən, qüdrətli və hikmətli bir yaradan bu dünyanın nizamını, bu qədər əsrarəngiz mövcudatı yaratmış və əmələ gətirmişdir.

Varlıq aləmində olan nizamı anlamaq üçün təkcə insanın bədən üzvlərindən birinin, məsələn gözün fəaliyyətini nəzərdən keçirin.

Göz adlanan bu kiçik üzv o qədər dəqiq və sirlidir ki, mütəxəssis həkimlər onu tanımaq üçün ömürlərini sərf etsələr də, yenə də onun bütün sirlərini tanımaqda aciz qalmışlar.

Elə bir ağıllı adam tapılarmı ki, göz kimi bir üzvün bu qədər dəqiq və nizama və heyrətləndirici xüsusiyyətə malik olmasını öz-özünə və səbəbsiz bir hadisə kimi qəbul etsin?! Belə bir ehtimal mümkündürmü?!

İnsan bədəninin tənəffüs və həzm orqanlarının hər biri özünəməxsus qanun və sistemə malikdir. Bunların hər biri kainatın bilən, qüdrətli və hikmətli yaradanı olduğuna dəlalət etmirmi?! Bunların hər biri xüsusi hesab və ölçü ilə yaradılmayıbmı?!

İnsan və onun bədənindən keçək bitki aləminə. Bir buğda dənəsi və ya badam tumu yerə düşərək cücərir, ya sünbülə çevrilir, ya da ağac kimi böyüyüb meyvə verir. Nəzər yetirin: o zaman ki, bu dən torpağın altında yerləşir, sonra torpağı yarıb çıxır, sünbülə çevrilir, bu böyümə prosesini dəqiq izləmək üçün necə də geniş və dəqiq tənzimlər lazımdır.

Buraya bulud, külək, günəş işığı və hərarətini əlavə etsək, ilin fəsilləri, günlər, gecələr və həmçinin qulluq edən adamın qayğısını nəzərə alsaq, onda təsəvvür edə bilərik ki, bir sünbülün və ya meyvə ağacının boya-başa çatması, məhsul verməsi üçün nə qədər səy və çalışma, nə qədər amillər zəruridir. Bu sadə həyati misal hər bir varlığın nə qədər mürəkkəb və çeşidli qanunauyğunluqla tənzim olunduğunu göstərir. Həmin badam ağacı və ya taxıl sünbülü Tanrının varlığını anlamaq, onun qüdrət, bilik və iradəsini duymaq üçün kifayət deyilmi?!

Məgər demək olarmı ki, bu nizam və bu qurğu öz-özünə mövcuddur?!

İnsan ağlı belə bir hökmü söyləməyə icazə verərmi ki, deyək: günəş, ay, ulduzlar, dörd fəsil, gündüzlər, gecələr və bütün hər şey yaradan olmadan vardır, öz-özünə mövcuddur?

Altıncı imam Həzrət imam Sadiqin (ə) şagirdlərindən biri olan Müfəzzəl bir dəfə ona dedi:

- Biz dünya yaradılışının nizamını şərh edərkən materialist dəstələr Allahın varlığına şəkk edir və ya onu inkar edərək deyirlər: "Bunların hamısını təbiət yaratmışdır!"

İmam Sadiq (ə) buyurdu:

- Əgər təbiət dedikdə onların məqsədi qüdrət, bilgi, iradə və ixtiyar sahibidirsə, bu elə həmin Tanrıdır, onlar adını səhv salmışlar, Allahı təbiət adlandırmışlar. Əgər təbiət dedikdə onların məqsədi elm, qüdrət və tədbiri olmayan bir şeyi nəzərdə tutursa, ola bilməz ki, belə bir nizamlı və heyrətamiz dünyanı şüursuz təbiət kor-koranə şəkildə yarada bilsin.

Sözün qısası budur ki, ağıl və düşüncənin hökmünə görə varlıq dünyasının elmli, qüdrətli və hikmətli bir yaradanı vardır ki, bu da həmin Tanrıdır. Şüursuz və nadan təbiətin belə bir dəqiq nizam və qurğunu yaratması mümkün deyildir.


İMAM SADİQLƏ (ə) BİR SÖHBƏT

Materialist baxışlara malik olan Əbu Şakir Disani imama xidmət göstərmək şərəfinə nail oldu.

O, imama belə söylədi:

- Allahın varlığını mənim üçün sübut et!

Bu sualı edərkən yaxınlıqda balaca bir uşaq əlində yumurta oynayırdı. Həzrət imam (ə) yumurtanı uşağın əlindən aldı, üzünü Əbu Şakirə tutub dedi:

- Bu yumurtanı görürsənmi? Elə bil qapalı bir qaladır, bərk, möhkəm və qapısı bağlı. Bu qalanın içərisində, divarlarının altında olduqca nazik bir pərdə vardır. Onun daxilində bir qədər əridilmiş qızıl və gümüş (yumurtanın sarısı və ağı) vardır. Ancaq bunlar heç vaxt bir-birinə qarışmır. Demək olarmı ki, yumurtanın ağının və sarısının belə bir xüsusiyyətə malik olması öz-özünə olmuşdur?

Əbu Şakir! Heç kəs bu yumurtanın içindən xəbərdar deyil və bilmir ki, buradan çıxan cücə xoruz olacaq, yoxsa fərə. Cücə başını yumurtadan çıxardıqda maraqlı və rəngbərəng boyalarla boyanmış olur. Misal üçün, tovuz quşunu nəzərinizə gətirin ki, onun qanadları necə də al-əlvandır. Cücəni bu rənglərə boyayan hansı gücdür?! Bir toyuğun və ya tovuzun rənglənməsi bir rəssam tablosunun rənglənməsindən azmı işdir?! Demək olarmı ki, rəssam tablolarının yaradanı vardır, amma bu təbii rəngləmələrin sahibi yoxdur və öz-özünə olmuşdur?!

Sonra İmam (ə) Əbu Şakirə belə buyurdu:

- Məgər sən qəbul etmirsənmi ki, bu yumurta və ondan çıxan cücənin bu qədər çeşidli xüsusiyyətləri ola-ola, onların tədbirli, bilən və hikmətli bir yaradanı da olmalıdır?

Əbu Şakir bir qədər fikirləşdi. Elə bil yuxuda idi və birdən ayıldı. Dərhal dedi:

- Bəli, şəhadət verirəm ki, yaranış dünyasının yaradanı vardır. Onun adı Allahdır, bütün kamal sifətlərə malikdir. Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın bəndəsi və onun peyğəmbəridir. Sən də peyğəmbərin canişini və Allahın hüccətisən, onun ardınca getmək vacibdir.

Bəli, dünyanın mövcud varlıqlarından hər bir varlıq, atomlardan hər biri, hər bir hüceyrə və canlı varlığın zərrəsi onu yaradan və düzəldənin varlığına aydın dəlildir.

Bütün yaranış ürək Tanrısına dua edir.

Tanrını etiraf etməyən ürək, ürək deyil.

Varlıq divarında gördüyün bu qədər qəribə naxışlar

Səni (Tanrını) fikirləşməsə, divardakı cansız naxış kimidir.

KAİNATIN TƏSADÜF NƏTİCƏSİNDƏ YARANMASI QEYRİ MÜMKÜNDÜR

Bütün quruluşu qanun-qaydaya və nizam-intizama əsaslanan bu nəhənglikdə dünyanın bir təsadüf nəticəsində yaranması mümkündürmü?! Plastik maddəni əridib yerə töksək, ondan bir ölçüdə və bir-birinə uyğun təsbeh dənəcikləri kimi dənəciklər yaranarmı?! Təsbeh dənəciklərini bir-birinin üstünə töksək, onlardan təsadüf nəticəsində sapa düzülmüş təsbeh yaranarmı?! Yaqut dənəcikləri kimi bir-birinin yanına düzülmüş, xüsusi pərdəciyə bükülmüş, gözəl iyə və dada malik nar necə mümkündür ki, Allahın qüdrətindən bəhrələnməyərək təsadüf nəticəsində meydana gəlsin?! Arpa və buğda dənələrinin təsadüf nəticəsində bir-birinin yanına düzülməsi mümkündürmü?! İnsan dişlərinin təsadüf nəticəsində ağıza yerləşdirilməsi mümkündürmü?! Bir az torpaq və gili bir yerə töksək, ondan təsadüf nəticəsində bir ölçüyə malik kərpiclər yaranarmı?!

Əgər bir maşın kərpici bir-birinin üstünə töksək təsadüf nəticəsində onların səliqə ilə bir-birinin üstünə yığılaraq divar əmələ gətirməsi mümkündürmü?! Məlum olduğu kimi, bir insanın və ya heyvanın yaranmasında milyardlarla hüceyrələrdən istifadə edilmişdir. Bu hüceyrələrin toplusu insan bədənini formalaşdırır. Bu çoxsaylı və böyük əhəmiyyətə malik hüceyrələr təsadüf nəticəsində və heç bir xaliqi olmadan yarana bilərmi?! Əgər dəmir parçalarını bir-birinin üstünə töksək, ondan təsadüf nəticəsində minik maşınının ehtiyat hissələri yaranarmı?! Müxtəlif rəngləri rəssam tablosunun kənarına qoysaq, təsadüf nəticəsində tabloda insan, gül və ya gözəl bir mənzərə yaranarmı?! Maşının ehtiyat hissələrini bir-birinin üzərinə toplasaq, təsadüf nəticəsində maşın qurularaq meydana gələrmi və ehtiyat hissələrinin hər biri öz yerini tuta bilərmi?! Bəs necə mümkündür ki, yaranması maşın düzəltməkdən milyon dəfələrlə çətin olan insanın və ya heyvanın xaliqi olmasın və təsadüf nəticəsində yaransın?!

Müxtəlif rənglərdə olan pambıq və yunu bir-birinin üzərinə töksək ondan sapla müəyyən qayda-qanuna tabe olaraq toxunmuş xalça yaranarmı və həmin xalça üzərində bir dəstə gül şəkli çəkilərmi?! Təbiət səhnəsində şahidi olduğumuz bu cür gözəlliklər necə təsadüf nəticəsində yarana bilər?! Müxtəlif gözəlliklərə malik ağaclar, güllər, müxtəlif bədən quruluşuna malik heyvanlar necə təsadüf nəticəsində yarana bilər?! Yazmağı bacara bilməyən savadsız bir adam əlinə qələm alaraq yazmaq məqsədilə kağızın üzərinə bir xətt çəksə bunun təsadüf nəticəsində mənaya malik bir cümləyə çevrilməsi mümükndürmü?!

Bildiyimiz kimi müxtəlif otların toxumları və heyvanların nütfəsi (sperması) laboratoriyalarda asanlıqla bir-birindən seçilir. Bunlar necə yaranmışlar ki, hər birinin daxilində yalnız aid olduğu otun, ağacın, insanın və heyvanın xüsusiyyətləri mövcuddur və həmin toxumdan başqası deyil, yalnız aid olduğu ot göyərir? Onların yaranmasında hansı elm və qüdrətdən istifadə olunmuşdur ki, indiyə qədər dünya alimləri elə bir toxum və ya nütfə (sperma) icad edə bilməyiblər ki, ondan ot və ya insan yaransın. Mümkündürmü ki, hər birindən ağac, ot, heyvan və ya insan yaranan toxum və nütfənin (spermanın) yaranması təsadüf nəticəsində və xaliqi olmadan meydana gəlsin?!

İnsan geyiminin formasnı nəzərə almadan parçanı kəsik-kəsik etsək və yenidən insan geyiminin formasını nəzərə almadan kəsdiyimiz hissələri bir-birinə tiksək, təsadüf nəticəsində hər hansı bir insanın əyninə olan geyim (libas) yaranarmı?! Hər hansı bir insan və ya heyvan necə, təsadüf nəticəsində yaranarmı?!

Hər hansı bir şeyin təsadüf nəticəsində yaranması qeyri-mümkündür.

Allah-təalanın mövcudluğunun fəlsəfi dəlillər vasitəsilə sübuta yetirən zamanda qeyd edəcəyik ki, heç bir şey səbəbsiz mövcud olmur. Təsadüfi adlandırdığımız hər bir şeyi həqiqətən onun bir sıra müxtəlif səbəbləri yaradır. Bəzən hər hansı bir şeyin yaranmasında özümüzdən xəbərsiz iştirak edirik və sonradan etdiyimiz işin nəticəsindən xəbərsiz olaraq bunun təsadüfı olduğunu deyirik.

Püşk atarkən püşkün hər hansı bir şəxsin adına çıxmasını biz təsadüf adlandırırıq. Halbuki, püşkün həmin şəxsin adına çıxmasının bir sıra səbəbləri vardır. Bu səbəb hər şeydən əvvəl püşk iştirakçılarının püşk ətrafına toplaşması və püşkün içindəkindən xəbərsiz olmalarıdır.

ALLAHIN İSBATI

Allahın tək olması və yeganəliyini müxtəlif yollarla sübut etmək olar. Lakin bu dərsdə yalnız iki dəlil ilə kifayətlənirik.

Birinci dəlil :

Yaranış dünyasının ahəngdarlığı, birliyi öz-özlüyündə yaradanın təkliyi üçün aydın şahiddir.

Fərz edək ki, 500 səhifəlik kitab sizin qarşınızdadır, hələlik isə onu oxumamısınız. İndi də bilmirsiniz ki, bütün bu kitab bir yazıçının qələm və fikrinin məhsuludur və yaxud onun hər bir hissəsini ayrı-ayrı yazıçı yazıb. İstər-istəməz bu həqiqəti anlamaq üçün gərək bütün kitabı mütaliə edəsiniz. Əgər görsəniz ki, burada verilən mətləblərin ruhu, dəlillərin üslubu, yazı və cümlə qurumu ahəngdar və eyni xətt üzrədir, asanlıqla başa düşəcəksiniz ki, bütün kitabı bir şəxs yazıb. Çünki bu əsər iki və daha çox nəfərin məhsulu olsaydı, kitabda bir sıra uyarsızlıqlara rast gələrdiniz. Ola bilsin ki, bu ixtilaf və uyğunsuzluqlar müəyyən dərəcədə incə, az və gizli şəkildə olsun. Belə olduqda adi adamlar həmin fərqləri tapa bilməzlər, lakin mütəxəssis olanlar bu kitabın bir nəfər tərəfindən yazılmadığını çox asan yollarla və vasitələrlə müəyyənləşdirə bilirlər. Buna görə yaradılış dünyasının bu müqəddiməsini öyrənməklə alimlərin dediyi kimi aşağıdakı məsələnin şərhinə girişək.

BÜTÜN ALƏM HAQQ - TƏALANIN KİTABIDIR

Bu mövzu ətrafında dünyanın yaranışı haqqında bəhs edən bütün elmlərin mütəxəssisləri ilə müzakirəyə başlayırıq. Bilmək istəyirik ki, bu kitabın bütün səhifələri yaradılışın əzəməti ilə uyğun və eynidirmi? Əgər uyğun və eyni tərzdə olarsa, bunun özü yaradanın təkliyinə və vəhdətinə ən böyük dəlildir. Doğrudan da bu elm sahəsinə aid mütəxəssislərin hər birindən sual edəndə həmin elmin müəyyən guşəsini öyrənməklə məşğul olan həmin mütəxəssis öz cavabında dünyanın başdan-başa vahid nizamla hökm sürdüyünü deyir və bizə anladır ki, bu dünya vahid bir xəritənin üzərində qurulmuşdur, onun hər bir hissəsi kainatın ümumi qanunları ilə uzlaşır, əhatəli və hər şeyə şamil edilən qanunların hökmünə tabedir. Hər hansı bir xırda varlıq üzərində təcrübə və sınaq aparmaqla bütün dünyada hökm sürən vahid və böyük bir qanunun varlığını asanlıqla sübut etmək olar.

Bu qanunauyğunluğu bütün alimlər, fiziklər, bioloqlar, atom mütəxəssisləri və astronomlar təsdiq edirlər.

Bundan da yüksək qanunauyğunluq və oxşarlıq olarmı ki, günəş sistemi və digər başqa böyük ulduzlar sistemi atomun tabe olduğu qanuna tabedirlər. Biz hamımız bilirik ki, böyük ulduzların öz oxu ətrafında dövr etməsi iki qüvvənin - cazibə qüvvəsi və mərkəzdənqaçma qüvvəsinin təsiri ilə gerçəkləşir.

Atom ulduzla müqayisədə bir millimetrdən yüz milyonlarla az yer tutur və burada da iki təzadlı qüvvənin (cazibə və mərkəzdənqaçma) təsirini görürük. Bu iki gücün əhatəsində elektronlar cazibə orbitində protonların ətrafında fırlanırlar.

Əgər bitki aləminə və canlıların - yəni insan və heyvanların həyatına nəzər salsaq, orada da bu uzlaşmanın şahidi olarıq. Bitkilər və canlılar arasında da yaranma və çoxalma qanunu vardır və bu baxımdan ümumi bir oxşarlıq görsənir. Çoxları belə bir fikri təsdiq edirlər ki, onların bütün növləri bir əsldən, bir kökdən yaranmışdır.

Siz yəqin ki, lent üzərinə yazılmış bir neçə nitqə qulaq asarkən deyiliş tərzi və ifadə qüdrətinə görə onun eyni natiq tərəfindən söylənildiyini dərk edə bilərsiniz. Sözün deyim tərzi, eyni səpkidə bəyan edilməsi, cümlə quruluşu, fikir ardıcıllığı və ya qırıq-qırıq ifadələrin olması, yaxud məntiqi əlaqələrin uyarı əsasında həqiqəti tapmaq mümkündür.

Yaradılış dünyası da çoxlu və saysız vərəqləri olan bir kitabdır, onun hər vərəqini, bəlkə də hər sətrini minlərlə alim araşdırmış və indi də araşdırır. Hamının rəyi birdir və bu da ondan ibarətdir ki, bu kitab bir silsilə ümumi qanunlara tabedir. Məsələn, hər yerdə səbəb qanunu vardır. Bütün maddi aləmdə cazibə qanunu hökm sürür. Bütün atomların mərkəzi nüvəsi vardır. İşıq qanunu hər yerdə eynidir.

Yaranış kitabında müşahidə edilən bu yeganəlik və ahəngdarlıq onu yaradanın vahid və tək olmasına dəlalət etmirmi?!

Əgər dünyanın iki yaradanı olsaydı, onun vəziyyəti və idarə olunması, dünyanın nizamı və qurumu qatışıq və müxtəlif olardı.

İmam Sadiqin (ə) cavan və istedadlı şagirdlərindən olan Hişam o Həzrətdən soruşdu:

- Allahın birliyinə dəlil nədir?

Həzrət cavabında yuxarıda qeyd etdiyimiz dəlili söylədi və qısa bir cümlədə belə xülasə etdi: "Yaranış dünyasının bütövlüyü, bağlılığı və tarazlığı".

Hər şey bir-birinə qırılmaz tellərlə bağlıdır, mövcudat və məxluqat bütöv tam kimidir və kamil bir qurumdur. Bu da yaradanın vəhdətinə və təkliyinə şəhadət verir.

İkinci dəlil :

Allah tərəfindən insanlara yol göstərmək üçün göndərilmiş bütün peyğəmbərlər öz peyğəmbərlik vəzifəsini çoxlu dəlillər və möcüzələrlə sübut etmişlər, bütün camaatı və hamını bir Allahı tanımağa və təkallahlıq əqidəsinə dəvət etmişlər. Aydındır ki, əgər dünyada Allahın sayı birdən çox olsaydı, bu qədər peyğəmbərlər camaatı bir Allaha etiqad etməyə çağırmazdılar, hər bir peyğəmbər hansı Allah tərəfindən göndərilmişdirsə, o da camaatı həmin Allahı tanımağa dəvət edərdi. Elə tanrılar olubmu ki, bəndələrini hidayət etmək üçün peyğəmbər göndərməmiş olsunlar?!

Bu fikir əsassızdır. Necə ola bilər ki, Tanrı öz seçilmiş və üstün məxluqu sayılan bəşərin hidayəti üçün peyğəmbər göndərməsin?!

Tanrı peyğəmbərləri öz bəndələrinin səadəti üçün göndərir.

Əmirəl-möminin (ə) imam Həsənə (ə) bu həqiqət barəsində belə buyurur:

"Ey oğul! Bil ki, bir Allahdan savayı başqa bir Allah olsaydı, onların da öz peyğəmbərləri olardı. Amma görürük ki, bütün peyğəmbərlər bizi bir Allaha tərəf dəvət edirlər. Bunun özü təkallahlıq əqidəsi üçün böyük dəlildir. Bir Allahdan başqa Allah yoxdur. Əgər Allahın şəriki olsaydı, onun mülk, səltənət və Allahlıq qüdrətinin nişanələri aşkar olardı. Başqa bir Allahın qüdrətinin əlamətlərini görmürüksə, deməli yəqin bilirik ki, Allahın şəriki yoxdur".

ALLAHIN SİFƏTLƏRİ
ELMİ VƏ QÜDRƏTİ

Allahın elmi, onun zatı ilə eyni olması baxımından əzəli və sonsuzdur. Allah-təala zatında olan elmindən əlavə, onun zatından kənar olan, bu və ya başqa külli və cüzi şeylərə də, istər baş verməsindən öncə olsun, istər baş verdikdən sonra, agahdır. Bu məsələni Qurani-kərim vurğulayaraq buyurur: "Həqiqətən, Allah hər şeyi biləndir!".

Həmçinin buyurur: "Məgər yaradan (her şeyi) bilməzmi?! Allah (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!"

Peyğəmbər(s) əhli-beytindən olan imamlardan da Allah-təalanın elminin əzəli və genişliyini dönə-dönə vurğulayan hədislər vardır. İmam Sadiq (ə) bu xüsusda buyurur: "O (Allah), yeri onu (yeri) yaradandan əvvəl də özünün onu (yeri) yaratmasından sonra olduğu kimi bilirdi. Onun bütün işləri bilməsi də belədir" (Allah artıq yaratmış olduğunu, yaradandan əvvəl də (əzəldən) bilirdi.

Allahın qüdrəti də elmi kimi əzəlidir və onun elmi kimi zatı ilə eyni olduğundan hüdudsuzdur. Qurani-kərim Allahın qüdrətinin genişliyi üzərində təkid edərək buyurur: "Allah hər şeyə qadirdir!". Həmçinin buyurur: "Allah hər şeyə (hər bir şeyi yaratmağa və məhv etməyə) qadirdir!" .

İmam Sadiq (ə) buyurur: "Hər şey bilik, qüdrət, təsəllüt (hər şey üzərində hakim olma), malikiyyət və Allahın onlara əhatəliyi baxımından bərabərdir."

Onu da qeyd edək ki, mövcud olması qeyri-mümkün olan əşyanın vücuda gətirilməsi Allahın qüdrət və əzəmətindən xaric olması, Allahın ona qüdrəti çatmadığına görə deyil, həmin əşyanın özünün vücuda gəlməsi və var olmasının mümkün olmaması üzündəndir.

Həzrət Əli(ə) qeyri-mümkün varlıqların vücuda gəlməsi barədə verilən suala belə cavab vermişdir: "Allah-təala acizlik və bacarıqsızlıqdan uzaqdır, sual etdiyin şeyin özü olası bir şey deyil".

ALLAH DİRİDİR , EŞİDƏN BİLƏNDİR

Alim və qadir olan Allah qəti olaraq həm də diridir. Belə ki, öncə vəsf etdiyimiz iki sifət diri olan varlığın xüsusiyyətlərindəndir və elə bununla da Allahın diri olmasının dəlilləri aşkar olur. Əlbəttə, Allahın dirilik sifəti, digər sifətlərində olduğu kimi, hər cür nöqsandan uzaqdır və insan və bu kimi varlıqlarda olan bu sifətlərin xüsusiyyətlərindən (diriliyin müqabilində ölümün də olması kimi) münəzzəhdir. Belə ki, o zatən diridir və ölüm ona əsla yol tapa bilməz. Başqa sözlə, Allahın varlığı (vücudu) mütləq kamaldır. Nöqsan sifətlərdən olan ölüm qətiyyən onun zatına yol tapa bilməz. Allah-təala buyurur: "Ölməz, həmişə diri olan Allaha bel bağla!"

TANRI EŞİDƏN VƏ GÖRƏNDİR

"Səmi"' və "bəsir" eşidən və görən deməkdir. Allahın eşidən və görən olması dedikdə nəzərdə tutulan məna belədir ki, Allah bütün eşidilən və görülən şeylərdən xəbərdardır; necə ki, bütün dünyada olan varlıqlardan xəbərdardır, onların hamısı Tanrı bərabərində hazırdır.

Əlbəttə, insanlarda və heyvanlarda görmək və eşitmək göz və qulaqladır. Biz deyəndə ki, Allah görən və eşidəndir, bu o deməkdir ki, Allah-təala bütün eşidilən və gözlə görülən şeylərdən agahdır, hər şey onun qarşısında hazırdır. Aydındır ki, Allahın gözlə görülən və qulaqla eşidilən şeyləri bilməsi üçün onun göz və qulağa ehtiyacı yoxdur.

İmam Sadiq (ə) bu barədə belə buyurub:

«Biz deyəndə ki, Allah eşidən və görəndir, məqsədimiz bu deyildir ki, o, göz və qulaqla görür və eşidir, bəlkə əksinə, o, gözsüz görür və qulaqsız eşidir».

İndi belə bir sual oluna bilər: hansı dəlilə görə Allah görən və biləndir?

Bu sualın cavabı çox sadədir:

Biz öyrəndik ki, Tanrının elmi hüdudsuzdur, onun hər şeydən xəbəri vardır. Bu bilgi və elmin zəruri şərti bütün eşidilən və görülən şeylərdən xəbərdar olmaqdır.

Buna görə də bu iki sifəti (eşidən və görən) sübut etmək və ayrıca dəlilə ehtiyacımız yoxdur. Bundan əlavə, qabaqca oxuduq ki, dünyanın yaradanı bütün kamal sifətlərə malik olmalı, hər sayaq nöqsanlardan pak və uzaq olmalıdır. Görmək və eşitmək keyfiyyəti də bir növ kamal əlaməti və naqislikdən uzaq olmaqdır.