BİZİM ZƏMANƏ İMAMIMIZ

Dünyaya bir islahatçı ruhani şəxsiyyətin gəlişi, onun bu dünyanın çöhrəsini dəyişdirəcəyi, zülm və sitəm dolu bir dünyada ədalət və insaf aləmi yaradacağı məsələsi bütün səmavi kitablarda və dini əqidələrdə vardır. İslam Peyğəmbəri (s) şiə və sünni rəvayətlərinin bir çoxunun təsdiq etdiyi kimi belə buyurmuşdur:

«Dünya zülm və sitəmlə dolu olan bir dövrdə (bəşər cəmiyyəti vəhşi bir icmaya çevrilən zaman) mənim on birinci övladım zühur edəcəkdir. Onun adı və künyəsi mənimlə eynidir, yəni Muhəmməd Əbülqasimdir. Onun zühur etməsilə bütün bədbəxtliklərə son qoyulacaq və islam öz həqiqi mənasında bütün dünyada yayılacaqdır.

On ikinci imam Həzrət Mehdinin xüsusiyyətləri sünni və şiə rəvayətlərində nəql edilmişdir, onlardan bir qismini burada veririk.

O Həzrət Peyğəmbərin, Əlinin, Fatimənin və Hüseynin övladıdır. İmam Hüseynin doqquzuncu övladı, İmam Sadiqin altıncı övladı, İmam Rzanın dördüncü övladı olmaqla, İmam Həsən Əskərinin birbaşa övladıdır;

Onun iki qeybəti (qeyb olması) vardır ki, bunlardan birinin müddəti qısa, o birinin müddəti uzun olacaqdır;

İkinci qeybətin müddəti o qədər uzun çəkəcək ki, imanı möhkəm olmayan adamlar yavaş-yavaş tərəddüd və şəkk-şübhədə olacaqlar;

O Həzrətin ömrü uzun olacaqdır;

Zühur edəndə dünya ədalət və insafla dolacaq, bütün dünyada ilahi bir hökumət bərqərar olacaqdır.

Bu xüsusiyyətlər, yüzlərlə sünni və şiə rəvayətlərində verilən başqa cəhətlər ona görə nəql olunur ki, camaat özünü yalandan Mehdi kimi qələmə verən adamları tanısın, onlara aldanmasın və düz yoldan çıxmasın.

On ikinci imam Həzrət Mehdi (ə) hicri qəməri iki yüz əlli beş və ya əlli altıncı ildə Samirrə şəhərində dünyaya gəldi. O Həzrətin atası dünyadan gedən ilədək, yəni hicri yüz altmışınçı ilə kimi çox adamlar o Həzrəti İmam Həsən Əskərinin (ə) evində uşaq çağında görmüşdülər. Onda imamlıq, böyüklük və əzəmət nişanələri hamıya bəlli idi və İmam Həsən Əskəri (ə) özü də vəziyyətin imkan verdiyi kimi Həzrət Mehdinin (ə) imamlığını camaata xatırlatmışdı.

O Həzrətin atası dünyadan köçən ildən sonra Həzrət Mehdi xalqın nəzərindən qeyb oldu. Abbasi xəlifələri onu öldürmək məqsədi daşıyırdılar və bütün mənada niyyətləri bu idi ki, onu ələ keçirsinlər. Kiçik (səqir) qeybət adlanan təqribən 70 il müddətində şiələrin o Həzrətlə əlaqəsi kəsilməmişdi. Çünki bu müddətdə o Həzrət dörd nəfəri bir-birinin ardınca özünə nayib təyin etmişdi ki, camaat onlara müraciət etsin, onların vasitəsilə öz dini ehtiyaclarını və elmi tələblərini imama çatdırsınlar və eyni zamanda imamdan cavab alsınlar. Lakin hicri üç yüz iyirmi doqquzuncu ildə o Həzrətin dördüncü nayibi dünyadan getdi və bu tarixdən etibarən böyük qeybətin (qeybəti-kübra) dövrü başlandı. O Həzrət özü üçün bir daha nayib təyin etmədi. Camaat dini maarif və ehkamlar sahəsində göstəriş almaq üçün böyük din alimləri və fəqihlərə müraciət etməli oldular.

İndi böyük qeybətdən min ildən çox vaxt keçmişdir və şiələr o ədalət və haqq məzhərinin gəlişini gözləyirlər ki, gəlib müsəlmanların bədbəxtliklərinə son qoysun, onlara həqiqi islama və səadətə yetişmək yolunda rəhbərlik etsin.

Əlbəttə, İmam Zamanın gəlişini gözləmək o mənada deyildir ki, bütün müsəlmanlar əlini əlinin üstünə qoyub islam hədəflərini irəli aparmaq yolunda heç bir tədbir görməli deyillər, təkcə o Həzrətin gəlişini gözləyirlər. Əvvəllər də böyük alimlərin qədim vaxtlarda dediyi kimi, bütün müsəlmanların vəzifəsi budur ki, hər bir şəraitdə islam maarifi və ehkamının bərqərar olması və genişlənməsi yolunda çalışsınlar. Zülm, sitəm və günah müqabilində dözüm və səbat göstərsinlər, bütün imkanları ilə mübarizə aparsınlar.

Başqa ifadə ilə desək, çalışmaq lazımdır ki, ədalət və insaf hökuməti üçün zəmin yaradılsın, yəni cəmiyyəti bu tərzdə tərbiyə etmək lazımdır. Əgər cəmiyyətdə zülm və cəfa hökm edərsə, hamı ona etiraz etməlidir. Xülasə, hər bir müsəlmanın vəzifəsi budur ki, islam və iman yolunda fədakarlıq etsin, həmişə Mehdinin (ə) gəlişini qarşılamağa hazır olsun - yəni öz həyatını elə tərzdə təmin etsin ki, o Həzrətin qoyduğu qanunlara uyğun olsun və o Həzrətlə bir sırada qədəm qoya bilsin.

Əvvəlcə qeyd olunduğu kimi, Həzrət İmam Zaman (ə) hicri iki yüz altmışıncı ildən indiyədək qeyb olmuş və o Həzrətin zühuru heç kəs üçün məlum deyil. Əgər bir nəfər o Həzrətin zühuru üçün tarix təyin edərsə, bizim borcumuzdur ki, onu təkzib edək və dediklərini qəbul etməyək.

Bəli, o gün ki, zülm və cövr ən yüksək dərəcəsinə çatacaq, o gün ki, camaat zülm və sitəmdən yorulacaq və hamı həqiqi ədalətin bərqərar olmasını istəyəcək, yəni düşüncə tərzi dəyişəcək, o gün ki, Tanrı xalqın məsləhətinə uyğun on ikinci imamın zühurunu zəruri biləcək, onda o Həzrət zühur edəcək, dünya bir mədəniyyət mərkəzinə və cənnətli gülüstana çevriləcəkdir.

QEYBƏT ZAMANI XALQIN VƏZİFƏSİ

İmam Zamanın (ə) özündən nəql edildiyi kimi, camaatın qeybət dövründə vəzifəsi budur ki, dini işlərdə, şəriət ehkamlarının icrasında və ictimai vəzifələrinin ifasında alimlərə və təqlid qaynağı sayılan rütbəli müctəhidlərə müraciət etsinlər, həyatın bütün sahələrində onların göstərişlərinə uyğun əməl etsinlər.

Aydındır ki, böyük alimlər və möhtərəm müctəhidlər özlərindən heç bir fitva vermirlər, onlar Quran, peyğəmbər və pak imamların kəlamlarından istifadə etməklə xalqa hökmlər verirlər. Hətta onlara müraciət etmək peyğəmbərə, imama və Qur'ana müraciət etmək deməkdir. Onlarla müxalifətdə olmaq isə Quran və İmam Zamanla müxalifət etməkdir.

İNSANIN MİN İL VƏ DAHA ÇOX YAŞAMASI MÜMKÜNDÜRMÜ?

Alimlər və araşdırıcılar söyləyirlər ki, ömür uzunluğu ölümün əsas səbəbi deyil, əsl səbəb bədənin bütün üzvlərində və ya onlardan bir qismində baş verən pozuntulardır. Belə olmasa, ölüm də tez baş verməz. Bu pozuntular qocalıqdan qabaq və təbii ömür prosesində baş verərsə, cavan adam da ölər, belə olmasa ölüm ancaq qocalıqda insanı yaxalayardı.

Buna görə də bir adam özünü həmin pozuntulardan qoruya bilərsə, uzun ömür surər və ölümün vaxtını uzada bilər.

Qəzet və jurnallarda oxuduğumuz kimi, alimlər elə bir ixtira etmək istəyirlər ki, onun köməyi ilə bədənin uzun ömür sürməsi üçün onun qabiliyyətini artırsınlar. Deməli, bəşərin daha uzun ömür sürmək qabiliyyəti vardır, amma gərək o, ölümü tezləşdirən amillərin qarşısını alsın.

Bu hesabla əgər bir nəfərin güclü və sağlam beyni, ürəyi, əsəbləri, böyrək, ciyər və mədəsi varsa, bütün sağlamlıq qaydalarını bilib onlara riayət edərsə, yemək və içməyin xüsusiyyətlərini bilməklə onlardan lazımınca faydalanarsa, heç bir maneəsiz adi adamların yaşadığı ömürdən bir neçə qat çox yaşaya bilər və bəlkə də min il ömür sürər.

Əlbəttə, indiki şəraitdə hər bir adam bunu edə bilməz, ancaq belə bir fərdin olması (məsələn, imam kimi) zəruri olarsa - Tanrı onun yaradılış quruluşunu və gerçəklikdən faydalanma yolunu elə şəkildə tənzimləyər ki, müəyyən dərəcədə uzun ömür yaşaya bilsin. Biz əqli və nəqli dəlillərlə sübut etdik ki, İmam Zamanın (ə) varlığı dünyaya zəruridir, eyni zamanda bəşər üçün uzun ömür də mümkündür, gərək onun şərtlərinə riayət edilsin. Allah-təala istədiyi şəxs üçün uzun ömür imkanı verə bilər. Deməli, Allah-təala İmam Zaman (ə) üçün də uzun bir ömür təyin edə bilər.

Şiə əqidəsinə görə, on ikinci imam hicri iki yüz əlli beş və ya iki yüz əlli altıncı ildə dünyaya gəlmiş, indiyədək və bundan sonrakı bir müddətə kimi Tanrının istədiyi qədər diri qalacaqdır. Bu məsələdə heç bir elmi və təbii uyğunsuzluq və çətinlik yoxdur.

Bundan əlavə əgər adi qanunlarla bir fərdin ömrü bu qədər davam etməsə də, Allah-təalanın sonsuz qüdrətinə əsasən istisna olaraq bir fərdin ömrü uzun surə bilər və o şəxs cavan da qala bilər.