TANRI ƏDALƏTLİDİR

Əvvəlki dərslərdə öyrəndik ki, dünyanı yaradan gərək bütün kamal sifətlərə malik olsun, bütün nöqsan və eyblərdən pak və uzaq olsun.

Allahın kamil sifətlərindən biri ədalət sifətdir. Zülm və sitəmi o kəslər edirlər ki, ya etdiyi zülmün pis olmasını bilmir, ya da özünün müəyyən ehtiyaclarını ödəmək üçün zülmə əl atır.

Məsələn, camaatın malını zorla və məcburən onların əlindən alanlar ya bu işin pis əməl olduğunu anlamır, ya da bu yol ilə öz ehtiyacını ödəmək istəyir, yaxud sərvətinin azaldığını nöqsan hesab edir və bunu düzəltmək istəyir.

Dünyanı yaradan Tanrı mütləq mənada ehtiyacsızdır və bütün kamalların qaynağıdır. O, öz sonsuz bilgisi ilə hər şeyin yaxşısını və pisini bilir. Buna görə də onun zülm etməsinə heç bir əsas yoxdur.

Biz bəzi dualarda belə oxuyuruq:

"Ey Tanrı! O adam zülmə əl atar ki, zəif və gücsüz olsun, zülm yolu ilə öz zəifliyinin əvəzini çıxmaq istəsin. Ancaq Sənin müqəddəs və ulu məqamın bu cür nöqsanlardan pak və təmizdir".

Şiələr ədalət məsələsini öz din və məzhəblərinin ikinci əsas məsələsi hesab edirlər. Bu ondan irəli gəlir ki, bir sıra savadsız insanlar ədaləti Tanrı üçün vacib bilmirlər - yəni deyirlər ki, əgər Allah-təala özünün itaətkar və yaxşı əməl sahibi olan bəndəsini cəhənnəmə aparsa, bu iş zülm hesab edilməz, pis iş kimi qiymətləndirilməyəcək.

Ona görə də, bu sayaq iddiaların müqabilində şiələr möhkəm dəlillər gətirməklə Tanrı üçün ədalət sifətini sübut etmiş və demişlər: «Şübhə yoxdur ki, zülm etmək qəbahətli və pis iş sayılır və biz də bilirik ki, heç vaxt Tanrıdan pis işlər baş verməz. Başqa sözlə, Tanrı kamildirsə, Ondan nöqsanlı işlər törəməz».

Elə bu səbəbdən ədalət şiə məzhəbində dini etiqadların ikincisi hesab edilir və bu da onların üstünlüyünü göstərir.

İmam Sadiq belə buyurur:

"Allah-təala günahsızı başqalarının günahı hesabına cəzalandırmaz. Uşaqlara atalarının günah və xilafına görə əzab vermir. Allah-təala günahı bağışlaya bilər. O, kiməsə zülm etmək mövqeyindən qat-qat yüksəkdir".

XOŞAGƏLMƏZ ACI HADİSƏLƏRİN FƏLSƏFƏSİ

Yer üzündə baş verən müxtəlif xoşagəlməz və acı hadisələr (zəlzələ, təbii fəlakətlər, müxtəlif bəlalar və s.) bəzən Allah-təalanın öz bəndələrini öz pis əməllərinə görə cəzalandırmasıdır. Necə ki, Lut peyğəmbərin tayfası beləcə cəzalandırıldı: "Bizim hökmümüz (əzab etmək üçün) çatanda, oranı alt-üst edib, arası kəsilməyən daş-kəsək yağışı yağdırdıq!". Qurani-kərim naşükür və üsyançı (tüğyankar) Səba camaatı barəsində belə buyurur: "Onlar Allahın itaətindən üz çevirdilər və biz viranedici seli onlara göndərdik!"

Bəzi xoşagəlməz hadisələr isə insanları qəflət yuxusundan ayıltmaq məqsədi daşıyır: "Xalqın pis işləri nəticəsində quruda və dənizdə fəsad törəndi. Allah istəyir ki, onlara bəzi əməllərinin cəzasını dadızdırsın, bəlkə (Ona doğru) qayıdalar!".

TANRININ İNKAR SİFƏTLƏRİ

İnkar sifətlər o sifətlərə deyilir ki, onların insanda olması naqislik və ehtiyac anlamını bəyan edir. Allah-təala ehtiyac və naqislik məfhumu bildirən hər bir sifətdən pak və uzaqdır. Çünki Tanrı kamillik qaynağıdır.

İzahat üçün bəzi sifətlər haqqında bəhs edirik.

1. Allah cism deyil .

Aydındır ki, hər cismin müəyyən məkana ehtiyacı vardır. Əgər Tanrı cisim olarsa, onun da məkana ehtiyacı olar. Əvvəlcə də oxuduq ki, Allah-təala ehtiyacsızdır, çünki özü möhtac olan varlıq yaradan ola bilməz və başqalarının da ehtiyacını ödəyə bilməz.

Deməli, Tanrı cisim deyil, çünki cismin məkana ehtiyacı vardır.

2. Tanrı mürəkkəb deyil .

Tanrı mürəkkəb deyil, çünki mürəkkəb şeyin tərkib hissələri vardır. Deməli bu, Tanrı barəsində mümkün deyil. Məsələn, bir dərman tərkibi və ya müxtəlif tərkiblərdən ibarət bir mürəkkəb filiz öz tərkib hissələrinə ehtiyac duyur. Belə ki, tərkib hissələrindən biri olmazsa, artıq həmin dərman və ya filiz mövcud ola bilməz.

Əgər Allahın zatı bir sıra hissələrdən təşkil olunsaydı, o, öz tərkib hissələrindən asılı olardı və onlara ehtiyacı olardı. Lakin Tanrı ehtiyacsızdır, özlüyündə mövcuddur. Onun heç nəyə ehtiyacı yoxdur.

3. Tanrı gözlə görünmür .

Hər bir varlığın görünməsinin xüsusi şərti vardır. Onlardan biri həmin varlığın cisim olması və məkana malik olmasıdır. Belə olmadıqda onu gözlə, lap diqqətlə baxdıqda belə görmək olmaz. Biz sübut etdik ki, Tanrı cisim deyil, məkanı yoxdur. Deməli, onu heç vaxt gözlə görmək mümkün deyil. Demək olmaz ki, görünməyən şey mövcud deyil. Elə varlıqlar vardır ki, gözlə görünmür, lakin onlar mövcuddur. Məsələn, elektrik dalğaları, biz onları təsir və nəticəsinə görə mövcud olmasını öyrənirik.

Beləliklə, hər bir varlığın gözlə görünməsi zəruri deyildir və eyni zamanda demək olmaz ki, gözlə görünməyən şey mövcud deyil.

4. Allahın heç bir vəchlə heç bir şeyə ehtiyacı yoxdur .

Əgər Tanrının nəyəsə ehtiyacı olsaydı, onunla başqa varlıqlar arasında fərq olmayacaqdı. Başqa varlıqların mövcud olması ayrı şeylərə bağlıdır, ayrı şeylərə ehtiyacı var. Deməli, bu varlıqların mövcud olması üçün ehtiyacları ödənməlidir. Əgər Tanrının da ehtiyacı olarsa, bu qaydada olmalıdır, yəni onun başqa bir Allaha ehtiyacı olmalıdır ki, onun ehtiyacını ödəsin. Buna görə də prinsipcə Tanrının başqa Tanrıya ehtiyacından söhbət gedə bilməz və ikiliyə yer yoxdur. Tanrı hamının ehtiyaclarını ödəyir, əgər Tanrının nəyəsə ehtiyacı olsaydı, başqalarının ehtiyaclarını ödəyə bilməzdi, Tanrı məqamında anlaşıla bilməzdi.

Quran bu barədə belə buyurur:

" Ey camaat ! Siz [ bütün varlıqlar ] Allaha möhtacsınız . Təkcə Allahdır ki , zəngin mütləq mənada ehtiyacsızdır ".