Səbirli və təmkinli olmaq

Hər bir insan gündəlik həyatında özü kimi cəmiyyətin bir çox üzvləri ilə qarşı-qarşıya gəlir və onlarla daimi ünsiyyətdə olur. Cəmiyyət üzvlərinin hər birinin özlərinə xas rəftar, davranış və təfəkkür tərzi vardır. Bə'zən elə şəxslərlə rastlaşırıq ki, onlar bir sıra əxlaqi xüsusiyyətlərə malik olmadıqları üçün adi davranış qaydalarında və başqaları ilə ünsiyyətdə kobudluğa yol verirlər. Bu da qarşı tərəfin inciməsinə və narahatçılığına səbəb olur. Bəs bu kimi xoşa gəlməz rəftar və davranışların müqabilində nə kimi reaksiya göstərmək lazımdır?

Təbiidir ki, bu vəziyyətdə hər şeydən əvvəl insanın zehninə belə bir çıxış yolu gəlir. Ya onlarla tamamilə əlaqəni kəsməli, ya da yalnız gözəl əxlaqa malik olan şəxslərlə ünsiyyətdə olmalı. Belə təsəvvür olunur ki, insan yalnız bu yolla öz asayiş və rifahını tə'min edə bilər. Qeyd etmək lazımdır ki, bu işi həyata keçirmək qeyri-mümkündür. Çünki hər bir cəhətdən gözəl xüsusiyyətlərə malik olan və bütün gözəl əxlaqi səciyyələrə yiyələnən belə ideal şəxsi tapmaq demək olar ki, qeyri-mümkündür. İnsanlar mövcud olan varlıq aləmində bir-birindən fərqli ruhiyyə, zövq, iste'dad və s. keyfiyyətlərə malik olurlar. Belə bir fərq daim hər yerdə mövcud olmuş və olmaqdadır. Bu səbəbdən də bütün xüsusiyyətlərlə bir-birinə oxşar iki nəfər şəxsi tapmaq adətən çox çətin olur. Bütün bunlarla yanaşı, ictimai ehtiyac və təlabatlar dediklərimizə başqa cür tə'sir göstərir. Bundan da əlavə, heç də bizə mə'lum deyil ki, əgər biz yaşadığımız ictimai mühitdə bütün cəmiyyət üzvləri ilə hərtərəfli əlaqələri kəsəriksə, onlar da bütün sahələrdə bizimlə öz əlaqələrini kəsəcəklərmi? Bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, belə bir çıxış yolu qeyri-mümkündür.

Başqa bir çıxış yolunu bütün xoşagəlməz rəftar və davranışların müqabilində müxtəlif tədbirlərə əl atmaqda, hətta lazım gələrsə həmin şəxsləri görəcəkləri işlərdən peşman olana qədər cəzalandırmaqda görmək olar. Belə təsəvvür olunur ki, onlar cəzalandırıldıqları təqdirdə bir daha kobud rəftara yol verməyəcəklər.

Belə bir çıxış yolu yalnız o zaman müsbət nəticə verə bilər ki, insan cəza tədbirinə yalnız bir dəfə əl atmış olsun və həmin şəxs (cəzalandırılan) intiqam almağa və əvəzini çıxmaq fikrinə düşməsin. Lakin bu işin qeyri-mümkünlüyü də göz qabağındadır. Tarixə nəzər saldıqda dəfələrlə bu həqiqətin şahidi oluruq ki, cəmiyyətdə narazılıq və qarşıdurmalar yaranarkən müxtəlif cəza tədbirlərinə əl atılmış, bir çox hallarda isə yüzlərlə günahsız insanların qanları tökülmüş və bu iş hətta amansız müharibələrlə nəticələnmişdir. Yaranmış kin-küdurət müvəqqəti olaraq yatırılmış, lakin ilk fürsətdə yenidən şö'lələnərək daha da böyümüşdür.

Bütün bu qarşıdurmaların köklərini və yaranma səbəblərini araşdırdıqda görürük ki, onların bir çoxu olduqca əhəmiyyətsiz səbəblər üzündən meydana gəlmiş, insanların inadkarlıqları üzündən get-gedə böyümüş və bir çox hallarda qarşıdurma hətta müharibələrlə belə nəticələnmişdir.

Nəzərdən qaçırmamalıyıq ki, başqalarına qarşı belə bir tədbirlərə əl atdıqda onlar da bizdən hər hansı bir xoşagəlməz rəftar gördükdə ciddi tədbirlər görmək haqda fikirləşəcəklər. Yə'ni, biz başqaları ilə necə davranarıqsa, onlar da bizimlə eyni tərzdə davranmalı olacaqlar. Təbii ki, yaranmış belə bir şəraitdə sülh, əmin-amanlıq əldə etmək mümkün olmayacaqdır və belə bir cəmiyyətdə yaşamaq hamı üçün olduqca ağır və təhlükəli olacaqdır.

ÇI X YOLU N Ə D Ə D İ R?

İslam dininin belə bir şəraitdə bizlərə tövsiyə etdiyi şey, daha dəqiq desək, göstərdiyi yol «səbirli və təmkinli» olmaqdır.

Burada üç mühüm məsələyə xüsusi diqqət yetirmək lazımdır:

1. Qəzəbin mahiyyəti və qəzəb qüvvəsindən istifadə etmək tərzi;

2. İslam dinində səbirli və təmkinli olmağın dəyər və əhəmiyyəti;

3. İslam dininin səbr və təmkinliyə olan baxışı. Həzrət Peyğəmbər (s) və imamların (ə) başqalarının kobud rəftarlarının qarşısında səbr və təmkinli olmaları.

Q ə z ə b:

Nəql olunmuş bir çox rəvayətlərdə qəzəbin həddən artıq mənfi xüsusiyyət olduğu göstərilmiş və müsəlmanlara bu xoşagəlməz xüsusiyyətdən uzaq olmaları tövsiyə olunmuşdur. Bə'zi rəvayətlərdə qəzəbin hətta bütün pisliklərin əsas səbəbkarı (açarı) olduğu göstərilir. İmam Sadiq (ə) buyurur: «Qəzəb bütün pisliklərin açarıdır».

Əli (ə) buyurur: «Qəzəb elə bir şeydir ki, əgər onu özbaşına buraxsan, hər şeyi dağıdar və viran edər».

«Qəzəb öz sahibini həlak edər və eyblərini üzə çıxarar».

«Qəzəb gizli kinləri aşkar edər».

Digər rəvayətlərdə qəzəb şö'ləli alova bənzədilir.

Peyğəmbər (s) buyurur: «Qəzəb, Şeytanın alov şö'ləsindəndir».

Əli (ə) buyurur: «Qəzəb şö'lələnən bir alovdur. Onu udan şəxs söndürər, udmadıqda isə özünü onun içərisinə atar».

«Qəzəbdən uzaq olmağa çalışın, çünki qəzəb Iblisin böyük qoşunlarından biridir».

Bə'zi rəvayətlərdə isə qəzəb dəli-divanəliyə bənzədilir.

Əli (ə) buyurur: «Qəzəbdən uzaq olmağa çalışın, çünki qəzəbin əvvəli ağılsızlıq, sonu isə peşimançılıqdır».

«Qəzəb bir növ ağılsızlıqdır. Çünki qəzəblənən şəxs tutduğu işdən peşiman olur. Yox əgər peşiman olmazsa, ağılsızlığının daha da gücləndiyi bəlli olur».

«Qəzəb əql və düşüncəni korlayır və insanı düz yoldan uzaqlaşıdırır».

İmam Sadiq (ə) buyurur: «Qəzəbinə yiyələnməyən şəxs, əqlinə də yiyələnməmişdir».

Bəs insan öz qəzəbini cilovladıqda necə? Belə bir xüsusiyyətə yiyələnməsi yenə də mənfi haldırmı?

Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdə insanın belə bir xüsusiyyətə malik olması müsbət hal kimi göstərilir.

Əli (ə) buyurur: «Ən böyük var-dövlət insanın öz qəzəbini boğmasıdır». (Qəzəbləndiyi zaman özünü idarə edə bilməsidir.)

«İnsanların ən güclüsü o kəsdir ki, qəzəblənməsin (və ya qəzəbləndiyi zaman özünü ələ ala bilsin)».

«Qəzəbini boğa bilən şəxs Şeytana qalib gəlmiş olur. Şeytan isə qəzəbini boğa bilməyən kəsləri öz ixtiyarına alar».

«Qəzəb sizin düşməninizdir. Elə isə özünüzü onun ixtiyarına buraxmayın (onun qarşısında təslim olmayın)».

«Qəzəb və şəhvəti ağlına qalib gələn şəxslər dörd ayaqlı heyvanlara bənzərlər».

Nəql olunmuş rəvayətlərdə qəzəbinə qalib gələn şəxslər ən iradəli və qüdrətli insanlar kimi qiymətləndirilirlər.

Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş rəvayətdə deyilir: «Güc və qüdrət güləşməkdə və sınanmaqda deyil. Ən qüdrətli insan o kəsdir ki, qəzəbləndiyi zaman özünü ələ ala bilsin».

«Həqiqi pəhləvan (Həzrət (s) bu kəlməni üç dəfə təkrar edir) o kəsdir ki, qəzəbləndiyi zaman rəngi qızarır, bədəni əsir, lakin öz qəzəbini boğa bilir».

Əli (ə) buyurur: «İnsanların ən güclüsü o kəsdir ki, qəzəbləndiyi zaman özünü ələ ala bilsin».

İmam Baqir (ə) buyurur: «Qəzəbini yatıran şəxsdən qüdrətli kəs yoxdur».

Peyğəmbərin (s) dövrünə dəlalət edən rəvayətlərdən birində deyilir: «Köçəri ərəblərdən biri Mədinəyə gəlib həzrət Peyğəmbərdən (s) ona nəsihət etməsini xahiş edir. Peyğəmbər (s) ona yalnız bunu deyir: «Qəzəblənmə!» Həmin şəxs ona edilən bu kiçik tövsiyə ilə qənaətlənib öz qəbiləsinin yanına qayıdır. O, öz el-obasına yetişdikdə görür ki, onun qəbiləsindən bir şəxs digər qəbilənin malını qarət etmiş, bunun üçün də iki qəbilə arasında qarşıdurma yaranmış və hər iki tərəfdən xəsarət alanlar olmuşdur. Dərhal qılıncını siyirib intiqam almaq istəyir. Lakin birdən Peyğəmbərin (s) «qəzəblənmə!» deyərək ona tövsiyə etdiyi söz yadına düşür. Bir qədər fikrə gedir və öz-özünə düşünür, nə üçün haqsız qan töküb, ölümlə üz-üzə gəlməlidi? O, həmin qəbilənin yanına gəlib deyir: Gəlin artıq qan tökməyək, nə qədər xəsarət almısınızsa, mənim var-dövlətimdən götürün. Qəbilə başçıları onun bu sözlərini eşidib düşmənçiliyi kənara qoyaraq cavab verirlər: Mərdlikdə biz də səndən geri qalan deyilik. Elə isə biz də öz haqqımızdan keçirik. Beləliklə, Peyğəmbərin (s) etdiyi hikmət dolu kiçik tövsiyə haqsız qanların tökülməsinin, el-obaların viran qalıb yandırılmasının qarşısını alır.

Bu rəvayətdə iki mühüm məsələyə toxunulur:

1. Qəzəb bir mənfi xüsusiyyət kimi tənqid olunmalıdır;

2. Qəzəblənərkən insan özünü ələ ala bilməyi bacarmalıdır.

Lakin nəql olunmuş növbəti rəvayətlərdə olduqca əhəmiyyət kəsb edən üçüncü məsələ ilə də qarşılaşırıq. O da Allah yolunda qəzəblənmək və haqq-ədalət uğrunda mübarizə aparmaqdır.

Əli (ə) buyurur: «Allah yolunda qəzəb qılıncını itiləyən şəxs küfr əhlinin (haqdan uzaq düşmüş) pəhləvanlarını qətlə yetirməyə daha çox qadir olar».

«Fasiqlərlə düşmənçilik edən şəxs Allaha xatir qəzəblənərsə, Allah da ona xatir qəzəblənər və Qiyamət günü ona sevinc və şadlıq nəsib edər».

Əbuzər Rəbəzəyə sürgün olunarkən Əli (ə) onunla bu sözlərlə vidalaşdı: «Ey Əbuzər! Sən Allaha xatir qəzəbləndin. Elə isə Ona ümid bəslə. Bu insanlar dünyalarına görə səninlə, sən isə dininə görə onlarla mübarizə etdin. Elə isə Ona xatir sən də qorxduqları şeyi onların özlərinə həvalə et. Qorxduğun şeydən də uzaq olmağa çalış. Onlar uzaq düşdükləri şeyə necə də möhtacdırlar. Sən isə onların səndən əsirgədikləri şeyə əsla möhtac deyilsən. Tezliklə [Qiyamət günü] kimin haqlı, kimin isə haqsız olduğunu biləcəklər. Bil ki, əgər yer və göylər insanın üzünə bağlanarsa və insan təqvanı hər şeydən üstün tutarsa, Allah-taala həmin şəxsi tezliklə səadət və xoşbəxtliyə çatdırar. Haqq daim səninlə, batil isə səndən uzaq olar. Əgər onların dünyasına meyl etsəydin səni sevər və əgər dünyada [onlardan] bir şey borc istəsəydin sənin ixtiyarında qoyardılar».

Həzrət Musa (ə) Allahla etdiyi münacatların birində soruşur:

«Qiyamət günü Sənin kölgəndən başqa heç bir kölgə olmadığı bir halda, Sənin sakinlərin kimlərdirlər ki, onlara Öz ərşində sığınacaq verəcəksən?»

Allah-taaladan belə bir xitab gəlir:

«O kəslər ki, haram etdiyim şeylərin halal olunduğunu görüb yaralanmış pələng kimi qəzəblənərlər».

Nəql olunmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, Allah-taala qəzəb hissini insanların fitrətində ona görə qərar vermişdir ki, onlar düşmən müqabilində din və əqidələrinin qorunmasında layiqincə müqavimət göstərə bilsinlər. Deməli, bu daxili qüvvədən yalnız o zaman istifadə etməliyik ki, haqq olan dinimizə, namus və əqidəmizə düşmənlər tərəfindən təcavüz və ya hörmətsizlik edilmiş olsun. Varlığını ilahi ne'mət hesab edən hər bir saf əqidəli müsəlman Allah düşmənlərini öz düşməni sanmalı, ilahi qanunlara qarşı olan hər hansı bir hörmətsizliyi öz şərəf və namusuna qarşı hörmətsizlik hesab etməli və haqq-ədalətin müdafiəsində əlindən gələni əsirgəməməlidir. O, düşmənə qarşı olduqca qətiyyətli və barışmaz mövqe tutmalıdır.

Qur'ani-Kərimin bir çox ayələrində də Peyğəmbərin (s) kafir və münafiqlərə qarşı mübarizə aparmasına əmr olunduğunun şahidi oluruq:

«[Ya Peyğəmbər!] Kafirlərə və münafiqlərə qarşı vuruş! [Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!] Onlarla sərt davran!...» (Tövbə-73)

Başqa bir yerdə deyilir:

«...Onunla [Peyğəmbərlə (s)] birlikdə olanlar [mö'minlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...» (Fəth-29)

Lakin mö'min və iman sahiblərinə gəldikdə qəzəb və digər mənfi xüsusiyyətlər kənara qoyulmalı, onlarla səmimiyyət və mehribançılıqla rəftar olunmalıdır. Dərsin əvvəlində nəql olunmuş rəvayətlər də məhz bu mətləbə dəlalət edir.

Artıq mə'lum oldu ki, yalnız düşmənlərin müqabilində qəzəblənməli və mö'min qardaşlarla qarşı-qarşıya gəldikdə buna yol verməməli, onlarla olduqca mehribançılıqla davranılmalıdır. Bəs islam dini iman əhlinə kobud rəftarların müqabilində nə kimi reaksiya verməyi tövsiyə edir?

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bu cür hallarda da islam dini mümkün qədər çox güzəştə getməyi, səbr və təmkinli olmağı tövsiyə edir. İslam, yaranmış ixtilaf və qarşıdurmaların aradan qaldırılmasını güzəştə getməkdə, səbirli və təmkinli olmaqda görür.

Qur'ani-Kərimdə güzəştə getmək, səbirli və təmkinli olmaq mö'minlərə xas olan xüsusiyyət kimi göstərilir:

«O müttəqilər ki, bolluqda da, qıtlıqda da [mallarını yoxsullara] xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər».(Ali Imran-134)

Başqa bir ayədə Allah-taala pisliyə pisliklə deyil, yaxşılıqla cavab verməyi tövsiyə edir:

«Yaxşılıqla pislik eyni ola bilməz! [Ey mö'min kimsə!] Sən pisliyi yaxşılıqla dəf et! [Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!] Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!

Bu [xislət] yalnız [dünyada məşəqqətlərə] səbr edənlərə verilir və yalnız böyük qismət [savab, fəzilət] sahiblərinə əta olunur!» (Fussilət 34-35)

Göründüyü kimi Allah-taala, düşmənçiliyin səmimi dostluğa çevrilməsini, pisliklərin qarşısında səbirli və təmkinli olmağı, pisliklərə yaxşılıqla cavab verməyi tövsiyə edir. Çünki intiqam almaq düşmənçiliyin aradan qaldırılması deyil, insanı qıcıqlandıran daxili hisslərin yatırılmasıdır.

Nəql olunmuş rəvayətlərdən birində deyilir: Günlərin bir günü bir şəxs Əli (ə)-ın qarşısında o həzrətin xidmətçisi Qənbəri təhqir edir. Qənbər həmin şəxsi susdurmaq istədikdə Əli (ə) Qənbəri səsləyib deyir: «Əl saxla, onunla işin olmasın. Əgər belə etsən, Allahı özündən razı salmış, Şeytanı qəzəbləndirmiş və düşmənini cəzalandırmış olarsan. And olsun insanları yaradan və dənləri göyərdən Allaha! Mö'minlər Allahı səbirli və təmkinli olmaqla razı saldıqları kimi başqa heç bir şeylə razı sala bilməzlər. Şeytanı sükut etməklə qəzəbləndirdikləri kimi başqa heç bir şeylə qəzəbləndirə bilməzlər. Nadan insanları e'tinasızlıqla cəzalandırdıqları kimi başqa heç bir şeylə cəzalandıra bilməzlər».

İndi isə iə'sum imamlardan bu məzmunda nəql olunmuş hədis və rəvayətləri nəzərdən keçirək. Bu rəvayətlər həmin məsələnin mahiyyətini açıqladığı üçün onların məzmununa xüsusi diqqət yetirmək lazımdır.

S Ə B İ RL İ V Ə T Ə MK İ NL İ OLMAQ HAQDA N Ə QL OLUNMU Ş R Ə VAY Ə TL Ə R

Əli (ə) buyurur: «Səbirli və təmkinli olmaq bütün pisliklərin üzərinə pərdə çəkir».

«Səbirli və təmkinli olmaq parlaq bir nurdur. Əql isə onun cövhəridir».

«Səbirli və təmkinli olmaqdan böyük şərəf yoxdur».

«Səbirli və təmkinli olmağı öyrənin. Çünki səbr mö'minin ən yaxın dostu və köməkçisidir».

«Səbirli və təmkinli olmağı sənə tövsiyə edirəm. Çünki səbr elmin səmərəsidir».

Başqa bir rəvayətdə buyurur:

«Səbirli və təmkinli olan şəxs daim şad və sevinc içində olar».

«Sülh və asayiş elm və agahlığın səmərəsidir».

«Təmkinli şəxsin ilk mükafatı səbr etdiyi üçün camaatın onu cahil və nadan şəxslərin yanında müdafiə etmələridir».

«Sənin qarşında səbirli və təmkinli olan şəxs sənə qalib gəlmiş olur».

İmam Cavad (ə) bu haqda buyurur:

«Səbr, alimin geyimidir (paltarıdır). Elə isə onu üzərinizdən çıxarmayın».

Q Ə Z Ə B İ N YAT I R I LMAS I HAQDA N Ə QL OLUNMU Ş R Ə VAY Ə TL Ə R

Peyğəmbər (s) buyurur: «Allah-taala qəzəbini yatıra bilən şəxslərin qəlblərini imanla doldurar».

Əli (ə) buyurur: «Qəzəbini boğa bilən şəxsin Allah-taala eyb və nöqsanlarını örtər».

İmam Baqir (ə) buyurur: «Qəzəbini uda bilən şəxs əgər bunu edərsə, Allah-taala Qiyamət günü onun qəlbini iman və fərəhlə doldurar (yə'ni, ona mə'nəvi rahatlıq nəsib edər).»

İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) nəql edərək buyurur: «Qəzəbini uda bilən şəxs əgər bunu edərsə, Allah-taala ona səbirli və təmkinli olduğu üçün şəhid savabını verər».

Nəql etdiyi başqa bir hədisdə buyurur: «İnsanların ən ehtiyatlısı qəzəbini daha çox udan şəxslərdir».

S Ə B İ RL İ V Ə T Ə MK İ NL İ OLMA ĞI N H Ə DD İ -H Ü DUDU

Həzrət Əli (ə) buyurur: «Qəzəbi udmaq səbr və təmkinli olmağın səmərəsidir».

İmam Həsən Müctəba (ə)-dan səbr haqda soruşduqda buyurur: «Qəzəbi udmaq, insanın özünü ələ alması deməkdir».

Başqa bir hədisdə buyurur: «Qəzəbləndiyi zaman özünü ələ alan və qəzəbini uda bilən şəxslərin vurğunuyam».

Rəvayətlərdən birində deyilir: Bir şəxs imam Sadiq (ə)-ın yanına gəlib deyir: «Bundan belə qəzəblənməmək və kiminləsə sərt davranmamaq qərarına gəlmişəm. Lakin dostlarım bunu mənə məsləhət görmürlər və deyirlər ki, əgər belə etsən, hamının nəzərindən düşüb xar və rüsvay olacaqsan». İmam Sadiq (ə) həmin şəxsin cavabında buyurur: «Xar və rüsvay olan yalnız zalımlardır».

Nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, insanların haqqa hidayət olmalarını və onlara əxlaqi dəyərləri tə'lim etməyi öz öhdələrinə götürmüş Peyğəmbər (s) və mə'sum imamlar (ə) müsəlmanlar arasında səmimi münasibətlərin bərqərar olunması, anlaşılmazlıqların, kin-küdurətin, ədavət və düşmənçiliklərin aradan qaldırılmasında çıxış yolunu güzəştə getməkdə, səbirli və təmkinli olmaqda görmüşlər. Onlar öz davamçılarına daim pisliklərin müqabilində yaxşılıq etməyə, qarşılaşdıqları çətinliklərdə və onlara qarşı edilən hörmətsizliklərin qarşısında səbirli və təmkinli olmağa tövsiyə etmişlər. Lakin necə olursa-olsun, daim yaranmış şəraiti nəzərə almalı və hər şeydən əvvəl çıxış yolunu hər hansı bir cəza tədbirinə əl atmaqda deyil, şər'i qanunlar çərçivəsində lazımı tədbirlər görmək lazımdır.

T Ə MK İ NL İ DAVRAN

Burada Peyğəmbər (s) və mə'sum imamların (ə) onlara qarşı edilən hörmətsizlik və kobud rəftar müqabilində necə münasibət göstərmələri və yüksək əxlaq nümunələri nümayiş etdirmələri haqda söhbət açacağıq. Nəql olunmuş rəvayətlər və tarixi sənədlərdə onların, hətta qatı düşmənlərinə qarşı necə mülayim rəftar etmələrinin və bununla da onların qəlblərinə yol tapmalarının şahidi oluruq. Bir sözlə, o həzrətlərin başa vurduqları şərəfli həyat onların davamçıları üçün ən yaxşı örnək, əxlaq və həyat dərsidir.

Söhbətimizi Peyğəmbərin (s) sünnəsi ilə başlayırıq.

Ovs və Xəzrəç, Mədinənin iki böyük və nüfuza malik qəbilələrindən idi. Cahiliyyət dövründə onların arasında daimi qarşıdurmalar və illər boyu davam edən müharibələr baş verərdi. Baş vermiş döyüşlərdə hər iki tərəf ağır itkilər verir və böyük çətinliklərlə qarşılaşırdılar. Lakin Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müqəddəs islam dininin və Peyğəmbərin (s) şərəf, əzəmət və ucalığı sayəsində bu iki qəbilə arasında sülh və əmin-amanlıq bərqərar oldu.

Bir gün hər iki qəbilənin adamları birlikdə məclis qurduqları zaman Şas ibn Qeys adlı bir yəhudi onların məclisinə gəlib nəzər salır. Iki qəbilə arasında yaranmış səmimi dostluq əlaqələri onu olduqca narahat edir. Belə qərara gəlir ki, yəhudi gənclərindən birini onların məclisinə göndərib sülh və asayişi pozub qarşıdurma yaratsın. Gənc yəhudi Qeysin dediyi kimi də edir. O, məclisə daxil olub bir kənarda əyləşir. Qəbilə üzvlərinin biri ilə etdiyi söhbətdə onun yadına əvvəllər baş vermiş qanlı «Buğas gününü» salır. Hər iki qəbilə yenidən köhnə ədavətlərini xatırlayaraq qarşı-qarşıya durub silaha əl atırlar. Bu xəbər tez bir zamanda bütün şəhərə yayılır. Peyğəmbər (s) bundan xəbər tutub tez özünü onların məclisinə çatdırır. Məclisə daxil olub onlara müraciət edərək buyurur:

«Ey müsəlmanlar! Allahı yada salın, Allahı! Mən sizin aranızda ola-ola yenidən cahiliyyət adət-ən'ənələrinə qayıdırsınız?! Allah-taala sizləri islam dini ilə haqqa hidayət etdiyi və cahiliyyətin zülmətindən nicat verdiyi bir halda yenidən küfrə üz tutursunuz?!»

Peyğəmbərin (s) belə bir tə'sirli çıxışından sonra hər iki qəbilə qılınclarını yerə atıb öz peşimançılıqlarını və o həzrətə (s) bundan sonra da tabe olacaqlarını bildirdilər.

Beləliklə, yəhudi gəncin mənfur niyyəti baş tutmadı və yenidən hər iki qəbilə arasında sülh və qardaşlıq bərqərar oldu.

İkinci rəvayətdə deyilir:

Bir gün Peyğəmbər (s) öz səhabələri ilə birlikdə Mədinə məscidində olarkən bir çöl ərəbi məscidə daxil olub Peyğəmbərdən (s) pul istəyir. Peyğəmbər (s) onu əliboş qaytarmayıb bir qədər pul verir. Lakin həmin şəxs ona verilən məbləğdən razı qalmayıb Peyğəmbəri (s) acılayır. Səhabələr bundan hiddətə gəlib onu cəzalandırmaq istəyirlər. Peyğəmbər (s) təmkinlə onları sakitləşdirib çöl ərəbini evinə aparır. Həmin şəxs evə daxil olduqda Peyğəmbərin (s) olduqca sadə bir şəraitdə yaşadığını görüb təəccüblənir. Çünki o, yanlış olaraq belə təsəvvür edirdi ki, Peyğəmbər (s) da şahlar kimi eyş-işrət içində yaşayır, onun da xəzinələri və ətrafında ə'yan-əşrafı vardır. Bunun üçün də peşimançılığını e'tiraf edərək Peyğəmbərdən (s) üzr istəyir. O həzrət onun üzrxahlığını qəbul edib buyurur: Sən dünən səhabələrin yanında məni təhqir etdin, indi isə mənə öz minnətdarlığını bildirirsən. Qorxuram onlarla qarşılaşdıqda sənə zərər yetirmiş olsunlar. Bunun üçün də yaxşı olardı ki, bu sözlərini onların yanında da təkrar edəsən. Həmin şəxs bununla razı olub Peyğəmbərlə (s) birlikdə məscidə gəlir. Peyğəmbər (s) üzünü səhabələrə tutub buyurur: Bu şəxs məndən razı qaldığını bildirir, elədirmi?

Çöl ərəbi səhvini e'tiraf edib Peyğəmbərin (s) dediklərini təsdiq edir və səhabələrin qarşısında o həzrətə bir daha öz minnətdarlığını bildirir. Sonra Peyğəmbər (s) yenidən üzünü səhabələrə tutub buyurdu: Bu şəxslə mənim aramda baş vermiş əhvalat, dəvəsi hürküb qaçmış bir çöl ərəbinin hekayəsinə bənzəyir. Camaat ona kömək məqsədilə səs-küy salaraq dəvənin dalınca düşür, amma onlar dəvəni tuta bilməyib, əksinə onu daha da uzaqlaşdırırlar. Dəvənin sahibi onlardan kömək etməmələrini xahiş edir. Özü bir qədər ot götürüb dəvəyə tərəf gedir. Beləliklə, dəvənin cilovunu ələ keçirir və dəvəsinə minib yolunu davam edir. Əgər mən də dünən sizin qarşınızı almasaydım, onu ölümcül hala salardınız. Lakin mülayim rəftarla onun qəlbini ələ ala bildim.

Üçüncü əhvalat imam Həsən (ə) haqqında nəql olunmuşdur.

Bir gün imam Həsən (ə) atla yol gedərkən Şamdan olan bir nəfər onu görüb lə'nət oxumağa və təhqiramiz sözlər deməyə başladı. Qurtardıqda imam Həsən (ə) gülər üzlə ona tərəf gəlib salam verib buyurdu: Güman edirəm bu yerlərdə qəribsən və məni kiminləsə səhv salırsan. Əgər bir şeyə ehtiyacın varsa, onu ödəməyə hazıram, bu yerlərə bələd deyilsənsə, sənə bələdçilik edə bilərəm, kömək istəyirsənsə, sənə köməklik edim, acsansa sənə yemək verim, paltarın yoxdursa, sənə paltar verim, qalmağa yerin yoxdursa, sənə yer verək, bizlərə tərəf gəlmisənsə, qonağımız ol. Hər halda səni bir qonaq kimi qəbul etmək üçün kifayət qədər yerimiz və imkanımız var. Həmin şəxs imam Həsən (ə)-ın bu sözlərini eşidib peşman olur və xəcalətindən ağlamağa başlayır. Sonra üzrxahlıq edərək deyir: Şəhadət verirəm ki, sən Allahın yer üzərindəki xəlifəsisən. Allah-taala kimləri bu məqama tə'yin etdiyini çox yaxşı bilir. Bu günə qədər səni və atanı özümə ən qatı düşmən hesab edirdim. Lakin bundan belə hamıdan çox sevdiyim və hörmət etdiyim şəxs olacaqsınız.

Beləliklə, imam Həsən (ə) Bəni-Üməyyə sülaləsindən olan qatı bir Əhli-beyt (ə) düşmənini gözəl əxlaq nümayiş etdirməklə ən yaxın şəxslərdən birinə çevirir.