T ö hm Ə t:

İctimai münasibətlərdə ən pis xüsusiyyətlərdən biri də başqalarına töhmət vurub böhtan atmaqdır. Bir qədər əvvəl qeybətin tə’rifində qeyd etdik ki, qeybət — başqalarının eyb və nöqsanlarını camaata aşkar etməkdən ibarətdir. Töhmət isə insanlarda olmayan eyb, nöqsan, günah və xoşagəlməz xüsusiyyətləri onlara aid etməkdən ibarətdir. Qeybətlə töhmət arasındakı fərqi nəzərə alıb belə bir nəticəyə gələ bilərik ki, töhmət qeybətdən də böyük günahdır. Qur’an ayələrinə və bu məzmunda nəql olunmuş hədis və rəvayətlərə nəzər salaraq bu həqiqəti daha yaxından dərk etmək olar.

Nisa surəsinin 112-ci ayəsində deyilir:

«Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar [günah üstündən günah qazanar]».

Peyğəmbər (s) bu haqda buyurur: Allah-taala mö’min bir qadın və ya kişiyə töhmət vuran şəxsləri qiyamət günü cəhənnəm odunun kənarında saxlayar ki, dediklərinə cavab versinlər.

İmam Sadiq (ə) buyurur: Mö’min öz mö’min qardaşına töhmət vurduğu zaman buz suda əriyib aradan getdiyi kimi, qəlbindəki iman nuru da eləcə məhv olub aradan gedər.

Töhmət üç halda vurulur:

1. Hər hansı bir eyb və çatışmazlıq sübut olunmadan nəzərdə tutulan şəxsə ehtimal verərək aid edilmiş olsun.

2. Günah və çatışmazlığın bir şəxsdə olmadığına yəqinlik hasil olunsa belə, inadkarlıq və ya düşmənçilik üzündən aid edilmiş olsun.

3. Şəxs özünə bəraət qazandırmaq məqsədilə öz günah və çatışmazlıqlarını başqasına aid etmiş olsun. Müqayisə etməklə töhmətin hər birinin xüsusiyyətləri bəlli olur. Hərçənd onların hər bir nümunəsi böyük günahlardan hesab olunur.

Başqalarının şəxsiyyətinə xələl gəlməsin deyə və hamının şəxsiyyətinin toxunulmazlığına əmin olmaq üçün hər bir müsəlman töhmətin böyük günah olduğunu dərk etməli və bu mənfi xüsusiyyətdən uzaq olmağa çalışmalıdır. Cəmiyyət üzvləri bir-birinin hüquqlarını tapdaladıqları zaman töhmət, qeybət, intiqam almaq hissi adət halını alır və belə bir şəraitdə mə’nəvi saflıq haqda düşünməyə belə macal qalmır.

Töhmətdən uzaq olmaqla yanaşı, hər bir cəmiyyət üzvünün üzərinə düşən vəzifələrdən biri də töhmətə şərait yaratmamaqdır. Yə’ni, hər bir şəxs öz rəftar və davranışına diqqət yetirməli və başqasına töhmət vurmağa şərait yaratmamalıdır.

Peyğəmbər (s) bu haqda buyurur: Töhmətə hamıdan artıq o şəxslər layiqdirlər ki, başqalarına töhmət vuranlarla ünsiyyətdə olsun.

Əli (ə) buyurur: Töhmətə şərait yaradan şəxslər özlərindən başqa kimsəni müqəssir hesab etməməlidirlər.

İmam Cə’fər Sadiq (ə) buyurur: Atam [Məhəmməd Baqir (ə)] məni yanına çağırıb buyurdu: Pis insanlarla ünsiyyətdə olanlar mə’nəvi cəhətdən sağlam qalmazlar. Xoşagəlməz yerə gedənlər və nə dediklərinin fərqinə varmayanlar isə daim peşmançılıq çəkərlər.

B Ə DG Ü MANL I Q:

İctimai münasibətlərdə xoşa gəlməyən xüsusiyyətlərdən biri də başqaları haqda bədgüman olmaqdır. İnsanların bə’ziləri bir çoxlarına qarşı bədbin və onların haqqında mənfi təsəvvürə malik olurlar. Adi hal olduğu üçün başqalarının gördüyü hər bir işə və dedikləri hər bir sözə nöqsan tutur, həqiqətlə müvafiq olmadıqda zənn və gümana qapılırlar.

Hucurat surəsinin 12-ci ayəsində deyilir:

«Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə’zisi [heç bir əsası olmayan zənn] günahdır. [Bir-birinizin eybini, sirrini] arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!...»

Göründüyü kimi Allah-taala bə’zi zənn və gümanların günah olduğunu bildirir. Bu da ondan irəli gəlir ki, bə’zən həqiqət bizim güman etdiyimiz kimi olur. Belə olduqda təbii ki, zənn və gümanlarımız günah və batil olmayacaqdır. Lakin zənn və gümanlarımızın bir qismi həqiqətlə müvafiq olmadığı üçün günah və yolverilməzdir.

Əgər başqaları haqda pis fikirləşmək istəməsək, gərək onların şəxsi işlərinə qarışıb adət və xüsusiyyətləri ilə yaxından maraqlanmayaq. Başqalarının şəxsi həyatına dəxalət etmək isə qeyri-əxlaqi iş olmaqla yanaşı, haram və günah da sayılır. Haqqında söhbət açdığımız ayədə də bu məsələyə toxunulur.

Digər tərəfdən isə başqalarının şəxsi məsələləri ilə maraqlanmaq qeybət xarakteri daşıyır. Çünki insanların xüsusiyyətləri ilə tanışlıq hər şeydən əvvəl onlarla söhbət və ünsiyyətdə olmaqla əldə olunur. Bu səbəbdən də sui-zənn və bədgümanlıq böyük günah olmaqla yanaşı, digər günahların yaranmasına da səbəb olur. Mö’minlər belə bir böyük günaha mürtəkib olmasınlar deyə, Allah-taala bir-birinə qarşı zənn və gümana qapılmalarını qadağan edir. Nəql olunmuş rəvayətlərdə sui-zənn və bədgümanlıqdan yaxa qurtarmaq üçün mö’minlərin bir-birinə qarşı müsbət fikirdə olmalarına və biri digərinin səhvinə göz yumub güzəştə getmələrinə tövsiyə olunmuşdur.

Əli (ə) bu haqda buyurur: Mö’min qardaşınızın bütün işlərini əlinizdə əsaslı dəlil olmayınca, qiymətləndirməyi bacarın. Onlardan eşitdiklərinizi müsbət mə’nalandıra bilirsinizsə, zənn və gümana qapılmayın.

B Ə DG Ü MANL IĞI N VERD İ Y İ N Ə T İ C Ə L Ə R

Mə’sum imamlardan nəql olunmuş hədis və rəvayətlərdə sui zənn və bədgümanlığın verdiyi nəticələr belə izah olunur:

1. Əli (ə) buyurur: Başqaları haqda pis təsəvvürə malik olan şəxslər daim qorxu və hürkü içində yaşayar. Yə’ni, bədbin insan hamıda eyb və nöqsan axtardığı üçün kimsəyə e’timad etməyib daim qorxu və hürkü içində yaşayar. Daxili sarsıntı onu rahat buraxmayıb hamıdan ehtiyat etməyə vadar edər. Bu da onların hamıdan uzaq düşüb tək həyat sürmələrinə gətirib çıxarar.

2. Başqa bir hədisdə buyurur: Bədbinlik insanın əməllərini korlayır və onları pisliklərə vadar edir.

Camaatın e’timadını qazanmaq düzgünlük və doğruluğun ən başlıca amillərindəndir. Belə ki, hər bir şəxs başqalarının onun düzgünlüyündən razı qalıb e’timad etmələrini istəyir. İnsanlar bir-birinə qarşı bədbin olduqda isə qarşılıqlı e’timad öz mə’nasını itirəcək və artıq kimsə düzgünlük naminə zəhmətə qatlaşmayacaqdır. Nəticədə Əli (ə) buyurduğu kimi, həyat öz axarından çıxacaq və ictimai asayiş pozulacaqdır.

3. Əli (ə) başqa bir hədisdə bədbinliyi təfriqə və ixtilafların yaranmasına səbəb olan ən başlıca amil hesab edir: Bədbinliyə düçar olan şəxslər öz dostları arasında mehribançılıq və səmimiyyəti aradan aparmış olurlar.

4. Sui-zənnin isə ibadəti aradan aparmasını vurğulayır: Sui-zəndən uzaq olmağa çalışın! Çünki sui zənn ibadəti aradan aparmaqla yanaşı, günahları da böyüdür.

Sui-zənn (bədbinlik) mö’minlər üçün xoşagəlməz xüsusiyyət olduğu kimi, hüsni-zənn də (nikbinlik, başqaları haqda xoş təəssüratda olmaq) mö’minlər üçün gözəl xüsusiyyət hesab olunur. Mə’sum imamlardan nəql olunmuş rəvayətlərdə mö’minlərin bu gözəl xüsusiyyətə sövq olunduqlarının şahidi oluruq.

Əli (ə) buyurur: Hüsni-zənn ən gözəl xüsusiyyət və insanın əldə etdiyi gözəl bəhrədir.

Hüsni-zənn dinin qorunmasına və qəlbi rahatlığa səbəb olur.

Hüsni-zənn nigarançlığı azaldır və günah sarsıntısına son qoyur.

Hüsni-zənn edənlər camaatın məhəbbətini qazanmış olarlar.

İmam Sadiq (ə) buyurur: Hüsni-zənn insanın gözəl əxlaq və saf imanından irəli gəlir.

Peyğəmbər (s) buyurur: Mö’min qardaşlarınız haqda daim yaxşı fikirdə olun. Bununla siz mə’nəvi saflığa və gözəl təbiətə nail olarsınız.

Bədbinlik nikbinliklə əvəz olduqda qəlblərdən kin-küdurət gedir və insanda hamıya qarşı sevgi, məhəbbət və qardaşlıq hissi yaranır. Bu səbəbdən də mö’minlərin bir-birinə qarşı müsbət fikirdə olmaları [aralarında dostluq və səmimiyyətin bərqərar olunması üçün] ən başlıca me’yar hesab olunur. Lakin bunu da bilməliyik ki, hər şeydə olduğu kimi, hüsni-zənnin də müəyyən həddi-hüdudu vardır. Bu həddi keçdikdə heç də müsbət xüsusiyyət hesab olunmur. Bunun üçün də hər şeydən əvvəl nə zaman bədbin və nə zaman nikbin olmağımızı bilməliyik. Mə’sum imamlardan nəql olunmuş rəvayətlərdə bunun üçün ən başlıca şərt cəmiyyətdə haqq-ədalətin bərqərar olunması, zülm, fitnə-fəsadın aradan götürülməsi və insanlar arasında sülh və əmin-amanlığın bərpa olunması hesab olunur. Belə ki, əgər cəmiyyətdə haqq-ədalət zülm və ədalətsizliyə, sülh və əmin amanlıq ixtilaf və qarşıdurmalara qalib gələrsə, hüsni-zənn öz yerini tapacaqdır. Əksinə, zülm və pozğunluq baş alıb gedərsə, əməlisaleh insanları tanımaq bir o qədər də asan olmayacaqdır. Belə bir şəraitdə ictimai münasibətlər də müsbət bir xüsusiyyət kimi öz yerini tapa bilməyəcəkdir. Əli (ə) bu məsələyə işarə edərək buyurur: Düzgünlük insanlar və zəmanəyə hakim olduğu zaman günahı olmadığı bir şəxs başqa birisinə qarşı bədbin olarsa, sanki ona zülm etmiş olur. Zülm və ədalətsizlik baş alıb getdikdə isə biri başqasına qarşı yaxşı fikirdə olarsa, özünü aldanmış hesab etsin.

İmam Kazim (ə) buyurur: Zülm və ədalətsizlik haqq-ədalətə qalib gəldiyi zaman yaxşı insan olduğunu bilmədən biri digəri barədə yaxşı fikirdə olmamalıdır [hüsni-zənn etməməlidir].

İmam Əli ən-Nəqi (ə) buyurur: Haqq-ədalət öz yerini tapdığı zaman kimliyini tanımadan kimsə digərinə qarşı bədbin olmamalıdır. Zaman dəyişib, zülm və ədalətsizlik haqq-ədalətə hakim olduqda isə şəxsin əməli-saleh bir insan olduğunu bilmədikdə kimsəyə hüsni-zənn olunmamalıdır.

E’timad və hüsni-zənnə lazım olan şərtlərdən biri də qarşı tərəfin xəyanətə yol verməməsidir. Belə ki, həmin şəxs xəyanət etdikdə öz e’tibarını itirmiş olur və belə bir şəraitdə e’timad və hüsni-zənn edilməməlidir. İmam Sadiq (ə) bu haqda buyurur: Sizə xəyanət edən şəxslərə e’timad etməməli, əmin olduğunuz (güvəndiyiniz) şəxslərə də töhmət vurmamalısınız.