Mö'minlər arasında sülh və əmin-amanlıq

Ötən dərsdə yüksək əxlaqi xüsüsiyyətlərdən biri-mö'minlərə yardım və onların maddi vəziyyətlərinin yaxşılaşdırılması haqda söhbət açdıq. Qeyd etdik ki, mö'min bir şəxsin öz mö'min qardaşına miqdarından asılı olmayaraq, maddi yardım etməsi onun rifahının yaxşılaşması ilə yanaşı, qəlbinə də sevinc gətirməsinə səbəb olur. Bu xüsusiyyətə hər bir müsəlman malik olmalı və bunu üzərinə düşən ən ümdə dini və insani vəzifələrdən biri hesab etməlidir. Bu dərsdə digər əxlaqi xüsusiyyətlərdən biri, yə'ni, mö'minlər arasında sülh və əmin-amanlığın bərqərar olunması haqda söhbət açacaq və bu məzmunda nəql olunmuş bir neçə hədis və rəvayət gətirəcəyik.

Peyğəmbərdən (s) soruşurlar: Allah yanında ən sevimli iş nədən ibarətdir?

Buyurdu: Müsəlmanları sevindirməyə çalışmaq.

Soruşdular: Müsəlmanları necə sevindirməli?

Buyurdu: Ac olduğu zaman doydurmaq, kədərli olduğu zaman qəm-qüssəsini dağıtmaq və borclu olduğu zaman borcunu ödəməklə.

Əli (ə) səhabələrindən olan Kumeylə tövsiyə edərək buyurur: Ey Kumeyl! Ailə üzvlərini gündüzlər fəzilət (savab) qazanmağa və gecələr yuxuda olan camaatın ehtiyaclarını ödəməyə vadar et. And olsun hər şeyi eşidən Allaha! Yad bir dəvə sürüdən ayrıldığı kimi, Allah-taala qəlblərə sevinc gətirən şəxslərin qəlblərindən qəm-qüssə ilə qarşılaşdıqları zaman dərdi uzaqlaşdırar.

İmam Baqir (ə) buyurur: Müsəlman qardaşınızın üzünə gülüb onun dərd- qəmini dağıtmaq ən xeyirxah işlərdəndir. Və Allah yanında ən xeyirxah (sevimli) iş mö'min bir şəxsi sevindirməkdir.

İmam Sadiq (ə) buyurur: Sizlərdən heç biriniz belə güman etməsin ki, mö'min bir şəxsi sevindirməklə yalnız onu sevindirmiş olur. And olsun Allaha, həmin şəxs həm biz Əhli-beyti, həm də Peyğəmbəri (s) sevindirmiş olur.

Peyğəmbər (s) buyurur: Mö'min bir şəxsi sevindirən insan məni sevindirmişdir və məni sevindirən şəxs Allahı sevindirmişdir.

İmam Sadiq (ə) buyurur: Allah-taala Davud (ə)-a belə bir vəhy nazil etdi: Bəndələrimdən xeyirxah iş görənin hər birini cənnətə daxil edəcəyəm.

Davud (ə) soruşdu: İlahi! Həmin xeyirxah iş nədən ibarətdir?

Buyurdu: Bir xurma ilə olsa belə, mö'min bəndələrimin qəlblərinə sevinc bəxş edib onları razı salmaq.

Davud (ə) sonra dedi: İlahi! Səni tanıyan bəndələrin Sənin üzərində olan haqları da bundan ibarətdir ki, bəslədikləri ümidi onlardan kəsməyəsən.

Peyğəmbər (s) buyurur: Könül açan sözlərlə müsəlman qardaşının qəlbinə sevinc gətirən və qəm-qüssəsini dağıdan şəxs bu müddət ərzində Allahın rəhmət kölgəsində olar.

Nəql olunmuş rəvayətlərdən mö'minlərin qəlblərinə sevinc gətirməyin nə qədər fəzilətli və Allah yanında sevimli bir iş olduğu artıq bizə mə'lum oldu.

Bu gözəl xüsusiyyətə hər bir müsəlman adət etməli və hansı şəraitdə olursa-olsun, ona əməl etməyə cəhd göstərməlidir.

Maddi vəziyyəti imkan verməyən şəxslər bunu bəhanə gətirərək öz mö'min qardaşlarına sevinc bəxş etməkdən boyun qaçırmamalıdırlar. Belə ki, bir qədər əvvəl nəql olunmuş rəvayətlərdə bu mətləbə işarə olundu ki, maddi vəziyyəti imkan verməyən şəxslər öz mö'min qardaşlarını hətta ürəyəyatan xoş bir söz demək və ya bir xurma verməklə sevindirə bilər.

Axırda belə bir nəticəyə gəlirik ki, öz müsəlman qardaşının çətinliklərinin aradan qaldırılmasında əlindən gələn köməkliyi edən, onların qəlblərinə sevinc və şadlıq gətirən şəxslər Allahın, Peyğəmbərin (s) və onun Əhli-beytinin məhəbbət və razılığını qazanmış olurlar.

İctimai çatışmazlıqların aradan qaldırılmasında hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdən biri də onun mö'minlər arasında sülh və əmin-amanlıq, asayiş və səmimiyyətin bərqərar olunmasında əlindən gələn köməkliyi göstərməsidir. Bu məzmunda nəql olunmuş rəvayət və Qur'an ayələri haqda söhbət açmazdan əvvəl qeyd etmək lazımdır ki, mö'minlərin bir-biri ilə əlaqələrini kəsmələri və yaranmış cüzi ixtilaflar nəticəsində bir-birinə düşmən kəsilərək soyuq münasibət bəsləmələri heç də müsəlmana xas olan xüsusiyyətlərdən deyil Peyğəmbər (s) bu barədə buyurur: Iki nəfər müsəlman şəxs üç gündən artıq bir-birindən küsülü qalsa, dindən xaric olmuş olarlar. Onlardan biri digəri ilə barışmayınca aralarında dini münasibətlər bərqərar olunmayacaq. Axirətdə isə həmin şəxs cənnətə daha tez daxil olar.

İmam Sadiq (ə) buyurur: Bir-birindən küsən iki nəfər müsəlman şəxs (xüsusilə müqəssir olanı) qəzəb və nifrətdən savayı bir şey əldə etməz.

Nəql olunmuş rəvayətlərdə müsəlmanlar arasında kin-küdurət və düşmənçiliklərin şeytani vəsvəsələrdən meydana gəldiyi göstərilir. Bu rəvayətlərdə müsəlmanlara Şeytanın vəsvəsələrinə uymamaq tövsiyə olunur və bunun verdiyi ağır nəticələr haqda ciddi xəbərdarlıqlar edilir.

Maidə surəsinin 91-ci ayəsində deyilir:

«Şübhəsiz ki, Şeytan aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər...»

İmam Baqir (ə) buyurur: Dinindən çıxmayınca Şeytan müsəlmanlar arasında düşmənçilik yaratmağa çalışar. Istəyinə nail olduqda arxası üstə uzanıb dərindən nəfəs alıb deyər: Qalib gəldim. İmam (ə) sonra əlavə edərək buyurur: Allahın rəhmət və mərhəməti olsun o kəslərə ki, bizim dostlar arasında səmimiyyətin artmasına səbəb olur. Ey mö'minlər! Bir-birinizlə mehribanlıqla rəftar edin və aranızdakı səmimiyyətin güclənməsinə çalışın.

İmam Sadiq (ə) buyurur: Iki nəfər müsəlman bir-biri ilə küslü olduğu zaman Iblis sevinc hissi keçirər. Barışdıqda isə dizləri titrəyib yerə yıxılaraq fəryad edər: Vay halıma, artıq həlak oldum!

Yuxarıda qeyd olunan rəvayətlərdən belə bir qənaətə gəlmək olar ki, müsəlmanlar arasında kin-küdurətin yaranmasına səbəb olan ən başlıca amil onların bir-biri ilə əlaqələrini kəsmələri və qəlblərində şeytani vəsvəslərin güclənməsidir. Onlar dostluq və səmimiyyətin güclənməsinə nə qədər çalışırlarsa, şeytani vəsvəsələrin və kin-küdurətin aradan qaldırılması üçün də bir o qədər cəhd göstərməlidirlər.

Qur'ani-Kərimdə buyurulur:

«Həqiqətən, mö'minlər [dində] qardaşdırlar. Buna görə də [aralarında bir mübahisə düşsə] iki qardaşınızın arasını düzəldin...» (Hucurat-10)

«...Buna görə də əgər [həqiqi] mö'minsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin...» (Ənfal-1)

«Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, yaxud yaxşılıq etməyə və ya insanlar arasında sülh yaratmağa əmr edən şəxsin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə [axirətdə] böyük mükafat verəcəyik!» (Nisa-114)

Peyğəmbər (s) buyurur: Allahın və Onun peyğəmbərinin sevdiyi sədəqənin nədən ibarət olduğundan sizi agah etməyimi istəyirsinizmi? Bu, mö'minlər arasında soyuq münasibətlərin aradan qaldırılması və yenidən səmimiyyətin bərpa olunmasına cəhd göstərməkdir.

Şeybə həmin hədisi imam Sadiq (ə)-dan nəql edir: Allah-taalanın sevdiyi sədəqə mö'minlər arasında soyuq münasibətlər yarandığı zaman yenidən onların dostluq və səmimiyyətlərin artması üçün çalışmaqdan ibarətdir.

Əli (ə) vəfat etməzdən əvvəl oğlanları Həsən və Hüseyn (ə)-a bu vəsiyyəti edir: Sizləri, övladlarınızı, bütün qohum-əqrəbalarımı və mənim vəsiyyətnaməmi oxuyan bütün şəxsləri işlərində nizam-intizama hidayət etməyə, pərhizkar olmağa və bir-birinizə səmimi münasibət bəsləməyə tövsiyə edirəm. Babanız Peyğəmbər (s) buyurardı: [Dost və qohum-əqrəbanın bir-biri ilə] gözəl münasibətdə olmaları bir illik qılınan namaz və tutulan orucdan daha yaxşıdır.

Qeyd olunan ayə və rəvayətlərdən müsəlmanlar arasında kin-küdurətin aradan qaldırılmasının, dostluq və səmimiyyətin yenidən bərpa olunmasının əhəmiyyəti açıq-aşkar bəlli olsa da bu xeyirxah işin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi haqda iki mühüm mətləbə işarə etmək lazımdır:

1. Mə'sum imamlar bu məsələyə o qədər əhəmiyyət vermişlər ki, hətta müsəlmanlar arasında yaranmış ixtilafların aradan qaldırılması üçün müəyyən büdcə də ayırmışlar. Belə ki, imam Sadiq (ə) Məfzəm adlı səhabəsinə belə bir göstəriş verir:«Müsəlmanlar arasında ixtilaf və qarşıdurmanın yarandığını gördüyün zaman onların xəsarətini mənim pulumdan ödə».

Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir: İmam Sadiq (ə)-ın tərəfdarlarından olan Əbu Hənifə Həcc ziyarətinə gələn zəvvarların karvanlarına baxar və onlara xidmət edərdi. O deyir: Bir gün kürəkənimlə aramda irs barədə mübahisə meydana gəldi. Elə bu zaman Məfzəl bizə tərəf gəlib işin nə yerdə olduğu haqda maraqlanmağa başladı. O bizimlə bir qədər söhbət etdikdən sonra hər ikimizi evinə də'vət etdi. Evinə getdikdə dörd yüz dirhəm gətirib aramızdakı narazılığı həll etdi və razı qaldığımızı soruşduqda biz də tam razı qaldığımızı iqrar etdik. Məfzəl üzünü bizə tutub dedi: Sizə verdiyim pullar mənim öz pullarım deyil. Onları mənə imam Sadiq (ə) həvalə edib ki, mö'minlər arasında narazılıq yarandığı zaman bu pullardan məsələni həll etmək üçün istifadə edim.

2. Bildiyimiz kimi yalan ən böyük günahlardan biri hesab olunmuş və Qur'ani-Kərimin bir çox ayə və nəql olunmuş onlarla hədis və rəvayətlərdə müsəlmanlara bu çirkin işdən çəkinmələrinə əmr edilmişdir.

Lakin bə'zi hallarda yalan danışmaqla müsəlmanlar arasında yaranmış ixtilaf və qarşıdurmaları həll etmək və bu kimi hallarda yalan danışmaq zəruri hala çevrilir. İmam Sadiq (ə) bu barədə buyurur: Iki nəfər müsəlman şəxsin arasını düzəldən şəxs heç də yalançı deyil. (Yə'ni, onların arasını düzəldərkən yalan danışmış olarsa, onu yalançı hesab etmək olmaz).

İmam Sadiq (ə) bu sözləri öz səhabələrindən birinə tövsiyə etmiş və onu digər iki nəfərin arasını düzəltməyə göndərmişdir. Həmin şəxs imam Sadiq (ə)-dan özündən də bə'zi şeyləri əlavə etdikdə, bunun yalan olub-olmadığını soruşur. İmam Sadiq (ə) cavabında buyurur: Xeyr! Sənin niyyətin onların arasını düzəltmək olduğu üçün söyləyəcəyiniz şeylər heç də yalan deyil.