İMAMIN ŞƏXSİYYƏTİ
Adı : Həsən
Ləqəbi : Əskəri
Kunyəsi : Əbu Muhəmməd
Atası : Həzrət imam Əliyyən Nəqi (ə)
Təvəllüdü : Hicri 232-ci il
İmamlıq müddəti : 28 il
Ömrü : 7 il
Şəhadəti : 260-cı Hicri-qəməri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid edilmişdir.
Məzarı : İraq, Samirra şəhəri.
TƏVƏLLÜDÜ
İmamət səmasının on birinci parlaq ulduzu
Mədinə şəhərində doğuldu və
Samirra şəhərində batdı. O Həzrətin
adı Həsən, Kunyəsi Əbu Muhəmməd,
tanınmış ləqəbləri isə Zəki
və Əskəri idi. Atası Həzrət Hadi
(ə), anasının adı isə Susən idi.
Həzrət 22 yaşında ikən atası
şəhid oldu. Atasının
şəhadətindən sonra onun imamlıq
müddəti 7 il, mübarək ömrü isə 28 il
çəkdi. O Həzrət (ə) 260-cı hicri
ilində Abbasi xəlifəsi Mötəmid
tərəfindən şəhid olunaraq Samirra
şəhərində dəfn olundu. Onun yeganə
övladı həmin vəd olunmuş Həzrət imam
Mehdidir (ə.f) ki, zühur edərək dünyanı
ədalətlə dolduracaqdır. İmam Həsən
Əskərinin (ə) zamanında Həzrətin
özü şiddətli nəzarət altında
olduğuna görə islam öz nüfuzunu
əldən vermişdi. Hakimiyyətdə olanlar,
xüsusilə də Mütəvəkkil, hər
hansı yolla olursa-olsun camaatı imamdan
uzaqlaşdırmağa çalışırdı.
Çünki hal-hazırda qeyb olub,
gələcəkdə isə İslam ümmətinin
rəhbərliyini öhdəsinə alaraq vahid dünya
hökumətini quracaq on ikinci imam, imam Həsən
Əskərinin (ə) oğlu olacaqdı. Elə buna
görə də imamı nəzarət altında
saxlayırdılar. Lakin Allah-taala, Musanı Fironun
sarayında saxladığı kimi, islam ümmətinin
gələcək rəhbərini də
gözlərdən uzaq və gizlincə dünyaya
gətirdi. İMAMIN (ə) ƏXLAQİ
XÜSUSİYYƏTLƏRİ İmam Həsən
Əskəri (ə) çox vüqarlı və
əzəmətli bir insan idi. O, öz zamanında
Quranın misilsiz müfəssiri sayılırdı.
Yüz nəfərdən çox məşhur alim o
Həzrətin məclisində iştirak edirdi.
İraqda qaldığı 16 il ərzində Şamdan
Mədinəyə qədər olan ərazi o
Həzrətin nüfuz dairəsində idi.
İmamın elmi və mənəvi nüfuzu o
qədər böyük idi ki, Abbasi xəlifəsi
Mötəzin sarayında yaşayıb elə orada da
işləyən alimlər belə ona heyran qalıb
tabe olmuşdular. İmam (ə) İrana etdiyi
səfər zamanı Qum və Rey
şəhərlərindən keçərək
Ləvasana gəldi. Əhli-beyt (ə) məktəbinin
tərəfdarları onu sevinclə
qarşıladılar. Həzrət (ə) Ləvasanda
camaatla görüşüb onlara bir məscid
tikərək onu öz mərkəzlərinə
çevirmələrini tapşırdı. İmamın
bu əmri xalqın həyatında o qədər
təsiredici və mühüm rol oynadı ki,
deyilənə görə hətta bir gündə 70
məscid tikməyə başlamışdılar.
Peyğəmbər (s) xanədanının
düşmənlərindən olan və Abbasi
aparatında çalışan Əhməd ibn Xaqan
adlı bir şəxs belə demişdir: "Mən
Samirrada Bəni Haşim xanədanından nəciblik,
böyüklük və fəzilət baxımından
imam Həsən Əskəridən (ə)
başqasını görməmişəm. Əgər
xəlifəlik Abbasilərin əlindən çıxsa,
heç kim imam Həsən Əskəridən (ə)
başqa xəlifə olmağa layiq deyildir. Daha sonra
demişdir: "Bir gün atamın yanında idim. Onun
Peyğəmbər (s) xanədanının
düşmənlərindən olmasına baxmayaraq,
həmişə Həsən Əskəri (ə) onun
yanına gəldikdə yerindən qalxıb onun
əlindən öpər, öz yerini ona verər və
imamı müəllimin qarşısında duran bir
şagird kimi dinləyərdi". Əbu Yüsif imamın
səxavət və əliaçıqlığı
barədə belə deyir: "Mən çətin bir
vəziyyətdə idim, belə ki, uşaqlarıma
çörək pulu qazana bilmirdim. Hamımız ac
və narahat idik. Dəfələrlə Abbasilərin
sarayına getmişdim ki, orada olan qohumlarımızdan
köməklik alım. Lakin onlar o qədər
məğrur idilər ki, sözümə qulaq
asmırdılar. Bir gün imam Həsən
Əskərinin (ə) hüzuruna gedib vəziyyətimi
onun üçün danışdım. Həzrət 400
dinardan ibarət pulunun hamısını mənə
verib belə buyurdu: "Get, ailəni ağır
vəziyyətdən qurtar!" Bir dəfə Həzrət
iki yüz min dinar Əli ibn Cəfər üçün
göndərdi ki, yoxsul və möhtac əshabı
arasında paylasın. Həzrət (ə) altı il
davam edən imamlıq müddətində üç
ilini zindanda keçirmişdi, lakin
qarşılaşdığı çətinliklər
və narahatçılıqlara baxmayaraq
həmişə xalqla yaxşı rəftar edirdi.
Ən çirkin və qəddar məmurları zindana
keşikçi təyin etmişdilər ki, o
Həzrətə əzab-əziyyət etsinlər. Lakin
onlar imamın zöhd və ibadətinə heyran
qalıb onunla yaxşı rəftar edirdilər. Bir
gün zindan müdiri bu işlərinə görə
onlara etiraz etdikdə belə cavab verdilər: "O, bir
insandır - həmişə Allahına ibadət və
dua ilə məşğul olan bir insan.
Gündüzlər oruc tutur, gecələr də
ibadət edir. Bizə nəzər saldıqda isə
bədənimiz titrəyir. Bizdən belə bir
şəxsiyyətə əziyyət etməyi necə
tələb edirsiniz?" Mütəvəkkilin vəziri
Abdullah Xaqan çox qürurlu və etinasız bir adam
olmasına baxmayaraq, imamı görəndə
yerindən qalxar və əgər ata minmiş
olsaydı, atdan düşərdi. O, imam (ə)
haqqında belə deyib: "Həsən Əskəri
gecələr dua və ibadətlə məşğul
olan, gündüzlər isə oruc tutan bir insan idi.
Ürəyi o qədər pak idi ki, hətta
düşmənlərini dua etməyi belə
unutmazdı. Yoxsul bir adamla qarşılaşdıqda
bütün pulunu ona verərdi». Bir dəfə
xəlifənin əmri ilə imam Həsən
Əskərini (ə) yırtıcı heyvanların
yanına saldılar ki, heyvanlar onu parçalasınlar.
Lakin yırtıcı heyvanlar o Həzrətin
ətrafına yağışıb özlərini onun
ayaqlarına sürtdülər. Bu səhnəni
görən xəlifə onu azad buraxaraq
Həzrətə hörmət etmək istədi".
Samirrada bir monastır var idi ki, başçısı
xristianların böyüklərindən
sayılırdı. O, çox hörmətli bir adam idi.
Həmin xristian bir gün imamın hüzuruna
gələrək müsəlman oldu. Ondan
müsəlman olmasının səbəbini
soruşduqda isə belə cavab vermişdi: "Mən bu
kişidə yalnız Həzrət İsada mövcud
olan nişanələri görmüşəm".
İMAMIN (ə) ELMİ İmamın elmi dalğalı
və dərin bir dəniz kimi idi ki, elmə
susamışları doyururdu. Xarəzminin dediyinə
görə elm aşiqlərindən on səkkiz min
nəfər o Həzrətin elmi məclislərindən
istifadə edirdilər. Abbasi xəlifəsinin
sarayına mənsub olan Muhəmməd ibn Məsud
Şirazi imama beyət edən ilk saray alimi olub. Bu
şöhrətli alim Mötəzin sarayında
çalışırdı. Mənbələrdə
yazıldığına görə, o Həzrətin
elmi o qədər çox idi ki, Əbu Nəsr Farabinin
ustadı olan Kendi onunla mübahisə edə
bilməyib, islamın ziddinə yazdığı
kitabını odlamışdı. Xristian alimlər
imamın elminə, eləcə də dərin
biliyinə o dərəcədə heyran olmuşdular ki,
onu Məsih adlandırırdılar. İmam (ə)
ayrı-ayrı ölkələrdən gələn
və ona sual vermək istəyən
şəxslərə onların öz dili ilə
danışdığı zaman hamını
heyrətdə qoymuşdu. RAHİBLƏRİN
İFŞA OLUNMASI İllərin birində Samirrada
quraqlıq oldu. Bu zaman Abbasi xəlifəsi
Mötəmid camaata əmr etmişdi ki, dua etmək
üçün çölə getsinlər. Camaat
üç gün dalbadal çölə gedib namazı
qılıb dua etdilər, lakin yağış
yağmadı. Sabahısı gün xristianlar öz
alimləri ilə birlikdə çölə gedib dua
etdilər və yağış yağdı.
Neçə gündən sonra yenə də gedib dua
etdilər, yenə də yağış yağdı.
Bu hadisə müsəlmanları
həyəcanlandırmışdı və
əksəriyyətin ürəyi xristianlara
tərəf yönəlmişdi. Bu vəziyyətdə
narahat olan Abbasi xəlifəsi Mötəmid bir
nəfəri zindana göndərdi ki, imam Həsən
Əskərini (ə) bu məsələni həll
etmək üçün zindandan çıxartsın.
İmam (ə) məsələni öyrənən kimi,
belə buyurdu: "Onlardan istə ki, sabah da
yağış yağdırmaq üçün
çölə getsinlər". Sabahsı gün imam
(ə) da izdihamla birlikdə çölə getdi. Bu
dəfə də xristianlar əllərini
qaldırıb Allahdan yağış istədilər.
Çox keçmədi ki, göydə bir bulud
görsənərək yağmağa başladı.
İmam əmr etdi ki, əllərini qaldıran bir
xristianın barmaqlarının arasındakı şeyi
alıb gətirsinlər. Həmin adamın əlini
tutub barmaqlarının arasına baxdıqda qara bir
sümük gördülər. Sümüyü
alıb imamın hüzuruna gətirdilər.
Həzrət onu bir parçaya büküb xristian
kişiyə "indi dua et ki, yağış
yağsın" - dedi. Xristian kişi əlini göyə
qaldıran kimi buludlar çəkilib getdi və
günəş çıxdı. Camaatın
hamısı heyrətləndi. Xəlifə bu işin
sirrini imamdan soruşduqda imam (ə) belə buyurdu: "Bu
sümük parçası Allahın
peyğəmbərlərindən birinin
sümüyüdür, onun qəbrindən
götürüblər. Allahı bu sümüyə
and verirlər. Allah da həmin sümüyün
hörmətinə onların istəyini qəbul edib
yağış yağdırır. Hər kəs bu
sümüyü əlində saxlasa, yenə elə
olar". Xalqın qarşısında imtahan etdikdən
sonra, imamın sözü düz çıxdı və
hamı o Həzrətə afərin dedi. İMAMIN
(ə) TƏRBİYƏ ÜSULU İmam Sadiqin (ə)
nəslindən olan Əbülhəsən Qumda
yaşayır və çirkin əməllər sahibi
kimi tanınırdı. Bir gün
Əbülhəsən Qum şəhərində imam
Həsən Əskərinin (ə) nümayəndəsi
olan Əhməd ibn İshaq Əşərinin
qapısına gələrək evə girmək
üçün izn istədi. Lakin imamın
nümayəndəsi onu gördüyü pis
işinə görə qəbul etmədi.
Əbülhəsən kor-peşman evinə
qayıtdı və ona edilən bu
hörmətsizliyə görə çox narahat oldu.
Həmin ildə Əhməd ibn İshaq
Əşəri Məkkəyə getdi, qayıdan
baş imam Həsən Əskərinin (ə)
qapısına gələn Əşərini imam da
qəbul etmədi. Çox yalvar-yaxardan sonra imamın
hüzuruna gəlib bu işin səbəbini soruşdu.
Həzrət (ə) belə buyurdu: "Səninlə bizim
əmioğlumuzla rəftar etdiyin kimi rəftar etdim".
Əşəri dedi: - Ey Peyğəmbərin
övladı, mən onu tərbiyələndirmək
və gördüyü pis işlərindən
uzaqlaşdırmaq üçün bu işi
gördüm. Həzrət (ə) buyurdu: "Sənin
gördüyün iş doğru deyildi. İslamda yolunu
azmış insanlarla belə rəftar etməzlər,
əksinə onları hidayət edib doğru yolu
göstərərlər". Əşəri Quma
qayıtdı və bu münasibətlə hamı onun
görüşünə gəlmişdi. Onların
arasında Əbülhəsən də var idi.
Əşəri onu görən kimi yerindən qalxıb
ona hörmət etdi və öz yerini ona verdi.
Əbülhəsən onun bu işindən
heyrətlənib dedi: - Bu işin keçmişdəki
rəftarınla çox fərqlidir. Məni əhvalatdan
xəbərdar et. Əşəri əhvalatı
olduğu kimi ona danışdı.
Əbülhəsən o qədər
utanmışdı ki, evə qayıtdıqdan sonra pis
işləri buraxıb təqvalı olmaq
qərarına gəldi və ondan sonra zahid və pak
kişilərdən oldu. İMAMIN (ə) QEYB
ALƏMİ İLƏ ƏLAQƏSİ Bir çox
kitablarda imamın möcüzəli
işlərindən çoxlu rəvayət nəql
olunub. Biz burada həmin rəvayətlərdən bir
neçəsini qeyd edirik: 1. Cəfər Cürcani deyir:
"Həccə getmişdim və imam Həsən
Əskərinin (ə) hüzuruna gəldim.
Dostlarının verdiyi pullar mənim yanımda idi.
İmamdan pulları kimə verəcəyimi soruşmaq
istəyirdim ki, hüzurunda olmaq şərəfinə
nail olandan sonra mən heç bir söz demədən
Həzrət (ə) özü belə buyurdu:
"Yanındakı pulları xidmətçim
Mübarəkə ver!" Mən pulları ona təhvil
verib imama "Cürcandakı dostlarınız sizə salam
söylədilər" - dedim. İmam (ə) belə
buyurdu: "Allah onları mükafatlandırsın. Sən
Cürcana qayıtdıqdan sonra Allah sənə bir
oğlan uşağı əta edəcək.
Adını Şərif qoy. O, bizim dostlarımızdan
olacaq. Allah-taala bizim dostlarımızdan olan
İbrahimə də bir oğlan uşağı əta
edəcək. Ona da de ki, oğlunun adını
Əhməd qoysun. O da bizim dostlarımızdan olacaq!"
Mən imamla xudahafizləşib getdim və sonralar
elə imamın buyurduğu kimi oldu. 2. Sünnü
alimlərindən Şəblənci, Əbu
Haşimdən belə nəql etmişdir: "Mən
imamın əshabından dörd nəfərlə
birlikdə zindanda idim. Həzrət (ə) bizim
yanımıza gəldi. Biz onun ətrafına
yığışıb söhbət etməyə
başladıq. Bizim aramızda özünü Əli
(ə) övladından sanan bir kişi də var idi.
Həzrət ona işarə etdi ki, bayıra
çıxsın. O, gedəndən sonra imam (ə)
belə buyurdu: "Bu kişi yalan deyir. O, bizdən deyildir.
O, xəlifənin casusudur və sizin haqqınızda
məlumat hazırlayaraq paltarında gizlətmişdir
ki, xəlifəyə çatdırsın". Biz onu
gətirib paltarını axtardıq və imamın
buyurduğu kimi bizim haqqımızda yazılmış
məlumatı ondan tapdıq ki, əgər
xəlifənin əlinə yetişsəydi, bizim
hamımızı öldürərdi. Biz həmin
kağızı məhv etdik və o gündən
etibarən həmişə ehtiyatla hərəkət
etməyi qərara aldıq". 3. İbrahim adlı bir
şəxs belə deyir: "Mənimlə qardaşıma
xəbər verdilər ki, atamız uzaq bir yerə
səfərə gedib, lakin ondan heç bir
xəbər-ətər yoxdur. Qardaşımla
birlikdə Mədinədən İraqa tərəf yola
düşdük. Mən imam Həsən
Əskərinin (ə) yanına gedib ondan kömək
almaq istəyirdim. Çünki imamlıq elmi ilə
atamı tapmaq üçün mənə kömək
edə bilən yeganə şəxs yalnız o
Həzrət idi. Uzaq yollardan gəlib o Həzrətin
qapısına yetişdim. Bir müddət orada oturdum.
Bir nəfərin Həzrətin evindən
çıxmasını gözləyirdim ki, ona nə
üçün oraya gəldiyimi deyim ki, o da imama
xəbər versin. Düşüncəyə dalıb
gələcəyimi düşünürdüm ki,
elə bu zaman evin qapısı açıldı və
Həzrətin xidmətçisi bayıra
çıxdı və "Mədinədən imamı
görmək üçün gələn İbrahim
adlı müsafir sizin hansınızdır?" - deyə
soruşdu. Mən sevinə-sevinə yerimdən
qalxıb "İbrahim mənəm" - dedim. O, mənə
baxıb əlindəki kisəni mənə verdi və
dedi: "İmam buyurdu ki, yol xərclərini
ödəyəcək pul bu kisədədi. Bunu al, yoluna
davam et. Çox keçməz ki, atanı taparsan". Mən
təəccüblənərək kisəni aldım
və öz-özümə dedim ki, mən hələ
imamla görüşüb əhvalatı ona
danışmamış, necə ola bilər ki, o
Həzrət (ə) mənim məqsədimdən
xəbərdar olsun. Xidmətçiyə "məni
Həzrətin hüzuruna apar ki, atamın harada
oludğunu mənə desin" - demək istəyirdim ki,
birdən yadıma düşdü ki, o, imamın "yoluna
davam et" - deyə buyurduğunu mənə bildirmişdi.
Başqa bir tərəfdən isə sirli bir
qüvvə məni Təbəristana doğru
çəkir və məhz ora səfər etməyə
məcbur edirdi. Mən də Təbəristana
tərəf yola düşdüm. Oraya
yetişəndən sonra bir müddət o yan-bu yanı
gəzdim və nəhayət atamla
qarşılaşdım. Ona tərəf qaçıb
onu qucaqladım. Atamı tapa bildiyim üçün
çox sevinirdim. Mən bütün əhvalatı
təfsilatı ilə atama danışdım və
ikimiz də başa düşdük ki, imam bizim gizli
sirlərimizdən xəbərdar imiş. Mənim
heyrətim o vaxt artdı ki, imamın mənə verdiyi
puldan təkcə bir dirhəmin qaldığını
gördüm, bu da mənə istədiyim yerə
çatmaq üçün kifayət idi. 4. İsmail
adlı bir şəxs isə belə deyir: "İmam
Həsən Əskərinin keçəcəyi yolun
üstündə oturmuşdum ki, Həzrət oradan
keçəndə ondan köməklik istəyim. Mən
qabaqca 200 qızıl sikkə gizlətmişdim ki,
gələcəkdə çətinliyə
düşəndə xərcləyəm.
Düşüncəyə dalmışdım ki,
birdən imam Həsən Əskəri (ə)
yanımdan keçdi. Ona tərəf qaçıb
qabağını kəsdim və öz yoxsulluğum
barədə danışıb and içdim ki, dünya
malından heç nəyim yoxdur. Mənim and
içməyim Həzrəti narahat etdi. Lakin
xidmətçisinə "yanında nə qədər pulun
varsa bu kişiyə ver!" - deyə buyurdu. Xidmətçi
əlini cibinə salıb bir kisə qızıl
çıxardıb mənə verdi. Sonra Həzrət
(ə) mənə tərəf dönüb belə
buyurdu: "Biz heç kimi öz köməyimizdən
məhrum etmərik. Lakin sən yalandan and içdin
və Allahı qəzəbləndirdin. Bundan sonra
heç vaxt bu işi görmə və Allahın
nemətini danma. Həmişə Allaha ümidvar olub
sənə verdiyi nemətdən istifadə et. Sən
200 qızıl sikkəni bir yerdə gizlətmisən
ki, dar gündə işinə yarasın. Lakin bunu bil
ki, möhtac olduğun vaxt onu tapmaycaqsan!" İsmail
belə davam edir: "İmam (ə) bu sözləri ilə
mənə necə yanıldığımı başa
saldı və imamın buyurduğu kimi də oldu. Bir
gün həmin sikkələrə ehtiyacım olduqda
onları basdırdığım yerə getdim. Lakin
oranı qazdıqdan sonra sikkələri yerində
görmədim. Sonra aşkar oldu ki, oğlum
məndən xəbərsiz sikkələrin
hamısını götürüb qaçıb.
Demək, imamın buyurduğu kimi ehtiyacım olanda
sikkələri tapa bilmədim. Ondan sonra belə
qərara gəldim ki, Allah qarşısında pak və
əməli-saleh olub pis işlərdən
çəkinəm". İMAMIN (ə) ÖZ
SƏHABƏLƏRİNDƏN BİRİNƏ
YAZDIĞI MƏKTUB Həzrət (ə) öz
əshabına məktublar yazıb göndərirdi.
Həmin məktublardan biri Əli ibn Babəveyh
Qumiyə yazılmış məktubdur. Bu məktubun
bəzi hissələrinin tərcüməsi belədir:
"Allaha həmd və sənadan sonra, bizim
əshabımızdansan deyə tövsiyə edirəm:
pəhrizkar ol, camaatın səhvlərini
bağışla, öz qəzəbinə hakim ol,
qohumlarını-əqrəbana həmişə baş
çək, yoxsulların ehtiyaclarını təmin et,
dinini düzgün şəkildə qiymətləndir,
Quranı öyrən, namaz və ibadətlərinə
diqqətli ol. Mənim əmirlərimi yerinə
yetirmək və şiələrimi onları həyata
keçirməyə vadar etmək sənin borcundur".
İMAMIN (ə) ŞƏHADƏTİ İmam (ə)
dörd yaşında ikən atası ilə birlikdə
Samirraya sürgün edilib xəlifənin
əsgərlərinin bazasında nəzarət
altında saxlanılmışdı. Buna görə
də Əskəri ləqəbi ilə məşhur
idi. Atasının şəhadətindən sonra Abbasi
xəlifəsi Mötəmidin əmri ilə həbs
olundu. İmamın paklığı bütün
məhbusları ona tərəf yönəltmişdi
və hamı o Həzrətə
bağlanmışdı. Xəlifənin
məmurları hər gün imamın vəziyyəti
barədə xəlifəyə məlumat verirdilər.
Nəhayət o Həzrət (ə) 260-cı hicri ilinin
Rəbiül-əvvəl ayının 8-də
şəhid oldu və Samirrada atasınan yanında
dəfn olundu. Həzrətin şəhadətindən
sonra azğın bir kişi olan və xəlifənin
adamlarından sayılan qardaşı Cəfər
Kəzzab meyidə namaz qılmaq istəyirdi. Lakin balaca
uşaq olan imamın oğlu irəli gəlib əmisini
dala itələdi və özü onun yerində
dayanıb atasının meyidinə namaz qıldı.
İmam Həsən Əskərinin (ə) oğlu olan
on ikinci imamın qısa qeyblik dövrü elə bu
vaxtdan başlandı və yalnız xüsusi
şiələri onun hüzuruna gəlmək
şərəfinə nail ola bilirdilər. Lakin Abbasi
xəlifələrinin o Həzrətin gizləndiyi yeri
tapmaq üçün cəhd etdiklərindən sonra onun
uzun qeybət dövrü başlandı və o
Həzrətin inqilab edəcəyi günə kimi gizli
qalacaqdır.