İMAMIN ŞƏXSİYYƏTİ

Adı : Muhəmməd

Ləqəbi : Baqir

Kunyəsi : Əbu Cəfər

Atası : Həzrət Səccad (ə)

Təvəllüd tarixi : Hicri 58-ci il

İmamlıq müddəti : 23 il

Ömrü : 59 il

Şəhid olduğu tarix : Hicri 114-cü il

Məzarı : Mədinə, Bəqi qəbristanlığı.

TƏVƏLLÜDÜ

Beşinci imam Həzrət Muhəmməd Baqir (ə) 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəldi. Babasına çox bənzədiyi üçün o Həzrətin adını Muhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər.

Atası Həzrət Səccad (ə), anası isə imam Həsənin (ə) qızlarından sayılan Fatimə idi. O Həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən Həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. İmam Muhəmməd Baqirin (ə) həyatını iki hissəyə ayırmaq olar:

1. İmamətdən qabaqkı 35 illik həyatı. (Həmin dövrdə imam Mədinədə yaşayırdı).

2. Təxminən iyirmi il davam edən imamlıq dövrü. (Bu dövr islam elm və biliklərini təbliğ etdiyi zamandır).

HƏZRƏTİN ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

İmam Muhəmməd Baqir (ə) həmişə təzə və səliqəli paltar geyər, özünə ətir vurar və yavaş-yavaş yeriyərdi.

Bir gün darfikirli insanlar o Həzrəti tənqid edərək "baban Əli (ə) köhnə və ucuz paltarlar geyərdi, bəs sən niyə bahalı libaslar geyinirsən? - deyə soruşdular. O Həzrət (ə) onların cavabında belə buyurdu: "O dövrdə camaat yoxsul və kasıb yaşadığı üçün, Əli (ə) da ucuz paltarlar geyməli, sadə xörək yeməli idi. Lakin bu gün camaat rifah və rahatlıqda ömür sürdüyünə görə mən belə paltarlardan geyinməliyəm. Babamın o dövrdə gördüyü iş ədalət və rəhbərliyinə uyğun olduğu kimi, mənim də gördüyüm iş ədalət və rəhbərliyimə uyğundur.

O Həzrətin ədəb və tərbiyəsi haqqında belə yazıblar. Heç vaxt ucadan gülməz, həmişə ahəstə və ədəbli danışardı. İmam Muhəmməd Baqir (ə) heç vaxt əsəbləşməzdi, həmişə rastlaşdığı adama hörmət göstərib onunla mehribanlıqla görüşərdi. Özü isə bu haqda belə buyurur:

"Bu iş ürəkləri bir-birinə yaxınlaşdırıb, düşmənçilikləri aradan qaldırar".

İmam dua edərkən çox ağlar, amma heç vaxt ucadan, hönkür-hönkür ağlamazdı. Danışarkən sözünü Allah adı ilə başladığı kimi, Allah adı ilə də bitirərdi.

O Həzrətin çoxlu bağları və tarlası vardı. Onun özü də sadə bir əkinçi kimi tarlaya gedər, fəhlələrlə birgə işləyib xörək yeyərdi. Həzrət öz xadimləri ilə yaxından əməkdaşlıq edən bir malik idi.

Həzrət (ə) öz bağ və tarlalarından əldə etdiyi qazancı Allah yolunda sərf edib, fəhlələrin bütün ehtiyaclarını təmin edərdi. Belə ki, öz zamanında Hicazda ən səxavətli şəxsiyyət kimi tanınmışdı.

Şeyx Müfid imam Muhəmməd Baqir (ə) haqqında belə yazıb: "O Həzrət bütün elm və mərifətlərə bələd idi. Bütün ömrünü öz Allahına itaət etməklə başa vurmuşdu. Təqva və pəhrizkarlığında möhkəm və sarsılmaz idi. Birilə bağladığı əhd-peymanına həmişə sadiq qalardı. Ürəyinin saflığı, ruhunun paklığı və insani rəftarları hamını heyran qoymuşdu. O, camaata islam əxlaqını təlim edərək onları məhz bu əxlaqla tərbiyələndirirdi. Təəssübkeş sünnü alimlərindən olan ibn Həcər o Həzrətin əxlaqı barədə yazır: "İmam Muhəmməd Baqir (ə) səfalı və pak qəlbə malik bir şəxsiyyət idi. Sözü ilə əməli bir idi. Davranışı insani və islami idi. O, böyük arif, misilsiz bir abid idi. Onun insani ziynətlərini vəsf etməkdə acizəm".

O Həzrətin xidmətçilərindən biri onun haqqında belə demişdir: "Həzrətlə birlikdə Məkkəyə getmişdik. Gözü Allahın evinə sataşdıqda o qədər ağladı ki, bihuş oldu. Ərz etdim ki, niyə bu qədər ağlayırsan? Buyurdu: "Bəlkə Allah bu göz yaşlarıma görə qiyamət günündə məni bağışlasın və rəhm etsin".

Sonra imam namaz qılmağa başladı və uzun müddət səcdə halında qaldı. Başını qaldırdıqda isə səccadəsi Həzrətin göz yaşlarından islanmışdı."

Yalançı şəxs sayılan Muhəmməd ibn Münkədir belə demişdir: İmamın çox işlədiyini görüb öz-özümə fikirləşdim ki, Həzrət dünya malına aşiqdir və gərək bir gün qabağını kəsib bu barədə ona nəsihət edəm. Nəhayət bir gün onu qızmar havada çox işlədiyinə görə tərləmiş görüb qabağına gedərək salam verdim və dedim:

- Ey Peyğəmbərin oğlu, niyə bu qədər dünya malının dalıncasan? Əgər bu vəziyyətdə ölsən, nə edərsən?"

İmam (ə) buyurdu:

- Bu mənim ən yaxşı zamanımdır. Çünki sizə və başqalarına möhtac olmamaq üçün işləyirəm. Əgər Allah bu vəziyyətdə mənim canımı alsa, çox sevinərəm. Çünki Ona ibadət və itaət halındayam.

Mən bu cavabdan başa düşdüm ki, yanılırmışam. O Həzrətdən üzr istəyib dedim: "Mən sizə nəsihət vermək istəyirdim. Halbuki, siz mənə nəsihət verərək məni ayıltdınız".

Kuleyni isə o Həzrətin haqqında belə yazıb: "İmamın dostlarından bir dəstə belə deyirlər: "Günlərin bir günündə imamla görüşmək üçün evinə getdik. Salam verib halını soruşduqdan sonra gördük ki, Həzrət çox narahatdır. Səbəbini soruşduqda övladının ağır xəstə olduğunu öyrəndik. "Əgər bu uşaq ölsə, imamın başına nə gələr" - deyə düşündük. Xudahafizləşib getdik. Sabahısı günü halını soruşmaq üçün Həzrətin mənzilinə təkrar gəldikdə imamı xoşhal gördük. "Yəqin Allah lütf edib uşağı sağaldıb. İmam da buna görə xoşhaldır" - deyə düşündük. Lakin məlum oldu ki, uşaq ölüb. Biz imamdan "nəyə görə uşağın ölümündən qabaq çox narahat idiniz, lakin ölümündən sonra xoşhalsınız" - deyə soruşduqda imam cavabımızda belə buyurdu: "Övladım xəstə idi, mən də atalıq və insanlıq borcuma görə çox narahat idim və sağalması üçün cəhd edib Allahdan şəfasını diləyirdim. Lakin Allah onun ölərək əzab-əziyyətdən qurtarmasını məsləhət gördü. Mən də Onun əmr və istəyinə təslim olub Allaha şükr etdim. Biz Onun rizayəti naminə hər bir şeyə razıyıq və Onun sevdiyini sevirik".

İMAMIN (ə) ELMİ MƏQAMI

İmam Muhəmməd Baqirin (ə) elmi məqamı haqqında Şeyx Tusi belə yazmışdır: "Şam əhalisindən olan bir kişi imam Muhəmməd Baqirin (ə) hüzuruna gəlib dedi: "Sən elmli və biliklisən. Belə ki, sənin məclisin mənim üçün çox mənfəətli və dəyərlidir. Lakin sənin məclisində iştirak etsəm də, özünü və xanədanını özümə düşmən hesab edirəm".

İmam heç bir cavab vermədi. Neçə gündən sonra həmin kişi xəstələnib yatağa düşdü. İmam dostları ilə birlikdə onun yanına gəlib yatağının yanında əyləşdi və halını soruşdu. Bu alicənablığı görən şamlı kişi dediyi sözdən peşman olub imamdan nə cür üzr istəyəcəyini bilmirdi.

Həzrət (ə) xəstənin dərmanları və pəhrizi haqqında ailəsinə danışdı və sağalmasını dua etdi. Çox çəkmədi ki, o kişi yaxşılaşıb xəstəlik yatağından qalxdı. Sabahısı gün imamın dərsinə gəlib dediyi sözdən peşman olduğunu söyləyərək ondan üzr istədi. Beləliklə də həmin şamlı kişi həmişəlik olaraq imamın dostlarından birinə çevrildi.

CABİR İMAMIN (ə) HÜZURUNDA

Həzrət Peyğəmbər (s) təqvalı səhabələrindən biri sayılan Cabir ibn Abdullaha buyurmuşdu: "Ey Cabir! Sən sağ qalaraq Tövratda adı Baqir olaraq yazılmış övladım Muhəmməd ibn Əli ibn Hüseyni görəcəksən. O zaman mənim salamımı ona yetirərsən".

Peyğəmbər (s) vəfat etdikdən sonra Cabir uzun müddət yaşadı. Bir gün Cabir imam Zeynül-abidinin (ə) evinə gəldikdə orada balaca bir uşaq gördü və imam Səccaddan (ə) "bu uşaq kimdir?" - deyə soruşdu.

İmam (ə) cavab verdi: "Bu oğlum Muhəmməd Baqirdir ki, məndən sonra müsəlmanların imamı olacaq".

Bu zaman Cabir imamın ayağını öpüb dedi: "Sənə canım qurban olsun, ey Peyğəmbərin (s) övladı. Baban Peyğəmbərin (s) salamını qəbul et. O mənim vasitəmlə sənə salam göndərmişdir".

İmamın gözləri yaşardı və buyurdu: "Babam Peyğəmbərə (s) göy və yerlər durduqca salamlar olsun, sənə də ey Cabir salam olsun ki, onun salamını mənə yetirdin".

İMAMIN (ə) TƏRBİYƏ METODU

O biri imamlar kimi imam Muhəmməd Baqirin (ə) də elm və biliyi vəhydən qaynaqlandığı üçün bütün məsələlərin cavabını bilirdi. İmamın elmi şəxsiyyəti o qədər yüksək idi ki, alimlər onun məclisində uşaqlar müəllimin qarşısında əyləşdikləri kimi əyləşirdilər.

İmam öz dərs məclisində bir bulud kimi elm yağışını tələbələrin zehninə yağdırırdı və hər kəs istedadı qədər ondan istifadə edirdi.

Məşhur şair Hişam 106-cı hicri ilində şamlılardan olan bir dəstəylə Məkkəyə gəlmişdi. O, həcc mərasimindən sonra istirahət etmək üçün Məscidül-həramda əyləşmişdi. Birdən gözü imam Muhəmməd Baqirə (ə) sataşdı. Həzrət bir küncdə əyləşmişdi, camaat da onun ətrafına yığışmışdı və hər kəs də öz məsələsini ondan soruşurdu. Bunu görən Hişam hirslənib alimlərdən biri olan Nafeni o Həzrətin yanına göndərdi ki, imama cavabını bilmədiyini zənn etdiyi suallar verərək Həzrətin nüfuzunu xalqın gözündə azaltsın.

Saray alimi qabağa gəlib salam verərək sual vermək üçün imamdan izn istədi. İmam (ə) onun salamını alıb buyurdu: "İstədiyin sualı ver!".

Nafe soruşdu: - İsa ilə Muhəmmədin arasında zaman fərqi nə qədərdir?

İmam buyurdu: - Bizim nəzərimizə əsasən 500 il.

Nafe soruşdu: - Peyğəmbərə "vəsəl" (soruş) buyuran ayə onun kimdən soruşmasını nəzərdə tutur?

İmam (ə) cavab verdi: - İçində hər şey yazılmış olan Allahın lövhi-məhfuzundan.

Nafe soruşdu: - Allah nə vaxtdan mövcuddur?

İmam buyurdu: - Vay sənin halına! Zamanı Allah yaradıbdır. O, cisİm deyil və doğulmayıbdır ki, zamana da ehtiyacı olsun.

Nafe utanıb dedi: - Allaha and olsun ki, sən zəmanənin ən bilici şəxsiyyətisən.

Bir nəfər Abdullah ibn Ömərə sual verdi. O da sualın cavabını bilməyib onu verənə dedi: "Bu uşaq imam Muhəmməd Baqirdir (ə). Onun yanına get və sualını ondan soruşduqdan sonra aldığın cavabı mənə də deyərsən".

Həmin adam imamın yanına gəlib sualını Həzrətdən soruşdu və doğru cavab aldı. Sonra da Abdullah ibn Ömərin yanına gəlib imamın verdiyi cavabı ona dedi. Abdullah ibn Ömər cavabı eşitcək dedi: "Onlar Allahın elm və bilik ziynəti ilə bəzədiyi xanədandırlar".

İMAMIN (ə) XRİSTİAN ALİMLƏ OLAN MÜBAHİSƏSİ

İmam Sadiq (ə) buyurmşudur: "Bir gün atamla birlikdə Hişamın məclisindən qayıdırdıq ki, yolumuz xristianların yığışıb alimlərinə sual verdikləri yerdən düşdü. Yaxınlaşdıq ki, görək nə xəbərdir.

Saçı ağarmış bir qoca kişinin onların arasında oturduğunu, məsihi ardıcıllarının da onun qarşısında əyləşdiklərini və ona müxtəlif suallar verdiklərini gördük. Biz də onların arasında oturduq.

Qoca xristian atam imam Muhəmməd Baqiri (ə) gördükdə dedi:

- Sən bizdən, ya Muhəmmədin ardıcıllarındansan?

Atam cavab verdi: - Muhəmmədin ardıcıllarındanam.

Qoca kişi dedi: Alimlərdənsən, ya cahillərdən?

Atam buyurdu: - Cahillərdən deyiləm.

Qoca kişi dedi: - Mən səndən soruşum, ya sən məndən soruşursan?

Atam buyurdu: - Sən soruş.

Qoca kişi heyrətlə atama baxdı və dedi: - Ey Allahın bəndəsi! Gecə olmayan və gündüz də olmayan saat hansı saatdır?

Atam buyurdu: - Danın söküldüyü ilə günəşin çıxdığı vaxtın arası.

Qoca dedi: - Hansı saatlardandır?

Atam buyurdu: - Cənnətin saatlarındandır. Bu saatda xəstələr ayılar, ağrılar toxtayar və gecə yuxusuz qalan yuxulayar.

Kişi dedi: - Cənnət əhli yeyib-içərlər, amma bir şey ifraz etməzlər. Bu dünyada da onlara bənzər bir şey varmı?

Atam buyurdu: - Bəli, uşaq anasının bətnində yeyər, lakin yediyi şeyi ifraz etməz.

Qoca dedi: - İddia edirsən ki, cənnət əhli cənnətin meyvələrindən nə qədər yesələr də o meyvələrdən heç bir şey azalmaz və əvvəlki halına qayıdar. Dünyada da elə bir şey varmı?

Atam buyurdu: - Bəli, çıraqdır. Əgər yüz çırağı bir çıraqdan yandırsan, yenə də ondan bir şey azalmaz.

Xristian alim yerindən qalxıb dedi: "Bu kişi məndən daha alimdir!" Mübahisə etdiyi adamın imam Muhəmməd Baqir (ə) olduğunu öyrənən kimi ona iman gətirib müsəlman oldu.

HİŞAMIN MƏCLİSİNDƏ

İmam Sadiq (ə) buyurmuşdur: "İllərin birində Hişam ibn Əbdülməlik həcc üçün Məkkəyə gəlmişdi. Həmin il mən də atamla birlikdə həccə getmişdim. Bir gün yığıncaqda mən belə dedim: "Allaha həmd olsun ki, xalqa doğru yolu göstərmək üçün Muhəmmədi (s) peyğəmbərliyə seçdi və bizə də o Həzrətin varlığı sayəsində dəyər verdi. Biz Allahın bəndələrinin seçilmişləri və Onun yer üzündəki xəlifələriyik. Bizə tabe olan xoşbəxtdir, bizimlə müxalif və düşmən olanlar isə bədbəxtdirlər".

Camaat arasındakı Hişamın xüsusi casusu olan qardaşı eşitdiklərini Hişama xəbər verdi. Hişam Məkkədə bizə toxunmadı, lakin Şama qayıtdıqdan sonra Mədinədəki nümayəndəsinə məni və atamı Şama göndərməsini yazdı. Mədinənin hakimi bizi Şama göndərdi. Hişamın məclisinə daxil olduğumuz zaman Şamın əyanlarının hamısının orada olduğunu gördük.

Hişamın özü səltənət taxtında oturmuş, əyanları isə onun qarşısında durmuşdular. Uzaq bir məsafədə bir nişan qoymuşdu ki, hamı ona ox atırdı.

Məclisə girdikdə Hişam atama hörmət edib, dedi: - Yaxın gəl sən də ox at.

Atam buyurdu: "Mən qocalmışam, məndən ox atmağı istəmə".

Hişam and içdi ki, əl çəkməyəcək. Atam çarəsiz qalıb yayı götürüb nişan aldı. Ox hədəfin tam ortasına dəydi. Bir ayrı ox atdı, o da əvvəlki oxun ortasına dəyib onu yarı böldü, üçüncü ox da ikincinin ortasına dəyib onu yarı böldü. Bu iş doqquzuncu oxa qədər davam etdi.

Hişam dedi: "Bəsdir, ey Əbu Cəfər. Sən ox atmaqda hamıdan mahirsən!"

Qəzəb odunda yanan və işindən peşman olan Hişam elə orada atamı qətlə yetirmək qərarına gəldi və özünü vəziyyətdən qurtarmaq üçün yaltaqlanmağa başlayıb dedi: "Qureyş qəbiləsi ərəblər və əcəmlərdən üstündür, çünki sənin kimi bir şəxsə sahibdir".

Daha sonra atamdan belə soruşdu: - Belə dəqiq ox atmağı hardan öyrənmisən?

Atam cavab verdi: - Allah-taala hər bir elm və mərifəti tam şəkildə bizə əta etmişdir.

Hişam atamın sözlərindən çox qəzəblənib, başını aşağı saldı, sonra qaldırdı və belə dedi:

Məgər bizlər və sizlər Əbd Mənafın nəslindən deyilik? Məgər Peyğəmbər (s) Əbd Mənafın nəslindən deyildi ki, Allah onu bütün xalqın rəhbəri olaraq təyin etdi? Siz bu biliyi haradan irs aparmısınız?

Atam onun cavabında belə buyurdu: "Biz vəhy ailəsiyik və Allah bizə, başqa adamlara bəxş etmədiyi xüsusiyyətləri bəxş etmişdir. Necə ki, Peyğəmbər (s) kürəkəni Əliyə (ə) başqa adamlara demədiyi sirləri deyirdi. Əlinin (ə) özü də belə idi. Belə ki, o Həzrət bir gün Kufədə belə buyurdu: "Allahın Peyğəmbəri elmin min qapısını mənim üzümə açmışdı ki, hər bir qapıdan min təzə qapı açılır.

Ey Hişam, təkcə biz o elmləri irs aparmışıq, başqaları yox".

Hişam heç bir söz demədi və əmr etdi ki, bizi ehtiramla Mədinəyə yola salsınlar.

İMAMIN (ə) ƏSHABI

İmam Muhəmməd Baqirin (ə) zamanında Əməvi xəlifələri öz şəxsi işləri ilə məşğul olduqlarından və həm də Abbasilərlə hakimiyyət uğrunda mübarizə apardıqlarından o Həzrət üçün islam maarifini yaymaq fürsəti yaranmışdı. İmam (ə) bu fürsətdən istifadə edərək dərs və tədqiqat məclisləri təşkil etməyə başladı və öz məktəbində öz səviyyələrində misilsiz olan tələbələr yetirdi. Həmin tələbələrdən bəzisi bunlardan ibarətdir:

1. İmam Səccad (ə), imam Baqir (ə) və imam Sadiqin (ə) məhzərində dərs oxuyan, zəmanəsinin görkəmli elmi şəxsiyyətlərindən sayılan, təfsir, fiqh, hədis və lüğət elmlərində dərin biliyə sahib olan Əban ibn Təğlib. İmam Baqir (ə) ona belə buyurmuşdu: "Ey Əban, Mədinə məscidində otur, xalqa fətva ver!"

2. İmam Muhəmməd Baqir (ə) və imam Sadiqin (ə) məzhərində dərs oxuyan, hədis, fiqh və şiə maarifindən dərin elmə malik olan Zürarə. İmam Sadiq (ə) onun haqqında belə buyurmuşdur: "Əgər Zürarə və dostları olmasaydılar, Peyğəmbərin (s) əsərləri məhv olmuşdu".

3. Görkəmli şair, lüğət və ədəbiyyat elmlərində ustad olan Küməyt Əsədi. Küməyt həqiqətləri bəyan etmək və zülmkar hakimləri tənqid etməkdə misilsiz idi. O, gözəl şerləri ilə Əhli-beyti (ə) müdafiə edirdi, buna görə də bəzən öldürülməklə təhdid olunurdu. Əhli-beytin (ə) əsərlərini və onların üstünlüklərini bəyan etmək Əməvilər zamanında olduqca təhlükəli bir iş idi. Lakin bu azad şair, Əhli-beyt (ə) üçün bütün təhlükələrə sinə gəlirdi.

Küməyt imam Muhəmməd Baqiri (ə) çox sevirdi. Bir gün imamın hüzurunda çox gözəl və rəvan şerlər oxuduqda Həzrət (ə) Kəbəyə tərəf dönüb belə buyurdu: "Ey Allah! Küməytə rəhmət qıl".

4. "Əhli-beytin fəqihi" ləqəbini alan Muhəmməd ibn Müslim, imam Muhəmməd Baqir (ə) ilə imam Sadiqin (ə) həqiqi dostlarından sayılırdı. İmam Sadiq (ə) onun haqqında belə buyurmuşdur: "Əhli-beyt (ə) elmləri onun vasitəsilə davam etmişdir".

İMAMIN (ə) ŞƏHADƏTİ

Nəhayət, imam Muhəmməd Baqir (ə) illərlə zəhməti və islam maarif və mədəniyyətinə xidmət etdikdən sonra hicri 114-cü ilin Zilhəccə ayının 4-də 59 yaşında ikən, Hişamın əmri ilə zəhərlənib şəhid oldu. O Həzrətin pak bədənini Bəqi qəbristanlığında, başqa imamların yanında torpağa tapşırdılar.