İMAMIN ŞƏXSİYYƏTİ

Adı : Əli

Ləqəbi : Səccad və Zeynül-abidin

Kunyəsi : Əbu Muhəmməd

Atası : Həzrət imam Hüseyn (ə)

Təvəllüd tarixi : Hicri 38-ci il

İmamlıq müddəti : 35 il

Ömrü : 57 il

Şəhadəti : Hicri 95-ci ildə Hişam ibn Əbdülməlikin əmri ilə zəhərlənmişdir.

Məzarı : Mədinə, Bəqi qəbristanlığı.

TƏVƏLLÜDÜ

İran, ikinci xəlifə Ömərin dövründə müsəlmanlar tərəfindən fəth olunduqdan sonra İran şahı Yəzdgirdin qızları Mədinəyə gətirildilər.

Hamı Mədinə məscidinə yığışaraq Ömərin nə əmr edəcəyini gözləyirdi. Ömər onları satmaq istədikdə Əli (ə) bu işə mane olub belə buyurdu: "Qızları sərbəst burax, qoy öz istədikləri adama ərə getsinlər".

Bu vaxt qızlardan biri Hüseyn ibn Əlini (ə), o birisi isə imam Həsən Müctəbanı özünə ər seçdi. Əli (ə) Hüseynə (ə) buyurdu: "Bu qızı lazımınca qoru, çünki onun bətnində Allahın yer üzündə ən yaxşı bəndəsi və bütün imamların atası olan bir imam dünyaya gələcəkdir".

Çox keçmədi ki, Əli ibn Hüseynin (ə) vücudunun günəşi, hicri 38-ci ilin Şəban ayının beşində cümə axşamı günü, Mədinədə işıqlandı. Uşağın adını Əli qoydular, sonralar isə Zeynül-abidin və Səccad ləqəblərinin sahibinə çevrildi.

HƏZRƏT ZEYNÜL - ABİDİNİN ( ə )

ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

1. Təqva .

O Həzrətin əxlaqi xüsusiyyətlərindən biri təqva və pəhrizkarlığı idi. Bu barədə imam Sadiq (ə) belə buyurmuşdur: "Əli ibn Hüseyn (ə), Bəni Haşim övladları arasında öz gözəl rəftarına əsasən Həzrət Əliyə (ə) çox bənzəyirdi".

O Həzrətin oğlu imam Muhəmməd Baqir (ə) isə bu barədə belə buyurmuşdur: "Bir gün atamın yanına gəldikdə onun Allaha ibadətlə məşğul olduğunun şahidi oldum. Belə ki, o Həzrətin gözləri ağlamaqdan qızarmış, ayaqları isə səcdəyə getməkdən şişib, topuğu qabar olmuşdu. Bu vaxt mən ona dedim: "Əziz ata, niyə ibadətdə ikən özündən gedir və özünü bu qədər incidirsən?" Atam ağlayıb buyurdu: "Övladım! Allaha nə qədər ibadət etsəm belə, yenə baban Əli ibn Əbu Talibin (ə) ibadətlərinin yanında heçdir".

Tavus Yəmani deyir: "İmamın Kəbədə səcdə halında ikən belə söyləməsinin şahidi oldum: "Pərvərdigara! Sənin bəndən, Sənə möhtac olan, Sənin evində Sənin rəhmətini, əfvini və ehsanını gözləyir."

2. Xalqın həyat məişəti ilə maraqlanmaq .

Həzrət iyirmi dəfə Məkkəyə piyada getmiş, həmişə də xalqı Quranın cəzbedici ayələri ilə hidayət edib, onlara doğru yolu göstərərdi. Dünyadakı bütün insani sifətlər o Həzrətin vücudunda cəm olmuşdu. O, müqavimət, fədakarlıq və rəhmətin ən mükəmməl nümunəsi idi. Yüzlərlə yoxsul və ac ailəni dolandırır, gündə evində bir neçə qoyun kəsdirərək kasıblar arasında paylayır, paltarsızlara paltar verir, borcluların borclarını ödəyirdi, özü isə sadə geyinib, sadə dolanırdı.

Günlərin bir günündə bir kişi Əli ibn Hüseynin (ə) hüzuruna gəlib söyməyə başladı. İmam mehribanlıqla həmin kişiyə belə buyurdu: "Ey qardaş, əgər doğru deyirsənsə və bu saydığın sifətlər məndə varsa, Allah məni bağışlayıb günahımdan keçsin. Yox əgər yalan söyləyirsənsə, Allah səni bağışlayıb günahından keçsin". O kişi imamın bu ehtiramından utanıb Həzrətdən üzr istədi.

İmamın dostlarından olan Əbu Həmzə Səmali Həzrətin xidmətçisindən xülasə olaraq imamın əxlaqından ona danışmasını xahiş etdikdə, xidmətçi öz sözünü belə başladı: "İllərdir ki, onun qulluğundayam. Düzlük, doğruluq, təqva və paklıqdan başqa o Həzrətdə heç bir şey görməmişəm. Mövlam, bütün çətinliklərə baxmayaraq, xalqın məsələləri ilə maraqlanaraq onların qarşılaşdıqları çətinlikləri yorulmadan həll edir".

Zeyd ibn Üsəma ölüm yatağında ikən, imam Səccad (ə) onun yanına gəldikdə Zeydi ağlayan görüb ondan nəyə görə ağladığını soruşdu. Zeyd belə cavab verdi: "On beş min dinar borcum var ki, gərək ödəyəm, lakin mal-dövlətimə baxdıqda isə görürəm ki, heç borcum qədər deyil". İmam (ə) buyurdu: "Ağlama, mən sənin bütün borclarını ödəyərəm, buna əmin ola bilərsən".

Axşamlar hava qaraldıqda və hamı yatandan sonra Həzrət Səccad (ə) ayağa qalxıb, müxtəlif azuqələri bir kisəyə tökərək tanınmasın deyə üzünü örtüb, kisəni dalına çatıb yoxsulların evinə aparardı.

Həzrət (ə) Mədinədə yaşayan təxminən yüz başsız ailəni idarə edirdi ki, onların da çoxu yoxsul və kasıblardan ibarət idi. Qəribədir ki, həmin ailələrdən biri də bilmirdi ki, onların məişətini idarə edən imam Zeynül-abidindir. Onlar yalnız imam şəhid olduqdan sonra köməklərinin kəsildiyini görüb başa düşdülər ki, onlara yardım edən şəxs Həzrət Səccad (ə) imiş.

ATASI İLƏ BİRLİKDƏ

İmam Zeynül-abidinin (ə) atası Kərbəlaya hicrət etdiyi gündən etibarən onun ardınca qədəm-qədəm irəliləyirdi. Hətta Aşura günündə atası kömək istədikdə xəstə olmasına əhəmiyyət verməyib atasının köməyinə yetmək üçün ayağa qalxdıqda Həzrət Zeynəb (ə) ona mane olub buyurdu: "Sən bu ailənin yeganə yadigarı, Hüseyndən sonrakı imamımız və hamımızın qoruyucususan. Sənin borcun bizi qorumaq və şəhidlərin missiyasını xalqa yetirməkdir".

Bir sıra cahil adamlar imamı (ə) əldən düşmüş bir xəstə kimi təsəvvür etsələr də, yanılırlar. Çünki imamın Kərbəladakı xəstəliyi ilahi bir məsləhət imiş ki, düşmən qılıncından amanda qalaraq Həzrətin özü Kərbəlanın canlı tarixi olsun. İmam Hüseyn (ə) və bütün əshabı şəhid olduqdan sonra, Şümr (lən.) və Bəni Üməyyə qatillərindən bir dəstə imamın çadırına girib Hüseynin varisini də öldürmək istədilər. Lakin imamı xəstə gördükdə Şümrlə (lən.) gələnlər ona etiraz etdilər. Ömər Səd də Şümrü tutacağı əməlinə görə qınayaraq onu imamın çadırından çıxarıb dedi: "Görmürsən bu xəstədir və heç bir iş görə bilməz?! Onunla işin olmasın!"

HƏRƏKATIN BAŞLANMASI İMAMIN (ə) HƏRƏKATDAKI ROLU

Hicri 61-ci ilin Məhərrəm ayının 11-də səhər çağı, imam Zeynül-abidin (ə) şəhidlərin ailəsi ilə birlikdə düşmən tərəfindən mühasirə olunmuş bir vəziyyətdə ikən əl-ayağını da zəncirlə bağlayaraq o Həzrətin daha çox narahat olması üçün şəhidlərin başlarını gözünün qabağına qoymuşdular.

Heç şübhəsiz əgər bu imam (ə) Kərbəlada olmasaydı və Yezidin cinayətlərini yaxından görməsəydi və həmin cinayətləri Kufədə və Şamda xalqa izah etməsəydi, Bəni Üməyyə hökuməti tarixdə bu dərəcədə rüsvay olmazdı.

Hüseyn (ə) xanədanı, onları məğlub hesab edən bir dəstə cahilin güman etdiyinin əksinə olaraq getdikləri hər bir yerdə öz inqilablarının qələbəsindən, Yezidin isə məğlubiyyətindən danışırdılar. Bundan üstün qələbə nə ola bilər ki, düşmən onlardan qorxurdu və danışmağa ağızlarını açanda xalq onları alqışlayıb afərin deyərək düşmənlərinə lənət söyləyirdilər?!

İMAMIN (ə) KUFƏDƏ ÇIXIŞI

Əsirlər karvanı Kufəyə çatdıqda camaat onları görmək üçün pişvazlarına çıxmışdılar. İmam Səccad (ə) Kufəlilərin etinasızlığından başa düşdü ki, onları tanımayıblar. Buna görə əli ilə işarə edərək onlara susmaq əmrini verdi. Camaat susdu. Hüseynin (ə) yadigarı sözə başlayıb belə buyurdu: "Ey Kufə camaatı! Mən Əli və Fatimənin övladı, Peyğəmbərin övladı olan Əliyəm. Mən uşaqları öldürülmüş, var-dövləti talan olunmuş, xanədanı əsir alınaraq qarşınızda saxlanılan imamın övladıyam.

Siz atama məktub göndərib dəvət etdiniz. O isə sizə tərəf gəldikdə onu öldürdünüz. Sabah qiyamət günündə Allahın və Peyğəmbərin cavabını necə verəcəksiniz?!

Siz peyğəmbərinizin hörmətini saxlamadınız, onun ruhunu incitdiniz. Vay sizin halınıza, siz çox pis adamsınız!".

İmam (ə) bu sözləri ilə yatmış vicdanları oyadaraq qəlbləri riqqətə gətirdi. Bununla da Əməvilərin şənliyini yasa çevirdi.

İBN ZİYADIN SARAYINDA

Məmurlar Kufə şəhərində vəziyyətin gərginləşdiyini İbn Ziyada xəbər verdikdə əsirlərin tezliklə saraya gətirilməsini əmr etdi.

Ziyadın alçaq və satqın oğlu təntənəli bir yığıncaq təşkil edib Kufənin böyüklərini də oraya dəvət etmişdi. Beləliklə də öz qüdrətini onlara göstərib, lovğalanmaq və riya etmək istəyirdi.

Elə bu vaxt Hüseynin (ə) sağ qalmış ailə üzvlərini oraya gətirdilər. Orada olanların hamısı onlara baxırdılar. Əsirlərin heç biri Kufə cəlladı ibn Ziyada məhəl qoymadı. İbn Ziyad qəzəblənmişdi və onlara hörmətsizlik etmək istəyirdi, lakin cəsarəti çatmadı. Həzrət Səccad (ə) ona xitab edib buyurdu: "Ey Ziyad oğlu! Bu gün qüdrət taxtında oturubsan, Peyğəmbərin (s) uşaqları isə qarşında durublar. Belə güman etmə ki, bizim nəzərimizdə qiymətli bir dəyərin vardır".

Bu cümlələr ona elə təsir etdi ki, Kufənin zülmkar hakimi əl-ayağını itirib yaman söyləməyə və təhdid etməyə başladı. O, əmr etdi ki, imam Səccadı (ə) da öldürsünlər. Əsirlərin hərəkəti və orada olanların etirazı ibn Ziyadın verdiyi əmri geri götürmək məcburiyyətində qoydu. Amma imam Səccad (ə) yenidən ona xitab edərək belə buyurdu: "Məni öldürməklə qorxudursan? Öldürülmək bizim adətimiz, şəhid olmaq isə kəramətimizdir". İbn Ziyad çaş-baş qalmışdı, onun əsirlərini oradan aparmaq əmrini verməkdən başqa heç bir çarəsi qalmamışdı.

YEZİDİN MƏCLİS İ NDƏ

Peyğəmbər (s) xanədanı artıq yorğun və narahat idi. Onları iplə bir-birinə bağlayıb Yezidin sarayına apardılar. Onlar Yezidlə də ibn Ziyadla davrandıqları kimi rəftar etdilər. Bu vaxt imam Səccad (ə) buyurdu: "Ey Yezid! Sən özünü müsəlman hesab edirsən, amma əgər Peyğəmbər (s) bizi bu vəziyyətdə, belə bağlanmış halda görsə, səninlə necə rəftar edər və sənə nə deyər?"

İmamın bu qəti cümləsi orada olanların hamısını ağlatdı. Yezid isə qorxusundan tez iplərin kəsilməsini əmr etdi.

Daha sonra Yezid ağır sözlər deməyə başladı. Lakin Hüseynin (ə) övladları, o cümlədən imam Səccad (ə), qarşısında dayanıb ifşaedici sözlərilə onu rüsvay etdilər. İş o yerə çatdı ki, Yezidin hərəmxanasının içindən belə etiraz və ağlamaq səsləri ucaldı. Bu etiraz və ağlamaqların hər biri Yezidin başına dəyən bir çəkicə bənzəyirdi ki, onu işrət yuxusundan oyadırdı. O, başa düşdü ki, əgər Peyğəmbərin (s) varislərini bir az da öz sarayında saxlasa, qiyam başlanar və o zaman da Yezid həlak olar. O, özünü xalqın etiraz və qəzəb dənizində qərq olunmuş bir vəziyyətdə görür, o yan bu yana baxaraq özünə bəraət qazandırmaq üçün çıxış yolu axtarırdı. Birdən qışqırıb dedi: "Allah bu ibn Ziyada lənət eləsin. Mən Hüseyni öldürmək və ailəsini əsir aparmağa razı deyildim". Lakin artıq iş işdən keçmişdi və hamı bilirdi ki, əsl cinayətkar onun özüdür. Buna görə də rüsvayçılıq artmasın deyə dərhal əmr etdi ki, əsirləri qabaqcadan onlar üçün hazırlanmış xüsusi yerə aparsınlar. Peyğəmbərin övladlarını həmin yerə apardılar. Lakin onlar orada da sakit durmayıb xalqa Yezidin cinayətləri barədə məlumat verirdilər. Hətta imam Hüseynin (ə) üç yaşında olan qızı Rüqəyyə də bu mübarizədə iştirak edirdi.

İMAM ( ə ) ŞAM MƏSCİDİNDƏ

Bir gün Yezid məğlubiyyətini aradan aparmaq üçün hökmdarlığı və qüdrətinin mərkəzi olan Şam məscidində təntənəli bir məclis qurub satqın natiqlərə əmr etmişdi ki, onu mədh edib Peyğəmbərin (s) ailəsinə yaraşmayan sözlər desinlər. Bununla da xalqın qarşısında bəraət qazanıb Peyğəmbərin (s) övladlarını təqsirkar göstərmək istəyirdi. İmam Səccad (ə) məscidin bir küncündə oturub dinləyirdi. Natiq Yezidi mədh edib, Peyğəmbərin (s) xanədanına pis sözlər dediyi vaxt, o Həzrət (ə) uca səslə fəryad etdi: "Vay olsun sənin halına, ey satqın muzdur! Yezidi sevindirmək üçün Allahı qəzəbləndirdin, özün üçün isə cəhənnəm qazandın!"

Sonra Yezidə tərəf dönüb buyurdu: "Qoy bu taxtaların üstünə çıxım və Allah ilə xalqı sevindirən bir söz danışım".

Yezid əvvəlcə əhəmiyyət verməyib icazə vermək istəmədi. Lakin məclisdə olanlar Yezidin imama icazə verməsini istədilər. Yezid çarəsiz qalıb icazə verdi, lakin bu işin axırından qorxurdu.

İmam (ə) minbərə çıxıb Allaha həmd və səna etdikdən sonra buyurdu: "Ay camaat! Allah-taala bizə elm, dözüm, səxavət, şücaət, iman və pəhrizkarlıq əta etmişdir. Bilin ki, islam Peyğəmbəri (s) bizdəndir, Əli (ə) və Cəfər Təyyar bizdəndir, Həmzə Seyyidüş-şühəda və Peyğəmbərin (s) qəlbinin meyvələri olan imam Həsən (ə) ilə imam Hüseyn (ə) bizdəndirlər".

Birdən-birə xalq özünə gəlib, qəlblər sinələrdə çırpınmağa başladı və bütün gözlər imama zilləndi. Deməli, bizə yalan demişdilər ki, bunlar hökumət əleyhinə qiyam edən xaricilərdir. Bunlar Allahın yer üzündəki ən yaxşı bəndələridirlər.

İmamın sonrakı cümlələri xalqı daha da ayıltdı. İmam (ə) belə buyurdu: "Mən Məkkənin, Minanın övladıyam, mən zəmzəm və səfanın övladıyam (yəni onlar bizə aiddir). Mən meraca getmiş bir şəxsin övladıyam, mən Allah Peyğəmbərinin (s) övladıyam, mən Əliyyi-Mürtəzanın (ə), Fatimeyi-Zəhranın (s.ə.) övladıyam, mən Kərbəlada günahsız öldürülən Hüseynin (ə) övladıyam".

Birdən onlar qəhərlənib, kişili-arvadlı ağlamağa başladılar. Özünü mühasirədə hiss edən Yezid "azanverənə azan vermək əmrini verin" - dedi. Azan səsi yüksəldi: "Allahu Əkbər". Həzrət (ə) buyurdu: "Ən böyük Allahdır." Azan verən dedi: "Əşhədu əlla ilahə illəllah". Həzrət (ə) belə buyurdu: "Ətim, dərim və sümüklərim də buna şahiddir". Azan verən dedi: "Əşhədu ənnə Muhəmmədən Rəsulullah". Həzrət (ə) buyurdu: "Ey azançı! Adını çəkdiyin Peyğəmbərə (s) xatir bir az döz dayan". Sonra Yezidə xitab edərək buyurdu: "Ey Yezid! Adını çəkdikləri bu Peyğəmbər (s) mənim babamdır, yoxsa sənin baban?! Əgər "mənim babamdır" - desən, yalan deyibsən və əgər "sənin babandır" - desən, onda nə üçün Kərbəlada oğullarını öldürüb, uşaqlarını əsir etdin?"

Yezid cavab verə bilməyib xalqı aldatmaq üçün tez namaza qalxdı. İmam isə Şam əhalisindən bir dəstə ilə birlikdə etiraz nişanəsi olaraq məscidi tərk etdi.

Bu sözlər, bu kəlamlar o qədər təsiredici idi ki, Yezid Peyğəmbərin (s) Əhli-beytini (ə) ehtiramla Mədinəyə göndərmək məcburiyyətində qaldı. Bu etirazlar xalqın qəzəb və nifrətini Yezid və Əməvi dövlətinə qarşı inqilab bayrağını dalğalandırdı. Artıq Mədinə Yezid əleyhinə üsyan və qiyama başlamışdı.

Yezid qiyamı qırğınla yatırtmaq istəyirdi, amma artıq bunun heç bir faydası yox idi. Buna görə də Müslim ibn Əqəbə adlı murdar bir kişinin sərkərdəliyi altında Mədinəyə hərbi bir hissə göndərdi. O da üç gün əsgərləri ilə birlikdə xalqın evinə soxulub var-dövlətlərini talan edərək, təxminən on min nəfər öldürdü. Lakin bunların heç biri fayda vermədi və ondan sonra Yezid bir gün görmədi.

Nəhayət hicri 64-cü ildə Yezidin həyatının qara kitabı bağlanıb dünyadan getdi və oğlu ikinci Müaviyə onun yerində oturdu. Lakin qırx gündən sonra atasının cinayətləri və xanədanının abırsızlığına görə vəzifəsindən istefa verdi. İllərlə xəlifəlik məqamına göz dikən Abdullah ibn Zübeyr Məkkədə qiyam edib hakimiyyəti ələ keçirdi. Şamda isə Mərvan qüdrətə çatdı. Hakimiyyət uğrunda mübarizə başlandı. İkisi də bir-birlərini aradan aparmaq üçün hazırlaşırdılar. Çox keçmədi ki, Mərvan öldü və oğlu Əbdülməlik onun yerində oturdu.

O, hakimiyyəti ələ keçirdikdən sonra hicri 73-cü ildə Məkkəni mühasirə edib Abdullah ibn Zübeyri öldürdü.

Əbdülməlik xəsis və alçaq bir adam idi. Ondan insanlıq və mərhəmətdən bir nişanə belə yox idi. Əbdülməlikin ən böyük cinayətlərindən biri də Həccacı Kufəyə və Bəsrəyə hakim təyin etməsidir. Həccac çox rəhimsiz və daşürəkli bir adam idi və qısa bir müddət ərzində Həzrət Əlinin (ə) ardıcıllarından təxminən yüz iyirmi min nəfərini öldürüb çoxlarını da zindana saldı.

Əbdülməlik Həzrət Səccadı (ə) nəzarət altında saxlayır və bir bəhanə axtarırdı ki, o Həzrəti tutdursun. Nəhayət onu tutdurub Şama gətirtdi. Lakin xalqın etirazı nəticəsində Həzrəti Mədinəyə qaytarmaq məcburiyyətində qaldı.

İMAM SƏCCADIN (ə) HİŞAMLA OLAN ƏHVALATI

Əbdülməlik illərlə davam etdiyi cinayətlərindən sonra öldü və oğlu Hişam atasının taxtında oturdu. O, həcc günlərinin birində Məkkəyə, özü demişkən, Allahın evini ziyarət etməyə gəlmişdi. Bununla da sadəlövh insanları aldatmaq istəyirdi. Təvaf zamanı izdiham çox olduğuna görə təvaf edə bilmədiyindən məcbur qalıb bir küncdə oturdu. Birdən imam Səccad (ə) hərəmə girdikdə camaat o Həzrəti saxlamayaraq onun rahat təvaf etməsi üçün yol açdılar.

Həzrət (ə) təvaf etdikdən sonra Həcərül-əsvədə tərəf getdi ki, ona əl sürtsün. Bu əhvalatı görən Hişam bərk narahat olub etinasızlıqla soruşdu: "Bu kişi kimdir, onu tanımıram?" Azad bir şair olan Fərəzdəq tez Hişama tərəf dönüb dedi: "Ey Hişam, onu tanımamağın çox təəccüblüdür. Qulaq as, onu sənə təqdim edib tanıtdırım.

Bu, Məkkə yurdu və

Allah hərəminin tanındığı bir şəxsdir,

İslam Peyğəmbəri onun babasıdır

Allah həmişə onlara salam göndərir.

Bu, Allahın bəndələrinin ən xeyirlisinin oğludur.

Bu həmin məşhur pəhrizkar insandır.

Sənin "onu tanımıram" - deməyin, ona heç ziyan yetirməz.

Əgər sən onu tanımasan da, bütün ərəb və əcəm onu tanıyır.

Hişam Fərəzdəqin sözlərindən qəzəblənib onu zindana aparmalarını əmr etdi.

İmam Səccad (ə) zindanda ona hədiyyə göndərərək çəkdiyi zəhmətlərinə görə təşəkkür edərək nəhayət, onu zindandan azad etdirdi.

İMAM SƏCCAD ( ə ) SƏHİFEYİ - SƏCCADİYYƏ

İmam Səccad (ə) nəzarət altında olduğu üçün təbliğat vəzifəsini dua şəklində bəyan etmək məcburiyyətində qalmışdı. O Həzrətin dualaranın külliyyatı "Səhifeyi-Səccadiyyə" adlı bir kitabda toplanıbdır. Bu kitab riyaziyyat, biologiya, astronomiya, əxlaq, siyasət və sairə kimi elmləri ehtiva edir.

Əslində isə bu kitab həqiqətləri, çətinlikləri və dərdləri ifadə edir. Biz burada nümunə olaraq həmin kitabdan bir neçə qısa və sadə cümlənin tərcüməsini sizlərə təqdim edirik.

1. "Ey Pərvərdigara! Ömrüm Sənin bəndələyində və Sənə itaət etməklə keçdiyi müddətdə məni diri saxla; Şeytanın otlağına çevrildikdə isə məni Özünə tərəf apar və canımı al".

2. "Ey övlad! Ata-anana hörmət göstər. Çünki ata olmasaydı, sən də yox idin. Səni bütün varlığın ilə qoruyan anana bax. O, səni qidalandıraraq özünün ac qalmasından qorxmur; səni geyindirərək özünün paltarsız qalmasından qorxmur, səni kölgədə saxlayaraq özünün gün altında qalmasından çəkinmir. Sən onun zəhmətinin əvəzini verməyə qadir deyilsən. Bu işi yalnız Allah görə bilər".

3. "Övladına yaxşı bax. Çünki yaxşı halda da, yaman halda da səndən asılıdır və sən ona təbriyə vermək və doğru yol göstərməyə məsulsan".

4. "Bacı-qardaşlarınla mehriban ol. Çünki onlar sənin izzətin və qüdrətindirlər. Düşmən qarşısında onlara yardım et və həmişə onların xeyrini istə".

5. "Müəllimə hörmət bəslə və o olan yerdə sən də ədəbli ol və onun sözlərinə qulaq as".

6. "Qonşuna ehtiram göstər və ona yardım et. Əgər onun bir eybini görsən, aşkar etmə, səhv etdikdə isə ona nəsihət ver".

7. "Yoldaşınla insafla davran və o səni necə istəyirsə, sən də onu elə sev. Əgər günah etmək istəsə, ona mane ol. Onunla həmişə qəzəbli deyil, mərhəmətlə davran".

HƏZRƏTİN ŞƏHADƏTİ

Nəhayət o böyük imam (ə) hicri 95-ci ilin Məhərrəm ayının 25-də, 57 yaşında ikən, bir çox narahatçılıqlar və zəhmətlər çəkdikdən sonra Hişam ibn Əbdülməlik tərəfindən zəhərləndirilərək şəhid oldu. Bəqi qəbristanlığında imam Həsənin (ə) yanında dəfn olundu. Bu gün mübarək və müqəddəs məzarı yolunun aşiqləri və ardıcıllarının ziyarətgahına çevrilmişdir.