İMAMIN ŞƏXSİYYƏTİ

Adı : Cəfər

Ləqəbi : Sadiq

Kunyəsi : Əbu Əbdillah

Atası : Həzrət Muhəmməd Baqir (ə)

Təvəllüd tarixi : Hicri 80-cı il

İmamlıq müddəti : 31 il

Ömrü : 68 il

Şəhid olduğu tarix : Hicri 148-ci ildə Abbasi xəlifəsi Mənsurun əmri ilə

zəhərlənmişdir.

Məzarı : Mədinə, Bəqi qəbristanlığı.

TƏVƏLLÜDÜ

İmam Sadiqin (ə) mübarək vücudu 83-cü hicri ilin Rəbiül-əvvəl ayının 17-də Mədinə şəhərində parladı. O Həzrətin anasının adı Ümmi Fərhə idi. Atası imam Muhəmməd Baqir (ə) oğlunun dünyaya gəlməsindən çox sevinmişdi. O Həzrətin anası Həzrət Əlinin (ə) əshabından olan Muhəmməd ibn Əbu Bəkrin nəvəsi idi. Həzrət Əli (ə) onun haqqında daim belə buyurardı: "Muhəmməd mənim mənəvi nəvəmdir". Muhəmməd ibn Əbu Bəkrin anası isə təqvalı və həmişə Həzrət Fatiməyə (s.ə.) xidmət etməkdən iftixar hissi duyan Əsma bint Üməys idi.

İmam Sadiq (ə) öz anası haqqında belə buyurmuşdur: "Anam təqvalı, imanlı və xeyirxah qadınlardan idi".

İmam Sadiq (ə) babası imam Səccad (ə) dünyadan köçəndə 15, atası şəhid olduqda isə 34 yaşında idi.

İmam Hüseynin (ə) şəhadətindən sonra Əməvi hökuməti artıq sarsılmış, xalq isə onlarla düşmən olmuşdu. Bu da hakimiyyəti Abbasilərin ələ keçirməsinə zəmin yaratmışdı. Bu iki qüdrət mərkəzi hakimiyyət uğrunda mübarizəyə qalxdığından şiə düşüncələrini təbliğ etmək və yaymaq üçün fürsət yaranmışdı. Məhz belə bir vaxtda İmam Sadiq (ə) öz elmi hərəkatı ilə islam incəliklərini bütün dünyaya yaymağa müvəffəq oldu.

İMAMIN (ə) ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

Məlum olduğu kimi insanların zahiri rəftarı onların daxili əxlaq və düşüncələrini əks etdirir. Belə ki, insanları onların rəftar və davranışları ilə tanımaq mümkündür. Az adam tapılar ki, qəlbində olanları öz rəftar və hərəkətləri ilə büruzə verməsin.

İmam Sadiq (ə) da başqa imamlar kimi bütün həyatı boyu həqiqi islamı təlim edirdi. O Həzrətin özü də islam əxlaqının parlaq nümunəsi idi. İnsanlar arasında hər cəhətdən, istər fikri, istər əxlaqi, istərsə də düşüncə baxımından bir-birilə eyni olan ata və oğul tapmaq olmaz. Lakin Həzrət Peyğəmbərin (s) ailəsi, eləcə də o Həzrətin canişinlərinin hamısı eyni istiqamətdə, eyni nöqteyi-nəzər və eyni üslubda vahid bir hədəfə doğru irəliləyərək öz müqəddəs borclarını yerinə yetirirdilər. Onların fikirləri, sözləri və davranışları arasında heç bir fərq yoxdur.

İmam Sadiqin (ə) əxlaqi üstünlük və dəyərlərini isbat etmək üçün təkcə bu kifayətdir ki, onun dörd min tələbəsi arasında bir nəfər belə tapılmadı ki, o Həzrətin əxlaq və üslubunu bəyənməyib ondan narazı qalsın. O, natiqlikdə, yeriməkdə, başqaları ilə rəftarında, yeməkdə, hətta istirahət etməkdə belə müsəlmanlar üçün əbədi bir örnək idi. O Həzrət öz uşaqları ilə necə davranırdısa, dostları ilə də eyni şəkildə davranırdı.


İMAMIN (ə) ZÖHD TƏQVASI

Zöhd və təqva insan dəyərinin ölçüsüdür. İmam Sadiq də (ə), babası Əli (ə) kimi o qədər təqvalı idi ki, hamını heyrətləndirmişdi. Malik ibn Ənəs deyir: "İmam Sadiq (ə) həmişə Allahı zikr etməklə məşğul idi. O, böyük zahidlərdən sayılırdı".

Əbdül-əla isə belə deyir: "Yayın isti günlərinin birində imam Sadiqi (ə) Mədinə küçələrindən birində gördüm ki, harasa gedirdi. O Həzrətə dedim: "Qurbanın olum, sən ki, Peyğəmbərin (s) qohumusan, nə üçün yayın bu istisində özünü zəhmətə salırsan?"

İmam (ə) buyurdu: "Ruzimi qazanmaq üçün işləməyə evdən çıxmışam, çünki başqalarına möhtac qalmaq istəmirəm".

Başqa bir nəfər isə o Həzrətin haqqında belə demişdir: "İmam Sadiqi (ə) qalın bir paltarla fəhlə kimi bağda işləyib tər tökən gördükdə, o Həzrətə "ey Peyğəmbərin övladı, icazə verin mən sizin yerinizə işləyim" - dedim. Həzrət (ə) cavabımda belə buyurdu: "Güzəranımı təmin etmək üçün işləməyi sevirəm. İstəyirəm başqa adamlar kimi mən də qızmar günəşin altında çalışmağın zəhmətini dadım".

İmam bir yerə gedəndə yeni, təmiz və bahalı paltar geyinər, yorğa at minərdi. Bir sıra cahil adamlar belə güman edirdilər ki, o Həzrətin bu əməli zöhd və təqvaya ziddir və elə buna görə də imama etiraz edərdilər. Lakin imamın cavabını eşitdikdə utanıb geri qayıdırdılar.

İMAMIN (ə) YALANÇI MÜQƏDDƏSƏ DEDİYİ SÖZLƏR

Bir gün Süfyan adlı bir yalançı müqəddəs imam Sadiqin (ə) qarşısını kəsib dedi: - Siz Peyğəmbərin (s) ailəsindənsiniz, bəs niyə belə bahalı paltarlar geyinirsiniz?

- İmam (ə) buyurdu: "Ey Süfyan, bax bu paltarın altında köhnə bir köynək var və mən özüm bilə-bilə onun üstündən bu paltarı geymişəm ki, ağılları gözlərində olanlar mənim yoxsul və möhtac olduğumu zənn etməsinlər. Lakin sən isə əynində olan bu kobud paltarın altından yumşaq bir paltar geyinmisən ki, camaatı aldadasan və özünü zahidlər kimi göstərəsən. Ey Süfyan, bu qədər dargözlü olma".

Başqa bir gün Süfyan imamı fəhlələrlə tarlada işləyən görüb dedi: "Sən məni təəccübləndirirsən. Nəyə görə bu qoca yaşında dünyaya tamah salıb işləyirsən?"

İmam (ə) buyurdu: "Mən zəhmət çəkərək güzəranımı təmin edirəm və xalqa möhtac deyiləm. Əgər bu vəziyyətdə Allahın görüşünə getsəm, çox sevinərəm".

Başqalarının zəhmətinin nəticəsini yeyənlər və onların vasitəsilə qüdrətə çatanlar, eləcə də onlara xidmət və məhəbbət əvəzində özlərini onlardan üstün sayanlar çox bədbəxtdirlər. Onlar da Süfyan kimi aldadıcı zahirə malikdirlər, lakin batinləri pozğun və xarabdır.

İMAM ( ə ) ƏDALƏTLİ MƏNFƏƏT

İmam Sadiq (ə) əshabından olan Müsadif adlı bir nəfərə min dinar vermişdi ki, ticarətlə məşğul olub mənfəət əldə edərək güzəranını yaxşılaşdırsın. Müsadif də imamın verdiyi pulla mal alıb tacirlərlə birlikdə Misirə getdi. O, Misirin yaxınlığında şəhərdən qayıdan bir karvanla rastlaşdı. O, gətirdiyi malın ticari durumunu öyrənmək üçün onlardan müxtəlif suallar soruşdu. Karvandakılar ona dedilər ki, şəhərdə onun gətirdiyi maldan çox az tapılır, buna görə də müştərisi çoxdur və mütləq gətirdiyini baha qiymətə sata biləcək.

Müsadif bu sözləri eşitdikdə sevinib yoldaşları ilə danışdı ki, gətirdikləri əmtəəni ikiqat baha qiymətə satsınlar və bu qiymətdən aşağı enməsinlər. Şəhərə daxil olandan sonra dedikləri kimi də etdilər və bunun nəticəsində Müsadif min dinar da artıq qazandı. Mədinəyə qayıtdıqdan sonra sevincək imamın evinə gəldi, Həzrətin hüzuruna getdikdə hərəsində min dinar olan iki kisəni imamın qabağına qoyub dedi: "Bir kisə sizin sərmayənizdir, o birisi isə alverin qazancıdır".

İmam (ə) buyurdu: "Bu qədər mənfəəti necə əldə eləmisən?" Tacir kişi əhvalatı olduğu kimi Həzrət üçün danışdı. Birdən-birə imam (ə) narahat olub belə buyurdu: "Allaha pənah aparıram. Müsəlmanların ziyanına əlbir olubsunuz ki, malınızı ikiqat qiymətinə satasınız?!"

İmam (ə) verdiyi pulu götürdükdən sonra ikinci kisəni Müsadifə qaytarıb buyurdu: "İnsafsızlıqla əldə olunan bu qazanca mənim ehtiyacım yoxdur. Ay kişi, bunu bil ki, halal yolla var-dövlət qazanmaq çox çətindir".


İMAMIN (ə) SƏBRİ DÖZÜMÜ

İnsanın həyatda qarşılaşdığı müxtəlif çətinliklər və hadisələr onun bacarıq və imanının nə dərəcədə olduğunu aşkar edə bilər. İmam Sadiqin (ə) həyatında meydana gələn çətinliklər və o Həzrətin göstərdiyi səbr və dözümlülük onun dəyərli şəxsiyyətini sübuta yetirib aşkar etmişdir.

O Həzrəti nə qədər söysələr də, əziyyət etsələr də həmişə öyüd-nəsihət verər və heç vaxt bir kimsəni söyüb qarğışlamazdı.

POZULAN DOSTLUQ

İmam Sadiqi (ə) çox sevən və daim onun yanında olan bir kişi var idi. Bir gün həmin kişi imamla birlikdə pinəçilər bazarına getmişdilər. O kişinin zənci qulu da onların dalınca gəlirdi.

Qulun başı dükanlara baxmağa məşğul olduğundan sahibindən uzaq düşürdü. İmamın dostu da hərdən arxasına baxır, amma qulunu görmədiyindən çox narahat olub hirslənirdi. O, birdən gələn qulu görüb onun anasını söydükdən sonra soruşdu: - Harada idin?

Kişinin bu sözlərindən təəccüblənən imam Sadiq (ə) əlini əlinə vurub buyurdu: "Sən onun anasını söyürsən?! Mən elə güman edirdim ki, sən təqvalı və pəhrizkar bir kişisən. Buna görə də uzun müddət səninlə dostluq edib dostlarım arasında səni tərifləyirdim. Yaxşı oldu ki, sənin düz-əməlli bir dost olmadığını anladım. Tez məndən uzaqlaş!".

TƏBLİ Ğ ATI İMAMDAN ÖYRƏNƏK

Şəqrani gizlində pis işlər görən cavan bir oğlan idi. Onun babasını Həzrət Peyğəmbər (s) azad etmişdi, elə buna görə də camaat onu Peyğəmbərin (s) yaxın adamlarından hesab edirdilər. Bir gün Şəqrani, Abbasi xəlifəsi Mənsurun beytul-maldan pul payladığını eşitdikdə ondan pul almaq üçün oraya yollandı. Lakin orada heç kimi tapmadığı üçün bir şey ala bilmədi. Bu arada gözü imam Sadiqə (ə) sataşdı, qaça-qaça onun yanına gəlib Həzrətdən onun üçün xəlifədən bir pay almasını xahiş etdi. İmam da onun istəyini qəbul edib getdi və xəlifədən onun payını alıb gətirdi. İmam pulları ona verən zaman belə buyurdu: "Hər kəs yaxşı iş görsə, yaxşıdır, lakin sən bizə bağlı olduğun üçün yaxşı iş görsən, daha yaxşıdır. Hər kəs pis iş görsə, pisdir, lakin sən pis iş görsən, daha pisdir".

İmam bunu deyib getdi. Pulları alan Şəqrani bir müddət fikrə dalıb anladı ki, imam (ə) onun pis iş gördüyünü başa düşdüyündən bu sözlə onu bu işdən çəkindirmək istəyib.

İmamın bu davranışı səbəb oldu ki, pis iş görən kişi özündən utanıb pis işləri buraxsın.

İMAMIN (ə) YOXSULLARA OLAN YARDIMI

1. İmamın dostlarından olan Müəlla ibn Xünəys belə deyir: "Qaranlıq və yağışlı bir gecədə imam Sadiqi (ə) küçələrində gördüm ki, Həzrət ağır bir kisəni dalına qoyub aparırdı. Onun dalınca düşdüm ki, Həzrətin hara getdiyini öyrənim. Kisədə olan çörəklərdən bir azı yerə tökülmüşdü. Mən çörəkləri yığıb imamın yanına getdim və salam verdikdən sonra çörəkləri ona verdim. İmam (ə) onları alıb kisənin içinə qoyduqdan sonra yenidən öz yoluna davam etdi. Çox keçmədi ki, yoxsullardan bir dəstəsinin yaşadığı bir yerə çatdı. Onlar orada yatmışdılar. Onların hərəsinin başının altına iki dənə çörək qoyub qayıtdı. Mən imamdan "onlar sizin şiələrinizdən idilər" - deyə soruşduqda buyurdu: "Xeyr, əgər şiələrimizdən olsaydılar, onlara daha yaxşı xidmət göstərərdik".

2. İmamın başqa bir dostu Hişam ibn Salim belə deyir: "İmam Sadiqin (ə) işi belə idi ki, qaranlıq gecələrdə bir qədər ərzaq götürüb yoxsulların qapısına aparar, onu gizlincə qapıdan içəri qoyardı. İmam vəfat etdikdən sonra onun etdiyi yardımlar kəsildiyi üçün yoxsullar başa düşdülər ki, gecələr onların qapısına gəlib onlara yardım edən naməlum şəxs imam Sadiq (ə) imiş. Buna görə də çox narahat olub yasa batdılar".

İMAM ( ə ) EHTİKARLA MÜBARİZƏ

İllərin birində Mədinədə buğda qıtlığı olduğundan camaat qorxub çox nigaran olmuşdu. Hər kəs o ilin ehtiyaclarını təmin etmək üçün çalışıb buğda yığırdı.

Bu arada yoxsul adamlar gündəlik ehtiyaclarını bazardan almaq məcburiyyətində qalmışdılar. Bir gün imam Sadiq (ə) xidmətçisi Mütəbdən "bu il evdə buğdamız varmı?" - deyə soruşduqda, Müətəb cavab verdi: "Bəli, bir neçə aylıq buğdamız var".

İmam buyurdu: "Apar onları bazarda sat!"

Mütəb dedi: "Mənim mövlam, axı Mədinədə buğda tapılmır. Əgər bunları satsam, sonra özümüz üçün buğda almaq çətin olar və daha baha qiymətə almalı olarıq".

İmam (ə) buyurdu: "Dediyim işi gör. Bundan belə Mədinə yoxsulları kimi gündəlik ehtiyacımızı bazardan al. Çünki mənim evimin çörəyi ilə xalqın yediyi çörək arasında heç bir fərq olmamalıdır".

İMAMIN (ə) İCTİMAİ FƏALİYYƏTİ

TAMAHKAR DİLƏNÇİ VƏ ŞÜKR EDƏN YOXSUL

İmamın əshabından biri deyir: "Həzrətlə Minada üzüm yeməyə məşğul olduğumuz vaxt bir yoxsul adam gəlib diləndi. İmam (ə) bir salxım üzüm ona verdi. Yoxsul adam üzümü almayıb pul istədi. İmam buyurdu: "Allah sənə yetirsin".

Dilənçi bir az uzaqlaşdıqdan sonra qayıdıb üzümü istədi. Həzrət ona belə buyurdu: "Allah sənə yetirsin". O kiş getdi və başqa bir yoxsul adam gəlib imamdan köməklik istədikdə imam (ə) ovucunu üzümlə doldurub ona verdi. Kişi üzümü alıb Allahına şükr etdikdən sonra imam (ə) ona iyirmi dirhəm pulla bərabər öz köynəyini də verdi. Kişi onları alıb imama dua edə-edə bizdən uzaqlaşdı. Öz-özümə düşündüm ki, əgər bu kişi belə davam etsəydi, imam var-yoxunu da ona verərdi.

İSLAM UNİVERSİTETİNİN QURULMASI

İmam Sadiq (ə) müxtəlif fənlərdə tələbə tərbiyə etmək üçün Mədinədə islami bir universitet qurmaq qərarına gəldi. O Həzrətin elm çeşməsi o qədər qaynar idi ki, hətta dünyanın dörd tərəfindən belə alimləri Mədinəyə sarı çəkirdi. Elm öyrənmək istəyən yüzlərlə cavan dünyanın hər yerindən Mədinəyə axışırdılar ki, imamın dərslərində iştirak etsinlər.

İmam (ə) müxtəlif elmi sahələrdə görkəmli alimlər yetişdirmişdir ki, onlardan bəzilərinin adlarını sizlərə təqdim edirik:

1. Fiqh fənnində Zürarə və Muhəmməd ibn Müslim.

2. Əqaid və kəlam elmində Hişam və Möminüt-taq.

3. İrfan və islam maarifi fənni üzrə Müfəzzəl və Səfvan.

4. Riyaziyyat və təcrübə elmləri üzrə Cabir ibn Həyyan.

Bunlarla birlikdə bir çox başqa alimlər də imamın tələbəsi olub, hərəsi ayrı-ayrı islami elm və fənnin təməlini qoymuşdular. Onların kitabları uzun illər Avropada qərb dillərinə tərcümə olunaraq tədris olunmuşdur. Məlum olduğu kimi, Həzrət Əlinin (ə) zamanında islam elmlərini yaymaq üçün belə bir münasib şərait yox idi. Çünki düşmən o Həzrəti vətəndaş müharibəsi ilə məşğul edirdi ki, beləliklə də islami elmlərin yayılmasının qarşısı alınırdı. Bu vəziyyət imam Səccadın (ə) zamanına qədər davam etmişdir. İmam Baqirin (ə) zamanından isə islam elmləri mədrəsələri təşkil olundu və imam Sadiq (ə) zamanında öz yüksək mərhələ və zirvəsinə yetişdi. İmam Sadiqin (ə) universitetində dörd min tələbə müxtəlif elmi sahələrdə yetişdirildi. Onlar da dünyanın dörd tərəfinə gedib xalqa təlim-tərbiyə verməklə məşğul olurdular.

ÜÇÜN ŞİƏLİK CƏFƏRİ MƏZHƏBİ ADLANIR ?

Şiə məzhəbinin imam Cəfər Sadiqin (ə) elmi və siyasi fədakarlıqları sayəsində genişlənib yayılmasına görə bu məzhəbə "Cəfəri" məzhəbi adı verilmişdir. Bizim məzhəbimiz Cəfəri məzhəbidir və biz bu adla fəxr edirik. Çünki Həzrət Peyğəmbərin (s) əsil islamının missiyasını imam Hüseynin qanında, bəyanını isə imam Sadiqin təlimlərində tapmaq mümkündür. Cəfəri islamı, Həzrət Əlinin (ə) onun yolunda cihad etdiyi, imam Həsənin (ə) sülh etdiyi, imam Hüseynin (ə) şəhid olduğu, imam Səccadın (ə) əsir düşdüyü islamdır. Əgər islam, hökumdarlarının qəsb olunmuş taxtda oturduqları, Zəhranı (s.ə) qəzəbləndirən və Əlini (ə) zalıma beyət etməyə məcbur edən islam olsaydı, heç vaxt belə bir islama boyun əyməzdik. Çünki bilici, mömin və Peyğəmbərin (s) xanədanına etiqad bəsləyən alimlərin məntiqinə görə, Peyğəmbərin (s) ailəsinin kənarda qaldığı islam hökmdarlarını müaviyələr, yezidlər və s. icad etdiyi islamdır. Şiəliyin tarixi sübuta yetirmişdir ki, hər kəs Əli (ə) xanədanını çıxmaqla islamı qəbul etsə, bu yolda nə qədər çalışsa belə, heç bir yerə çatmayacaq və axırda da müstəmləkəçilərin əlaltısına çevriləcəkdir.


MƏNSURUN İMAM SADİQƏ (ə) ETDİYİ ZÜLMLƏR

Qəribədir ki, Abbasilər Kərbəla şəhidlərinin intiqamını almaq və Əməvilərin zülmünə qarşı mübarizə etmək bəhanəsi ilə xalqı öz ətraflarına yığıb Əli (ə) xanədanına məhəbbət bəsləyən iranlıların vasitəsilə və xorasanlı Əbu Müslimin köməyi ilə Əməvi hökumətini yıxdılar, lakin xəlifəliyi zəmanənin imamı Həzrət Sadiqə (ə) tapşırmaq əvəzinə özləri hakimiyyət başına keçdilər. 132-ci hicri ilində Əməvi hökuməti devrildikdən sonra Səffa və Mənsur adlı Abbasilərə mənsub iki şəxs xəlifə oldular ki, birincisi on il, ikincisi isə iyirmi iki il hökmranlıq etdi. Onlar bu müddət ərzində fasiləsiz olaraq imam və rəhbərlərə əziyyət verdilər. İmam Sadiq (ə) Mənsur zamanında şiddətli təzyiq altında idi. Hətta bəzi vaxtlar xalqın o Həzrətlə görüşməsinə icazə verilmirdi. Misal üçün, Harun adlı bir şəxs imamdan bir məsələ soruşmaq istəyirdi, amma imamla görüşə bilmək üçün bir yol tapmırdı. Nəhayət səbət içində xiyar satan bir kişini gördükdə bir az fikirləşdikdən sonra onun yanına gəlib bütün xiyarlarını səbətlə bir yerdə ondan alıb onun köhnə paltarını da əmanət alaraq əyninə geyib xiyar satmaq bəhanəsi ilə imamın qapısına getdi və ora daxil olandan sonra məsələsini soruşub düzgün cavabını alıb geri qayıtdı.

Mənsur imamın əshabının çoxunu tutub zindana salmışdı, bir neçə dəfə imamın özünü qətlə yetirmək istəmişsə də, lakin hər dəfəsində imamın möcüzəsi nəticəsində planı nəticəsiz qalmışdı.

İMAMIN (ə) MƏNSURU İFŞA ETMƏSİ MÜQAVİMƏTİ

Müxtəlif yolları imtahan edib ümidi kəsilən Mənsur "biz Abbas xanədanından və Peyğəmbərin ailəsindənik" deyə xalqı aldatmağa başladı. Özünün ləyaqəti olmadığını və bu vəzifəyə Peyğəmbərin (s) həqiqi övladlarının layiq olduğunu bilə-bilə özünü Peyğəmbərin (s) həqiqi varisi və xəlifəliyə haqqı çatan bir şəxs kimi tanıtmağa çalışdı.

İmam Sadiq (ə) Mənsurun bu həyasız rəftarına qarşı çıxaraq öz məktublarında bu xanədanı rüsvay etdi.

1. Bir gün Mənsur imama belə yazdı: Niyə başqa adamlar kimi bizim yanımıza gəlmirsən?

İmam (ə) Mənsurun cavabında belə yazdı: "Bizim dünyadan heç bir şeyimiz yoxdur ki, ona görə də səndən qorxaq. Sənin də axirət və mənəviyyatdan bir şeyin yoxdur ki, ona xatir sənə ümid bəsləyək. Onda nəyə görə sənin yanına gələk?"

Başqa bir gün Mənsur imama belə yazdı: "Gəl bizə nəsihət ver!

İmam (ə) bunun cavabında belə yazdı: "Hər kəs dünya əhli olsa, sənə nəsihət verməz, hər kəs də axirət əhli olsa, sənin yanına gəlməz".

2. Günlərin bir günündə imam (ə) Mənsurun məclisində idi. Bir milçək Mənsura çox əziyyət verirdi və nə edirdisə də milçək getmirdi və yenə gəlib onun üzünə qonurdu. Mənsur hirsli-hirsli imamdan soruşdu: "Allah nə üçün milçəyi xəlq edib?"

İmam (ə) dərhal bu cavabı verdi: "Güclü zalımları onun vasitəsilə incidib alçaltmaq üçün".

Mənsur narahat olmasına baxmayaraq öz yerində oturdu və imama getməsi üçün icazə verdi.

İMAMIN (ə) MƏDİNƏ VALİSİNƏ HİRSLƏNMƏSİ

Mənsur, Bəni Haşim nəslindən bir neçə nəfəri şəhid etdikdən sonra Şəybə adlı bir kişini Mədinəyə vali təyin etdi ki, imam Sadiqin (ə) hərəkətlərini nəzarət altında saxlasın. Şəybə cümə günü məscidə gəlib namazdan sonra minbərə çıxıb Əli (ə) və Peyğəmbərin (s) xanədanı barədə nalayiq sözlər deməyə başladı. Peyğəmbərin (s) xanədanını yaxından tanıyan və onlara məhəbbət bəsləyən camaat çox narahat oldular, lakin bir söz deməyə cəsarət etmədilər.

Bu arada imam Sadiqin (ə) ayağa qalxıb danışığının şahidi oldular: "Ay kişi, saydığın yaxşılıqlar bizə layiqdir, saydığın pisliklər isə səninlə Mənsura". Sonra isə camaata sarı dönüb buyurdu: "Bilirsiniz, qiyamət günündə kimlər hamıdan çox ziyan görəcək? Axirətini başqalarının dünyasına satanlar. Bu vali də belə adamdır". Camaat sevinib imama afərin dedilər. Vali də utana-utana məsciddən çıxıb getdi.

İMAMIN (ə) ŞƏHADƏTİ

Mənsur imamı özünə tərəf çəkməyə, ya təhdidlə onu sakit etməyə müvəffəq olmadığı üçün o Həzrəti şəhid etmək qərarına gəldi. Nəhayət imam Cəfər Sadiq (ə) 148-ci hicri ilinin Şəvval ayının 25-də zəhərlənərək şəhid olundu və o Həzrətin pak vücudu Mədinədə Bəqi qəbristanlığında dəfn edildi.