İMAMIN ŞƏXSİYYƏTİ

Adı : Əli

Ləqəbi : Hadi və Nəqi

Kunyəsi : Əbül-həsən

Atası : Həzrət imam Muhəmməd Təqi (ə)

Təvəllüdü : Hicri 214-cü il

İmamlıq müddəti : 34 il

Ömrü : 40 il

Şəhadəti : 254-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mötəz tərəfindən şəhid edilmişdir.

Məzarı : İraq, Samirra şəhəri.

TƏVƏLLÜDÜ

Hadi ləqəbi ilə məşhur olan imam Əliyyən-Nəqi (ə) 214-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə), anası isə təqvalı və fəzilətli bir kəniz olan Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra imamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil imamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.

İMAMIN (ə) ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün, Mütəvəkkilin məmurları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Quranı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Quran oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bəzən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki, bir gün Mütəvəkkil tərəfindən Həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı.

Mütəvəkkilin anası imam Hadinin (ə) zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibn Xaqanı o Həzrətin evinə göndərdi ki, imamdan dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını Həzrət yoxsullar arasında payladı.

İMAMIN (ə) YOXSULLARA ETDİYİ KÖMƏKLİKLƏR

Bir gün rəssam Yunus qorxa-qorxa imamın hüzuruna gəlib belə dedi: "Ey Peyğəmbərin övladı! Mən öldürülmək ərəfəsindəyəm. Məndən sonra siz ailəmə baxarsız". Həzrət (ə) əhvalatı soruşduqda o, belə izah etdi: "Abbasilərin adamlarından biri mənə bir qaş-daş verib ki, üstünə rəsm çəkim. Lakin qaş-daşın üstündə işləyərkən yarı bölündü. Sabah qaş-daşı geri almaq üçün gələcəklər, əgər əhvalatı bilsələr, məni öldürəcəklər".

İmam (ə) başını aşağı salıb dedi: "Sənin haqqında dua etdim. Arxayın ola bilərsən ki, onlar daha sənə heç bir ziyan yetirməyəcək. Əksinə bu iş sənin xeyrinə qurtaracaq".

Sabahısı gün Yunus məmurlardan biri ilə ayaqları titrəyə-titrəyə həmin kişinin evinə getdi. Çox keçmədən evin yiyəsi gəlib ona dedi: "Ey Yunus! Qaş-daşın üstünə bir rəsm çəkəcəkdin. Lakin həmin qaş-daşın üstündə mənim iki qızım dalaşırlar. Əgər mümkündürsə, onu iki böl və hər birinin üstündə ayrı-ayrı naxış sal. Bu iş üçün sənə ayrıca bir mükafat da verəcəyəm". Yunus "icazə verin bu barədə bir az fikirləşim" - deyə oradan çıxdı və sevincək imamın hüzuruna gələrək ona etdiyi bu yaxşılıq üçün təşəkkür etdi.

ÇƏTİN DÖVR

İmamların öz mübarizələrinə, eləcə də zülmkar hökmdarlara qarşı müxalifətlərinə davam etmələri islam və şiəlik tarixinin ən parlaq səhifələrindən sayılır. Onların zülm ilə barışmamaları və yoxsulların tərəfini saxlamaları zülmkarları qəzəbləndirirdi.

Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o Həzrətin yaşadığı ən ağır dövr Mütəvəkkilin xəlifə olduğu dövrdür. Çünki Mütəvəkkil çirkin, imansız və şöhrətpərəst bir adam idi. Zahirdə özünü dindar göstərsə də bu oyun, yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi. Mütəvəkkil 226-cı hicri ilində əmr etdi ki, imam Hüseynin (ə) qəbrini Fərat çayının suları altında qoyaraq uçurdub yerində əkin əksinlər. Beləliklə də o, bu əməli ilə xalqı Kərbəla şəhidlərinin qəbrini ziyarət etməkdən məhrum qoymaq istəyirdi. Mütəvəkkil yaxşı bilirdi ki, bu qəbirlərdən hər biri ürəyi yanmış aşiqləri dünyanın hər tərəfindən özünə tərəf çəkən möhkəm bir səngərdir. Mütəvəkkil çalışırdı ki, xalqı Əli (ə) xanədanından uzaqlaşdırsın. Mütəvəkkil törətdiyi ağır cinayətdən (yəni imamı qətlə yetirməkdən) sonra heç vaxt rahatlığın nə olduğunu bilmədi və nəhayət şiə türklər tərəfindən öldürüldü.

İMAM HADİ ( ə ) QEYBDƏN XƏBƏRDARLI Ğ I

Bir gün yaltaq adamlardan biri Mütəvəkkilə belə dedi: "Siz nə üçün məmurlarınıza imam Hadiyə (ə) hörmət etmələrini və o içəri girəndə pərdələri qaldırmaları və qapıları açmalarını əmr edirsiniz? Bu işlər sizin şərəfinizi alçaldır. Qoy imam da başqa adamlar kimi gəlib getsin ki, xalqın gözündə nüfuzdan düşsün. Mütəvəkkil onun istəyini qəbul edib məmurlarına əmr etdi ki, imam gələndə pərdələri qaldırmayıb qapıları açmasınlar.

Bir gün məmurlardan birisi qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: "İmam gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxırlar. Bu vəziyyət artıq hamının diqqətini cəlb edib, əgər belə davam etsə, imamın dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcəkdir".

Mütəvəkkil dərhal məmurlarına əmr etdi ki, imamla əvvəllər olduğu kimi davranaraq o Həzrətə daha artıq hörmət etsinlər.

HAQQ YOLUNDA ŞƏHADƏT

Bir gün Mütəvəkkil uşaqlarının müəllimi olan ibn Sikkitdən "mənim uşaqlarımı çox sevirsən, yoxsa Peyğəmbərin iki oğlu Həsən və Hüseyni?" - deyə soruşdu.

O, dərhal və cəsarətlə belə cavab verdi: "Həzrət Əlinin (ə) qulu olan Qənbəri də səndən və sənin uşaqlarından daha artıq sevirəm!"

Bu zaman Mütəvəkkil yerində ilan təki qovrularaq dərhal əmr etdi ki, bu böyük şəxsiyyətin dilini peysərindən çıxarsınlar və beləliklə onu 58 yaşında ikən şəhid etdilər.

MÜTƏVƏKKİLİN ƏLİ ( ə ) XANƏDANINA OLAN EHTİRAMSIZLI Ğ I

Mütəvəkkil israf etməkdə, eləcə də xalqın sərvətini boş yerə xərcləməkdə şöhrət qazanmışdı. Hətta günü bu gün də Samirra şəhərində mövcud olan qüllənin ucaldılmasında bir milyon yeddi yüz min qızıl dinar pul xərcləmişdi. Lakin bütün bunlara baxmayaraq Peyğəmbərin (s) övladını elə ağır vəziyyətə salmışdı ki, Peyğəmbərin qızları Mədinədə ip əyirməklə güzəranlarını təmin edirdilər. Hətta iş o yerə çatmışdı ki, əyinlərinə geymək üçün bir dənə təzə paltarları belə yox idi. Mütəvəkkil Əli (ə) övladları ilə sərt davranır, Əli (ə) düşmənlərilə dost, eləcə də onlara Əli (ə) və xanədanını ələ salıb təhqir etmək üçün külli miqdarda pul verirdi. Həmişə yanında bir təlxək də var idi ki, iyrənc rəftarları ilə Əlini (ə) lağa qoyub Mütəvəkkili güldürürdü.

Mütəvəkkilin Əli (ə) övladlarına qarşı etdiyi hörmətsizlik hətta o dərəcəyə çatmışdı ki, bir gün öz məktublarının birində Mədinə valisinə belə yazdı: "Hər kim Əli (ə) xanədanına yardım etsə, yaxud onlarla oturub-dursa, onu ağır şəkildə cəzalandır!"

Mütəvəkkil 243-cü Hicri-qəməri ilində imam Hadini (ə) Mədinədən Samirraya sürgün etdi və o Həzrəti oğlu imam Həsən Əskəri (ə) ilə birlikdə ömürlərinin sonuna qədər hərbi bazasının yanında nəzarət altında saxladı. Elə buna görə də 11-ci imam (ə) Əskəri ləqəbi ilə məşhur oldu.

İMAMIN (ə) ELMİ MƏQAMI

Həzrət Hadinin (ə) elmi nübuvvət məktəbindən qaynaqlandığı üçün elm nuru mübarək ürəyinə saçılaraq onu yaradılış sirrindən xəbərdar edirdi. Onun elmi haqqında bir neçə örnəyi burada qeyd edirik:

1. Bir gün Rum padşahı Abbasi xəlifələrindən birinə belə bir məktub yazdı: "İncildə oxuduğumuza görə səmavi bir surə vardır ki, hər kəs onu oxuyub əməl etsə, Allah onu cəhənnəmə atmayacaqdır. Bizə həmin surənin hansı surə olduğunu yazın. Çünki biz onu İncildə tapa bilmədik".

Abbasi xəlifəsi bütün alimləri toplayaraq bu barədə onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Xəlifə imam Hadini (ə) də dəvət edərək həmin məsələni ondan da soruşdu. İmam (ə) belə buyurdu: "O, hər bir müsəlmanın gecə-gündüz neçə dəfə namaz üstə oxuduğu "Həmd" surəsidir". Həzrət (ə) daha sonra bir sıra əlavə izahat da verərək bütün alimləri heyrətdə qoydu. İmamın verdiyi cavabı Rum padşahına göndərdilər. O da məktubu oxuyaraq sevindi və müsəlmanlığı qəbul etdi.

İMAMIN (ə) QEYBİ XƏBƏRLƏRİ

İmam Hadi (ə) Allah-taala və qeyb aləmi ilə əlaqədar olduğuna görə o Həzrətdən bəzi möcüzələr görünmüşdür ki, Allahın qüdrətindən olan örnəklərdən sayılır.

İmamın əshabından biri İraqdan Mədinəyə gəlib o Həzrətin hüzuruna yetişmək şərəfinə nail oldu. Həzrət (ə) ondan Abbasi xəlifəsi Əlvasiqin halını soruşdu. O, belə cavab verdi: "Mən İraqdan çıxdığım zaman xəlifə sağ idi, Mütəvəkkil zindanda idi və ibn Zəyyat xalq arasında məşhur olmuşdu".

İmam (ə) isə belə buyurdu: "Allahın istədiyi olacaq. Dostum, bunu bil ki, Vasiq ölüb, Mütəvəkkil onun yerinə keçib, ibn Zəyyat isə Mütəvəkkilin əmri ilə öldürülübdür".

İmamın səhabəsi soruşdu: "Nə vaxt?"

İmam (ə) buyurdu: "Sən Bağdaddan çıxdığın vaxtdan altı gün sonra".

İMAMIN (ə) HAKİMLİYİ

Mütəvəkkil zamanında bir qadın Həzrət Fatimənin qızı Zeynəb olduğunu iddia edirdi. Mütəvəkkil ona "Zeynəb çoxdan ölübdür, halbuki sən isə cavan bir qızsan" - dedi.

Həmin qadın belə dedi: "Doğrudur, amma Peyğəmbər əlini mənim başıma sürtdü və dua etdi ki, həmişə cavan qalım. Buna görə də mən qırx ildən bir dəfə yenidən cavanlaşıram".

Mütəvəkkil bütün böyük alimləri toplayıb onlardan bu "qadının iddiası barədə nə deyirsiniz" - deyə soruşdu.

Onlar hamısı "yalan deyir" - dedilər. Mütəvəkkil "yalan dediyini bilirəm. Lakin onu məhkum etmək üçün dəliliniz nədir?" - dedi. Onlar isə belə dedilər: "Biz bilmirik, bu məsələni imam Hadi (ə) həll etməlidir".

Mütəvəkkil dərhal imamı çağırtdırıb əhvalatı olduğu kimi ona danışdı. Həzrət belə buyurdu: "Əgər doğru deyirsə, onu qəfəsdə saxladığınız şirlərin yanına aparın. Çünki yırtıcı heyvanlar Fatimənin övladlarına toxunmazlar və onların ətini yeməzlər". Mütəvəkkil həmin qadına "nə deyirsən?" - dedi. Qadın dedi: "Bu adam məni öldürtmək istəyir. Əgər düz deyirsə, özü bu işi görsün". Mütəvəkkil dedi: "Doğru deyir, özün əvvəlcə bu işi gör". İmam (ə) buyurdu: "Eybi yoxdur" və qəfəsdəki şirlərin yanına gedib onların arasında əyləşdi. Hamı heyrətlə gördü ki, şirlər imamın qarşısında ehtiramla oturublar və bəzən özlərini ona sürtürlər, Həzrət də mehribanlıqla şirlərin baş-qulağını oxşayır. Həzrət daha sonra şirlərə əmr etdi ki, qırağa çəkilib yol açsınlar. Şirlər də bir bucağa çəkildilər və Həzrət (ə) qəfəsdən çıxıb Mütəvəkkilin yanına gəlib belə buyurdu: "Ey qadın! İndi növbə sənindir". Həmin qadın ağlayıb yalvarmağa başladı və dedi: "Mən filankəsin qızıyam, bir kələk qurmaq istədim, lakin kələyim baş tutmadı".

MÜTƏVƏKKİLİN MƏCLİSİNDƏ

Xalqın imam Hadiyə (ə) bəslədiyi məhəbbətdən narahat olan xudbin Abbasi xəlifəsi Mütəvəkkil həmişə imamı öldürməyi düşünürdü. Bir gün ona xəbər gətirdilər ki, imam (ə) qiyam etmək istəyir və bu məqsədlə də evində silah və pul gizlədibdir. Mütəvəkkil məmurlarına əmr etdi ki, gecəyarısı Həzrətin evinə basqın edib hər yeri axtarsınlar, tapdıqları pul və silahları isə imam ilə birlikdə onun hüzuruna gətirsinlər.

Mütəvəkkil sarayında kef məclisi qurmuşdu. Çalğıçılar çalır, müğənnilər isə oxuyurdular. O, səbirsizliklə imamı gətircəkləri anı gözləyirdi. Məmurlar nərdivanla imamın evinin damına çıxıb oradan evə girdilər və imamı otaqların birində namaz qılan halda gördülər. Onlar otaqları nə qədər gəzsələr də bir az pul və bir qılıncdan başqa heç bir şey tapmadılar. Onları götürüb Həzrətin özü ilə birlikdə Mütəvəkkilin hüzuruna apardılar.

İmam (ə) məclisə girəndə Mütəvəkkil onu öz yanında oturtdu və bir şərab badəsini o Həzrətə vermək istədi. İmam (ə) belə buyurdu: "Allaha and olsun ki, əlimi ona vurmayacağam". Kefli olan Mütəvəkkilin gözü heç bir şeyi görmürdü, buna görə də imama "onda mənim üçün bir şer oxumalısan" - dedi. Həzrət (ə) buyurdu: "Mən ulu babam Əlidən (ə) yadigar qalan şerdən başqa heç bir şer bilmirəm". Mütəvəkkil "onu oxu" - dedi. İmam (ə) babası Əlinin (ə) hidayətedici və təsirli şerini oxuyub Mütəvəkkilin vücudunda tufan qopardı. Elə ki, Mütəvəkkil özünə gəldi, ağladı. Sonra da əmr etdi ki, imamı ehtiramla evinə qaytarsınlar. İmamın evindən gətirdikləri pulun üstünə bir miqdar da pul qoyub imam qaytardılar. İmamın oxuduğu şerin bir hissəsinin tərcüməsi belədir:

Onlar hündür zirvələri özləri üçün ev etdilər

və daima silahlı kişiləri keşikçi qoydular,

lakin heç biri ölümdən qaça bilmədi.

Nəhayət, təmtəraqlı saraylarından qəbir

çuxuruna çəkildilər və bədbəxtliklə ora girdilər.

Bu vaxt haqqın səsi ucaldı: Hara getdi

o ziynətlər, taclar, təntənə və calal?

Hara getdi başqalarının sərvəti ilə bəslənən və

onlara iftixar edən ərköyün simalar?

Qəbir onları rüsvay etdi və onların üzü

qurdların ziyafət meydanına çevrildi.

Onlar vaxtilə istədiklərini yeyib-içdilər,

lakin bu gün heyvanlara yem olublar.

İmamın səmavi ahənglə oxuduğu öyüd dolu şerləri Mütəvəkkilə elə təsir etmişdi ki, badəni yerə vurub sındırdıqdan sonra ağlamağa başlamışdı.

İMAMIN (ə) ŞƏHADƏTİ

Abbasilərin rəhmsiz xəlifəsi Mütəvəkkildən sonra imam (ə) yenə də əzab-əziyyət içində yaşadı və nəhayət 40 yaşında ikən Mötəzin əli ilə şəhid olduqdan sonra Samirrada torpağa tapşırıldı.

İMAMIN (ə) TƏLƏBƏLƏRİ

İmamın şiddətli nəzarət altında olmasına və xalqla əlaqəsinin kəsilməsinə baxmayaraq, elm çeşməsinin aşiqlərindən bir dəstə imamla gizli şəkildə əlaqə saxlayıb o çeşmədən bacardıqları qədər elm içirdilər. Həmin səhabələrdən bəziləri bunlardan ibarətdir:

1. Öz zəmanəsinin böyük alimlərindən sayılan və pəhrizkarlığı ilə şöhrət qazanan Əbdüləzim Həsəni. İmam Hadi (ə) dəfələrlə öz əshabına buyurmuşdu: "Bir məsələ ilə qarşılaşdığınız zaman, Əbdüləzimdən soruşun və mənim salamımı ona yetirin!". Bir dəfə Əbdüləzim öz etiqadlarını imama bəyan etdikdə imam (ə) buyurdu: "Allaha and olsun ki, bu, Allah-taalanın öz bəndələri üçün bəyəndiyi həqiqi etiqaddır".

İmamın nəslindən olan Əbdüləzim təqibə məruz qalıb Rey şəhərində gizləndi və elə orada da xəstələnib vəfat etdi. Onu ziyarət etdiyi Həzrət Həmzənin qəbrinin yanında dəfn etdilər.

2. Həzrət Rza (ə), Həzrət Cavad (ə) və Həzrət Hadinin (ə) əshabından olan və onların hamısından rəvayət nəql edən Həsən ibn Səid Əhvazi. O, əvvəlcə Kufədə yaşayırdı, sonra qardaşı ilə Əhvaza, oradan da Quma gəldi və Qumda da vəfat etdi. O, fiqh və islam əxlaqı mövzularında otuz cildə yaxın kitab yazmışdır. Onun dedikləri və rəvayətlərini alimlər qəbul edirdilər. Rəhmətlik Əllamə Məclisi onun məqamını yüksək qiymətləndirmişdir.

3. Bilikli fəqih və bacarıqlı bir natiq Fəzl ibn Şazan Nişaburi. Həmişə imamın dostları ilə oturub-durar və onlardan faydalanardı. Özü də imam Hadinin (ə) dəyərli əshabından sayılırdı. Onun yazdığı kitabların sayı təxminən yüz səksən cild olmşudu. O, imam Hadidən (ə) sonra imam Həsən Əskərinin əshabından oldu və bir gün imamın məclisinə daxil olduqda o Həzrət (ə) onu tərifləyib Xorasan əhalisinə tapşırdı ki, ondan və əsərlərindən istifadə etsinlər. Təqibə məruz qaldığına görə Beyhəqə gedib orada xəstələndi və imam Əskərinin (ə) zamanında vəfat etdi.