İMAMIN ŞƏXSİYYƏTİ

Adı : Əli

Ləqəbi : Əmirəl-möminin

Kunyəsi : Əbül-Həsən

Doğulduğu tarix : Hicrətdən 23 il əvvəl

Xəlifəliyi : Hicrətdən 35 il sonra

Xəlifəlik müddəti : 5 il

Ömrü : 63

Şəhadəti : Hicri 40-cı ildə xaricilərdən olan İbn Mülcəm (lən.) adlı bir şəxs tərəfindən qətlə yetirilmişdir.

Məzarı : İraq, Nəcəf şəhəri

TƏVƏLLÜDÜ

Peyğəmbərin hicrətindən 23 il qabaq, cümə günü Rəcəb ayının 13-də Əbu Talibin ailəsində təkcə Məkkəyə deyil, bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi.

Bu təvəllüd haqqında Məkkə əhalisindən Qunəb adlı birisi belə deyir: Abbas ilə bir yerdə oturmuşduq. Birdən Əsəd qızı Fatimənin sancı çəkərək Kəbəyə tərəf getdiyini gördük. O belə deyirdi:

"Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən peyğəmbərin (İbrahimin), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu körpənin dünyaya gəlişi əziyyətini mənim üçün asan et".

Elə həmin andaca Allah evinin divarı yarılaraq, Fatimənin oraya girməsini, daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və sürətlə Kəbəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı Fatiməyə kömək etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça bilmədik. Bu qəribə xəbər çox sürətlə Məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyəcanla gözləyirdilər. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir uşaqla Kəbədən bayıra çıxıb dedi:

"Allah qadınlar arasında məni seçdi, Onun evində ikən mənim üçün cənnət xörəklərindən və meyvələrindən göndərdi".

Fatimə evinə doğru gedən zaman ətrafına yığışan qadınların "uşağın adını nə qoyacaqsan?" - deyə verdikləri suala belə cavab verdi: "Allahın hərəmində əyləşdiyim vaxt birdən səs eşitdim: uşağın adını Əli qoy!".

Bəli, haqqında danışdığımız Həzrət Əlidir (ə). O ülvi şəxsiyyət körpəlik və uşaqlıq dövranını təmiz, pak bir şəkildə başa vurdu. Necə ki, Həzrətin özü də bu barədə "Nəhcül-bəlağə"də belə buyurur:

"Uşaqlığımda Peyğəmbər (s) məni qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı".

UŞAQLIQ DÖVRÜ

Həzrət Əlinin (ə) özü bu dövr barədə belə buyurur: "Peyğəmbər hər il Hira dağına gedər və onu məndən başqa heç kəs görməzdi. İslamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər ilə həyat yoldaşı Xədicə müsəlman olmuşdular. Mən isə vəhy və risalət nurunu görüb, nübuvvət ətrini duyan ikinci şəxs idim".

Peyğəmbərin qohumlarını islama dəvət etmək üçün Allah əmri nazil olanda, Həzrət Əli (ə) Peyğəmbərin (s) yaxın adamlarından qırx nəfəri o Həzrətin evinə qonaq çağırmışdı. Xörəyin azlığına baxmayaraq artıq hamı yeyib doymuşdu.

Şam yeməyindən sonra Peyğəmbər (s) məclisdəkilərə xitab edərək buyurdu:

"Ey Əbdülmüttəlib övladları! Allah mənə əmr edib ki, sizləri çağıraraq islamı sizlərə tanıtdırım. Hər kəs mənə kömək edib dinimə iman gətirərsə, mənim qardaşım və xəlifəm olacaqdır".

Peyğəmbər (s) bu mətləbi üç dəfə təkrar etsə də Əlidən başqa heç kəs ona cavab vermədi. Həzrət Peyğəmbər (s) hər dəfə öz istəyini təkrar etdikdə yerindən qalxıb Həzrətin əlindən tutan və ona iman gətirdiyini elan edən yeganə şəxs hələ uşaq yaşında olan Həzrət Əli (ə) idi. Elə bu əsnada Peyğəmbərimiz belə buyurdu:

"Əli mənim qardaşım və xəlifəmdir. Onun sözünə qulaq asın və əmrlərinə itaət edin".

GƏNCLİK DÖVRÜ

Həzrət Əli (ə) artıq uşaqlıq və yeniyetməlik dövrünü geridə qoyub qüdrət və qüvvət çağı olan gəncliyə çatmışdı. Eynilə bir kəpənəyin şamın başına fırlandığı kimi, Həzrət Əli (ə) da Həzrət Peyğəmbərin (s) başına fırlanaraq, biləyinin gücündən islamın və Peyğəmbərimizin xeyrinə istifadə edirdi.

Misal üçün, Hüneyn müharibəsində müsəlmanlar məğlub olub qaçdıqları vaxt Peyğəmbərin ətrafında gəzib onu qoruyan və düşməni qorxuya salan təkcə Həzrət Əli (ə) idi. Xeybər müharibəsində kafirlərin sərkərdəsi olan, eləcə də hamının onun gücü və cəsarətindən qorxduğu Məhrabı yerə yıxmışdı, iyirmi nəfərin güclə açıb bağlaya bildiyi qapını qaldıraraq xəndəyin üstünə atmış və onu əsgərlərin üstündən keçə biləcəyi bir körpüyə çevirmişdi.

Buna oxşar yüzlərlə misal Həzrət Əlinin (ə) iman və fədakarlığının açıq dəlili, tutarlı bir sübutudur.

HƏZRƏT ƏL İ NİN ( ə ) FƏDAKARLIĞI

İnsan məhz özünü çox sevər və canını başqasına fəda etməz. Amma Həzrət Əli (ə) islamı və Peyğəmbəri (s) özündən daha çox sevdiyinə görə canını Peyğəmbərin (s) yolunda fəda etməyə həmişə hazır idi.

Bu hadisə Məkkə müşriklərinin özlərinin məğlubiyyət təhlükəsi ilə qarşı-qarşıya gördükdə bu barədə mühüm bir qərar çıxarmaq üçün toplandıqları zaman baş vermişdi.

Onların hamısı Darün-nədvə adlı bir yerdə yığışaraq geniş müzakirədən sonra belə qərara gəldilər ki, hər qəbilədən bir nəfər seçsinlər, onlar da gecə vaxtı Peyğəmbərin evinə həmlə edərək onu öldürsünlər. Bütün qəbilələr onun qanını tökməkdə şərik olduqlarına görə heç kim intiqam almağa təşəbbüs göstərməyəcəkdi.

Onların bu planını Allah öz Peyğəmbərinə bildirdi və ona hələ gecə ikən evindən çıxıb Məkkədən hicrət etməsini əmr etdi. Peyğəmbər (s) bu hədəf üçün canını fəda etməyə hazır olan etibarlı bir sirdaş axtarırdı. Bu fədakarlığı yalnız Həzrət Əli (ə) öz öhdəsinə götürə bilərdi.

Məhz elə buna görə də Peyğəmbər (s) əhvalatı Həzrət Əliyə (ə) danışdı. Bu fədakar və mömin cavan üzündə təbəssüm, sevinərək bu işi bütün varlığı ilə qəbul etdi.

Gecənin qaranlığı hər yeri bürümüşdü. Əli (ə) Peyğəmbərin yatağında arxayın və ürək rahatlığı ilə yatmışdı. Həzrət Peyğəmbər (s) də artıq evindən çıxıb Məkkənin kənarında olan Sövr mağarasına getmişdi. Qureyşli qatillər evi mühasirə edib əllərində qılınc və bıçaq hücuma hazırlaşdılar.

Hücum əmri verildikdə onların hamısı siyrilmiş qılıncla Peyğəmbərin evinə girib yatağına tərəf getdilər. Lakin birdən-birə yataqdakının Əli olduğunu gördükdə, sarsılmış və narahatlıqla Peyğəmbərin evini tərk edib dərhal atlıları o Həzrətin dalınca göndərdilər. Lakin çox keçmədi ki, əliboş və ümidlərini itirərək geri qayıtdılar.

ƏL İ ( ə ) ALLAH YOLUNDA MÜHARİBƏ

İslam həyat və sülh dinidir. Bu müqəddəs din insanların öldürülməsi ilə ziddir. Bu din günahsız bir insanı öldürən kimsəyə ağır cəzalar tətbiq edir. Lakin daxili və xarici düşmənlər müsəlmanlara qarşı təcavüzə əl atdıqda, o zaman bu müqəddəs din ağıl və şəriətə əsasən müdafiə etməyi əmr edir. Bu isə islam cihadının bir hissəsidir.

Həzrət Peyğəmbərin (s) müdafiə xarakteri daşıyan bütün müharibələrində Həzrət Əli (ə) saf ruhlu bir igid təki, Peyğəmbərlə (s) çiyin-çiyinə islam yolunda var qüvvəsilə döyüşürdü.

O, Allahdan başqa heç bir şeydən qorxmayan bir mömin bəndə, eləcə də yorulmaz bir mücahid sayılırdı. O, belə deyərdi: "Allaha and olsun ki, əgər haqqı bir tərəfdə və bütün xalqı da batil olaraq haqq müqabilindəki digər tərəfdə görsəm, haqq uğrunda tək-tənha qılınc oynadar, onların qabağında inamla duraraq bu yoldan bir an belə geri dönmərəm".


HƏZRƏT ƏL İ NİN ( ə ) ƏDƏBİ

İslam hökumətinin mərkəzi Kufə şəhəri idi. Elm öyrənməkdən ötrü dünyanın hər tərəfindən bu böyük islam mərkəzinə axışırdılar.

Bir gün şəhər qırağında iki nəfər bir-biri ilə rastlaşdı. Bunlardan biri Həzrət Əli (ə), o birisi isə onu tanımayan bir xristian idi. Xristian Kufə şəhərinin ətrafındakı bir məntəqəyə, Həzrət Əli (ə) isə Kufəyə gedirdi. Onlar birlikdə olduqları müddətdə darıxmamaq üçün söhbətə başladılar. Yol ayrıcına çatdıqları vaxt xristian sağollaşıb yoluna davam etdi. Ancaq müsəlman yoldaşının, yolu başqa tərəfə olduğuna baxmayaraq onunla bir gəldiyini görüb heyrətlə soruşdu:

- Məgər siz Kufəyə getmirdiniz?

Həzrət Əli (ə) buyurdu: - Bəli.

- Bəs onda nəyə görə bu tərəfə gəlirsiniz?

- Bir az səninlə birgə yol getmək istəyirəm. Çünki Peyğəmbərimiz (s) belə buyurub: "İki nəfər yol yoldaşı olduqda, birinin digərinin boynunda haqqı yaranır". İndi sənin mənim boynumda haqqın var ki, səni ötürəm. Mən də bu haqqı ödəmək üçün səninlə bir az yol gedəcəyəm. Beləliklə, sənin haqqını bu dünyada ödəyəcək və sonra arxayınlıqla öz yoluma davam edəcəyəm".

Həzrət Əlinin (ə) bu insani rəftar və davranışı xristianın xoşuna gəlib öz-özünə dedi: "İslam əgər belə bir mədəni dindirsə, tərəfdarları bu qədər yüksək səviyyəli insanlardırsa, mən də gərək müsəlmanlığı qəbul edəm".

Yol yoldaşının islam rəhbəri Həzrət Əli (ə) olduğunu bildikdə daha da heyrətlənən xristian dərhal Əlinin (ə) hüzurunda müsəlmanlığı qəbul edib islama iman gətirdi.

HƏZRƏT ƏLİNİN ( ə ) ÖZÜNÜ ƏLƏ ALMASI

İnsan təbii şəraitdə özünü daha yaxşı ələ ala bilər. Belə ki, müxtəlif pislik və günahlardan çəkinərək iradəsinə hakim olar. Lakin qəzəb, hirs və əsəbləşdikdə insanın haqqı görməsi və Allahı xatırlaması olduqca çətin və ağırdır. Buna görə də cinayətlərin çoxu adətən insanın əsəbləşdiyi vaxt baş verir.

Amma kamilliyə çatıb, nəfsini tərbiyə etmiş Həzrət Əli (ə) kimi ülvi bir insanın rəftar və davranışı digər insanlardan fərqlidir. Hər hansı bir vəziyyətdə olursa olsun, yalnız Allahın razılığını nəzərdə tutur, Allaha görə olmayan işlərdən çəkinirdi.

İstər evdə olsun, istər müharibə meydanında, istər sevincli anlarında olsun, istərsə də əsəbləşəndə, onun üçün heç bir fərqi yox idi. Məsələnin daha da aydınlaşmasından ötrü o Həzrətin müharibə meydanındakı rəftarına diqqət yetirək.

Bütün Mədinə xalqının şəhər ətrafında böyük xəndəklər qazaraq, düşmənin yolunu bağlamaq üçün su ilə doldurduğu Xəndək müharibəsində məşhur ərəb cəngavəri Əmr ibn Əbdüvəd düşmən əsgərləri arasında dolanaraq döyüşmək üçün özünə rəqib axtarırdı. Müsəlmanlar arasında onunla döyüşə girməyə heç kəs cəsarət etmirdi.

Elə bu vaxt Həzrət Əli (ə) mətin addımlarla irəli addımlayıb iman dolu qəlbi ilə onun qarşısına çıxaraq belə buyurdu: "Ey Əmr! Başından yekə danışma! Səninlə döyüşmək istəyən qarşındadır!"

Əmr Həzrət Əliyə (ə) baxıb lovğa-lovğa dedi: "Geri qayıt! Səni öldürmək istəmirəm. Çünki atanla dost olmuşam."

Əli (ə) ona belə cavab verdi: "Allaha and olsun, mən isə səni öldrümək istəyirəm".

Bu sözdən hirslənib atından düşən Əmr qılıncını siyirərək Həzrət Əliyə (ə) hücum etdi. Lakin qılınc şiddətlə Əlinin qalxanı ilə toqquşduqda həmləsi boşa çıxdı.

Daha sonra Həzrət Əli (ə) onu yalnız bir zərbə ilə yerə yıxıb öldürmək üçün sinəsinin üstündə oturdu. Bu zaman Əmr Həzrət Əlinin (ə) mübarək üzünə tüpürdü. Həzrət Əli (ə) birdən Əmrin sinəsi üstündən qalxıb bir müddət meydanda yeridikdən sonra təzədən Əmrə tərəf getdi. Əmr soruşdu: «O cür zərbədən sonra məni buraxmağının mənası nədir?"

Həzrət Əli (ə) buyurdu: "Ey Əmr! Mən Allah üçün qılınc çəkirəm, öz nəfsim üçün yox. Səni yerə yıxıb sinən üstündə oturduğum vaxt üzümə tüpürdün və məni hirsləndirdin. Əgər o anda səni öldürsəydim, savab qazanmayacaqdım. Çünki artıq əsəbləşmişdim. Səni məni əsəbləşdirdiyinə görə öldürəcəydim, Allaha görə yox. Buna görə də sənin üstündən qalxdım və bir az yeriyib hirsimi yatırtdım".

Həzrət Əlinin (ə) şücaəti, səbri və nəfsinə hakim olması ərəb pəhlivanı Əmrə çox böyük təsir etmişdi. Hamı - istər dost, istərsə də düşmən, Həzrət Əliyə (ə) diqqət yetirirdi. Dostların dilindən təkbir səsləri ucalarkən, düşmənin canını artıq qorxu bürümüşdü ki, bu da düşmənin tam məğlubiyyətinə zəmin hazırladı. Həzrət Peyğəmbər (s) Əlinin (ə) bu parlaq qələbəsi haqqında belə buyurdu:

"Əlinin Xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri Allah yanında insanların və cinlərin ibadətindən daha çox və üstündür".

HƏZRƏT ƏLİNİN ( ə ) MEHRİBANLI Ğ I

Həzrət Əlinin (ə) müharibə meydanında göstərdiyi qəhrəmanlıq və igidliyini müşahidə etdik, lakin qəhrəman və qorxmaz bir insanın əgər mərhəmət və mehribanlığı olmazsa, həmin qəhrəmanlığın heç bir dəyəri yoxdur. O, müharibə meydanında yeridikdə yaralıların, acların və susuzların halını gözləyirdi. Quduz düşmənləri öldürərdi, ancaq ac, yaxud susuz bir düşmən əsgəri ilə qarşılaşıb üzbəüz gəldikdə isə ona rəhm edib, yarasını müalicə edərdi.

Düşmənlərlə qəhrəmanlıqla döyüşərdi. Lakin heç vaxt düşməni ac və susuz öldürməz, ev və ocaqlarını dağıtmazdı. Çünki o, belə rəftar və davranışın imana zidd olmasını bilirdi.

Məhz elə buna görə də Siffeyn müharibəsində suyu Müaviyə ordusunun əlindən ala biləcəyi halda, əsgərlərinə əmr etdi ki, su yolunu bağlamasınlar. Eləcə də düşmən əsgərləri sudan istifadə etmək istədikdə onlara mane olmasınlar.

Bu zaman Həzrət Əlinin (ə) ordusunda olanlar etiraz edib dedilər: Düşmən bizi sudan uzaqlaşdıraraq bununla da bizləri təslim olmağa məcbur etmək istəyirdilər. Əgər eyni işi biz də görsək, biz də mütləq müvəffəq olar, bu müharibədə qələbə çalarıq. Gərək bu fürsətdən istifadə edək.

Əli (ə) onların cavabında belə buyurdu: "Xeyr, biz düşmənlə kişi kimi döyüşəcəyik. Biz belə işləri mərhəmət və şəfqətə zidd hesab edirik. Əgər onların gördüyü işi biz də görməli olsaq, o zaman onlarla aramızda olan fərq nədir?! Bilin ki, bütün işlər Allah üçündür və biz də Onun əmrinə zidd rəftar etməməliyik."

HƏZRƏT ƏLİNİN ( ə ) RƏHBƏRLİK

DÖVRÜNDƏKİ DAVRANIŞLARI

XALQ İLƏ BİRGƏ

Bütün çətinliklərə baxmayaraq, Əli (ə) şəxsən özü xalqın işlərinə yetişir, onların ağır problemləri ilə yaxından tanış olurdu. Heç vaxt o, düşmənlə şəxsi qərəzlik üzündən düşmənçilik etməzdi. Hətta onların maaşlarını da beytul-maldan verərdi. Dostlarına isə dostluqlarına görə güzəştə getməzdi. Ətrafındakılara isə həmişə xalqla ədalətli və insaflı davranmalarını əmr edərdi. Qurana zidd olan işləri əsla bağışlamazdı.

Misal üçün, Sudə adlı bir qadın haqqını almaq üçün onun yanına gəldikdə, Həzrət namaz qılırdı. Əli (ə) namazını tez qurtarıb təbəssümlə ondan soruşdu: "Nə istəyin var?" Gözü yaşlı Sudə vergi məmurundan və onun etdiyi zülmlərdən o Həzrətə şikayət etdi.

Həzrət Əli (ə) elə həmin yerdə ağlayaraq buyurdu: "Allahım! Sən şahidsən ki, mən onlara Sənin bəndələrinə zülm etməmələrini əmr etmişəm". Sonra bir dəri parçası götürüb məmurunu vəzifəsindən azad etdiyini yazıb məktubu Sudəyə verdi ki, aparıb həmin məmura çatdırsın.

Daha sonra Əli (ə) belə buyurdu: "Allaha and olsun, əgər əlimdə olan bu vəzifədən məzlum insanların qurtuluşu üçün istifadə edə bilməsəm, əgər zülmün qarşısını ala bilməyib haqqı bərpa etməyi bacarmasam, bu vəzifə mənim üçün köhnə ayaqqabıdan da dəyərsiz olacaq. Rəhbərlik və xəlifəlik mənim üçün hədəf deyildir. Bu məqam ona görədir ki, ondan məhrum və məzlum xalqların xeyrinə istifadə edəm".

AYRI - SEÇKİLİYİN ARADAN QALDIRILMASI

Xalq Həzrət Əliyə (ə) beyət edikdə, o Həzrət minbərə çıxıb buyurdu:

"Allaha and olsun, o zamana qədər ki, Mədinədə tək bir xurma ağacım var, özümə beytul-maldan bir şey götürməyəcəyəm".

Qardaşı Əqil ayağa qalxıb dedi: "Məni Mədinədə yaşayan zənci ilə bir tutursan?" Əli (ə) belə buyurdu: "Otur qardaşım, sənin o zənci ilə müqayisədə iman və təqvandan başqa heç bir üstünlüyün yoxdur". Daha sonra Əli (ə) elan etdi ki, hökumətində ayrı-seçkiliyə yol verməyəcəkdir.

Yenə bir yay axşamı qardaşı Əqil, qardaşını evinə şama qonaq çağırmışdı. O güman edirdi ki, bununla da maaşının çoxaldılmasını Həzrət Əliyə (ə) qəbul etdirə biləcəkdir. Əli (ə) belə buyurdu: "Hazırladığın bu şamın pulunu haradan qazanmısan?"

Əqil cavabında belə dedi: "Mən və arvadım öz şəxsi xərclərimizi azaldıb qalan pulu yığıb sənə yaxşı yemək hazırlamaq istədik".

Həzrət Əli (ə) belə buyurdu: "Sabahdan sənin aylıq maaşını sənə kifayət edəcək qədər verəcəyəm (yəni azaldacağam). Çünki etiraf etdiyinə görə, bir az qənaət edəndə daha az xərcləyirsən".

Əqil qardaşının sözlərindən hirslənib çığır-bağır salmağa başladıqda Həzrət Əli (ə) yanındakı dəmiri odda qızdırıb qardaşının əlinə basdı. Əqil qışqırıb "vay yandım" - dedi. Həzrət Əli (ə) bu zaman belə buyurdu: "Qəribədir, sən mənim yandırdığım oddan qorxub qışqırdığın halda necə olur ki, öz rahatlığın üçün Allahın mənə hazırladığı əzab odunda yanmağıma razı olursan. Bu var-dövlət xalqındır və mən də onların etibar etdikləri adamam".

Həzrət Əlinin (ə) yanında çalışan məmurlardan bəzisi Həzrətin hamıya bərabər gözlə baxmasına etiraz edib belə deyirlər: "Əgər üsyan edənlərə və qoşun başçılarına bir az artıq qiymət versəydin, yenicə qurulmuş bir islam sistemini daha yaxşı idarə edə bilərdin".

İmam (ə) isə onların cavabında buyururdu: "Çox qəribədir, siz məndən islam naminə qurulmuş hökumətin təməlini zülm və ədalətsizlik üstündə qurmağımı tələb edirsiniz? Allaha and olsun ki, əsla bu işi görmərəm! Hətta bütün müsəlmanların dövləti mənim olsa belə, yenə də belə bir işə girişmərəm. Halbuki, bu mallar xalqındır və mən onların etibar etdiyi bir nəfərəm".

Bir gün Həzrət Əliyə (ə) xəbər çatdı ki, Bəsrə valisi varlılardan birisinin qonağı olub. Həzrət çox hirsləndi və onu danlayacaq bir məktub yazıb onun üçün göndərdi: "Eşitmişəm yoxsulların olmadığı, dövlətlilərin süfrəsində oturubsan. Bunu bil ki, sənin rəhbərin və imamın olan mən, əgər istəsəm, ən yaxşı və ləziz yeməkləri yeyə bilərəm. Amma mən heç vaxt bu işi görmədim. Çünki məmləkətdə ac qarnına yatanlar ola bilər. Mən sizin dünyanızdan təkcə xurma və çörəkdən ibarət az bir xörəklə və sadə bir paltarla qənaət etdim. Siz mənim kimi ola bilməsəniz də, çalışın ki, yolunuz məndən ayrılmasın".

Həzrət Əli (ə) bu məktubla ona xəbərdarlıq edərək öz rəhbərlik borcunu yerinə yetirdi.

İmamın (ə) həyatı başdan-başa ədalətlə zəngindir. Bir gün o Həzrətin düşməni olan Müaviyə onun əshabından biri olan Ədiy ibn Hatəm ilə qarşılaşıb ona belə sual verdi: "Əlini imamət və xəlifəliyi zamanında necə gördün?"

O, isə cavabında dedi: "Quldurlar onun hökumətində quldurluq edə bilməz, gücsüzlər isə onun ədalətindən həmişə faydalanıb ümidsizliyə düşməzlər".

Həzrət Əlinin (ə) özü də həmişə belə buyurardı: "Xalq məni özünə rəhbər və xəlifə seçdiyi halda, camaatın müxtəlif problem və çətinliklərinə şərik olmağım zəruri deyilmi?!"

Bir gün qoşun başçıları keçmiş səhabə İbn Abbas ilə birlikdə o Həzrətin hüzuruna gəldilər. Həzrət ayaqqabısını yamaqlamaqla məşğul idi. Əli (ə) onlara belə buyurdu:

- Bu ayaqqabının dəyəri nə qədərdir?

İbn Abbas dedi:

- Onun dəyəri bir neçə dirhəmdən artıq olmaz.

- Allaha and olsun, əlimdə olan bu vəzifədən zülmün qarşısını almaq və haqqı bərpa etmək üçün istifadə edə bilməsəm, mənim üçün bu ayaqqabıdan daha dəyərsizdir.

Yəni bu məqam və rəhbərlik mənim üçün hədəf olmayıb, yalnız məhrum xalqların xeyrinə istifadə etmək üçün yeganə vəsilədir.

ŞİKAYƏTLƏRİ ARAŞDIRMAQ

Həzrət Əli (ə) öz hökuməti və rəhbərliyi dövründə şəxsən şikayətləri dinləyərək məsələləri özü həll edirdi.

Əgər bir nəfərin şikayəti olsaydı, imamın yanına rahatlıqla gəlib şikayətini ona söyləyə bilərdi.

İsti günlərin birində Həzrət bir divarın kölgəsində oturmuşdu. Bir qadın ona tərəf gəlib narahatlıqla dedi:

- Ərim mənə zülm edib, bu istidə məni evdən çölə atıb.

Həzrət Əli (ə) belə buyurdu:

- Ay xanım, hava çox istidir. Hava sərinləyənə kimi dözə bilsən, yaxşı olar. Onda mən də səninlə birlikdə bu məsələyə sərəncam çəkərəm. Qadın belə dedi: - Qorxuram ərim yenə hirslənsin. Əgər mümkünsə tez gedək!

- Yaxşı, sən get, mən də dalınca gəlirəm.

Əli (ə) o qadınla birlikdə gedib o cavan oğlanın qapısını döydü. Qapıya gələn ev yiyəsi Əlini (ə) tanımadı. Amma başa düşdü ki, arvadı bu kişini köməyə çağırıb.

Əli (ə) ev yiyəsinə belə dedi:

- Bu xanım deyir ki, sən onu evdən qovmusan. Mən gəlmişəm ki, sənə nəsihət verib deyəm ki, Allahdan qorxub arvadınla yaxşı rəftar edəsən.

Məğrur cavan Həzrət Əliyə (ə) pis sözlər söylədikdən sonra dedi:

- Bunun sənə heç bir dəxli yoxdur. Mən istədiyim işi görərəm. Hələ üstəlik səni də öz yanında gətirdiyinə görə vay olsun onun halına.

İmam (ə) cavan oğlanın sözlərindən narahat olub etiraz edərək səsini ucaltdı və onu cəzalandırmaq üçün əlini qılıncına tərəf apardı. İmamın səsini eşidən camaat evlərindən bayıra çıxmağa başladılar. Camaat Əlini (ə) görüb ehtiram ilə qabağa gəlib salam verdilər. Bunu görən cavan oğlan başa düşdü ki, qarşısında duran Həzrət Əlidir. Bilmirdi ki, nə etsin. Əlinin ayaqlarına düşüb üzr istəməyə başladı:

- Nə əmr etsəniz, itaət edəcəyəm və bundan belə arvadımla yaxşı rəftar edib onu narahat etməyəcəyəm.

Əli (ə) isə belə buyurdu: "İnşaallah elə olarsan".

Daha sonra qadına tərəf dönüb dedi: Evinə qayıt. İnşaallah sən də ərinə yaxşı arvad olarsan.

QƏDİR - XUM HADİSƏSİ

Həzrət Peyğəmbər (s) hicrətin onuncu ilində həcc mərasimini təntənəli bir şəkildə yerinə yetirməsi üçün Allah evinə getmişdi. Çünki bu, Həzrət Peyğəmbərin (s) sonuncu həcci idi. Mərasimlər nizam-intizamla yerinə yetirildikdən sonra, Peyğəmbər (s) ilə əshabı Mədinəyə qayıdırdılar. Yol boyu Həzrət Peyğəmbər (s) ümməti üçün vəfatından sonra baş verəcək hadislərədən ötrü çox nigaranlıq keçirirdi. O, bir tərəfdən gələcəkdəki hadisələri görür, digər tərəfdən isə Allahın Əli (ə) haqqında əmr etdiyi borcunu yerinə yetirmək məcburiyyətində qaldığını hiss edirdi.

Həmin borc Əlini (ə) xəlifə təyin etmək idi. Vəhy mələyinin Həzrət Peyğəmbərin (s) ruh və qəlbinə nazil etdiyi vəhyin səsi qulaqlarında əks-səda verir: "Böyük bir borcun var. Əgər bu borcu yerinə yetirməsən, elə bil heç risalətini təbliğ etməyibsən. Bil ki, Allah səni düşmənlərin hiylə və tələlərindən qoruyacaqdır".

Peyğəmbərdən (s) sonrakı şəxs Peyğəmbərin (s) bütün kamal və dəyərlərinə sahib olmalı idi. Bu şəxsiyyət Əli ibn Əbu Talibdən başqa kim ola bilərdi?! O Əli ki, Peyğəmbər dəfələrlə onu xalqın arasında tərifləyib buyurmuşdu: "Əli ümmətimin ən bilicisidir. Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır. Hər kəs mənim elmimi öyrənmək istəyirsə, Əliyə müraciət etsin".

Elə buna görə də Həzrət Əli (ə) minbərdə həmişə belə deyərdi: "Ey camaat! Məni əldən verməmişdən əvvəl, istədiyinizi soruşun!"

Allahın əmrinə görə Həzrət Peyğəmbər (s) Allahın buyurduğu şəkildə islam dinini təkmilləşdirmək üçün Əlini (ə) xəlifəliyə seçmək qərarına gəldi. Allah öz Peyğəmbərini təbrik edib müjdə verdi: "Bu gün islam dinini mükəmməl edib, sizlərə nemətimi tamamladım".

Həmin həcc müqəddəs və bərəkətli bir həcc idi. Yüz iyirmi mindən çox insan Peyğəmbərlə birlikdə idilər.

Onların hamısı Zilhəccə ayının 18-də Cöhfə deyilən yerdə Qədir-xum adlı məntəqəyə çatdıqları vaxt Həzrət Peyğəmbər (s) karvanların dayanmasını əmr etdi. Peyğəmbərin (s) əmri ilə hamı o isti havada dayanıb öz-özlərinə fikirləşdilər ki, mütləq əhəmiyyətli bir məsələ vardır ki, Peyğəmbər bizi bu istidə saxlayıbdır. Onların düşündükləri kimi həqiqətən də bu mövzu çox əhəmiyyətli idi.

Peyğəmbər üçün dəvələrin yəhərlərindən ibarət bir minbər düzəltdilər. Bir neçə nəfəri də camaatın arasında Peyğəmbərin sözlərini təkrar etmələri üçün yerləşdirdilər.

Həzrət Peyğəmbər (s) ətrafındakı əshabı ilə gəlib minbərə çıxdı və belə buyurdu:

"Ey camaat! Mən peyğəmbərlik vəzifəmi yerinə yetirib var qüvvəmlə çalışdım. Bilin ki, özümdən sonrakılar üçün iki dəyərli şeyi (əmanəti) qoyub gedirəm. Bu ikisi bir-birindən heç vaxt ayrılmazlar: Allahın kitabı və Əhli-beytim".

Daha sonra hamının görə bilməsi üçün Həzrət Əlinin (ə) əlini uca bir bayraq kimi qaldırıb buyurdu:

"Mən hər kəsin mövlasıyamsa (rəhbəriyəmsə), bilsin ki, Əli də onun mövlasıdır. Allahım! Əli ilə dost olanla dost, düşmən olanla isə düşmən ol. Ona yardım edənə yardım et. Onunla müharibə edənlə düşmən ol. Ey burada olan müsəlmanlar, burada olmayanlara sözlərimi yetirin. İnşaallah ki, eşidib qəbul edərlər".

Bundan sonra hamı, hətta Əbu Bəkr, Ömər və Osman da gəlib Əlini (ə) təbrik etdilər.

HƏZRƏT ƏLİNİN ( ə ) XƏLİFƏ SEÇİLMƏSİ

Vəzifəyə çatmaq üçün islamı qəbul edən və özlərini Peyğəmbərlə birlikdə göstərməyə çalışanlar, xəlifəliyi Bəni Haşim nəslindən almaq üçün gizli yığıncaqlar keçirirdilər. Onlar planlarını həyata keçirməkdən ötrü münasib bir fürsətin sorağında idilər. Çünki bilirdilər ki, qarşılarında olan şəxsin islama xidmətlərini hamı təsdiqləyib. Peyğəmbər onun haqqında tövsiyə edib və Qədir-xum günündə hamı ona beyət edibdir. Peyğəmbərin (s) vəfatından sonra həmin planlar ardıcıl surətdə həyata keçirilməyə başladı. Belə ki, Həzrət Əlini (ə), o yüksək şəxsiyyəti susmaq məcburiyyətində qoydular. Çünki o, təkcə islamı düşünür, məqam və vəzifəyə meyl göstərmirdi. Əgər məsələni qılıncla həll etməyə cəhd etsəydi, düşmənlərinin arzusunu yerinə yetirmiş olacaqdı.

Nəhayət xalqın narazılığı ən yüksək zirvəsinə çatdığından inqilab qığılcımı xalq kütlələrinin ürəyində alovlanmağa başladı.

Vəziyyətdən bezmiş xalq coşqun bir sel kimi Osmanın evinə tərəf axıb onu qılıncdan keçirdilər.

Xalq o qədər coşmuşdu ki, Həzrət Əlinin (ə) Osmanın canını qurtarmaq üçün göndərdiyi imam Həsən (ə) və imam Hüseynin (ə) sözünə də qulaq asmadılar. Camaat qılınclarından qan damarkən və həyəcan odunda yanarkən Həzrət Əlinin (ə) evinə tərəf axışıb böyük bir məhəbbət və sevinclə onu özlərinə tərəf çəkib beyət etdilər və beləliklə, onu özlərinə xəlifə və rəhbər seçdilər.

HƏZRƏT ƏLİNİN ( ə ) ŞƏHADƏTİ

Nəhrəvan müharibəsindən sonra "xaricilər" adlı bir dəstə Məkkədə hər gün yığıncaqlar təşkil edib Nəhrəvanda ölənlər üçün ağlayırdılar. Bir gün onlar öz aralarında belə bir fikrə gəldilər ki, oturub ağlamağın mənası yoxdur. İslam hökumətini devirib qardaşlarımızı öldürən adamları məhv etməliyik. Əvvəlcə Əli, Müaviyə və Əmr ibn Ası öldürmək lazımdır. Bu üç nəfəri öldürmək üçün könüllülər tələb olunduqda ibn Mülcəm (lən.) ayağa qalxıb "mən Əlini öldürəcəyəm", - dedi. Daha sonra Əmr ibn Bəkr Təmimi "mən də Əmr ibn Ası öldürəcəyəm", - söylədi. Bir başqası da Müaviyəni öldürməyi öz öhdəsinə aldı.

Onların üçü də and içib mübarək Ramazan ayının 19-u planlarını həyata keçirmək üçün münasib vaxt bildilər. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri adamların yaşadıqları şəhərlərə yollandılar. Təəssüflər olsun ki, o iki nəfər işlərində müvəffəq olmadılar, amma İbn Mülcəm (lən.) müvəffəq oldu.

İbn Mülcəm (lən.) Kufəyə gəlib Əlinin (ə) düşmənləri ilə əlaqə yaradaraq Ramazan ayının 19-cu gününə qədər onların evində qaldı.

Bir gün Əli (ə) Kufə küçələrindən birində onunla qarşılaşdı. İbn Mülcəm (lən.) özünü gizlətmək istədisə də, Əli (ə) onu görüb belə buyurdu: "Kufəyə nəyə gəldiyini bilirəm".

Bu sözləri eşidən İbn Mülcəm (lən.) qorxdu və ayaqları titrəməyə başladı. Həzrət Əliyə (ə) belə dedi: "Onda ey Əli, əmr et ki, məni öldürsünlər, ya zindana atsınlar, ya da sürgün etsinlər".

Əli (ə) ona baxıb belə dedi: "Bu üç təklifdən hər birini sənin haqqında tətbiq edə bilərəm, amma islam dini öldürmə və cinayətdən qabaq qisası rəva görməz. Səni sərbəst buraxıram ki, bəlkə fikrindən dönəsən".

Nəhayət, hicri 40-cı ilin Ramazan ayının 19-da İbn Mülcəm (lən.) namazda səcdə halında olan Həzrət Əlinin (ə) başına zəhərli bir qılınc vurdu. Bununla da təqva və iman dağı olan Həzrət Əlini (ə) şəhid edərək islam dünyasını matəmə qərq etdi. Həzrət Əlinin (ə) mehrabdakı "and olsun Allaha ki, artıq feyzə çatdım" səsinin dalınca Cəbrail mələyin səsi yüksəldi: "Vallahi, hidayət sütunları yıxıldı və Əli şəhid edildi."

Camaat Əlinin (ə) qatilini tutub imam Həsən-Müctəbaya (ə) təhvil verdilər. İmamın yaralı bədənini isə öz evinə apardılar.

İmam Əli (ə) öz qatili barəsində oğlu Həsənə belə buyurdu: "Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Əgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın."

Amma əfsus ki, Əli (ə) daha yaşamadı və Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni gizlin şəkildə Nəcəfi-əşrəf şəhərində torpağa tapşırıldı.